İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
Rəsul Quliyevin Azərbaycana qarşı
35584/02 saylı şikayətinin
MƏQBULİYYƏTİNƏ DAİR
Q Ə R A R D A D
İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) Palata kimi
27 may 2004-cü il tarixdə aşağıdakı tərkibdə,
cənab X.Rozakis, Sədr,
cənab P.Lorenzen,
cənab Q.Bonello,
xanım F.Tulkens,
xanım N.Vaciç,
cənab X.Hacıyev, hakimlər,
və cənab S.Nilsen, Bölmə Katibi,
yuxarıda qeyd edilən 24 sentyabr 2002-ci il tarixdə verilmiş şikayətlə bağlı müzakirə apararaq, qərara alır:
FAKTLAR
Azərbaycan Respublikasının vətəndaşı olan ərizəçi cənab Rəsul Quliyev 1947-ci ildə anadan olub və ABŞ-da Nyu-Yorkda yaşayır. Onu Məhkəmə qarşısında Bakıda vəkil işləyən cənab O.Kazımov və cənab H.Sədrəddinov təmsil edib.
A. İşin halları
Ərizəçinin təqdim etdiklərinə görə işin halları aşağıdakı kimi ümumiləşdirilə bilər.
(a) Ərizəçiyə qarşı cinayət təqibi
1990-1993-cü illərdə ərizəçi «Azərneftyağ» İstehsalat Birliyi və Azərbaycanın Dövlət Neft Şirkəti daxil olmaqla, ölkənin neft sektorunda bir neçə ən yuxarı idarəçilik vəzifələri tutmuşdur. 1993-cü ildə bir neçə ay ərzində o, Baş Nazirin birinci müavini və sonradan 1993-1996-cı illərdə Milli Məclisin (Parlament) spikeri olub. 1996-cı ildə o, iddia edilənə görə Hökumətin siyasətinə etiraz olaraq istefaya gedib və ölkəni tərkb edib. Xaricdə olakən o, qərargahı Bakıda olmaqla Azərbaycan Demokrat Partiyasını («ADP») təsis və ona rəhbərlik edib. Hazırda o, ABŞ-da yaşayır.
1996-cı ildə başlanmış cinayət istinatıqının nəticəsi olaraq, 1998-ci ildə Baş Prokuror neft şirkətlərində və hökumətdə işi zamanı ərizəçini dövlət əmlakının mənimsənilməsində, hakimiyyətdən sui-istifadədə və dələduzluqda ittiham edib. Baş Prokuror ərizəçinin həbsini və mühakiməsini xahiş edib. 10 oktyabr 2000-ci ildə Baş Prokurorun ittiham aktına əsasən Səbail rayon məhkəməsi ərizəçi barəsində həbs qətimkan tədbiri seçilməsini qərara almışdır. Lakin 1996-cı ildə getməsindən sonra heç zaman Azərbaycana qayıtmadığı üçün ərizəçi əslində həbsə alınmamışdır.
Evə qayıtdıqda həqiqətən həbs olunmasına inanaraq, ərizəçi vəkili vasitəsilə Səbail rayon məhkəməsinə həbsin ev dustaqlığı ilə əvəzlənməsi xahişinə dair vəsatət verdi. Bu şərtlə o, evə qayıtmağa və mühakimə olunmasına razılıq verərdi.
05 iyul 2002-ci ildə Səbail rayon məhkəməsi ərizəçinin vəsatətini rədd etdi. Məhkəmə hesab etdi ki, cinayətlərin ağırlığına, ərizəçinin davamlı olaraq «istintaqdan yayınmasına», eləcə də, ibtidai istintaqa və məhkəmə araşdırılmasına maneçilik törətmək üçün ərizəçinin başqa tərəflərə təsir göstərməsinə inanmağa əsaslı şübhələr olduğuna görə həbs qətimkan tədbiri düzgün seçilib.
Ərizəçi bu qərardan Apellyasiya Məhkəməsinə şikayət verdi. 23 iyul 2002-ci ildə Apellyasiya Məhkəməsi şikayətə mahiyyəti üzrə baxmaqdan imtina etdi. Məhkəmənin daxili cinayət prosessual qanunun təfsirinə əsasən məhkəmə belə nəticəyə gəldi ki, qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsinə dair birinci instansiya məhkəməsinin qərarından şikayət verilə bilməz.
Hazırda ərizəçi siyasi qaçqın kimi ABŞ-da yaşayır. Onun barəsində cinayət təqibi hələ davam edir və onun həbsi barədə qərar hələ qüvvədədir. Belə nəticə çıxır ki, Azərbaycana qayıdarkən ərizəçi tutulacaq və həbsə alınacaqdır.
(b) Prezident seçkilərində ərizəçinin namizədliyinin rədd olunması
2003-cü ilin yayında ADP ərizəçini 15 oktyabr 2003-cü il tarixli seçkilərdə namizəd kimi irəli sürdü. Lakin 02 iyul 2003-cü ildə Mərkəzi Seçki Komissiyası («MSK») Konstitusiyanın 100-cü maddəsinə və Seçki Məcəlləsinin 54.8-ci maddəsinə əsasən ərizəçinin namizədliyini rədd etdi.
ADP Komissiyanın qərarının qanunsuz olduğuna görə onu ləğv etmək xahişi ilə Apellyasiya Məhkəməsinə müraciət etdi. 07 iyul 2003-cü ildə Apellyasiya Məhkəməsi Komissiyanın qərarının iki səbəbə görə əsaslı olduğu nəticəsinə gələrək, bu müraciəti rədd etdi. Birincisi, məhkəmə hesab etdi ki, Komissiyaya təqdim olunmuş sənədlər lazımi qaydada təsdiq olunub rəsmiləşdirilməmiş və buna görə Seçki Məcəlləsinin tələblərinə uyğun olmamışdır. İkincisi, ərizəçi hər hansı xarici dövlət qarşısında öhdəliklərinin olmamasına dair sübutlar gətirə bilməyib (onun işində ABŞ qarşısında). ADP-nin sonrakı şikayəti üzrə 14 iyul 2003-cü ildə Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarnı qüvvədə saxladı.
B. Müvafiq daxili qanunvericilik
Azərbaycan Respublikasının 1995-ci il tarixli Konstitusiyası
2-ci fəsil. Dövlətin əsasları
7-ci maddəyə əsasən Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir. Dövlətin qanunvericilik, icra və məhkəmə hakimiyyətləri öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.
5-ci fəsil. Qanunvericilik hakimiyyəti
81-ci maddəyə müvafiq olaraq, qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi (Parlament) həyata keçirir.
93-cü maddə Milli Məclisə səlahiyyət verir ki, öz səlahiyyətlərinə aid məsələlər üzrə Konstitusiya qanunları, qanunlar və qərarlar qəbul etsin.
94-cü maddəyə görə, Milli Məclis qanunların qəbul edilməsi yolu ilə, inter alia, insan hüquq və azadlıqları, seçki, məhkəmə sistemi, fiziki və hüquqi şəxslərin statusu, mülki hüquq məsələləri, cinayət məsuliyyəti, məhkəmə mübahisəsi prosesi, məhkəmə qərarlarının qüvvəsi, ailə hüququ məsələləri, əmək və ictimai təhlükəsizlik, maliyyə və bank fəaliyyəti, vergi və gömrük, rabitə və nəqliyyat, kommersiya əməliyyatları, müdafiə və hərbi xidmət, beynəlxalq müqavilələrin ratifikasiyası və denonsasiyası və başqa oxşar məsələlər daxil olmaqla, dövlət tənzimlənməsinin əsas sahələrinə aid qaydaları müəyyən etmək səlahiyyətindədir.
6-cı fəsil. İcra hakimiyyəti
99-cu maddəyə müvafiq olaraq, icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
109-cu maddəyə əsasən, Prezident, inter alia, Konstitusiya ilə Milli Məclisin səlahiyyətinə aid olmayan məsələləri həll etməklə yanaşı, Milli Məclis tərəfindən qəbul olunmuş qanunları imzalamaq və dərc etdirmək səlahiyyətinə malikdir.
110-cu maddə nəzərdə tutur ki, Prezident Milli Məclisin qəbul etdiyi qanunlara veto qoymaq hüququna malikdir. Milli Məclis Prezidentin vetosunu səslərin müəyyən çoxluğu ilə keçə bilər.
113-cü maddəyə uyğun olaraq, Prezident onun səlahiyyətinə aid məsələlər üzrə fərman və sərəncamlar verir.
10-cu fəsil. Qanunvericilik sistemi
149-cu maddəyə müvafiq olaraq, Milli Məclisin qanunları Konstitusiya və referendumla qəbul olunmuş aktlar istisna olmaqla, hər hansı başqa normativ hüquqi aktlar üzərində daha yüksək hüquqi qüvvəyə malikdir. Prezidentin fərman və sərəncamları Milli Məclisin qəbul etdiyi qanunlara zidd olmamalıdır.
ŞİKAYƏTLƏR
1. Ərizəçi Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə əsasən şikayət etdi ki, onun həbsi barədə qərar qanunsuz olub. Xüsusən, o şikayət etdi ki, onun tərəfindən hər hansı cinayətin törədilməsinə dair əsaslı şübhə olmadığına görə, işin halları qətimkan tədbiri kimi həbsi tələb etmirdi. O bildirdi ki, ona qarşı ittihamlar yalan və saxta olub.
2. Ərizəçi, həmçinin, Konvensiyaın 6-cı maddəsinin 1-ci bəndinə əsasən onun həbsi barədə araşdırmaların nəticəsindən şikayət etdi. O iddia etdi ki, daxili məhkəmələr həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini rədd edərək, müstəqil və qərəzsiz olmayıblar. O, həmçinin şikayət etdi ki, Apellyasiya Məhkəməsi qanunsuz olaraq onun əvəzlənmə barədə müraciətini rədd edən Səbail rayon məhkəməsinin qərarından şikayətinə baxmaqdan imtina etdi.
3. Ərizəçi bir daha Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə istinadən Prezident seçkilərində namizəd kimi qeydə almaqdan imtina edilməsi barədə Mərkəzi Seçki Komissiyasının qərarına aid məhkəmə araşdırmalarının ədalətsizliyindən şikayət etdi. O iddia etdi ki, məhkəmələr faktların qiymətləndirilməsində səhv edib və daxili qanunvericiliyi düzgün təfsir etməyiblər.
4. Ərizəçi Konvensiyanın 13-cü maddəsi ilə birgə Konvensiyanın 6-cı maddəsinə istinad edərək şikayət etdi ki, onun işində daxili vasitələr səmərəsiz olub.
5. Ərizəçi daha sonra 1 saylı Protokolun 3-cü maddəsinə əsasən şikayət etdi ki, Prezident seçkilərində namizədliyini irəli sürmək hüququ hakimiyyət orqanları tərəfindən qanunsuz olaraq məhdudlaşdırılmışdır.
6. Ərizəçi Konvensiyanın 4 saylı Protokolunun 3-cü maddəsinin 2-ci bəndinə əsasən şikayət etdi ki, Azərbaycana qayıdarkən həbs ilə hədələməklə hakimiyyət orqanları faktiki olaraq onun evə qayıtmasının və normal siyasi fəaliyyətini bərpa etməsinin qarşısını almışlar.
7. Ərizəçi Konvensiyanın 7 saylı Protokolunun 2-ci maddəsinə əsasən Apellyasiya Məhkəməsinin daxili cinayət prosessual qanunvericiliyin iddia olunan səhv təfsirindən və həbsin ev dustaqlığı ilə əvəzlənməsinin rədd edilməsinə dair Səbail rayon məhkəməsinin qərarından şikayətinə mahiyyəti üzrə baxılmasına imtinasından şikayət etdi.
8. Nəhayət, ərizəçi Konvensiyanın və Protokolların yuxarıda qeyd olunan maddələri ilə birgə Konvensiyanın 14-cü maddəsinə əsasən şikayət etdi ki, hazırkı Hökumətin əsas siyasi rəqiblərindən biri olduğuna görə siyasi fikrinə əsaslanan ayrı-seçkilik nəticəsində onun Konvensiya hüquqları pozulub.
HÜQUQİ MƏSƏLƏLƏR
1. Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə əsasən ərizəçi onun həbsi barədə qərarın qanunsuzluğundan şikayət edir. Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi müvafiq hissədə nəzərdə tutur ki:
«1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa azadlığından məhrum edilə bilməz:
c) hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud törətdikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsasların olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması ...»
Məhkəmə xatırladır ki, «azadlıq hüququnu» bəyan etməklə, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi şəxsin fiziki azadlığını nəzərdə tutur və onun məqsədi heç kəsin özbaşına tərzdə azadlıqdan məhrum edilməməsini təmin etməkdən ibarətdir (bax, Quzzardi İtaliyaya qarşı, 06 noyabr 1980-ci il tarixli qərar, A Seriyaları, № 39, § 92). Məhkəmə qeyd edir ki, hazırkı işdə ərizəçinin həbsi barədə məhkəmə qərarının mövcudluğuna baxmayaraq, o, fiziki olaraq həbsə alınmayıb və hazırda ABŞ-da yaşayır. Müvafiq olaraq, ərizəçinin hələ «fiziki azadlıqdan» məhrum olunmamasını nəzərə alaraq, Konvensiyanın 5-ci maddəsinə əsasən həbsin qanunsuzluğu barədə şikayət vaxtından əvvəl verilib.
Yuxarıdakılardan belə nəticəyə gəlinir ki, Konvensiyanın 5-ci maddəsinin 1 (c) bəndinin mənasına görə, icra olunmamış həbsin «qanunsuz» olub-olmamasının müəyyənləşdirilməsi Məhkəmənin vəzifəsi deyildir.
Məhkəmə hesab edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasına görə açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 4-cü bəndinə müvafiq olaraq rədd edilməlidir.
2. Konvensiyanın 6-cı maddəsinə əsasən ərizəçi onun həbsinə qərar verən və ev dustaqlığına icazə verməyən məhkəmələrin ədalətsizliyindən və qərəzliliyindən şikayət edir. Şikayətin mahiyyətini nəzərə alaraq, Məhkəmə hesab edir ki, Konvensiyanın 6-cı maddəsinə əsaslanan təhlilə əlavə olaraq Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndi baxımından da təhlil aparılmalıdır.
(a) Ərizəçinin istinad etdiyi qədər Konvensiyanın 6-cı maddəsi aşağıdakıları nəzərdə tutur:
«1. Hər kəs ... ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ... işinin ədalətli ... araşdırılması hüququna malikdir. »
Məhkəmə xatırladır ki, Konvensiyanın 34-cü maddəsinə əsasən Məhkəmə yalnız Konvensiya müddəalarından birinin pozulmasının qurbanı olduğunu iddia edən şəxslərin şikayətlərinə baxmaq hüququna malikdir.
Məhkəmə daha sonra qeyd edir ki, cinayət məsələlərinə aid olduğu təqdirdə Konvensiyanın 6-cı maddəsinin əsas məqsədi ərizəçini, ümumilikdə, «hər hansı cinayət ittihamını» müəyyən etmək səlahiyyətinə malik olan «məhkəmə» tərəfindən ədalətli məhkəmə araşdırılması ilə təmin etməkdir (bax, Nikolova Bolqarıstana qarşı (qərardad), № 31195/96, 27 fevral 1997-ci il). Müvafiq olaraq, yalnız həbsinə aid araşdırmaların ədalətsizliyini iddia edən şəxs, prinsipcə, Konvensiyanın 6-cı maddəsinin pozulmasının qurbanı olduğunu iddia edə bilməz, əgər müvafiq araşdırmalarda yekun məhkumluq elan olunmayıbsa (bax, Kavka Polşaya qarşı (qərardad), № 25874/94, 17 may 1995-ci il; İlickov Bolqarıstana qarşı (qərardad), № 33977/96, 20 oktyabr 1997-ci il).
Hazırkı işdə ərizəçinin şikayəti cinayət araşdırmalarının əvvəlki mərhələsinə, yəni məhkəmə tərəfindən onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə aiddir və Konvensyanın 6-cı maddəsinin mənasına görə «məhkəmə» qarşısında «araşdırılma» ilə bağlı deyildir. Ərizəçinin həbsini qərara alan və qüvvədə saxlayan məhkəmələr ərizəçi barəsində hər hansı «cinayət ittihamını» həll etməli deyildirlər. Əksinə, hazırda ərizəçi barəsində cinayət araşdırmaları hələ davam edir. Məhkəmə araşdırılması və məhkum etmə aparılmayıb. Məhkəmə bu mərhələdə Azərbaycana qayıdarkən ərizəçinin həqiqətən həbsə alınıb-alınmaması, məhkəmə araşdırılmasının aparılıb-aparılmaması, məhkəmə araşdırılmasının ümumilikdə ədalətli olub-olmaması və ya ərizəçinin məhkum olunub-olunmaması ilə bağlı fərziyyə irəli sürə bilməz (bax, yuxarıda qeyd olunan Nikolova Bolqarıstana qarşı). Buna görə, Məhkəmə hesab edir ki, Konvensiyanın 6-cı maddəsi baxımından bu şikayət vaxtından əvvəl verilib, ona görə ki, ərizəçi cinayət araşdırmalarının bu mərhələsində Konvensiyanın 6-cı maddəsinin iddia edilən pozuntusunun qurbanı olduğunu irəli sürə bilməz.
(b) Əlavə olaraq, ərizəçinin onun həbsi ilə bağlı araşdırmaların ədalətsizliyindən şikayət etdiyi qədər Məhkəmə hesab edir ki, ərizəçinin iddiaları mahiyyəti üzrə Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinə əsasən qiymətləndirilə bilər, baxmayaraq ki, ərizəçi bu maddəni açıq-aşkar göstərmir. Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndi aşağıdakıları nəzərdə tutur:
«4. Tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılmaq hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir.»
Məhkəmə bir daha qeyd edir ki, prinsipcə, Konvensiyanın 5-ci maddəsinin 4-cü maddəsinə əsasən aparılan araşdırmalar davam edən istintaqın halları üzrə mümkün olan ən geniş əhatəyə, ədalətli məhkəmə araşdırılmasının əsas tələblərinə cavab verməlidir (bax, Şişkov Bolqarıstana qarşı, № 38822/97, § 77, 09 yanvar 2003-cü il). Lakin Məkəmə qeyd edir ki, Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndi belə ədalətli məhkəmə araşdırması tələblərini yalnız «tutulma və ya həbs ilə azadlıqdan məhrum ediən» şəxslərə təmin edir. Yuxarıda qeyd edildiyi kimi, ərizəçinin həbsi barədə qərarın mövcudluğuna baxmayaraq, ərizəçi hələ öz fiziki azadlığından məhrum edilməyib. Belə olan halda, Məhkəmə xatırladır ki, ərizəçinin şikayəti vaxtından əvvəl verilib və bu mərhələdə Məhkəmə üçün zəruri deyildir ki, ərizəçinin həbsi barədə araşdırmaların Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinin təminatlarına uyğun olub-olmamasını yoxlasın.
Belə nəticəyə gəlinir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasına görə açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 4-cü bəndinə müvafiq olaraq rədd edilməlidir.
3. Bir daha Konvensiyanın 6-cı maddəsinə istinadən ərizəçi şikayət edir ki, Prezident seçkilərində namizəd kimi qeydə alınmasından Mərkəzi Seçki Komissiyasının imtinasına aid məhkəmə araşdırmaları ədalətli olmayıb. Konvensiyanın 6-cı maddəsi müvafiq hissədə nəzərdə tutur ki:
«Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən ... məhkəmə vasitəsilə ... işinin ədalətli ... araşdırılması hüququna malikdir »
Məhkəmə qeyd edir ki, sözügedən araşdırmalarda iddiaçı Azərbaycan Demokratik Partiyası olub. Beləliklə, ərizəçi araşdırmalarda tərəf olmayıb və buna görə ərizəçinin Konvensiyanın 34-cü maddəsinin tələb etdiyi kimi Konvensiyanın iddia olunan pozuntusunun qurbanı olub-olmamasını irəli sürə bilib-bilməməsi ilə bağlı məsələ ortaya çıxır. Lakin hazırkı işin halları baxımından Məhkəmə bu məsələni həll etməyi zəruri hesab etmir, ona görə ki, ərizəçi tərəfindən bu tələbi yerinə yetirdiyini güman etsək belə, şikayət hər bir halda aşağıdakı səbəblərə görə qeyri-məqbuldur.
Məhkəmə qeyd edir ki, sözügedən araşdırmalar ərizəçinin Prezident seçkilərində namizəd kimi iştirak etmək hüququnun həll edilməsinə aiddir. Buna görə, bu mübahisə ərizəçinin siyasi hüququna aiddir və Konvensiyanın 6-ci maddəsinin 1-ci bəndinin mənasına görə onun «mülki hüquq və vəzifələri» ilə bağlı deyildir (bax, Mütəllibov Azərbaycana qarşı (qərardad), № 31799/03, 19 fevral 2004-cü il; Pyer-Bloh Fransaya qarşı, 21 oktyabr 1997-ci il tarixli qərar, Qərar və Qərardadların Hesabatı, 1997-VI, s. 2223, § 50). Müvafiq olaraq, Məhkəmə hesab edir ki, Konvensiyanın 6-ci maddəsi bu araşdırmalara tətbiq edilməzdir.
Belə nəticəyə gəlinir ki, şikayətin bu hissəsi Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasına görə Konvensiyanın müddəaları ilə ratione materiae uyğun deyildir və Konvensiyanın 35-ci maddəsinin 4-cü bəndinə müvafiq olaraq rədd edilməlidir.
4. Ərizəçi şikayət edir ki, onun işi üzrə daxili məhkəmələr səmərəli olmayıb. O, Konvensiyanın 6-cı maddəsi ilə birgə Konvensiyanın 13-cü maddəsinə istinad edir. Konvensiyanın 13-cü maddəsi aşağıdakıları nəzərdə tutur:
«Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələri hüququna malikdir.»
Məhkəmənin presedent-hüququna görə Konvensiyanın 13-cü maddəsi yalnız fərd Konvensiya hüquqlarının pozulmasına dair əsaslı tələbə malik olduqda tətbiq edilir (bax, Boyl və Ris Birləşmiş Krallığa qarşı, 27 aprel 1988-ci il tarixli qərar, A Seriyaları, № 131, § 52). Məhkəmə yuxarıda müəyyən etdi ki, Konvensiyanın 6-cı maddəsi üzrə ərizəçinin şikayətləri ya açıq-aşkar əsassızdır və ya Konvensiyanın əhatəsindən ratione materiae kənara çıxır. Həmin səbəblərə görə, ərizəçi Konvensiyanın bu maddəsi üzrə əsaslı tələbə malik deyildir. Buna görə, Konvensiyanın 13-cü maddəsi hazırkı işdə tətbiq edilməzdir.
Belə nəticəyə gəlinir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasına görə açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 4-cü bəndinə müvafiq olaraq rədd edilməlidir.
5. Ərizəçi şikayət edir ki, Prezident seçkilərində namizəd kimi iştirak etmək üçün ona qanunsuz olaraq icazə verilməyib. O, Konvensiyanın 1 saylı Protokolunun aşağıdakıları nəzərdə tutan 3-cü maddəsinə istinad edir:
“Yüksək Müqavilə Tərəfləri qanunverici hakimiyyət orqanını seçərkən xalqın iradəsini sərbəst ifadə edə biləcək şəraitdə, gizli səsvermə yolu ilə, ağlabatan dövriliklə azad seçkilər keçirməyi öhdələrinə götürürlər.”
Məhkəmə qeyd edir ki, 1 saylı Protokolun 3-cü maddəsi yalnız “qanunvericilik orqanının seçilməsinə” aiddir. Buna baxmayaraq, Məhkəmə xatırladır ki, “qanunvericilik” sözü mütləq milli parlamenti nəzərdə tutmur; o, müvafiq dövlətin konstitusiya quruluşu baxımından şərh edilməlidir (bax, Matyo-Mohin və Klerfart Belçikaya qarşı, 02 mart 1987-ci il tarixli qərar, A Seriyaları, № 113, s. 23, § 53).
Azərbaycan Konstitusiyasının müvafiq müddəalarını nəzərə alaraq, Məhkəmə qeyd edir ki, Azərbaycanda qanunvericilik hakimiyyətini Milli Məclis (Parlament) həyata keçirir. Digər tərəfdən, Azərbaycanın Prezidenti icra hakimiyyətinin başçısıdır. Lakin Prezidentə bir neçə səlahiyyətlər verilib ki, onlar çox məhdud şəkildə qanunvericilik hakimiyyətinə aid oluna bilər. Xüsusən, o, Prezident fərman və sərəncamlarını verməklə yanaşı, Parlamentin qəbul etdiyi qanunları imzalamaq və onlara veto qoymaq səlahiyyətinə malikdir. Lakin o, birbaşa qanunvericilik səlahiyyətinə, yəni müstəsna olaraq Parlamentin səlahiyyətində olan ən yüksək qüvvəyə malik qanunların qəbul olunmasına müdaxilə edə bilməz. Prezident Parlamentin qanunvericiliyinə zidd olan və ya onu ləğv edən hər hansı fərman və ya sərəncam verə bilməz və öz səlahiyyətlərində belə qanunvericiliyin əsasən icra olunması səlahiyətləri ilə məhdudlaşır. Belə olan halda isə, Azərbaycan Konstitusiyasının açıq-aşkar olaraq hakimiyyətlərin bölünməsini təsbit etməsini nəzərə alaraq, Parlamentin qanunvericilik səlahiyyətlərinə əlavə olaraq Prezidentin səlahiyyətləri zəruri və Azərbaycanın respublika dövlət quruluşunun “qarşısını alma və tarazlaşma” sistemi ilə ciddi məhdud olan kimi təfsir edilməlidir.
Müvafiq olaraq, Məhkəmə hesab edir ki, fərman və sərəncamları verməyə, eləcə də Parlament tərəfindən qəbul olunmuş qanunları imzalamaq və ya onlara veto qoymağa dair Prezident səlahiyyəti qanunvericilik hakimiyyətindən fərqləndirilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, 1 saylı Protokolun 3-cü maddəsi hazırkı işə tətbiq edilməzdir, ona görə ki, Azərbaycanın Prezident seçkiləri bu maddənin mənası baxımından “qanunvericilik orqanının seçilməsi” kimi təfsir edilə bilməz.
Belə nəticəyə gəlinir ki, şikayətin bu hissəsi Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasına görə Konvensiyanın müddəaları ilə ratione materiae uyğun deyildir və Konvensiyanın 35-ci maddəsinin 4-cü bəndinə müvafiq olaraq rədd edilməlidir.
6. Ərizəçi daha sonra şikayət edir ki, həbs qərarının davamlı mövcudluğu mahiyyət etibarilə onun öz ölkəsinə qayıtmaq hüququnun məhdudlaşdırılmasını təşkil edir. O, 4 saylı Protokolun 3-cü maddəsinin aşağıdakıları nəzərdə tutan 2-ci bəndinə istinad edir:
«Heç kəs vətəndaşı olduğu dövlətin ərazisinə daxil olmaq hüququndan məhrum edilə bilməz.»
Məhkəmə vurğulayır ki, bu müddəa ərizəçinin ölkəyə daxil olmaq arzusuna təsir edən tədbirlərə deyil, vətəndaşı olduğu ölkəyə daxil olmaq hüququndan həqiqi məhrum olunmasına aiddir (bax, C.B. Almaniyaya qarşı (qərardad), № 22012/93, 11 yanvar 1994-cü il). Məhkəmə hesab edir ki, Azərbaycan hakimiyyət orqanlarının rəsmi olaraq ərizəçinin Azərbaycana qayıtmasını qadağan edən və ya o, qayıtmaq istədikdə, ona Azərbaycana qayıtmağa başqa yolla icazə verməyən fakt mövcud deyildir. Yalnız o fakt ki, ərizəçi onu həbs qərarı gözləyən ölkəyə qayıtmaq istəmir, Məhkəməni hər hansı başqa nəticəyə gətirə bilməz. Müvafiq olaraq, istinad olunan maddənin məqsədləri baxımından ərizəçinin evə qayıtmağa icazə verilməməsinə dair iddiaları əsassızdır.
Belə nəticəyə gəlinir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasına görə açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 4-cü bəndinə müvafiq olaraq rədd edilməlidir.
7. Ərizəçi həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsinə dair birinci instansiya məhkəməsinin qərarından şikayətin verilə bilməməsi barədə Apellyasiya Məhkəməsi tərəfindən verilən daxili cinayət prosessual qanunun təfsiri ilə razılaşmır. O, 7 saylı Protokolun 2-ci maddəsinin müvafiq hissədə aşağıdakıları nəzərdə tutan 1-ci maddəsinə istinad edir:
«Cinayət törətməyə görə məhkəmə tərəfindən məhkum edilmiş hər kəsin, barəsində çıxarılmış hökmə və ya cəzaya daha yuxarı məhkəmədə yenidən baxılması hüququ vardır. ... »
Məhkəmə xatırladır ki, Konvensiyanın bu müddəası yalnız məhkəmə tərəfindən cinayətə görə məhkum olunmuş şəxslərin şikayət hüququnu təmin edir. Hazırkı işdə ərizəçi yalnız cinayətdə ittiham olunub. O, cinayətə görə məhkum olunmayıb. Buna görə 7 saylı Protokolun 2-ci maddəsinin 1-ci bəndi bu işə tətbiq edilməzdir.
Belə nəticəyə gəlinir ki, şikayətin bu hissəsi Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasına görə Konvensiyanın müddəaları ilə ratione materiae uyğun deyildir və Konvensiyanın 35-ci maddəsinin 4-cü bəndinə müvafiq olaraq rədd edilməlidir.
8. Ərizəçi Konvensiyanın 14-cü maddəsinə əsasən şikayət edir ki, yuxarıdakı bütün şikayətlər nəzərə alınmaqla, o, siyasi fikrinə görə ayrı-seçkiliyə məruz qalıb. Konvensiyanın 14-cü maddəsi aşağıdakıları nəzərdə tutur:
“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər status kimi hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır.”
Birincisi, prezidentliyə namizəd kimi qeydə alınmaqdan imtinaya aid, eləcə də 7 saylı Protokolun 2-ci maddəsinə əsasən ərizəçinin şikayətləri ilə birgə Konvensiyanın 14-cü maddəsi götürüldükdə, Məhkəmə bir daha bildirir ki, bu şikayətlər Konvensiyanın əhatəsindən ratione materiae kənara çıxır. Belə olan halda isə, ərizəçi bu şikayətlərlə bağlı Konvensiyanın 14-cü maddəsinə əsaslana bilməz, ona görə ki, bu onun tərəfindən “Konvensiyada təsbit olunmuş hüquq və azadlıqların həyata keçirilməsi” ilə bağlı deyildir.
İkincisi, iddia edilən saxtalaşdırılmış cinayət işinə və qanunsuz həbs qərarına aid ərizəçinin qalan şikayətləri ilə birgə Konvensiyanın 14-cü maddəsi götürüldükdə, Məhkəmə hesab edir ki, ərizəçinin ayrı-seçkilik iddiaları əsassızdır. Ərizəçi onun siyasi fəaliyyəti ilə hakimiyyət orqanlarının ona qarşı hərəkətləri ilə birbaşa əlaqəni göstərən hər hansı sübut təqdim etməyib. Əksinə, işdə olan materiallara əsasən Məhkəmə qeyd edir ki, ərizəçi barəsində cinayət təqibi onun tərəfindən ümumi xarakterli cinayələrin törədilməsinə şübhəyə əsaslanıb və formal olaraq onun siyasi fəaliyyətinə aid olmayıb. Eyni ilə, həbs qərarı ərizəçinin müxalifət partiyasına mənsubluqdan başqa səbəblərə formal olaraq əsaslanıb.
Belə olan halda, mümkün olan sual hakimiyyət orqanları tərəfindən formal olaraq siyasi səbəblərə əsaslanmayan cinayət araşdırmalarının siyasi motivlərdən başlanıb-başlanılmamasından ibarətdir. Bununla bağlı, Məhkəmə qeyd edir ki, yuxarıda müəyyən edilənlərə müvafiq olaraq, iddia edilən saxtalaşdırılmış cnayət təqibinə aid şikayətlər indi verildiyi üçün vaxtından əvvəl qaldırılıb. Buna görə, cinayət icraatının hələ davam etməsini və məhkəmə araşdırılmasının və məhkumluğun olmamasını nəzərə alaraq, Məhkəmə bu mərhələdə hakimiyyət orqanlarının müvafiq hərəkətləri arxasında hər hansı siyasi motivlərin olub-olmaması ilə bağlı fərziyyə irəli sürə bilməz.
Belə nəticəyə gəlinir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasına görə açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 4-cü bəndinə müvafiq olaraq rədd edilməlidir.
Bu səbəblərə görə, Məhkəmə yekdilliklə
Şikayəti qeyri-məqbul elan edir.
Soren NilsenXristos Rozakis
KatibSədr
Full & Egal Universal Law Academy