Hadjiyska (Hadzhiyska) Bolqarıstana qarşı – ərizə № 20701/09
15.5.2012 tarixli qərar [IV Bölmə]
Maddə 11
1 saylı Protokolun 1-ci maddəsi
Pozitiv öhdəliklər
Güclü yağışdan sonra daşqın nəticəsində mülkiyyətə zərər dəyməsi: şikayət qəbul olunmayan elan edildi
Faktlar – Güclü yağışdan sonra çayın sahillərindən çıxması nəticəsində ərizəçinin evini su basmışdı. O, ziyanla əlaqədar olaraq Ətraf Mühit və Su Resursları Nazirliyinə və regional qubernatora qarşı iddia qaldırdı və bildirdi ki, onlar çayın yatağının təmizlənməsini, qoruyucu qurğuların tikintisini təmin etməyiblər və xəbərdarlıq sistemi yaratmayıblar. İnzibati məhkəmələr şikayəti qəbul olunmayan elan edərək rədd etdilər.
Hüquqi məsələlər – 1 saylı Protokolun 1-ci maddəsi: Ərizəçinin əmlakına insanların hərəkətləri nəticəsində deyil, güclü yağış yağması nəticəsində zərər dəymişdi. Ərizəçi iddia etmirdi ki, dövlət orqanları yağışın nəticələrini öncədən görə və ya onların qarşısını ala bilərdilər, həmçinin daşqının miqyası barəsində də hər hansı təfsilatları təqdim etməmişdi. Bu məsələ aydın deyildi ki, qeyd edilən tədbirlər daşqının onun əmlakına vurduğu zərərin qarşısını ala və ya onu azalda bilərdimi, başqa sözlə, onun məruz qaldığı zərəri bütünlüklə və ya qismən dövlətin səhlənkarlığının nəticəsi saymaq olardımı? Belə görünür ki, daşqın ərizəçinin evinə ciddi ziyan vurmamışdı və ya həyatı üçün təhlükə yaratmamışdı və dövlət orqanlarının hər hansı hərəkətləri və ya hərəkətsizliyi ilə onun əmlakına dəymiş zərər arasında səbəbiyyət əlaqəsi müəyyən edilməmişdi. 1 saylı Protokolun 1-ci maddəsi bütün situasiyalarda və daşqınlara və təbii fəlakətlərə məruz qalan bütün ərazilərdə xüsusi mülkiyyəti qorumaq üçün qabaqlayıcı tədbirlər görülməsini iştirakçı dövlətlərdən tələb edən müddəa kimi başa düşülməməlidir. Prioritetlər və resurslar nəzərə alınmaqla operativ seçim etmək zərurətini nəzərə alsaq, həmin maddədən irəli gələn hər hansı öhdəliklər hakimiyyət orqanlarının üzərinə qeyri-mümkün və ya qeyri-mütənasib vəzifə yükü qoyan öhdəlik kimi şərh olunmamalıdır. Müvafiq olaraq, ərizəçinin tələbi 1 saylı Protokolun 1-ci maddəsi əsasında sübuta yetirilə bilən iddia tələbi deyildi.
Nəticə: şikayət qəbul olunmayan elan edildi (açıq-aydın əsassız olduğuna görə).
Full & Egal Universal Law Academy