İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
Fəhmin Hacıyevin Azərbaycana qarşı
5548/03 saylı şikayətinin
MƏQBULİYYƏTİNƏ DAİR
Q Ə R A R D A D
İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) Palata kimi
16 iyun 2005-ci il tarixdə aşağıdakı tərkibdə,
cənab X.Rozakis, Sədr,
cənab P.Lorenzen,
xanım N.Vaciç,
xanım S.Batuçarova,
cənab A.Kovler,
cənab E.Steyner,
cənab X.Hacıyev; hakimlər,
və cənab S.Quesada, Bölmə Katibi,
yuxarıda qeyd edilən 21 yanvar 2003-cü il tarixdə verilmiş şikayətlə bağlı cavabdeh Dövlət tərəfindən irəli sürülən rəyləri və ərizəçi tərəfindən verilən cavabları nəzərə alaraq, müzakirələr aparmaqla, qərara alır:
FAKTLAR
Ərizəçi Azərbaycan Respublikasının vətəndaşı olan cənab Fəhmin Əhmədpaşa oğlu Hacıyev 1959-cu ildə anadan olub və Bakıda yaşayır. Onu Məhkəmə qarşısında xanım Q.İsgəndərova təmsil edib. Cavabdeh Hökuməti isə, onun Məhkəmədəki nümayəndəsi cənab Ç.Əsgərov təmsil edib.
A. İşin halları
İşin halları tərəflərin təqdim etdiklərinə görə aşağıdakı kimi ümumiləşdirilə bilər.
Ərizəçinin məhkum edilməsi
Ərizəçi Sovet İttifaqından müstəqilliyi əldə etmək üçün ölkənin apardığı mübarizədə əsas rollardan birini oynamış təşkilatın - Xalq Cəbhəsinin fəal üzvü olmuşdur. 1992-ci ildə Xalq Cəbhəsi hakimiyyətə gəldiyi zaman ərizəçi bir neçə yüksək hərbi rütbəli vəzifələrə, 1993-cü ildə isə Xüsusi Təyinatlı Polis Dəstəsinin komandanı təyin edilmişdir.
1993-cü ildə Xalq Cəbhəsi hakimiyyətdən getdikdən sonra, 24 may 1994-cü ildə ərizəçi tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Onun dediyinə görə, tutulma zamanı ona qarşı irəli sürülən ittihamlar bildirilməmiş və vəkilin xidmətlərindən istifadə etmək hüququ təmin edilməmişdir. Birinci instansiya qismində Ali Məhkəmənin Hərbi İşlər üzrə Məhkəmə Kollegiyasınm 07 avqust 1995-ci il tarixli hökmü ilə ərizəçi törətdiyi öldürməyə sui-qəsd (on il müddətinə azadlıqdan məhrum etmə), müharibə zamanı hakimiyyətdən sui-istifadə (səkkiz il), qəsdən hakimiyyətdən sui-istifadə (dörd il), silah və hərbi sursatlardan düzgün istifadə etməmə (iki il), hərbi qulluğa səhlənkar münasibət (iki il) və yuxarı vəzifəli şəxs tərəfindən tabeçilikdə olan şəxsin ləyaqətinin alçaldılması (bir il altı ay) cinayətlərinə görə ümumilikdə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
26 iyun 1996-cı ildə həmin məhkəmə birinci instansiya qismində çıxardığı hökmü ilə ərizəçini «Xocalı şəhərinin Ermənistan tərəfindən işğal olunmasına müqavimət göstərmək və şəhəri tərk edən əhalinin kütləvi öldürülməsinin qarşısını almaq üçün hakimiyyətdən istifadə etmədiyinə görə» məhkum etmişdir. Məhkəmə ərizəçinin əvvəlki cəzasını yeni cəzaya birləşdirərək, ümumi olaraq on beş il müddətinə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Azadlıqdan məhrum etmə müddəti ərizəçinin tutulduğu tarixdən, yəni 1994-cü il mayın 24-dən hesablanmışdır. Həmin vaxt qüvvədə olmuş cinayət-prosessual qanunvericiliyinə uyğun olaraq, Ali Məhkəmənin hər iki hökmü qəti olmuş və onlardan apellyasiya şikayəti verilə bilməzdi.
Azərbaycanın Avropa Şurasına daxil olması zamanı ərizəçinin adı Baş Katibin ekspertlərinə təqdim olunmuş Azərbaycanda «ehtimal edilən siyasi məhbuslar» siyahısında göstərilmişdir. Azərbaycan bu ekspertlər tərəfindən «siyasi məhbus» kimi müəyyən edilmiş şəxsləri azad etmək və ya işlərinə yenidən baxmaq öhdəliyini üzərinə götürmüşdür.
2. Yeni Cinayət-Prosessual Məcəlləsinə əsasən ərizəçinin məhkum
edilməsindən şikayət
2000-ci ildə yeni Cinayət-Prosessual Məcəlləsi (bundan sonra - «CPM») qəbul edilmişdir. Onun 2000-ci il sentyabrın 1-də qüvvəyə minməsindən əvvəl, 2000-ci il iyulun 14-də köhnə cinayət-prosessual qaydalarına əsasən çıxarılmış hökmlərdən və digər yekun qərarlardan yeni CPM-ə əsasən apellyasiya şikayəti vermək imkanını yaratmış qanun qəbul olunmuşdur.
29 yanvar 2002-ci ildə ərizəçi Ali Məhkəmənin 07 avqust 1995-ci il və 26 iyun 1996-cı il tarixli hökmlərindən apellyasiya şikayəti ilə Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Apellyasiya Məhkəməsi 2002-ci il 13 fevral tarixli cavab məktubunda ərizəçiyə bildirmişdir ki, o, apellyasiya şikayətinə əlavə olaraq apellyasiya müddətinin bərpa edilməsi barədə vəsatətlə müraciət etməlidir.
Ərizəçiyə görə, o, 07 mart 2002-ci ildə belə vəsatətlə müraciət etmişdir. Heç bir cavab almadan ərizəçi yenidən 07 iyun 2002-ci ildə və 07 oktyabr 2002-ci ildə şikayətlə müraciət etmişdir. Bu ərizələrə cavab olaraq məhkəmənin əməkdaşının imzaladığı eyni mətnli 2002-ci il 24 oktyabr və 27 noyabr tarixli məktublarda Apellyasiya Məhkəməsi ərizəçiyə bildirmişdir ki, onun işi yaxın gələcəkdə Apellyasiya Məhkəməsinin Hərbi Məhkəmələrin İşləri üzrə Məhkəmə Kollegiyasında baxılacaq və bu barədə ona müvafıq qaydada məlumat göndəriləcəkdir.
Nəhayət, məhkəmənin həmin əməkdaşının imzaladığı 31 mart 2004-cü il tarixli məktubda ərizəçiyə məlumat verilmişdir ki:
«... hazırda qüvvədə olan Cinayət-Prosessual Məcəllənin 72-ci maddəsinə əsasən ... Apellyasiya Məhkəməsi ... birinci instansiya məhkəmələrinin yalnız qanuni qüvvəyə minməmiş hökmlərindən və digər qərarlarından apellyasiya şikayətləri və ya protestləri əsasında cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara baxır. ... Ali Məhkəmənin Hərbi Kollegiyasının birinci instansiya qismində çıxardığı 07 avqust 1995-ci il və 26 iyun 1996-cı il tarixli hökmlərinə yenidən baxılması məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət etməyiniz tövsiyə olunur.»
Lakin ərizəçi Ali Məhkəməyə şikayət verməmişdir.
3. Yeni Cinayət Məcəlləsinə əsasən cəzanın azalmasına dair şikayət
2000-ci ildə CPM ilə yanaşı yeni Cinayət Məcəlləsi qəbul olunub. 01 sentyabr 2000-ci ildən qüvvəyə minmiş yeni Cinayət Məcəlləsinin 341.3-cü maddəsi törədilməsinə görə ərizəçinin məhkum edildiyi və 26 iyun 1996-cı il tarixdə on beş il cəza aldığı cinayət olan müharibə zamanı hakimiyyətdən istifadə edilməməsi üçün daha yüngül cəza nəzərdə tutub. Yeni Cinayət Məcəlləsinə müvafiq olaraq, on il azadlıqdan məhrum etmə bu cinayətə görə maksimum cəzanı təşkil edirdi. Bununla bağlı, ərizəçi onun cəzasının azaldılması üçün ayrı ərizə verdi.
18 aprel 2003-cü ildə Qaradağ rayon məhkəməsi ərizəçinin məhkum edildiyi cinayətlərə görə məhkum olunmuş şəxslərin hökmlərinə aid yenidən baxılmanı qadağan edən «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə minməsi haqqında» 30 dekabr 1999-cu il tarixli Qanunun 6.3-cü maddəsinə əsasən ərizəçinin ərizəsini rədd etdi.
Ərizəçi 30 dekabr 1999-cu il tarixli Qanunun 6.3-cü maddəsində nəzərdə tutulmuş məhdudlaşdırmanın məhkumların statusunun yüngülləşdirilməsinə dair yeni cinayət müddəalarının geriyə şamil olunmasını pozduğu üçün qanunsuz olmasını iddia edərək, apellyasiya şikayəti verdi. Bundan başqa, o iddia etdi ki, hər bir halda bu müddəa yalnız hökmlərin yenidən baxılmasına tətbiq olunub, lakin yeni cinayət qanunvericiliyinə müvafiq olaraq, cəzaların azalmasına aid olmayıb və bu səbəbdən onun işinə tətbiqedilməz olub. 18 iyun 2003-ci ildə Apellyasiya Məhkəməsi ərizəçinin şikayətini rədd etdi. 24 noyabr 2003-cü ildə Ali Məhkəmə ərizəçinin kassasiya şikayətini təmin etmədi.
Sonradan ərizəçi Ali Məhkəmənin Plenumu tərəfindən məhkəmə araşdırmalarının yenidən açılmasını xahiş edərək, əlavə kassasiya şikayəti verdi. Şikayət təmin olunub və məhkəmə araşdırmaları yenidən açılıb. Həmin vaxtda işə Plenumda baxılarkən, 10 may 2004-cü ildə ərizəçi Prezidentin əfv fərmanı ilə həbsxanadan azad edilib.
21 may 2004-cü ildə Plenum Ali Məhkəmənin 24 noyabr 2003-cü il tarixli yekun qərarını ləğv etdi. Plenum belə qənaətə gəldi ki, 30 dekabr 1999-cu il tarixli Qanunun 6.3-cü maddəsi yeni cinayət qanununa müvafiq olaraq cəzanın azaldılmasına dair tətbiqedilməz olub. Əksinə, Plenum həmin Qanunun 6.2-ci maddəsini tətbiq edərək, yeni Cinayət Məcəlləsinin 341.3-cü maddəsinə uyğun olaraq ərizəçinin cəzasını on il azadlıqdan məhrum etməyə azaltmışdır. 24 may 1994-cü ildən hesablanan bu on illik azadlıqdan məhrum etmə müddəti 24 may 2004-cü ildə, yəni ərizəçinin azad olunmasından on dörd gün və onun cəzasının azaldılmasına dair Ali Məhkəmə Plenumunun qərarından üç gün sonra bitməli olub.
B. Müvafiq daxili qanunvericilik
1. Azərbaycan Respublikasının 1995-ci il tarixli Konstitusiyası
149-cu maddənin VII hissəsi
«Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.»
2. «Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» 2000-ci il 14 iyul tarixli Azərbaycan Respublikasının Qanunu («Keçid Qanunu»)
Maddə 7
«Bu Məcəllə qüvvəyə minənədək birinci instansiya məhkəmələri tərəfindən 2000-ci il sentyabrın 1-dək qüvvədə olan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəaları əsasında çıxarılmış hökmlərə və digər yekun qərarlarına müvafıq apellyasiya instansiyası məhkəməsində və ya Azərbaycan Respublikasının Ali Məhkəməsində Cinayət-Prosessual Məcəlləsinin 383-407, 409-427, 461-467-ci maddələrində nəzərdə tutulmuş müddəalara uyğun olaraq yenidən baxıla bilər.»
3. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi
72.1-ci maddədə nəzərdə tutulur ki, Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsi cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə apellyasiya instansiyası məhkəməsi qismində fəaliyyət göstərir.
72.2-ci maddədə nəzərdə tutulur ki, Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsi birinci instansiya məhkəmələrinin qanuni qüvvəyə minməmiş hökmlərindən və digər qərarlarından apellyasiya şikayətləri və ya protestləri əsasında cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara baxır.
73.1-ci maddədə nəzərdə tutulur ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə kassasiya instansiyası məhkəməsi qismində fəaliyyət göstərir.
73.2-ci maddədə nəzərdə tutulur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafıq kollegiyaları apellyasiya instansiyası məhkəmələri və andlılar məhkəməsi tərəfindən çıxarılmış hökmlərdən və digər qərarlardan verilmiş kassasiya şikayətləri və ya protestləri əsasında cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara baxır.
391.1-ci maddədə nəzərdə tutulur ki, apellyasiya instansiyası məhkəməsi 15 (on beş) gün müddətində üç hakimdən ibarət tərkibdə və məhkəmə iclası katibinin iştirakı ilə məhkəmə iclasında apellyasiya şikayətinin və ya apellyasiya protestinin ilkin baxışını aparır. Apellyasiya şikayəti vermək hüququ olan şəxslər və apellyasiya instansiyasında ittiham tərəfı təmsil edən dövlət ittihamçısı məhkəmənin iclasında iştirak etmək hüququna malikdirlər. Həmin şəxslər müəyyən edilmiş qaydada məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə əvvəlcədən xəbərdar edilirlər.
391.2-ci maddədə nəzərdə tutulur ki, apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi daxil olmuş apellyasiya şikayətinin və ya apellyasiya protestinin həmin məhkəməyə aid olub-olmadığını və apellyasiya şikayəti və ya apellyasiya protesti verilərkən prosessual tələblərə riayət olunub-olunmadığını araşdırmalıdır.
391.3-cü maddədə nəzərdə tutulur ki, apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi aşağıdakı qərarlardan birini qəbul edir: apellyasiya şikayətinin və ya apellyasiya protestinin məhkəmə aidiyyəti üzrə göndərilməsi haqqında; apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında; apellyasiya şikayəti və ya apellyasiya protesti üzrə məhkəmə baxışının təyin edilməsi haqqında; apellyasiya şikayətinin və ya apellyasiya protestinin öz icraatına qəbul edilməsindən imtina haqqında.
4. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə minməsi haqqında» 30 dekabr 1999-cu il tarixli Qanun
6.2-ci maddə nəzərdə tutur ki, 1960-cı il 08 dekabr tarixli Azərbaycan Respublikasının Cinayət Məcəlləsi əsasında məhkum edilmiş və cəzasını çəkib qurtarmamış şəxslərin cəza müddətləri bu Qanunla təsdiq olunmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasının yuxarı həddindən çox olduğu halda, həmin cəza müddətləri bu Qanunla təsdiq olunmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müəyyən etdiyi sanksiyanın yüksək həddinə qədər azaldılır (yumşaldılır).
Maddə 6.3
«Cinayət törətdiyinə görə cəza çəkən və ya cəzasını çəkmiş, lakin məhkumluğu olan şəxslərin vəziyyəti bu Qanunla təsdiq olunmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə başqa cür yaxşılaşdırılırsa (Azərbaycan Respublikası torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğal edilməsində və düşmən qüvvələrinin silahlı hücumundan qorumaq məqsədi ilə hakimiyyətdən istifadə etməməkdə təqsirli bilinən şəxslər istisna olmaqla), hökm çıxarmış məhkəmə və ya məhkumun cəza çəkdiyi yer üzrə məhkəmə tərəfindən məhkəmə hökmlərinə, cinayət hüquq xarakterli başqa tədbirlərin tətbiq edilməsi barədə məhkəmənin digər qərarlarına yenidən baxılsın.»
5. Azərbaycan Respublikasının 08 dekabr 1960-cı il tarixli Cinayət Məcəlləsi (01 sentyabr 2000-ci ildən əvvəl qüvvədə olub)
255-ci maddə nəzərdə tutur ki, müharibə vaxtı və ya döyüş şəraitində hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma beş ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
6. Azərbaycan Respublikasının 30 dekabr 1999-cu il tarixli Cinayət Məcəlləsi
76.1-ci maddə nəzərdə tutur ki, məhkəmə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunması üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər.
76.3.2-ci maddə nəzərdə tutur ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdən sonra tətbiq edilə bilər.
341.3-cü maddə nəzərdə tutur ki, müharibə vaxtı və ya döyüş şəraitində hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
ŞİKAYƏTLƏR
1. Ərizəçi Konvensiyanın 6-cı maddəsinə əsasən şikayət etdi ki, o, 1995 və 1996-cı illərdə Ali Məhkəmə qarşısında ədalətli məhkəmə araşdırılması hüququ ilə təmin olunmayıb. O iddia etdi ki, məhkəmə müstəqil və qərəzsiz olmayıb və bir sıra prosessual pozuntulara yol verib.
2. Ərizəçi, həmçinin şikayət etdi ki, Ali Məhkəmənin 07 avqust 1995-ci il və 26 iyun 1996-cı il tarixli qərarlarından şikayət etmək hüququnun yeni qanunvericiliklə ona verilməsinə baxmayaraq, apellyasiya araşdırmaları aparılmayıb. Buna görə, o, Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş məhkəməyə müraciət hüququndan və barəsində olan cinayət işi üzrə ədalətli və açıq məhkəmə araşdırılması hüququndan məhrum edilib. Bundan başqa, üç başqa «siyasi məhbusun» şikayətlərinə Apellyasiya Məhkəməsində baxıldığına görə, o, Konvensiyanın 14-cü maddəsinə zidd olaraq ayrı-seçkiliyə məruz qalıb.
3. Konvensiyanın 7-ci maddəsinə istinadən, ərizəçi ondan da şikayət etdi ki, hakimiyyət orqanları onun məhkum edildiyi cinayətə görə daha yüngül cəza nəzərdə tutan yeni Cinayət Məcəlləsinin müddəalarını geriyə şamil etməyiblər. Yeni Cinayət Məcəlləsinin 01 sentyabr 2000-ci ildən qüvvəyə minməsinə baxmayraq, ərizəçinin azadlıqdan məhrum etmə müddəti Ali Məhkəmə Plenumunun 21 may 2004-cü il tarixli qərarınadək azaldılmayıb, bu isə məhkum kimi onun zərərinə olub.
HÜQUQİ MƏSƏLƏLƏR
1. Konvensiyanın 6-cı maddəsinə əsasən, ərizəçi Ali Məhkəmənin 07 avqust 1995-ci il və 26 iyun 1996-cı il tarixli hökmləri ilə nəticələnən iki cinayət araşdırmalarının ədalətsizliyindən şikayət etdi.
Məhkəmə xatırladır ki, beynəlxalq hüququn hamılıqla qəbul olunmuş prinsiplərinə müvafiq olaraq, Konvensiya Razılığa gələn Yüksək Tərəflərə aid yalnız qüvvəyə mindiyi dövrdən sonrakı faktlara dair məcburidir. Ərizəçinin şikayətinə səbəb olmuş hadisələr 15 aprel 2002-ci ilədək, yəni Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi tarixədək olan dövrə təsadüf edir.
Belə nəticə çıxır ki, şikayətin bu hissəsi Konvensiyanın müddəaları ilə ratione temporis uyğun deyildir və Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndlərinə müvafiq olaraq rədd edilməlidir.
2. Ərizəçi şikayət etdi ki, Apellyasiya Məhkəməsi tərəfindən onun şikayətinə baxılmaması onun məhkəməyə müraciət və Konvensiyanın 6-cı maddəsinə müvafiq olaraq işinin ədalətli və açıq məhkəmə araşdırılması hüquqlarını, eləcə də Konvensiyanın 14-cü maddəsinə əsasən siyasi mövqeyinə görə ayrı-seçkilikdən azadlığını pozmuşdur.
Konvensiyanın 6-cı maddəsi aşağıdakıları nəzərdə tutur:
«Hər kəs, ... ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, ... məhkəmə vasitəsi ilə ... işinin ədalətli ... araşdırılması hüququna malikdir.»
Konvensiyanın 14-cü maddəsi aşağıdakıları nəzərdə tutur:
«Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər status kimi hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır.»
Hökumət iddia etdi ki, ərizəçi bu şikayət üzrə daxili vasitələri tükəndirməyib. Xüsusən, Hökumət qeyd etdi ki, ərizəçi yalnız yeni cinayət-prosessual qaydalara müvafiq olaraq 07 avqust 1995-ci il və 26 iyun 1996-cı il tarixli yekun hökmlərə baxmaq səlahiyyətində olmayan Apellyasiya Məhkəməsinə şikayət verdi. Baxmayaraq ki, ərizəçi şikayətini Ali Məhkəməyə verməli olmuşdur. Bununla bağlı, Hökumət Apellyasiya Məhkəməsi əməkdaşının 31 mart 2004-cü il tarixli məktubunda göstərilənləri təsdiq etdi.
Ərizəçi vasitələrin tükənməməsi ilə bağlı Hökumətin etirazı ilə razılaşmadı. O bildirdi ki, Apellyasiya Məhkəməsinin 31 mart 2004-cü il tarixli məktubunda istinad edilən CPM-in 72.2-ci maddəsi CPM-in 01 sentyabr 2000-ci ildə qüvvəyə minməsindən sonra çıxarılmış birinci instansiya məhkəməsi qərarlarından şikayətlərə aiddir. Buna görə, Hökumətin dəlillərinə zidd olaraq, bu müddəa Apellyasiya Məhkəməsinə müraciətindən imtna edilməsi üçün əsas ola bilməz.
Ərizəçi daha sonra bildirmişdir ki, Keçid Qanununun 7-ci maddəsində yeni CPM-in 2000-ci il sentyabrın 1-də qüvvəyə minənədək birinci instansiya məhkəmələrinin çıxardığı yekun hökmlərinə «apellyasiya məhkəməsi və ya Ali Məhkəmə» tərəfindən yenidən baxılması hüququ aydın şəkildə nəzərdə tutulmuşdur. Həmin Qanun təsbit edib ki, belə araşdırma apellyasiya icraatına aid yeni CPM-in müddəalarına uyğun həyata keçirilməlidir. Müvafiq olaraq bildirdi ki, daxili prosessual qaydalara görə, onun şikayətinə baxılması Apellyasiya Məhkəməsinin səlahiyyətinə aid olub. Öz növbəsində, Ali Məhkəmə şikayət həll ediləndən sonra çıxarılmış Apellyasiya Məhkəməsi qərarlarından kassasiya şikayətlərinə baxmaq səlahiyyətinə malik olub. Bu səbəbdən ərizəçi belə qənaətə gəldi ki, daxili vasitələrin tükənməməsinə dair Hökumətin etirazı əsassız olub.
Ərizəçi, həmçinin bildirmişdir ki, CPM-in 391-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti daxil olduqdan sonra 15 gün müddətində məhkəmə iclasında apellyasiya şikayətinin və ya apellyasiya protestinin ilkin baxışını aparmalı idi. Lakin bu tələbə və onun çoxsaylı müraciətlərinə baxmayaraq, məhkəmə baxışı keçirilməmişdir.
Məhkəmə hesab edir ki, hazırkı işdə daxili vasitələrin tükənməsi ilə bağlı tələbə riayət edilib-edilməməsi şikayətin mahiyyətinə aid olan məsələni qaldırır və sonuncu üzrə qərar çıxarmadan hər iki məsələ birgə araşdırılmalıdır.
Məhkəmə tərəflərin dəlilləri baxımından hesab edir ki, şikayət, müəyyənləşdirilməsi işin mahiyyətinin araşdırılmasını tələb edən Konvensiyaya əsasən fakt və hüquqla bağlı olan mühüm məsələləri qaldırır. Buna görə, Məhkəmə belə nəticəyə gəlir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənası baxımından açıq-aşkar əsassız deyildir. Onun qeyri-məqbul hesab edilməsi üçün hər hansı başqa əsas müəyyən olunmayıb.
3. Ərizəçi şikayət etdi ki, hakimiyyət orqanları onun məhkum edildiyi cinayətə görə daha yüngül cəzanı nəzərdə tutan yeni Cinayət Məcəlləsinin müddəalarını geriyə şamil etməyiblər. Yeni Cinayət Məcəlləsinin qüvvəyə minməsindən sonra üç ildən artıq müddət ərzində onun cəzasının azaldılmasında gecikmə onun hüquqi statusuna zərər vurub. O, Konvensiyanın aşağıdakı 7-ci maddəsinə istinad edib:
«1. Heç kəs törədildiyi zaman milli və ya beynəlxalq hüquqa görə cinayət sayılmayan hər hansı hərəkət və ya hərəkətsizliyə görə cinayət törətməkdə təqsirli hesab edilə bilməz. Habelə, cinayət əməlinin törədildiyi zaman tətbiq olunandan daha ağır cəza verilə bilməz.
2. Bu maddə törədildiyi zaman sivil ölkələrin tanıdığı əsas hüquq prinsiplərinə müvafiq olaraq cinayət hesab edilən hər hansı hərəkət və ya hərəkətsizlik törətməyə görə istənilən şəxsin mühakimə edilməsinə və ya cəzalandırılmasına mane olmur.»
Hökumət iddia etdi ki, 21 may 2004-cü ildə Ali Məhkəmənin Plenumu əvvəlki məhkəmə qərarlarını ləğv etdiyi və yeni Cinayət Məcəlləsinə uyğun olaraq ərizəçinin cəzasını azaltdığı üçün ərizəçi artıq iddia olunan pozuntunun qurbanı olmayıb.
Ərizəçi bildirdi ki, 21 may 2004-cü ildə onun cəzasının azaldılmasına baxmayaraq, o, hələ də iddia olunan pozuntunun qurbanı olub. O, cəzasının azaldılmasının gecikdirilməsinə görə kompensasiya almadığı üçün Plenumun 21 may 2004-cü il tarixli qərarı vəziyyəti düzəltməyib. Bundan başqa, o bildirdi ki, onun cəzası daha tez azaldığı təqdirdə, o, yeni Cinayət Məcəlləsində nəzərdə tutulduğu kimi on illik cəza müddətinin üçdə iki hissəsini çəkdikdən sonra Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən şərti azad olunma üçün müraciət edə bilərdi.
Əvvəla, Məhkəmə qeyd edir ki, on beş il azadlıqdan məhrum etməyə dair ilk cəza ərizəçinin üzərinə Məhkəmənin səlahiyyətindən ratione temporis kənara çıxan dövr ərzində, yəni 26 iyun 1996-cı ildə qoyulmuşdur. Digər tərəfdən, cəzasının azaldılması hüququnu ərizəçiyə verən yeni Cinayət Məcəlləsi 01 sentyabr 2000-ci ildə qüvvəyə minib və hazırda da qüvvədədir.
Məhkəmənin presedent hüququna əsasən, Konvensiyanın 7-ci maddəsi ümumiyyətlə o prinsipi ehtiva edir ki, yalnız qanun cinayəti müəyyən edə və cəza, eləcə də məhkumun zərərinə olduqda, cinayət qanununun geriyə şamil olunmasına dair qadağaları nəzərdə tuta bilər (bax, Kokkinakis Yunanıstana qarşı, 25 may 1993-cü il, A Seriyaları, № 260-A, s. 22, § 52). Digər tərəfdən, Komissiya bəyan etdi ki, hüquq pozuntusunun törədilməsindən sonra cinayət qanununa dəyişikliklər edildikdə, Konvensiyanın 7-ci maddəsi ən xeyirli cinayət qanununun tətbiqi hüququnu təmin etmir (bax, X. Almaniya Federativ Respublikasına qarşı, № 7900/77, Komissiyanın 06 mart 1978-ci il tarixli qərardadı, Qərardadlar və Hesabatlar 13, s. 77).
Lakin hazırkı işlə bağlı Məhkəmə hesab edir ki, Məhkəmənin ratione temporis səlahiyyətinə malik olub-olmamasının və ya Konvensiyanın 7-ci maddəsinin hazırkı şikayətə tətbiq edilməli olub-olmamasının müəyyən edilməsi zəruri deyildir, ona görə ki, bunu məqbul hesab etsək belə, şikayət hər bir halda aşağıdakı səbəblərə görə qeyri-məqbuldur.
Məhkəmə qeyd edir ki, Ali Məhkəmənin 24 noyabr 2003-cü il tarixli qərarı ilə ərizəçinin cəzanı azaltmaq barədə müraciəti rədd olnub. Lakin sonradan daxili araşdırmalar yenidən açılıb və onun müraciəti Ali Məhkəmənin Plenumu tərəfindən təmin olunub. Məhkəmə qeyd edir ki, Plenumun qərarı 24 may 1994-cü il tarixdən hesablanan on illik azadlıqdan məhrum etmə müddətinin bitməsinə üç gün qalmış - 21 may 2004-cü ildə çıxarılıb. Bundan başqa, ərizəçi həbsxanadan faktiki olaraq Prezidentin əfv fərmanına əsasən 10 may 2004-cü ildə, yəni on illik azadlıqdan məhrum etmə cəzasının bitməsinə iki həftə qalmış azad olunub. Müvafiq olaraq, Məhkəmə hesab edir ki, ərizəçi yeni Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cəzadan ağır olan cəzanı çəkmədiyi üçün Plenumun qərarı özlüyündə ərizəçi tərəfindən iddia edilən pozuntunu aradan qaldırıb.
2001-ci ilin yanvarından şərti azad olunmanın hipotetik mümkünlüyünə dair ərizəçinin dəlilinə gəldikdə isə, Məhkəmə bir daha qeyd edir ki, Konvensiya icazə üzrə azadlığa çıxmaq hüququnu və ya məhkəmə tərəfindən şərti qərarların qəbul olunmasını tələb etmir. Məhkəmə qərarında göstərilən müddət ərzində təqsirkarın çəkməli olduğu azadlıqdan məhrum etməyə aid olan cəza ilk əvvəl məhkum etmə və apellyasiya araşdırmaları üzrə əsaslıdır (bax, Cankoskas Litvaya qarşı (qərardad), № 59304/00, 16 dekabr 2003-cü il). Məhkəmə hesab edir ki, şərti buraxılma üçün müraciət hüququ müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşlara Azərbaycanın daxili qanunvericiliyində verilmiş ümumi hüquq kimi daha yüngül cəzanı nəzərdə tutan yeni cinayət qanunun geriyə şamil olunmasına dair ərizəçinin spesifik şikayətinə birbaşa aid deyildir.
Hər bir halda ərizəçi tərəfindən onun cəzasının azaldılmasına dair 2003-cü ildə müraciət edilməsinə baxmayaraq, o, şərti buraxılma üçün hər hansı rəsmi müraciət etməyib. Bundan başqa, Cinayət Məcəlləsinin 76-cı maddəsi yalnız belə müraciətin edilməsi imkanını nəzərdə tutur, lakin hər ərizəçiyə bu cür buraxılmanı təmin etməyərək, məsələni müvafiq daxili məhkəmənin tam mülahizəsinə buraxır. Ərizəçi tərəfindən 2001-ci ilin yanvarında və ya sonrakı tarixlərdə şərti buraxılma üçün müraciət etməsini güman etsək belə, Məhkəmə belə buraxılmanın təqdim edilməsinə dair fərziyyə irəli sürə bilməz.
Belə olan halda, Məhkəmə hesab edir ki, ərizəçi Konvensiyanın 34-cü maddəsinin mənasına görə Konvensiyanın 7-ci maddəsinin iddia olunan pozunutusunun qurbanı hesab edilə bilməz. Belə nəticə çıxır ki, bu şikayət açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndlərinə əsasən rədd edilməlidir.
Bu səbəblərə görə, Məhkəmə yekdilliklə
Daxili vasitələrin tükənib-tükənməməsinə dair məsələni mahiyyətlə birləşdirməyi qərara alır;
Mahiyyəti üzrə qərar çıxarmadan, məhkəməyə müraciət hüququna və ayrı-seçkilikdən azadlıqla bağlı ərizəçinin şikayətlərini məqbul elan edir;
Şikayətin qalan hissəsini qeyri-məqbul elan edir.
Santiaqo Quesada Xristos Rozakis
Katibin müaviniSədr
Full & Egal Universal Law Academy