İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
Qəmbər və dİgərlərİ AZƏRBAYCANA QARŞI
(Şikayətlər no. 4741/06, 19552/06, 22457/06, 22654/06, 24506/06, 36105/06 və 40318/06)
Q Ə R A R D A D
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) 2010-cu il 09 dekabr tarixində Palata qismində aşağıdakı tərkibdə,
Xristos Rozakis, sədr,
Nina Vajić,
Xanlar Hacıyev,
Din Spilman,
Sver Erik Jebens,
Giorgio Malinverni,
George Nicolau, hakimlər,
və Soren Nilsen, Bölmə Katibi,
yuxarıda qeyd edilən şikayətləri, cavabdeh Hökumətin bəyanatlarını və cavab olaraq ərizəçilərin bəyanatlarını nəzərə alaraq, müzakirələrdən sonra aşağıdakı qərarı qəbul etmişdir:
FAKTLAR
Bütün ərizəçilər Məhkəmə qarşısında Bakıda fəaliyyət göstərən cənab İ.Əliyev tərəfindən təmsil edilmişlər. Azərbaycan Hökuməti (“Hökumət”) öz səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərov ilə təmsil edilmişdir.
Tərəflərin təqdim etdikləri kimi işin halları aşağıdakı qaydada ümumiləşdirilə bilər.
İsa Qəmbər tərəfindən 2006-cı il yanvarın 19-da
təqdim edilmiş 4741/06 saylı şikayət
Ərizəçi İsa Qəmbər 1957-ci il təvəllüdlü Azərbaycan vətəndaşıdır və Bakıda yaşayır.
O, 2005-ci il 06 noyabr tarixli Milli Məclisə (Parlament) seçkilərdə Azadlıq müxalifət qrupunun namizədi qismində iştirak etmişdir. O, Dairə Seçki Komissiyası (DSK) tərəfindən 20 saylı Nərimanov İkinci Seçki Dairəsi üzrə birmandatlı namizəd qismində qeydiyyata alınmışdır.
2005-ci il sentyabrın 28-dən noyabrın 4-nə qədər olan müddətdə ərizəçinin qanuni nümayəndəsi seçki orqanlarına seçki kampaniyası zamanı ortaya çıxan qanunsuzluqlar barədə dəfələrlə şikayət etmişdir. Bu şikayətlərdən hər biri DSK, Mərkəzi Seçki Komissiyası (MSK) və ya Baş Prokurorluğa edilmişdir. Həmin şikayətlərdə ərizəçilər, inter alia, iddia etmişlər ki:
(i) onun rəqiblərindən biri, hökumətyönlü namizəd səsverənlərin dəstəyini qanunsuz təbliğat metodları ilə, dairədə yol təmir işlərinə vəsait ayırmaqla qazanmağa çalışmışdır;
(ii) yerli icra və polis orqanları, eləcə də təhsil, səhiyyə və dövlət tərəfindən maliyyələşdirilən digər idarələrin rəhbərləri səsvermə prosesinə hökumətyönlü namizədlərin lehinə müdaxilə etmişlər (ərizəçinin təbliğatda iştirak edən nümayəndələrini təhdid etməklə, onun təbliğat kitabçaları və plakatlar paylamasına mane olmaqla, səsverənləri hökumətdən olan namizədlərin lehinə səs verməyə məcbur etməklə və s.);
(iii) dövlət televiziya kanalı olan AzTV Seçki Məcəlləsinin tələblərinə və Azadlıq qrupu ilə bağlanmış müqaviləyə zidd olaraq ərizəçini siyasi təbliğat üçün efir vaxtı ilə təmin etməkdən imtina etmiş, halbuki hökumətyönlü namizədlər bu növ məhdudiyyətlərə məruz qalmamışdılar; və
(iv) səsverənlərin dəqiq və yekun siyahısı vaxtında hazırlanmamış və seçicilərin identifikasiya vəsiqələrinin paylanılması Seçki Məcəlləsinin tələblərinə uyğun olmamışdır.
Ərizəçinin dediyinə görə, bütün bu şikayətlər diqqətə alınmamışdır. Şikayətlərdən bəziləri DSK tərəfindən Baş Prokurorluğa göndərilsə də, bu barədə heç bir tədbir görülməmişdir.
Səsvermə günü (2005-ci il 06 noyabr) ərizəçi səsvermə məntəqələrində baş verən qanunsuzluqlardan (səsverənlərin təhdid edilməsi kimi) DSK və MSK-ya şikayətlər etmişdir. Noyabrın 7-də o, MSK-ya DSK-da səslərin hesablanması prosedurunun Seçki Məcəlləsinin müddəalarına zidd olması iddiası ilə bağlı başqa bir şikayət təqdim etmişdir.
Seçki sonrasında tərtib edilən DSK protokoluna əsasən hökumətyönlü namizəd dairədə ən yüksək səs sayını toplamışdır.
2005-ci il 08 noyabr tarixli şikayətində (2005-ci il 10, 15 və 17 noyabr tarixli əlavələri ilə) ərizəçi DSK-dan bütün dairədə seçkinin nəticələrini qanunsuz elan etməsini tələb etmişdir. O iddia etmişdir ki, seçki qanununun iddia edilən çoxsaylı pozuntuları səbəbindən seçkinin nəticələri seçicilərin iradəsini düzgün əks etdirmir. O, inter alia, şikayət etmişdir ki:
(i) bir neçə səsvermə məntəqəsində bir qrup şəxs (polis əməkdaşları və/və ya hökumətyönlü namizədin tərəfdarları) seçiciləri qorxutmuş və təhdid etmiş və seçicilərin seçiminə müdaxilə etməyə çalışmışdır;
(ii) naməlum şəxslərin avtobuslarla müxtəlif səsvermə məntəqələrinə aparılması və bir neçə dəfə səs verdiyi “karusel” səsvermə halları olmuşdur;
(iii) bir neçə səsvermə məntəqəsində müşahidəçilər səslərin hesablanmasında iştirak etməmiş və bülletenlərin qutuya boş atılması halları baş vermişdir;
(iv) Məntəqə Seçki Komissiyaları və DSK protokollarında çoxsaylı ziddiyyətlər və fərqlər mövcud olmuşdur; və
(v) Məntəqə Seçki Protokollarına dəyişikliklər edilmişdir.
İddialarının sübutu olaraq, o, seçicilərin şikayət məktubları, müşahidəçilərin ifadələri və digər materiallardan ibarət yüzlərlə səhifələri olan sənədləri təqdim etmişdir.
MSK ərizəçilərin şikayətlərinə cavab verməmişdir.
Ərizəçinin nümayəndəsi Apellyasiya Məhkəməsinə MSK-nın ərizəçilərin şikayətlərini qanunsuz olaraq cavabsız qoyması ilə bağlı şikayət təqdim etmişdir. 2005-ci il noyabrın 24-də Apellyasiya Məhkəməsi həmin şikayəti təmin etməmişdir.
2005-ci il noyabrın 23-də MSK yekun seçki protokolunu hazırlamış və onu digər sənədlərlə birgə baxış və seçki nəticələrinin təsdiqi üçün Konstitusiya Məhkəməsinə təqdim etmişdir.
2005-ci il noyabrın 28-də ərizəçinin nümayəndəsi Apellyasiya Məhkəməsinə 20 saylı Nərimanov İkinci Seçki Dairəsində seçkinin nəticələri üzrə yekun protokolunu etibarsız elan etməsi ilə bağlı yeni müraciət etmişdir. Ərizəçi seçki orqanlarına bildirdiyi öncəki şikayətlərini yenidən əsas tutmuş və şikayət edilən qanunsuzluqlar səbəbindən həmin dairədə seçicilərin həqiqi fikrinin müəyyənləşdirilməsinin qeyri-mümkün olduğunu bildirmişdir. O, həmçinin bildirmişdir ki, bütün seçki prosesi ərzində MSK-ya 20-dən çox şikayət verməsinə baxmayaraq, sonuncu onları təhlil etməkdən boyun qaçırmışdır.
İclas zamanı MSK nümayəndəsi MSK-nın ərizəçinin bütün şikayətlərinə baxdığını və onları əsassız hesab etdiyini bildirmişdir.
2005-ci il noyabrın 29-da Apellyasiya Məhkəməsi ümumi şəkildə ərizəçinin şikayətlərinin əsassız olduğunu qeyd edərək, iddialarını təmin etməmiş və onun hər hansı bir xüsusi iddiası üzərində ayrıca dayanmamışdır.
2005-ci il dekabrın 2-də Ali Məhkəmə ərizəçinin Apellyasiya Məhkəməsinin 2005-ci il 29 noyabr qərarından verdiyi kassasiya şikayətini təmin etməmişdir.
Bu müddətdə, 2005-ci il dekabrın 1-də Konstitusiya Məhkəməsi digər seçki dairələrinin əksəriyyəti ilə birgə ərizəçinin dairəsində seçkinin nəticələrini təsdiqləmişdir.
Fuad Mustafayev tərəfindən 2006-cı il mayın 11-də
təqdim edilmiş 19552/ 06 saylı şikayət
Ərizəçi cənab Fuad Mustafayev 1948-ci il təvəllüdlü Azərbaycan vətəndaşıdır və Bakıda yaşayır.
O, 2005-ci il 06 noyabr tarixli seçkilərdə Azadlıq müxalifət qrupunun 21 saylı Nəsimi Birinci Seçki Dairəsində namizədliyini irəli sürmüşdür.
Seçki günündən sonra orqanların ilkin seçki nəticələrinə görə ərizəçi seçkidə başqa bir namizədə (Q) məğlub olmuşdur.
2005-ci il noyabrın 7-də ərizəçi MSK-ya seçki günündə müxtəlif seçki məntəqələrində baş verən qanunsuzluqlarla əlaqədar bütövlükdə seçki dairəsində seçki nəticələrinin ləğv edilməsi ilə bağlı müraciət etmişdir. 2005-ci il noyabrın 8-də və 9-da ərizəçi şikayətlərinə əlavələr etmiş və həmin iddialara dair daha xırda detalları bildirmişdir. O, inter alia, şikayət etmişdir ki:
(i) bəzi dövlət rəsmiləri, eləcə də dövlət idarələri və təşkilatları seçki prosesinə müdaxilə etmiş və seçki günü Q.-nin xeyrinə qanunsuz seçki təbliğatı aparmışdır;
(ii) Q.-nin tərəfdarları seçiciləri qorxutmuş və onların seçiminə digər yollarla da müdaxilə etməyə cəhd etmişlər;
(iii) bəzi səsvermə məntəqələrində müşahidəçilər təhdid edilmiş, polis tərəfindən saxlanılmış və səsvermə sahəsindən hər hansı bir şəkildə uzaqlaşdırılmışlar;
(iv) bəzi seçki məntəqələrində Məntəqə Seçki Komissiyasının üzvləri səslərin hesablanması prosesində iştirakçılıqdan uzaqlaşdırılmışlar;
(v) bülletenlərin qutuya boş atılması halları olmuşdur; və
(vi) bəzi seçki məntəqələrində müşahidəçilər və namizədlərin nümayəndələri Məntəqə Seçki Komissiyasının seçki protokollarının təsdiqlənmiş surətlərini əldə edə bilməmişlər.
İddialarının sübutu olaraq, ərizəçi MSK-ya, inter alia, əlində olan Məntəqə Seçki Komissiyası protokollarının surətlərini, eləcə də seçki müşahidəçilərinin şikayət edilən qanunsuzluqların müxtəlif hallarından xəbər verən ifadələrini təqdim etmişdir.
2005-ci il noyabrın 23-də ərizəçi MSK-nın 2005-ci il 21 və 22 noyabrda 21 saylı Nəsimi Birinci Seçki Dairəsinin ümumilikdə səkkiz seçki məntəqəsində seçki nəticələrinin qüvvədən salınması ilə bağlı iki qərar qəbul etdiyi barədə məlumatlandırılmışdır.
2005-ci il noyabrın 23-də MSK yekun seçki protokolunu hazırlamış və digər sənədlərlə birgə onu baxış və seçki nəticələrinin təsdiqlənməsi üçün Konstitusiya Məhkəməsinə təqdim etmişdir. MSK protokolu Q.-ni 21 saylı Nəsimi Birinci Seçki Dairəsində seçkinin qalibi kimi qələmə vermişdir.
2005-ci il noyabrın 26-da ərizəçi Apellyasiya Məhkəməsinə MSK-nın 21 saylı Nəsimi Birinci Seçki Dairəsinin seçkinin nəticələrini ləğv etməsi ilə bağlı müraciət etmişdir. O iddia etmişdir ki, MSK səkkiz seçki məntəqəsində seçkinin nəticələrini ləğv etməsinə baxmayaraq, digər on məntəqədə baş vermiş qanunsuzluqların təhlil edilməsi üçün heç bir addım atmamışdır. O, həmçinin məhkəmədən qanunsuzluqları törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi və mənəvi zərərə görə kompensasiya məsələsini həll etməsini xahiş etmişdir. İddialarının təsdiqi olaraq, ərizəçi, inter alia, Məntəqə Seçki Komissiyası protokollarının surətlərini və müşahidəçilərin ifadələrini təqdim etmişdir.
2005-ci il noyabrın 26-da Apellyasiya Məhkəməsi ərizəçinin iddiasını əsassız elan edərək təmin etməmişdir. Məhkəmə qeyd etmişdir ki, MSK həmin dairədəki şikayətləri təhlil edərək, bir çox seçki məntəqəsində seçkinin nəticələrini etibarsız elan etmiş və MSK tərəfindən digər qanunsuzluqlar aşkar edilməmişdir. Ərizəçinin iddiaları üzrə xüsusi məlumatlar vermədən məhkəmə bildirmişdir ki, ərizəçi onları müvafiq dəlillərlə sübut edə bilməmişdir.
2005-ci il noyabrın 30-da ərizəçi həmin qərardan kassasiya şikayəti vermişdir. Həmin gün Ali Məhkəmə Apellyasiya Məhkəməsinin əsaslandırmasını təkrarlayaraq ərizəçinin kassasiya şikayətini təmin etməmişdir.
2005-ci il dekabrın 1-də Konstitusiya Məhkəməsi ərizəçinin dairəsində digər seçki dairələrinin əksəriyyəti ilə birgə seçkinin nəticələrini təsdiq etmişdir.
Elçin Rzayev tərəfindən 2006-cı il mayın 19-da
təqdim edilmiş 22457/06 saylı şikayət
Ərizəçi cənab Elçin Rzayev 1961-ci il təvəllüdlü Azərbaycan vətəndaşıdır və Naftalanda yaşayır.
O, 2005-ci il 06 noyabr tarixli seçkilərdə 96 saylı Goranboy-Naftalan Seçki Dairəsində Azadlıq müxalifət qrupunun namizədi olaraq iştirak etmişdir.
Seçki günündən sonra tərtib edilən DSK protokoluna əsasən ərizəçi seçkidə başqa bir namizədə (H.) məğlub olmuşdur.
2005-ci il 08 noyabrda ərizəçi MSK-ya şikayətini bildirmiş və seçki günü baş verən qanunsuzluqlar səbəbindən dairədə seçki nəticələrinin ləğv edilməsini tələb etmişdir. O, inter alia, şikayət etmişdir ki:
(i) yerli icra və polis orqanları seçki prosesinə müdaxilə etmiş və seçki günü H.-ın lehinə qanunsuz təbliğatın aparılmasına icazə vermişdir (və ya hətta özləri də iştirak etmişlər);
(ii) bəzi seçki məntəqələrində (eləcə də, məhz hərbçilərin səsverməsi üçün yaradılanlar da daxil olmaqla) seçki müşahidəçiləri səslərin hesablanmasından öncə seçki məntəqələrindən çıxarılmışlar;
(iii) bir çox seçki məntəqələrində bülletenlərin qutuya boş atılması halları baş vermişdir; və
(iv) bəzi seçki məntəqələrində müşahidəçilərə Məntəqə Seçki Komissiyasının təsdiqlənmiş protokolları verilməmişdir.
MSK-dan qanunla nəzərdə tutulmuş üç gün ərzində cavab almayan ərizəçi 2005-ci il 14 noyabrda Apellyasiya Məhkəməsinə müraciət etmiş və MSK-nın üç gün ərzində öz münasibətini bildirməməsinin qanunsuz olduğunu bildirmişdir. 2005-ci il 16 noyabr tarixli qərardadı ilə Apellyasiya Məhkəməsi ərizəçinin 2005-ci il 08 noyabr tarixli şikayətinin mahiyyətinə MSK-da baxıldığını qeyd edərək, həmin şikayətə baxılması prosesini təxirə salmışdır. Nəhayət, MSK-nın 2005-ci il 22 noyabr tarixli qərarından sonra 2007-ci il dekabrın 7-də Apellyasiya Məhkəməsi ərizəçinin MSK tərəfindən onun şikayətinə baxılmasının gecikdirilməsi ilə bağlı şikayətini rədd etmişdir.
2005-ci il noyabrın 22-də MSK 96 saylı Goranboy-Naftalan Seçki Dairəsində 6 saylı seçki məntəqəsinin seçki nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul etmişdir.
2005-ci il noyabrın 23-də MSK yekun seçki protokolunu hazırlamış və digər sənədlərlə birgə onu baxılması və seçki nəticələrinin təsdiqlənməsi üçün Konstitusiya Məhkəməsinə təqdim etmişdir. MSK öz protokolunda 96 saylı Goranboy-Naftalan Seçki Dairəsində seçkinin qalibi olaraq H.-nı elan etmişdir.
2005-ci il noyabrın 25-də ərizəçi Apellyasiya Məhkəməsinə MSK-nın 2005-ci il 22 noyabr tarixli qərarını və 96 saylı Goranboy-Naftalan Seçki Dairəsində seçkinin nəticələrini bütövlükdə ləğv etməsi ilə bağlı müraciət etmişdir. MSK-ya bildirmiş olduğu bütün şikayətlərinin təkrarlanmasından əlavə, o, həmçinin MSK-nın iddia edilən çoxsaylı seçki qanunsuzluqlarını təhlil etməkdən boyun qaçırmasından şikayət etmişdir. İddialarının sübutu olaraq, ərizəçi, inter alia, seçki müşahidəçilərinin ifadələrini və digər sənədləri təqdim etmişdir.
2005-ci il noyabrın 26-da Apellyasiya Məhkəməsi ərizəçinin şikayətlərini əsassız elan edərək təmin etməmişdir. Məhkəmə qeyd etmişdir ki, MSK-nın bəyanatlarına əsasən 6 saylı seçki məntəqəsi istisna edilməklə, dairədə seçki prosesində heç bir qanunsuzluq baş verməmişdir. Məhkəmə ümumi şəkildə ərizəçi tərəfindən iddia edilən qanunsuzluqların bütövlükdə dairə seçki nəticələrinin ləğv edilməsi üçün əsas vermədiyini bildirmişdir.
2005-ci il noyabrın 28-də ərizəçi Ali Məhkəməyə kassasiya şikayəti vermiş və Apellyasiya Məhkəməsinin onun iddialarını hərtərəfli təhlil etmədiyi və qarşısına qoyulan sübutları müstəqil şəkildə qiymətləndirməməsindən şikayət etmişdir.
2005-ci il noyabrın 30-da Ali Məhkəmə ərizəçinin kassasiya şikayətini təmin etməmişdir. O qeyd etmişdir ki, ərizəçi tərəfindən təqdim edilən sənədlərin surətləri qeyri- məqbuldur, çünki həmin sənədlərin əsilləri və ya notarius tərəfindən təsdiq edilmiş surətləri təqdim edilməli idi.
2005-ci il dekabrın 1-də Konstitusiya Məhkəməsi digər seçki dairələrinin əksəriyyəti ilə birgə ərizəçinin dairəsində seçkinin nəticələrini təsdiq etmişdir.
Eldar Namazov tərəfindən 2006-cı il mayın 16-da
təqdim edilmiş 22654/06 saylı şikayət
Ərizəçi cənab Eldar Namazov 1956-cı il təvəllüdlü Azərbaycan vətəndaşıdır və Bakıda yaşayır.
O, 2005-ci il 06 noyabr tarixli seçkilərdə Yeni Siyasət (YeS) müxalifət qrupunun 15 saylı Yasamal Birinci Seçki Dairəsindən namizədliyini irəli sürmüşdür.
Dövlət orqanlarının seçki günündən sonrakı ilkin seçki nəticələrinə əsasən ərizəçi seçkidə hökumətyönlü namizədə məğlub olmuşdur.
Seçki günündən sonrakı naməlum tarixdə DSK müvafiq məntəqə seçki komissiyası tərəfindən tərtib edilən seçki protokollarındakı qanunsuzluqlar səbəbindən 22, 23 və 24 saylı seçki məntəqələrində seçkinin nəticələrini ləğv etməyi qərara almışdır. Ərizəçiyə həmin qərarın surəti verilməmişdir.
2005-ci il noyabrın 8-də YeS nümayəndəsi MSK-ya şikayət vermiş və sonuncudan DSK-nın 22, 23 və 24 saylı seçki məntəqələrində seçki nəticələrinin ləğv edilməsi ilə bağlı qərarını qüvvədən salmasını və dairənin digər on beş məntəqəsində baş verən qanunsuzluqlarla bağlı zəruri tədbirlər görməsini tələb etmişdir. 2005-ci il 10 noyabr tarixində ərizəçi MSK-ya yeni şikayət təqdim etmiş və həmin qanunsuzluqların daha hərtərəfli araşdırılmasını tələb etmişdir. Həmin şikayətlərdə, inter alia, iddia edilirdi ki:
(i) 22, 23 və 24 saylı seçki məntəqələrində seçkilər qanuni şəkildə aparılmış və ərizəçi səs çoxluğunu toplamışdır; həmin seçki məntəqələrində seçki nəticələrinin qüvvədən düşməsi ilə bağlı DSK-nın qərarı qanunsuz idi;
(ii) Məntəqə Seçki Komissiyasının protokolları seçki günündən sonra hökumətyönlü namizədlərin xeyrinə saxtalaşdırılmışdı; xüsusilə, namizədlərin əlində olan Məntəqə Seçki Komissiyası protokollarının surətləri və DSK-ya təqdim edilən saxtalaşdırıldıqları iddia edilən protokollar arasında fərqlər özünü göstərirdi;
(iii) bəzi seçki məntəqələrində namizədlər və müşahidəçilər Məntəqə Seçki Komissiyası protokollarının təsdiqlənmiş surətlərini əldə edə bilməmişlər; və
(iv) yerli icra və polis orqanları Məntəqə Seçki Komissiyasının və ümumilikdə seçki prosesinin işinə müdaxilə etmişlər.
İddialarının təsdiqi olaraq, ərizəçi MSK-ya, inter alia, əlində olan Məntəqə Seçki Komissiyası protokollarının surətlərini, eləcə də şikayət edilən qanunsuzluqların müxtəlif halları ilə bağlı çoxsaylı ifadələri təqdim etmişdir.
2005-ci il 23 və 26 noyabr tarixli məktubları ilə YeS nümayəndəsi 2005-ci il noyabrın 22-də MSK-nın 15 saylı Yasamal Birinci Seçki Dairəsinin 9, 21, 26 və 27 saylı məntəqələrində seçki nəticələrinin ləğvi ilə bağlı qərar qəbul etməsi haqqında məlumatlandırılmışdır.
2005-ci il noyabrın 23-də MSK yekun seçki protokolunu hazırlamış və onu digər sənədlərlə birgə baxış və seçki nəticələrinin təsdiqlənməsi üçün Konstitusiya Məhkəməsinə təqdim etmişdir. MSK-nın protokoluna əsasən 15 saylı Yasamal Birinci Seçki Dairəsinin qalibi hökumətyönlü namizəd idi.
2005-ci il noyabrın 25-də ərizəçi Apellyasiya Məhkəməsinə MSK-nın 2005-ci il 22 noyabr tarixli qərarını etibarsız elan etməsi və iddia edilən qanunsuzluqlar və hökumətyönlü namizədlərin lehinə aparılan saxtalaşdırmaları nəzərə alaraq, bütövlükdə dairədə seçkinin nəticələrinə “yenidən baxılmasını” xahiş etmişdir. MSK-ya edilən əvvəlki şikayətlərdən əlavə, ərizəçi, həmçinin iddia edilən qanunsuzluqların araşdırılması ilə bağlı MSK tərəfindən heç bir addımın atılmadığını da bildirmişdir. İddialarının sübutu olaraq, ərizəçi, inter alia, Məntəqə Seçki Komissiyasının protokollarını, müşahidəçilərin ifadələrini və digər sənədləri təqdim etmişdir.
2005-ci il noyabrın 26-da Apellyasiya Məhkəməsi ərizəçinin şikayətini əsassız elan edərək təmin etməmişdir. Ərizəçilər tərəfindən təqdim edilən Məntəqə Seçki Komissiyasının protokollarına istinadən məhkəmə qeyd etmişdir ki, DSK tərəfindən həm 22, 23 və 24 saylı, həm də 9, 21, 26 və 27 saylı seçki məntəqələrində seçki nəticələrinin etibarsız elan edilməsi qanunidir. Ərizəçinin digər seçki məntəqələrindəki qanunsuzluqlar və saxtakarlıqlarla bağlı iddialarına gəldikdə, məhkəmə qısa şəkildə bildirmişdir ki, ifadələrin surətləri və ərizəçi tərəfindən təqdim edilən sənədlər məqbul sayıla bilməz, çünki həmin ifadələrin əsilləri və ya notarius tərəfindən təsdiq edilən surətləri təqdim edilməli idi.
2005-ci il noyabrın 30-da Ali Məhkəmə ərizəçinin şikayətini Apellyasiya Məhkəməsinin 2005-ci il 26 noyabr tarixli qərarının əsaslandırması əsasında təmin etməmişdir.
2005-ci il dekabrın 1-də Konstitusiya Məhkəməsi ərizəçinin dairəsində digər seçki dairələrinin əksəriyyəti ilə birgə seçkinin nəticələrini təsdiq etmişdir.
Yaqub Məmmədov tərəfindən 2006-cı il mayın 27-də
təqdim edilmiş 24506/06 saylı şikayət
Ərizəçi cənab Yaqub Məmmədov 1941-ci il təvəllüdlü Azərbaycan vətəndaşıdır və Bakıda yaşayır.
Ərizəçi 2005-ci il 06 noyabr tarixli Milli Məclisə (Parlament) seçkilərdə seçki məqsədləri üçün bir neçə siyasi partiya tərəfindən formalaşdırılan koalisiya qüvvələri olan Yeni Siyasət müxalifət blokunun namizədi kimi çıxış etmişdir. O, DSK tərəfindən 22 saylı Nəsimi İkinci Seçki Dairəsində birmandatlı seçki namizədi olaraq qeydə alınmışdır.
Seçkilərin son rəsmi nəticələrinə əsasən ərizəçinin rəqiblərindən biri, Azərbaycan Demokratik İslahatlar Partiyasının üzvü A.M. həmin dairədə səs çoxluğunu toplamışdır.
2005-ci il 7 noyabrda ərizəçi DSK-ya şikayətlərini təqdim etmiş və inter alia, bildirmişdir ki:
(i) yerli icra və polis orqanları seçki günündə seçki prosesinə A.M.-in lehinə müdaxilə etmişlər. Xüsusən, onlar A.M.-in qələbəsini təmin etmək üçün Məntəqə Seçki Komissiyasının işinə müdaxilə etmiş və birbaşa təlimatlar vermişlər;
(ii) bəzi seçki məntəqələrində seçki müşahidəçiləri polisin köməkliyi ilə seçki gününün sonunda səslərin hesablanmasınadək seçki məntəqələrindən uzaqlaşdırılmışlar;
(iii) müxtəlif seçki məntəqələrində təkrar səsvermə və bülletenlərin qutuya boş atılması halları olmuş və müşahidəçilərin həmin hallara etiraz etməsi zamanı polis tərəfindən oradan uzaqlaşdırılmışlar;
(iv) bir neçə Məntəqə Seçki Komissiyasında seçki protokolları prosessual tələblərin ciddi pozuntuları ilə tərtib edilmişdir. Xüsusən, bəzi Məntəqə Seçki Komissiyalarında protokollar səsvermədən dərhal sonra tərtib edilməmiş və yerli icra orqanlarının əməkdaşlığı və DSK-nın üç üzvünün iştirakı ilə Nəsimi rayon icra hakimiyyətinin binasında tərtib edilmişdir;
(v) onun nümayəndəsinə seçki məntəqələrinin əksəriyyətində Məntəqə Seçki Komissiyası protokollarının surətləri verilməmiş və verildiyi hallarda bu, yalnız ATƏT müşahidəçilərinin müdaxiləsindən sonra baş tutmuşdur;
(vi) səslərin hesablanmasının ATƏT müşahidəçilərinin iştirakı ilə aparıldığı və müşahidəçilərin protokolları əldə edə bildiyi on yeddi Məntəqə Seçki Komissiyasında səsvermənin nəticələrinə görə o, qalib idi, lakin səslərin hesablanmasının beynəlxalq və yerli müşahidəçilərin iştirakı olmadan aparıldığı Məntəqə Seçki Komissiyalarında onun səsləri düzgün hesablanmamışdır.
2005-ci il noyabrın 11-də ərizəçi Baş Prokurorluğa oxşar şikayət vermişdir. 2005-ci il noyabrın 12-də Baş Prokurorluq həmin şikayəti ərizəçinin iddialarının araşdırılması təlimatı ilə MSK-ya göndərmişdir. Öz növbəsində, 2005-ci il noyabrın 23-də MSK həmin şikayəti baxılması üçün DSK-ya göndərmişdir.
Bu müddətdə, 2005-ci il noyabrın 22-də MSK 22 saylı Nəsimi İkinci Seçki Dairəsinin 27 saylı məntəqəsində seçki nəticələrinin ləğv edilməsi haqqında qərar vermişdir. 2005-ci il 23 noyabr tarixli məktubu ilə MSK ərizəçini, onun 2005-ci il 7 noyabr tarixli 196 saylı şikayətinə MSK tərəfindən baxılması və 27 saylı Seçki Məntəqəsində seçki nəticələrinin ləğv edilməsi barədə məlumatlandırmışdır.
2005-ci il noyabrın 25-də ərizəçi Apellyasiya Məhkəməsinə MSK-nın 2005-ci il 23 noyabr tarixli qərarının qanunsuz olduğunu iddia edərək şikayət vermişdir. Belə ki, MSK həmin iddiaları səmərəli araşdırmamışdır. O, həmçinin seçki qanunsuzluqları barədə şikayətlərini təkrarlamış və məhkəmədən öz dairəsində seçkinin nəticələrini etibarsız elan etməsini istəmişdir. İddialarının təsdiqi olaraq, o, inter alia, çoxsaylı ifadələri və Məntəqə Seçki Komissiyası protokollarının surətlərini təqdim etmişdir.
2005-ci il noyabrın 26-da Apellyasiya Məhkəməsi ərizəçinin şikayətlərini əsassız elan edərək təmin etməmişdir. O qeyd etmişdir ki, ərizəçi müşahidəçilərin ifadələrinin və digər sənədlərin yalnız surətlərini təqdim etmişdir ki, bu da qeyri-məqbuldur, çünki həmin sənədlərin əsilləri, yaxud da notarius tərəfindən təsdiqlənmiş surətləri təqdim edilməli idi. Bundan əlavə, o qeyd etmişdir ki, sənədlərdən hər biri seçki məntəqələrindəki müşahidəçilərin çox az bir hissəsi tərəfindən imzalanmış və bu, onların müşahidələrinin həqiqəti əks etdirmədiyini göstərirdi. Nəhayət, o qeyd etmişdir ki, ərizəçi həmin ifadələrə imza edən müşahidəçilərin kimliyini sübut edən sənədləri təqdim etməmiş və məhkəmə iclasında onları şahid qismində iştirak etməyə dəvət etməmişdir.
2005-ci il noyabrın 28-də ərizəçi əvvəlki şikayətlərini təkrarlayaraq həmin qərardan kassasiya şikayəti vermişdir. Xüsusən, o, MSK-nın onun seçki qanunsuzluqları ilə bağlı iddialarını müfəssəl şəkildə təhlil etmədiyini bildirmişdir.
2005-ci il noyabrın 30-da Ali Məhkəmə ərizəçinin şikayətini Apellyasiya Məhkəməsinin 2005-ci il 26 noyabr tarixli qərarının əsaslandırılması ilə təmin etməmişdir.
2005-ci il dekabrın 1-də Konstitusiya Məhkəməsi 22 saylı Nəsimi İkinci Seçki Dairəsi daxil olmaqla, seçki dairələrinin əksəriyyətində seçkinin nəticələrini təsdiqləmişdir.
İlham Hüseyn tərəfindən 2006-cı il iyulun 25-də
təqdim edilmiş 36105/06 saylı şikayət
Cənab İlham Hüseyn 1954-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır və Bakıda yaşayır.
2005-ci il 06 noyabr tarixlu seçkilərdən sonra on seçki dairəsində (125 seçki dairəsindən) seçkinin nəticələri MSK və ya Konstitusiya Məhkəməsi tərəfindən qüvvədən salınmış və həmin dairələrdə təkrar seçkilərin keçirilməsi 2006-cı il 13 may tarixinə planlaşdırılmışdır.
Ərizəçi 2006-cı il 13 may tarixli təkrar seçkilərdə 31 saylı Suraxanı İkinci Seçki Dairəsindən birmandatlı və heç bir partiyaya mənsub olmayan namizəd qismində iştirak etmişdir.
Seçki günündən sonra tərtib olunan DSK protokoluna əsasən ərizəçinin rəqiblərindən biri, Yeni Azərbaycan Partiyasının üzvü və Odlar Yurdu Universitetinin (OYU) rektoru A.V. dairədə səslərin çoxluğunu toplamışdır.
2006-cı il mayın 16-da ərizəçi MSK-ya şikayət vermiş və inter alia, şikayətlənmişdir ki:
(i) yerli icra və bələdiyyə orqanları, eləcə də dövlət idarə və təşkilatları və OYU-nun əməkdaşları seçki günündən öncə və seçki günü A.V.-nin lehinə seçki prosesinə müdaxilə etmişlər (onun xeyrinə açıq təbliğat aparmaq və seçiciləri ona səs verməyə məcbur etməklə);
(ii) A.V.-nin tərəfdarları seçki məntəqələrində seçiciləri qorxutmuş və onların səs seçiminə digər yollarla da müdaxilə etməyə cəhd göstərmişlər;
(iii) seçki prosesi ərzində o, partiyasız nümayəndə qismində partiyasız nümayəndəliyi səbəbindən ayrı-seçkiliyə məruz qalmış və siyasi partiyaların üzvü olan namizədlərlə eyni şərtlərlə mübarizə aparmaq imkanına malik olmamışdır. Belə ki, siyasi partiyaların üzvü olan namizədlərdən fərqli olaraq, ona ödənişsiz efir vaxtı hüququ verilməmişdir;
(iv) Məntəqə Seçki Komissiyalarının bəzi üzvləri OYU-nun əməkdaşları idi, yaxud da qanuna zidd olaraq müvafiq Məntəqə Seçki Komissiyası sahəsinin sakinləri deyildilər;
(v) bəzi səsvermə məntəqələrində təkrar səsvermə və bülletenlərin qutuya boş atılması halları baş vermiş, müşahidəçilər təhdid edilmiş və səslərin hesablanması prosedurunu müşahidə etmək imkanına malik olmamışlar;
(vi) bir çox Məntəqə Seçki Komissiyalarının seçki protokolları prosessual tələblərin ciddi pozuntusu ilə tərtib edilmişdir;
(vii) onun nümayəndələrinə bir çox səsvermə məntəqələrinin Məntəqə Seçki Komissiyası protokolları verilməmiş və həmin surətlərin verilmiş olduğu hallarda isə müxtəlif namizədlərə verilən protokollarla aralarında müxtəlifliklər olmuşdur.
İddialarının təsdiqi olaraq, ərizəçi MSK-ya seçki müşahidəçilərinin ifadələrini (aktları), şikayət edilən qanunsuzluqların müxtəlif hallarından xəbər verən fotoları, A.V.-nin tərəfdarlarından əldə edilən seçici siyahısını və 15 saylı Məntəqə Seçki Komissiyası sədrinin səsvermə məntəqəsindən qanunsuz olaraq çıxarmağa çalışdığı iyirmi yeddi imzalı və sıralanmış bülletenlərin surətlərini təqdim etmişdir.
Ərizəçi MSK-ya verdiyi şikayətinə heç bir cavab ala bilmədiyi üçün 2006-cı il mayın 19-da Apellyasiya Məhkəməsinə şikayət vermiş və həmin ərizədə o, seçki qanunsuzluqları ilə bağlı iddialarını təkrar etmiş və məhkəmədən seçkinin nəticələrini ləğv etməsini xahiş etmiş, MSK-nın hərəkətsizliyindən şikayət etmişdir.
2006-cı il mayın 22-də Apellyasiya Məhkəməsi ərizəçinin şikayətini təmin etməmiş və səbəb olaraq onun öz şikayətlərini MSK-dan öncə DSK-ya verməli olduğunu göstərmişdir. 2006-cı il mayın 30-da Ali Məhkəmə Apellyasiya Məhkəməsinin 2006-cı il 22 may tarixli qərarını təsdiqləmişdir.
Bu müddətdə, 2006-cı il mayın 23-də MSK ərizəçinin 2006-cı il 16 may tarixli şikayətinə baxmış və onu əsassız elan etmişdir.
2006-cı il mayın 25-də ərizəçi Apellyasiya Məhkəməsinə şikayət ərizəsi vermiş və MSK-nın 2006-cı il 23 may tarixli qərarının qanunsuz olduğunu bildirmişdir. Belə ki, MSK iddiaları əsaslı şəkildə araşdırmamışdır. O, eləcə də qanunsuzluqlarla bağlı şikayətini təkrarlamış və məhkəmədən öz dairəsində seçkinin nəticələrini ləğv etməsini xahiş etmişdir. İddialarının təsdiqi olaraq, o, Məntəqə Seçki Komissiyası protokollarının surətlərini, müşahidəçilərin ifadələrini və MSK-ya öncədən təqdim edilmiş digər materialları da təqdim etmişdir.
2006-cı il mayın 30-da Apellyasiya Məhkəməsi ərizəçinin şikayətini əsassız elan edərək təmin etməmişdir. O qeyd etmişdir ki, ərizəçinin təqdim etdiyi ifadələr və digər materiallar yalnız kserosurətdir, bu isə məqbul hesab edilə bilməz. Bunun əvəzində həmin sənədlərin əsilləri və ya notarius tərəfindən təsdiqlənmiş surətləri təqdim edilməli idi. Bundan əlavə, o qeyd etmişdir ki, sənədlərdən hər biri müvafiq səsvermə məntəqəsinin azsaylı iştirakçıları tərəfindən imzalanmış və bu o demək idi ki, onların müşahidələri həqiqəti əks etdirmir. Nəhayət, o bildirmişdir ki, ərizəçi ifadələri imzaladığı iddia edilən müşahidəçilərin kimliklərini təsdiq edən sənəd təqdim etməmiş və məhkəmə iclaslarında onları şahid qismində iştirak etmək üçün dəvət etməmişdir.
2006-cı il iyunun 1-də ərizəçi əvvəlki şikayətlərini təkrarlayaraq həmin qərardan kassasiya şikayəti vermişdir.
2006-cı il iyunun 2-də Ali Məhkəmə ərizəçinin şikayətini Apellyasiya Məhkəməsinin 2006-cı il 30 may tarixli qərarının əsaslandırması əsasında təmin etməmişdir.
Mirmahmud Fəttayev tərəfindən 2006-cı il sentyabrın 27-də
təqdim edilmiş 40318/06 saylı şikayət
Ərizəçi, cənab Mirmahmud Fəttayev 1956-cı il təvəllüdlü Azərbaycan vətəndaşıdır və Sumqayıtda yaşayır.
Ərizəçi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (“Klassik qanad”) sədri idi. O, 2006-cı il 13 may tarixli təkrar seçkilərdə 42 saylı Sumqayıt İkinci Seçki Dairəsində birmandatlı namizəd qismində iştirak etmişdir.
2006-cı il martın 28-dən mayın 12-dək ərizəçi dəfələrlə seçki orqanlarına seçkidən əvvəlki təbliğatla bağlı qanunsuzluqlardan şikayət etmişdir. Həmin şikayətlərdən hər biri ya DSK, yaxud da MSK-ya yönəldilmişdir. Bu şikayətlərdə ərizəçi, inter alia, şikayət etmişdir ki:
(i) onun rəqiblərindən biri, Yeni Azərbaycan Partiyasının üzvü və dövlətə məxsus “Azərkimya” Konserninin rəhbəri M.K. seçicilərin səsini qanunsuz təbliğat metodları, yolların təmiri və dairədə digər abadlıq işlərinin aparılması ilə əldə etməyə cəhd göstərmişdir (təmir və digər işlər “Azərkimya”nın əməkdaşları tərəfindən onların iş saatlarında aparılmışdır);
(ii) Məntəqə Seçki Komissiyası üzvlərinin əksəriyyəti “Azərkimya”nın işçiləri idilər;
(iii) yerli icra və polis orqanları, təhsil, səhiyyə və digər dövlət təsisatları seçki prosesinə M.K.-nın xeyrinə müdaxilə etmişdir (ərizəçinin tərəfdarlarını təhdid etməklə, onun təbliğat reklamları və digər materialları paylaması və nümayiş etdirməsinə mane olmaqla, seçiciləri M.K. üçün səs verməyə məcbur etməklə);
(iv) bir sıra hallarda dövlət orqanları ərizəçinin öz seçiciləri ilə görüş keçirməsini əngəlləmişlər.
Ərizəçinin bildirdiklərinə görə, həmin şikayətlərdən bəzilərinə məhəl qoyulmamış, digərləri isə dərindən araşdırılmadan rədd edilmişdir.
Seçki günü ərizəçi DSK və MSK-ya yeni şikayətlər təqdim etmiş və bir çox səsvermə məntəqələrində baş verən qanunsuzluqlardan şikayət etmişdir.
Seçki günündən sonra tərtib edilən DSK protokoluna müvafiq olaraq M.K. dairədə səs çoxluğunu qazanmışdır.
2006-cı il mayın 16-da ərizəçi MSK-ya (DSK-ya da ona bənzər şikayət vermişdir) şikayət vermiş və ondan seçki günündən öncə, eləcə də seçki günü baş verən qanunsuzluqlarla bağlı tədbir görməsini xahiş etmişdir. Seçkidən öncəki təbliğatla bağlı öncəki iddilarından əlavə, o, inter alia, şikayət etmişdir ki:
(i) DSK-nın və Məntəqə Seçki Komissiyasının seçki protokolları arasında nəzərəçarpan rəqəm fərqləri olmuşdur (seçicilərin sayı, onların iştirakı və s.);
(ii) müxtəlif seçki məntəqələrində bir neçə müşahidəçi polis tərəfindən səsvermə məntəqəsindən çıxarılmışdır;
(iii) yerli icra və digər dövlət orqanlarının işçiləri, eləcə də M.K.-nın tərəfdarları səsvermə prosesinə müdaxilə etmiş və M.K-nın xeyrinə qanunsuz təbliğat aparmışlar;
(iv) bir neçə səsvermə məntəqəsində səslərin hesablanması prosesində bülletenlərin qutuya boş atılması halları baş vermişdir.
İddialarının təsdiqi olaraq, ərizəçi Məntəqə Seçki Komissiyası protokollarının, müşahidəçilərin ifadələrinin və digər materialların surətlərini təqdim etmişdir.
2006-cı il 19 may tarixli qısa qərarı ilə MSK ərizəçinin şikayətini əsassız elan edərək rədd etmişdir.
2006-cı il mayın 24-də ərizəçi Apellyasiya Məhkəməsinə şikayət vermiş və MSK-nın 2006-cı il 19 may tarixli qərarının qanunsuz olduğunu bildirmişdir. Belə ki, MSK onun iddialarını dərindən təhlil etməmişdir. O, həmçinin qanunsuzluqlarla bağlı şikayətlərini təkrarlamış və məhkəmədən seçki dairəsində seçkinin nəticələrini ləğv etməsini xahiş etmişdir. İddialarının sübutu olaraq o, eyni müşahidəçilərin ifadələrinin və MSK-ya daha öncə təqdim edilmiş digər materialların surətlərini təqdim etmişdir.
2006-cı il mayın 25-də Apellyasiya Məhkəməsi həmin şikayəti qəbul etməkdən imtina etmişdir. O bildirmişdir ki, MSK həmin vaxtadək seçki nəticələrinin baxışını yekunlaşdırmadığından və yekun seçki protokolunu tərtib etmədiyindən, ərizəçinin seçki nəticələrinin etibarsız elan edilməsi üzrə müraciəti erkən və əsassız idi.
2006-cı il mayın 27-də ərizəçi Apellyasiya Məhkəməsinin 2006-cı il 25 may tarixli qeyri-məqbuliyyət qərarından kassasiya şikayəti vermiş və sonuncunun onun ərizəsinə mahiyyəti üzrə baxmalı olduğunu iddia etmişdir. 2006-cı il iyunun 1-də Ali Məhkəmə Apellyasiya Məhkəməsinin 2006-cı il 25 may tarixli qərarını ləğv etmiş və işə mahiyyəti üzrə baxılması göstərişini vermişdir.
2006-cı il 2 iyun tarixli qərarı ilə Apellyasiya Məhkəməsi ərizəçinin tələblərini təmin etməmiş və ümumi şəkildə onun dairəsində seçki qanunvericiliyinin pozuntusuna yol verilmədiyini və ərizəçinin iddialarının əsassız olduğunu bildirmiş və xüsusi iddiaları ilə bağlı dərin mülahizələrə yer verməmişdir.
Ərizəçinin kassasiya şikayətinin ardından 2006-cı il iyunun 14-də Ali Məhkəmə Apellyasiya Məhkəməsinin 2006-cı il 2 iyun tarixli qərarını təsdiqləmişdir.
Bu müddətdə, 2006-cı il 27 mayda MSK təkrar parlament seçkiləri ilə bağlı yekun seçki protokolunu hazırlamış və onu digər sənədlərlə birgə baxış və seçki nəticələrinin təsdiqlənməsi üçün Konstitusiya Məhkəməsinə təqdim etmişdir.
2006-cı il mayın 31-də (Apellyasiya Məhkəməsinin birinci mərhələdə 2006-cı il 25 may tarixli qeyri-məqbuliyyət qərarından öncə və MSK-nın 2006-cı il 27 may tarixli qərarından sonra) ərizəçi, həmçinin Apellyasiya Məhkəməsinə MSK-nın 2006-cı il 27 may tarixli qərarından şikayət ərizəsi vermiş və qanunsuzluqlar barədə şikayətlərini təkrarlamış və məhkəmədən onun dairəsində seçkinin nəticələrini ləğv etməsini tələb etmişdir. İddialarının sübutu olaraq o, eyni müşahidəçilərin ifadələrinin surətlərini və həm MSK, həm də Apellyasiya Məhkəməsinə (birinci mərhələdə) təqdim etdiyi digər materialları da təqdim etmişdir. Ərizəçinin bəyanatları mahiyyətcə birinci mərhələdə etdiyi bəyanatlarla eyni idi.
2006-cı il iyunun 1-də Apellyasiya Məhkəməsi ərizəçinin 2006-cı il 31 may tarixli şikayətini əsassız elan edərək təmin etməmişdir. O qeyd etmişdir ki, ərizəçi müşahidəçilərin ifadələrinin və digər sənədlərin yalnız kserosurətlərini təqdim etmişdir, halbuki həmin materiallar məqbul hesab edilmirdi və onların yalnız əsilləri və ya notarius tərəfindən təsdiqlənmiş surətləri təqdim edilməli idi. Bundan əlavə, o qeyd etmişdir ki, sənədlərdən hər biri səsvermə məntəqələrində azsaylı şəxslər tərəfindən imza edilmiş və bu da onu göstərirdi ki, həmin ifadələr həqiqəti əks etdirmir. Nəhayət, o qeyd etmişdir ki, ərizəçi ifadələri imzaladığı iddia edilən müşahidəçilərin kimliyini təsdiq edən sənədləri təqdim etməmiş və onları məhkəmə iclasında şahid qismində iştirak etməyə dəvət etməmişdir.
2006-cı il iyunun 2-də ərizəçi əvvəlki iddialarını təsdiqləyərək kassasiya şikayəti vermişdir.
Hökumət tərəfindən təqdim edilən sənədlərə əsasən, 2006-cı il 07 iyun tarixli qərarı ilə Apellyasiya Məhkəməsi ərizəçinin kassasiya şikayətini qəbul etməkdən imtina etmiş və onun bu şikayəti qanunla nəzərdə tutulmuş üç günlük müddətdə təqdim etmədiyini bildirmişdir. Hökumətin bəyanatına görə, 2006-cı il iyunun 8-də qərar ərizəçiyə bildirilmişdir.
Ərizəçinin bildirdiklərinə görə isə, o, kassasiya şikayətinə cavab almamışdır.
ŞİKAYƏTLƏR
Ərizəçilər Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsinə və Konvensiyanın 13-cü maddəsinə əsasən seçki qanunvericiliyinin pozuntularına yol verildiyini və seçki günündən öncə, həmin gün və ondan sonra digər qanunsuzluqların baş verdiyini, nəticədə onların azad seçkilərdə namizədliklərini irəli sürmək hüququna xələl gətirildiyini və daxili orqanlar, seçki komissiyası və məhkəmələrin onların şikayətlərinə baxmadığını və həmin qanunsuzluqları araşdırmadığını bildirmişlər. Onlar, həmçinin iddia etmişlər ki, dövlət orqanlarının onların şikayətinə baxmamasının səbəblərindən biri seçki komissiyalarının təşkil edilməsi metodu idi. Belə ki, hər bir komissiyada səslərin çoxluğu hakimiyyətdə olan siyasi qüvvələrin nəzarəti altına düşürdü və komissiyaları siyasi motivli və müxalifət namizədlərini əlverişsiz vəziyyətə qoyan qərarlar qəbul etməyə istiqamətləndirirdi. Yuxarıdakı şikayətlərlə birgə ərizəçilər Konvensiyanın 14-cü maddəsinə əsasən bildirmişlər ki, bütün seçki günü ərzində müxalifət və ya partiyasız namizədlər olaraq siyasi üzvlüklərinə görə ayrı-seçkiliyə məruz qalmış və seçkilərdə hakim partiyadan olan namizədlərlə eyni şərtlərlə iştirak edə bilməmişlər. Ərizəçilər Konvensiyanın 6-cı maddəsinə əsasən daxili hüquqi icraatın ədalətsiz və qanunsuz olduğunu iddia etmişlər. 22654/06, 24506/06, 36105/06 və 40318/06 saylı ərizələrdə ərizəçilər 1 saylı Protokolun 1-ci maddəsinə müvafiq olaraq, seçki hüquqlarının pozulması nəticəsində seçki kampaniyasına ayırdıqları vəsaitdən lazımınca yararlana bilmədiklərindən şikayət etmişlər.
HÜQUQİ MƏSƏLƏLƏR
Şikayətlər ərizəçilərin seçki hüquqlarının iddia olunan pozuntularına aid 1 saylı Protokolun 3-cü maddəsi və Konvensiyanın 13 və 14-cü maddələri baxımından cavabdeh Hökumətə kommunikasiya edilmişdir.
Oxşar faktiki və hüquqi əsası nəzərə alaraq, Məhkəmə Reqlamentinin 42-ci qaydasının 1-ci bəndinə əsasən Məhkəmə şikayətləri birləşdirməyi qərara alır.
ərİzəçİlərİn seçkİ hüquqlarInIn İddia olunan
pozuntularIna daİr şİkayətlər
26 oktyabr 2010-cu il tarixli məktubla Hökumət bu şikayətlərlə qaldırılmış məsələləri həll etmək məqsədilə birtərəfli bəyanat barədə Məhkəməni məlumatlandırmışdır. Bəyanatda aşağıdakılar deyilir:
“Nemət Əliyev Azərbaycana qarşı (no. 18705/06, 08 aprel 2010-cu il) iş üzrə qərarı nəzərə alaraq, Azərbaycan Respublikasının Hökuməti - birtərəfli bəyanat vasitəsilə - təsdiq etmək istəyir ki, Yaqub Məmmədovun (şikayət no. 24506/06), ... , Mirmahmud Fəttayevin (şikayət no. 40318/06), Fuad Mustafayevin (şikayət no. 19552/06), İsa Qəmbərin (şikayət no. 4741/06), Elçin Rzayevin (şikayət no. 22457/06), Eldar Namazovun (şikayət no. 22564/06), İlham Hüseynin (şikayət no. 36105/06) Azərbaycana qarşı işlərdə ərizəçilərin 1 saylı Protokolun 3-cü maddəsinə əsaslanan hüquqları pozulmuşdur.
Hökumət mənəvi zərərə və xərc və məsrəflərə görə kompensasiya kimi hər bir ərizəçiyə 9.100 (doqquz min yüz) avro ödəməyə hazırdır. Bu məbləğlər tətbiq oluna bilən hər hansı vergidən azaddır və İnsan Hüquqları haqqında Konvensiyanın 37-ci maddəsinə müvafiq olaraq siyahıdan çıxarma barədə Məhkəmə qərarının çatdırılmasından sonra üç ay müddətində ödənməlidir. Qeyd olunan müddətin bitməsindən sonra, faiz dərəcəsi üstünə üç faiz əlavə edilməli olan, Mərkəzi Avropa Bankının təqdim etdiyi dərəcənin son həddinə əsaslanmalıdır.
Hökumət hesab edir ki, sözügedən pozuntulara görə adekvat və kifayətedici kompensasiyanın verilməsi bununla da hazırkı işlərin yekun həllini təşkil edir.
Hökumət qeyd edir ki, seçki komissiyalarının şikayətlərə baxılması prosesinin təkmişlləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Seçki Məcəlləsi - Avropa Şurasının tövsiyələri əsasında - dəyişdirilmişdir. Hökumət, həmçinin seçki qanunsuzluqlarına aid şikayətlərə gələcəkdə daxili müstəvidə səmərəli baxılmasını təmin etmək üçün lazımi qaydaları qəbul etmək və bütün zəruri tədbirləri görmək öhdəliyi götürür. Bundan başqa, ölkədə seçki prosesinə dəstək vermək üçün Azərbaycan Hökuməti ilə Avropa Şurası arasında «Azərbaycanda 2010-cu il noyabr parlament seçkilərinə dəstək məqsədilə Avropa Şurası üçün Tədbirlər Planı» qəbul edilmişdir. Bu sənəddə müxtəlif tədbirlər (siyasi, qanunvericilik, təcrübə, media məsələləri, seçicilərin maarifləndirilməsi və s.) nəzərdə tutulmuşdur. Xüsusən, Nemət Əliyev Azərbaycana qarşı iş üzrə qərarı və Məhkəmənin presedent-hüququnu, eləcə də 1 saylı Protokolun 3-cü maddəsinə aid Azərbaycana qarşı Məhkəməyə verilmiş şikayətləri nəzərə alaraq, daxili qanunvericilikdə müəyyən olunmuş şikayət sisteminin təkmilləşdirilməsi üçün seçki orqanlarının nümayəndələrinə, eləcə də hakimlərə treninqlər və seminarlar təşkil ediləcək. Şikayətlərin cinayət aspektləri üzrə prokurorlar üçün ayrıca tədris keçiriləçək. ...
Hökumət hesab edir ki, bu və oxşar işlərdə Azərbaycan Respublikasına aid Məhkəmə qərarlarının icrasına Nazirlər Komitəsinin nəzarəti bu kontekstdə sözügedən təkamülün təmin olunması üçün müvafiq və kifayətedici mexanizmi təşkil edir. Bununla bağlı, bu prosesdə lazımi əməkdaşlıq davam edəcək.
Yuxarıdakıları nəzərə alaraq, Hökumət təklif etmək istəyir ki, hazırkı işin halları Məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, Konvensiyanın 37-ci maddəsinin 1 «c» yarımbəndində göstərildiyi kimi, şikayətə baxılmasına xitam vermək üçün səbəblər mövcuddur və digər tərəfdən, Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndinin müəyyən etdiyi kimi, bu müddəaya əsasən şikayətə baxılmasının davam olunmasına ümumi xarakterli hər hansı səbəb yoxdur. Müvafiq olaraq, Hökumət Məhkəməni şikayətləri siyahıdan çıxarmağa dəvət edir.”
09 noyabr 2010-cu il tarixli ümumi məktubda ərizəçilər iddia etdilər ki, birtərəfli bəyanatın şərtləri qaneedici deyil. Onlar bildirdilər ki, Hökumət tərəfindən pozuntuların təsdiq edilməsi “formal xarakterlidir” və işlərin siyahıdan çıxarılması məqsədinə yönəlir. Daha sonra onlar iddia etdilər ki, işlərin siyahıdan çıxarılması onları daxili prosesin yenidən açılması və şikayətlərinə daxili məhkəmələrdə yenidən baxılması imkanından məhrum etmiş olar və bəyanat Hökumətin belə yenidən baxılmaya dair öhdəliyini əks etdirmir. Bundan başqa, ərizəçilər iddia etdilər ki, Seçki Məcəlləsinə Hökumətin birtərəfli bəyanatında qeyd olunmuş dəyişikliklər hazırkı işlərdə qaldırılmış məsələlərə aid vəziyyətin düzəlməsinə deyil, əksinə, bəzi seçki hüquqlarının məhdudlaşdırılmasına yönəlib. Ərizəçilər, həmçinin qeyd ediblər ki, onlar Hökumətin təklif etdiyi maddi kompensasiyanın məbləğindən razı deyil və onu həddən artıq az hesab edirlər.
Məhkəmə xatırladır ki, Konvensiyanın 37-ci maddəsi nəzərdə tutur ki, Məhkəmə bu maddənin 1-ci bəndinin “a”, “b” və ya “c” yarımbəndində göstərilmiş hər hansı qənaətə gəldikdə, icraatın istənilən mərhələsində şikayəti işlərin siyahısından çıxara bilər. Konvensiyanın 37-ci maddəsinin 1 “c” yarımbəndi xüsusilə Məhkəməyə işi siyahıdan çıxarmağa o halda imkan verir ki:
“Məhkəmənin müəyyən etdiyi başqa səbəbə görə şikayətə baxılmasının davam edilməsi əsaslı olmasın.”
Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndi aşağıdakı müddəanı nəzərdə tutur:
“Bununla belə, əgər bu Konvensiyanın və ona dair Protokolların müddəalarında müəyyən edilən insan hüquqlarına riayət olunması bunu tələb edirsə, Məhkəmə şikayətə baxmaqda davam edir.”
Məhkəmə, həmçinin xatırladır ki, müəyyən hallarda cavabdeh Hökumətin birtərəfli bəyanatı əsasında Konvensiyanın 37-ci maddəsinin 1 “c” yarımbəndinə əsasən şikayəti siyahıdan hətta o halda çıxarmaq olar ki, ərizəçi şikayətə baxılmasının davam olunmasını arzulasın. Bunu etmək üçün Məhkəmə presedent-hüququndan, o cümlədən bununla bağlı qiymətləndirilməli olan bir neçə müvafiq faktorları formalaşdıran Tahsin Acar qərarından irəli gələn prinsiplər baxımından bəyanatı diqqətlə araşdırmalıdır (baxın, Tahsin Acar Türkiyəyə qarşı (ilkin məsələ), (BP), no. 26307/95, § 76, İHAM 2003-VI). Belə müvafiq faktorların siyahısı tükəndirici deyil və hər bir işin xüsusiyyətlərindən fərqli olaraq, Konvensiyanın 37-ci maddəsinin 1 “c” yarımbəndinin məqsədləri üçün birtərəfli bəyanatın qiymətləndirilməsində digər məsələlər ortaya çıxa bilər (həmin yerdə, § 77).
Hazırkı şikayətlərə qayıdarkən, Məhkəmə qeyd edir ki, bəyanat ərizəçilərin seçki hüquqlarının pozulmasına dair açıq təsdiqnaməni əks etdirir. Hökumət eynilə hazırkı işlərin Nemət Əliyev Azərbaycana qarşı (no. 18705/06, 08 aprel 2010-cu il) işlə oxşarlığını qeyd edir. Bu işdə Məhkəmə 1 saylı Protokolun 3-cü maddəsinin pozuntusunu müəyyən etmiş və 1 saylı Protokolun 3-cü maddəsi ilə birgə Konvensiyanın 13 və 14-cü maddələrinin araşdırılmasını zəruri hesab etməmişdir. Məhkəmə, həmçinin hesab edir ki, hazırkı işlərin faktiki halları Nemət Əliyev işindəki ilə çox oxşardır, şikayətlər isə identikdir.
Bundan başqa, Məhkəmə qeyd edir ki, Konvensiyaya əsasən Hökumət Nemət Əliyev Azərbaycana qarşı iş üzrə qərarda Məhkəmənin müəyyən etdiyi pozuntuları aradan qaldırmaq məqsədilə Nazirlər Komitəsinin nəzarəti altında ümumi və zəruri hallarda fərdi tədbirləri öz daxili hüquq sisteminə daxil etmək öhdəliyi daşıyır. Hazırkı işlərdə etdiyi birtərəfli bəyanatda Hökumət Konvensiyaya əsasən məqbul səviyyədə daxili seçki şikayətləri sisteminin səmərəliliyinin təkmilləşdirilməsi məqsədilə Nemət Əliyev qərarının icrası üzrə görülməli olan zəruri ümumi tədbirlərə dair öhdəliklərinə riayət etmək vəzifələrini təsdiq etmişdir. Məhkəmə hesab edir ki, hazırkı işlərə baxılmasını davam etdirmək və Konvensiyanın həmin pozuntularını müyyən etmək qərarına gəldiyi halda, belə qərarların icrası çərçivəsində qəbul ediləcək ümumi tədbirlər hər bir halda Nemət Əliyev qərarındakı ilə eyni olar.
Ərizəçilərə təqdim olunmuş fərdi bərpa etməyə gəldikdə, Məhkəmə onların bu dəlilini nəzərə alır ki, işləri üzrə Məhkəmə qərarının olmadığı təqdirdə onlar müvafiq işlərə daxili məhkəmələrdə yenidən baxılmasına nail ola bilməzlər. Bunun düzgün olduğu qəbul edilsə belə, Məhkəmə bu dəlili aşağıdaki səbəblərə görə qəbul edə bilməz. Məhkəmə hesab edir ki, hazırkı işlərdə iddia olunan pozuntuların təbiəti belədir ki, 06 noyabr 2005-ci il tarixli seçkilərin artıq yekunlaşdığı və nəticələrin qəti olaraq təsdiq olunduğu nəzərə alınarsa, daxili icraatın yenidən açılması vasitəsilə ərizəçilərin seçki hüquqlarının pozuntusunun nəticələrinin aradan qaldırılması mümkün deyildir. Məhkəmə ərizəçilərə kompensasiyanın ödənilməsindən başqa, seçkiyə aid daxili icraatın vaxtında yenidən açılmasının ərizəçiləri sözügedən seçkilər zamanı 1 saylı Protokolun 3-cü maddəsinin tələblərinə riayət edilməməsi baş vermədiyi halda olan vəziyyətə necə qaytaracağını görmür. Buna görə, hazırkı halları və iddia olunan pozuntuların mahiyyətini nəzərə alaraq, zərərə görə kompensasiya fərdi bərpa etmə üçün yeganə mümkün və adekvat vasitədir. Məhkəmə Hökumətin təklif etdiyi kompensasiya məbləğini, yəni hər ərizəçiyə 9.100 avronu məqbul hesab edir.
Belə olan halda, Məhkəmə hesab edir ki, Konvensiyanın 37-ci maddəsinin 1 (c) bəndinin mənasına görə artıq şikayətin araşdırılmasının davam etdirilməsi əsaslı deyildir. Bundan başqa, Məhkəmə Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndində göstərildiyi kimi bu maddənin məqsədinə görə şikayətin araşdırılmasını tələb edən ümumi xarakterli səbəbləri görmür. Yuxarıdakıları nəzərə alaraq, şikayətlər siyahıdan çıxarılmalıdır.
Şikayətlərin qalan hissəsi
Ərizəçilər, həmçinin daxili məhkəmə icraatlarına aid Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişlər. Məhkəmə bununla bağlı xatırladır ki, 6-cı maddə seçki mübahisələrinə aid icraatlara tətbiq olunmur (baxın, məsələn, yuxarıda qeyd olunmuş Nemət Əliyev, § 98 və Seyidzadə Azərbaycana qarşı, no. 37700/05, § 45, 03 dekabr 2009-cu il). Belə nəticəyə gəlinir ki, Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasında şikayətlərin bu hissəsi Konvensiyanın müddəaları ilə ratione materiae ziddir və həmin maddənin 4-cü bəndinə əsasən rədd olunmalıdır.
Nəhayət, 22654/06, 24506/06, 36105/06 və 40318/06 saylı şikayətlərdə ərizəçilər 1 saylı Protokolun 1-ci maddəsinə əsasən şikayət ediblər ki, seçki hüquqlarının iddia olunan pozuntularını nəzərə alaraq, onlar seçki kampaniyalarına xərclənmiş vəsaitlərin nəticəsindən istifadə etməkdən məhrum olublar. Lakin Məhkəmə malik olduğu bütün material əsasında və şikayət olunan bütün məsələlərin onun səlahiyyətində olmasını nəzərə alaraq hesab edir ki, bu şikayət Konvensiya və onun Protokollarında müəyyən olunan hüquq və azadlıqların pozulmasına dair hər hansı görüntüləri aşkar etmir. Buna görə, bu şikayət açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndlərinə müvafiq olaraq rədd edilməlidir.
Bu səbəblərdən Məhkəmə yekdilliklə,
Şikayətləri birləşdirməyi qərara alır;
1 saylı Protokolun 3-cü maddəsinə və Konvensiyanın 13 və 14-cü maddələrinə əsasən şikayətlərə aid cavabdeh Hökumətin bəyanatının şərtlərini və orada göstərilmiş öhdəliklərə riayət edilməsini təmin etməyin mexanizmini nəzərə alır;
Yuxarıdakı şikayətlərə aid işləri Konvensiyanın 37-ci maddəsinin 1 “c” yarımbəndinə əsasən siyahıdan çıxarmağı qərara alır:;
Şikayətlərin qalan hissəsini qeyri-məqbul elan edir.
Soren NilsenXristos Rozakis
Katib Sədr
Full & Egal Universal Law Academy