İzzettin Doğan (İzzettin Doğan) Türkiyəyə qarşı – ərizə № 62649/10
26.4.2016 tarixli qərar [BP]
Maddə 9
9-cu maddənin 1-ci bəndi
Din azadlığı
Dini etiqadın və ya əqidənin ifadə edilməsi
Ələvi icması üzvlərinin məzhəblərinə publik dini xidmət statusu verilməsindən imtina edilməsi: pozuntu baş verib
Maddə 14
Ayrı-seçkilik
Ölkədəki əsas islami cərəyana etiqad edən vətəndaşlara nisbətən ələvi icmasının üzvləri ilə fərqli rəftar edilməsi: pozuntu baş verib
Faktlar – Ələvi məzhəbinə etiqad edən ərizəçilər 2005-ci ilin iyununda baş nazirə fərdi qaydada müraciət təqdim edərək tələb etdilər ki, ələvi məzhəbi ilə əlaqədar ayinlər publik dini xidmət hesab edilsin, ələvilərin ibadət etdikləri məkanlara (cemevilərə) ibadət yerləri statusu verilsin, ələvi dini rəhbərləri mülki qulluqçu qismində dövlət qulluğuna qəbul edilsin və ələvi məzhəbinə etiqad edənlər üçün büdcədə xüsusi bənd nəzərdə tutulsun. Baş nazirin yanında ictimaiyyətlə əlaqələr bölməsi cavab olaraq bildirdi ki, onların tələblərini təmin etmək mümkün deyil. Daha sonra ərizəçilər də daxil olmaqla 2.000 nəfərə yaxın insan imtina qərarına məhkəmə nəzarəti qaydasında baxılması üçün İnzibati Məhkəməyə şikayət ərizəsi verdilər. 2007-ci ilin iyulunda İnzibati Məhkəmə şikayəti rədd edərək qərara aldı ki, inzibati orqanların imtina qərarı qüvvədə olan qanunvericiliyə uyğundur. Ərizəçilər kassasiya şikayəti təqdim etdilər və həmin şikayət Ali İnzibati Məhkəmə tərəfindən rədd edildi.
Avropa Məhkəməsinə şikayət ərizələrində ərizəçilər iddia etdilər ki, ələvi məzhəbinin ardıcıllarının dini ayinlərinə publik dini xidmət statusu verilməsi barədə tələblərinin rədd edilməsi ilə əlaqədar olaraq Konvensiyanın 9-cu maddəsi pozulub. Bundan başqa, onlar 9-cu maddə ilə birgə götürülməklə Konvensiyanın 14-cü maddəsinin pozulmasından şikayət edərək iddia etdilər ki, islamın sünni cərəyanına etiqad edən vətəndaşlara nisbətən ələvi icmasının üzvləri daha əlverişsiz rəftara məruz qalırlar.
25 noyabr 2014-cü ildə Məhkəmənin Palatası Böyük Palatanın xeyrinə öz yurisdiksiyasından imtina etməyi qərara aldı.
Hüquqi məsələlər
Maddə 9: Barəsində şikayət edilən və ələvi məzhəbinin dini xarakterini inkar etməyə bərabər olan imtina qərarı ərizəçilərin din azadlığı hüququna müdaxilə təşkil edib. Məhkəmə razılaşdı ki, sözügedən müdaxilə "qanunla nəzərdə tutulmuşdu" və qanuni məqsəd daşıyırdı, yəni ictimai qaydanı qorumağa xidmət edirdi.
Hökumət bu müdaxiləni əsaslandırmaq üçün bir neçə arqument irəli sürdü. O bildirdi ki: a) dinlərə münasibətdə neytrallıq vəzifəsinə riayət edib; b) qanunla müəyyən edilmiş məhdudiyyətlərə baxmayaraq, ələvilər özlərinin din azadlığını maneəsiz həyata keçirmək imkanına malikdirlər; c) bu məsələdə milli hakimiyyət orqanları geniş qiymətləndirmə sərbəstliyinə malikdirlər; və d) Türkiyədə ələviliyin anlayışları, resursları, ayinləri, mərasimləri və qaydalarında xeyli fərqlər var.
Məhkəmə bu əsasların hər birinin "münasib və yetərli" olub-olmadığını və sözügedən imtinanın "qarşıya qoyulmuş qanuni məqsədə mütənasib olub-olmadığını" araşdırdı.
a) Ələvi məzhəbinə münasibətdə dövlətin neytrallıq və qərəzsizlik vəzifəsi – Türkiyə Konstitusiyası dövlətin müəyyən dinə və ya əqidəyə üstünlük verməsini qadağan edən dünyəvilik prinsipini təmin etsə də, Türkiyə dövlətinin ələvi məzhəbinə münasibəti ələvi icmasının avtonom mövcudluq hüququnu pozub, bu hüquq isə Konvensiyanın 9-cu maddəsində yer alan təminatların özəyini təşkil edir. Dövlət orqanlarının bu mövqeyi ələvi icmasının spesifik xüsusiyyətlərini nəzərə almayan mövqedir və sonuncunun 677 saylı qanunda* nəzərdə tutulmuş "dini qrup" kateqoriyasına aid edilməsi ilə nəticələnib ki, bu da xeyli qadağalara səbəb olub. Bu isə dövlətin neytrallıq və qərəzsizlik vəzifəsinə və dini icmaların avtonom mövcudluq hüququna ziddir.
b) Ələvilərin öz dinlərinə sərbəst etiqad etmək hüququ – 677 saylı qanunda bu dini qruplara münasibətdə bir sıra mühüm qadağalar müəyyən edilib ki, bunlar da, məsələn, "dədə" tutulundan (ələvi dini rəhbərini bildirən titul) istifadə və sufi mərasimlərinin keçirilməsi üçün yerlərin ayrılması kimi məsələləri əhatə edib. Bu mərasimlər qadağan olunub və azadlıqdan məhrumetmə və cərimə ilə cəzalandırılır. Məhkəmə bu cür xarakterizə olunan dini qrupun yuxarıda qeyd edilən qanunvericiliyi pozmadan öz dininə sərbəst etiqad etmək və öz ardıcıllarına tövsiyələr vermək imkanına malik olmasına ciddi şübhələrinin olduğunu ifadə etdi.
Üstəlik, dövlətin cemeviləri ibadət yeri qismində tanımaqdan imtina etməsindən əlavə, ələvilər bir çox digər problemlərlə üzləşirlər ki, onlar da nəinki ələvi icmasının dini həyatının təşkilinə təsir göstərir, həm də uşaqları ibtidai və orta məktəblərə gedən ələvi valideynlərin hüquqlarına öz təsirini göstərir. Məhkəmə əvvəlki işlərdə bildirib ki, Türkiyədə təhsil sistemi ələvi valideynlərin əqidələrinə hörmətin təmin edilməsinə yetərincə uyğunlaşdırılmayıb**.
Bundan başqa, ələvi icması kimi rəsmən tanınmayan dini azlıqların fəaliyyətini tənzimləyən aydın hüquqi bazanın olmaması ibadət yerlərini inşa etmək, ianə və ya subsidiyalar almaq və məhkəmələrə müraciət etmək kimi məsələlərdə çoxsaylı əlavə hüquqi, təşkilati və maliyyə problemləri yaradıb. Fond və ya assosiasiya qismində fəaliyyət göstərməyə çalışan dini icmalar çoxsaylı hüquqi maneələrlə üzləşirlər.
Buna görə də Məhkəmə əmin deyil ki, ələvi icmasının öz dininə etiqad etmək azadlığına dövlət orqanlarının yaratdığı imkan bu icmanın 9-cu maddədə nəzərdə tutulmuş hüquqlarını tam həyata keçirmələrinə şərait yaradır.
c) Qiymətləndirmə sərbəstliyinin hüdudları – Dövlətin neytrallıq və qərəzsizlik vəzifəsi hansı dini əqidələrin, yaxud da dini əqidələrin ifadə edilməsi üçün istifadə edilən hansı vasitələrin qanuni olduğunu dövlətin müəyyənləşdirmək səlahiyyətini istisna edir. Dövlətə verilən diskresion səlahiyyət ələvi icması kimi qeyri-ənənəvi formada olan və azlıq təşkil edən dini icmanı hüquqi müdafiədən məhrum etmək üçün dövlətin dini konfessiya anlayışını məhdud çərçivədə şərh etməsinə imkan yaratsaydı, 9-cu maddədə təsbit olunmuş hüquq həddən artıq nəzəri və xəyali hüquq olardı.
d) Ələvi icması daxilində konsensusun (fikir birliyinin) olmaması – Türkiyədə ələvi icması daxilində ələvi məzhəbinin əsas ehkamları və ələvi icmasının tələbatları ilə bağlı diskussiyanın olması bu faktı heç də dəyişmir ki, o, Konvensiyanın 9-cu maddəsi ilə qorunan hüquqlara malik dini icmadır. İcma daxilində diskussiyanın olması bu işdə şikayət edilən imtinaya haqq qazandırmır, xüsusən ona görə ki, cavabdeh dövlət ələvi vətəndaşların hamısı üçün ümumi olan tələbatları öyrənmək və birləşdirmək imkanına malik idi, həm də ələvi icmasının muxtariyyətinə aid məsələlərlə və bu məzhəbin fundamental elementləri ilə bağlı dəqiq konsensus yaranmışdı.
Beləliklə, ələvi icması üzvlərinin öz din azadlığı hüquqlarını real şəkildə həyata keçirmələrinə imkan yaradacaq rəsmən tanıma qərarının qəbulundan imtinaya haqq qazandırmaq üçün gətirilən əsaslar münasib və yetərli deyildi və dövlət öz qiymətləndirmə sərbəstliyinin hüdudlarını aşmışdı. Müvafiq olaraq, barəsində şikayət edilən müdaxilə demokratik cəmiyyətdə zəruri sayıla bilməzdi.
Nəticə: pozuntu baş verib (beş səsə qarşı on iki səslə).
9-cu maddə ilə birgə götürülmüş halda 14-cü maddə: Barəsində şikayət edilən faktlar Konvensiyanın 9-cu maddəsinin tətbiq dairəsinə düşür və "dini" mənsubiyyət ayrı-seçkiliyin qadağan edilən əsası qismində 14-cü maddədə xüsusi olaraq qeyd edilib. Buna görə də 14-cü maddə bu işin faktlarına tətbiq edilə bilər.
Türkiyə qanunvericiliyinə əsasən publik dini xidmət statusundan yalnız islamın əsas cərəyanı hesab edilən məzhəbin (sünniliyin) ardıcılları yararlana bilərdilər, ələvi vətəndaşlar isə dini ayinlərinin bu cür xidmət hesab edilməsi və müvafiq statusda olması imkanından məhrum idilər. Ələviliyin müsəlman teologiyasında hansı yeri tutmasından asılı olmayaraq, şübhə yoxdur ki, o, Türkiyə cəmiyyətində və tarixində dərin kökləri olan inancdır. Ələvilər teoloji doktrina, əsas dini ayinlər, ibadət yerləri və təhsil məsələləri də daxil olmaqla bir çox sahələrdə fərqli xüsusiyyətlərə malik dini icmadırlar. Onun ardıcıllarının bu icmanın rəsmən tanınmasına və etiqadlarının publik dini xidmət statusu almasına olan tələbatları dini ayinləri publik xidmət hesab edilənlərin tələbatları ilə müqayisə oluna bilərdi. Buna görə də ələvi olaraq ərizəçilər Dini İşlər İdarəsi tərəfindən verilən dini xidmət statusundan yararlananlarla müqayisə oluna bilən durumda idilər.
9-cu maddə ilə qorunan din azadlığı hüququ şəxsin öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə etiqad etmək və açıq, yaxud şəxsi qaydada ibadəti, təlimləri, dini və mərasim ayinlərini yerinə yetirmək azadlığını əhatə edir. Müvafiq olaraq, baxmayaraq ki, ərizəçilərin durumu publik xidmət statusundan yararlananlarla müqayisə oluna bilərdi, ərizəçilər onlara nisbətən daha əlverişsiz rəftara məruz qalmışdılar.
Bu fərqli rəftara haqq qazandırmaq üçün Hökumətin istinad etdiyi əsas arqument islam dinində ələvi məzhəbinin yeri ilə bağlı teoloji diskussiyanın mövcudluğuna əsaslanırdı. Belə yanaşma dövlətin neytrallıq və qərəzsizlik vəzifəsi ilə ziddiyyət təşkil edir və müxtəlif məzhəblərlə əməkdaşlıq formasının seçilməsində dövlətin qiymətləndirmə sərbəstliyinin hüdudlarını aşırdı. Konkret olaraq, ərizəçilərin vəziyyəti ilə publik dini xidmət statusundan yararlananların vəziyyəti arasında açıq-aydın disbalans mövcud idi və bu hal özünü xüsusən tətbiq edilən hüquqi rejimlərdə və dövlətdən subsidiyalar almaq hüququnda göstərirdi. Məhkəmə bunu anlaya bilmir ki, dövlətin dünyəvi xarakterinin qorunması nəyə görə ələvi məzhəbinin dini xarakterinin inkar olunmasını və onu publik dini xidmət statusunun imtiyazlarından bütünlüklə kənarlaşdırılmasını tələb edirdi.
Yuxarıda 9-cu maddə ilə əlaqədar qeyd edilən mülahizələri nəzərə alaraq, Məhkəmə Türkiyə sistemində dini konfessiyaların və xüsusən ələvi məzhəbinin hüquqi statusunun dəqiq müəyyən edilməsi məsələsinə şübhə ilə yanaşır. Ələvi icması özünün din azadlığı hüququnu real surətdə həyata keçirməsinə imkan verən hüquqi müdafiədən məhrum idi. Üstəlik, belə görünür ki, dini konfessiyaları tənzimləyən hüquqi rejim neytral meyarlardan məhrum idi və ələvilər üçün faktiki olaraq əlçatmaz idi, belə ki, həmin rejim digər dinlərin və ya əqidələrin ardıcıllarının hüquqi və faktiki ayrı-seçkiliyə məruz qalmayacağını təmin etməyə qadir olan heç bir təminat vermirdi. Plüralizmə və mədəni müxtəlifliyə hörmətə əsaslanan demokratik cəmiyyətdə dinə və ya əqidəyə əsaslanan istənilən fərqli rəftara haqq qazandırmaq üçün inandırıcı səbəblər tələb olunur.
Müxtəlif dini icmalarla əməkdaşlığın hansı formasının seçilməsindən asılı olmayaraq, dövlətin vəzifəsi obyektiv və ayrı-seçkiliyə əsaslanmayan meyarlar tətbiq etməkdən ibarətdir ki, dini konfessiyalara müəyyən imtiyazlar verən status almaq üçün müraciət etmək istəyən dini icmalar ədalətli əsaslarla bu cür imkana malik olsunlar.
Beləliklə, Türkiyə cəmiyyətində və tarixində dərin köklərə malik ələvi icmasını mövcud olduğunu, icmanın hüquqi cəhətdən tanınmasının mühümlüyünü, çoxluq təşkil edən islami cərəyana publik dini xidmət formasında status verilməsi ilə ələvi icmasının demək olar heç bir səbəbə əsaslanmadan bu statusdan kənarlaşdırılması arasında mövcud olan açıq-aydın disbalansı Hökumətin əsaslandıra bilmədiyini, habelə vəziyyəti düzəltməyə yönələn tədbirlərin görülmədiyini nəzərə alaraq, Məhkəmə hesab edir ki, cavabdeh dövlətin etdiyi seçim qarşıya qoyulmuş məqsədə açıq-aydın qeyri-mütənasib görünür. Buna görə də ələvi olaraq ərizəçilərin məruz qaldıqları fərqli rəftar obyektiv və əsaslı səbəbə söykənmir.
Nəticə: pozuntu baş verib (bir səsə qarşı on altı səslə).
Maddə 41: Pozuntunun müəyyən edilməsi ərizəçilərin məruz qaldıqları mənəvi ziyana görə yetərincə ədalətli kompensasiya təşkil edir.
* Dərviş ibadətgahlarının və məqbərələrinin bağlanması, məqbərələrin mühafizəçisi vəzifəsinin ləğv edilməsi və müəyyən titulların qadağan olunması haqqında 30 noyabr 1925-ci il i tarixli 677 saylı qanun.
** Bax: Mansur Yalçın və başqaları Türkiyəyə qarşı, ərizə № 21163/11, 16 sentyabr 2014-cü il, .
177 saylı məlumat bülleteni.
Full & Egal Universal Law Academy