İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
Lətif Quliyevin və Cərulla Ramazanovun Azərbaycana qarşı
34553/02 saylı şikayətinin
MƏQBULİYYƏTİNƏ DAİR
Y E K U N Q Ə R A R D A D
İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) Palata kimi
14 fevral 2006-cı il tarixdə aşağıdakı tərkibdə,
cənab X.Rozakis, Sədr,
xanım S.Botuçarova,
cənab A.Kovler,
xanım E.Steyner,
cənab X.Hacıyev,
cənab S.E.Cebens, hakimlər,
və cənab S.Nilsen, Bölmə Katibi,
yuxarıda qeyd olunan 06 sentyabr 2002-ci il tarixdə verilmiş şikayəti nəzərə alaraq,
09 sentyabr 2004-cü il tarixli hissəvi qərardadı nəzərə alaraq,
cavabdeh Hökumətin təqdim etdiyi qeydləri və ərizəçilər tərəfindən cavab olaraq verilmiş izahları nəzərə alaraq,
müzakirə apararaq, qərara alır:
FAKTLAR
Ərizəçilər cənab Lətif Quliyev və cənab Cərulla Ramazanov müvafiq olaraq 1947 və 1951-ci illərdə anadan olmuş və Bakı və Sumqayıtda yaşayan Azərbaycan vətəndaşlarıdırlar. Onları Məhkəmə qarşısında Londonda vəkil işləyən Kürdlərin İnsan hüquqları Layihəsindən cənab L.Klaridc və xanımlar M.Müller, T.Otti və K.Yıldız təmsil ediblər. Cavabdeh Hökuməti Azərbaycan Respublikasının Məhkəmədəki rəsmi nümayəndəsi cənab Ç.Əsgərov təmsil edib.
A. İşin halları
Tərəflərin təqdim etdiklərinə görə işin halları aşağıdakı kimi ümumiləşdirilə bilər.
Ərizəçilər hazırkı hakimiyyətə müxalifətdə olan «Ədalət» siyasi partiyasının üzvü olmuşlar. İşin materiallarından göründüyü kimi, sözügedən hadisələrin baş verdiyi vaxtda partiya Ədliyyə Nazirliyində qeydiyyatdan keçməmişdir və buna görə onun fəaliyyəti hakimiyyət orqanları tərəfindən qanunsuz kimi qəbul edilib.
Partiyanın Sumqayıtda regional şöbəsi olub. Ərizəçilərə görə, 30 avqust 2001-ci ildə hakimiyyətə aid olan bəzi şəxslər ofisin giriş qapısından partiyanın adını əks etdirən lövhəni götürüblər. 10 sentyabr 2001-ci ildə bir neçə polis əməkdaşları ofisə gələrək, mülkiyyətdə olan bəzi əmlakı dağıdıb, üzvləri məcburi şəkildə oradan çıxarıb və qapını möhürləyiblər.
19 sentyabr 2001-ci ildə polislər yenidən gözlənilmədən partiyanın Sumqayıtdakı ofisinə gəlmiş və həmin vaxt orada keçirilən görüşə müdaxilə etmişlər. Polislər izah ediblər ki, onlar ofisdən gələn səs-küy və narahatlıqdan şikayətlənən qonşular tərəfindən çağırılıblar. Görüşün iştirakçıları belə müdaxiləyə etiraz ediblər. Polis əməkdaşları və görüşün iştirakçıları arasında mübahisədən sonra polislər on nəfəri axtarış və dindirmə üçün polis bölməsinə aparıblar. Polis bölməsində bir neçə saat qaldıqdan sonra ərizəçilər və bir nəfər başqa şəxs istisna olmaqla, bütün tutulanlar buraxılıblar.
22 sentyabr 2001-ci ildə Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsi ərizəçilərə qarşı cinayət işini başladı və onları polisə tabe olmamaqda və ictimai qaydanı pozmaqda təqsirləndirən ittiham aktını tərtib etdi. İttiham aktına əsasən 23 sentyabr 2001-ci ildə Sumqayıt şəhər məhkəməsi məhkəmə araşdırılması ərzində ərizəçilər barəsində bir aylıq həbs qətimkan tədbirini seçdi. 28 sentyabr 2001-ci ildə Apellyasiya Məhkəməsi həbs qərarını qüvvədə saxladı.
24 dekabr 2001-ci ildə Sumqayıt şəhər məhkəməsi ictimai qaydanın pozulması, polis əməkdaşlarına hücum etmə və müqavimət göstərmə daxil olmaqla, ərizəçiləri xuliqanlığa görə məhkum edib. Ərizəçilərə görə, bir neçə şahidlərin onların xeyrinə ifadə vermələrinə baxmayaraq, məhkəmə hamısı ərizəçilərə qarşı ifadə verən yeddi polis əməkdaşının ifadələrinə əsaslanıb. Məhkəmə hər bir ərizəçini bir il altı ay müddətinə azadlıqdan məhrum etmə ilə cəzalandırıb.
Ərizəçilər işin saxtalaşdırıldığını, birinci instansiya məhkəməsi tərəfindən bir neçə prosessual pozuntulara yol verildiyini və müdafiə tərəfinin şahidlərinin ifadələrinə qiymət verilmədiyini göstərərək, bu hökmdən apellyasiya şikayəti vermişlər. 13 fevral 2002-ci ildə Apellyasiya Məhkəməsi ərizəçilərin müraciətini rədd etdi və yerli məhkəmənin hökmünü qüvvədə saxladı. Buna baxmayaraq, işin yüngülləşdirici hallarını nəzərə alaraq, Apellyasiya Məhkəməsi ərizəçilərin azadlıqdan məhrum etmə cəzasını şərti məhkumetmə ilə əvəz etməyi əsaslı hesab edib.
Ərizəçilər bəraət üçün Ali Məhkəməyə kassasiya şikayəti vermişlər. 09 iyul 2002-ci ildə Ali Məhkəmə onların şikayətini rədd etdi və aşağı məhkəmələrin qərarlarını qüvvədə saxladı.
Bundan sonra, Ali Məhkəmə Sədrinin təqdimatı əsasında araşdırmalar yenidən açılıb və iş Ali Məhkəmənin Plenumuna göndərilib. 27 yanvar 2005-ci ildə Plenum Ali Məhkəmənin 09 iyul 2002-ci il tarixli qərarını və onunla bağlı olan Apellyasiya Məhkəməsinin 13 fevral 2002-ci il tarixli qərarını ləğv edib. Plenum müəyyən edib ki, məhkəmələr işin faktiki hallarını hərtərəfli yoxlamayıblar və şahidlərin ifadələrində müəyyən ziddiyyətlərə lazımi diqqət yetirməyiblər. Plenum işi yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə göndərib.
17 mart 2005-ci ildə Apellyasiya Məhkəməsi işə yenidən baxıb. O, sübutlara yenidən qiymət verib və müəyyən edib ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş şahid ifadələrində hər hansı əhəmiyyətli ziddiyyətlər olmayıb. Ərizəçinin xeyrinə olan ifadələrə gəldikdə, Apellyasiya Məhkəməsi qeyd edib ki, bu şahidlər ərizəçilərin siyasi partiyasının üzvləri olublar və buna görə onların ifadələri etibarlı olmayıb və hər bir halda sübutların məcmusu ilə təkzib edilib. Apellyasiya Məhkəməsi ərizəçilərin məhkumluğunu və bir il altı aylıq şərti cəzalarını təsdiq edib. Öz qərarında həmin məhkəmə həmçinin qeyd edib ki, daxili cinayət prosessual qanuna müvafiq olaraq Ali Məhkəməyə kassasiya şikayətinin verilməsi ərizəçilər üçün mümkün olub. Lakin ərizəçilər bu imkandan istifadə etməyiblər.
B. Müvafiq daxili qanunvericilik
01 sentyabr 2000-ci il tarixli Cinayət Prosessual Məcəllə
408.1.1-ci maddəyə əsasən, apellyasiya instansiyası məhkəmələrinin qərarından kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. 409.1-ci maddə nəzərdə tutur ki, inter alia məhkumlar özləri və ya hüquqi nümayəndələri vasitəsilə kassasiya şikayəti vermək hüququna malikdirlər.
410-cu maddəyə əsasən, kassasiya instansiyasına edilən şikayətlərin mahiyyətindən asılı olaraq, kassasiya şikayətinin verilməsi üçün müddət apellyasiya instansiyası məhkəməsinin qərarının alınması tarixindən sonra 18 ayadək təşkil edə bilər.
412-ci maddə nəzərdə tutur ki, kassasiya şikayəti yazılı şəkildə birbaşa kassasiya instansiyası məhkəməsinə verilir.
416-cı maddəyə müvafiq olaraq, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edə və ya dəyişdirə bilər, əgər, inter alia, sonuncu, iş üzrə tərəfin təqdim etdiyi əhəmiyyətli sübutu araşdırmaqdan imtina edib, sübutun qiymətləndirilməsinə dair prosessual qaydaları pozub, qəbuledilməz sübut əsasında hökm çıxarıb və cinayətin tövsif olunmasında səhv edibsə.
ŞİKAYƏTLƏR
Ərizəçilər şikayət etdilər ki, daxili araşdırmalar ədalətsiz olub, ona görə ki, məhkəmələr yalnız hamısı 19 sentyabr 2001-ci ildə baş vermiş hadisədə iştirak edən ittiham tərəfin şahidlərinin ifadələrinə əsaslanıb. Bundan başqa, müdafiə tərəfin bir neçə şahidlərinin ərizəçilərin xeyrinə ifadə verməyə hazır olmasına baxmayaraq, onların ifadələri araşdırılmayıb. Ərizəçilər daha sonra şikayət etdilər ki, onların cinayətə görə məhkumluğu hökumətə müxalifətdə olan siyasi partiyada üzv olmaları səbəbindən siyasi motivli olub. Onlar Konvensiyanın 6, 10, 11 və 14-cü maddələrinə istinad etmişlər.
HÜQUQİ MƏSƏLƏLƏR
Konvensiyanın 6, 10, 11 və 14-cü maddələrinə istinadən ərizəçilər ədalətsiz məhkəmə araşdırılmasından, ifadə etmək və birləşmək azadlığının iddia olunan pozuntusundan və siyasi baxışlara görə ayrı-seçkiliyə məruz qalmalarından şikayət etdilər.
A. Tərəflərin dəlilləri
Hökumət bildirdi ki, ərizəçilərin şikayətləri qismən 15 aprel 2002-ci ilədək olan dövrə təsadüf edir ki, bu dövr Məhkəmənin ratione temporis səlahiyyətindən kənardadır. Müvafiq olaraq, Məhkəmə yalnız Ali Məhkəmənin 09 iyul 2002-ci il tarixli qərarı ilə nəticələnən kassasiya icraatına, eləcə də sonradan icraatın Ali Məhkəmənin Plenumunda və Apellyasiya Məhkəməsində yenidən açılmasına aid şikayətlərin hissəsini araşdıra bilər.
Ərizəçilər Məhkəmənin ratione temporis səlahiyyətinə aid hər hansı xüsusi əks dəlillər irəli sürməyiblər.
Bundan başqa, Hökumət iddia edib ki, ərizəçilər bütün əlçatan olan daxili vasitələri tükəndirməyiblər. Xüsusən, Hökumət qeyd edib ki, ərizəçilər üçün Apellyasiya Məhkəməsinin 17 mart 2005-ci il tarixli qərarından kassasiya şikayəti vermək mümkün olub. Lakin ərizəçilər bunu etməyiblər. Bundan başqa, Konvensiyanın 10, 11 və 14-cü maddələri üzrə şikayətlərə aid Hökumət bildirib ki, ərizəçilər bu şikayətləri mahiyyəti üzrə daxili məhkəmələr qarşısında heç zaman qaldırmayıblar və onların daxili şikayətləri yalnız ədalətli araşdırma hüququna aid olub.
Ərizəçilər mübahisələndiriblər ki, hazırkı şikayəti Məhkəməyə verən zaman onlar Ali Məhkəmənin yekun qərarı qəbul olunduğu vaxt, yəni 09 iyul 2002-ci ilədək bütün əlçatan daxili vasitələri tükəndiriblər. Yalnız hazırkı şikayətin Məhkəməyə verilməsindən sonra araşdırmalar yenidən açılıb və iş Apellyasiya Məhkəməsi tərəfindən yenidən baxılıb. Buna görə, ərizəçilər iddia etdilər ki, şikayətin verildiyi vaxtda bütün əlçatan daxili vasitələri tükəndirdiklərinə görə onlar daxili vasitələrin tükənməsi tələbinə riayət ediblər. Bundan başqa, ərizəçilər iddia ediblər ki, daxili məhkəmələr müstəqil olmayıblar və bu məhkəmələr vasitəsilə hüquqların bərpasına nail olmaq üzrə sonrakı cəhdlər hər bir halda səmərəsiz olardı.
B. Məhkəmənin qiymətləndirməsi
Məhkəmə qeyd edir ki, ərizəçilərin şikayətləri qismən 15 aprel 2002-ci ilədək, yəni Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi tarixədək olan dövrə təsadüf edir. Xüsusən, ilkin cinayət araşdırmalarında birinci və apellyasiya instansiyası məhkəmələrinin qərarları bu tarixdən əvvəl qəbul olunub. Lakin Məhkəmə hesab edir ki, bu şikayətlərin tam və ya qismən Məhkəmənin ratione temporis səlahiyyəti daxilinə düşüb-düşməməsinin yoxlanılması zəruri deyildir, ona görə ki, düşdüyü güman edilsə belə, şikayət aşağıdakı səbəblərə görə qeyri-məqbuldur.
Məhkəmə xatırladır ki, Konvensiyanın 35-ci maddəsində göstərilən daxili vasitələrin tükənməsi barədə qayda Dövlətə qarşı işlərini beynəlxalq məhkəmə və ya arbitrac orqanları qarşısına çıxarmaq istəyənlərin üzərinə öhdəlik qoyur ki, ilk növbədə milli hüquq sistemləri ilə təmin olunmuş vasitələrdən istifadə etsinlər və bununla, öz hüquqi sistemləri vasitəsilə məsələni həll etmək imkanına malik olmaqla, onlar Dövlətləri hərəkətlərinə görə beynəlxalq orqanlar qarşısında cavab verməkdən azad etmiş olarlar. Bu qaydaya riayət etmək üçün ərizəçi tərəfindən iddia olunan pozuntulara aid kompensasiyanın təqdim edilməsinə əlçatan və kifayətedici olan vasitələrə normal müraciətlə üz tutulmalıdır (bax, Aksoy Türkiyəyə qarşı iş üzrə 18 dekabr 1996-cı il tarixli qərar, Qərar və Qərardadların Hesabatı, 1996-VI, ss. 2275-76, §§ 51-52).
Məhkəmə bu işdə qeyd edir ki, mübahisəli cinayət araşdırmaları Ali Məhkəmənin 09 iyul 2002-ci il tarixli yekun qərarı ilə bitib. Lakin hazırkı şikayətin Məhkəməyə verilməsindən sonra bu araşdırmalar yenidən açılıb və iş yenidən baxılması üçün 17 mart 2005-ci il tarixli yeni qərarı çıxaran Apellyasiya Məhkəməsinə göndərilib. Daxili cinayət prosessual qanunvericiliyə əsasən, Apellyasiya Məhkəməsinin bu qərarından adi kassasiya şikayətinin verilməsi ərizəçilər üçün mümkün olub. Kassasiya şikayəti uğurlu olduqda, bunun Ali Məhkəmə tərəfindən ərizəçilərin məhkumluğunun ləğvinə gətirib çıxara bildiyini nəzərə alaraq, Məhkəmə hesab edir ki, kassasiya icraatı səmərəli və adekvat vasitə olub. Beləliklə, şikayətin verilməsindən sonra daxili səviyyədə ərizəçilər üçün daha bir vasitə əlçatan olub və bu vasitədən istifadə etməklə, ərizəçilər Məhkəməyə təqdim etdikləri eyni şikayətləri orada qaldıra bilərdilər.
Lakin ərizəçilər Apellyasiya Məhkəməsinin 27 mart 2005-ci il tarixli qərarından kassasiya şikayəti verməmişlər. Bundan başqa, ərizəçilər bu şikayətlərin daxili məhkəmələr qarşısında qaldırılmaması üçün hər hansı inandırıcı izahatlar bildirməyiblər. Məhkəmə xatırladır ki, vasitələrin «faydasız» və səmərəsiz olmasına dair ərizəçilərin hər hansı inandırıcı sübutla təsdiqlənməyən ümumi inamı əlçatan daxili vasitələrdən istifadə etməmək üçün inandırıcı səbəb deyildir (bax, Kunqurova Azərbaycana qarşı iş üzrə 23 iyun 2005-ci il tarixli qərardad, № 5117/03).
Bundan başqa, ərizəçilər tərəfindən kassasiya şikayətinin verilməsi üçün hələ müddətin buraxılmaması və hələ də bu vasitədən istifadə edə bilmələri güman olunsa belə, Məhkəmə ərizəçilərə qarşı araşdırmaların tam əhatəli yoxlanılmasının həyata keçirilməsi mövqeyində deyildir və kassasiya araşdırmalarının necə yekunlaşmasına dair fərziyyə irəli sürə bilməz (bax, mutatis mutandis, Dikme Türkiyəyə qarşı, № 20869/92, § 111, İHAM 2000-VIII).
Belə nəticəyə gəlinir ki, şikayətlərin bu qrupu Konvensiyanın 35-ci maddəsinin 1 və 4-cü bəndlərinə əsasən daxili vasitələrin tükənməməsinə görə rədd olunmalıdır.
Bu səbəblərə görə, Məhkəmə yekdilliklə,
Şikayətin qalan hissələrini qeyri-məqbul elan edir.
Soren NilsenXristos Rozakis
Katib Sədr
Full & Egal Universal Law Academy