İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
Fərzəli QASIMOV AZƏRBAYCANA QARŞI
(Şikayət № 20889/05)
QƏRARDAD
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (I Bölmə) Palata qismində 30 mart 2010-cu il tarixdə işə aşağıdakı tərkibdə baxaraq,
Nina Vajiç, Sədr,
Anatoli Kovler,
Elizabet Steyner,
Xanlar Hacıyev,
Din Şpilman,
Corcio Malinverni,
Corc Nikolau, hakimlər,
Andre Uampaş, Bölmə katibinin müavini,
04 may 2005-ci il tarixdə verilmiş yuxarıdakı şikayəti,
Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndinin tətbiqini və işin məqbuliyyəti və mahiyyətinə birgə baxılması ilə bağlı qərarı,
habelə Cavabdeh Hökumətin təqdim etdiyi mülahizələri nəzərə alaraq, aşağıdakıları qərara alır:
FAKTLAR
Ərizəçi, 1957-ci il təvəllüdlü cənab Fərzəli Qasımov Azərbaycan vətəndaşıdır və Şəkidə yaşayır. O, Məhkəmə qarşısında, Bakıda fəaliyyət göstərən cənab R.Hacılı ilə təmsil edilir. Azərbaycan Hökuməti (“Hökumət”) öz səlahiyyətli nümayəndəsi Ç.Əsgərov ilə təmsil edilir.
Tərəflərin verdiyi məlumatlar aşağıdakı kimi ümumiləşdirilə bilər.
Ərizəçi Azərbaycan Milli Müstəqillik Partiyasının Şəki filialının rəhbəri idi.
2000-ci il 5 noyabr tarixli parlament seçkilərindən sonra, 2000-ci il noyabrın 18-də ərizəçi Şəkidə icazə verilməmiş ictimai nümayişlərdə iştirak etmiş və həmin nümayişlər ictimai qaydanın pozulması və nümayişçilər və polis arasında zorakı toqquşma ilə nəticələnmişdir.
Həmin hadisələrin ardından ərizəçi 2000-ci il dekabrın 8-də tutulmuş və Cinayət Məcəlləsinin müvafiq olaraq 186, 233 və 315-ci maddələri üzrə “əmlakın qəsdən məhv edilməsi və zədələnməsi”, “ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə” və “hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmədə” ittiham edilmişdir. 2001-ci il iyulun 10-da məhkəmə ərizəçini bütün ittihamlar üzrə təqsirli elan edərək onu altı illik azadlıqdan məhrumetmə cəzasına məhkum etmiş və həmin qərar Apellyasiya Məhkəməsi tərəfindən 2001-ci il oktyabrın 25-də öz təsdiqini tapmışdır.
Ərizəçi cəzadan 2003-cü il fevralın 11-də Prezidentin əfv fərmanı ilə azad edilmişdir.
2003-cü ildə naməlum tarixdə ərizəçi kassasiya şikayəti vermişdir. 2003-cü il 21 iyul tarixli məktubla Ali Məhkəmə onun şikayətini qəbul etməkdən imtina etmişdir.
2003-cü il avqustun 16-da ərizəçi Ali Məhkəməyə yeni kassasiya şikayəti təqdim etmişdir. Ərizəçinin dediklərinə görə, o, həmin müraciətinə heç bir zaman cavab almamışdır.
ŞİKAYƏTLƏR
Ərizəçi Konvensiyanın 6-cı maddəsi üzrə ədalətli məhkəmə hüququnun pozulmasından şikayət edir. Belə ki, onun kassasiya şikayətinə Ali Məhkəmə tərəfindən heç bir zaman baxılmamışdır. Eləcə də, o, Konvensiyanın dəqiq olaraq heç bir müddəasına istinad etmədən, barəsində verilən qərar və ya aldığı cəzaya Ali Məhkəmə tərəfindən baxılmamasından şikayət edir.
HÜQUQİ MƏSƏLƏLƏR
2009-cu il 16 iyul tarixli məktubla Hökumətin mülahizələri ərizəçinin nümayəndəsinə göndərilmişdir, o isə 2009-cu il 16 sentyabr tarixinədək ədalətli təzminat iddiaları ilə yanaşı öz müraciətlərini bildirməli idi.
2009-cu il 20 avqust tarixli məktubu ilə ərizəçinin nümayəndəsi Məhkəməyə ünvanını dəyişdiyini bildirmişdir. Poçt vasitəsilə ərizəçinin nümayəndəsinin yeni ünvanına göndərilmiş 2009-cu il 16 oktyabr tarixli məktubla ərizəçinin nümayəndəsi ərizəçiyə öz bəyanatını bildirmək imkanı verilən müddətin 2009-cu il sentyabrın 16-da başa çatdığı və vaxtın uzadılması ilə bağlı heç bir müraciət edilmədiyi barədə məlumatlandırılmışdır. Ərizəçinin nümayəndəsinin diqqətinə Konvensiyanın 37-ci maddəsinin 1 “a” yarımbəndi çatdırılmışdır. Həmin müddəada göstərilir ki, ərizəçinin işini davam etdirmək niyyətində olmadığından xəbər verən hallarda Məhkəmə işin baxılmasını siyahıdan çıxara bilər. Ərizəçinin nümayəndəsi həmin məktubu 2009-cu il oktyabrın 23-də almışdır. Lakin heç bir cavab verilməmişdir.
Məhkəmə hesab edir ki, belə olan halda ərizəçinin Konvensiyanın 37-ci maddəsinin 1 “a” yarımbəndi çərçivəsində işini davam etdirmək niyyətində olmadığı düşünülə bilər. Bundan əlavə, Konvensiyanın 37-ci maddəsinin 1 “a” yarımbəndinə müvafiq olaraq, Məhkəmə Konvensiya və onun Protokollarında işin baxılmasını tələb edəcək insan hüquqlarına hörmətlə bağlı heç bir xüsusi hal görmür.
Yuxarıda göstərilənləri nəzərə alaraq, Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndinin tətbiqi qeyri-müvafiqdir və şikayət işlərin siyahısından çıxarılmalıdır.
Bu səbəblərdən Məhkəmə yekdilliklə işi siyahıdan çıxarmaq qərarına gəlir.
Andre Uampaş Nina Vajiç
Bölmə katibinin müavini Sədr
Full & Egal Universal Law Academy