"Eternit" (Eternit) Fransaya qarşı (qərardad) – ərizə № 20041/10
27.3.2012 tarixli qərar [V Bölmə]
Maddə 6
6-cı maddənin 1-ci bəndi
Mülki hüquq və vəzifələr
Ədalətli məhkəmə araşdırması hüququ
Çəkişmə xarakterli icraat
Tərəflərin bərabərliyi
İşçinin xəstəliyinin peşə xəstəliyi olduğunu sübut edən tibbi sənədlərin işəgötürənə açıqlanmaması: şikayət qəbul olunmayan elan edildi
Faktlar – 2005-ci ilin dekabrında Tibbi Sığorta İdarəsi ərizəçi şirkətə peşə xəstəliyi barədə bəyannamə göndərdi, şirkətin fiziki işlə məşğul olmuş keçmiş işçilərindən birinin təqdim etdiyi sənədlər ona əlavə olunmuşdu. Tibbi Sığorta İdarəsi sonradan ərizəçi şirkətə məlumat verdi ki, onun keçmiş işçisinin işinə baxılıb və işin materialları ilə tanış olması üçün şirkətin iyirmi bir gün vaxtı var. İdarə işin materialları arasında müxtəlif sənədlər göndərmişdi və xəstəliyin peşə xəstəliyi olduğu barədə konsultant həkimin rəyi də buraya daxil idi. 2006-cı ilin fevralında Tibbi Sığorta İdarəsi ərizəçi şirkətə keçmiş işçisinin xəstəliyinin peşə xəstəliyi olduğu barədə qərar qəbul edildiyi haqqında məlumat verdi. Ərizəçi şirkət bu qərardan sosial təminat işləri üzrə məhkəməyə şikayət edərək bildirdi ki, çəkişmə xarakterli icraat prinsipinə riayət edilməyib, belə ki, Tibbi Sığorta İdarəsi həkim konsultantın rəyinin əsaslandığı tibbi məlumatları təqdim etməyib. 2008-ci ildə apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin ərizəçi şirkətin xeyrinə çıxardığı qərarı ləğv etdi və keçmiş işçinin xəstəliyi ilə əlaqədar məsrəflərinin ərizəçi şirkət tərəfindən ödənilməsi barədə Tibbi Sığorta İdarəsinin qərarını qüvvədə saxladı. Ərizəçi şirkət bu qərardan kassasiya şikayəto verdi, amma şikayəti rədd edildi.
Hüquqi məsələlər – 6-cı maddənin 1-ci bəndi: a) 6-cı maddənin 1-ci bəndinin bu işə tətbiqinin mümkünlüyü məsələsi – İşəgötürən xəstəliyin peşə xəstəliyi olduğu barədə qərardan şikayət edirsə, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri ilə əlaqədar məsələlərdə sosial təminat sisteminin xüsusi (mülki) hüquqi aspektləri nəzərə alınaraq, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin mülki hüquqi aspekti bu cür hallara tətbiq edilə bilər. İşəgötürən ilə Tibbi Sığorta İdarəsi arasında münasibətlər bir çox cəhətdən sığorta edənlə sığorta olunan arasındakı münasibətlərə bənzəyir: işəgötürən Tibbi Sığorta İdarəsinə sığorta haqları ödəyir və həmin haqlar hesabına istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin məsrəfləri ödənilir, həmçinin işəgötürəndən müvafiq şirkət üzrə istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin sayını qismən əks etdirən sığorta mükafatının ödənilməsi tələb edilir.
b) Araşdırmanın ədalətliliyi – Məhkəmələrin malik olmadıqları xüsusi biliklər tələb edən ekspertizanın tibbi rəyi onların faktlara verdiyi qiymətə təsir göstərə və xəstəliyin peşə xəstəliyi olduğu barədə onlarda əminlik yarada bilərdi. Lakin işəgötürənin işçi barəsindəki tibbi sənədlərlə və həkim konsultantın qeydləri ilə tanış olmasına icazə verilməməsi həkimin qarşısında qoyulan konfidensiallıq tələbi ilə izah olunurdu. Doğrudur, tibbi məlumatların konfidensial saxlanması hüququ mütləq hüquq deyil, lakin ərizəçi şirkətin çəkişmə xarakterli araşdırma hüququ nəzərə alınmalı olduğu kimi bu hüquq da nəzərə alınmalıdır və bu elə qaydada edilməlidir ki, bu hüquqların heç birinin mahiyyətinə xələl gətirilməsin. Bu tarazlığa o halda nail olunur ki, xəstəliyin peşə xəstəliyi olduğuna etiraz edən işəgötürən məhkəmədən müstəqil tibb ekspertinin cəlb olunmasını xahiş etmək imkanına malik olur, həmin ekspert isə işçinin tibbi sənədləri ilə tanış olmaq və (tibbi sənədlərin konfidensiallığına riayət etmək şərti ilə) məhkəməni və tərəfləri lazımi istiqamətə yönəldəcək rəyini təqdim etmək hüququna malik olur. İşçinin xəstəliyinin peşə fəaliyyəti səbəbindən və ya istehsalatda bədbəxt hadisə nəticəsində aldığı xəstəlik olduğu barədə qərarın Tibbi Sığorta İdarəsi tərəfindən qəbul edilməsi proseduru Fransa qanunvericiliyində nəzərdə tutulan və sosial təminat işləri üzrə məhkəmələr tərəfindən təmin edilən tələblərə, yəni çəkişmə prinsipinin və işəgötürəni məlumatlandırmaq öhdəliyinin tələblərinə ümumən cavab verirdi. İşəgötürənin tibbi ekspert vasitəsilə işçinin tibbi sənədləri ilə tanış olmaq imkanına malik olması işçinin tibbi sənədlərinin konfidensiallığına xələl gətirilmədən prosedurun çəkişmə xarakteri daşımasını təmin edir. Ekspertizanın işəgötürən tərəfindən tələb olunan hər bir halda deyil, yalnız məhkəmə əlindəki məlumatların yetəli olmadığını hesab etdiyi hallarda təyin olunması faktı Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması tələblərinə cavab verirdi. Hazırkı işdə ekspertizanın təyin edilməli olub-olmadığına dair fikir bildirmək Məhkəmənin funksiyasına daxil deyil, onun funksiyası bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların təqdim edilməsinin ədalətli olub-olmadığını müəyyənləşdirməkdir. Tibbi Sığorta İdarəsi qərarını yalnız həkim konsultantın rəyi əsasında qəbul etmişdi. Lakin həkim müvafiq Tibbi Sığorta İdarəsinin birbaşa tabeliyində deyildi, Muzdlu İşçilər üçün Milli Tibbi Sığorta Fondunun tabeliyində idi. Bu baxımdan o, həm Tibbi Sığorta İdarəsinin nəzdindəki inzibati xidmətlərə münasibətdə, həm də üzərinə düşən konfidensiallıq öhdəliyinə münasibətdə müstəqil idi. Beləliklə, Tibbi Sığorta İdarəsinin nəzdindəki inzibati xidmətlər də ərizəçi şirkətin tələb etdiyi tibbi sənədlərə çıxış imkanına malik deyildilər və müvafiq olaraq, Tibbi Sığorta İdarəsi bu araşdırmada ərizəçi üzərində aşkar üstünlüyə malik deyildi.
Nəticə: şikayət qəbul olunmayan elan edildi (açıq-aydın əsassız olduğuna görə).
Full & Egal Universal Law Academy