İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
Rəhim Qazıyevin Azərbaycana qarşı
2758/05 saylı şikayətinin
MƏQBULİYYƏTİNƏ DAİR
Q Ə R A R D A D
İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) Palata kimi 08 fevral 2007-ci il tarixdə aşağıdakı tərkibdə,
cənab X. Rozakis, Sədr,
cənab L. Lukaides,
xanım N. Vaciç,
cənab X. Hacıyev,
xanım D. Spilman,
cənab S.E. Cebens,
cənab G. Malinverni; hakimlər,
və cənab S. Nilsen, Bölmə Katibi,
yuxarıda qeyd edilən 28 dekabr 2004-cü il tarixdə verilmiş şikayətlə bağlı
müzakirələr aparmaqla qərara alır:
FAKTLAR
Ərizəçi qismində 1943-cü ildə anadan olan və Bakıda yaşayan Azərbaycan Respublikasının vətəndaşı cənab Rəhim Qazıyev çıxış edir. Onu Məhkəmə qarşısında Bakıda işləyən vəkil E.Quliyev təmsil edib.
Tərəflərin təqdim etdiyinə görə işin halları aşağıdakı kimi ümumiləşdirilə bilər.
Ərizəçi əvvəllər Müdafiə Naziri olub. Xüsusilə ağır cinayətlərə görə birinci instansiya məhkəməsi qismində Ali Məhkəmə 12 may 1995-ci il tarixdə müharibə zamanı hakimiyyətdən sui-istifadə, dövlət əmlakını talama və odlu silaha qanunsuz sahiblik etməyə görə ərizəçini təqsirli bilmişdir. Həmin vaxt qüvvədə olan 1960-cı il tarixli Cinayət Məcəlləsinə əsasən, o, əmlakı müsadirə olunmaqla ölüm cəzasına məhkum olunmuşdur. Ən yuxarı məhkəmənin qərarı olmaqla hökm qəti olub və həmin vaxtda ondan şikayət verilə bilməzdi.
10 fevral 1998-ci ildə Parlament «Azərbaycan Respublikasında ölüm cəzasının ləğvi ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Cinayət-Prosessual Məcəlləsinə və İslah-Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Qanun qəbul etdi (bundan sonra – «10 fevral 1998-ci il tarixli Qanun»). 10 fevral 1998-ci il tarixli Qanun ölüm cəzasını ömürlük azadlıqdan məhrumetmə ilə əvəz etməklə, bütün müvafiq daxili müddəaları dəyişib. Ölüm cəzasına məhkum edilmiş bütün cinayətkarların, o cümlədən ərizəçinin cəzaları müvafiq olaraq ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunmuşdur.
2000-ci ildə Azərbaycan Respublikasının yeni Cinayət-Prosessual Məcəlləsi (bundan sonra – «CPM») və yeni Cinayət Məcəlləsi qəbul olunub. 01 sentyabr 2000-ci ildə yeni CPM-in qüvvəyə minməsindən əvvəl 14 iyul 2000-ci ildə Parlament köhnə cinayət prosessual qaydalara müvafiq olaraq çıxarılmış birinci instansiya məhkəməsinin qərarlarından şikayət etməyə icazə verən keçid qanunu qəbul edib (bundan sonra – «Keçid Qanunu»).
Bundan bir az sonra, Azərbaycan Avropa Şurasına daxil olarkən, ərizəçi Baş Katibin müstəqil ekspertləri tərəfindən «siyasi məhbus» hesab olunub. Azərbaycan üzərinə öhdəlik götürüb ki, «siyasi məhbus» kimi tanınan bütün şəxsləri buraxsın və ya onların işinə yenidən baxsın.
Keçid Qanuna müvafiq olaraq, ərizəçinin işinə apellyasiya qaydasında baxılıb. Apellyasiya baxışı ərizəçinin cəzasını çəkdiyi Qobustan Həbsxanasında aparılıb.
26 dekabr 2006-cı ildə Apellyasiya Məhkəməsi ərizəçinin ilkin hökmünü qüvvədə saxlayıb, lakin yeni 2000-ci il tarixli Cinayət Məcəlləsinə əsasən onun cəzasını 15 il azadlıqdan məhrumetmə cəzasına endirib.
26 oktyabr 2004-cü ildə Ali Məhkəmə bu qərarı qüvvədə saxlayıb.
2005-ci ilin mart ayında ərizəçi Prezidentin əfv fərmanına əsasən cəzasının qalan hissəsinin çəkilməsindən azad olunub.
ŞİKAYƏTLƏR
1. Konvensiyanın 3-cü maddəsinə əsasən, ərizəçi 1998-ci ildə ölüm cəzası ləğv olunanadək «ölüm cəzasına məhkum olunanların kamerasında» üç il keçirməsindən şikayət edib.
2. Konvensiyanın 5-ci maddəsinə əsasən, ərizəçi apellyasiya baxışının başlanılmasından sonra hakimiyyət orqanları tərəfindən qanunsuz olaraq azadlıqdan məhrum edilməsindən şikayət edib. O, xüsusilə iddia edib ki, daxili qanunvericiliklə işləri Apellyasiya Məhkəməsində baxılanlar üçün müəyyən olunmuş yeddi aylıq müddətin bitməsindən sonra qanunsuz olaraq «ibtidai həbsdə» saxlanılıb.
3. Konvensiyanın 6-cı maddəsinə əsasən, ərizəçi birinci instansiya məhkəməsində məhkəmə araşdırmalarının ədalətsizliyindən şikayət edib.
4. Konvensiyanın 6-cı maddəsinə əsasən, ərizəçi apellyasiya baxışının Qobustan Həbsxanasında aparılmasından şikayət edib. Həbsxana məhdud buraxılış reciminə malik olub, Bakıdan kənarda yerləşib və ictimaiyyət üçün ora getmək çətin olub.
5. Konvensiyanın 7-ci maddəsinə əsasən, ərizəçi 1998-ci ildə ölüm cəzasının ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənməsinin, eləcə də sonradan apellyasiya və kassasiya araşdırmalarından sonra cəzasının 15 ilə endirilməsinin yeni cinayət qanununun onun zərərinə olaraq geriyə şamil olunmasını təşkil etməsindən şikayət edib.
6. Konvensiyanın 10-cu maddəsinə əsasən, ərizəçi 1993-cü ildə Parlamentdə Prezidenti tənqid etdiyinə görə məhkum edilməsindən şikayət edib.
HÜQUQİ MƏSƏLƏLƏR
1. Konvensiyanın 3-cü maddəsinə əsasən ərizəçi şikayət edib ki, 1998-ci ildə ölüm cəzasının ləğvindən əvvəl, o, bu cəzanın icra olunmasını üç il müddətində gözləyib. İddia olunur ki, bu vəziyyət onun mənəvi iztirablar keçirməsinə səbəb olub və qeyri-insani rəftarı ifadə edib.
Məhkəmə qeyd edir ki, bu şikayətlər 15 aprel 2002-ci ilədək, yəni Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi tarixədək olan dövrə təsadüf edir. Buna görə, bu şikayət ratione temporis Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasına görə Konvensiyanın müddəalarına uyğun deyildir və Konvensiyanın 35-ci maddəsinin 4-cü bəndinə əsasən rədd edilməlidir.
2. Konvensiyanın 5-ci maddəsinə istinadən ərizəçi həm də iddia edib ki, daxili qanunvericiliyə əsasən ağır cinayətlərdə ittiham olunan şəxslər üçün ibtidai həbsin maksimum müddəti yeddi aydan çox ola bilməz. Lakin Apellyasiya Məhkəməsində araşdırmaların yeddi aydan artıq davam etməsinə baxmayaraq, o, «həbsdən» azad olunmayıb.
Məhkəmə xatırladır ki, ibtidai həbsin davamiyyətini müəyyənləşdirərkən nəzərə alınmalı olan müddət təqsirləndirilən şəxsin həbsə alındığı gündən başlayır və birinci instansiya məhkəməsi tərəfindən olsa belə, ittihamın müəyyən olunduğu gündə bitir (bax: məsələn, Kalaşnikov Rusiyaya qarşı, № 47095/99, § 110, İHAM 2002-VI). Hazırkı işdə ərizəçinin ibtidai həbsi onun təqsirli bilindiyi və birinci instansiya məhkəməsi qismində Ali Məhkəmə tərəfindən məhkum olunduğu gün, yəni 12 may 1995-ci ildə bitib. Buna görə, həmin gündən ərizəçi Konvensiyanın 5-ci maddəsinin 1 (a) bəndinin mənasına görə səlahiyyətli məhkəmə tərəfindən məhkum edilməsindən sonra cəzasını çəkirdi.
Keçid Qanununa əsasən ərizəçinin 12 may 1995-ci ildə məhkum edilməsindən şikayət etmək hüququnu əldə etməsi faktı isə, onun cəzasını çəkən şəxs statusunu dəyişməyib, ona görə ki, 12 may 1995-ci il tarixli hökm qüvvədə qalıb və bu qərarı qüvvədən salan və ya iş Apellyasiya Məhkəməsində baxılanadək ərizəçiyə digər yolla bəraət verən hər hansı qərar mövcud olmayıb (bax: Hummətov Azərbaycana qarşı (qərardad), № 9852/03 və 13413/04, 18 may 2006-cı il).
Müvafiq olaraq, ərizəçinin işi Apellyasiya Məhkəməsində araşdırılan dövrdə ərizəçi Konvensiyanın 5-ci maddəsinin 1 (a) bəndinin mənasına görə artıq səlahiyyətli məhkəmə tərəfindən məhkum edilməsindən sonra cəzasını çəkirdi və Konvensiyanın 5-ci maddəsinin 1 (c) bəndinin mənasına görə həbs qətimkan tədbirinə məruz qalmamışdır. Buna görə, ibtidai həbsin həddən artıq olmasına dair hər hansı məsələ mövcud deyildir.
Bu səbəbdən həmin şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasına görə açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 4-cü bəndinə əsasən rədd edilməlidir.
3. Konvensiyanın 6-cı maddəsinə əsasən ərizəçi onun 12 may 1995-ci idə məhkum edilməsi ilə nəticələnən birinci instansiya məhkəməsində araşdırmaların ədalətsizliyindən şikayət edib.
Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsində araşdırmalar 15 aprel 2002-ci ilədək, yəni Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi tarixədək olan dövrə təsadüf edir. Buna görə, Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi vaxtdan sonra ərizəçinin işinin apellyasiya qaydasında yenidən baxılmasını nəzərə alsaq belə, Məhkəmə, apellyasiya və kassasiya araşdırmalarına səbəb olmuş birinci instansiya məhkəməsində araşdırmaların iddia olunan ədalətsizliyini araşdırmaq səlahiyyətinə malik deyildir (bax: məsələn, Abbasov Azərbaycana qarşı (qərardad), № 24271/05, 24 oktyabr 2006-cı il).
Bu səbəbdən qeyd olunan şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasına görə ratione temporis Konvensiyanın müddəalarına uyğun deyildir və Konvensiyanın 35-ci maddəsinin 4-cü bəndinə əsasən rədd edilməlidir.
4. Ərizəçi Konvensiyanın 6-cı maddəsinə əsasən şikayət edib ki, Apellyasiya Məhkəməsində araşdırmalar Qobustan Həbsxanasında aparıldığı üçün apellyasiya araşdırmaları zamanı onun ədalətli və açıq məhkəmə araşdırmaları hüquqları pozulmuşdur.
Məhkəmə hesab edir ki, o, işin materialları əsasında bu şikayətin məqbuliyyətini müəyyən edə bilməz və bu səbəbdən zəruridir ki, Məhkəmə Reqlamentinin 54-cü qaydasının 2 (b) bəndinə müvafiq olaraq şikayətin bu hissəsinə dair cavabdeh Dövlətə məlumat verilsin.
5. Konvensiyanın 7-ci maddəsinə əsasən ərizəçi şikayət edib ki, 1998-ci ildə ölüm cəzasının ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənməsi onun zərərinə olub, ona görə ki, onun məhkum edildiyi əməllərin törədilməsi zamanı ölüm cəzasına alternativ olan ən ağır cəza 15 il azadlıqdan məhrum etmə cəzası müəyyən olunmuşdur. Bundan başqa, o israr edib ki, yeni daxili cinayət qanunvericiliyinə müvafiq olaraq, apellyasiya baxışının əvvəlində onun cəzası 15 il əvəzinə 12 ilə endirilməli olmuşdur.
Ömürlük azadlıqdan məhrumetmə cəzasının onun zərərinə olaraq geriyə şamil olunması ilə bağlı ərizəçinin dəlillərinə gəldikdə, Məhkəmə ilk əvvəl qeyd edir ki, ərizəçinin ölüm cəzasının ömürlük azadlıqdan məhrumetmə cəzasına keçirilməsi 1998-ci ilin fevralına, yəni Azərbaycan tərəfindən Konvensiyanın ratifikasiya edilməsindən əvvəlki dövrə təsadüf edir. Lakin şikayətin Məhkəmənin ratione temporis səlahiyyətinin əhatəsinə düşdüyünü fərz etsək belə, Məhkəmə qeyd edir ki, oxşar məsələ əvvəl Məhkəmənin qarşısında qaldırılmış və Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasına görə açıq-aşkar əsassız elan olunmuşdur (bax: yuxarıda qeyd olunan Hummətov). Məhkəmə Hummətovun işindəki mövqeyindən kənara çıxmaq üçün hər hansı xüsusi halları bu işdə görmür.
Bundan başqa, Apellyasiya Məkəməsi tərəfindən onun cəzasının sonradan 15 ildən 12 ilədək endirilməli olduğu barədə ərizəçinin dəlillərinə gəldikdə isə, Məhkəmə, 15 il azadlıqdan məhrum etməyə dair yeni cəzanın təyin olunmasının mütənasibliyi ilə maraqlanmır, ona görə ki, ərizəçinin cinayət məsuliyyətinin və cinayətin ağırlığının və ya müvafiq cəzanın qiymətləndirilməsinin müəyyənləşdirilməsi onun üzərinə düşmür (bax: yuxarıda qeyd olunan Hummətov; bax: həmçinin, mutatis mutandis, Xan Birləşmiş Krallığa qarşı, № 35394/97, § 34, İHAM 2000-V və Srelets, Kesler və Krens Almaniyaya qarşı (Böyük Palata), № 34044/96, 35532/97 və 44801/98, § 51, İHAM 2001-II). Hazırkı şikayətin məqsədlərinə görə Konvensiyanın 7-ci maddəsinə əsasən, Məhkəmənin vəzifəsi yeni cəzanın cinayət əməlinin törədilməsi zamanı tətbiq ediləcək cəzadan ağır olmasının müəyyənləşdirilməsi ilə məhdudlaşır.
Ərizəçi ölüm cəzasına 12 may 1995-ci il tarixdə məhkum olunub. Mübahisələndirilmir ki, bu cəza onun məhkum olunduğu əməllərə dair həmin vaxtda tətbiq edilən olmuşdur. Bu cəza sonradan ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunub. Apellyasiya və kassasiya araşdırmaları nəticəsində daxili məhkəmələr ərizəçinin cəzasını 15 il azadlıqdan məhrumetmə cəzasına dəyişmişlər. Məhkəmə hesab edir ki, bu yeni cəza ərizəçiyə verilmiş cəzadan ağır deyilidir (sonradan ömürlük azadlıqdan məhrumetmə cəzasına dəyişilib). Müvafiq olaraq, cinayət əməlinin törədilməsi zamanı tətbiq edilə bilən cəzadan ağır cəza ərizəçiyə verilməyib.
Bundan başqa, Məhkəmə qeyd edir ki, hər bir halda ərizəçi təxminən 10 il cəzasını çəkdikdən sonra 2005-ci ilin mart ayında həbsdən azad olunub.
Buna görə, bu şikayət açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndlərinə müvafiq olaraq rədd edilməlidir.
6. Konvensiyanın 10-cu maddəsinə əsasən ərizəçi şikayət edib ki, o, Prezidenti tənqid edən çıxışına görə «qisas naminə» həbs və məhkum olunub.
Məhkəmə malik olduğu bütün material əsasında və şikayət olunan bütün məsələlərin onun səlahiyyətində olmasını nəzərə alaraq hesab edir ki, bu şikayət Konvensiya və onun Protokollarında müəyyən olunan hüquq və azadlıqların pozulmasına dair hər hansı görüntüləri aşkar etmir. Buna görə, bu şikayət açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndlərinə müvafiq olaraq rədd edilməlidir.
Bu səbəblərdən Məhkəmə yekdilliklə,
Qərara gəlir ki, apellyasiya baxışı zamanı açıq araşdırmaların keçirilməməsinə dair iddialarla bağlı ərizəçinin şikayətinin araşdırılmasını təxirə salsın;
Elan edir ki, şikayətin qalan hissəsi qeyri-məqbuldur.
Soren NilsenXristos Rozakis
Katib Sədr
Full & Egal Universal Law Academy