İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
Tofiq Fətullayevin Azərbaycana qarşı
33875/02 saylı şikayətinin
MƏQBULİYYƏTİNƏ DAİR
Q Ə R A R D A D
İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) Palata kimi
28 sentyabr 2006-cı il tarixdə aşağıdakı tərkibdə,
cənab X.Rozakis, Sədr,
cənab L.Lukaides,
xanım F.Tulkens,
xanım E.Steyner,
cənab X.Hacıyev,
cənab D.Spilman,
cənab S.E.Cebens, hakimlər,
və cənab S.Nilsen, Bölmə Katibi,
yuxarıda qeyd olunan 04 iyul 2002-ci il tarixdə verilmiş şikayəti nəzərə alaraq,
cavabdeh Hökumətin verdiyi qeydləri və cavab olaraq ərizəçinin təqdim etdiyi izahtaları nəzərə alaraq,
müzakirə apararaq, qərara alır:
FAKTLAR
Ərizəçi cənab Tofiq Fətullayev 1936-cı ildə anadan olmuş Bakıda yaşayan Azərbaycan vətəndaşıdır. Məhkəmə qarşısında onu Bakıda vəkil işləyən cənab T.Eminov təmsil edib. Azərbaycan Hökümətini («Hökumət») onun Məhkəmədə səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərov təmsil edib.
Tərəflərin təqdim etdiklərinə görə işin halları aşağıdakı kimi ümumiləşdirilə bilər.
21 yanvar 1992-ci il tarixli sərəncamla Binəqədi rayon İcra Hakimiyyəti (bundan sonra – «BRİH») ərizəçiyə 2x4 kiçik torpaq sahəsindən istifadə hüququ verdi. Ərizəçi bu sahədə kiçik emalatxana inşa etdirməklə, ondan kiçik ev ləvazimatlarının təmiri üçün istifadə edib. Ərizəçiyə görə, o, bütün müvafiq vergiləri və torpaqdan istifadəyə aid rüsumları ödəyib.
03 mart 2001-ci ildə BRİH torpaq sahəsini ərizəçinin istifadəsindən geri götürüb və şəhərin arxitektura bütövlüyünü pozan kiçik emalatxanaların və başqa konstruksiyaların demontacına dair Bakı şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən onun emalatxanasını dağıdıb. Nəticədə, ərizəçi öz işini itirib.
Ərizəçi əmlakından qanunsuz olaraq məhrum edilməsini iddia edərək, emalatxanasının bərpasını tələb etməklə, BRİH-ə qarşı məhkəmədə iddia qaldırıb.
25 iyun 2002-ci ildə Binəqədi rayon məhkəməsi ərizəçinin tələbini rədd edərək hesab edib ki, bu emalatxana şəhər planlaşdırma qaydalarına uyğun və ictimai maraq naminə köçürülüb. 06 sentyabr 2002-ci ildə Apellyasiya Məhkəməsi ərizəçinin şikayətini rədd edib və birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb. 10 dekabr 2002-ci ildə Ali Məhkəmə ərizəçinin şikayətini təmin etməməklə, aşağı məhkəmələrin qətnamələrini qüvvədə saxlayıb.
Ərizəçi Ali Məhkəmənin sədrinə əlavə kassasiya şikayəti verməklə, işin yenidən açılmasını tələb edib. İş yenidən açılıb və Ali Məhkəmənin Plenumunda baxılıb. 06 may 2004-cü ildə Plenum Ali Məhkəmənin 10 dekabr 2002-ci il tarixli qərarını və Apellyasiya Məhkəməsinin 06 sentyabr 2002-ci il tarixli müvafiq qətnaməsini ləğv etdi. Plenum hesab edib ki, torpaq sahəsi üzrə istifadə hüququnun ərizəçiyə verilməsinə dair sərəncamın ləğv edilməməsi baxımından, ərizəçinin emalatxanasının dağıdılmasının qanuniliyi məhkəmələr tərəfindən düzgün qiymətləndirilməyib. İş Apellyasiya Məhkəməsinə qaytarılıb.
05 avqust 2004-cü ildə Apellyasiya Məhkəməsi ərizəçinin xeyrinə qətnamə çıxarıb və ona 37.664.000 Azərbaycan manatının(AZM) ödənilməsini qət edib. Məhkəmə hesab edib ki, ərizəçi hər hansı qanuni kompensasiya olmadan əmlakından və işindən məhrum edilib. Həm ərizəçi, həm də BRİH bu qətnamədən şikayət veriblər. Ərizəçi iddia edib ki, kompensasiya çox aşağı olub və 100.000 avro tələb edib. BRİH iddia edib ki, bu kompensasiya çox yuxarı olub və ərizəçi öz tələbini əsaslandıra bilməyib. 05 oktyabr 2004-cü ildə Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb.
Həm ərizəçi, həm də BRİH öz dəlillərini təkrarlamaqla, bu qərardan əlavə kassasiya şikayəti verdilər. 27 yanvar 2005-ci ildə Ali Məhkəmənin Plenumu Ali Məhkəmənin 05 oktyabr 2004-cü il tarixli qərarını və Apellyasiya Məhkəməsinin 05 avqust 2004-cü il tarixli müvafiq qətnaməsini ləğv etdi. Plenum hesab edib ki, kompensasiyanın məbləği kifayətedici sübutlarla təsdiq edilməyib və məhkəmələr bu məbləği təyin etmək barədə qərarlarını lazımınca əsaslandırmayıblar. İş yenidən Apellyasiya Məhkəməsinə qayıdıb.
24 fevral 2006-cı ildə Apellyasiya Məhkəməsi hesab edib ki, ərizəçinin kompensasiya tələbi həddən artıq çox və əsassız olub. Məhkəmə ərizəçiyə 1.000 Yeni Azərbaycan manatı (AZN)[1] kompensasiya təyin edib. Ərizəçi bu qətnamədən kassasiya qaydasında Ali Məhkəməyə şikayət verib. Məqbuliyyətə dair hazırkı qərardadın tarixinə, Ali Məhkəmə öz yekun qərarını qəbul etməyib.
ŞİKAYƏT
Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən ərizəçi şikayət edib ki, emalatxanasını dağıtmaqla, hakimiyyət orqanları qanunsuz olaraq onu əmlakdan məhrum etmişlər.
HÜQUQİ MƏSƏLƏLƏR
Ərizəçi Konvensiyanın 1 saylı Protokolunun aşağıdakıları nəzərdə tutan 1-ci maddəsinin tələblərinə zidd olaraq mülkiyyət hüquqlarının iddia olunan pozuntusundan şikayət edib:
«Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.»
Hökumət iddia edib ki, ərizəçi əlçatan daxili vasitələri tükəndirməyib, ona görə ki, araşdırmalar hələ də davam edib. Hökumət, həmçinin bildirib ki, hər bir halda daxili məhkəmələr ərizəçinin hüquqlarının pozulduğunu təsdiq edib və əsaslı kompensasiya təyin etməklə vəziyyəti bərpa edib.
Ərizəçi qeyd edib ki, o, Məhkəməyə şikayət verməzdən əvvəl Ali Məhkəmə 10 dekabr 2002-ci il tarixli yekun qərarını qəbul etdikdə, daxili vasitələri tükəndirib. Bundan sonra, daxili məhkəmələr işi iki dəfə yenidən açıb, yalnız o səbəbə ki, Hökumət onun işində məsuliyyətdən yayınsın. Ərizəçi daha sonra bildirib ki, ona təyin olunmuş kompensasiya onun mülkiyyət hüquqlarının pozuntusunu bərpa etmək üçün kifayətedici olmayıb.
Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən daxili vasitələrin tükəndirilib-tükəndirilməməsinin və ya onun hələ də iddia edilən pozuntunun qurbanı olub-olmamasının müəyyən edilməsinə zərurət yoxdur, ona görə ki, bunun belə olduğu güman olunsa belə, şikayət aşağıdakı səbəblərə görə qeyri-məqbuldur.
Məhkəmə xatırladır ki, beynəlxalq hüququn hamılıqla qəbul olunmuş qaydalarına müvafiq olaraq, Konvensiya hər bir Tərəf Dövlət üçün bu Tərəfə aid qüvvəyə minməsindən sonrakı faktları əhatə edir (bax, Kazımova Azərbaycana qarşı (qərardad), № 40368/02, 06 mart 2003-cü il; Kadikis Latviyaya qarşı (qərardad), № 47634/99, 29 iyun 2000-ci il). Azərbaycana münasibətdə Konvensiya 15 aprel 2002-ci ildə qüvvəyə minib.
Lakin Məhkəmə qeyd edir ki, ərizəçinin emalatxanası 03 mart 2001-ci il tarixli qərarla köçürülüb və bu, Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi tarixdən əvvəlki dövrə təsadüf edir. Digər tərəfdən, bu köçürülmənin qanuniliyinə aid araşdırmalar həmin tarixdən sonra aparılıb.
Bununla bağlı, Məhkəmə hesab edib ki, onun ratione temporis səlahiyyəti iddia olunan müdaxiləni təşkil edən faktlarla əlaqədar müəyyən edilməlidir. İddia olunan müdaxilə ratifikasiyadan əvvəl, onu bərpa etməyin rədd edilməsi isə sonra olan işlərdə, Məhkəmənin zaman səlahiyyətini müəyyən edərkən sonuncu aktın saxlanması onunla nəticələnə bilər ki, Konvensiya Dövlət üçün onun qüvvəyə minməsindən əvvəl baş vermiş faktlara aid məcburi olar. Lakin bu, Konvensiyanın geriyə şamil olunmasına gətirib çıxaracaq ki, belə vəziyyət beynəlxalq hüququn ümumi prinsiplərinə zidd olar. Eyni zamanda, bu, fərdi şikayətləri qəbul etmək üzrə Məhkəmənin səlahiyyətinin tanınmasına dair Azərbaycanın bəyanatını əhəmiyyətsiz edər (bax, Bleçiç Xorvatiyaya qarşı (BP), № 59532/00, § 77-79, İHAM 2006-...; yuxarıda qeyd olunmuş Kadikis; Stamulakatos Yunanıstana qarşı (№ 1), 26 oktyabr 1993-cü il tarixli qərar, A Seriyaları, № 271, § 33).
Məhkəmə hesab edir ki, ərizəçinin emalatxanasının köçürülməsi bir anlıq hərəkət olmaqla, Konvensiyanın pozuntusunun hər hansı davamlı vəziyyətini ifadə etmir (bax, Malhus Çexiya Respublikasına qarşı (qərardad), № 33071/96, İHAM 2000-XII). Belə nəticəyə gəlinir ki, ərizəçinin mülkiyyət hüquqlarına iddia olunan müdaxilə Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə minməsindən əvvəl baş verib və buna görə, Məhkəmənin zaman səlahiyyətindən kənardır. Daxili araşdırmaların Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə minməsindən sonra aparılması faktı müdaxiləni Məhkəmənin zaman səlahiyyəti daxilinə gətirə bilməz. Bundan başqa, daxili məhkəmə araşdırmalarına gəldikdə, onların Məhkəmənin ratione temporis səlahiyyətinə düşdüyü qədər ərizəçi hər hansı ayrı şikayətləri etmir.
Belə nəticəyə gəlinir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasında Konvensiyanın müddəalarına ratione temporis ziddir və Konvensiyanın 35-ci maddəsinin 4-ci bəndinə müvafiq olaraq rədd edilməlidir.
Bu səbəblərə görə, Məhkəmə yekdilliklə
Şikayəti qeyri-məqbul elan edir.
Soren NilsenXristos Rozakis
Katib Sədr
[1] 01 йанвар 2006-жы илдян гцввяйя минмиш милли валйутанын деноминасийасына ясасян 1 АЗН 5.000 АЗМ-я бярабярдир.
Full & Egal Universal Law Academy