İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
Lətif Quliyevin və Cərulla Ramazanovun Azərbaycana qarşı
34553/02 saylı şikayətinin
MƏQBULİYYƏTİNƏ DAİR
H İ S S Ə V İ Q Ə R A R D A D
İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) Palata kimi
09 sentyabr 2004-cü il tarixdə aşağıdakı tərkibdə,
cənab X.Rozakis, Sədr,
cənab P.Lorenzen,
xanım S.Botuçarova,
cənab A.Kovler,
cənab V.Zaqrebelski,
xanım E.Steyner,
cənab X.Hacıyev, hakimlər,
və cənab S.Nilsen, Bölmə Katibi,
yuxarıda qeyd olunan 06 sentyabr 2002-ci il tarixdə verilmiş şikayəti nəzərə alaraq,
müzakirə apararaq, qərara alır:
FAKTLAR
Ərizəçilər cənab Lətif Quliyev və cənab Cərulla Ramazanov müvafiq olaraq 1947 və 1951-ci illərdə anadan olmuş və Bakı və Sumqayıtda yaşayan Azərbaycan vətəndaşlarıdırlar.
Tərəflərin təqdim etdiklərinə görə işin halları aşağıdakı kimi ümumiləşdirilə bilər.
A. Ərizəçinin siyasi fəaliyyətinə iddia olunan müdaxilə
Ərizəçilər hazırkı hakimiyyətə müxalifətdə olan «Ədalət» siyasi partiyasının üzvü olmuşlar. İşin materiallarından göründüyü kimi, sözügedən hadisələrin baş verdiyi vaxtda partiya Ədliyyə Nazirliyində qeydiyyatdan keçməmişdir və buna görə onun fəaliyyəti hakimiyyət orqanları tərəfindən qanunsuz kimi qəbul edilib.
Partiyanın Sumqayıtda regional şöbəsi olub. Ərizəçilərə görə, 30 avqust 2001-ci ildə hakimiyyətə aid olan bəzi şəxslər ofisin giriş qapısından partiyanın adını əks etdirən lövhəni götürüblər. 10 sentyabr 2001-ci ildə bir neçə polis əməkdaşları ofisə gələrək, mülkiyyətdə olan bəzi əmlakı dağıdıb, üzvləri məcburi şəkildə oradan çıxarıb və qapını möhürləyiblər.
19 sentyabr 2001-ci ildə polislər yenidən gözlənilmədən partiyanın Sumqayıtdakı ofisinə gəlmiş və həmin vaxt orada keçirilən görüşə müdaxilə etmişlər. Polislər izah ediblər ki, onlar ofisdən gələn səs-küy və narahatlıqdan şikayətlənən qonşular tərəfindən çağırılıblar. Görüşün iştirakçıları belə müdaxiləyə etiraz ediblər. Polis əməkdaşları və görüşün iştirakçıları arasında mübahisədən sonra polislər on nəfəri axtarış və dindirmə üçün polis bölməsinə aparıblar. Polis bölməsində bir neçə saat qaldıqdan sonra ərizəçilər və bir nəfər başqa şəxs istisna olmaqla, bütün tutulanlar buraxılıblar.
Bu hadisələr zamanı və bundan sonra 2001-ci ilin sentyabrında «Ədalət» partiyası ərizəçilərin tutulmasına və partiyanın fəaliyyətinə hakimiyyətin müdaxiləsinə etiraz olaraq nümayiş keçirmək məqsədilə icazə almaq üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə («SŞİH») müraciət ediblər. Bu müraciətlər rədd olunub. 14 noyabr 2004-cü ildə SŞİH «Ədalət»in siyasi partiya kimi Ədliyyə Nazirliyində qeydiyyatdan keçməməsini və buna görə «Ədalət» «Siyasi partiyalar haqqında» Qanunun tələblərinə uyğun fəaliyyət göstərmədiyi üçün nümayişin keçirilməsinə icazənin verilməsinin mümkünsüz olduğunu izah edən məktubu partiya üzvlərinin birinə ünvanladı.
B. Ərizəçilərin həbsi və məhkumluğu
Həbsdə olarkən, ərizəçilərə həkimlə görüşməkdən və vəkil tutmaqdan imtina edilib. Qohumları və dostları onların yeri barədə dərhal məlumat almayıblar. 22 sentyabr 2001-ci ildə Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsi ərizəçilərə qarşı cinayət işini başladı və ərizəçiləri polisə tabe olmamaqda və ictimai qaydanı pozmaqda təqsirləndirən ittiham aktını tərtib etdi. İttiham aktına əsasən 23 sentyabr 2001-ci ildə Sumqayıt şəhər məhkəməsi məhkəmə araşdırılması ərzində ərizəçilər barəsində bir aylıq həbs qətimkan tədbirini seçdi. 28 sentyabr 2001-ci ildə Apellyasiya Məhkəməsi həbs qərarını qüvvədə saxladı.
Həbsdə olarkən, ərizəçilər tutulma zamanı saxlandıqları polis bölməsində yerləşdiriliblər. Kamera çirkli və pis gigiyenik vəziyyətdə olub. Bir neçə müraciətlərə baxmayaraq, ərizəçilər təqsirləndirilən şəxslərin adətən saxlandıqları həbs mərkəzinə köçürülməyiblər.
24 dekabr 2001-ci ildə Sumqayıt şəhər məhkəməsi ictimai qaydanın pozulması, polis əməkdaşlarına hücum etmə və müqavimət göstərmə daxil olmaqla, ərizəçiləri xuliqanlığa görə məhkum edib. Ərizəçilərə görə, bir neçə şahidlərin onların xeyrinə ifadə vermələrinə baxmayaraq, məhkəmə hamısı ərizəçilərə qarşı ifadə verən yeddi polis əməkdaşının ifadələrinə əsaslanıb. Məhkəmə hər bir ərizəçini bir il altı ay müddətinə azadlıqdan məhrum etmə ilə cəzalandırıb.
Ərizəçilər işin saxtalaşdırıldığını, birinci instansiya məhkəməsi tərəfindən bir neçə prosessual pozuntulara yol verildiyini və müdafiə tərəfinin şahidlərinin ifadələrinə qiymət verilmədiyini göstərərək, bu hökmdən apellyasiya şikayəti vermişlər. 13 fevral 2002-ci ildə Apellyasiya Məhkəməsi ərizəçilərin müraciətini rədd etdi və yerli məhkəmənin hökmünü qüvvədə saxladı. Buna baxmayaraq, işin yüngülləşdirici hallarını nəzərə alaraq, Apellyasiya Məhkəməsi ərizəçilərin azadlıqdan məhrum etmə cəzasını şərti məhkumetmə ilə əvəz etməyi əsaslı hesab edib.
Ərizəçilər bəraət üçün Ali Məhkəməyə kassasiya şikayəti vermişlər. 09 iyul 2002-ci ildə Ali Məhkəmə onların şikayətini rədd etdi və aşağı məhkəmələrin qərarlarını qüvvədə saxladı.
ŞİKAYƏTLƏR
1. Ərizəçilər Konvensiyanın 3-cü maddəsinə əsasən şikayət edirlər ki, tutularkən və həbsdə olarkən, onlar qeyri-insani və alçaldıcı rəftara məruz qalıblar. Xüsusən, onlar iddia edirlər ki, həbsin ilkin 32 saatı zamanı onlara yeməyə və ya içməyə heç bir şey verilməyib, onlar anti-gigiyenik şəraitdə saxlanılıblar, onlara nə həkimlə, nə də vəkillə görüşmək icazəsi verilməyib və qohumlarından heç kəs onların yeri barədə məlumatlı olmayıb.
2. Ərizəçilər, həmçinin Konvensiyanın 5-ci maddəsinə əsasən şikayət ediblər ki, onlar tutulmalarının səbəbləri barədə dərhal məlumat almayıblar və onların tutulması faktı vaxtında nəzarət edən prokurora məruzə edilməyib. Onlar onu da iddia etdilər ki, həbs qərarı qanunsuz və saxta olub, ona görə ki, onlar tərəfindən cinayətin törədilməsinə dair hər hansı əsaslı şübhələr olmayıb.
3. Ərizəçilər Konvensiyanın 6-cı maddəsinə əsasən həmçinin şikayət edirlər ki, cinayət araşdırmaları ədalətsiz olub. Ərizəçilərə görə, daxili məhkəmələr yalnız hamısı 19 sentyabr 2001-ci ildə baş vermiş hadisədə iştirak edən polis əməkdaşları olan ittiham tərəfinin şahidlərinin ifadələrinə əsaslanıblar. Müdafiə tərəfinin bir neçə şahidlərinin məhkəmədə ərizəçilərin xeyrinə ifadə verməsi faktına baxmayaraq, onların ifadələri hökmdə nə müzakirə edilib, nə də qeyd edilib. Məhkəmə müdafiə tərəfinin şahidlərinin ifadələrinin iş üzrə sübut kimi qiymətləndirilməsinə dair səhvi üçün səbəblər belə gətirməyib.
4. Ərizəçilər həm də şikayət edirlər ki, partiyanın görüşü zamanı polisin ofisə hücum etməsi qanunsuz və əsassız olub və onlara qarşı cinayət işi saxtalaşdırılıb və siyasi motivli olub. Onlar iddia edirlər ki, məhkumluqlarının yeganə səbəbi hökumətə müxalifətdə olan siyasi partiyada üzv olmalarıdır.
5. Ərizəçilər Konvensiyanın 8-ci maddəsinə istinadən şikayət edirlər ki, onların şəxsi və ailə həyatlarına hörmət hüququ hakimiyyət orqanları tərəfindən pozulub. Onlar iddia edirlər ki, təqib və məhkum olunmalarının nəticəsi kimi onların ailələri ictimaiyyətin gözündə nüfuzdan salınıb və cəmiyyətdən tədric edilib. Bundan başqa, cənab Ramazanov iddia edir ki, onun uşaqlarına universitetə getmək qadağan edilib və onun oğlu təqibə məruz qalmaq təhlükəsinə görə ölkəni tərk etməli olub.
6. Ərizəçilər Konvensiyanın 9-cu maddəsinə əsasən şikayət edirlər ki, hakimiyyət orqanları tərəfindən iddia olunan siyasi motivli təqib onların fikir və vicdan azadlıqlarının pozuntusunu təşkil edib.
7. Ərizəçilər Konvensiyanın 11-ci maddəsinə əsasən şikayət ediblər ki, hakimiyyət orqanları onların dinc birləşmək azadlıqlarını pozub. Xüsusən, onlar bildirirlər ki, hakimiyyət orqanları 2001-ci ilin sentyabrında partiyanın qanunsuz həbslərinə etiraz olaraq nümayiş keçirməyə dair müraciətini qanunsuz rədd edib.
8. Nəhayət, ərizəçilər yuxarıdakı şikayətləri ilə birgə Konvensiyanın 14-cü maddəsinə istinadən, məhkum olunmalarının siyasi motivli olduğunu göstərərək, buna görə, siyasi fikirləri əsasında ayrı-seçkiliyə məruz qaldıqlarını bildirirlər.
HÜQUQİ MƏSƏLƏLƏR
1. Ərizəçilər Konvensiyanın 6-cı maddəsinə əsasən şikayət edirlər ki, cinayət araşdırmaları ədalətsiz olub, ona görə ki, onların məhkum edilmələri yalnız ittiham tərəfinin şahidlərinin ifadələrinə əsaslanıb və daxili məhkəmələr müdafiə tərəfinin şahidlərinin ifadələrinə sübut kimi qiymət verməyib (3 saylı şikayət).
Ərizəçilər, həmçinin şikayət edirlər ki, onların görüşünə polis tərəfindən müdaxilə əsassız olub, onlara qarşı cinayət işi saxtalaşdırılıb və onlar yalnız müxalifət partiyasının üzvü olduqları üçün məhkum olunublar (4 saylı şikayət). Məhkəmə hesab edir ki, mahiyyət etibarilə bu şikayət Konvensiyanın 10 və 11-ci maddələri baxımından təhlil edilməlidir.
Ərizəçilər Konvensiyanın 14-cü maddəsinə istinadən həmçinin şikayət edirlər ki, siyasi fəaliyyətlərinə müdaxilə etmək məqsədilə onlara qarşı saxtalaşdırılmış cinayət işinin başlanılması ilə hakimiyyət orqanları siyasi baxışlarına görə ayrı-seçkilik ediblər (8 saylı şikayət).
Məhkəmə hesab edir ki, o, işin materialları əsasında bu şikayətlərin məqbuliyyətini müəyyən edə bilməz və buna görə zəruridir ki, Məhkəmə Reqlamentinin 54-cü qaydasının 2 (b) bəndinə əsasən şikayətin bu hissəsi barədə cavabdeh Dövlətə məlumat verilsin.
2. Ərizəçilər Konvensiyanın 3, 5 və 11-ci maddələrinə istinadən şikayət edirlər ki, tutulmaları və ibtidai həbsdə olmaları zamanı hakimiyyət orqanları prosessual qaydaları pozublar, polisdə həbsdə olarkən, onlarla pis rəftar edilib və onlara siyasi nümayişlər keçirməkdən qanunsuz olaraq imtina edilib (1, 2 və 7 saylı şikayətlər).
Məhkəmə qeyd edir ki, o, yalnız Razılığa gələn Yüksək Tərəfə münasibətdə Konvensiyanın qüvvəyə minməsindən sonra baş vermiş hərəkətlər, faktlar və ya qərarlarla Konvensiyanın pozulmasına dair şikayətləri araşdırmaq səlahiyyətinə malikdir (bax, Kazımova Azərbaycana qarşı iş üzrə 06 mart 2003-cü il tarixli qərardad, № 40368/02). Məhkəmə daha sonra qeyd edir ki, ərizəçinin yuxarıdakı şikayətlərinə əsas olan hadisələr 15 aprel 2002-ci ildən, yəni Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi tarixdən əvvəl baş verib. Xüsusilə bu şikayətlərə aid hər hansı daxili araşdırmalar bu tarixdən sonra başlanılmayıb.
Buna görə, Məhkəmə hesab edir ki, bu şikayətlər onun ratione temporis səlahiyyətindən kənardadır və Konvensiyanın 35-ci maddəsinin 4-cü bəndinə müvafiq olaraq rədd edilməlidir.
3. Malik olduğu bütün materiallar baxımından ərizəçilərin qalan şikayətlərini (5 və 6 saylı şikayətləri), şikayət olunan məsələlər onun səlahiyyətində olduğu qədər araşdıraraq, Məhkəmə hesab edir ki, onlar Konvensiya və ya onun Protokolları ilə təsbit olunmuş hüquq və azadlıqların pozulmasının hər hansı görüntüsünü aşkar etmir. Belə nəticəyə gəlinir ki, şikayətin bu hissəsi Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndlərinə əsasən açıq-aşkar əsassız kimi rədd olunmalıdır.
Bu səbəblərə görə, Məhkəmə yekdilliklə,
Məsələnin mahiyyətinə toxunmadan, ərizəçilərin ədalətli məhkəmə araşdırılması hüququna, ifadə etmək və birləşmək azadlığının iddia olunan pozuntusuna və siyasi baxışlara görə iddia olunan ayrı-seçkiliyə aid şikayətlərinin araşdırılmasını təxirə salır;
Şikayətin qalan hissələrini qeyri-məqbul elan edir.
Soren NilsenXristos Rozakis
Katib Sədr
Full & Egal Universal Law Academy