İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
Rəhim Qaziyevin Azərbaycana qarşı
2758/05 saylı şikayətinin
MƏQBULİYYƏTİNƏ DAİR
Y E K U N Q Ə R A R D A D
İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) Palata kimi 07 iyul 2009-cu il tarixdə aşağıdakı tərkibdə,
Nina Vaciç, Sədr,
Anatoli Kovler,
Elizabet Steyner,
Xanlar Hacıyev,
Din Spilman,
Sverr Erik Cebens,
Ciorcio Malinverni, hakimlər,
və Soren Nilsen, Bölmə Katibi,
yuxarıda qeyd edilən 28 dekabr 2004-cü il tarixdə verilmiş şikayəti nəzərə alaraq,
08 fevral 2007-ci ildə qəbul olunmuş hissəvi qərardadı nəzərə alaraq,
Hökumətin təqdim etdiyi qeydləri və cavab olaraq ərizəçinin təqdim etdiyi qeydləri nəzərə alaraq,
müzakirə apararaq, qərara alır:
FAKTLAR
Ərizəçi qismində 1943-cü ildə anadan olan, Bakıda yaşayan Azərbaycan Respublikasının vətəndaşı cənab Rəhim Qaziyev çıxış edir. Onu Məhkəmə qarşısında Bakıda işləyən vəkil E.Quliyev təmsil edib. Azərbaycan Hökumətini («Hökumət») onun Məhkəmədəki Səlahiyyətli Nümayəndəsi cənab Ç.Əsgərov təmsil edib.
A. İşin halları
Tərəflərin təqdim etdiyinə görə işin halları aşağıdakı kimi ümumiləşdirilə billər.
Ərizəçi əvvəl Müdafiə Naziri olub. Xüsusilə ağır cinayətlərə görə birinci instansiya məhkəməsi qismində Ali Məhkəmə 12 may 1995-ci il tarixdə, müharibə zamanı hakimiyyətdən sui-istifadə, dövlət əmlakına talama və odlu silaha qanunsuz sahibetmə üçün ərizəçini təqsirli bilmişdir. Həmin vaxtda qüvvədə olan 1960-cı il tarixli Cinayət Məcəlləsinə əsasən, o, əmlakı müsadirə olunmaqla ölüm cəzasına məhkum olunmuşdur. Ən yuxarı məhkəmənin qərarı olmaqla hökm qəti olub və həmin vaxtda ondan şikayət verilə bilməzdir.
10 fevral 1998-ci ildə, Parlament «Azərbaycan Respublikasında ölüm cəzasının ləğvi ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Cinayət-Prosessual Məcəlləsinə və İslah-Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Qanun qəbul etdi. Bu Qanun ölüm cəzasını ömürlük azadlıqdan məhrumetmə ilə əvəz etməklə bütün müvafiq daxili müddəaları dəyişib. Ölüm cəzasına məhkum edilmiş bütün cinayətkarların, o cümlədən ərizəçinin cəzaları avtomatik olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına keçmişdir.
2000-ci ildə Azərbaycan Respublikasının yeni Cinayət-Prosessual Məcəlləsi («CPM») və yeni Cinayət Məcəlləsi qəbul olunub. 01 sentyabr 2000-ci ildə, yeni CPM-in qüvvəyə minməsindən əvvəl 14 iyul 2000-ci ildə Parlament köhnə cinayət prosessual qaydalara müvafiq olaraq çıxarılmış birinci instansiya məhkəməsinin qərarlarından şikayət etməni icazə verən keçid qanunu qəbul edib (bundan sonra – «Keçid Qanunu»).
Bundan bir az sonra, Azərbaycan Avropa Şurasına daxil olarkən, ərizəçi Baş Katibin müstəqil ekspertləri tərəfindən «siyasi məhbus» hesab olunub. Azərbaycan üzərinə öhdəlik götürüb ki, «siyasi məhbus» kimi tanınan bütün şəxsləri buraxsın və ya onların işinə yenidən baxsın.
Keçid Qanuna müvafiq olaraq, ərizəçinin işinə apellyasiya qaydasında baxılıb. Apellyasiya baxışı ərizəçinin öz cəzasını çəkdiyi Qobustan Həbsxanasında aparılıb. Həmin vaxtda Qobustan Həbsxanasına hər hansı ictimai nəqliyyat fəaliyyət göstərməyib.
26 dekabr 2003-cı ildə, Apellyasiya Məhkəməsi ərizəçinin ilkin hökmünü qüvvədə saxlayıb, lakin, yeni 2000-ci il tarixli Cinayət Məcəlləsinə əsasən onun cəzasını 15 il azadlıqdan məhrumetmə cəzasına endirib.
04 avqust 2004-cü ildə, ərizəçi bu qərardan kassasiya şikayəti verərək, Apellyasiya Məhkəməsinin fakt üzrə qənaətlərini mübahisələndirmiş və öz təqsirsizliyini iddia etmişdir.
26 oktyabr 2004-cü ildə, Ali Məhkəmə Apellyasiya Məhkəməsinin 26 dekabr 2003-cü il tarixli qərarını qüvvədə saxlayıb.
2005-ci ilin mart ayında ərizəçi Prezidentin əfv fərmanına əsasən cəzasının qalan hissəsinin çəkilməsindən azad olunub.
B. Müvafiq daxili qanunvericilik
1995-ci il tarixli Konstitusiya
Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin V hissəsi nəzərdə tutur ki, bəzi xüsusi istisnalarla, məhkəmə iclasları açıq keçirilir.
Konstitusiyanın 148-ci maddəsinin II hissəsi nəzərdə tutur ki, Azərbaycan Respublikasının tərəf olduğu beynəlxalq müqavilələr Azərbaycan Respublikası hüquq sisteminin tərkib hissəsidir.
2. Məhkəmə iclaslarının açıq xarakterinə dair hüquqi tələblər
«Məhkəmələr və hakimlər haqqında» 1997-ci il tarixli Qanunun 12-ci maddəsi nəzərdə tutur ki, bəzi xüsusi istisnalarla, məhkəmə iclasları açıq keçirilir. 2000-ci il tarixli Cinayət-Prosessual Məcəlləsinin («CPM») 27-ci maddəsinə əsasən dövlət, peşə və kommersiya sirlərinin, habelə vətəndaşların şəxsi və ailə sirlərinin qorunması halları istina olmaqla, bütün məhkəmələrdə cinayət işinin baxılması ilə bağlı iclaslar açıq keçirilməlidir. CPM-in 392.1.6-cı maddəsi nəzərdə tutur ki, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışını təyin edərkən apellyasiya instansiyası məhkəməsi işə açıq yaxud qapalı məhkəmə iclasında baxılması haqqında məsələni həll edir. CPM ictimaiyyətin iclasdan kənarlaşdırılması ilə bağlı şəxsi və ailə sirlərini açıqlayan sübutlara (199.4-cü maddə) və ya dövlət sirrinə (200.4-cü maddə) yaxud da peşə və ya kommersiya sirrinə (201.6-cı maddə) aid bir neçə halları əks etdirir.
«Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» 14 iyul 2000-ci il tarixli Qanun («Keçid Qanunu»)
Keçid Qanunun 7-ci maddəsi aşağıdakıları nəzərdə tutur:
«Bu (yeni) Məcəllənin qüvvəyə minməsindən əvvəl birinci instansiya məhkəmələrinin (köhnə) Cinayət Prosessual Məcəlləsinə əsasən çıxardıqları hökmlər və başqa yekun qərarlar (yeni) Cinayət-Prosessual Məcəlləsinin 383-407, 409-427 və ya 461-467-ci maddələrinə müvafiq olaraq apellyasiya instansiyası məhkəməsi yaxud da Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanına bilər.»
Ali Məhkəmənin səlahiyyətləri
«Məhkəmələr və hakimlər haqqında» 1997-ci il tarixli Qanunun 77-ci maddəsinə görə, Ali Məhkəmə kassasiya instansiyası məhkəməsi olmaqla, mülki, cinayət, inzibati və ümumi və ixtisaslaşdırılmış məhkəmələrin yurisdiksiyasına aid olan başqa işlər üzrə ali məhkəmə orqanıdır.
CPM-ə əsasən Ali Məhkəməyə kassasiya şikayətləri, inter alia, apellyasiya instansiyası məhkəmələrinin hökm və qərarlarından verilə bilər (408.1-ci maddə). Kassasiya şikayəti, inter alia, aşağı instansiya məhkəmələrinin hökmü ilə məhkum olunan şəxs tərəfindən verilə bilər (409.1-ci maddə). Kassasiya şikayəti şikayətçinin hansı səbəblərdən aşağı instansiya məhkəməsinin hökmünün qanunsuz, əsassız və ya ədalətsiz hesab etdiyinə dair onun mövqeyini əks etdirməlidir (413.1.4-cü maddə). Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətlərinə yalnız hüquqi məsələlər üzrə baxır və aşağı instansiya məhkəmələri tərəfindən cinayət qanunun maddi normalarının və cinayət prosesi üzrə CPM-in müddəalarının düzgün tətbiqini yoxlayır (419.1-ci maddə).
ŞİKAYƏTLƏR
Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən, ərizəçi, apellyasiya baxışının Qobustan Həbsxanasında aparılmasından şikayət edib. Həbsxana məhdud buraxılış reciminə malik olub, Bakıdan kənarda yerləşib və ictimaiyyət üçün ora getmək çətin olub.
HÜQUQİ MƏSƏLƏLƏR
Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən ərizəçi şikayət edib ki, Apellyasiya Məhkəməsinin iclasları açıq olmayıb, ona görə ki, onlar yüksək təhlükəsizlik recimində olan Qobustan Həbsxanasının sahəsində keçirilmişlər. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi müvafiq hissəsində aşağıdakıları nəzərdə tutur:
«Hər kəs ... ona qarşı cinayət ittihamı irəli sürülərkən ... ədalətli və açıq məhkəmə araşdırılması hüququna malikdir.»
A. Tərəflərin dəlilləri
Hökumət iddia edib ki, ərizəçi daxili vasitələri tükətməmişdir. O, Ali Məhkəməyə kassasiya şikayətində açıq məhkəmə araşdırılması hüququnun iddia olunan pozuntusu məsələsini qaldırmamışdır. Belə ki, həmin şikayətdə, o, yalnız daxili qanunvericiliyin tələblərinə deyil, həm də daxili hüquqi sisteminin ayrılmaz tərkib hissəsi olan Konvensiyaya istinad edə bilərdi. Bundan başqa, Hökumət iddia edib ki, o, apellyasiya baxışında açıq araşdırmanın iddia olunan keçirilməməsindən şikayət edə bildiyi fərdi konstitusiya şikayətini də Konstitusiya Məhkəməsinə verməmişdir.
Şikayətin mahiyyətinə gəldikdə, Hökumət iddia edib ki, apellyasiya baxışının həbsxanada keçirilməsi özlüyündə araşdırmanın açıq keçirilməməsi qənaətinə mütləq şəkildə gətirib çıxarmamalıdır. Hakimiyyət orqanları araşdırmanın açıqlığını təmin etmək üçün bir neçə tədbirlər görmüşlər.
Xüsusən, Hökumət bildirib ki, ictimaiyyət və media iclasların keçirildiyi yer və vaxt barədə lazımincə məlumatlandırılmışlar və iclasa səmərəli buraxılış onlara təqdim edilmişdir. Məhkəmə araşdırılmasında ictimaiyyətin iştirakının yüngülləşdirilməsi üçün, Ədliyyə Nazirliyi Bakıdan Qobustan həbsxanasına mütəmadi avtobus xidmətini təşkil edib. Məhkəmə iclasları müşahidəçilər üçün təxminən 80 yeri olan otaqda keçirilib. Məhkəmə araşdırılmasında iştirak etmək istəyən hər hansı şəxs sədrlik edən hakimə müraciət edə bilər, sonuncu isə öz növbəsində, bu şəxsin həbsxanaya buraxılmasına icazənin verilməsi məqsədilə həbsxana orqanlarına müraciət edirdi. Bu sadəcə olaraq formal xarakter daşıyıb, ona görə ki, iclasda iştirak etmək istəyən hər kəsə həbsxanaya daxil olmaq icazəsi verilmişdir.
Yuxarıda qeyd olunan dəlillərin təsdiqi kimi, Hökumət 21 iyun 2002-ci ildən 26 dekabr 2002-ci ilədək Apellyasiya Məhkəməsi tərəfindən keçirilmiş iyirmidən artıq iclasa aid bir neçə protokolların surətlərini təqdim etmişdir. Həmin sənədlərdə göstərilir ki, hər iclas ərizəçinin qohumları, müxbirlər, xarici səfirliklərin nümayəndələri, beynəlxalq təşkilatlar və yerli qeyri-hökumət təşkilatları daxil olmaqla müşahidəçilərin dəyişən sayının iştirakı ilə keçirilmişdir.
Ərizəçi iddia edib ki, o, Ali Məhkəməyə kassasiya şikayəti verməklə bütün səmərəli vasitələri tükətdirmiş və Konstitusiya Məhkəməsinə müraciət etmək ondan tələb olunmur, ona görə ki, Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndinin mənasında bu səmərəli vasitə deyildir. Lakin, ərizəçi Apellyasiya Məhkəməsində iclasların açıq keçirilməməsindən Ali Məhkəməyə kassasiya şikayətində toxunmadığı haqqında Hökumətin etirazına izah gətirməmişdir.
Şikayətin mahiyyətinə gəldikdə, ərizəçi bildirib ki, uzaq məsafədə iclasların keçirilməsinin məqsədi ictimaiyyətin iştirakını mümkün qədər azaltmaq olmuşdur və əvəzləyici tədbirlər görmək yerinə hakimiyyət orqanları ictimaiyyətin üzvləri üçün iclaslarda iştirakını «çətinləşdirmək məqsədilə süni maneələr yaratmışlar». Ərizəçi iddia edib ki, Qobustan Həbsxanasına avtobusun getməsi barədə Hökumətin dəlilləri saxtadır. O, bildirib ki, hakimiyyət orqanları müşahidəçilər üçün hər hansı nəqliyyat təşkil etməmişlər və kütləvi informasiya vasitələrini və ictimaiyyəti iclasların vaxtı və yeri barədə heç zaman məlumatlandırmamışlar. İclaslarda iştirak etmək niyyətində olanlar Bakıdan əhəmiyyətli şəkildə uzaq olan (ərizəçiyə görə 75 km) həbsxanaya öz hesablarına nəqliyyat vasitələrini təşkil etmək məcburiyyətində qalmışlar. Ərizəçi, həmçinin, ona görə istənilən vaxt yalnız 10-15 ictimaiyyət üzvünü yerləşdirə bilən iclas zalınının ölçüsü barədə Hökumətin dəlillərini mübahisələndirmişdir. O, hesab edir ki, həbsxananın həyətindəki şərait iclasın başlanılmasını uzun müddət pis havada gözləyən müşahidəçilər üçün yararlı olmamışdır.
B. Məhkəmənin mövqeyi
Məhkəmə xatırladır ki, daxili vasitələrin tükətməsi barədə qayda şikayətin müvafiq daxili məhkəmələrə sadəcə olaraq edilməsini tələb etmir və bu istifadə artıq qəbul olunmuş qərarların mübahisələndirilməsi üçün yaradılmış vasitələrə ünvanlanmalıdır. Həmçinin, bir qayda olaraq, Konvensiyanın 35-ci maddəsi adi qaydada tələb edir ki, sonradan Strasburqa veriləcək şikayətlər, heç olmasa mahiyyəti üzrə və daxili qanunvericilikdə təsbit edilmiş formal tələblərə və müddət-məhdudiyyətlərinə uyğun olaraq daxili məhkəmələrə verilməlidir (baxın? Kardo Fransaya qarşı, 19 mart 1991-ci il tarixli qərar, A Seriyaları № 200, § 34).
Daxili məhkəmələr işi öz təşəbbüsləri ilə Konvensiya baxımından araşdırmaq imkanında və ya hətta öhdəliyində olsalar belə, bu, ərizəçini həmin daxili məhkəmələrdə Konvensiyaya istinad etmək və ya onlar qarşısında dəlilləri irəli sürmək, yaxud da nəticəni əldə etməkdən azad etmir ki, bununla da, ərizəçi sonradan zərurət olduqda, Avropa nəzarətinə cavabdeh olan təsisatlarda qaldırmaq niyyətində olduğu məsələyə məhkəmələrin diqqətini çəksin (baxın, Ahmet Sadik Yunanıstana qarşı iş üzrə 15 noyabr 1996-cı il tarixli Qərar, Hesabatlar, 1996-V, §33).
İstifadə edilməli olan vasitələr yalnız onlardır ki, səmərəli olsunlar. Hökümətin üzərinə düşür ki, tükənməməsini iddia edərək Məhkəməni inandırsın ki, vasitə səmərəli olub, müvafiq vaxtda həm nəzəri, həm də təcrübədə ona müraciət etmək mümkün olub, yəni bu vasitə əlçatan olub, ərizəçinin şikayətlərinə aid kompensasiyanı təmin etməyə malik olub və uğurun əldə olunmasının əsaslı gəzləntilərini təqdim edib. Əgər bu sübutetmə yükü təmin olunbsa, ərizəçinin üzərinə düşür ki, Hökümət bidirdiyi vasitədən həqiqətən istifadə edilməsini və ya bu vasitənin işin xüsusi halları baxımından müəyyən səbəblərə görə qeyri-adekvat və səmərəsiz olduğunu yaxud da onu bu tələbdən azad edən xüsusi halların mövcudluğunu göstərsin (baxın, Akdivar və digərləri Türkiyəyə qarşı, 16 sentyabr 1996-cı il tarixli qərar, Qərar və Qərardadların Hesabatı 1996-IV, s. 1211, § 68).
Ərizəçinin kassasiya şikayətinin işdə olan surətini araşdıraraq, Məhkəmə qeyd edir ki, ərizəçi Ali Məhkəmə qarşısında nə birbaşa, nə də dolayısı ilə Apellyasiya Məhkəməsində açıq iclasların iddia olunan çatışmamazlığından şikayətini qaldırmamışdır.
Məhkəmə qəbul edib ki, ümumi qayda kimi, Ali Məhkəmə aşağı məhkəmələr tərəfindən yol verilmiş prosessual pozuntulara aid bərpa etməni təqdim edə bilən daxili cinayət araşdırmalarında adi əlçatan vasitə kimi qiymətləndirilə bilər (baxın, məsələn, Quliyev və Ramazanov Azərbaycana qarşı (qərardad), № 34553/02, 14 fevral 2006-cı il). Məhkəmə, həmçinin, Hökumətin dəlilini qəbul edir ki, ərizəçi özünün kassasiya şikayətində birbaşa Konvensiyaya istinad edə bilərdi.
Öz qeydlərində, ərizəçi izah etməyib və bununla da, mübahisələndirməyib Hökumətin etirazını ki, o, hazırkı şikayətini kassasiya şikayətində qaldırmamışdır. O, bunu etməkdən onu çəkindirə bilən hər hansı halların mövcudluğu barədə istənilən izahı bildirməmiş və mübahisələndirməmişdir ki, bu vasitəhər hansı yolla qeyri-adekvat və ya səmərəsiz olmuşdur.
Buna baxmayaraq, Məhkəmə bildirir ki, hazırkı şikayətdə qaldırılmış şikayət Məhkəmənin əvvəllər baxdığı şikayətlə oxşardır. Belə ki, həmin şikayətlə bağlı işdə Keçid Qanununa əsasən apellyasiya şikayəti üzrə ərizəçinin məhkumluğuna yenidən baxılmış və orada da apellyasiya baxışı Qobustan Həbsxanasında keçirilmişdir (baxın, həbsxanada keçirilmiş iclasların açıq xarakterinin təmin edilməsi üçün əvəzləyici tədbirlərin kifayətsizliyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusunun Məhkəmənin müəyyən etdiyi Hummətov Azərbaycana qarşı, № 9852/03 və 13413/04, 29 noyabr 2007-ci il). Bu işdə, cənab Hummətov uğursuz olsa belə, Ali Məhkəməyə özünün kassasiya şikayətində açıq iclasların keçirilməməsindən şikayət etmişdir (həmin yerdə, §§ 26-27). Lakin, hazırkı işdə və Hummətovun işində, hakimiyyət orqanları tərəfindən iclasların açıq xarakterinin təmin edilməsi üçün görülə bilən müxtəlif əvəzləyici tədbirlərin mövcud olduğunu nəzərə almaqla, Məhkəmə, bu məsələni kassasiya şikayətində qaldırdığı halda, hazırkı işdə daxili araşdırmaların hansı nəticəsi verəcəyi barədə fərziyyə sürmək niyyətində deyildir. Müvafiq olaraq, Məhkəmə hesab edir ki, ərizəçi Strasburqa təqdim edilməzdən əvvəl problemi həll etmək üçün Ali Məhkəməyə imkan vermək məqsədilə sonuncuya verdiyi şikayətində bu məsələni qaldırmamağı ilə bağlı hər hansı xüsusi halları göstərməmişdir.
Belə nəticəyə gəlinir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 1 və 4-cü bəndlərinə əsasən daxili vasitələrin tükəndirilməməsinə görə rədd olunmalıdır.
Bu səbəblərə görə, Məhkəmə yekdilliklə
Şikayətin qalan hissəsini qeyri-məqbul elan edir.
Soren NilsenNina Vaciç
Katib Sədr
Full & Egal Universal Law Academy