© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Demopulos və başqaları Türkiyəyə qarşı [Böyük Palata] (Demopoulos and Others v. Turkey [GC]), ərizə № 46113/99
01.03.2010-cu il tarixli qərar [Böyük Palata]
Maddə 35
35-ci maddənin 1-ci bəndi
Daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməsi
Səmərəli daxili hüquqi müdafiə vasitəsi
Şimali Kiprdə 1974-cü ildə mülkiyyətdən məhrum edilmə ilə əlaqədar olaraq 67/2005 saylı Qanun əsasında Daşınmaz Əmlak Komissiyasından kompensasiya almağın mümkün olmaması: şikayət qəbul olunmayan elan edildi
Faktlar – Yunan mənşəli Kipr vətəndaşı olan ərizəçilər konkret olaraq şikayət etdilər ki, 1974-cü ildə Şimali Kipr ərazisi "Şimali Kipr Türk Cümhuriyyəti"nin (ŞKTC) nəzarəti altına keçdikdən sonra orada yerləşən mülkiyyətlərindən istifadə etmək hüququndan və (və ya) mənzillərinə daxil olmaq imkanından məhrum olublar. Cavabdeh Türkiyə Hökuməti onların şikayətlərinə etiraz etdi və etirazını ilk növbədə onunla əsaslandırdı ki, ərizəçilər daxili hüquqi müdafiə vasitələrini tükəndirməyiblər, konkret olaraq 67/2005 saylı Qanunda nəzərdə tutulmuş vasitələrdən istifadə etməyiblər.
67/2005 saylı Qanun ŞKTC-nin hakimiyyət orqanları tərəfindən Ksenidis-Arestis Türkiyəyə qarşı (Xenides-Arestis v. Turkey) pilot iş üzrə Məhkəmənin çıxardığı qərara (ərizə № 46347/99, 22 dekabr 2005-ci il, 81 saylı Məlumat bülleteni) cavab olaraq qəbul edilmişdi, həmin qərarda Türkiyədən tələb edilirdi ki, sözügedən ərazidə mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar olaraq həqiqi səmərəli hüquqi müdafiə vasitələrini təmin etsin. Cavabdeh dövlət tərəfindən Daşınmaz Əmlak Komissiyası (DƏK) adlı orqan yaradıldı, bu orqan restitusiyanın (pozulmuş hüquqların bərpası), əmlak mübadiləsinin həyata keçirilməsi və ya kompensasiya ödənilməsi barədə qərar qəbul etmək səlahiyyətinə malik idi. İddiaçılar hüquqlarını təsdiq edən sənədləri və ya digər sübutları təqdim etməli idilər. DƏK-in qərarlarından ŞKTC-nin Ali İnzibati Məhkəməsinə şikayət etmək olardı. 2009-cu ilin noyabrınadək DƏK-in icraatına 433 iş təqdim edilmişdi. Onlardan 85-i əsas etibarı ilə barışıq sazişi yolu ilə həll edildi. 70-dən artıq işdə kompensasiya təyin edildi. Dörd işdə restitusiya barədə qərar qəbul edildi, iki işdə isə əmlak mübadiləsi razılaşdırıldı.
Hüquqi məsələlər – 1 saylı Protokolun 1-ci maddəsi: Ərizəçilər iddia etdilər ki, daxili hüquqi müdafiə vasitələrini tükəndirmək üçün DƏK-ə müraciət etmələri onlardan tələb olunmamalıdır, ona görə ki, birincisi, bu tələb onlara şamil olunmamalıdır və ikincisi, istənilən halda bu vasitə səmərəli deyil.
a) Daxili hüquqi müdafiə vasitələrini tükəndirmələri üçün DƏK-ə müraciət etmələri ərizəçilərdən tələb olunmalı idimi? Birinci məsələ, yəni bu tələbin onlara şamil olunub-olunması xronoloji məsələ idi: ərizəçilər şikayət ərizələrini təqdim etdikdən sonra yaradılmış hüquqi müdafiə vasitəsini tükəndirməli idilərmi? Məhkəmə bu suala müsbət cavab verərək qərara aldı ki, ərizəçilərin işi daxili hüquqi müdafiə vasitələrinin tükənib-tükənmədiyini müəyyənləşdirmək üçün şikayət ərizəsinin verildiyi tarixin əsas götürülməsi barədə qaydadan istisna təşkil edir, çünki 67/2005 saylı Qanunla tətbiq edilmiş hüquqi müdafiə vasitələri xüsusi olaraq Avropa Məhkəməsinin icraatında olan analoji işlər üzrə narazılıqları aradan qaldırmaq üçün yaradılmışdı. Bundan başqa, Məhkəmə belə bir süni arqumenti rədd etdi ki, 67/2005 saylı Qanun ŞKTC-nin hakimiyyət orqanları tərəfindən qəbul edildiyi üçün Türkiyənin milli qanunvericiliyinin tərkib hissəsini təşkil etmir. Məhkəmə daha sonra belə hesab etdi ki, ŞKTC-də yunan mənşəli kiprlilərin mülkiyyət hüquqlarının uzun müddətdən bəri pozulmasına yol açan inzibati praktikanın mövcud olduğunun İnsan Hüquqları Komissiyası tərəfindən dövlətlərarası işdə müəyyən edilməsi faktı ərizəçiləri daxili hüquqi müdafiə vasitələrini tükəndirmək tələbini yerinə yetirməkdən azad etmirdi: yeni qanunun qəbulu və daha əlverişli siyasi mühitin yaradılması sayəsində hazırda vəziyyət yaxşılaşıb və hakimiyyət orqanları bu inzibati praktikanın aradan qaldırılması üçün tədbirlər görə bilərlər.
Məhkəmə həmçinin bu arqumenti də rədd etdi ki, daxili hüquqi müdafiə vasitələrini tükəndirmək tələbi qanunsuz işğalı qanuni formaya salır. Vəziyyətin beynəlxalq-hüquqi aspektləri həll olunana qədər gündəlik həyatda fərdlərin insan hüquqlarını müdafiəsini davam etdirmək olduqca vacibdir. Konvensiyaya uyğun olaraq Məhkəməyə fərdi şikayət vermək hüququ mövcud məhkəmə sisteminin fəaliyyətini və mülki və cinayət qanunvericiliyi sisteminin işini əvəz etmir. Mülkiyyətə, qeydiyyat xidmətlərinə və reyestrlərə çıxışı olan səlahiyyətli milli orqan mülkiyyət hüquqları ilə, mülkiyyətin qiymətləndirilməsi və maliyyə kompensasiyası ilə bağlı mürəkkəb məsələlərin həlli üçün Avropa Məhkəməsindən daha münasib yerdir. Hətta ərizəçilər ŞKTC-nin hakimiyyəti altında yaşamasalar belə, səmərəli daxili hüquqi müdafiə vasitələri mövcuddursa, onları tükəndirmək tələbi ərizəçilərə şamil olunur. Bu nəticə beynəlxalq birliyin ŞKTC-nin yaradılması məsələsinə aid yanaşmasını və ya Kipr Respublikası Hökumətinin Kiprdə yeganə qanuni hökumət olması faktını heç bir halda şübhə altına almır. O, həm də beynəlxalq hüquqa əsasən qanunsuz sayılan rejimin dolayı yolla qanuniləşdirilməsi sayılmamalıdır. Müvafiq olaraq, ŞKTC-də mövcud olan hüquqi müdafiə vasitələri, konkret olaraq DƏK-dəki icraat "daxili hüquqi müdafiə vasitələri" sayıla bilər və onları istisna etmək üçün əsas yoxdur.
b) Təklif olunan hüquqi müdafiə vasitəsinin səmərəliliyi məsələsi – Ərizəçilər hüquqi müdafiə vasitəsi qismində DƏK-dəki icraatın səmərəliliyinə bir neçə əsasa görə etiraz etdilər, həmin əsaslar bunlardan ibarət idi: təklif olunan kompensasiya tədbirlərinin xarakteri, bu orqanın müstəqil və qərəzsiz olmaması, kompensasiyanın məbləğinin adekvat olmaması, bu orqandakı icraatın əlçatan və səmərəli olmaması.
c) Kompensasiya tədbirlərinin xarakteri: Məhkəmə DƏK-in dekorativ və ya qondarma orqan olduğu barədə mülahizəni rədd etdi. ŞKTC-nin hakimiyyət orqanları Məhkəmənin beynəlxalq hüquqa əsaslanan mövqeyi ilə və gəldiyi nəticələrlə razılaşdılar, konkret olaraq, ŞKTC-nin Konstitusiya Məhkəməsinin qanunvericiliyə verdiyi şərh yunan mənşəli kiprlilərin öz mülkiyyət hüquqlarını bərpa etmələrinə və ya kompensasiya almalarına imkan verirdi. Bundan başqa, Türkiyə Hökuməti Konvensiyaya uyğun olaraq ŞKTC-nin nəzarəti altında olan ərazilərə görə Türkiyənin məsuliyyət daşıdığını daha şübhə altına almırdı və yunan mənşəli kiprlilərin Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntuları ilə əlaqədar hüquqi müdafiə vasitələri ilə təmin edilmək hüququnu mahiyyət etibarı ilə tanıyırdı. İstənilən halda, qanunsuzluğun baş verdiyinin olduğunun və ya hüquqların pozulduğunun hər hansı rəsmi formada bildirilməməsinin hüquqi müdafiə vasitələrinin adekvatlığına təsir göstərdiyini güman etmək üçün əsas yox idi.
Yunan mənşəli kiprlilərin restitusiya hüququna münasibətdə həddən artıq məhdudlaşdırıcı yanaşma nümayiş etdirilməsi ilə bağlı tənqidlərə gəlincə, Məhkəmə xatırlatdı ki, restitutio in integrum (pozuntuya qədər mövcud olmuş vəziyyətin bərpası) prinsipinin tətbiqi mümkün olmadıqda, hətta mülkiyyətin qanunsuz olaraq mənimsənildiyi hallarda belə, iştirakçı dövlət kompensasiya ödənişi formasında alternativ variantı seçmək imkanına malikdir. Bu halda qanunsuz hərəkətlərin beynəlxalq səviyyədə baş verməsi də prinsipial əhəmiyyət daşımır. Mülkiyyət qiymətləndirilə bilən və pul ödənişi vasitəsilə kompensasiya oluna bilən maddi obyektdir. Eynilə, mülkiyyətin mübadiləsi də kompensasiyanın məqbul forması sayıla bilər. Məlum hadisələrdən təxminən 35 il keçdikdən sonra Məhkəmə hesab etdi ki, digər amilləri, xüsusən üçüncü tərəflərin mövqeyini nəzərə almadan bu cür bütün məhkəmə işlərində, yaxud hətta restitusiyanın fiziki cəhətdən mümkün olmadığı hallar istisna olmaqla qalan bütün işlərdə cavabdeh dövlətin üzərinə restitusiyanı həyata keçirmək öhdəliyini qoymağa cəhd etmək qanunsuz və ya hüquqa zidd addım olardı. Məhkəmə cavabdeh dövlətin üzərinə belə bir qeyd-şərtsiz öhdəlik qoya bilməz ki, potensial olaraq çoxlu sayda kişi, qadın və uşaqları, hətta Konvensiya pozuntularının qurbanlarının hüquqlarını bərpa etmək məqsədi ilə olsa belə, məcburi qaydada başqa yerə köçürsün və yaşayış yerindən məhrum etsin. Məhkəmə pozulmuş mülkiyyət hüquqlarının bərpa edilməsi formasını seçmək imkanını Yüksək Müqavilə Tərəflərinin öhdəsinə buraxmaq məcburiyyətindədir, belə ki, onlar mövcud durumun praktiki aspektlərini, prioritetləri və toqquşan maraqları milli səviyyədə qiymətləndirmək baxımından daha əlverişli vəziyyətdədirlər və bu sözlər hətta Şimali Kiprdə mövcud olan vəziyyətə də aiddir. Beləliklə, 67/2005 saylı Qanunda nəzərdə tutulmuş restitusiya səlahiyyətlərinin diskresion xarakteri heç bir problem yaratmır.
d) Müstəqillik və qərəzsizlik məsələsi: DƏK beşdən yeddiyədək üzvdən ibarət idi və onlardan ikisi müstəqil beynəlxalq nümayəndə idi. Üzvlərin təyinatına və səlahiyyət müddətinin başa çatmasına dair qaydalar və onların fəaliyyətinin şərtləri ŞKTC-nin məhkəmə hakimiyyətinin yüksək vəzifəli nümayəndələrinə şamil olunan qayda və sərtlərə oxşar idi. Yunan mənşəli kiprlilərin mülkiyyətinə sahib olmuş şəxslərin DƏK-ə üzvlüyü birmənalı olaraq istisna edilirdi. Məhkəmə buna əmin deyil ki, mövcud rejimin beynəlxalq hüquqa əsasən qanunsuz sayılması, ərazidə Türkiyə hərbçilərinin mövcudluğu və ŞKTC prezidentinin DƏK üzvlərini təyin etmək səlahiyyətinə malik olması DƏK-in üzvlərinin obyektiv və ya subyektiv müstəqilliyinə və qərəzsizliyinə təsir göstərə bilərdi.
e) Kompensasiyanın məbləğlərinin səviyyəsi: Kompensasiyanın həcminə gəlincə, Məhkəmə ona təqdim edilmiş dəlillər əsasında əmin deyil ki, 67/2005 saylı Qanuna əsasən təyin olunan məbləğlər avtomatik olaraq ağlabatan kompensasiya məbləğinə uyğun sayıla bilməz.
f) DƏK-dəki icraatın əlçatan və səmərəli olmaması: Məhkəmə qeyd etdi ki, bəzi ərizəçilərə öz hüquqlarını əsaslı şübhə yeri qalmadan sübut etmələri və ya mülkiyyət sənədlərini təqdim etmələri təklif olunsa da, daxili qanunvericilikdə nəzərdə tutulmuş sübutetmə standartları onların praktiki tətbiqindən təcrid olunmuş halda götürülə bilməz və bu elementin xeyli sayda iddia tələblərinin rədd edilməsinə səbəb olduğunu demək olmaz. İddiaçıların mülkiyyət sənədlərini təqdim etmələrinin və ya mülkiyyət hüquqlarını sübut etmələrinin tələb olunması bəzi hallarda ağır yük kimi görünsə belə, bu tələb zəruri və qaçılmazdır. Məhkəmə həmçinin kompensasiyaların ödənilməsi üçün 67/2005 saylı Qanunda yer alan büdcəyə dair müddəaları və ərizəçilərin və onların nümayəndələrinin şimal ərazilərinə getmələrinə və oradan geri qayıtmalarına verilən təminatları nəzərə aldı. Ümumiyyətlə, Məhkəmə hesab etmir ki, DƏK-dəki prosedur ərizəçilər üçün əsassız dərəcədə ləng, bezdirici və ya əlçatmaz idi, yaxud onların müxtəlif prosessual məsələlərə dair şikayətləri əsaslı idi. Eləcə də ərizəçilərin iddia tələblərinə baxılarkən onlara hüquqa zidd təzyiq göstərildiyi barədə hər hansı məlumat aşkar edilmədi. İstənilən halda, iddiaçı maddi və ya prosessual hüquq normalarının pozulduğunu hesab etdiyi təqdirdə ŞKTC-nin Yüksək İnzibati Məhkəməsinə şikayət edə bilərdi.
Müvafiq olaraq, 67/2005 saylı Qanun yunan mənşəli kiprlilərin mülkiyyət hüquqlarına müdaxilə barədə şikayətlərinin həlli üçün əlçatan və səmərəli hüquqi baza təşkil edirdi. Ərizəçilər bu mexanizmdən istifadə etmədikləri üçün 1 saylı Protokolun 1-ci maddəsinin pozulduğu barədə onların şikayətləri daxili hüquqi müdafiə vasitələri tükəndirilmədiyinə görə rədd edilməlidir.
Nəticə: şikayət qəbul edilən deyil (daxili hüquqi müdafiə vasitələri tükəndirilməyib).
Maddə 8: 67/2005 saylı Qanun həmçinin mülkiyyətin əvvəlki sahiblərinə imkan verirdi ki, DƏK-dəki icraatda mənzildən istifadənin istənilən aspektlərini əhatə edən kifayət qədər geniş kateqoriyalı mənəvi ziyanın kompensasiyası barədə tələblərini irəli sürsünlər. Müvafiq olaraq, 8-ci maddənin pozulduğu barədə mülkiyyət sahiblərinin şikayətləri də daxili hüquqi müdafiə vasitələri tükəndirilmədiyinə görə rədd edilməlidir, çünki həmin şikayətlər əvvəlcə DƏK-ə tədim edilməyib.
Nəticə: şikayət qəbul edilən deyil (daxili hüquqi müdafiə vasitələri tükəndirilməyib).
Ərizəçilərdən biri daxili hüquqi müdafiə vasitələrini tükəndirmək tələbindən azad edildi, çünki mülkiyyət tələbləri irəli sürməmişdi və buna görə də DƏK-ə müraciət etmək üçün real imkana malik deyildi. Lakin faktlara əsasən, onun mənzilinə daxil olmaq imkanından məhrum olması barədə şikayəti açıq-aydın əsassız idi, çünki o, demək olar bütün ömrü boyu başqa yerlərdə yaşamışdı. Onun gələcəkdə daşınmaz əmlakdan miras payı ala biləcəyi faktına gəlincə, bu, mülkiyyət hüququ ilə konkret əlaqəsi olmayan hipotetik və nəzəri element idi. Beləliklə, hazırda onun mənzil toxunulmazlığı hüququna hər hansı müdaxilə mövcud deyil.
Nəticə: şikayət qəbul edilən deyil (açıq-aydın əsassız olduğuna görə).
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy