İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
Əlikrəm Hümbətovun Azərbaycana qarşı
9852/03 saylı şikayətinin
MƏQBULİYYƏTİNƏ DAİR
H İ S S Ə V İ Q Ə R A R D A D
İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) Palata kimi
11 sentyabr 2003-cü il tarixdə aşağıdakı tərkibdə,
cənab X.Rozakis, Sədr,
cənab Q.Bonello,
xanım F.Tulkens,
cənab E.Levits,
xanım S.Botuçarova,
cənab A.Kovler,
cənab X.Hacıyev; hakimlər,
və cənab S.Nilsen, Bölmə Katibi,
yuxarıda qeyd edilən 13 mart 2003-cü il tarixdə verilmiş şikayətlə bağlı müzakirə apararaq, qərara alır:
FAKTLAR
Azərbaycan vətəndaşı olan Talış mənşəli ərizəçi cənab Əlikrəm Hümbətov 1948-ci ildə anadan olub və Bakıda yaşayır. Onu Məhkəmə qarşısında Bakıda fəaliyyət göstərən vəkil cənab Elman Osmanov təmsil edib. Şikayəti verdiyi vaxtda o, azadlıqdan məhrum etmə cəzasını çəkirdi.
A. İşin halları
Ərizəçi tərəfindən təqdim olunmuş işin halları aşağıdakı kimi ümumiləşdirilə bilər.
a) Tarix məsələləri
1988-ci ilədək ərizəçi Azərbaycanın Lənkəran şəhərində yerləşən nəqliyyat anbarının müdir müavini olub. 1988-ci ildə o, siyasi partiyaya qoşulub və siyasi karyerasına başlayıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlanarkən, o, milli orduya daxil olub və onun komandirlərindən birinə çevrilib. 1993-cü ilin yayında ölkədə mülki və siyasi qarşıdurmalar olan dövrdə o, Dağlıq Qarabağdan doğma Lənkərana qayıdıb.
1993-cü ilin iyununda ərizəçi Azərbaycanın cənubunda Lənkəranla birlikdə bir neçə qonşu rayonları əhatə edən muxtar siyasi qurumun yaradılmasına dair təklif irəli sürüb. Mərkəzi hakimiyyət bu ideyanı qəbulolunmaz hesab edib. 07 avqust 1993-cü ildə Yerli Nümayəndələr Məclisi Azərbaycan Respublikasının daxilində Talış-Muğan Muxtar Respublikasının yaradılmasını bəyan ediblər və ərizəçi onun birinci Prezidenti seçilib. Sonradan Məclis yeni qurumun rəsmi tanınması üçün Azərbaycan Parlamentinə xüsusi müraciəti qəbul etdi və göndərdi. Parlament ciddi formada əks olunan cavabla müraciəti rədd etdi.
b) Ərizəçinin həbsi və məhkumluğu
Bundan sonra, ərizəçi ilə mərkəzi hakimiyyət arasında münaqişə daha da intensivləşdi. Hökumət ərizəçini xəyanətkar və separatist adlandıraraq, ona qarşı ictimai rəyi formalaşdırmaq üçün kütləvi informasiya vasitələrində kompaniyaya başladı. 1993-cü ilin sonlarında ərizəçi həbs olunub və Milli Təhlükəsizlik Nazirliyinin saxlanılma mərkəzinə yerləşdirilib. Barəsində olan istintaq, vətənə xəyanət və dövlətin konstitusiya institutlarına qarşı silahlı qüvvələrdən istifadə etmək ittihamına gətirib çıxarıb.
1994-cü ilin sentyabrında ərizəçi, başqa üç məhbusla Milli Təhlükəsizlik Nazirliyinin saxlanılma mərkəzindən qaçıb. İddia olunur ki, özlərinin qaçması onların güllələnməsi məqsədilə hakimiyyət tərəfindən təhrik edilib və təşkil olunub, lakin alınmayıb, ona görə ki, sonuncular son anda öz yollarını dəyişiblər. Ərizəçi, nəhayət 1995-ci ilin avqust ayında tutulub ikinci dəfə həbs edilənə kimi gizlənib.
Ərizəçiyə görə, ibtidai həbsin bütün vaxtı ərzində, o, işgəncənin müxtəlif formalarına məruz qalıb. O, mütəmadi olaraq qəddarlıqla döyülüb, taxtadan asılıb və onun bığları və dişləri çıxarılıb. Ona həkimlə görüşməyə icazə verilməyib. Həyat yoldaşının həbsi və cinayət təqibinə məruz qalması hədəsi altında o, özünə qarşı ifadələr verməyə məcbur olunub. Onun yaxın qohumları və dostları da hakimiyyət orqanları tərəfindən təqibə məruz qalıblar. Ərizəçinin həyat yoldaşı, sonuncunun vəziyyətinə görə qanunsuz həbsdən və işgəncədən qorxaraq, bir müddət ərzində meşələrdə gizlənməli olub. 14 yaşlı oğlu polis bölməsinə aparılıb və anasının yeri barədə sorğu-sual edilib; polis əməkdaşı onun ovcuna siqaret basıb. Nəhayət, ana ilə oğul ölkəni tərk edib və Niderlandda sığınacaq axtarıblar.
12 fevral 1996-cı ildə ərizəçi Ali Məhkəmənin Hərbi Kollegiyasının qarşısına gətirilib. İttiham olunan başqa şəxslər də onunla birlikdə mühakimə ediliblər. Ərizəçi vətənə xəyanətə, qanunsuz hərbi birləşmələrin yaradılmasına, qəsdən adam öldürmə, həbsdən qaçma, dövlət hakimiyyətinin qanunsuz mənimsənilməsinə və hakimiyyətdən sui-istifadə etməyə görə məhkum edilmişdir. Ərizəçiyə ölüm cəzası təyin edilib. Ən yuxarı tribunalın qərarı olduğu üçün bu hökm qəti olub və həmin vaxtda ondan şikayət verilə bilməzdi.
10 fevral 1998-ci ildə Azərbaycanda ölüm cəzasının ləğv olunmasından sonra, ərizəçinin ölüm cəzası ömürlük azadlıqdan məhrum etmə cəzasına dəyişdirilmişdir. Yeni cəzaya baxmayaraq, ərizəçi 1996-cı ilin iyun ayından 2001-ci ilin yanvarınadək «ölüm yeri»ndə saxlanıldı. Həbsin şəraiti kobud və qeyri-insani olub və o, mütəmadi olaraq döyülüb. O, vərəm, işemiya, yüksək qan təzyiqi, ciyər və mədə-bağırsaq və revmatizm kimi müxtəlif ciddi xəstəliklərdən əziyyət çəkib. 2000-ci ilədək onun səhhəti pisləşib və 2000-ci ilin mart ayında o, həbsxana xəstəxanasına yerləşdirilib. Xəstəxanada ona həkimlər tərəfindən işgəncə verilib və o, zəruri və adekvat tibbi müalicəni ala bilməyib.
Daxili qanunvericilikdə müvafiq dəyişikliklərdən sonra və siyasi məhbusların işlərinə yenidən baxılmasına dair Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklər baxımından, 20 dekabr 2001-ci ildə Baş Prokuror ərizəçinin işinə yenidən baxılmasına icazəni xahiş etməklə, Apellyasiya Məhkəməsinə apellyasiya protesti verdi. 24 yanvar 2002-ci ildə Apellyasiya Məhkəməsi bu müraciəti təmin etdi və Ali Məhkəmənin 12 fevral 1996-cı il tarixli hökmündən şikayətin verilməsinə icazə verdi.
29 yanvar 2002-ci ildə ərizəçi Apellyasiya Məhkəməsinə apellyasiya şikayətini verdi. O, məhkəmədən xahiş etdi ki, işin yeni istintaqını aparsın, kütləvi informasiya vasitələrinin nümayəndələrinin və xarici təşkilatların rəsmilərinin iştirakı ilə adi məhkəmə zalında açıq iclas keçirsin və 1993-cü ildə Lənkəran regionundakı siyasi hadisələrə qiymət versin.
23 aprel 2002-ci ildə Apellyasiya Məhkəməsi qərara gəldi ki, yeni istintaq və açıq araşdırma barədə ərizəçinin tələblərini təmin, qalan tələbləri isə rədd etsin. Mahiyyəti üzrə məhkəmə iclası Ədliyyə Nazirliyinin Saxlanılma Mərkəzində keçirilməli idi. Lakin 13 may 2002-ci ildə Apellyasiya Məhkəməsi Nazirliyin Saxlanılma Mərkəzində təmir işləri aparıldığına əsaslanaraq, iclasın keçirilməli olduğu yeri Qobustan həbsxanasına dəyişdirdi.
Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyası qarşısında cinayət araşdırmalarının gedişatında ərizəçi bir neçə vəsatətlər vermiş, məhkəmənin qərəzsizliyini mübahisələndrmiş, açıq və yüksək təhlükəsizlik həbsxanasından uzaq keçirilməsini və özünün istədiyi vəkili seçməsini məhkəmədən tələb etmişdir. Bu vəsatətlər rədd olunub.
2002-ci ilin oktyabr ayında ərizəçi məhkəmədən xahiş etdi ki, işlərinə apellyasiya qaydasında baxılan şəxslərin doqquz aydan artıq müddətdə həbsdə saxlanılmamasına dair hüquq normasına əsasən onu azadlığa buraxsın. 28 oktyabr 2002-ci ildə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyası hər hansı əsas göstərmədən ərizəçinin müraciətlərini rədd etdi.
08 noyabr 2002-ci ildə ərizəçi Ali Məhkəməyə kassasiya şikayəti verdi. O, məhkəmədən xahiş etdi ki, Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının bütün əvvəlki qərarlarını ləğv etsin və onu azadlığa buraxsın. 19 dekabr 2002-ci ildə Ali Məhkəmə işin hələ də Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasında baxılmasına və onun yekun qərarının hələ çıxarılmamasına əsaslanaraq şikayəti rədd etdi.
B. Müvafiq daxili qanunvericilik
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi
158.5-ci maddə aşağıdakıları nəzərdə tutur:
«Birinci və apellyasiya instansiyası məhkəmələrinin icraatında olan cinayət işləri üzrə təqsirləndirilən şəxsin həbsdə saxlanılmasının son müddəti:
xüsusilə ağır cinayətlər üzrə doqquz aydan artıq ola bilməz ...»
ŞİKAYƏTLƏR
1. Konvensiyanın 3 və 14-cü maddələrinə əsasən ərizəçi şikayət edir ki, tutularkən, həbsdə olarkən və 1996-cı ilin fevralında məhkum edilməsindən sonra azadlıqdan məhrum etmə cəzasını çəkərkən, o, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalıb.
2. O, həmçinin şikayət edir ki, belə rəftarın nəticəsində o, hazırda ürək vəziyyəti daxil olmaqla, ciddi xəstəliklərdən əziyyət çəkir və ona zəruri tibbi nəzarət təqdim edilmir. Bu mənada, o, Konvensiyanın 3-cü maddəsinə istinad edir.
3. Ərizəçi daha sonra şikayət edir ki, onun işinin yenidən açılmasına dair 2002-ci ilin yanvarında qəbul olunmuş qərardan sonra o, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin ziddinə olaraq, hakimiyyət orqanları tərəfindən azadlıqdan məhrum edilib. O iddia edir ki, Apellyasiya Məhkəməsi qarşısında araşdırılan hər hansı iş üçün qanunla nəzərdə tutulmuş maksimum doqquz aylıq müddətin bitməsinə görə qanunsuz olaraq yenə də həbsxanada saxlanılır.
4. 1996-cı ildə onun məhkumluğuna gətirib çıxaran cinayət araşdırmalarına gəldikdə isə, ərizəçi şikayət edir ki, onlar ədalətsiz olub və ağlabatan müddətdə bitməyib, ona qarşı düşmən xarakterli mətbuat kampaniyasına görə onun təqsirsizlik prezumpsiyası pozulub və o, etnik mənsubiyyətinə və siyasi fikirlərinə görə təqib olunub. Bu baxımdan, o, Konvensiyanın 6 və 14-cü maddələrinə istinad edir.
5. Konvensiyanın 13-cü maddəsinə əsasən ərizəçi şikayət edir ki, o, Ali Məhkəmənin 1996-cı il tarixli qərarından şikayət verə bilməyib.
6. Onun barəsində gedən məhkəmə araşdırmaları ilə bağlı ərizəçi Konvensiyanın 6-cı maddəsinə əsasən şikayət edir ki, o, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması ilə təmin olunmayıb.
Ərizəçi bildirir ki, 1993-cü ildə siahlı qüvvələrdən istefaya çıxdığını nəzərə alaraq, o, hərbi məhkəmə tərəfindən mühakimə edilməməlidir. Bundan başqa, həmin məhkəmə araşdırılması qapalı olmaqla, yüksək təhlükəsizlik həbsxanasında qərəzli hakimlər tərəfindən keçirilir. Əlavə olaraq, sübutların qiymətləndirilməsi qərəzli aparılır, sübutetmə vəzifəsi ərizəçinin üzərinə qoyulub və sübutetmə məsələlərində mümkünlük balansı təmin edilməyib. Bir çox hallarda, hakimlər məhkəmə qaydalarını pozub və ərizəçi ilə vəkilinin ünvanına hücum xarakterli iradlar ediblər.
7. Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinə əsasən ərizəçi ondan da şikayət edir ki, o, öz seçimi üzrə hüquqi yardım almır.
8. Ərizəçi Konvensiyanın 7-ci maddəsinə istinadən bildirir ki, onun məhkumluğu qanunsuz olub və üzərinə qoyulmuş cəza hüquq pozuntusuna müvafiq olmayıb. O, həmçinin qeyd edir ki, 1998-ci ildə onun işində ölüm cəzasının ömürlük azadlıqdan məhrum etməyə dəyişdirilməsi onun zərərinə olub, ona görə ki, bir ən ağır cəza başqası ilə əvəzlənib. Əslində, 1996-cı ildə onun məhkum edildiyi cinayət ölümlə və ya alternativ olaraq 15 il azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılırdı. Buna görə, hakimiyyət orqanları onu ömürlük azadlıqdan məhrum etməyə məhkum edərək, yeni qanunu onun zərərinə geriyə şamil etmişlər.
9. Konvensiyanın 13-cü maddəsinə əsasən ərizəçi şikayət edir ki, beynəlxalq ictimaiyyətin təsiri altında hakimiyyət orqanları tərəfindən 2001-ci ildə başlanılmış yeni cinayət araşdırmaları səmərəsizdir və yalnız təbliğat məqsədlərini güdür.
10. Nəhayət, ərizəçi hakimiyyət orqanları tərəfindən daşınar və daşınmaz əmlak daxil olmaqla, şəxsi qənaətləri müsadirə etməklə, onu və ailəsini öz əmlakından məhrum etməsinə istinadən, Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin pozulmasından şikayət edir.
HÜQUQİ MƏSƏLƏLƏR
1. Ərizəçi onun tutulmasına, həbsə alınmasına və 1996-cı ildə məhkum edilməsinə dair bir neçə şikayətlər etdi (yuxarıda 1, 4, 5 və 10 saylı şikayətlər).
Məhkəmə işarə edir ki, Konvensiya Azərbaycana münasibətdə 15 aprel 2002-ci ildə qüvvəyə mindi. Məhkəmə, yalnız Konvensiyanın ratifikasiyasından sonra onun baş verən akt, fakt və ya qərarlarla pozulması barədə şikayətlərə baxa bilər. Məhkəmə hesab edir ki, yuxarıdakı şikayətlər onun ratione temporis səlahiyyətindən kənara çıxır və buna görə, Konvensiyanın müddəalarına uyğun deyildir.
Bu səbəbdən şikayətin bu hissəsi Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndlərinə müvafiq olaraq rədd edilməlidir.
2. Ərizəçi daha sonra şikayət etdi ki, ürək vəziyyəti daxil olmaqla, o, hazırda ciddi xəstəliklərdən əziyyət çəkir və ona zəruri tibbi nəzarət təqdim olunmur. Nəticədə, onun səhhəti pisləşir. O, Konvensiyanın 3-cü maddəsinə istinad edir (yuxarıda 2 saylı şikayət).
Ərizəçi daha sonra şikayət edir ki, Apellyasiya Məhkəməsi qarşısında araşdırılan hər hansı iş üçün qanunla nəzərdə tutulmuş maksimum doqquz aylıq müddətin bitməsinə görə qanunsuz olaraq yenə də həbsxanada saxlanılır. O iddia edir ki, onun həbsi ev dustaqlığı və ya hərəkət etməyin məhdudlaşdırılması kimi daha yüngül tədbirlərlə əvəz edilməlidir. O, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə istinad edir (yuxarıda 3 saylı şikayət).
Konvensiyanın 7-ci maddəsinə əsasən o, ölüm cəzasının ömürlük azadlıqdan məhrum etmə ilə əvəz edilməsinin qanunsuzluğundan şikayət edir (yuxarıda 8 saylı şikayət).
Məhkəmə hesab edir ki, işin materialları əsasında o, bu şikayətlərin məqbuliyyətini müəyyən edə bilmir və bu səbəbdən, Məhkəmə Reqlamentinin 54-cü qaydasının 2 (b) bəndinə müvafiq olaraq, şikayətin bu hissəsi üzrə cavabdeh Hökumətə məlumat verilməsi zəruridir.
3. Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyası qarşısında yenidən açılmış araşdırmaların davamiyyəti və ədalətliliyinə, eləcə də zəruri hüquqi yardımın olmamasına və vasitənin iddia olunan səmərəsizliyinə dair Konvensiyanın 6-cı maddəsinin 1 və 3-cü bəndləri və 13-cü maddəsinə əsasən verilmiş şikayətlərə gəldikdə isə (yuxarıda 6, 7 və 9 saylı şikayətlər), Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması prokurorun müraciəti üzrə 2002-ci ildə müstəsna olaraq yenidən açılmışdır. Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyası qarşısında cinayət araşdırmaları 23 aprel 2002-ci ildə başlamışdır. Bu araşdırmalar hələ davam edir. Məhkəmənin presedent hüququna müvafiq olaraq, cinayət araşdırmalarının Konvensiyanın 6-cı maddəsinə cavab verib-verməməsinin həlli üçün onların bütövlükdə nəzərə alınması zəruridir (bax, Mürrey Birləşmiş Krallığa qarşı, 08 fevral 1996-cı il, Hesabatlar, 1996-I, § 63). Məhkəmə qeyd edir ki, ərizəçinin işinin yenidən baxılması hələ bitmədiyindən, o öz şikayətlərinin daxili məhkəməyə təqdim edilməsi imkanına hələ də malikdir. Buna görə, apellyasiya baxışının ədalətsizliyinə dair ərizəçi tərəfindən Konvensiyanın 6-cı maddəsinə əsaslanan şikayətləri vaxtından əvvəl verilib. Məhkəmə işarə edir ki, iş üzrə yekun qərar verildikdən sonra ərizəçi yenə də özünü iddia olunan pozuntuların qurbanı hesab edərsə, o öz şikayətlərini Məhkəməyə yenidən verə bilər. Davamiyyət şikayətinə gəldikdə isə, Məhkəmə hesab edir ki, araşdırmaların bu mərhələsində Konvensiyanın 6-cı maddəsində təsbit olunan ağlabatan müddət tələbinin pozulması görünmür.
Bu səbəbdən şikayətin həmin hissəsi Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndlərinə müvafiq olaraq rədd edilməlidir.
Bu səbəblərə görə, Məhkəmə yekdilliklə
Ərizəçinin aşağıdakı məsələlərə aid şikayətlərinin araşdırılmasını təxirə salmaq qərarına gəlir:
a) həbsxanada tibbi müalicənin olmaması (2 saylı şikayət);
b) hazırkı həbsin qanunsuzluğu (3 saylı şikayət);
c) ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi (8 saylı şikayət);
Şikayətin qalan hissəsini rədd edir.
Soren NilsenXristos Rozakis
Katibin müavini Sədr
Full & Egal Universal Law Academy