© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
ÜÇÜNCÜ BÖLMƏ
QƏRAR
33917/12 saylı ərizə
Bede DJOKABA LAMBİ LONQA
Bède DJOKABA LAMBI LONGA
Niderlanda qarşı
Aşağıdakı tərkibdən:
Josep Casadevall, Sədr,
Egbert Myjer,
Corneliu Bîrsan,
Alvina Gyulumyan,
Luis López Guerra,
Nona Tsotsoria,
Kristina Pardalos, hakimlər,
və Santiago Quesada, Bölmə Katibi,
ibarət Palatada 9 oktyabr 2012-ci ildə işə baxan Avropa İnsan Hüquqları
Məhkəməsi (Üçüncü Bölmə),
1 iyun 2012-ci ildə verilmiş yuxarıdakı ərizə ilə bağlı,
Müşavirə keçirərək, aşağıdakı qərara gəlir:
FAKTLAR
1. Ərizəçi 1966-cı ildə təvəllüdlü cənab Bede Djokaba Lambi Lonqa Konqo Demokratik Respublikasının vətəndaşıdır. O, hazırda Niderlandın Haaqa şəhərində, Sxeveninqen Həbsxanasında yerləçəb Birləşmiş Millətlər Təşkilatının Təcridxanasında saxlanılır. O, Məhkəmədə Amsterdamda fəaliyyət göstərən cənab V.Aykelbum, cənab F.Şüller və cənab G.Sluiter tərəfindən təmsil olunub.
A. İşin halları
1. Ərizəşinin Konqo Demokratik Respublikasında həbsdə saxlanması
2. Ərizəçinin təqdim etdiyi kimi işin halları aşağıdakı kimi xülasə edilə bilər.
3. Ərizəçi Konqo Demokratik Respublikasının İturi rayonunda yaradılmış siyasi hərəkatın - Konqo Vətənpərvərlər İttifaqının (KVİ) (Union des patriotes congolais, “UPC”) tanınmış üzvü idi. UPC-in hərbi qolu, Forces Patriotiques pour la Libération du Congo, (“FPLC”) son illərdə bu sahədə fəal olan silahlı fraksiyalardan biri idi.
4. 19 mart 2005-ci ildə ərizəçi PPC-in prezidenti və FPLC-in baş komandanı Tomas Lubanqa Dyilo daxil olmaqla, UPC-in və FPLC-in digər üzvləri ilə birlikdə Kinşasada həbs olunmuşdu.
5. Ərizəçi Birləşmiş Millətlər Təşkilatının Konqo Demokratik Respublikasındakı Missiyasının (Mission de l’Organisation des Nations Unies en République démocratique du Congo, “MONUC”) doqquz Banqladeşli üzvünün qətlə yetirilməsində iştirakçılıqda və ya əlbirlikdə təqsirləndirilir. Ərizəçi davamlı olaraq bu ittihamları inkar etmişdi.
6. Ərizəçinin həbsdə saxlanma müddəti bir neçə dəfə uzadılır. Məhkəmənin iş materiallarında olan sonuncu həbs qərarının müddəti 2 iyul 2007-ci ildə başa çatıb. Ərizəçi bildirir ki, onun daha sonra həbsdə saxlanması müddətinin uzadılmasına səlahiyyət verilməyib və o, bu günədək hər hansı hüquqi əsas olmadan həbsdə saxlanılıb.
2. Ərizəçinin Beynəlxalq Cinayət Məhkəməsinin həbsxanasına köçürülməsi
7. 17 mart 2006-cı ildə Tomas Lubanqa Dyilo Beynəlxalq Cinayət Məhkəməsinin həbs barədə möhürlənmiş orderinə əsasən həbs olunur və Haaqaya köçürülür. 28 avqust 2006-cı ildə elan olunur ki, cənab Lubanqa Dyilo Beynəlxalq Cinayət Məhkəməsinin Prokuroru tərəfindən 15 yaşından kiçik uşaqları hərbi əməliyyatlarda iştirak etmək üçün hərbi xidmətə çağırmaqda, cəlb etməkdə və onlardan istifadə etməkdə ittiham olunur.
8. 27 mart 2011-ci ildə ərizəçi cənab Lubanqa Dyilonun məhkəməsində müdafiə tərəfinin şahidi qismində ifadə vermək üçün Konqo Demokratik Respublikasında saxlanma yerindən Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsinin həbsxanasına köçürülür. Görünür ki, ərizəçi bu köçürülməyə razılıq vermişdi. I Məhkəmə Palatasının 5 avqust 2011-ci il tarixli qərarında (bax aşağıda) bildirilir ki, Konqo Demokratik Respublikasının hakimiyyət orqanları ərizəçinin özünə qarşı ifadə verməməyə dair imtiyazına hörmət etmək öhdəliyi götürüblər.
9. Ərizəçi 2011-ci il 30 mart və 7 aprel arasında müxtəlif tarixlərdə ifadə verib.
3. Beynəlxalq Cinayət Məhkəməsində icraat
(a) Ərizəçinin Məhkəmə Palatası qarşısındakı təqdimatları və arqumentləri
10. 7 aprel 2011-ci ildə ərizəçi “sığınacaqla bağlı ərizəsinə dair xüsusi tədbirlər” üçün I Məhkəmə Palatasına ərizə verdi. O bildirdi ki, o, Konqo Demokratik Respublikasına qayıtdıqda, Prezident Kabilanın özü daxil olmaqla, bu ölkənin Hökumət üzvlərinin sərəncamı ilə həyata keçiriləcək represiyyalardan qorxur. O, həmçinin bildirdi ki, Konqo Demokratik Respublikasında mövcud olmayan tibbi müalicəni tələb edən sağlamlıq problemləri var.
11. 1 iyun 2011-ci ildə ərizəçi Niderland hakimiyyət orqanlarına sığınacağın verilməsi barədə ərizə verdi (bax aşağıda). Həmin gün o, Beynəlxalq Cinayət Məhkəməsinin Prosedur və Sübutetmə Qaydalarının 88(1) Qaydasına müvafiq olaraq (bax aşağıda), Beynəlxalq Cinayət Məhkəməsindən hazırki işə uyğun olan şəkildə, onun Konqo Demokratik Respublikasına göndərilməsinin dayandırılması formasında “xüsusi tədbirlər” barədə sərəncam verməyi xahiş etdi.
12. Məhkəmə Palatası Konqo Demokratik Respublikasının hakimiyyət orqanlarından müşahidəçilər dəvət etdi, hansılar ki, təsdiq etdilər ki, onlar ərizəçini yalnız müvəqqəti olaraq faktiki həbsxanaya köçürməklə, bütün proses ərzində onu həbsdə saxlamağa davam edirlər. Onların fikrincə, Qaçqınların Statusu haqqında 28 iyul 1951-ci il tarixli Konvensiya və onun 31 yanvar 1967-ci il tarixli Protokolu Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsi, xüsusilə onun 93-cü Maddəsi üzərində üstünlüyə malik deyil bax aşağıda).
13. Beynəlxalq Cinayət Məhkəməsinin Katibliyi tərəfindən 7 iyun 2011-ci ildə qəbul edilən müşahidələrdə Niderland Hökuməti təqdim etdi ki, ərizəçi Beynəlxalq Cinayət Məhkəməsinin müvəqqəti saxlama yerində və beləliklə qəbul edən Dövlətin yurisdiksiyasından kənarda saxlanılır. Bununla belə, sığınacağın verilməsi barədə ərizə alınıbsa, Hökumət “nəticəsindən asılı olmayaraq” ona baxacaq və qərar qəbul edəcək. Lakin qəbul edən Dövlət ərizəçinin Konqo Demokratik Respublikasına təhlükəsiz şəkildə qaytarıla bilinib-bilinməyəcəyi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin qiymətləndirilməsinə tabe olacaq; Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən müəyyən edilmiş hər hansı təhlükəsizlik riskləri onun şahidlərin müdafiəsi proqramına əsasən həll olunmalıdır. Bu müddətdə ərizəçi Beynəlxalq Cinayət Məhkəməsinin himayəsində qalmalıdır.
14. Məhkəmə Palatasının verdiyi sərəncama cavab olaraq Beynəlxalq Cinayət Məhkəməsinin Qurbanlar və Şahidlər Bölməsi ərizəçi üçün və oxşar problemləri qaldıran müxtəlif işlərdəki müəyyən digər şahidlər üçün mühafizə tədbirləri məsələsi ilə bağlı risk qiymətləndirməsini həyata keçirdi. Bu qiymətləndirməyə ərizəçinin dindirmə protokollarının nəzərdən keçirilməsi, Konqo Demokratik Respublikasında cari siyasi vəziyyətə qiymət verilməsi və ərizəçinin saxlandığı təcridxananın (Makala təcridxanası, Kinşasa) direktoru ilə görüş daxil idi. Qurbanlar və Şahidlər Bölməsi nəticəyə gəldi ki, Konqo Demokratik Respublikasına qayıtdıqdan sonra, Beynəlxalq Cinayət Məhkəməsindəki ifadələrinə görə ərizəçi onun təhlükəsizliyi və ya psixoloji və fiziki rifahı üçün hər hansı əlavə riskə məruz qalmayacaq. Konqo Hökumətindəki nüfüzlu şəxslər barədə ifadələri Konqo Demokratik Respublikasına qayıtdığı halda onu təhlükə altına qoyduğu barədə ərizəçinin ifadə etdiyi xüsusi qorxulara gəldikdə isə, Qurbanlar və Şahidlər Bölməsi bildirdi ki, ərizəçinin ifadələri Konqo hakimiyyət orqanlarına onların bilmədiyi bir məsələni aşkar etmədi. Bundan əlavə, “[ərizəçinin] Konqo hakimiyyət orqanlarını və xüsusilə də Prezident Kabilanı cəlb etmək arzusu ictimaiyyətə məlum [idi]”. Qurbanlar və Şahidlər Bölməsi bu nəticəyə gəldi ki, ərizəçinin ifadələrinin Konqo Demokratik Respublikasının siyasətinə təsir edəcəyi, məsələn repressiyalara gətirəcəyi ehtimalı az idi. Bundan əlavə, Konqo hakimiyyət orqanlarından zəmanət alınmışdı ki, ərizəçi müvafiq müdafiəyə alınacaq və ərizəçi Makala təcridxanasına qaytarıldıqda, ərizəçinin təhlükəsizliyi davamlı monitorinq vasitəsilə kifayət qədər təmin olunacaq.
15. Ərizəçinin vəziyyətinə uyğun tibbi müalicə aldığı və səyahət üçün yararlı olduğunu müəyyən edən tibbi məlumat var idi
(b) Məhkəmə Palatasının qərarı
16. 4 iyul 2011-ci ildə I Məhkəmə Palatası qərarını verdi. O müəyyən etdi ki, Beynəlxalq Cinayət Məhkəməsi Nizamnaməsinin 93-cü Maddəsinin 7-ci bəndinin (b) yarımbəndinə və Prosedur və Sübutetmə Qaydalarının 192(4) Qaydasına müvafiq olaraq, eləcə də Məhkəmənin Katibliyi ilə Konqo Demokratik Respublikası arasında razılaşdırılmış Standart Əməliyyat Prosedurlarına əsasən, ərizəçinin köçürülməsinin məqsədləri yerinə yetirildikdən sonra - ərizəçi öz şahid ifadələrini başa çatdırdığından - onu Konqo Demokratik Respublikasına qaytarmaq barədə öhdəlik daşıyır. Bununla belə, Niamnamənin 21-ci Maddəsinin 3-cü bəndi qüvvədə olan qanunun tətbiqinin və təfsirinin beynəlxalq hüquqda tanınmış insan hüquqlarına uyğun olmasını tələb edirdi. Buna görə də Məhkəmə Palatası ilk növbədə ərizəçinin sığınacaq barədə tələbinin nəticələrini nəzərdən keçirməli idi.
17. Beynəlxalq Cinayət Məhkəməsi deyil, Niderland hakimiyyət orqanları ərizəçinin sığınacaq barədə tələbinə baxmalı idi. Lakin Beynəlxalq Cinayət Məhkəməsi bunu etmək üçün Niderland hakimiyyət orqanlarına və öz işini aparmaq üçün ərizəçiyə lazımi imkan yaratmalı idi. Sığınacaqla bağlı icraatın vaxtına və bu icraatda hər hansı apellyasiya mərhələsinə qədər ərizəçini nəzarət altına almaq üçün müdaxilənin zəruri olub-olmamasını Niderland hakimiyyət orqanları müəyyən etməli idi.
18. Məhkəmə Palatası Katibliyə ərizəçiyə onu sığınacaq barədə tələbi ilə bağlı təmsil edən vəkillərə ağlabatan çəkildə görüşmək imkanı vermək; (sığınacaq verilmədiyi təqdirdə) ərizəçi Konqo Demokratik Respublikasına qaytarılandan əvvəl Niderlandın sığınacaq tələbinə uyğun olaraq öhdəliklərini icra edə bilməsi üçün yerinə yetirilməli dövlətdaxili prosedurla bağlı hesabat təqdim etmək; ərizəçi Konqo Demokratik Respublikasına qayıdana qədər Katibliyin zəruri hesab etdiyi hər hansı mühafizə tədbirlərinin dairəsini müəyyən etmək və həyata keçirmək üçün Konqo hakimiyyət orqanları ilə əlaqə saxlamaq və müvafiq qaydada hesabat vermək; və ərizəçi Konqo Demokratik Respublikasına qayıdandan sonra onun vəziyyətinə nəzarət etmək barədə göstəriş verdi.
(c) Beynəlxalq Cinayət Məhkəməsində sonrakı icraat
19. 2 avqust 2011-ci ildə Niderland Xarici İşlər Nazirliyi ərizəçidən müsahibələrin alınması zərurəti və sonrakı təhqiqatın, eləcə də bundan sonra məhkəmə prosesinin ehtimalı barədə Məhkəmə Palatasını məlumatlandıran stenoqramını (note verbale) təqdim etdi. Qeyddə deyilirdi:
“Yuxarıda göstərilən inzibati və məhkəmə icraatı xeyli vaxt apara bilər və Niderland bu müddət ərzində saxlanılan şahidin Beynəlxalq Cinayət Məhkəməsinin Təcridxanasında qalmasını tələb edir.”
20. 13 iyul 2011-ci ildə Niderland Hökuməti Məhkəmə Palatasının qərarından apellyasiya şikayəti vermək üçün icazənin verilməsini xahiş etdi. Konqo Demokratik Respublikası Palatanın apellyasiya şikayəti vermək üçün icazə qismində nəzərdən keçirməyi qət etdiyi qərarla razılaşmadığını göstərən sənəd təqdim etdi. 4 avqust 2011-ci ildə Məhkəmə Palatası hər iki xahişi təmin etdi. Məlum olmayan sonrakı tarixdə Apellyasiya Palatası qərara aldı ki, Niderlanda apellyasiya şikayəti vermək üçün icazənin verilməsi səlahiyyət həddini aşmışdı (ultra vires) və buna görə də qeyri-düzgün idi.
21. 15 avqust 2011-ci il tarixli Qərarında Məhkəmə Palatası təkrar etdi ki,
“daxili və ya beynəlxalq öhdəliklərinə əsasən, sığınacağın verilməsinin və bu icraatda hər hansı apellyasiya mərhələsinin müəyyən edilməsi vaxtına qədər şahidi nəzarət altına alıb-almayacağı barədə qərarı Niderland verir.”
Bundan əlavə,
“Qəbul edən Dövlət ləngimədən [ərizəçinin] Niderlanddan getməsini təxirə salmaq niyyətində olub-olmadığını nəzərdən keçirməyə vadar [edildi]. Qəbul edən Dövlət sığınacaq barədə ərizə ilə bağlı qərarın gözləndiyi müddətdə onun getməsini təxirə salmaq [niyyətindədirsə], Katiblik şahidin Niderlandın ‘nəzarətinə’ köçürülməsi ilə bağlı Holland hakimiyyət orqanları ilə məsləhətləşməlidir. Katiblik və Qəbul edən Dövlət arasında köçürülmə üçün ağlabatan vaxt çərçivəsi təşkil edilməlidir”.
22. 26 avqust 2011-ci ildə Niderlandın Xarici İşlər Nazirliyi Beynəlxalq Cinayət Məhkəməsinə aşağıdakıların qeyd olunduğu stenoqramı (note verbale) göndərdi:
“Niderlandın davamlı olaraq mövqeyi ondan ibarət olmuşdur ki, şahid [yəni ərizəçi] sığınacağın verilməsi proseduru zamanı Məhkəmənin həbsxanasında saxlanmalıdır. Bununla əlaqədar Niderland diqqəti özünün 2 avqust 2011-ci il tarixli Verbal Qeydinə çəkir, hansında ki, o, sığınacağın verilməsi barədə xahişə uyğun olaraq, inzibati və məhkəmə icraatları daxil olmaqla öz öhdəliyini icra etmək iqtidarında olmaq üçün Niderlandın yerinə yetirməli olduğu proseduru müəyyən etdi. Orada Niderland ifadə etdi ki, o, ‘saxlanılan şahidin bu müddət ərzində [Beynəlxalq Cinayət Məhkəməsinin] Təcridxanasında qalmasını tələb edir’.
Şahid Nizamnamənin 97-ci Maddəsinin 7-ci bəndinə əsasən aralarında bağlanmış razılaşmaya uyğun olaraq müvəqqəti Konqo Demokratik Respublikasının həbsxanasından Məhkəməyə [Beynəlxalq Cinayət Məhkəməsinə] köçürülmüşdür. Bu razılaşmaya əsasən şahid həbsxanada qalmalı və köçürülmənin məqsədləri yerinə yetirildikdən sonra [Konqo Demokratik Respublikasına] qaytarılmalıdır. Bu razılaşma [Beynəlxalq Cinayət Məhkəməsi] və [Konqo Demokratik Respublikası] arasında [Beynəlxalq Cinayət Məhkəməsinin] həyata keçirdiyi cinayət təqibini asanlaşdırmaq üçün bağlanıb. Niderland sənədsiz və ya qeyri-qanuni xariciləri öz ərazisinə qəbul etmək öhdəliyinin tərəf olmadığı ikitərəfli razılaşmadan necə irəli gəldiyini anlamır. Məhkəmənin Nizamnaməyə və ya Baş Qərargah Sazişinə əsasən şahidi Niderlanda köçürmək səlahiyyəti yoxdur və ya onun belə köçürməni Qəbul edən Dövlətin üzərinə qoymaq səlahiyyəti yoxdur. Eləcə də, [Beynəlxalq Cinayət Məhkəməsinin] təsdiq etdiyi kimi, Niderland şahidin köçürülməsini öz nəzarəti altına almağı qəbul etmək məcburiyyətində deyil.
Bununla əlaqədar Niderland həmçinin qeyd edir ki, hazırkı şəraitdə o, sığınacağın verilməsi barədə ərizəyə baxıldığı müddət ərzində şahidi həbsxanada saxlamaq yurisdiksiyasına malik deyil.
Bundan əlavə, şahidin getməsini təxirə salmaq niyyətində olan Niderland deyil. Niderland qeyd edir ki, qərar şahidin Konqo Demokratik Respublikasına qayıdana qədər Holland hakimiyyət orqanlarına sığınacaqla bağlı müraciət etmək üçün – sadəcə nəzəri deyil - real imkana malik olduğunu təmin etmək üzrə Məhkəmənin məsuliyyətini təkrar etdi. Niderland belə hesab edir ki, bu məsuliyyət onu nəzərdə tutur ki, Məhkəmə sığınacağın verilməsi barədə müraciətə baxılması proseduru ərzində şahidin [Konqo Demokratik Respublikasına] köçürülməsini həyata keçirməyəcək.
Nəticədə, Niderland o mövqedə qalır ki, sığınacağın verilməsi barədə ərizəyə baxılması müddətində şahid Məhkəmənin həbsxanasında qalmalıdır. Buna görə də, Niderland hesab etmir ki, hazırda Məhkəmənin Katibliyi ilə məsləhəhətləşmək ehtiyacı var.”
23. Ərizəçi tərəfindən 4 iyul 2011-ci il tarixli qərarına yenidən baxılması xahiş edilən Məhkəmə Palatası 1 sentyabr 2011-ci ildə aşağıdakıları nəzərdə tutan Əmr verdi:
“Qəbul edən Dövlət hazırda Palatanı onun [ərizəçini] [Konqo Demokratik Respublikasına] geri köçürməyi təxirə salmaq niyyətində olmadığı və ona nəzarətin Qəbul edən Dövlətə verilməsi ilə bağlı Katibliklə məsləhətləşməkdən imtina etdiyi barədə məlumatlandırdığından, Palatanın İcra Əmrinə yenidən baxılması ilə bağlı Xahiş mübahisəlidir.
Hakimlər hesab edirlər ki, Palata Katibliyə aydın təlimat verib, yəni [ərizəçinin] getməsinin təxirə salınması onunla şərtlənir ki, sonuncunun sığınacağın verilməsi barədə ərizə ilə bağlı qərarına qədər şahidin [yəni ərizəçinin] həbsi Qəbul edən Dövlətə köçürülür. Palata Statutun 21-ci Maddəsinin 3-cü bəndinə əsasən öz öhdəliklərini yerinə yetirib və hazırda sığınacaq barədə ərizə ünvanlanmış Qəbul edən Dövlət sığınacağın verilməsinin və bu icraatda hər hansı apellyasiya mərhələsinin müəyyən edilməsi vaxtına qədər şahidi [yəni ərizəçini] nəzarət altına almaq üçün müdaxilənin zəruri olub-olmadığına qərar verməlidir.
Belə nəticə çıxır ki, Katiblik [ərizəçiyə] münasibətdə Statutun 93-cü Maddəsinin 7-ci bəndində və Qaydaların 192(4) Qaydasında göstərilən qaydada hərəkət etməlidir. ...
Səyahətin uyğun olduğu təqdirdə ..., Katiblik Qəbul edən Dövləti [ərizəçinin] [Konqo Demokratik Respublikasına] yola düşməsi nəzərdə tutulan tarix barədə məlumatlandırmalıdır. Onun nəhayət [Konqo Demokratik Respublikasına] getməsindən əvvəl Holland hakimiyyət orqanları şahidi nəzarət altına almaq niyyətində olduqlarını qeyd etsələr, Katiblik [ərizəçinin] Qəbul edən Dövlətə köçürülməsində əməkdaşlıq etməlidir.”
24. 15 dekabr 2011-ci il tarixli qərarda Məhkəmə Palatası ərizəçinin onun Konqo Demokratik Respublikasına qaytarılması barədə əmrin ləğv edilməsi və əvəzində zərurət olduğu təqdirdə onun şərti olaraq azad edilməsi barədə əmr verilməsi ilə bağlı xahişini rədd etdi. O əlavə etdi:
“Məhkəmənin [1 sentyabr 2011-ci il] Əmri qüvvədə qalır. Palata Statutun 93-cü Maddəsinin 7-ci bəndinin (b) yarımbəndinə və Qaydaların 192(4) Qaydasına müvafiq olaraq [ərizəçi] səyahətə uyğun olduğu təqdirdə, onun qaytarılması üçün hazırlanmaq barədə təlimatlarını Katibliyə təkrar edir. Hər hansı mövcud milli icraatın aparılması məqsədləri baxımından onu nəzarət altına almaq üçün müdaxilənin zəruri olub-olmamasını Holland hakimiyyət orqanları müəyyən etməlidir.
[Ərizəçi] [Konqo Demokratik Respublikasına] qayıdana qədər, o, Nizamnamənin 3-cü Maddəsinin 7-ci bəndinin (b) yarımbəndinə əsasən həbsdə saxlanmalıdır, bir şərtlə ki, Holland hakimiyyət orqanlarının tələbinə əsasən ona nəzarət sonuncuya verilməsin. Palatanın şahid bu ölkəyə qayıtdıqdan sonra, onun həbsdə saxlanması ilə bağlı [Konqo Demokratik Respublikasının] hər hansı qərarını yoxlamaq səlahiyyəti yoxdur və qeyd olunmalıdır ki, 4 iyul 2011-ci il tarixli qərarda Palata Nizamnamənin 68-ci Maddəsinin 1-ci bəndinə əsasən ərizəçinin [Konqo Demokratik Respublikasına] qayıtması ilə bağlı öz məsuliyyətini araşdırıb.”
4. Ərizəçinin sığınacaqla bağlı müraciəti
25. Artıq qeyd edildiyi kimi 1 iyun 2011-ci ildə ərizəçi vəkili cənab Şüller vasitəsilə Niderland hakimiyyət orqanlarına sığınacaqla bağlı müraciət etdi. Müraciətdə deyilirdi ki, ərizəçi Konqo Demokratik Respublikasına qayıtdığı təqdirdə bu ölkənin Prezidentinin müharibə cinayətləri ilə bağlılığı barədə Beynəlxalq Cinayət Məhkəməsində bəyanatlar verdiyindən təqib olunacağından qorxur.
26. Naməlum tarixdə, lakin ərizəçinin nümayəndəsi cənab Şüller tərəfindən göndərilən 28 sentyabr 2011-ci tarixli məktuba cavabında, İmmiqrasiya və Naturalizasiya Xidməti (Immigratie- en Naturalisatiedienst) bildirdi ki, ərizəçi Niderlandın yurisdiksiyası altında olmadığından, onun sığınacaq istəməyi mümkün deyil. Belə olan halda, onun müraciəti Qaçqınların Statusu haqqında 1951-ci il Konvensiyasından və Konvensiyanın 3-cü Maddəsindən irəli gələn qaytarılmanın (refoulement) qadağan edilməsi işığında baxılmalı olan mühafizə barədə müraciət (bescherming) kimi nəzərdən keçiriləcək; əlbəttə ki, nəzərə alınmalıdır ki, ərizəçi Niderlandın yurisdikasiyası altında deyil. Elan olundu ki, ərizəçi dindiriləcək.
5. Niderlandda ərizəçinin azadlığa buraxılmasının təmin edilməsinə yönəlmiş icraat
(a) Regional Məhkəmədə icraat
27. Öz arqumentini onun həbsinin 2000-ci il tarixli Əcnəbilər haqqında Qanunun 59-cu bəndinə əsasən (Vreemdelingenwet 2000, bax aşağıda) bir tədbir olduğuna əsaslandıraraq, ərizəçi Haaqanın Regional Məhkəməsinə (rechtbank) apellyasiya şikayəti verdi.
28. Regional Məhkəmə çəkişmə prosesindən sonra 27 oktyabr 2011-ci il tarixdə qərarını verdi. O qərara aldı ki, Niderland ərizəçinin mühafizə ilə bağlı müraciətini nəzərdən keçirməyə hazır olduğuna və Beynəlxalq Cinayət Məhkəməsindən ərizəçinin həbsdə saxlanmasının davam etdirilməsini xahiş etməsinə baxmayaraq, ərizəçinin həbsi bu səbəbdən Niderland hakimiyyət orqanlarının səlahiyyətinə və ya nəzarətinə verilməmişdir.
(b) Dövlət Şurasının İnzibati Yurisdiksiya Bölməsində İcraat (Afdeling bestuursrechtspraak van de Raad van State)
29. Ərizəçi Dövlət Şurasının İnzibati Yurisdiksiya Bölməsinə apellyasiya şikayəti verdi, İnzibati Yurisdiksiya Bölməsi çəkişmə prosesindən sonra 22 mart 2012-ci ildə qərar (Milli Yurisprudensiya Nömrəsi (Landelijk Jurisprudentie Nummer, “LJN”)) qəbul etdi.
30. İnzibati Yurisdiksiya Bölməsi Beynəlxalq Cinayət Məhkəməsinin Katibliyi tərəfindən Xarici İşlər Nazirliyinə göndərilən 19 oktyabr 2011-ci tarixli məktubdan aşağıdakı sitatı gətirdi:
“Saxlanılan şahidlərin xüsusi məsələsi ilə bağlı, Katiblik bununla bu mövqeni təsdiq edir ki, dörd saxlanılan şahid, Prokuror Tomas Lubanqa Dyiloya qarşı işə aid (ICC 01/04-10/06) olan biri [yəni ərizəçi] və Prokuror Germain Katanqa və Mathieu Ngudjolo Chui-yə qarşı işə (ICC-01/04-01/07) aid qalan üçü, müvafiq olaraq, hər iki I Məhkəmə Palatasının və II Məhkəmə Palatasının müraciətlərindən sonra, Roma Statutunun 93-cü Maddəsinin 7-ci bəndinə uyğun olaraq, onların şifahi ifadə vermələrini asanlaşdırmaq üçün hazırda Konqo Demokratik Respublikasının (‘KDR’) müstəsna səlahiyyəti altında saxlanılırlar. Bu şəxslər Məhkəmənin Prosedur və Sübutetmə Qaydalarının 192(2) Qaydasına və Konqo hakimiyyət orqanları ilə Məhkəmə arasındakı razılaşmaya uyğun olaraq, hazırda Məhkəmənin nəzarətində saxlanılırlar.
...
Öz tərəfindən I Məhkəmə Palatası Katibliyə sığınacaq barədə ərizə ilə bağlı qərara qədər şahidin Qəbul edən Dövlətin ‘nəzarətinə’ köçürülməsi ilə bağlı Holland hakimiyyət orqanları ilə məsləhətləşməyi əmr etdi. Bunu nəzərə alaraq (beləliklə), Katiblik daha sonra təsdiq edir ki, Beynəlxalq Cinayət Məhkəməsinin hakimləri heç bir mərhələdə Qəbul edən Dövlətdən dörd saxlanılan şahid üzərində himayəni öz üzərinə götürməyi tələb edən hər hansı qərar qəbul etməyiblər.”
İnzibati Yurisdiksiya Bölməsinin əsaslandırmasına aşağıdakılar daxil idi:
“2.1.6. Yuxarıda qeyd olunanlardan belə nəticə çıxır ki, əcnəbi [yəni ərizəçi] Konqo hakimiyyət orqanlarının qərarı əsasında həbsdə saxlanılır və bu həbs Statutun 93-cü Maddəsinin 7-ci bəndinə, [Beynəlxalq Cinayət Məhkəməsinin Prosedur və Sübutetmə Qaydalarının] 192-ci Qaydasına və Konqo hakimiyyət orqanları ilə Beynəlxalq Cinayət Məhkəməsi arasında bağlanmış razılaşmaya əsasən hazırda Beynəlxalq Cinayət Məhkəməsinin nəzarəti və səlahiyyəti altında olan təcridxanada həyata keçirilir.
2.1.7. Beynəlxalq Cinayət Məhkəməsinin (İcra) Aktının 88-ci bəndinə uyğun olaraq Niderland qanunvericiliyi Beynəlxalq Cinayət Məhkəməsinin səlahiyyəti altında olan Niderland ərazisində Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarına əsasən tətbiq edilən azadlıqdan məhrumetməyə tətbiq olunmur. Artıq bu səbəbdən əcnəbinin həbsdə saxlanması 2000-ci il tarixli Əcnəbilər haqqında Qanunda Nazirliyə həvalə edilmiş hər hansı səlahiyyətin həyata keçirilməsinə və ya ehtimalən həyata keçirilməsinə əsaslana bilməz. Buna görə də Regional Məhkəmə düzgün olaraq qərara almışdır ki, əcnəbilərə (vreemdelingenrechter) aid işlərə baxmaq səlahiyyətinə malik olan məhkəmələr bu həbsin qanuniliyini nəzərdən keçirmək səlahiyyətinə malik deyillər.
...”
6.Sonrakı hadisələr
31. 27 sentyabr 2012-ci ildə Məhkəmənin Sədri tərəfindən lazımi qaydada səlahiyyət verilmiş Katiblik hazırki şikayət barədə Niderland Hökumətini təcili məlumatlandırdı (Məhkəmə Qaydalarının 40-cı Qaydası). Hökumət cavabında Məhkəməyə məlumat verdi ki, ərizəçi öz vəkili cənab Şüller ilə məsləhətləşdikdən sonra, 4 sentyabr 2012-ci ildə sığınacağın verilməsi ilə bağlı müraciətini geri çəkdi. Ərizəçinin fransız dilində geri çəkilmə barədə əlyazma məktubunun və rəsmi protokolun surətləri Hökumətin cavabına əlavə olunmuşdu.
7. [A], [B] və [C]-nin paralel işləri
(a)Şığınacaqla bağlı icraatlar
32. 12 may 2011-ci ildə Beynəlxalq Cinayət Məhkəməsində müxtəlif məhkəmə işləri üzrə (Prokuror Germain Katanga və Mathieu Ngudjolo Chui-yə qarşı (ICC-01/04-01/07)) ifadə verən üç şahid Niderland hakimiyyət orqanlarına sığınacaq verilməsi ilə bağlı müraciət etdilər. Qanunda bu məqsədlə təsbit olunmuş vaxt məhdudiyyəti ərzində qərar verilmədiyindən, onlar xəyali imtinadan (fictieve weigering) etiraz verdilər; etirazlar 6 iyun 2011-ci ildə qəbuledilməyən elan edildi. Sonra onlar Haaqanın Regional Məhkəməsinə apellyasiya şikayəti verdilər.
33. 28 dekabr 2011-ci ildə Regional Məhkəmə qərar qəbul etdi. O, 2000-ci il tarixli Əcnəbilər haqqında Qanunun ərizəçilərin sığınacaq verilməsi ilə bağlı müraciətlərinə tətbiq olunmadığı barədə İmmiqrasiya və Sığınacaq Nazirliyinin arqumentini rədd etdi. Belə bir arqument Qərargah Sazişinə əsaslana bilməz, hansının ki, 8-ci bəndi başqa hal nəzərdə tutulmayıbsa, Qəbul edən Dövlətin qanunlarının tətbiq olunduğunu elan edir; Beynəlxalq Cinayət Məhkəməsinin (İcra) Aktına əsaslana bilməz, hansının ki, 88-ci maddəsi yerli Niderland qanunvericiliyinin Beynəlxalq Cinayət Məhkəməsinin səlahiyyəti altında olan ərazidə azadlıqdan məhrumetməyə tətbiq olunmadığını bəyan edən müddəa ehtiva edir; Beynəlxalq Cinayət Məhkəməsinin Statutuna əsaslana bilməz, yalnız 2000-ci il tarixli Əcnəbilər haqqında Qanunun tətbiqinin Beynəlxalq Cinayət Məhkəməsinin öz vəzifələrini icrasına mane ola bildiyi hal istisnadır - sığınacaqla bağlı müraciətə dair qərara münasibətdə Beynəlxalq Cinayət Məhkəməsinin Niderland hakimiyyət orqanlarına olan ehtiramını nəzərə alaraq, Beynəlxalq Cinayət Məhkəməsinin fikrincə, burada aydın şəkildə bu hal deyil; üç şahidin Niderland torpağında olduğunu və beləliklə ərazisində olmadıqları hər hansı digər Dövlətin və ya ərazisi olmayan Beynəlxalq Cinayət Məhkəməsinin mühafizəsi üçün müraciət edə bilmədiklərini nəzərə alaraq, hətta 2000-ci il tarixli Əcnəbilər haqqında Qanunun özünə və ya ona əsaslanan qanun qüvvəli aktlara əsaslana bilməz. Nazirlik müvafiq olaraq altı ay müddətində şahidlərin sığınacaqla bağlı müraciətləri barədə qərar verilməsinə dair sərəncam verdi.
34. Bu qərardan hər hansı şikayət verilmədi və o, qüvvəyə mindi.
35. 11 iyun 2012-ci ildə İmmiqrasiya və Sığınacaq Nazirliyi o əsasla [B] və [C]-yə sığınacaq verilməsindən imtina etmək barədə niyyətini (voornemen) bildirdi ki, onlar Birləşmiş Millətlər Təşkilatının Qaçqınların Statusu haqqında 1951-ci il Konvensiyasının 1F Maddəsinin mənası baxımından insanlıq əleyhinə cinayətlər törətməkdə şübhələnirdilər. Sağlamlıq səbəblərinə görə [A]-nın işi ilə bağlı hər hansı rəy bildirilmədi.
36. [B] və [C] öz şəxsi yazılı qeydlərini (zienswijze) təqdim etdilər. Onların işi ilə bağlı qərar 2012-ci ilin oktyabr ayında gözlənilirdi.
(b)Mülki icraat
37. Naməlum tarixdə [A], [B] və [C], Dövlətin ərizəçiləri Beynəlxalq Cinayət Məhkəməsindən qəbul etməyə və bu məqsədlə müvafiq və adi qaydada məsləhətləşmələr (overleg) aparmağa hazır olduğunu Beynəlxalq Cinayət Məhkəməsinə bəyan etməsi barədə qərarın verilməsi ilə bağlı Niderland Dövlətini Haaqanın Regional Məhkəməsində sadələşdirilmiş icraatda (kort geding) mülki bölmədə Müvəqqəti Tədbirlər Hakimi qarşısına çağırdılar.
38. Müvəqqəti Tədbirlər Hakimi 26 sentyabr 2012-ci ildə qərar qəbul etdi. O aşağıdakıları qərara aldı:
“3.1. İddiaçılar [yəni [A], [B] və [C]] öz iddialarını onunla əsaslandırıblar ki, Dövlət onlara qarşı mülki pozuntu törədir (jegens hen onrechtmatig handelt). Belə olduqda, mülki məhkəmələrin - hazırki işdə sadələşdirilmiş icraatda Müvəqqəti Tədbirlər Hakiminin - iddiaya diqqət yetirmək səlahiyyəti müəyyən olunur. İddiaçıların tələbi həmçinin qəbulediləndir, belə ki, onların nail olmaq istədikləri üçün müvafiq təminatlar təklif edən başqa məhkəmə müdafiə vasitəsi mövcud deyil.
3.2. Dövlətin iddiaçıları Beynəlxalq Cinayət Məhkəməsindən qəbul etməyə və bu məqsədlə Beynəlxalq Cinayət Məhkəməsi ilə məsləhətləşmələr aparmağa hazır olduğunu Beynəlxalq Cinayət Məhkəməsinə bəyan etmək vəzifəsinin olub-olmaması ilə bağlı tərəflər fikir ayrılığına malikdirlər.
3.3. Dövlət öz müdafiəsində bildirib ki, iddiaçıların həbsdə saxlanması hüququ Beynəlxalq Cinayət Məhkəməsi və Konqo Demokratik Respublikası arasında əldə olunmuş razılaşmada nəzərdə tutulur və Dövlət iddiaçıların üzərində yurisdiksiyanı həyata keçirə bilməz və keçirməyəcək. Dövlətin sözlərinə görə Qərargah Sazişi ondan iddiaçıları sadəcə Beynəlxalq Cinayət Məhkəməsinin müraciətinə əsasən Niderland ərazisindən nəql etməyi tələb edir. Öz mövqeyinin dəstəklənməsi üçün Dövlət digər məsələlərlə yanaşı (inter alia) İnzibati Yurisdiksiya Bölməsinin qərarına istinad etdi [22 mart 2012-ci il tarixli, bax yuxarıda 29 və 30-cu bəndlər] və Avropa İnsan Hüquqları Məhkəməsinin (“Məhkəmə”) Galiçin (Galić) işində qəbul etdiyi 9 iyun 2009-cu il tarixli qərar (№ 22617/07; Nederlandse Jurisprudentie – Niderland Hüquq Hesabatları – 2010, № 267). Dövlətin sözlərinə görə iddiaçıların sığınacaqla bağlı müraciət etmələri faktı Niderlandın onları Beynəlxalq Cinayət Məhkəməsindən qəbul etməli olduğunu nəzərdə tutmur, belə ki, əgər sığınacaq istəyən şəxs (verzoeker) hüquqi nöqteyi nəzərdən faktiki olaraq Nidelandda deyilsə (juridisch gezien niet in Nederland verblijft), sığınacağın verilməsi ilə bağlı müraciət olunması Niderlandda qalmaq hüququ vermir. Dövlətin fikrincə iddiaçılar sığınacağın verilməsi ilə bağlı icraatın nəticələrini gözləməli olacaqlar. Yalnız bundan sonra, Dövlətin bildirdiyinə görə, 3-cü Maddənin iddiaçıların Konqo Demokratik Respublikasına qayıtması üçün mane təşkil edib-etmədiyini nəzərdən keçirmək lazım gələcək. Dövlət bununla əlaqədar qeyd etdi ki, sığınacaqla bağlı müraciət lazımi tezliklə araşdırılır və göstərilən niyyətləri nəzərə alaraq [bax yuxarıda 35-ci bənd], çox ehtimal ki, [B]və [C]-nin sığınacaqla bağlı müraciətləri təmin olunmayacaq. Dövlət bildirir ki, bu situasiya ilə əlaqədar diplomatik məsləhətləşmələr aparılır və onlar sonuncu mərhələdədir.
Bu arqumenti nəzərə alaraq Müvəqqəti Tədbirlər Hakimi aşağıdakı qərara gəlir:
3.4. Baxmayaraq ki, özlüyündə bu doğrudur ki, formal olaraq iddiaçılar Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən həyata keçirilən Konqo Demokratik Respublikasında həbsdədirlər, həmçinin Beynəlxalq Cinayət Məhkəməsinin mövqeyini nəzərə alaraq inkar oluna bilməz ki, iddiaçılar hal-hazırda çıxılmaz (həbs) vəziyyətindədirlər. [Beynəlxalq Cinayət Məhkəməsinin Katibliyinə Niderland Hökuməti ilə məsləhətləşmələrə başlamaq barədə sərəncam verdiyi] 24 avqust 2011-ci il tarixli qərarından sonra, Beynəlxalq Cinayət Məhkəməsi Statutuna əsasən iddiaçıları Konqo Demokratik Respublikasına qaytarılması ilə bağlı özünü borclu hesab edir, lakin sığınacaqla bağlı davam edən icraat Nizamnamənin 93-cü Maddəsinin 7-ci bəndinə əsasən onların qaytarılmasına dair əmrin qarşısını alır. Sığınacaqla bağlı icraatla yanaşı, iddiaçıların Konqo Demokratik Respublikasına təhlükəsiz şəkildə qaytarılmasının tamamilə mümkün olub-olmamasından asılı olmayaraq, o fakt qalır ki, sığınacaqla bağlı prosesdə verilə biləcək apellyasiya şikayətləri baxımından bu icraatların tezliklə başa çatması perspektivi yoxdur. Bu o deməkdir ki, 24 avqust 2011-ci il tarixdən iddiaçılar artıq qanuni həbsdə saxlanmırlar (zich niet meer in een rechtmatige vorm van detentie bevinden). Onlar ağlabatan müddət ərzində azad olunmaq və ya məhkəmə araşdırılması perspektivinə malik deyillər və onların həbsdə saxlanmasının qanuniliyinin səlahiyyətli yurisdiksiya tərəfindən araşdırılmasına malik ola bilib-bilmədikləri aydın deyil. Nə Beynəlxalq Cinayət Məhkəməsi, nə də ki, Konqo Demokratik Respublikası hazırda ortaya çıxan bu situasiyaya son qoymaq vəziyyətində deyillər.
3.5. Dövlətin iddiaçılar üzərində yurisdiksiyaya malik olmaması barədə arqument təsdiq oluna bilməz. Avropa Şurasının İnzibati Yurisdiksiya Bölməsinin qərarından Dövlətin istinad etdiyi yalnız o nəticə çıxır ki, iddiaçıların həbsdə saxlanması 2000-ci il Əcnəbilər haqqında Qanuna əsaslanan səlahiyyətlərin həyata keçirilməsinə və ya güman edilən həyata keçirilməsinə əsaslanmır. Bu, Dövlətin iddiaçıları Beynəlxalq Cinayət Məhkəməsindən qəbul etməyə hüquqi baxımdan borclu olması mümkünlüyünə hər hansı təsir etmir.
3.6. Galiçin (Galić) işi ilə müqayisə münasib deyil. Məhkəmə həmin işdə qərara aldı ki, Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Məhkəməsinin (bundan sonra YBCM) Niderlandda yerləşməsi faktı ərizəçinin insan hüquqlarının iddia edilən pozuntularında Niderlandı təqsirləndirmək üçün kifayət deyil. Bu baxımdan Məhkəmə aşağıdakıları qərara aldı:
‘Yuxarıda qeyd olunanları nəzərə alaraq, Məhkəmə YBCM-nin Haaqada olması və binasının orada yerləşməsi yeganə faktını şikayət edilən məsələlərin Niderland Krallığına aid etmək üçün kifayət əsas kimi müəyyən etmir. Bu nəticəyə gələrkən Məhkəmə onun qarşısında sual yaradan xüsusi konteksti nəzərə aldı. Məhkəmə vurğulayır ki, hazırki iş Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən yaradılan beynəlxalq məhkəməyə, əsas insan hüquqlarına hörmət prinsipi əsasında təsis edilmiş beynəlxalq təşkilata aiddir və bundan əlavə bu məhkəmənin təşkilini və prosedurunu tənzimləyən əsas hüquqi müddəalar məqsədli şəkildə onun qarşısında təqsirləndirilənləri bütün müvafiq təminatlarla təmin etməyə yönəlib. Birləşmiş Millətlər Təşkilatının təsis etdiyi beynəlxalq məhkəməyə aid qaydalara əsasən mühakimə edilən və bu məhkəmənin (prosessual) təminatlarından istifadə edə bilən şübhəli şəxslə bağlı Galić-in işindən fərqli olaraq, hazırki iş Beynəlxalq Millətlər Təşkilatının digər tribunalı qarşısındakı icraatdakı şahidlərə aiddir, hansılar ki, Beynəlxalq Cinayət Məhkəməsinin tutduğu mövqedən həmçinin aydın olduğu kimi, həbsdə saxlanmaları ilə əlaqədar faktiki olaraq bu tribunalın təminatlarından istifadə edə bilmirlər. Bu vəziyyətdə istisna edilə bilməz ki, Beynəlxalq Cinayət Məhkəməsinin Niderland ərazisində yerləşməsi Niderlandın yurisdiksiyaya malik olmasını güman etməyə kifayət qədər əlaqələr verir.
3.7. Yuxarıda qeyd olunalar xususilə ona görə tətbiq olunur ki, Niderlandın sığınacaqla bağlı icraatına görə iddiaçılar Konqo Demokratik Respublikasına qaytarıla bilməzlər. Ola bilər ki, sığınacaqla bağlı müraciətlər beynəlxalq hüquq çərçivəsində təmin edilən sistemi sarsıdır, lakin belə olduğundan, Dövlət apellyasiya şikayəti vermədiyi (Amsterdamda yerləşən) bu məhkəmənin [28 dekabr 2011-ci il, bax yuxarıda 33-cü bənd] qərarı əsasında iddiaçıların sığınacaqla bağlı müraciətlərinə baxmaq vəzifəsi daşıyır. İddiaçılar sığınacaqla bağlı müraciətlərinə görə ittiham oluna bilməzlər.
3.8. Niderlandın (yurisdiksiyasına) daxil olmayan şəxslərin sığınacaqla bağlı müraciətlərinin Niderlandda qalmaq hüququnu yaratmadığı barədə arqumentin düzgünlüyünü kənara qoyaraq, o fakt qalır ki, Dövlət iddiaçıların talelərinin qayğısına qalmalıdır və onları Əcnəbilər haqqında 2000-ci il tarixli Qanuna müvafiq olaraq həyata keçirilən və sonu hələ ki, görünməyən sığınacaqla bağlı prosedurları gözləyən Beynəlxalq Cinayət Məhkəməsinin sərəncamına buraxmamalıdır. Buna görə də Dövlət iddiaçıların qanunsuz həbsdə saxlanmalarına son qoymaq üçün Beynəlxalq Cinayət Məhkəməsi ilə məsləhətləşmələrə başlamalıdır.
3.9. Yuxarıda qeyd olunanlardan belə çıxır ki, iddiaçıların tələbi aşağıdakı qaydada təmin ediləcək. Dövlətin Beynəlxalq Cinayət Məhkəməsi ilə məsləhətləşmələrə başlamalı olduğu vaxt məhdudiyyəti, Dövlətə müvafiq hazırlığa imkan vermək üçün dörd həftə olmalıdır. Dövlət iddiaçıların tələbləri təmin edildikdən sonra qanunsuz şəkildə qaçacaqlarını (in de illegaliteit zullen verdwijnen) ehtiyat etdiyi həddə, müvafiq preventiv tədbirlər görmək məsuliyyəti daşıyır.
39. Dövlətin bu qərardan şikayət verib-vermədiyi hələ ki, məlum deyil.
B. Müvafiq dövlətdaxili qanunvericilik
40. Bu işə aid olan dövlətdaxili qanunvericiliyin müddəaları aşağıdakılardır:
1. Niderland Krallığının Konstitusiyası (Grondwet voor het Koninkrijk der Nederlanden)
Maddə 93
“Öz məzmununa görə bütün şəxslər üçün məcburi olan beynəlxalq müqavilələrin və beynəlxalq təşkilatların aktlarının müddəaları dərc edildikdən sonra məcburi qüvvəyə malik olur.”
Maddə 94
“Krallıq ərazisində qüvvədə olan qanunvericilik müddəaları bütün şəxslər üçün məcburi olan beynəlxalq müqavilələrin və ya beynəlxalq təşkilatların aktlarının müddəalarına zidd olduqda tətbiq oluna bilməz.”
2. Ümumi İnzibati Hüquqi Akt (Algemene wet bestuursrecht)
Bənd 8.1
“1. İstənilən maraqlı tərəf (belanghebbende) inzibati qərardan (besluit) Regional Məhkəməyə apellyasiya şikayəti verə bilər. ...”
3. 2000-ci il tarixli Əcnəbilər haqqında Qanun
Bənd 59
“1. İctimai qayda və ya milli təhlükəsizlik maraqları üçün zərurət olduqda, [səlahiyyətli Nazirlik] ölkədən çıxarma (uitzetting) məqsədləri baxımından
(a) qanuni rezident olmayan; ...
əcnəbinin həbsi barədə qərar qəbul edə bilər.”
Bölmə 93
“1. ... Şəxsin azadlığını məhdudlaşdırmaq və ya məhrum etmək məqsədi daşıyan bu Qanunun [59-cu bölmə daxil olmaqla] 5-ci Fəslinə müvafiq olaraq görülmüş tədbir Ümumi İnzibati Hüquqi Aktın 8.1-ci bəndinin tətbiq olunması məqsədi baxımından inzibati qərara bərabər tutulmalıdır. ...”
4. Beynəlxalq Cinayət Məhkəməsinin (İcra) Aktı (Uitvoeringswet Internationaal Strafhof)
Bənd 45
“1. Beynəlxalq Cinayət Məhkəməsinin hər hansı formada əməkdaşlıq üçün xahişi Nizamnaməsinin 93-cü Maddəsində istinad edildiyi kimi, mümkün olduğu qədər istədiyi şəkildə yerinə yetirilməlidir...”
Bənd 85
“...
2. Beynəlxalq Cinayət Məhkəməsinin müraciəti əsasında Niderlanda köçürülən və ya gələn şəxslərin [yəni şübhəli şəxslərdən başqa] tranziti [Ədliyyə (Minister van Justitie)] Nazirliyinin təyin etdiyi Niderland məmurları tərəfindən və onların mühafizəsi altında Beynəlxalq Cinayət Məhkəməsinin göstərişlərinə əsasən (in opdracht) həyata keçirilməlidir.
3. Beynəlxalq Cinayət Məhkəməsinin səlahiyyətinə aid olmayan sahələrdən kənarda (buiten de onder het gezag van het Strafhof staande ruimten) Beynəlxalq Cinayət Məhkəməsinin qərarları əsasında azadlığından məhrum edilmiş şəxslərin daşınması [Ədliyyə] Nazirliyinin təyin etdiyi Niderland məmurları tərəfindən və onların mühafizəsi altında Beynəlxalq Cinayət Məhkəməsinin göstərişlərinə əsasən həyata keçirilməlidir.
4. Bu bənddə istinad edilən məmurlara sözügedən şəxlərin təhlükəsizliyini təmin etmək və onların qaçmasının qarşısını almaq üçün uyğun gördükləri hər hansı tədbirləri tətbiq etmək üçün səlahiyyət verilməlidir.”
Bənd 86
“1. Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən xarici dövlətin hakimiyyət orqanlarına verilməli olan şəxslərin tranziti [Ədliyyə] Nazirliyinin təyin etdiyi Niderland məmurları tərəfindən və onların mühafizəsi altında Beynəlxalq Cinayət Məhkəməsinin göstərişlərinə əsasən həyata keçirilməlidir.
2. Bu bənddə istinad edilən məmurlara sözügedən şəxlərin təhlükəsizliyini təmin etmək və onların qaçmasının qarşısını almaq üçün uyğun gördükləri hər hansı tədbirləri tətbiq etmək üçün səlahiyyət verilməlidir.”
Bənd 87
“1. Milliyyətindən asılı olmayaraq, şahidlər, ekspertlər, qurbanlar və Beynəlxalq Cinayət Məhkəməsində iştirakı tələb olunan digər şəxslər məhkəmə çağırışları və ya göndərişlərinə əsasən və ya Beynəlxalq Cinayət Məhkəməsinin çıxardığı həbs orderinə əsasən və ya Beynəlxalq Cinayət Məhkəməsinin Niderlanda göndərdiyi qəbul barədə sorğuya cavab olaraq Niderlanda gəlirsə ..., onlar Niderlanda gəlişlərindən əvvəl olan faktlara və ittihamlara münasibətdə təqibə, həbsə və ya onların azadlığını məhdudlaşdıran digər tədbirə məruz qala bilməzlər.
2. Əgər sözügedən şəxs onun iştirakı Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən artıq tələb olunmadığı andan on beş ardıcıl gün ərzində Niderlandı tərk etmək imkanına malik olmaqla, ölkədə qalıbsa və ya tərk etdikdən sonra ölkəyə qayıdıbsa birinci bənddə istinad edilən toxunulmazlıq itəcək.”
Bənd 88
“Niderland qanunvericiliyi Beynəlxalq Cinayət Məhkəməsinin səlahiyyətinə aid olan Niderland daxilindəki sahələrdə Beynəlxalq Cinayət Məhkəməsinin qərarına əsasən tətbiq edilən azadlıqdan məhrum etməyə tətbiq olunmur.”
C. Beynəlxalq Cinayət Məhkəməsi ilə əlaqədar müvafiq beynəlxalq qanunvericilik
41. Bu bölmədə “Məhkəmə” sözü Beynəlxalq Cinayət Məhkəməsinə aiddir.
1. Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu
Maddə 3
Məhkəmənin olduğu yer
“1. Məhkəmənin olduğu yer Niderlandin Haaqa şəhəridir (“yerləşmə Dövləti”).
2. Məhkəmə yerləşmə Dövləti ilə İştirakçı Dövlətlərin Assambleyası tərəfindən təsdiq olunan və bundan sonra Məhkəmənin adından Məhkəmənin Sədri tərəfindən bağlanan qərargah sazişinə daxil olur.
3. Məhkəmə arzuolunan hesab edərsə, bu Statutda nəzərdə tutulduğu kimi, istənilən digər yerlərdə iclas keçirə bilər.”
Maddə 4
Məhkəmənin hüquqi statusu və səlahiyyətləri
“1. Məhkəmə beynəlxalq hüquq subyektliyinə malikdir. O, həmçinin öz funksiyalarının həyata keçirmək və məqsədlərinə nail olmaq üçün zəruri ola bilən hüquq qabiliyyətinə malikdir.
2. Məhkəmə öz funksiyalarını və səlahiyyətlərini bu Statutda nəzərdə tutulduğu kimi istənilən İştirakçı Dövlətin ərazisində və xüsusi razılaşmaya əsasən istənilən digər Dövlətin ərazisində həyata keçirə bilər.”
Maddə 21
Tətbiq edilən qanunvericilik
“1. Məhkəmə:
(a) birincisi, bu Statutu, Cinayətlərin Elementlərini və öz Prosedur və Sübutetmə Qaydalarını;
(b) ikincisi, müvafiq olduqda, tətbiq edilən beynəlxalq müqavilələri, silahlı münaqişələrin beynəlxalq hüquqda müəyyən olunmuş prinsipləri daxil olmaqla beynəlxalq hüququnun prinsiplərini və normalarını tətbiq edir;
(c) bu mümkün olmadıqda, Məhkəmə, müvafiq olaraq, adi şəraitdə konkret cinayətə münasibətdə yurisdiksiyanı həyata keçirəcək Dövlətlərin milli qanunvericiliyi daxil olmaqla, dünyanın hüquq sistemlərinin milli qanunvericiliyindən götürdüyü hüququn ümumi prinsiplərini tətbiq edir, bir şərtlə ki, bu prinsiplər hazırki Statuta və beynəlxalq hüquqa və beynəlxalq hüquqda tanınmış normalara və standartlara zidd olmasın.
2. Məhkəmə əvvəlki qərarlarında şərh edildiyi kimi hüququn prinsiplərini və qaydalarını tətbiq edə bilər.
3. Bu Maddəyə müvafiq olaraq hüququn tətbiqi və şərhi beynəlxalq sahədə tanınmış insan hüquqlarına uyğun olmalıdır və 7-ci Maddənin 3-cü bəndində müəyyən edildiyi kimi gender əlaməti, yaş, irq, rəng, dil, din və ya etiqad, siyasi və ya digər əqidə, milli, etnik və ya sosial mənşə, maddi, doğum və ya digər status kimi əlamətlərə əsaslanan hər hansı fərq qoyulmamalıdır.
Maddə 43
Katiblik
“...
6. Katib Katiblikdə Qurbanlar və Şahidlər Bölməsi təsis edir. Bu Bölmə Prokurorun Dəftərxanası ilə məsləhətləşməklə Məhkəmə qarşısına çıxan şahidlərə, qurbanlara və belə şahidlər tərəfindən verilən ifadələr nəticəsində təhlükə altında olan digər şəxslərə qoruyucu tədbirlər və təhlükəsizlik prosedurları, məsləhətlər və digər müvafiq yardım təmin edir. ...”
Maddə 68
Qurbanların və şahidlərin mühafizəsi və onların işə baxılmasında iştirakı
“1. Məhkəmə şahidlərin və qurbanların təhlükəsizliyinin, fiziki və psixoloji rifahının, ləyaqətinin və şəxsi həyatının toxunulmazlığının mühafizəsi üçün müvafiq tədbirlər görür. Bununla da, Məhkəmə bütün müvafiq faktları, o cümlədən yaş, 7-ci Maddənin 3-cü bəndində müəyyən edildiyi kimi gender, və sağlamlıq, və cinayətin xarakteri, xüsusilə də, lakin bununla məhdudlaşdırmadan, cinayətlərin cinsi və ya gender zorakılığa və ya uşaqlar əleyhinə zorakılığa aid olduğu halı nəzərə alır. Prokuror belə tədbirləri xüsusilə də belə cinayətlərin tədqiqatının aparılması və cinayət təqibinin həyata keçirilməsi zamanı görür. Bu tədbirlər təqsirləndirilən şəxsin hüquqlarına və ədalətli və qərəzsiz məhkəmə araşdırmasına ziyan vura bilməz və onlara zidd ola bilməz.
...
3. Məhkəmənin uyğun hesab etdiyi məhkəmə araşdırması mərhələlərində, qurbanların şəxsi maraqlarına toxunduqda, Məhkəmə təqsirləndirilən şəxsin hüquqlarına və ədalətli və qərəzsiz məhkəmə araşdırmasına ziyan vurulmayan və onlara zidd olmayan qaydada qurbanların fikirlərinin və narahatlıqlarının təqdim olunmasına və nəzərdən keçirilməsinə razılıq verir. Məhkəmə müvafiq hesab etdikdə belə fikirlər və narahatlıqlar, Prosedur və Sübutetmə Qaydalarına uyğun olaraq, qurbanların qanuni nümayəndələri tərəfindən təqdim oluna bilər.
4. Qurbanlar və Şahidlər Bölməsi Prokurora və Məhkəməyə müvafiq mühafizə tədbirlərini, təhlükəsizliyin təmini prosedurlarını, məsləhətin və 43-cü Maddəsinin 6-cı bəndində qeyd olunan digər yardımın verilməsini tövsiyə edə bilər.
...”
Maddə 93
Əməkdaşlığın digər formaları
“1. İştirakçı Dövlətlər bu Hissənin müddəalarına müvafiq olaraq və onların milli qanunvericiliyində nəzərdə tutulan prosedurlara əsasən istintaq və cinayət təqibi ilə əlaqədar olaraq aşağıdakı yardımın təmin edilməsi ilə bağlı Məhkəmənin xahişlərini yerinə yetirir:
...
(e) şəxslərin şahidlər və ya ekspertlər qismində Məhkəməyə könüllü gəlməsinə yardım;
(f) 7-ci bənddə nəzərdə tutulduğu kimi şəxslərin müvəqqəti verilməsi;
...
(j) qurbanların və şahidlərin mühafizəsi və sübutların saxlanması;
...
(l) Məhkəmənin yurisdiksiyası altında cinayətlərin istintaqını və cinayət təqibini asanlaşdırmaq məqsədilə sorğu edilən Dövlətin qanunvericiliyi ilə qadağan olunmayan istənilən digər növ yardım;
...
7. (a) Məhkəmə tanınma, ifadələrin alınması, və ya digər yardımın göstərilməsi məqsədilə həbsdə olan şəxsin müvəqqəti verilməsi xahişi ilə müraciət edə bilər. Aşağıdakı şərtlər yerinə yetirilsə şəxs Məhkəməyə verilə bilər:
(i) Şəxs Məhkəməyə verilməsinə əldə olunmuş məlumata əsaslanan azad şəkildə razılığını verir; və
(ii) Sorğu edilən Dövlət Məhkəmənin və Dövlətin razılaşa biləcəyi şərtlərdə şəxsin verilməsinə razılaşır.
(b) Verilən şəxs həbsdə qalır. Verilmənin məqsədləri yerinə yetirildikdən sonra, Məhkəmə təxirə salınmadan şəxsi sorğu edilən Dövlətə qaytarır.
...”
Maddə 119
Mübahisələrin həlli
“1. Məhkəmənin məhkəmə funksiyalarına aid olan istənilən mübahisə Məhkəmənin qərarı ilə həll olunur. ...
2. İki və daha çox İştirakçı Dövlətlər arasında yarandığı andan üç ay müddətində danışıqlar vasitəsilə həll olunmayan bu Nizamnamənin şərhi və ya tətbiqi ilə bağlı istənilən digər mübahisə İştirakçı Dövlətlərin Assambleyasına göndərilir. Assambleya mübahisəni həll etməyə özü cəhd edə bilər və ya həmin Məhkəmənin Statutuna müvafiq olaraq mübahisənin Beynəlxalq Ədalət Məhkəməsinə göndərilməsi daxil olmaqla, mübahisənin həlli üçün sonrakı vasitələr barədə tövsiyələr verə bilər.”
2. Beynəlxalq Cinayət Məhkəməsi və Qəbul edən Dövlət arasında Qərargah Sazişi
Maddə 8
Məhkəmə ərazisində qanunvericilik və səlahiyyət
“1. Məhkəmənin ərazisi bu Sazişdə nəzərdə tutulduğu kimi Məhkəmənin nəzarəti və hakimiyyəti altındadır.
2. Bu Sazişdə ayrı qayda nəzərdə tutulmayıbsa, qəbul edən Dövlətin qanunları və qaydaları Məhkəmənin ərazisinə tətbiq olunur.”
Maddə 26
Şahidlər
“1. Şahidlər ifadə vermək məqsədi baxımından onların Məhkəməyə gəlişi üçün zəruri olan həddə aşağıdakı imtiyazlardan, toxunulmazlıqdan və güzəştlərdən istifadə edirlər...:
(a) Qəbul edən Dövlətin ərazisinə daxil olduqlarından əvvəl baş verən hərəkətlərə və ya ittihamlara münasibətdə şəxsi tutulma və ya həbs və ya onların azadlığının digər qaydada məhdudlaşdırılmasından toxunulmazlıq;
...
(e) ifadələri ilə əlaqədar Məhkəmə və vəkillə kommunikasiya məqsədləri üçün hər hansı formada sənədləri almaq hüququ;
(f) ifadə vermək məqsədilə səyahət etdikdə immiqrasiya məhdudiyyətlərindən və ya əcnəbilərin qeydiyyatından azad olma;
(g) beynəlxalq böhran zamanı Vyana Konvensiyasına əsasən diplomatik agentlərə verilən eyni repatriasiya güzəştləri.
...
5. Şahidlər qəbul edən Dövlət tərəfindən onların Məhkəmə qarşısına çıxmalarına və ya ifadə vermələrinə təsir edə biləcək hər hansı tədbirə məruz qalmamalıdırlar.”
Maddə 34
Səlahiyyətli hakimiyyət orqanları ilə əməkdaşlıq
“1. Məhkəmə qəbul edən Dövlətin qanunlarının icrasını asanlaşdırmaq, ictimai qaydanın mühafizəsi haqqında polis qaydalarına əməl olunmasını təmin etmək üçün və bu Sazişə əsasən verilən imtiyazlar, toxunulmazlıqlar və güzəştlərlərlə əlaqədar hər hansı sui-istifadənin baş verməsinin qarşısını almaq üçün səlahiyyətli hakimiyyət orqanları ilə əməkdaşlıq edir.
2. Qəbul edən Dövlətdə ictimai qaydanı və milli təhlükəsizliyi nəzərə alaraq, Məhkəmə və qəbul edən Dövlət təhlükəsizlik məsələləri ilə bağlı əməkdaşlıq edirlər.
3. İmtiyazlarına, toxunulmazlıqlarına və güzəştlərinə ziyan vurmadan, qəbul edən Dövlətin qanunlarına və qaydalarına əməl etmək belə imtiyazlardan, toxunulmazlıqlardan və güzəştlərdən istifadə edən bütün şəxslərin vəzifəsidir.
4. Məhkəmə sağlamlıq, əməyin təhlükəsizliyi, elektron rabitə və yanğından mühafizəyə görə məsuliyyət daşıyan səlahiyyətli hakimiyyət orqanları ilə əməkdaşlıq edir.
5. Məhkəmə qəbul edən Dövlətlə razılaşdırmaqla bütün təhlükəsizlik göstərişlərinə, o cümlədən yanğından mühafizə qaydalarına görə məsuliyyət daşıyan səlahiyyətli hakimiyyət orqanlarının bütün göstərişlərinə əməl edir.
6. Qəbul edən Dövlət Məhkəmənin və onun vəzifəli şəxslərinin imtiyazlarına, toxunulmazlıqlarına, güzəştlərinə, hüquqlarına və vəzifələrinə birbaşa təsir edən hər hansı təklif edilən və ya qüvvəyə minmiş dövlətdaxili qanunlar barədə məlumat vermək üçün bütün imkanlarından istifadə edir. Məhkəmənin təklif edilən dövlətdaxili qanunlara və qaydalara mülahizələrini təqdim etmək hüququ var.”
Maddə 44
Həbsdə olan şəxslərin daşınması
“1. Statuta və Prosedur və Sübutetmə Qaydalarına müvafiq olaraq, Məhkəmənin müraciəti ilə həbsdə olan şəxslərin qəbul edən Dövlətdə çatma nöqtəsindən Məhkəmə binasına daşınması Məhkəmə ilə məsləhətləşərək səlahiyyətli hakimiyyət orqanları tərəfindən həyata keçirilməlidir.
2. Nizamnaməyə və Prosedur və Sübutetmə Qaydalarına müvafiq olaraq, Məhkəmənin müraciəti ilə həbsdə olan şəxslərin Məhkəmə binasından qəbul edən Dövlətdə yola düşmə nöqtəsinə daşınması Məhkəmə ilə məsləhətləşərək səlahiyyətli hakimiyyət orqanları tərəfindən həyata keçirilməlidir.
3. Məhkəmənin müraciəti ilə həbsdə olan şəxslərin Məhkəmənin binasından kənarda istənilən daşınması Məhkəmə ilə məsləhətləşərək səlahiyyətli hakimiyyət orqanları tərəfindən həyata keçirilməlidir.
...”
3. Prosedur və Sübutetmə Qaydaları
Qayda 16
Şahidlərə və qurbanlara münasibətdə Katibin vəzifələri
“...
2. Qurbanlara, şahidlərə və belə şahidlər tərəfindən verilən ifadələrə görə təhlükə altında olan digər şəxslərə münasibətdə, Katib Nizamnaməyə və bu Qaydalara müvafiq olaraq aşağıdakı funksiyaların yerinə yetirilməsinə görə məsuliyyət daşıyır:
(a) Nizamnamə və Qaydalara əsasən onların hüquqları barədə və Qurbanlar və Şahidlər Bölməsinin mövcudluğu, funksiyaları və ona müraciətin mümkünlüyü barədə onlara məlumat verilməsi;
(b) Konfidensiallıq barədə müddəalara əməl etməklə, onların maraqlarına təsir edə bilən Məhkəmənin müvafiq qərarları barədə vaxtında məlumatlı olmalarının təmin edilməsi.
...
4. Katib Məhkəmənin adından travmaya məruz qalan və ya təhdid olunan qurbanlara, şahidlərə və belə şahidlər tərəfindən verilən ifadələrə görə təhlükə altında olan digər şəxslərin Dövlətin ərazisində köçürülməsi və yardımçı xidmətlərin göstərilməsi ilə bağlı razılaşmaları Dövlətlərlə müzakirə edə bilər. Belə razılaşmalar konfidensial qala bilər.”
Qayda 17
Bölmənin funksiyaları
“1. Qurbanlar və Şahidlər Bölməsi öz funksiyalarını 43-cü Maddənin 6-cı bəndinə müvafiq olaraq həyata keçirir.
2. Qurbanlar və Şahidlər Bölməsi Statuta və Qaydalara uyğun olaraq və müvafiq olduqda Palata, Prokuror və müdafiə tərəfi ilə məsləhətləşməklə, xüsusilə də, aşağıdakı funksiyaları həyata keçirir:
(a) Məhkəməyə gələn bütün şahidlərə, qurbanlara və belə şahidlər tərəfindən verilən ifadələrə görə təhlükə altında olan digər şəxslərə münasibətdə, onların xüsusi tələblərinə və hallarına uyğun olaraq:
(i) Onları lazımi qoruyucu və təhlükəsizlik tədbirləri ilə təmin etmək və onların mühafizəsi üçün uzun- və qısa-müddətli planları hazırlamaq;
(ii) Mühafizə tədbirlərinin qəbulu ilə bağlı Məhkəmənin orqanlarına tövsiyələr vermək və həmçinin müvafiq Dövlətlərə belə tədbirlər barədə məlumat vermək;
(iii) Onların tibbi, psixoloji və digər müvafiq yardım əldə etmələrinə yardım etmək;
(iv) Travma, cinsi zorakılıq, təhlükəsizlik və konfidensiallıq məsələlərində Məhkəməyə və tərəflərə təlimləri təşkil etmək;
(v) Prokurorun Dəftərxanası ilə məsləhətləşməklə, müvafiq olduqda, Məhkəmənin təhqiqatçılarının və Məhkəmənin müraciətinə əsasən fəaliyyət göstərən müdafiə tərəfin və bütün hökumətlərarası və qeyri-hökumət təşkilatlarının təhqiqatçılarının təhlükəsizliyinin və konfidensiallığının vacib əhəmiyyəti vurğulanan davranış kodeksinin işlənib hazırlanmasını tövsiyə etmək;
(vi) Bu qaydada nəzərdə tutulan istənilən tədbirin təmin edilməsində, zəruri hallarda Dövlətlərlə əməkdaşlıq etmək;
(b) Şahidlərə münasibətdə:
(i) Xüsusilə də onların ifadələrinə münasibətdə, hüquqlarının müdafiəsi məqsədilə, harada hüquqi yardım ala biləcəkləri barədə onlara məlumat vermək;
(ii) Məhkəmə qarşısında ifadə vermək üçün çağırıldıqları halda, onlara yardım etmək; ...”
Qayda 87
Mühafizə tədbirləri
“1. Prokurorun və ya müdafiənin vəsatəti əsasında və ya şahidin və ya qurbanın və ya, əgər varsa, onun qanuni nümayəndəsinin xahişi əsasında, və ya öz şəxsi vəsatəti əsasında və Qurbanlar və Şahidlər Bölməsi ilə məsləhətləşdikdən sonra, zərurət olduqda, Palata 68-ci Maddənin 1 və 2-ci bəndlərinə müvafiq olaraq şahidi, qurbanı və ya şahid tərəfindən verilən ifadələrə görə təhlükə altında olan digər şəxsi qorumaq üçün tədbir görülməsi barədə sərəncam verə bilər. Palata mühafizə tədbiri barədə sərəncam verməmişdən əvvəl, mümkün olduqda, barəsində mühafizə tədbirinin tətbiq edilməsi nəzərdə tutulan şəxsin razılığını alır. ...”
Qayda 88
Xüsusi tədbirlər
“1. Prokurorun və ya müdafiənin vəsatəti əsasında və ya şahidin və ya qurbanın və ya əgər varsa, onun qanuni nümayəndəsinin xahişi əsasında, və ya öz şəxsi vəsatəti əsasında və Qurbanlar və Şahidlər Bölməsi ilə məsləhətləşdikdən sonra, zərurət olduqda, Palata qurbanın və şahidin fikirlərini nəzərə almaqla, 68-ci Maddənin 1 və 2-ci bəndlərinə müvafiq olaraq, travmalı qurbanın və ya şahidin, uşağın və ya yaşlıların və ya cinsi zorakılıq qurbanlarının ifadə vermələrini asanlaşdırmaq üçün tədbirlər daxil olmaqla, lakin bunlarla məhdudlaşdırmadan, xüsusi tədbirlər barədə sərəncam verə bilər. Palata bu tədbir barədə sərəncam verməmişdən əvvəl, mümkün olduqda, barəsində xüsusi tədbirin tətbiq edilməsi nəzərdə tutulan şəxsin razılığını alır.
2. Palata 1-ci yarımbəndə əsasən vəsatət və ya xahişlə bağlı, qurbanın və ya şahidin ifadə verməsi zamanı vəkilin, qanuni nümayəndənin, psixoloqun və ya ailə üzvünün iştirakına icazə verilməsi daxil olmaqla, lakin bununla məhdudlaşdırmadan, hər hansı belə xüsusi tədbirlə bağlı sərəncam verib-verilməməsini müəyyən etmək üçün, zərurət olduqda qapalı icraatda və ya ex parte (bir tərəfin iştirakı ilə) dinləmə keçirə bilər. ...”
Qayda 192
Həbsdə olan şəxsin verilməsi
“1. [Roma Nizamnaməsinin] 93-cü Maddəsinin 7-ci bəndinə uyğun olaraq, həbsdə olan şəxsin Məhkəməyə verilməsi Katiblə və qəbul edən Dövlətin hakimiyyət orqanları ilə əlaqədə işləyən milli hakimiyyət orqanları tərəfindən təşkil olunur.
2. Katib şəxsin verilməsinin lazımi qaydada həyata keçirilməsini, o cümlədən Məhkəmənin həbsində saxlandığı müddətdə şəxsin üzərində nəzarəti təmin edir.
3. Məhkəmənin həbs yerində saxlanılan şəxs öz saxlanma şəraiti ilə bağlı məsələləri müvafiq Palata qarşısında qaldırmaq hüququna malikdir.
4. [Roma Nizamnaməsinin] 93-cü Maddəsinin 7(b) bəndinə uyğun olaraq, şəxsin verilməsinin məqsədləri yerinə yetirildikdən sonra, Katib şəxsin sorğu edilən Dövlətin həbs yerinə qaytarılmasını təşkil edir.”
4. Katibliyin Reqlamenti
Qayda 96
Mühafizə proqramı
“1. Katiblik şahidlərə münasibətdə, o cümlədən müşaiyət edən yardımçı şəxslərə, və belə şahidlər tərəfindən verilən ifadələrə görə və ya Məhkəmə ilə əlaqələrinə görə ziyan çəkmək və/və ya ölüm təhlükəsində olduqları hesab olunan digər şəxslərə münasibətdə mühafizə proqramını təmin etmək üçün bütün zəruri tədbirləri görür.
2. Mühafizə proqramına daxil edilməsinə dair ərizə Prokuror və ya vəkil tərəfindən verilə bilər.
3. Mühafizə proqramına qəbulu qiymətləndirərkən, 68-ci Maddədə təsbit edilən faktorlardan əlavə, Katiblik xüsusilə də aşağıdakıları nəzərə alır:
(a) Şəxsin Məhkəmədə iştirakı;
(b) Şəxsin özünün və ya onun yaxın qohumlarının təhlükədə olmaları onların Məhkəmədə iştirakları ilə bağlı olub-olmaması; və
(c) Şəxsin mühafizə proqramına daxil olmağa razı olub-olmaması.
4. Mühafizə proqramına daxil edilmə 3-cü yarımbəndə əsasən aparılan qiymətləndirmədən sonra Katibin qərarı ilə həyata keçirilir.
5. Mühafizə proqramına daxil edilməzdən əvvəl, şəxs və ya – şəxs 18 yaşından aşağı olduqda və ya digər səbəblərdən bunu etmək üçün hüquq qabiliyyətinə malik olmadıqda – onun nümayəndəsi Katibliklə razılaşma imzalayır.”
5. Beynəlxalq Cinayət Məhkəməsinin müvafiq presedent hüququ
42. Jan-Pierre Bemba Qombonun işi üzrə 2 dekabr 2009-cu il tarixli qərarında (“Məhkəməyəqədər II Palatanın ‘Jan-Pierre Bemba Qombonun Həbsdən Müvəqqəti Azad edilməsi və Belçika Krallığı, Portuqaliya Respublikası, Fransa Respublikası, Almaniya Federativ Respublikası, İtaliya Respublikası və Cənubi Afrika Respublikası ilə Dinləmənin Çağırılması barədə Qərarından’ Prokurorun şikayəti ilə bağlı Qərar”), Beynəlxalq Cinayət Məhkəməsinin Apellyasiya Palatası aşağıdakı qərara gəldi (sitatlar buraxılıb):
“104. Apellyasiya Palatası aşağıda izah edilən səbəblərə görə müəyyən edir ki, Məhkəməyəqədərki Palata həmçinin müvafiq şərtləri müəyyən etmədən və ya cənab Bembanı qəbul etmək və şərtləri yerinə yetirmək arzusunda olan Dövləti müəyyən etmədən, cənab Bembanın şərtlə azad olunmalı barədə qərar verməklə səhv etmişdir.
105. Apellyasiya Məhkəməsinin fikrincə yuxarıda 59-cu bənddə artıq qeyd edildiyi kimi müvəqqəti azad etmə barədə qərar ixtiyari deyil. Əgər Məhkəməyəqədərki Palata inandırılsa ki, Statutun 58-ci Maddəsinin 1-ci bəndində təsbit edilən şərtlər yerinə yetirilmir, o, şəxsi şərti və ya şərtsiz azad edir. Lakin əgər azad etmə Statutun 58-ci Maddəsinin 1(b) bəndində nəzərdə tutulan risklərdən biri ilə nəticələnəcəksə, Palata Prosedur və Sübutetmə Qaydalarının 119-cu qaydasına əsasən riskin azaldılması və ya rədd edilməsi məqsədilə müvafiq şərtləri yoxlaya bilər. Prosedur və Sübutetmə Qaydalarının 119(1) qaydasında şərtlərin siyahısı qeyd etdiyi kimi, Palata həmçinin müvafiq hallarda Statutun 58-ci Maddəsinin 1(b) bəndində nəzərdə tutulan riskləri özlüyündə azaltmayan şərtlər qoya bilər. Bu iki-pilləli yoxlamanın nəticəsi xüsusi və məcburi şərtlər əsasında şərti azadetməni qət edən tək ayrılmaz qərardır. Başqa sözlə, belə hallarda, azadetmə yalnız o halda mümkündür ki, xüsusi şərtlər qoyulsun.
106. Bundan əlavə, Apellyasiya Palatası hesab edir ki, şərti azad etmə barədə qərar vermək üçün sözüügedən şəxsi qəbul etmək arzusunda olan Dövlətin müəyyən olunması, eləcə də müvafiq şərtlərin yerinə yetirilməsi zəruridir. Prosedur və Sübutetmə Qaydalarının 119(3) qaydası Məhkəmənin üzərinə xüsusilə də azadlığı məhdudlaşdıran hər hansı şərtləri qoymazdan və ya dəyişdirməzdən əvvəl müvafiq Dövlətlərin fikirlərini almaq vəzifəsi qoyur. Belə çıxır ki, sözügedən şəxsi qəbul etmək arzusunda və iqtidarında olan Dövlət şərti azadetmə barədə qərardan əvvəl müəyyən olunmalıdır.
107. Bundan əlavə, Apellyasiya Palatası qeyd edir ki, Beynəlxalq Cinayət Məhkəməsi öz funksiyalarını və səlahiyyətlərini İştirakçı Dövlətlərin ərazilərində həyata keçirir və beləliklə şərti azad edilmiş şəxsin qəbul edilməsinə, eləcə də Məhkəmənin qoyduğu şərtlərin yerinə yetirilməsinin təmin edilməsinə münasibətdə Dövlətin əməkdaşlığından asılıdır. Belə əməkdaşlıq olmadan Məhkəmənin şərti azadetmə barədə istənilən qərarı səmərəsiz olar.
108. Bu işin hallarında, Apellyasiya Palatası qeyd edir ki, Məhkəməyəqədərki Palata Nizamnamənin 58-ci Maddəsinin 1-ci bəndinə əsasən şərtlərin yoxladıqdan sonra qərara aldı ki, cənab Bemba ‘şərtlər altında azad edilməlidir’. Palata aydınlıq gətirdi ki, tətbiq edilməli şərtlər toplusu sonrakı mərhələdə müəyyən ediləcək. Bundan əlavə, Palata Mübahisə edilən Qərarın 83-cü bəndində xatırlatdı ki, ‘cənab Jan-Pierre Bembanın üzərinə azadlığı məhdudlaşdıran hansı şərtlər toplusunun və ya növünün qoyulmasının müvafiq olduğu və hansı Dövlətdə şərti azad ediləcəyi barədə məsələ ilə bağlı qərar verilməyib.’ Nəhayət, Mübahisə edilən Qərarın nəticə hissəsində, (a) bəndində, Məhkəməyəqədərki Palata, başqa qərar qəbul edilənə qədər, cənab Bembanın şərti azad edilməsi barədə qərar verməyi qət etdi. Beləliklə, hazırki işdə Mübahisə edilən Qərar yanlışdır, çünki Məhkəməyəqədərki Palata cənab Bembanın şərti azad olunmasını mümkün edən müvafiq şərtləri müəyyənləşdirmədi.
109. Bu səbəblərdən Apellyasiya Palatası müəyyən edir ki, Məhkəməyəqədərki Palata şərti azadetməni mümkün edən müvafiq şərtləri dəqiq müəyyən etmədən, cənab Bembanın azad ediləcəyi Dövləti və həmin Dövlətin Məhkəmə tərəfindən qoyulan şərtləri yerinə yetirmək iqtidarında olub-olmadığını müəyyən etmədən şərti azadetmə barədə qərar verməklə səhv etmişdir.
43. Müdafiə tərəfin üç şahidi ilə bağlı (Germain Katanga və Mathieu Ngudjolo Chui-nin işində yuxarıda adı çəkilən [A], [B] və [C] (“Amicus Curiae barədə ərizə və ‘Requête tendant à obtenir présentations des témoins DRC-D02-P-0350, DRC-D02-P-0236, DRC-D02-P-0228 aux autorités néerlandaises aux fins d’asile’ ilə bağlı qərar (Statutun 68-ci Maddəsinin və 93-cü Maddənin 7-ci bəndi)”), 9 iyun 2011-ci il tarixli qərarında II Məhkəmə Palatası aşağıdakı qərara gəldi (sitatlar buraxılıb):
“1. Xüsusilə də Nizamnamənin 68-ci Maddəsində təsbit edildiyi kimi şahidləri qorumaq vəzifəsinin dəqiq dairəsi necədir?
a. Zəruri müzakirələr
59. Status konfransında Palata şahidlərin Məhkəmə ilə əməkdaşlığı nəticəsində onları qorumaq üçün Məhkəmənin Nizamnaməsinin 68-ci Maddəsinə müvafiq olaraq görə biləcəyi tədbirlər ilə onları ifadənin geniş mənasında potensial və ya təsdiqlənmiş insan hüquqları pozuntularından qorumaq üçün görməsi tələb olunan tədbirlər arasında aparılmalı olan fərqi vurğuladı. Palata əlavə edir ki, bu iki növ tədbirləri, daha konkret olaraq, sığınacaq üçün müraciət edən şəxsləri mənşə ölkələrinə qayıtdıqları halda məruz qala biləcəkləri təqib olunma təhlükəsindən qoruyan tədbirlərlə qarışdırmaq olmaz.
60. Bu fərqlər bu qərarın nəzəri əsasını təşkil edir. Palata ifadənin geniş mənasında müəyyən ölkənin ümumi insan hüquqlarının vəziyyətinin Məhkəmə ilə əməkdaşlıqları nəticəsində şahidlərin üzləşdiyi təhlükələrin qiymətləndirilməsinə necə təsir edə bildiyi barədə məlumatlı olduğundan, şahidlərin mühafizəsi ilə bağlı Məhkəmənin mandatını yanlış təfsir etməmək üçün yuxarıda təsbit edilən təhlükənin üç növü birləşdirilməməlidir.
61. Palatanın fikrincə Nizamnamə şahidlərin Məhkəmə ilə əməkdaşlığı nəticəsində yaranan təhlükənin qarşısını almaq üçün birmənalı olaraq Məhkəmənin üzərinə bütün qoruyucu tədbirləri görmək öhdəliyi qoyur. Bu, məsələ ilə bağlı əsas müddəa olan Nizamnamənin 68-ci Maddəsinin bir və müstəsna müvafiq şərhidir. Bundan əlavə, Qaydaların 87-ci Qaydası və Katibliyin Reqlamentinin 96-cı Qaydası aydın şəkildə bəyan etməsə də, bu iki müddəanın məntiqi və birgə oxunuşu o mövqeni təsdiq edir ki, Məhkəmənin rolu şahidləri verdikləri ifadələrin nəticəsində üzləşdikləri təhlükədən qorumaqla məhdudlaşır.
62. Növbətçi Vəkilin və Germain Katanganın Müdafiəsinin təqdimatlarına zidd olaraq, Palatanın mövqeyinə görə o, nəinki ifadələri nəticəsində, lakin həmçinin [Konqo Demokratik Respublikası] tərəfindən insan hüquqlarının pozulması nəticəsində şahidlərin üzləşə biləcəkləri təhlükələrə qarşı şahidləri qorumaq vəzifəsi daşımır. Öz mandatı əsasında Məhkəmə şahidləri onların mənşə ölkəsinin hakimiyyət orqanları tərəfindən insan hüquqları pozuntularından yaranan təhlükələrdən deyil, xüsusilə də onunla əməkdaşlığı nəticəsində yaranan təhlükələrdən mühafizə edir. Nizamnamənin 21-ci Maddəsinin 3-cü bəndi Məhkəmənin üzərinə İştirakçı Dövlətlərin beynəlxalq sahədə tanınmış insan hüquqlarını öz daxili icraatlarında düzgün tətbiq etmələrini təmin etmək vəzifəsi qoymur. O, yalnız Palatalardan Nizamnamənin və 21-ci Maddənin 1-ci və 2-ci bəndlərində təsbit edilmiş hüququn digər mənbələrinin beynəlxalq sahədə tanınmış insan hüquqlarına zidd olmayan və onları pozmayan qaydada tətbiq olunmasını təmin etmələrini tələb edir.
63. Həmçinin sığınacaq üçün müraciət edən şahidlərin üzləşdiyi təqib olunmaq risklərini qiymətləndirmək Məhkəmənin vəzifəsi deyil. Bununla əlaqədar Palata özünün status konfransda o müşahidəsini xatırladır ki, sığınacaq üçün ərizənin nəzərdən keçirilməsi üçün meyarlar, xüsusilə də ərizəçilərin məruz qaldığı təqib olunma riskinə aid olanlar, şahidlərin Məhkəmə qarşısında verdiyi ifadələrin nəticəsində üzləşdikləri riskləri qiymətləndirmək üçün Məhkəmənin tətbiq etdiyi meyarlarla eyni deyil.
64. Müvafiq olaraq o, qəbul edən Dövlətin o arqumentini təsdiq edə bilməz ki, 28 iyul 1951-ci il tarixli Cenevrə Konvensiyasının 33-cü Maddəsi daxil olmaqla, bir sıra beynəlxalq sənədlərdə təsbit edilən ‘məcburi repatriasiyadan imtina’ (non-refoulement) kimi tanınan prinsipi nəzərə alaraq, Palata şahidlərin üzləşdiyi risklərin qiymətləndirməsini həyata keçirməlidir. Doğrudur, hüquq subyektliyinə malik olan beynəlxalq təşkilat kimi, Məhkəmə məcburi repatriasiyadan imtinanın (non-refoulement) adət normasına məhəl qoymamaya bilməz. Lakin Məhkəmə hər hansı əraziyə malik olmadığından, o, bu prinsipi onun adi mənasında həyata keçirmək iqtidarında deyil, və nəticə etibarilə mənşə ölkəsinə qayıtdıqları halda təqib olunmaq və ya işgəncəyə məruz qalmaq təhlükəsində olan şəxslər üzərində uzun-müddətli yurisdiksiyanı saxlamaq ehtimalı azdır. Palatanın fikrincə yalnız əraziyə malik olan Dövlət faktiki olaraq məcburi geri qaytarılmama (non-refoulement) normasını tətbiq etmək iqtidarındadır. Bundan başqa, Məhkəmə İştirakçı Dövləti bu normaya istinad edən fərdi öz ərazisinə qəbul etməyə məcbur etmək məqsədilə, Nizamnamədə nəzərdə tutulan əməkdaşlıq mexanizmlərindən istifadə edə bilməz. Bundan əlavə, o, qəbul edən Dövlətin əvəzinə məcburi geri-qaytarılmama (non-refoulement) prinsipinə əsasən, sonuncunun üzərinə qoyulan vəzifələr barədə əvvəlcədən qərar verə bilməz. Belə halda buna görə də, zərurət yarandıqda, geri- qaytarılmama (non-refoulement) prinsipi altında öhdəliklərinin dairəsini qiymətləndirmək Holland hakimiyyət orqanlarının və yalnız onların üzərinə düşür.
b. Palatanın rolu
65. Hazırda QŞB [Qurbanlar və Şahidlər Bölməsi] və Növbətçi Vəkil arasında fikir ayrılığı ilə üzləşən Palata hələ ki, Statutun 68-ci Maddəsinin mənası baxımından öz ifadələrinə görə üzləşdikləri təhlükələrdən kənarlaşdırmaq məqsədilə üç saxlanılan şahid üçün operativ qoruyucu tədbirləri həyata keçirmək zərurəti ilə bağlı qərar verməyib. Palata qeyd edir ki, 24 may 2011-ci ildə, o, xüsusilə də [Konqo Demokratik Respublikasının] hakimiyyət orqanları ilə müzakirələr əsasında, şahidlərin məruz qala bildikləri risklərin və onlar üçün həyata keçirilə bilən qoruyucu tədbirlərin yekun qiymətləndirməsinin aparılması barədə QŞB-ya sərəncam vermişdi. 7 iyun 2011-ci ildə Katib tərəfindən müzakirələr və mümkün nəticəvi təkliflər barədə hesabat təqdim olundu. Şahidi çağıran tərəf və Katiblik arasında fikir ayrılığı olduğu halda, tərəflər və iştirakçılar öz təqdimatlarını etdikdən sonra, Palata Apellyasiya Palatasının əvvəlki qərarına müvafiq olaraq, öz mandatının dairəsi çərçivəsində qəbul edə biləcəyini hesab etdiyi operativ qoruyucu tədbirlərinin təsis edilməsi barədə qərar verəcək.
66. Lakin yuxarıda müəyyən edilən fərqi nəzərə alaraq, bu qərar Holland hakimiyyət orqanlarında davam edən sığınacaqla bağlı prosedura ziyan vura bilməz. Palata hazırda sığınacaqla bağlı proseduru nəzərədən keçirəcək.
2. Nizamnamənin 93-cü Maddəsinin 7-ci bəndinin müddəalarının bilavasitə tətbiqi beynəlxalq sahədə tanınmış insan hüquqlarını uyğundurmu?
67. Saxlanılan və yaxud saxlanılmayan, istənilən digər şəxsə olduğu kimi, sözügedən üç şahidə sığınacaq üçün ərizə təqdim etmək hüququ verilir. 28 iyul 1951-ci il Cenevrə Konvensiyasına və Qaçqınların Statusuna dair 31 yanvar 1967-ci il Protokoluna əlavə olaraq, 1948-ci il İnsan Hüquqları üzrə Ümumi Bəyannaməsinin 14-cü Maddəsi nəzərdə tutur ki, hər kəsin təqiblərdən qorunmaq üçün digər ölkələrdə sığınacaq axtarmaq və ondan istifadə etmək hüququ var. Bundan əlavə Birləşmiş Millətlər Təşkilatının Ümumi Assambleyası sığınacaq axtarmaq və ondan istifadə etmək hüququnu təsbit edən Ərazi Sığınacağı haqqında Bəyannamə qəbul edib.
Palata həmçinin qeyd edir ki, 7 dekabr 2000-ci ildə qəbul edilmiş Avropa İttifaqının Əsas Hüquqlar haqqında Xartiyasının 18-ci Maddəsi 28 iyul 1951-ci il Cenevrə Konvensiyasının və qaçqınların statusuna dair 31 yanvar 1967-ci il Protokolunun normalarına lazımi ehtiramla və Avropa İttifaqını təsis edən Müqaviləyə uyğun olaraq sığınacaq hüququna təminat verir və bu Xartiyanın 19-cu Maddəsinin 2-ci bəndi xatırladır ki, heç kəs ölüm cəzasına, işgəncəyə və ya digər qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qala biləcəyi barədə ciddi təhlükə olan Dövlətə çıxarıla, qovula və ya ekstradisiya oluna bilməz. Palata daha sonra qeyd edir ki, 10 dekabr 1984-cü il tarixli İşgəncələrə və Digər Qəddar, Qeyri-insani, yaxud Ləyaqəti Alçaldan Rəftar və Cəza növlərinə qarşı Konvensiya 1951-ci il Cenevrə Konvensiyasında əks olunan normaya oxşar norma təsbit edir, və dar çərçivədə olmasına baxmayaraq, adət statusunu əldə etmişdir. O, şəxsin orada işgəncəyə məruz qalmaq təhlükəsində ola biləcəyini güman etməyə ciddi əsaslar olduğu halda, onun digər Dövlətə qovulmasını və ya ekstradisiya olunmasını Dövlətə qadağan edir.
68. ’Geri qaytarılmama’ (non-refoulement) prinsipi beynəlxalq adət hüququnun norması hesab olunur və insan hüquqlarının beynəlxalq müdafiəsinin ayrılmaz hissəsidir. Bütün şəxslər onun Dövlət tərəfindən tətbiqindən istifadə etmək hüququna malikdirlər.
69. Buna görə də Palata Növbətçi Vəkilin Ərizəsində istinad edilən hüquqların vacibliyinə məhəl qoymamaya bilməz. Yuxarıda qeyd edilən sığınacaq üçün müraciət etmək hüququna əlavə olaraq, Palata həmçinin xüsusilə də İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci Maddəsində, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 2-ci Maddəsində, Avropa İnsan Hüquqları Konvensiyasının 13-cü Maddəsində, İnsan və Xalqların Hüquqları haqqında Afrika Xartiyasının 7-ci Maddəsində, və Amerika İnsan Hüquqları Konvensiyasının 25-ci Maddəsində təsbit edildiyi kimi səmərəli hüquqi müdafiə vasitələri hüququna xüsusi diqqət yetirməlidir. Palata bu əsas normaya məhəl qoymamaya bilməz və vurğulayır ki, sığınacaqla bağlı prosedurun səmərəli olması üçün, həm hüquqda və həm də təcrübədə, ona müraciət açıq olmalıdır və sığınacağın verilməsi barədə ərizənin təqdim edilməsi üçün Məhkəməyə aid edilən hərəkət və ya hərəkətsizliyin nəticəsində hər hansı maneələr olmamalıdır.
70. Nizamnamənin 21-ci Maddəsinin 3-cü bəndində nəzərdə tutulduğu kimi Palata bütün müvafiq qanunvericilik və normativ müddəaları elə qaydada tətbiq etməlidir ki, aydın şəkildə beynəlxalq sahədə tanınmış insan hüquqlarından törəyən səmərəli hüquqi müdafiə vasitəsi hüququnun tam şəkildə həyata keçirilməsi təmin edilsin.
71. Baxılan məsələdə üç saxlanılan şahid Statutun 93-cü Maddəsinin 7-ci bəndinə müvafiq olaraq ifadə vermək məqsədilə Məhkəməyə verilib. 93-cü Maddənin 7-ci bəndi daha sonra nəzərdə tutur ki, verilən şəxs həbsdə qalır və verilmənin məqsədləri yerinə yetirildikdən sonra, Məhkəmə təxirə salınmadan şəxsi sorğu edilən Dövlətə - hazırki işdə [Konqo Demokratik Respublikasına] qaytarır.
72. Şahidlər 3 may 2011-ci ildə, çərşənbə axşamı ifadələrini başa çatdırdılar. Bu mərhələdə Palata hesab edir ki, o, yalnız Nizamnaməyə 93-cü Maddəsinin 7-ci bəndinin bilavasitə tətbiqinin saxlanılan şəxslərin sığınacaq üçün müraciət etmək hüququnun pozuntusunu təşkil edib-etməyəcəyi məsələsini həll etməlidir.
73. Belə vəziyyətdə Palata Nizamnamənin 21-ci Maddəsinin 3-cü bəndinin tələb etdiyi kimi, beynəlxalq sahədə tanınmış insan hüquqlarına uyğun olan şərtlərdə, Statutun 93-cü Maddəsinin 7-ci bəndini tətbiq etmək iqtidarında deyil. Əgər şahidlər dərhal [Konqo Demokratik Respublikasına] qaytarılsa, sığınacaq üçün müraciət etmək hüquqlarını həyata keçirmək onlar üçün mümkün olmayacaq və onlar səmərəli hüquqi müdafiə vasitəsinə olan əsas hüquqdan məhrum olacaqlar. Bundan əlavə, Palata şahidləri dərhal hava limanına nəql etməklə, onları [Konqo Demokratik Respublikasına] qaytarmaq üçün Qəbul edən Dövləti Məhkəmə ilə əməkdaşlıq etməyə məcbur etmək qərarına gəlsə, o, Niderlandı şahidlərin geri qaytarılmama (non-refoulement) prinsipinə istinad etmək hüququnu pozmağa vadar edəcək.
74. Bundan əlavə, Palata hesab edir ki, uzun müddət müzakirəsi aparılmış şahidlərin hüquqi statusu məsələsi ilə bağlı qərar verməyə ehtiyac yoxdur. Bununla əlaqədar, Holland hakimiyyət orqanları dəfələrlə aydın şəkildə qeyd etmişdilər ki, sığınacağın verilməsi barədə ərizə onlara təqdim edildiyi halda – hazırki işdə artıq baş verdiyi kimi – onlar onu nəzərdən keçirməyə borcludurlar. Doğrudan, Katiblik etdiyi kimi, onlar da təsdiq etdilər ki, Qərargah Sazişinin 44-cü Maddəsi bu işdə tətbiq olunur. Palatanın fikrincə şahidlərin istifadə etdiyi toxunulmazlığın iddia edilən hüquqi təsirləri barədə qərar verməyə ehtiyac yoxdur, belə ki, o, bu arqumenti əsassız hesab edir.
...
I. Nəticə və yekunlar
79. Yuxarıda qeyd olunan səbəblərdən, Palata bu mərhələdə üç saxlanılan şəxsin qaytarılmasını təxirə salmaq qərarına gəlir, belə ki, Statutun 68-ci Maddəsinin mənası baxımından onların mühafizəsi məsələsi hələ ki, həll olunmayıb və onların ‘təxirəsalınmadan’ qaytarılması beynəlxalq sahədə tanınmış insan hüquqlarını pozacaq. Müvafiq olaraq, o, Katibliyə DRC-D02-P-0236 şahidin vəziyyəti barədə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına məlumat vermək və bu qərar haqqında ona xəbər vermək barədə göstəriş verir.
80. Hazırda, Konqo hakimiyyət orqanları tərəfindən verilmiş həbs haqqında qərarı altında olan şahidlər, Statutun 93-cü Maddəsinin 7-ci bəndinə və Qaydaların 192-ci qaydasına müvafiq olaraq Məhkəmənin həbs yerində saxlanılmalıdır. Palata Katibliyin o arqumentini təsdiq etmir ki, onlar hazırda Məhkəmədəki ifadələrini başa çatdırdıqları halda, onların həbsinin davam etməsinin hüquqi əsası yoxdur.
81. Palatanın fikrincə yuxarıda istinad edilən hüquqi sənədlər Məhkəməyə şahidləri öz həbsində saxlamaq səlahiyyəti verir. Statutun 93-cü Maddəsinin 7-ci bəndi altında şahidləri qaytarmaq öhdəliyinin Məhkəmənin Statutun 68-ci Maddəsinə əsasən digər öhdəliklərinə zidd olmadan və üç şahidin beynəlxalq sahədə tanınmış insan hüquqlarını pozmadan həyata keçirmək mümkünlüyü barədə əsas məsələ ilə bağlı Palata qərar çıxarana qədər bu müddəaların tətbiqi davam etməlidir.”
D. Digər müvafiq beynəlxalq qanunvericilik
1. Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Məhkəməsi
44. Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı Birləşmiş Millətlər Təşkilatının S/RES/827 saylı 25 may 1993-cü il tarixli Qətnaməsi ilə yaradılmışdır. Bu Qətnaməyə Tribunalın Statutu əlavə edilib, hansı ki, aşağıdakı müddəanı ehtiva edir:
Maddə 15
Prosedur və sübutetmə qaydaları
“Beynəlxalq Məhkəmənin hakimləri icraatın məhkəməyəqədər mərhələsinin, məhkəmə baxışının və apellyasiyanın həyata keçirilməsi, sübutların qəbul edilməsi, qurbanların və şahidlərin müdafiəsi və digər müvafiq məsələlər üçün prosedur və sübutetmə Qaydalarını qəbul edir.”
45. Bu müddəaya uyğun olaraq qəbul edilmiş Prosedur və Sübutetmə Qaydalarının müvafiq hissəsində nəzərdə tutulur:
Qayda 90 bis
Saxlanılan Şahidin köçürülməsi
“(A) Məhkəməyə şəxsi gəlişi Tribunal tərəfindən tələb edilən istənilən saxlanılan şəxs Tribunalın müəyyən etdiyi müddətdə qayıtması şərtilə müvəqqəti olaraq Məhkəmənin təcridxanasına köçürülür.
(B) Şəxsin köçürülməsi barədə qərar yalnız aşağıdakı şərtlərin yerinə yetirilməsi ilkin yoxlandıqdan sonra Hakim və ya Məhkəmə Palatası tərəfindən verilir:
(i) Şahidin Məhkəmə tərəfindən tələb olunduğu müddət ərzində sorğu edilən Dövlətin ərazisində hər hansı cinayət təqibi üçün saxlanılan şahidin iştirakı tələb olunmur;
(ii) Şahidin köçürülməsi sorğu edilən Dövlətin əvvəlcədən nəzərdə tutduğu onun həbsinin müddətini uzatmır;
(C) Katiblik şahidin köçürülməsi barədə qərarı şahidin ərazisində saxlandığı və ya yurisdiksiyası və ya nəzarəti altında olduğu Dövlətin milli hakimiyyət orqanlarına göndərir. Şahidin köçürülməsi qəbul edən ölkə və Katibliklə əlaqəli şəkildə sözügedən milli hakimiyyət orqanları tərəfindən təşkil olunur.
(D) Katiblik Məhkəmənin təcridxanasında şahidə nəzarət daxil olmaqla, köçürülmənin lazımi qaydada həyata keçirilməsini təmin edir; sorğu edilən dövlətin təmin etdiyi saxlama şərtləri ilə bağlı baş verə biləcək və ya təcridxanadakı şahidin saxlanma müddətinin uzadılmasına təsir edə biləcək istənilən dəyişikliklər barədə məlumatlı olur və mümkün olduğu qədər tez zamanda müvafiq Hakimə və ya Palataya məlumat verir.
(E) Müvvəqəti köçürülmə üçün Məhkəmənin müəyyən etdiyi müddətin başa çatması ilə saxlanılan şəxs sorğu edilən Dövlətin hakimiyyət orqanlarına qaytarılır, bir şərtlə ki, Dövlət bu müddət ərzində şahidin azad edilməsi barədə dərhal qüvvəyə minən qərar verməyib.
(F) Əgər Məhkəmənin müəyyən etdiyi müddətin sonunda saxlanılan şəxsin iştirakının zəruriliyi davam edirsə, Hakim və ya Palata (B) yarımbəndində təsbit edilən eyni şərtlər əsasında müddəti uzada bilər.”
2. NATO Qüvvələrin Statusu haqqında Saziş
46. Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) üzv Dövlətləri Saziş bağlayıblar (Şimali Atlantika Müqaviləsinin Tərəfləri arasında Qüvvələrin Statusu haqqında Saziş, London, 19 iyun 1951-ci il, 1959-cu il Əlavə Sazişi ilə əlavələr edilmiş (sonradan 1971, 1981 və 1993-cü illərdə düzəliş edilmiş) – “NATO Qüvvələrin Statusu haqqında Saziş”). O, digər məsələlərlə yanaşı, biri digərinin ərazisində xidmət edən silahlı qüvvələrinin üzvləri üzərində cinayət yurisdiksiyasını tənzimləyir. Bu Sazişin VII Maddəsində, müvafiq hissədə, aşağıdakılar nəzərdə tutulur:
“1. Bu Maddənin müddəalarına əsasən, Göndərən Dövlətin hərbi orqanları Qəbul edən Dövlətdə həmin Dövlətin hərbi qanunvericiliyinə tabe olan bütün şəxslərə münasibətdə göndərən Dövlətin qanunvericiliyinə əsasən ona verilən bütün cinayət və intizam yurisdiksiyasını həyata keçirmək hüququna malikdirlər; qəbul edən Dövlətin hakimiyyət orqanları qəbul edən Dövlətin ərazisində törədilmiş və həmin Dövlətin qanunvericiliyinə əsasən cəzalandırılmalı olan cinayətlərə münasibətdə qüvvələrin şəxsi heyətinin və ya mülki heyətin üzvlərinə və onların ailə üzvləri üzərində yurisdiksiyaya malikdirlər.
2. a. Göndərən Dövlətin hərbi orqanları onun dövlət təhlükəsizliyi ilə bağlı cinayətlər daxil olmaqla, qəbul edən Dövlətin qanunvericiliyinə əsasən deyil, göndərən Dövlətin qanunvericiliyinə əsasən cəzalandırılmalı olan cinayətlərlə bağlı həmin Dövlətin hərbi qanunvericiliyinə tabe olan şəxslərə münasibətdə müstəsna yurisdiksiyanı həyata keçirmək hüququna malikdirlər
...
3. Yurisdiksiyanı həyata keçirmək hüququ üst-üstə düşdükdə aşağıdakı qaydalar tətbiq olunur:
a. Göndərən Dövlətin hərbi orqanları aşağıdakılarla əlaqədar qüvvələrin şəxsi heyətinin və ya mülki heyətin üzvlərinə münasibətdə yurisdiksiyanı həyata keçirilməsi ilə bağlı üstün hüquqa malikdirlər:
i. həmin Dövlətin yalnız mülkiyyətinə və ya təhlükəsizliyinə qarşı hüquq pozuntuları, və ya yalnız həmin Dövlətin qüvvələrinin şəxsi heyətinin və ya mülki heyətin digər üzvünün və onun ailə üzvünün şəxsiyyətinə və ya mülkiyyətinə qarşı hüquq pozuntuları ilə əlaqədar;
ii. vəzifə öhdəliklərinin icrası zamanı hər hansı hərəkətdən və ya hərəkətsizlikdən yaranan hüquq pozuntuları ilə əlaqədar.
b. digər istənilən hüquq pozuntuları ilə əlaqədar qəbul edən Dövlətin hakimiyyət orqanları yurisdiksiyanın həyata keçirilməsində üstünlük hüququna malikdirlər.
c. Əgər üstünlük hüququna malik olan Dövlət yurisdiksiyanı həyata keçirməmək qərarına gələrsə, o, mümkün ən tez zamanda digər Dövlətin hakimiyyət orqanlarına məlumat verir. Üstünlük hüququna malik olan Dövlətin hakimiyyət orqanları digər Dövlətin hakimiyyət orqanlarının bu hüququndan imtina etməsi barədə vəsatətinə, digər dövlət belə imtinanın xüsusilə əhəmiyyətli olduğunu hesab etdiyi halda, rəğbət göstərir.
4. Bu Maddənin əvvəlki müddəaları göndərən Dövlətin hərbi orqanlarının qəbul edən Dövlətin vətəndaşları və ya orada daimi yaşayan şəxslər üzərində yurisdiksiyanın həyata keçirilməsi ilə bağlı hər hansı hüququnu nəzərdə tutmur, bir şərtlə onlar göndərən Dövlətin qüvvələrinin şəxsi heyətinin üzvləri deyillər.
5. Göndərən və qəbul edən dövlətlərin hakimiyyət orqanları qəbul edən Dövlətin ərazisində qüvvələrin şəxsi heyətinin və ya mülki heyətin üzvlərinin və ya onların ailə üzvlərinin həbs edilməsində və onları yuxarıda qeyd olunan müddəalara əsasən yurisdiksiyanı həyata keçirməli olan hakimiyyət orqanına təhvil verilməsində bir-birilərinə kömək göstərirlər.
a. Qəbul edən Dövlətin hakimiyyət orqanları qüvvələrin şəxsi heyətinin və ya mülki heyətin hər hansı üzvünün və ya onların ailə üzvlərinin həbsi barədə göndərən Dövlətin hərbi orqanlarına təxirəsalmadan məlumat verir.
b. Qəbul edən Dövlətin üzərində yurisdiksiyanı həyata keçirməli olduğu qüvvələrin şəxsi heyətinin və ya mülki heyətin təqsirləndirilən üzvü göndərən Dövlətin əlindədirsə, onun həbsdə saxlanması, qəbul edən Dövlət tərəfindən ona ittiham elan olunana qədər həmin Dövlətin üzərində qalır.
c. Qəbul edən və göndərən Dövlətlərin hakimiyyət orqanları hüquq pozuntularının bütün zəruri istintaqının aparılmasında və müsadirə, və müvafiq hallarda hüquq pozuntusu ilə bağlı olan predmetlərin verilməsi daxil olmaqla, sübutların toplanmasında və təqdim edilməsində bir-birilərinə kömək göstərirlər. Lakin belə predmetlərin verilməsi onları təqdim edən hakimiyyət orqanlarının müəyyən etdiyi müddətdə qaytarılması ilə şərtləndirilə bilər.
...
10. a. Müntəzəm olaraq təşkil edilən hərbi hissələr və ya hərbi birləşmələr qəbul edən Dövlətlə razılaşma nəticəsində tutduqları istənilən düşərgələrdə, müəssisələrdə və ya digər sahələrdə asayişin qorunmasını təşkil etmək hüququna malikdirlər. Qüvvələrin hərbi polisi belə sahələrdə asayişin və təhlükəsizliyin təmin edilməsi üçün bütün zəruri tədbirləri görə bilərlər.
b. Bu sahələrdən kənarda belə hərbi polisdən yalnız qəbul edən Dövlətin hakimiyyət orqanları ilə razılaşmadan asılı olaraq və bu hakimiyyət orqanları ilə qarşılıqlı əlaqədə və qüvvələrin şəxsi heyətinin üzvləri arasında intizamın və qaydanın saxlanması üçün onun tətbiqi zəruri olan həddə istifadə olunur. ...”
47. 1995-ci ildə bağlanmış əlavə saziş (Şimali Atlantika Müqaviləsinin Tərəfləri olan Dövlətlər və öz Qüvvələrinin Statusu ilə bağlı Sülh Naminə Tərəfdaşlıqda iştirak edən digər Dövlətlər arasında saziş, Brüssel, 19 iyun 1995-ci il) bu müddəanın ərazi tətbiqini Sülh Naminə Tərəfdaşlıq proqramında iştirak edən NATO-nun üzvü olmayan Dövlətlərə genişləndirir.
3. Niderlandda Şotlandiya Məhkəməsi
48. 18 sentyabr 1998-ci ildə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti və Niderland Krallığının Hökuməti Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin VII Fəslinə əsasən Təhlükəsizlik Şurasının qətnaməsinə (27 avqust 1998-ci il tarixli 1192 saylı Qətnamə) müvafiq olaraq fəaliyyət göstərərək saziş bağladılar; sazişə əsasən Niderland Hökuməti 1988-ci ildə Şotlandiyada Lokerbidə mülki sərnişin təyyarəsini bombalamaqda təqsirləndirilən iki Liviya vətəndaşının Şotlandiya qanunvericiliyinə və proseduruna əsasən məhkəmə araşdırması məqsədilə və bu müddətdə Şotlandiya Məhkəməsini keçirməyi öhdəsinə götürdü (Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti və Niderland Krallığının Hökuməti arasında Niderlandda Şotlandiya məhkəməsi ilə bağlı saziş (əlavələrlə), [2002] 2062 Birləşmiş Millətlər Təşkilatının Müqavilə Topluları – UNTS – səh. 81 və sonra). Niderlandda Şotlandiya Məhkəməsi 2002-ci ilədək mövcud olmuşdur.
49. Sazişin “Şotlandiya Məhkəməsi ərazisində Hüquq və Səlahiyyət” başlıqlı 6-cı Maddəsində aşağıdakılar nəzərdə tutulur:
“(1) Bu Sazişdə nəzərdə tutulduğu kimi Şotlandiya Məhkəməsinin binaları Şotlandiya Məhkəməsinin nəzarəti və səlahiyyəti altındadır.
(2) Bu Sazişdə başqa hal nəzərdə tutulmayıbsa, qəbul edən ölkənin qanunları və qaydaları Şotlandiya Məhkəməsinin binalarında tətbiq olunur.
(3) Şotlandiya Məhkəməsinin öz funksiyalarının tam həyata keçirilməsi üçün zəruri olan bütün şərtlərin müəyyən edilməsi məqsədilə Şotlandiya Məhkəməsinin binalarında qüvvədə olan qaydalar qəbul etmək səlahiyyəti var. Şotlandiya Məhkəməsi bu bəndə müvafiq olaraq qəbul edilmiş qaydalar barədə təxirəsalınmadan səlahiyyətli hakimiyyət orqanlarını məlumatlandırır. Şotlandiya Məhkəməsinin qaydalarına uyğun olmayan qəbul edən ölkənin hər hansı qanun və ya qaydası belə uyğunsuzluq çərçivəsində Şotlandiya Məhkəməsinin binalarında tətbiq edilmir.
(4) Şotlandiya Məhkəməsi ilə yerləşmə ölkə arasında Şotlandiya Məhkəməsinin qaydasına bu maddəyə əsasən səlahiyyət verilib-verilməməsi, və ya yerləşmə ölkənin qanun və ya qaydalarının Şotlandiya Məhkəməsinin bu Maddə ilə səlahiyyət verilmiş hər hansı qaydasına zidd olub-olmaması ilə bağlı istənilən mübahisə təxirəsalınmadan 28-ci Maddədə təsbit edilən prosedurla həll olunur [yəni Tərəflər arasında danışıqlar və məsləhətləşmələr]. Belə nizamasalmaya qədər Şotlandiya Məhkəməsinin qaydası tətbiq olunur və yerləşmə ölkənin qanun və ya qaydası Şotlandiya Məhkəməsi onun öz qaydasına zidd olduğunu iddia etdiyi həddə Şotlandiya Məhkəməsinin binalarında tətbiq olunmur.”
50. Birləşmiş Krallıq Yüksək Cinayət Məhkəməsinin (Niderlandda icraat) (Birləşmiş Millətlər) 1998-ci il Qərarı vasitəsilə (Qanunvericilik aktları 1998, № 2251) Sazişi qüvvəyə mindirdi, qərarın müvafiq hissəsində aşağıdakılar nəzərdə tutulur:
Şahidlər
“12.—(1) Bu Qərara əsasən həyata keçirilən icraatın məqsədləri üçün çağırılan Birləşmiş Krallıqdakı şahidlər məhkəmənin binasına gəlmək üçün çağırıla bilərlər.
(2) Şahidin həbsi barədə istənilən order, bununla əlaqədar Dövlətin Katibliyi tərəfindən görülən tədbirlərə əsasən, onun Məhkəmənin binasına köçürülməsi üçün vəkalətdir.
(3) Birləşmiş Krallıqdan kənarda olan şahidlərin Niderlandda yerləşən Yüksək Cinayət Məhkəməsinin qarşısına çıxmaları üçün çağırılması, məhkəmə Şotlandiyada yerləşdiyi təqdirdə olduğu kimi qanunidir və müvafiq olaraq 1990(6)-cı il Cinayət Ədalət Mühakiməsi (Beynəlxalq Əməkdaşlıq) haqqında Qanunun 2 bəndinin (1)(b) yarımbəndi (Birləşmiş Krallıq prosesinin xaricdə xidməti) Birləşmiş Krallıqda məhkəməyə istinadın, bu Qərara əsasən, Niderlandda yerləşən Yüksək Cinayət Məhkəməsini aid etdiyi kimi qüvvəyə malik olur.”
ŞİKAYƏTLƏR
51. Ərizəçi Konvensiyanın 5-ci Maddəsinin 1-ci bəndinə əsasən şikayət etdi ki, onun Birləşmiş Millətlər Təşkilatının Təcridxanasında davamlı saxlanması qanunsuz idi. Konqo hakimiyyət orqanlarının onu həbsdə saxlamaq hüququ 2 iyul 2007-ci ildə başa çatmışdı və uzadılmamışdı. O, ifadə verdikdən sonra Beynəlxalq Cinayət Məhkəməsinin onu həbsdə saxlamaq üçün hüquqi əsası yox idi. Niderland hakimiyyət orqanları heç zaman Niderlandın daxili qanunvericiliyində ərizəçinin həbsdə saxlanması üçün əsasın mövcud olduğunu iddia etməmişdir.
52. Ərizəçi 5-ci Maddənin 3-cü bəndinin pozulduğunu iddia etdi, belə ki, onun həbsdə saxlanması Konvensiyanın 5-ci Maddəsinin 1-ci bəndinin (c) yarımbəndinə əsasən əsaslandırıldığı fərz edilsə də, o, ağlabatan müddətdə məhkəmə qarşısına çıxarılmamışdır.
53. Ərizəçi Konvensiyanın 5-ci Maddəsinin 4-cü bəndinin pozulduğunu iddia etdi, belə ki, Niderland hətta onun həbsdə saxlanmasının qanuniliyinin yoxlanmasını nəzərdən keçirməkdən imtina etmişdir. O, həmçinin 5-ci Maddənin 5-ci bəndinin pozulduğunu iddia etdi.
54. Nəhayət, ərizəçi Konvensiyanın 13-cü Maddəsinin pozulduğunu iddia etdi, belə ki, o, öz həbsinin qanuniliyini mübahisələndirmək üçün dövlətdaxili hüquq sistemində hər hansı səmərəli hüquqi müdafiə vasitələrinə malik olmamışdır. Eyni zamanda Beynəlxalq Cinayət Məhkəməsi çərçivəsində müvafiq təminatları nəzərdə tutan prosedur olmamışdır.
HÜQUQİ MƏSƏLƏLƏR
I.ŞİKAYƏT MƏHKƏMƏNİN İŞLƏR SİYAHISINDAN ÇIXARILMALIDIRMI
55. Məhkəmə Hökumət tərəfindən məlumatlandırılmışdır ki, ərizəçi 4 sentyabr 2012-ci ildə sığınacağın verilməsi ilə bağlı müraciətini geri götürüb. Bu, birmənalı şəkildə ərizəçinin Niderland hakimiyyət orqanları tərəfindən onun həbsdən azad edilməsi ilə bağlı qərarın verilməsinə nail olmaq səylərindən imtinanı nəzərdə tutur. Ərizəçi özü bu barədə Məhkəməyə məlumat verməyib (47-ci Qaydanın 6-cı bəndi), nə də ki, öz ərizəsini geri götürməyib. Məhkəmə beləliklə ərizəçinin işin mahiyyəti üzrə baxılmasını arzu edib-etməməsi ilə əlaqədar müəyyən qeyri-müəyyənlikdə qalır.
56. Belə halda Məhkəmənin özü şikayəti işlərin siyahısından çıxarmalı olub-olmaması ilə bağlı Konvensiyanın 37-ci Maddəsinin 1-ci bəndinə müvafiq olaraq qərar qəbul etməlidir, orada deyilir:
“1. Əgər vəziyyət aşağıdakı nəticələrə gəlməyə əsas verirsə, icraatın istənilən mərhələsində Məhkəmə şikayəti işlərin siyahısından cıxarmaq barədə qərar qəbul edə bilər:
(a) şikayətçi daha öz ərizəsinə baxılmasına nail olmaq üçün səy göstərmirsə; və ya
(b) məsələ öz həllini tapıbsa; və ya
(c) Məhkəmənin muəyyənləşdirdiyi istənilən digər səbəbə gorə, şikayətə baxışı davam etdirməyə lüzüm yoxdursa.
Bununla belə, əgər bu Konvensiyanın və ona dair Protokolların müddəalarında müəyyən edilən insan hüquqlarına riayət olunması bunu tələb edirsə, Məhkəmə şikayətə baxmaqda davam edir.”
57. Məhkəmə qeyd edir ki, bununla belə, şikayət Konvensiyanın 1-ci Maddəsinin tətbiqi ilə əlaqədar mühüm məsələləri qaldırır. Xüsusilə də, o qeyd edir ki, şikayət Razılığa gələn Dövlətlərin ərazisində yerləşən və şəxsləri həbsdə saxlamaq səlahiyyəti verilən beynəlxalq cinayət məhkəmələrinin fəaliyyəti ilə bağlı əhəmiyyətli aspektlərə toxunur. O hesab edir ki, 26 sentyabr 2012-ci ildə Müvəqqəti Tədbirlər Hakiminin qəbul etdiyi qərar nəticəsində yaranmış qeyri-müəyyənliyi nəzərə alaraq, hazırkı şikayətdə qoyulan suallara təcili cavab tələb edilir (bax yuxarıda 38-ci bənd).
58. Məhkəmə dəfələrlə bildirmişdir ki, onun “qərarları faktiki olaraq nəinki Məhkəmə qarşısına çıxarılan işlər barədə qərar verməyə, ümumiyyətlə, bununla da Razılığa gələn Tərəflər kimi üzərilərinə götürdükləri öhdəliklərin Dövlətlər tərəfindən yerinə yetirilməsinə töhvə verməklə, Konvensiya ilə təsis edilmiş qaydaları aydınlaşdırmağa, onlara təminat verməyə və inkişaf etdirməyə xidmət edir” (bax Karner Avstriyaya qarşı iş (Karner v. Austria), № 40016/98, § 26, AIHM 2003‑IX). İlk növbədə özünün fərdi yardım göstərməklə yerinə yetirdiyi “Razılığa gələn Yüksək Tərəflərin bu Konvensiya və ona dair Protokollar ilə öz üzərilərinə götürdükləri öhdəliklərə riayət olunmasını təmin etmək” vəzifəsini nəzərə alaraq (Konvensiyanın 19-cu Maddəsi), Məhkəmə qeyd edir ki, onun missiyası həmçinin bununla da insan hüquqlarının müdafiəsinin ümumi standartlarını qaldırmaqla və Konvensiyaya üzv Dövlətlərin ərazisində insan hüquqları sahəsini genişləndirməklə, ümumi maraqda olan ictimai-siyasi zəmində məsələləri müəyyən etməkdir.
59. Buna görə də Məhkəmə hesab edir ki, o, şikayəti öz siyahısından çıxarmamalıdır (bax, müvafiq dəyişikliklərlə, Tayrer Birləşmiş Krallığa qarşı iş (Tyrer v. the United Kingdom), 25 aprel 1978-ci il, §§ 26-27, Seriya A № 26, və yuxarıda istinad edilən Karnerin işi (Karner))
II.KONVENSİYANIN 5-ci VƏ 13-cü MADDƏLƏRİNİN İDDİA EDİLƏN POZUNTUSU
60. Ərizəçi şikayət etdi ki, o, qanunsuz olaraq Niderland torpaqlarında saxlanılır və azad olunması ilə bağlı səy göstərmək üçün hər hansı imkandan məhrum edilib. O, Konvensiyanın 5-ci və 13-cü Maddələrinə istinad etdi. Maddələrin müvafiq hissələrində nəzərdə tutulur:
Maddə 5
“1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa azadlıqdan məhrum edilə bilməz:
...
(c) hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun yaxud törətdikdən sonra gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması;
...
(f) şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısını almaq məqsədi ilə və ya barəsində deportasiya yaxud ekstradisiya tədbirləri tətbiq olunan şəxsin qanuni tutulması və ya həbsə alınması;
...
3. Bu maddənin I bəndinin «c» yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş digər vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Azad edilmək məhkəməyə gəlmə təminatlarının təqdim edilməsi ilə şərtləndirilə bilər.
4. Tutulma və ya həbsə alınma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir.
5. Bu maddənin müddəalarının pozulması ilə tutulmağa və ya həbsə alınmağa məruz qalan hər kəsin iddia ilə təmin olunan kompensasiya hüququ var.”
Maddə 13
“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət gostərən şəxslər tərəfindən torədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir.”
Yurisdiksiya
61. Konvensiyanın 1-ci Maddəsində deyilir:
“Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyasında olan hər kəs üçün bu Konvensiyanın I Bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər.”
Bu Maddədə nəzərdə tutulduğu kimi Razılığa gələn Dövlətin üzərinə götürdüyü öhdəlik şəxslərə öz “yurisdiksiyasında” sadalanan hüquqların və azadlıqların “təmin edilməsi” (Fransız mətnində “reconnaître”) ilə məhdudlaşır. 1-ci Maddə altında “yurisdiksiya” hüdud meyarıdır. Yurisdiksiyanın həyata keçirilməsi Razılığa gələn Dövlət üçün Konvensiyada təsbit edilmiş hüquqların və azadlıqların pozulmasının iddia olunmasına gətirən, ona aid edilə bilən hərəkət və ya hərəkətsizliyə görə məsuliyyət daşımasına imkan verən zəruri şərtdir (bax, son dövrlərin qərarlarına, Hirsi Camaa və Başqaları İtaliyaya qarşı iş (Hirsi Jamaa and Others v. Italy) [Böyük Palatanın qərarı], № 27765/09, § 70, AİHM 2012, və Al-Cedda Birləşmiş Krallığa qarşı iş (Al-Jedda v. the United Kingdom) [Böyük Palatanın qərarı], № 27021/08, § 74, AİHM 2011).
1. Ərizəçinin arqumenti
62. Ərizəçinin mövqeyinə görə Niderland onun həbsinə münasibətdə yurisdiksiyanı həyata keçirə bilər və keçirməlidir. O qeyd etdi ki, Niderland hakimiyyət orqanları onun sığınacağın verilməsi ilə bağlı müraciətinə baxmaq üçün yurisdiksiyanı qəbul etmişdir; o bildirdi ki, Niderlanda onun “à la carte” adlandırdığı yurisdiksiyanı əsassız olaraq qəbul etmək imkanı verilməyib.
63. Ərizəçi Niderlandın ərazisində saxlanılıb. Niderland qanunvericiliyinin Beynəlxalq Cinayət Məhkəməsinin binalarında tətbiqi istisna edilmir; əksinə Qərargah Sazişinin 8-ci Maddəsi (bax yuxarıda 41-ci bəndə) öz ilkin mövqeyi kimi onun tətbiqini nəzərdə tutub. Niderland Krallığının Konstitusiyasının 93-cü və 94-cü Maddələrinə əsasən Konvensiya Niderland qanunvericiliyi olaraq birbaşa tətbiq olunur (bax yuxarıda 40-cı bəndə) və beləliklə ərizəçiyə ratione loci tətbiq olunur; buna görə də o, Beynəlxalq Cinayət Məhkəməsinin (İcra) Aktının 88-ci bəndindən üstündür.
64. Galiç Niderlanda qarşı (Galić v. the Netherlands), № 22617/07, AİHM 2009, işdəki ərizəçidən fərqli olaraq, hazırki ərizəçi hər hansı beynəlxalq quruma aid edilən hərəkət və ya hərəkətsizlikdən şikayət etmirdi. O bildirdi ki, Beynəlxalq Cinayət Məhkəməsi təsdiq edib ki, o, daha onu həbsdə saxlamaq üçün hər hansı qüvvədə olan hüquqa malik deyil; o, onu yalnız Niderlandda davam edən sığınacaqla bağlı icraatın məqsədləri baxımından saxlayır. Ərizəçinin Beynəlxalq Cinayət Məhkəməsinin sahəsində saxlanmasının davam etdirilməsini xahiş edərək, Məhkəməyə verbal qeyd (notes verbales) göndərməklə, ərizəçinin onun həbs yerinə köçürülməsini hətta müzakirə etməkdən imtina etməklə və onun həbsinə xitam vermək üçün öz adından müdaxilə etməkdən imtina etməklə, ərizəçinin indiyədək özünün həbs yerinə köçürülməsinin qarşısını alan Niderland Hökuməti olub. Bununla belə bu təsdiq etdi ki, onun həbsdə saxlanmasının davam etdirilməsi Niderlanda aid olan hərəkət və hərəkətsizliyinin birbaşa və birmənalı nəticəsi olub.
65. Alternativ olaraq, əgər Məhkəmə müəyyən etsə ki, ərizəçi Beynəlxalq Cinayət Məhkəməsinin səlahiyyəti altında saxlanılıb, o iddia etdi ki, Niderland bu səbəbdən ona münasibətdə Konvensiyaya əsasən öhdəliklərindən azad edilmir.
66. Keçmiş Avropa İnsan Hüquqları Komissiyasının təcrübəsinə, xüsusilə də M. Almaniyaya qarşı iş (M. v. Germany) (№13258/87, Komissiyanın 9 fevral 1990-cı il qərarı, Qərarlar və Toplular (QT) və Haynz Avropa Patent Konvensiyasının Razılığa gələn iştirakçı Dövlətlərə qarşı işi (Heinz v. the Contracting States party to the European Patent Convention) belə ki, onlar Avropa İnsan Hüquqları Konvensiyasının Razılığa gələn Yüksək Tərəfləridir, yəni Avstriya, Belçika, Danimarka, Fransa, Almaniya, Yunanıstan, İrlandiya, İtaliya, Lixtenşteyn, Lüksemburq, Niderland, Norveç, Portuqaliya, İspaniya, İsveç, İsveçrə və Birləşmiş Krallıq (№ 21090/92, Komissiyanın 10 yanvar 1994-cü il qərarı, QT 76‑A), və Məhkəmənin presedent hüququna, yəni Metyus Birləşmiş Krallığa qarşı iş (Matthews v. the United Kingdom) ([Böyük Palatanın qərarı], № 24833/94, AİHM 1999‑I), Vayte və Kennedi Almaniyaya qarşı iş (Waite and Kennedy v. Germany) [Böyük Palatanın qərarı], № 26083/94, AİHM 1999‑I) və Lixtenşteyn Şahzadəsi Hans-Adam Almaniyaya qarşı iş (Prince Hans-Adam II of Liechtenstein v. Germany) ([Böyük Palatanın qərarı], № 42527/98, AİHM 2001‑VIII) istinad edərək, ərizəçi bildirdi ki, Beynəlxalq Cinayət Məhkəməsinin təqdim etdiyi insan hüquqlarının müdafiəsi səviyyəsi onun ehtiyacları üçün kifayət etmir, belə ki, Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyətini tənzimləyən müqavilələrdə və qaydalarda onun həbsdə saxlanmasının özünəməxsus vəziyyətinə aid olan heç nə yoxdur. Bundan əlavə, hətta Beynəlxalq Cinayət Məhkəməsinin şübhəli şəxslərə münasibətdə müdafiənin səviyyəsi kifayət deyil: Bembanın işi üzrə 2 dekabr 2009-cu il qərarı (bax yuxarıda 42-ci bənd) aydın etdi ki, şübhəli şəxsi qəbul etməyə hazır olan və istənilən şərtlərin yerinə yetirilməsini təmin edə bilən hər hansı Dövlət müəyyən edilmədikdə onun şərti azad edilməsi mümkünsüzdür.
67. Ümumilikdə, ərizəçinin alternativ arqumenti odur ki, ilk dəfə Bosfor Hava Yolları Turizm və Ticarət Anonim Şirkəti İrlandiyaya qarşı işdə (Bosphorus Hava Yolları Turizm ve Ticaret Anonim Şirketi v. Ireland) ([Böyük Palatanın qərarı], № 45036/98, § 156, AİHM 2005‑VI) ifadə edilən fərziyyə - yəni, əsas hüquqların ən azı Konvensiyanın nəzərdə tutduğuna ekvivalent hesab oluna bilən qaydada müdafiə olunduğu halda, beynəlxalq təşkilatın üzvlüyündən irəli gələn hüquqi öhdəliklərə müvafiq olaraq görülən Dövlət tədbiri Konvensiyanın tələblərinə uyğundur - rədd olunmuşdur və müvafiq olaraq müdaxilə etmək Niderlandın vəzifəsi idi.
2. Məhkəmənin qiymətləndirməsi
68. Məhkəmə ərizəçinin arqumentinin üç sütununu növbə ilə nəzərdən keçirəcək.
(a) Ərazi prinsipi
69. “Yurisdiksiya” beynəlxalq ümumi hüquqda və həmçinin Konvensiyanın 1-ci Maddəsinin mənasına görə əsasən ərazi anlayışıdır. Konvensiya öhdəliyi adətən fiziki olaraq ərazisində olmaq anlamında, Razılığa gələn Dövlətin “yurisdiksiyasında” olan şəxsə münasibətdə yaranır. Lakin Məhkəmənin presedent hüququnda istisnalar tanınıb. Xüsusilə də Məhkəmə Dövlət toxunulmazlığı ilə bağlı beynəlxalq ümumi hüquqda ümümi tanınmış qaydalardan irəli gələn, Konvensiyanın 6-cı Maddəsinin 1-ci bəndində əksini tapmış məhkəməyə çatım hüququ ilə bağlı məhdudiyyətləri qəbul edib (bax MakElhinney İrlandiyaya qarşı iş (McElhinney v. Ireland) [Böyük Palatanın qərarı], № 31253/96, § 38, AİHM 2001‑XI; Al-Adsani Birləşmiş Krallığa qarşı iş (Al-Adsani v. the United Kingdom) [Böyük Palatanın qərarı], № 35763/97, § 56, AİHM 2001‑XI; və Fogarti Birləşmiş Krallığa qarşı iş (Fogarty v. the United Kingdom) [Böyük Palatanın qərarı], № 37112/97, § 38, AİHM 2001‑XI). Məhkəmə həmçinin qəbul etdi ki, fəaliyyətin müəyyən sahələrində əməkdaşlığı həyata keçirmək və ya gücləndirmək məqsədilə Dövlətlər beynəlxalq təşkilatlar yaratdığı halda və onlar bu təşkilatlara müəyyən səlahiyyətlər aid etdiyi və onlara toxunulmazlıq verdiyi halda, əsas hüquqların müdafiəsinə münasibətdə müdaxilələr ola bilər (bax Vayte və Kennedi Almaniyaya qarşı iş (Waite and Kennedy v. Germany) [Böyük Palatanın qərarı], № 26083/94, § 67, AİHM 1999‑I).
70. Galiçin (Galić) (yuxarıda istinad edilən, § 44) və Blagojeviç Niderlanda qarşı (Blagojević v. the Netherlands) (№ 49032/07, § 44, 9 iyun 2009-cu il), işləri üzrə qərarlarında, Məhkəmə müəyyən etdi ki, Cinayət məhkəmə araşdırması, ərazisində keçirildiyi Dövlətin beynəlxalq ümumi hüquq altında məsuliyyətini müəyyən etməsi aksiomatik deyil. O, göndərən Dövlətin qəbul edən Dövlətin ərazisində öz şəxsi qüvvələri üzərində və 1998-ci və 2002-ci il arasında Niderland ərazisində Şotlandiya qanunvericiliyinə əsasən məhkəmə araşdırması keçirən Niderlandda Şotlandiya Məhkəməsinin cinayət yurisdiksiyasını nəzərdə tutan NATO Qüvvələrin Statusu haqqında Sazişin VII Maddəsindən nümunələr gətirdi.
71. Yuxarıdakıları nəzərə alaraq, Məhkəmə YBCT-nin və onun binasının Haaqada yerləşməsi yeganə faktının mübahisə edilən məsələlərdə Niderland Krallığını təqsirləndirmək üçün kifayət qədər əsas olduğunu müəyyən edə bilmədi. Bu nəticəyə gələrkən Məhkəmə onun qarşısında sual qaldıran xüsusi konteksti nəzərə aldı. Məhkəmə vurğuladı ki, Galiçin (Galić) və Blagojeviçin (Blagojević) işləri Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən yaradılmış beynəlxalq tribunala, əsas insan hüquqlarına hörmət prinsipi əsasında təsis edilmiş beynəlxalq təşkilata aiddir və bundan əlavə, bu məhkəmənin təşkilini və prosedurunu tənzimləyən əsas hüquqi müddəalar onun qarşısında təqsirləndirilən şəxsləri bütün müvafiq təminatlarla təmin etmək üçün məqsədli şəkildə işlənib hazırlanmışdır.
72. Məhkəmənin fikrincə, dövlətdaxili və ya beynəlxalq, istənilən cinayət tribunalında, işin hallarından asılı olaraq ittiham və ya müdafiə tərəfi üzrə şahidlərin iştirakını təmin etmək üçün səlahiyyətlərin verilməməsi ağılasığmaz olardı. İfadə vermək istəmədikləri üçün və ya onlar fərqli əlaqədə həbsdə saxlandıqları üçün onları həbsdə saxlamaq səlahiyyəti zəruri nəticədir. Bu səlahiyyət NATO Qüvvələrin Statusu haqqında Sazişdə nəzərdə tutulur, hansı ki, VII Maddəsində göndərən Dövlətə araşdırma aparmaq və qaydanı təmin etmək üzrə ekstra-ərazi səlahiyyəti verir (bax yuxarıda 46-cı bənd); Niderlandda Şotlandiya Məhkəməsi üçün Yüksək Cinayət Məhkəməsinin (Niderlandda icraat) (Birləşmiş Millətlər) 1998-ci il Qərarının 12-ci bəndində olduğu kimi (bax yuxarıda 50-ci bənd), keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı üçün özünün Prosedur və Sübutetmə Qaydalarının 90 bis Qaydasında (bax yuxarıda 45-ci bənd) buna dair aydın müddəa nəzərdə tutulub.
73. Ərizəçi Beynəlxalq Cinayət Məhkəməsinin icraatında olan cinayət prosesində müdafiə tərəfin şahidi kimi Niderlanda gətirilmişdi. O, artıq öz mənşə ölkəsində həbs olunmuşdu və Beynəlxalq Cinayət Məhkəməsində həbsdə saxlanılır. Ərizəçinin Niderland torpağında azadlıqdan məhrum olması faktı özlüyündə Konvensiyanın 1-ci Maddəsinin məqsədləri baxımından başa düşülməli olan ifadə kimi Niderlandın “yurisdiksiyası” çərçivəsində onun həbsinin qanuniliyinə toxunan sualları qaldırmaq üçün yetərli deyil.
74. Lakin ərizəçinin işi bununla bağlıdır ki, indi o, ifadə verdikdən sonra, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən onun həbsdə saxlanılmasının davam etdirilməsinin qanunda hər hansı əsası yoxdur. Beləliklə yaranmış boşluq yalnız Konvensiyanın birbaşa olaraq tətbiq olunduğu Niderlandın hüquqi sistemi ilə doldurula bilər.
75. Məhkəmə müəyyən edir ki, ərizəçi Konqo Demokratik Respublikasına qayıtmayana qədər və ya onların xahişi ilə Niderland hakimiyyət orqanlarına təhvil verilənə qədər, onun həbsdə saxlanması üçün hüquqi əsas Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun 93-cü Maddəsinin 7-ci bəndinə əsasən Beynəlxalq Cinayət Məhkəməsi və Konqo Demokratik Respublikasının hakimiyyət orqanları arasında bağlanmış razılaşma qalır. Bu, I Məhkəmə Palatasının 1 sentyabr 2011-ci il Əmrində və onun 15 dekabr 2011-ci il Qərarında əks olunub (bax yuxarıda 23 və 24-cü bəndlər), onlar aydınlaşdırır ki, Beynəlxalq Cinayət Məhkəməsi onun ərazisində ərizəçinin iştirakı üçün səbəbin mövcudluğu dayandıqda, Statutunun 93-cü Maddəsinin 7-ci bəndinin (b) yarımbəndinə əsasən onu Konqo Demokratik Respublikasına qaytarmaq üzrə öhdəliyini yerinə yetirməyi gözləyir. Beləliklə hər hansı boşluq mövcud deyil.
(b) Beynəlxalq Cinayət Məhkəməsinin təqdim etdiyi insan hüquqları təminatlarının iddia edilən yetərsizliyi
76. Bosfor Hava Yolları Turizm və Ticarət Anonim Şirkəti işində (Bosphorus Hava Yolları Turizm ve Ticaret Anonim Şirketi (yuxarıda istinad edilən, §§ 152-56; bax həmçinin Cooperatieve Producentenorganisatie van de Nederlandse Kokkelvisserij U.A. Niderlanda qarşı iş (qərar.), № 13645/05, AİHM 2009), Məhkəmə qərara alır:
“152. Konvensiya, bir tərəfdən, Razılığa gələn Tərəflərə fəaliyyətin müəyyən sahələrdə əməkdaşlığı həyata keçirmək üçün suveren hakimiyyətini beynəlxalq (çoxmillətli daxil olmaqla) təşkilata ötürməyi qadağan etmir (bax [M. & Co. Almaniya Federativ Respublikasına qarşı iş (M. & Co. v. the Federal Republic of Germany) (№ 13258/87, Komissiyanın 9 fevral 1990-cı il qərarı, Qərarlar və Toplular (QT) 64, s. 138] və [Metyus Birləşmiş Krallığa qarşı iş (Matthews v. the United Kingdom) [Böyük Palatanın qərarı], № 24833/94, § 32, AİHM 1999-I]). Bundan əlavə, hətta belə ötürülən suveren hakimiyyətin sahibi kimi, həmin təşkilat Razılığa gələn Tərəf olmadığından, orqanlarındakı icraata və ya qərarlarına görə özü Konvensiya altında öhdəlik daşımır (bax Confédération française démocratique du travail Avropa İqtisadi Birliyinə qarşı iş (Confédération française démocratique du travail v. European Communities), № 8030/77, Komissiyanın 10 iyul 1978-ci il qərarı, QT 13, s. 231; Dufay Avropa İqtisadi Birliyinə qarşı iş (Dufay v. European Communities), № 13539/88, Komissiyanın 19 yanvar 1989-cu il qərarı, qərarlar toplusunda yoxdur; və hər ikisi yuxarıda istinad edilən, M. və Co.-nun işi (M. & Co.) s. 144, və Metyusun işi (Matthews), § 32).
153. Digər tərəfdən həmçinin qəbul olunub ki, Razılığa gələn Tərəf orqanlarının bütün hərəkət və hərəkətsizliklərinə görə, bu hərəkət və ya hərəkətsizliyinin dövlətdaxili qanunvericiliyin və ya beynəlxalq hüquqi öhdəlikləri yerinə yetirmək zərurətinin nəticəsi olduğundan asılı olmayaraq, Konvensiyanın 1-ci Maddəsinə əsasən məsuliyyət daşıyır. 1-ci Maddə sözügedən qaydanın və ya tədbirin növünə fərq qoymur və Razılığa gələn Tərəfin ‘yurisdiksiyasının’ hər hansı hissəsinin Konvensiyaya əsasən yoxlanmasını istisna etmir (bax Türkiyənin Birləşmiş Kommunist Partiyasi və Başqaları Türkiyəyə qarşı iş (United Communist Party of Turkey and Others v. Turkey) 30 yanvar, 1998-ci il tarixli qərar, Qərarlar toplusu 1998-I, səh. 17-18, § 29).
154. Bu iki mövqeni uyğunlaşdıraraq və bununla da Dövlətin tədbirinin öz suverenliyinin bir hissəsini ötürdüyü beynəlxalq təşkilata üzvlüyündən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ilə əsaslandırıla biləcək həddi müəyyən etməklə, Məhkəmə etiraf etdi ki, Razılığa gələn Tərəfləri belə ötürmə ilə əhatə olunan sahələrdə onların Konvensiya altında məsuliyyətindən tamamilə azad etmək Konvensiyanın məqsəd və predmetinə zidd olacaq; Konvensiyanın təminatları mülahizəyə əsasən məhdudlaşdırıla və ya istisna edilə bilər, bununla da o imperativ xarakterindən məhrum edilər və onun təminatlarının praktiki və səmərəli təbiəti sarsılar (bax M. & Co., səh. 145, və Vayte və Kennedi Almaniyaya qarşı iş (Waite and Kennedy v. Germany) [Böyük Palatanın qərarı], № 26083/94, AİHM 1999‑I). Konvensiyanın qüvvəyə minməsindən sonra müqavilə öhdəliklərinə münasibətdə Dövlətin Konvensiya məsuliyyətini saxlaması nəzərdə tutulur (bax müvafiq dəyişikliklərlə, yuxarıda istinad edilən Metyusun işi (Matthews) §§ 29 və 32-34, və Lixtenşteyn Şahzadəsi Hans-Adam Almaniyaya qarşı iş (Prince Hans-Adam II of Liechtenstein v. Germany) ([Böyük Palatanın qərarı], № 42527/98, AİHM 2001‑VIII).
155. Məhkəmənin fikrincə belə hüquqi öhdəliklərə uyğun olaraq görülən Dövlət tədbiri, hər ikisinə, təqdim edilən əsas təminatlara və onların yerinə yetirilməsinə nəzarət edən mexanizmlərə münasibətdə, ən azı Konvensiyanın nəzərdə tutduğuna ekvivalent hesab oluna bilən qaydada, müvafiq təşkilatın əsas hüquqları qoruması nəzərdə tutulduğu qədər əsaslandırılır (bax yuxarıda istinad edilən M. & Co., səh, 145, tərəflərin və Avropa Komissiyasının razılaşdığı yanaşma). ‘Ekvivalent’ dedikdə Məhkəmə ‘müqayisə edilə bilən’ nəzərdə tutur; təşkilatın müdafiəsinin ‘eyni’ olması ilə bağlı istənilən tələb yürüdülən beynəlxalq əməkdaşlığın maraqlarına zidd ola bilər. ... Lakin hər hansı belə ekvivalentliliyin müəyyən olunması yekun ola bilməz və insan hüquqlarının müdafiəsində istənilən müvafiq dəyişiklikliyə nəzərən yoxlamaya məruz qalacaq.
156. Əgər belə ekvivalent müdafiənin təşkilat tərəfindən təmin olunması nəzərdə tutulursa, ehtimal edilir ki, Dövlət təşkilatın üzvlüyündən irəli gələn hüquqi öhdəliklərin yerinə yetirilməsindən artıq heç nə etmirsə, o, Konvensiyanın tələblərini pozmur. Lakin konkret işin hallarında, Konvensiya hüquqlarının müdafiəsinin açıq-aşkar natamam olması hesab olunsa, istənilən belə ehtimal təkzib oluna bilər.
Belə halda, Konvensiyanın insan hüquqları sahəsində ‘Avropa ictimai asayışının konstitusional aləti’ kimi rolu beynəlxalq əməkdaşlığın maraqlarından üstün olacaq (bax Loizidou Türkiyəyə qarşı iş (Loizidou v. Turkey) (ilkin etirazlar), 23 mart 1995-ci il tarixli qərar, Seriya A № 310, səh. 27-28, § 75).”
77. Ərizəçinin mövqeyinə görə onun həbsdə saxlanma vəziyyətinə uyğun olan əsas hüquqlarının müdafiəsi çatımlı deyil.
78. Dövlət Şurasının İnzibati Yurisdiksiya Bölməsi kimi, Məhkəmə də artıq müəyyən edib ki, ərizəçinin həbsdə saxlanması Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyətini tənzimləyən və həmçinin Niderland üçün məcburi olan beynəlxalq hüququn müddəalarına əsaslanır.
79. Məhkəmə qeyd edir ki, Beynəlxalq Cinayət Məhkəməsi özünün Prosedur və Sübutetmə Qaydalarının 87-ci və 88-ci Qaydalarına əsasən şahidlərin əsas hüquqlarının pozulmamasını təmin etmək üçün qoruyucu tədbirlər, və ya digər xüsusi tədbirlər barədə sərəncam vermək səlahiyyətinə malikdir. O qeyd edir ki, Məhkəmə Palatası özünün 4 iyul 2011-ci il tarixli qərarında faktiki olaraq bu səlahiyyətlərdən istifadə edib (bax yuxarıda 18-ci bənd).
80. Həlledici ola bilməz ki, qeyd edilən səlahiyyətlərindən istifadə edərək Məhkəmə Palatasının verdiyi sərəncamlar, ərizəçinin bildirməsi göründüyü kimi, mütləq halda ərizəçinin Konqo Demokratik Respublikasının hakimiyyət orqanları tərəfindən həbsdə saxlanmasından azad olunması ilə nəticələnməyəcək. Konvensiya öz ərazisində beynəlxalq cinayət tribunalını qəbul etməyə razılıq vermiş Dövlətin üzərinə, tribunal ilə onun üzvü olmayan Dövlətlər arasında qanuni bağlanmış razılaşmalara əsasən azadlıqdan məhrumetmənin qanuniliyini nəzərdən keçirmək yükünü qoymur.
(c) Niderland tərəfindən ərizəçinin sığınacağın verilməsi ilə bağlı müraciətinə baxmaq yurisdiksiyasının qəbulu
81. Məhkəmənin təşəkkül tapmış presedent hüququna əsasən, Razılığa gələn tərəflər bərqərar olmuş beynəlxalq hüquq məsələsi kimi və Konvensiya daxil olmaqla, onların müqavilə öhdəliklərinə əsasən, əcnəbilərin ölkəyə girişinə, qalmasına və ölkədən çıxmasına nəzarət etmək hüququna malikdirlər (bax, digər qərarlarla yanaşı, Abdulaziz, Kabales və Balkandali Birləşmiş Krallığa qarşı iş (Abdulaziz, Cabales and Balkandali v. the United Kingdom), 28 may 1985-ci il, § 67, Seriya A № 94; Boujlifa Fransaya qarşı iş (Boujlifa v. France), 21 oktyabr 1997-ci il, § 42, Qərarlar və Qərardadlar Toplusu 1997-VI; yuxarıda istinad edilən Hirsi Jamaa və Başqalarının işi (Hirsi Jamaa and Others), § 113; və Kuriç və Başqaları Sloveniyaya qarşı iş (Kurić and Others v. Slovenia) [Böyük Palatanın qərarı], № 26828/06, § 355, 26 iyun 2012-ci il). Məhkəmə həmçinin qeyd edir ki, siyasi sığınacaq hüququ Konvensiya və ya onun Protokollarında nəzərdə tutulmayıb (bax, yenidən digər qərarlarla yanaşı, Vilvarajah və Başqaları Birləşmiş Krallığa qarşı iş (Vilvarajah and Others v. the United Kingdom), 30 oktyabr 1991-ci il, § 102, Seriya A № 215; Çahal Birləşmiş Krallığa qarşı iş (Chahal v. the United Kingdom), 15 noyabr 1996-cı il, § 73, Qərarlar toplusu 1996‑V; və yuxarıda istinad edilən Hirsi Jamaanın işi (Hirsi Jamaa and Others)). Bundan əlavə, Konvensiya mahiyyət etibarilə şəxsin vətəndaşı olmadığı Dövlətin ərazisinə daxil olmaq, orada yaşamaq və ya qalmaq hüququna təminat vermir (bax, son qərarlara, Kane Kiprə qarşı iş (Kane v. Cyprus) (dec.), № 33655/06, 13 sentyabr 2011ci il; H. Niderlanda qarşı iş (H. v. the Netherlands) № 37833/10, 18 oktyabr 2011-ci il; və yuxarıda istinad edilən Kuriçin işi (Kurić and Others)). Nəhayət, prinsipcə, Dövlətlər öz ərazilərində xarici vətəndaşlara immiqrasiya prosesinin nəticəsini gözləməyə imkan vermək öhdəliyini daşımırlar (bax, müvafiq dəyişikliklərlə, Nsona Niderlanda qarşı iş (Nsona v. the Netherlands), 28 noyabr 1996-cı il, § 93, Qərarlar toplusu 1996‑V; Çandra və Başqaları Niderlanda qarşı iş (Chandra and Others v. the Netherlands) (dec.), № 53102/99, 25 avqust 1999-cı il; Benamar və Başqaları Niderlanda qarşı iş (Benamar and Others v. the Netherlands) (dec.), № 43786/04, 5 aprel 2005; və Haydari və Başqaları Niderlanda qarşı iş (Haydarie and Others v. the Netherlands) (dec.), № 8876/05, 20 oktyabr 2005-ci il).
82. Ərizəçinin arqumenti odur ki, Niderland onun sığınacaqla bağlı müraciətini araşdırmağa razılıq verdiyindən, mütləq şəkildə belə çıxır ki, Niderland onun Beynəlxalq Cinayət Məhkəməsinin ərazisində həbsdə saxlanmasının qanuniliyini yoxlamaq və onun həbsini qanunsuz hesab etdiyi halda, güman ki, öz ərazisində onun azad olunması barədə qərar vermək öhdəliyini öz üzərinə götürüb.
83. Yuxarıda istinad edilən presedent hüququnu nəzərə alaraq, Məhkəmə öz tərəfindən hər hansı belə əlaqəni görmür.
(d) Nəticə
84. Belə nəticə çıxır ki, şikayət 35-ci Maddənin 3-cü bəndinin (a) yarımbəndinin mənası baxımından Konvensiyanın müddəalarına ratione personae uyğun deyil və 35-ci Maddənin 4-ci bəndinə müvafiq olaraq rədd edilməlidir.
Bu səbəblərə görə, Məhkəmə yekdilliklə
Ərizəni qəbuledilməyən elan edir.
Santiago QuesadaJosep Casadevall
KatibSədr
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@.
Full & Egal Universal Law Academy