"Cooperatieve Producentenorganisatie van de Nederlandse Kokkelvisserij U.A." Niderlanda qarşı – ərizə № 13645/05
20.1.2009 tarixli qərar [III Bölmə]
Maddə 6
6-cı maddənin 1-ci bəndi
Ədalətli məhkəmə araşdırması
Çəkişmə xarakterli məhkəmə araşdırması
Avropa İttifaqı Məhkəməsinin üçüncü tərəfə Baş vəkilin rəyinə cavab vermək icazəsi verməkdən imtina etməsi: şikayət qəbul olunmayan elan edildi
Faktlar – 1999-cu ilin iyulunda və 2000-ci ilin iyulunda ərizəçi assosiasiya Avropa İttifaqının ətraf mühitə dair qanunvericiliyi ilə qorunan ərazidəki sularda molyusk ovlamasına imkan yaradan lisenziyalar əldə etdi.
2001-ci ildə iki ekoloji qeyri-hökumət təşkilatı (QHT) məhkəmə işi qaldıraraq iddia etdilər ki, mexaniki molyusk ovu ekoloji cəhətdən həssas ərazilərə uzunmüddətli və ola bilsin ki, həm də sonradan düzəldilməsi mümkün olmayan ziyan vurur. Ölkədaxili məhkəmə Avropa İttifaqı (Aİ) haqqında Müqavilənin 234-cü maddəsinə uyğun olaraq ilkin qərar çıxarılması üçün Avropa İttifaqı Məhkəməsinə (AİM) sorğu ilə müraciət etdi. Həmin QHT-lər, habelə ərizəçi assosiasiya, cavabdeh Hökumət və Avropa Komissiyası öz qeydlərini AİM-ə təqdim etdilər. Yazılı prosedurlardan sonra AİM şifahi dinləmə keçirdi. Bir müddət sonra Baş vəkilin rəyi oxunaraq elan edildi. Ərizəçi assosiasiya bu rəyə yazılı cavabını təqdim etmək üçün icazə istədi; yaxud alternativ variant olaraq yenidən şifahi iclas keçirilməsi barədə qərar çıxarılmasını; yaxud daha bir alternativ variant olaraq həmin məsləhət rəyinə yenidən baxılması üçün hər hansı digər imkanın yaradılmasını istədi. AİM bu xahişləri rədd edərək digər məsələlərlə yanaşı qeyd etdi ki, ərizəçi assosiasiya yenidən şifahi iclas keçirilməsinin faydalı və ya zəruri olduğunu göstərən hər hansı dəqiq məlumat təqdim etməyib. 2004-cü ildə AİM ilkin qərarını çıxararaq bildirdi ki, İttifaq qanunvericiliyinə əsasən cavabdeh Hökumət mexaniki molyusk ovu üçün ərizəçiyə lisenziya verə bilər, bu şərtlə ki, ərizəçi bu cür ovun müvafiq ərazinin təbii flora və faunasına mənfi təsir göstərməyəcəyinə dair elmi cəhətdən əsaslı şübhə yeri qoymayan dəlillər təqdim etsin. Daxili məhkəmə proses iştirakçılarının AİM-in qərarına yazılı cavab vermələrinə icazə verdi və qərar çıxarmazdan əvvəl daha bir dinləmə keçirdi. Bunun əksinə dəlalət edən elmi dəlil olmadığı bir vəziyyətdə həmin məhkəmə müəyyən etdi ki, mexaniki molyusk ovu təbii flora və faunaya, yəqin ki, "əhəmiyyətli dərəcədə" təsir göstərəcək və ərizəçi assosiasiyaya verilmiş molyusk ovu lisenziyalarını ləğv etdi. Sonuncu şikayət etdi ki, onun Baş vəkilin rəyinə cavab verməsinə icazə verməkdən AİM-in imtina etməsi nəticəsində onun çəkişmə xarakterli məhkəmə araşdırması hüququ pozulub.
Hüquqi məsələlər – 6-cı maddənin 1-ci bəndi:
Məhkəmə araşdırmaya belə bir ehtimaldan çıxış edərək başladı ki, 6-cı maddə AİM tərəfindən ilkin qərar çıxarılması üçün aparılan icraata tətbiq edilir. Ərizəçinin şikayətləri beynəlxalq dövlətlərarası təşkilat olan və Konvensiya iştirakçısı olmayan Avropa İttifaqının bilavasitə özünə qarşı yönələn şikayətlər kimi başa düşülməlidir və bu səbəbdən Konvensiyaya əsasən həmin şikayətlər şəxs (subyekt) meyarına (ratione personae) görə qəbul olunan deyil.
Lakin cavabdeh tərəf qismində Niderland Krallığı məsuliyyət daşıyırdı, belə ki, ərizəçinin şikayəti daxili məhkəmədəki icraatın gedişində həmin məhkəmənin verdiyi sorğu əsasında AİM-in müdaxilə etməsinə əsaslanmışdı (əks hal üçün bax: Buaven Avropa Şurasına üzv olan 34 dövlətə qarşı, ərizə № 73250/01, ECHR 2008). AİM tərəfindən İttifaq qanunvericiliyinə verilən şərh rəsmi şərh idi və daxili məhkəmə tərəfindən nəzərə alınmaya bilməzdi. Lakin belə bir ehtimal vardır ki, iştirakçı dövlət suverenliyinin bir hissəsini ötürdüyü beynəlxalq təşkilata üzvlüyündən irəli gələn hüquqi öhdəliklərinə uyğun hərəkət etdiyi təqdirdə Konvensiyanın tələblərindən kənara çıxmır, bu şərtlə ki, müvafiq təşkilat əsas hüquqların müdafiəsini ən azı Konvensiyada nəzərdə tutulan müdafiəyə ekvivalent səviyyədə təmin etmiş olsun, bu şərt həm təqdim edilən substantiv təminatlara, həm də onlara riayət edilməsinə nəzarət edən mexanizmlərə aiddir (bax: Bosfor Hava Yolları Turizm və Ticarət Anonim Şirkəti ("Bosfor Hava Yolları") İrlandiyaya qarşı, [BP], ərizə № 45036/98, ECHR 2005‑VI). Nəticə etibarı ilə bu ehtimal təkcə iştirakçı dövlətin hərəkətlərinə deyil, həm də beynəlxalq təşkilatın özündə qəbul edilmiş prosedurlara və konkret olaraq AİM-in prosedurlarına şamil olunur. Bu baxımdan belə müdafiənin Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş müdafiə ilə eyni olması vacib deyil; yuxarıdakı ehtimal yalnız o halda təkzib oluna bilər ki, Konvensiya hüquqlarının müdafiə səviyyəsi konkret işin halları baxımından açıq-aşkar yetərsiz hesab edilmiş olsun. AİM-dəki prosedurun ərizəçinin hüquqlarını ekvivalent səviyyədə qoruyub-qorumadığını araşdırarkən Məhkəmə AİM-in Reqlamentinin 61-ci qaydasının təmin etdiyi imkana, yəni Baş vəkil rəyini oxuduqdan sonra AİM tərəfindən zəruri hesab edildiyi təqdirdə yenidən şifahi iclas keçirilməsinin mümkünlüyünə və həmçinin tərəflərdən birinin icraatın təzələnməsi barədə vəsatətinə mahiyyəti üzrə baxılmasının mümkünlüyünə xüsusi əhəmiyyət verdi. Bundan başqa, daxili məhkəmə birinci ilkin qərarın əsasında işi həll edə bilməyəcəyini müəyyən etdiyi təqdirdə növbəti ilkin qərar çıxarılması üçün AİM-ə daha bir sorğu verə bilərdi. Bu mülahizələrin işığında ərizəçi assosiasiya AİM-dəki prosedurun onun hüquqlarını ekvivalent şəkildə təmin etdiyi barədə ehtimalı təkzib edə bilməyib.
Nəticə: şikayət qəbul olunan deyil (açıq-aydın əsassız olduğuna görə)
Full & Egal Universal Law Academy