İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
Əlikrəm Hümmətovun Azərbaycana qarşı
9852/03 və 13413/04 saylı şikayətlərinin
MƏQBULİYYƏTİNƏ DAİR
Q Ə R A R D A D
İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) Palata kimi
18 may 2006-cı il tarixdə aşağıdakı tərkibdə,
cənab X.Rozakis, Sədr,
xanım N.Vaciç,
cənab A.Kovler,
xanım E.Steyner,
cənab X.Hacıyev,
cənab D.Spilman,
cənab S.E.Cebens; hakimlər,
və cənab S.Nilsen, Bölmə Katibi,
yuxarıda qeyd edilən 13 mart 2003-cü il və 31 mart 2004-cü il tarixlərdə verilmiş şikayətləri nəzərə alaraq,
9852/03 saylı şikayət üzrə 11 sentyabr 2003-cü il tarixli hissəvi qərardadı nəzərə alaraq,
cavabdeh Hökumətn təqdim etdiyi izahatları və cavab olaraq ərizəçinin təqdim etdiyi izahatları nəzərə alaraq,
müzakirə apararaq, qərara alır:
FAKTLAR
Vətəndaşlığı olmayan ərizəçi 1948-ci ildə Azərbaycanda anadan olub və hazırda Niderlandın Haaqa şəhərində yaşayır. Onu Məhkəmə qarşısında Niderlandda vəkil işləyən M.Ferştman və V.L.Kop təmsil edib. Cavabdeh Hökuməti Azərbaycan Respublikasının Məhkəmədəki nümayəndəsi cənab Ç.Əsgərov təmsil edib.
A. İşin halları
Tərəflərin təqdim etdiklərindən işin halları aşağıdakı kimi ümumilləşdirilə bilər.
1. Məhkumluğa gətirib çıxaran hadisələr
1988-ci ilədək ərizəçi Azərbaycanın Lənkəran şəhərində yerləşən nəqliyyat anbarının müdir müavini olub. 1988-ci ildə o, siyasi partiyaya qoşulub və siyasi karyerasına başlayıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlanarkən, o, milli orduya daxil olub və onun komandirlərindən birinə çevrilib. 1993-cü ilin yayında ölkədə mülki və siyasi qarşıdurmalar olan dövrdə o, Dağlıq Qarabağdan doğma Lənkərana qayıdıb. 1993-cü ilin iyununda ərizəçi Azərbaycanın cənubunda Lənkəranla birlikdə bir neçə qonşu rayonları əhatə edən muxtar siyasi qurumun yaradılmasına dair təklif irəli sürüb. Mərkəzi hakimiyyət bu ideyanı qəbulolunmaz hesab edib. 07 avqust 1993-cü ildə ərizəçi tərəfdarları ilə birgə Azərbaycan Respublikasının daxilində «Talış-Muğan Muxtar Respublikası»nın yaradılmasını bəyan ediblər. Ərizəçi onun «Prezident»i seçilib. Həmin vaxtda o, Lənkəranda yerləşən hərbi hissələri tabe etdirməyə, eləcə də mərkəzi hakimiyyət tərəfindən təyin olunmuş bəzi regional vəzifəli şəxsləri kənarlaşdırmağa və həbs etməyə çalışırdı. Bundan sonra, müəyyən ictimai iğtişaşlar başlayıb və bu iğtişaşlar zamanı bir neçə insan öldürülüb.
2. Həbs və məhkumluq
Bundan sonra ərizəçi ilə mərkəzi hakimiyyət arasında münaqişə daha da intensivləşdi. Hökumət ərizəçini xəyanətkar və separatist adlandıraraq, ona qarşı ictimai rəyi formalaşdırmaq üçün kütləvi informasiya vasitələrində kompaniyaya başladı. 1993-cü ilin sonlarında ərizəçi həbs olunub və Milli Təhlükəsizlik Nazirliyinin saxlanılma mərkəzinə yerləşdirilib. Barəsində olan istintaq, inter alia, vətənə xəyanət və dövlətin konstitusiya institutlarına qarşı silahlı qüvvələrdən istifadə etmək ittihamına gətirib çıxarıb.
1994-cü ilin sentyabrında ərizəçi, başqa üç məhbusla saxlanılma mərkəzindən qaçıb. Ərizəçi, nəhayət 1995-ci ilin avqust ayında tutulub ikinci dəfə həbs edilənə kimi gizlənib.
Ərizəçiyə görə, ibtidai həbsin bütün vaxtı ərzində o, işgəncənin müxtəlif formalarına məruz qalıb. Ona həkimlə görüşməyə icazə verilməyib. Həyat yoldaşının həbsi və cinayət təqibinə məruz qalması hədəsi altında o özünə qarşı ifadələr verməyə məcbur olunub. Həyat yoldaşı və oğlu daxil olmaqla, onun yaxın dostları və qohumları da hakimiyyət orqanları tərəfindən təqibə və fiziki işgəncəyə məruz qalıblar. Təqiblərin davam edəcəyindən qorxaraq, həyat yoldaşı ilə oğlu ölkəni tərk ediblər və Niderlandda sığınacaq axtarıblar.
Ərizəçi barəsində cinayət işinə birinci instansiya qismində Ali Məhkəmənin Hərbi Kollegiyası tərəfindən baxılıb. O, altı başqa ittiham olunan şəsxlərlə birikdə mühakimə edilib. 12 fevral 1996-cı ildə ərizəçi vətənə xəyanətə (əmlakı müsadirə olunmaqla on iki il azadlıqdan məhrum etmə), dövlət hakimiyyətinin qanunsuz mənimsənilməsi (iki il azadlıqdan məhrum etmə), azadlıqdan qanunsuz məhrum etmə (üç il azadlıqdan məhrum etmə), silahlara icazəsiz sahib olma (beş il azadlıqdan məhrum etmə), həbsdən qaçma (iki il azadlıqdan məhrum etmə) və qanunsuz hərbi birləşmələrin yaradılmasına (əmlakı müsadirə olunmaqla ölüm cəzası) görə məhkum edilmişdir. Cəzaların birləşdirilməsi yolu ilə ərizəçi ölüm cəzasına və əmlakın müsadirəsinə məhkum edilib. Ən yuxarı tribunalın qərarı olduğu üçün bu hökm qəti olub və həmin vaxtda ondan şikayət verilə bilməzdi.
3. Ölüm cəzasının ömürlük azadlıqdan məhrum etmə ilə əvəz edilməsi
Məhkum olunmasından sonra 1996-cı ilin iyun ayında ərizəçi Bayıl həbsxanasının ölüm cəzasını çəkənlər üçün nəzərdə tutulmuş 5-ci korpusuna köçürülüb. Cəza növü kimi ölüm cəzasının həmin vaxtda mövcud olmasına baxmayaraq, Azərbaycanın hakimiyyət orqanları 1993-cü ildən ölüm cəzasının moratoriyası siyasətinə de fakto riayət ediblər və bu, ölüm cəzasının 1998-ci ildə ləğv olunmasınadək davam edib.
10 fevral 1998-ci ildə Parlament bütün müvafiq daxili hüquqi müddəaları dəyişərək, ölüm cəzası ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənən «Azərbaycan Respublikasında ölüm cəzasının ləğvi ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Cinayət-Prosessual Məcəlləsinə və İslah-Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Qanun qəbul edib. Ərizəçi daxil olmaqla, ölümə məhkum olunan bütün məhkumların cəzaları avtomatik olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına dəyişdirilməli idi.
Yeni cəzaya baxmayaraq, ərizəçi 2001-ci ilin yanvarınadək Bayıl həbsxanasının 5-ci korpusunda (əvvəlki «ölüm yeri») saxlanıldı. Ərizəçiyə görə, Bayıl həbsxanasında həbsin şəraiti sərt və qeyri-insani olub və orada onu tez-tez döyüblər. O, müxtəlif ciddi xəstəliklərdən əziyyət çəkib və zəruri və adekvat tibbi müalicəni ala bilməyib. 2001-ci ilin yanvarında o, ömürlük azadlıqdan məhrum etmə cəzasını çəkənlər üçün Qobustan qapalı həbsxanasına köçürülüb (bundan sonra – «Qobustan həbsxanası»).
4. Cinayət işinə yenidən baxılması
2000-ci ildə Azərbaycan Respublikasının yeni Cinayət-Prosessual Məcəlləsi (bundan sonra – «CPM») və yeni Cinayət Məcəlləsi qəbul olunub. 01 sentyabr 2000-ci ildə yeni CPM-in qüvvəyə minməsindən əvvəl 14 iyul 2000-ci ildə Parlament köhnə cinayət-prosessual qaydalara müvafiq olaraq çıxarılmış birinci instansiya məhkəməsinin qərarlarından şikayət etməyə icazə verən keçid qanunu qəbul edib.
Bundan bir qədər sonra, Azərbaycan Avropa Şurasına daxil olarkən, ərizəçi Baş Katibin müstəqil ekspertləri tərəfindən «siyasi məhbus» hesab olunub (ekspertlərin müvafiq hesabatlarında ərizəçinin adı «Əlikrəm Hümbətov» kimi göstərilib, ola bilər ki, bu onun adının rus dilindən tərcüməsinə uyğun olsun). Azərbaycan üzərinə öhdəlik götürüb ki, bu ekspertlər tərəfindən «siyasi məhbus» kimi tanınan bütün şəxsləri buraxsın və ya onların işinə yenidən baxsın.
2000-ci ildə daxili cinayət və cinayət-prosessual qanunvericiliyin islahatından sonra və «siyasi məhbusların» işinə yenidən baxmaq haqqında Avropa Şurası qarşısında Azərbaycanın öhdəliklərini nəzərə alaraq, 20 dekabr 2001-ci ildə Baş Prokuror ərizəçinin işinə yenidən baxılmasına icazəni xahiş etməklə, Apellyasiya Məhkəməsinə apellyasiya protesti verdi. 24 yanvar 2002-ci ildə Apellyasiya Məhkəməsi bu müraciəti təmin etdi və Ali Məhkəmənin 12 fevral 1996-cı il tarixli hökmündən şikayətin verilməsinə icazə verdi.
29 yanvar 2002-ci ildə ərizəçi Apellyasiya Məhkəməsinə apellyasiya şikayətini verdi. O, məhkəmədən xahiş etdi ki, işin yeni istintaqını aparsın, kütləvi informasiya vasitələrinin nümayəndələrinin və xarici təşkilatların rəsmilərinin iştirakı ilə adi məhkəmə zalında açıq iclas keçirsin və 1993-cü ildə Lənkəran regionunda olan siyasi hadisələrə qiymət versin.
23 aprel 2002-ci ildə Apellyasiya Məhkəməsi qərara gəldi ki, yeni istintaq və açıq araşdırma barədə ərizəçinin tələblərini təmin, qalan tələbləri isə rədd etsin.
Mahiyyəti üzrə məhkəmə iclası Ədliyyə Nazirliyinin Saxlanılma Mərkəzində keçirilməli idi. Lakin 13 may 2002-ci ildə Apellyasiya Məhkəməsi Nazirliyin Saxlanılma Mərkəzində təmir işləri aparıldığına əsaslanaraq, iclasın keçirilməli olduğu yeri Qobustan həbsxanasına dəyişdrdi. Ərizəçi Qobustan həbsxanasında keçirilən hər hansı iclasda iştirak etməkdən imtina etməklə bu qərara etiraz etmişdir. 14 may 2002-ci ildə Apellyasiya Məhkəməsi onun məcburi iştirakını əmr etdi.
Eyni zamanda, 23 aprel 2002-ci ildə ərizəçi, xidmətlərinin qeyri-adekvatlığına görə öz vəkili cənab A. tərəfindən təmsil olunmasından imtina edilməsi barədə məhkəməni məlumatlandırdı və məhkəmədən xahiş etdi ki, ona öz istəyi ilə vəkil seçməyə icazə versin. Buna baxmayaraq, Apellyasiya Məhkəməsi 23 aprel və 13 may 2002-ci ildə ərizəçinin iştirakı olmadan, lakin cənab A-nın iştirakı ilə iki ibtidai iclas və 14 may 2002-ci ildə həm ərizəçinin, həm də onun vəkili kimi çıxış edən cənab A-nın iştirakı ilə bir ibtidai iclas keçirdi.
16 may 2002-ci ildə ərizəçi bu məsələdən birbaşa Ali Məhkəməyə şikayət verdi. Ali Məhkəmənin sədr müavini 24 may 2002-ci il tarixli məktubu ilə ərizəçinin ərizəsinin alınmasını təsdiq etdi və kassasiya şikayətinin verilməsi prosedurundan onu məlumatlandırdı. O, daha sonra qeyd etdi ki, Cəzaların İcrası Məcəlləsinə müvafiq olaraq, ərizəçi öz cəzasını çəkən məhkum kimi Ali Məhkəməyə şikayətini həbsxana müdiriyyəti vasitəsilə göndərməlidir.
Apellyasiya Məhkəməsinin mahiyyəti üzrə iclasları məhkəmə zalına malik olan Qobustan həbsxanasında keçirilib. Həbsxananın özü Bakıdan kənarda yerləşib. Bakıdan həbsxanaya müntəzəm nəqliyyat mövcud deyildir. Həbsxananın ciddi buraxılış reciminə görə müşahidəçi kimi iclasda iştirak etmək niyyətində olan şəxslər bunun üçün sədrlik edən hakimdən icazə almalı olmuşlar. Sədrlik edən hakim öz növbəsində belə şəxslərə həbsxanaya keçməyə icazənin verilməsi üçün həbsxana müdiriyyətinə müraciət edirdi. İclasa buraxılan müşahidəçilər həbsxananın məhkəmə zalına daxil olmazdan əvvəl şəxsi axtarışa məruz qalmışlar.
Apellyasiya Məhkəməsi birinci instansiyada araşdırma zamanı dindirilmiş altı şəxsin ifadələri iclas zamanı oxunulmaqla, 60-dan artıq şahidlərin ifadələrini araşdırıb.
Apellyasiya araşdırmalarının gedişatında ərizəçi bir neçə vəsatətlər vermiş, inter alia, məhkəmənin qərəzsizliyini mübahisələndrmiş, iclasların audio və video lentə alınmasını, açıq və yüksək təhlükəsizlik həbsxanasından uzaq keçirilməsini, əlavə şahidlərin ifadələrinin və başqa əlavə sübutların qəbul olunmasını məhkəmədən tələb etmişdir. Vəsatətlərin əksəriyyəti Apellyasiya Məhkəməsi tərəfindən rədd olunub.
2002-ci ilin oktyabr ayında ərizəçi birinci və apellyasiya instansiyası məhkəmələrinin icraatında olan cinayət işləri üzrə təqsirləndirilən şəxsin həbsdə saxlanılmasının son müddətinin xüsusilə ağır cinayətlər üzrə doqquz aydan artıq olmamasını nəzərdə tutan CPM-in 158.5-ci maddəsinə əsasən azad olunması üçün Apellyasiya Məhkəməsinə vəsatət verdi. 28 oktyabr 2002-ci il tarixli qərardadla Apellyasiya Məhkəməsi ərizəçinin vəsatətini rədd etdi. Məhkəmə belə hesab etdi ki, ərizəçi barəsində cinayət araşdırmalarının davam etməsinə baxmayaraq, CPM-in 158.5-ci maddəsi onun işinə tətbiq edilə bilməz, ona görə ki, o, artıq məhkum olunub və Ali Məhkəmənin 12 fevral 1996-cı il tarixli hökmü ilə cəzalandırılıb və bu səbəbdən, o, ibtidai həbsi deyil, məhkum kimi öz azadlıqdan məhrum etmə cəzasını çəkirdi.
08 noyabr 2002-ci ildə ərizəçi «ibtidai həbsdən» azad olunmasını xahiş edərək, bu qərardada qarşı Ali Məhkəməyə kassasiya şikayəti verdi. 19 dekabr 2002-ci il tarixli məktubu ilə Ali Məhkəmə şikayəti rədd edərək, işə Apellyasiya Məhkəməsində hələ də baxıldığına və onun yekun qərarının hələ çıxarılmadığına istinad etdi.
10 iyul 2003-cü ildə Apellyasiya Məhkəməsi ərizəçinin barəsində cinayət işi üzrə yekun qərarını çıxardı. Apellyasiya Məhkəməsi ərizəçinin əmlakının müsadirə olunması hissəsinə aid 12 fevral 1996-cı il tarixli əvvəlki hökmü ləğv etdi. Lakin Apellyasiya Məhkəməsi ərizəçinin məhkum olunmasını qüvvədə saxladı və 10 fevral 1998-ci il tarixli dəyişiklikləri nəzərə almaqla, cinayətlərin törədildiyi vaxtda tətbiq edilməli olan cinayət qanununa müvafiq olaraq, ona ömürlük azadlıqdan məhrum etmə cəzasını təyin etdi.
Ərizəçi Ali Məhkəməyə kassasiya şikayəti verdi. Şikayətində o, inter alia, Apellyasiya Məhkəməsi tərəfindən daxili qanunvericiliyin maddi və prosessual normalarının pozulmasından, Qobustan həbsxanasında keçirilən araşdırmanın açıq və ədalətli olmamasından, eləcə də ömürlük azadlıqdan məhrum etmə cəzasının qanunsuz olmasından şikayətləndi. O, həmçinin şikayət etdi ki, Apellyasiya Məhkəməsi ikinci vəkil cənab O-nun CPM-in 92.9.8-ci maddəsində təsbit olunmuş prosessual hüquqlarını pozdu. Lakin o, xidmətlərindən imtina etdiyi birinci vəkil cənab A-nın Apellyasiya Məhkəməsindəki ibtidai iclaslarda iştirakından xüsusilə şikayət etmədi.
05 fevral 2004-cü il tarixli qərarı ilə Ali Məhkəmənin Hərbi məhkəmələrin işləri üzrə kollegiyası (bundan sonra – «Ali Məhkəmə») ərizəçinin kassasiya şikayətini təmin etmədi. Yeni məhkəmə araşdırılması zamanı ərizəçinin həbsinə gəldikdə, Ali Məhkəmə Apellyasiya Məhkəməsinin 28 oktyabr 2002-ci il tarixli qərarındakı əsaslandırmanı qüvvədə saxladı və qəbul etdi. Bu məhkəmə ömürlük azadlıqdan məhrum etmə cəzasını saxladı, lakin 10 fevral 1998-ci il tarixli dəyişikliklərlə 1960-cı il tarixli əvvəlki Cinayət Məcəlləsinin tətbiq edilməsi əvəzinə hökmün əsasında duran hüquq pozuntusunu yeni Cinayət Məcəlləsinin 279.3-cü maddəsinə tövsif edərək, Apellyasiya Məhkəməsinin qərarını qismən dəyişdirmişdir.
5. Azadlqdan məhrum etmə zamanı tibbi müalicə
Ərizəçiyə görə, 1996-cı ildən başlayraq azadlıqdan məhrum etmə zamanı məruz qaldığı işgəncə və kobud şəraitə görə o, vərəm, işemiya, hipertoniya, qaemorid, diş xəstəlikləri, ciyər və mədə-bağırsaq xəstəlikləri və revmatizmdən əziyyət çəkib.
Səhhətinin pisləşməsinə dair çoxsaylı şikayətlərindən sonra 23 aprel 1997-ci ildə o, rentgen müayinədən keçib və bu müayinə ilə onun «sol ağ ciyərində vərəmin» olması təsdiq edilib. Ərizəçiyə görə, bu diaqnoza baxmayaraq, ona kifayətedici müalicə təqdim edilməyib. Xüsusən, 1997-ci ilin may ayında onun damarlarına müəyyən dərmanların yalnız iki inyeksiyası verilib. 1997-ci ilin noyabrında səhhəti kəskin pisləşərkən, həbsxna həkimi 15 gün müddətində onu hər gün ziyarət edib və hər gün ona bir ineksiya verib.
Hökumətə görə, 1997-ci ildən 2000-ci ilədək həbsxana həkimləri ərizəçinin səhhətinin hər hansı kəskin pisləşməsini aşkar etməyiblər və bu dövr ərzində ərizəçiyə mütəmadi tibbi nəzarət və ambulator müalicə göstərilib. Əksinə, ərizəçi iddia etdi ki, o, bu dövr ərzində ciddi sağlamlıq probleməri ilə üzləşib.
2000-ci ilin fevral ayında ərizəçi, onun sağlamlıq vəziyyətindən narahatlığı ifadə edən və hakimiyyət orqanlarından zəruri tədbirlərin görülməsini tələb edən Helsinki Vətəndaş Assambleyasının nümayəndələri tərəfindən ziyarət olunub. Bundan sonra, 16 mart 2000-ci ildə həbsxana həkimlərinin başqa tibbi müayinəsi stasionar müalicənin zəruri olduğunu aşkar edib. 20 mart 2000-ci ildə ərizəçi vərəmdən əziyyət çəkən məhbuslar üçün nəzərdə tutulmuş xüsusi xəstəxanaya keçirilmişdir.
Ərizəçiyə görə, yalnız 26 mart 2000-ci ildə o, həbsxanda tibbi müalicəni almağa başlayıb. Müalicə, Dünya Səhiyyə Təşkilatının DOTS proqramına əsaslanıb. 19 may 2000-ci ildə ərizəçi həbsxanadan buraxılıb və öz həbsxana kamerasına qayıdıb. Ərizəçinin hesablamalarına görə, xəstəxanada aldığı ambulator müalicə 52 gün davam edib.
2001-ci ildə naməlum gündə ərizəçi həbsxananın ehtimal olunan ağır şəraiti ucbatından səhhətinə vurulan zərərə və zəruri tibbi müalicənin göstərilməməsinə görə hakimiyyət orqanlarından kompensasiyanı tələb edərək, vəkili vasitəsilə birinci instansiya məhkəməsinə iddia verməyə cəhd etdi. Lakin ərizəçiyə görə, məhkəmə hər hansı səbəb göstərmədən onun şikayətini qəbul etməkdən imtina etdi.
Yenidən açılmış məhkəmə araşdırmaları zamanı 14 noyabr 2002-ci ildə ərizəçinin vəkili onun ciddi sağlamlıq problemlərini nəzərə alaraq, yeni tibbi müayinəsi üçü vəsatət verdi. Yeni müayinə həmin vaxtda Ədliyyə Nazirliyinin tərkibində olan Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin («MQİBİ») Tibb İdarəsinin həkimləri tərəfindən 06 dekabr 2002-ci ildə aparılıb və ərizəçinin səhhətinin vəziyyəti qənaətbəxş hesab olunub.
25 dekabr 2003-cü ildə ərizəçinin tibb sənədlərini yoxlayarkən, MQİBİ-nin Tibb İdarəsinin rəisi tibbi hesabat («MQİBİ-nin tibbi hesabatı») tərtib etdi və bu hesabatda ərizəçinin səhhətinin vəziyyəti haqqında tibbi rəyini ifadə etdi. Bu hesabat ərizəçinin həbsxanadakı tibbi sənədlərinin təfsilatlı hesabatını ifadə edib. Orada qeyd olunub ki, 1997-2003-cü illər ərzində ərizəçi həkimlər tərəfindən bir neçə dəfə müayinə olunub. İnter alia, aşağıdakı xəstəliklər bu müayinələrin nəticəsində müəyyən olunub: sol ciyərin möhkəmlənmə fazasında vərəmi, xroniki bronxopnevmoniya, radikulit, işemiya, kardioskleroz, hipertoniya, eləcə də müəyyən dəri və mədə-bağırsaq xəstəlikləri. MQİBİ-nin hesabatında göstərilib ki, hər xəstəlik tələb olunan diqqətlə müalicə olunub və zərurət olduqda, ərizəçi lazımi dərmanlarla və vərəmə görə stasionar müalicə daxil olmaqla, başqa müvafiq müalicə ilə təmin olunub. Hesabat təqdim edirdi ki, belə müalicənin nəticəsində ərizəçinin səhhəti yaxşılaşıb. Nəticədə qeyd olunub ki, hesabatın tərtib olunduğu vaxtda ərizəçinin səhhəti qənaətbəxş olub və ona nə ambulator, nə də stasionar müalicə tələb olunub.
Ərizəçinin müraciətinə əsasən, 05 mart 2004-cü ildə Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin Tibbi Komissiyasının sədri ərizəçinin tibbi sənədlərinə əsaslanan müstəqil tibbi ekspert rəyi verdi («HVA rəyi»). Ekspert təsdiq etdi ki, ərizəçi daimi tibbi nəzarəti tələb edən bir neçə ciddi xəstəliklərdən əziyyət çəkib. Ekspert qeyd etdi ki, ümumiyyətlə, qeyri-mütəmadi və qeyri-müvafiq tibbi müayinələrin nəticəsində ərizəçiyə xaotik və kifayət qədər əsaslandırılmamış diaqnozlar verilib və ona yazılmış ambulator və stasionar tibbi müalicə tamamilə səmərəsiz olub. Xüsusilə, ekspert göstərdi ki, vərəmin gecikdirilmiş ilkin aşkarlanması və qeyri-dəqiq diaqnozlar xəstəliyin ağırlaşmasına gətirib çıxarıb. Bundan başqa, vərəmin müəyyən edilməsindən sonra xəstəxanada ərizəçinin ambulator müalicəsi DOTS proqramına cavab verməyib, ona görə ki, bu müalicə əsassız olaraq həddən artıq qısa olub və təmin olunmuş dərmanlar dozadan az idi. Ekspert, həmçinin qeyd edib ki, ərizəçinin ciddi həbsxana şəraitinə görə o, Qobustan həbsxanasında qaldığı cinahın axşam saat 7-dən səhər saat 11-dək gündəlik bağlanması ucbatından bu vaxt ərzində təcili tibbi yardım almaq imkanından məhrum olunub. Nəhayət, ekspert belə qənaətə gəlib ki, ərizəçiyə dəqiq və kliniki təsdiq olunmuş diaqnoz qoyulmayıb, eləcə də, belə diaqnoza uyğun olan hər hansı zəruri və müvafiq tibbi müalicə aparılmayıb.
2004-cü ilin fevralında ərizəçi həbsxanada səhhəti pisləşdiyi üçün maddi kompensasiya barədə Daxili İşlər Nazirliyinə qarşı Səbail rayon məhkəməsində iddia qaldırdı. 03 mart 2004-cü ildə Səbail rayon məhkəməsi iddianı qəbul etməkdən imtina etdi, ona görə ki, ərizəçi Maliyyə Nazirliyini də cavabdeh kimi göstərməyib. Məhkəmə qeyd etdi ki, daxili qanunvericiliyə görə, Dövlətdən hər hansı maddi kompensasiyaya aid tələblər Maliyyə Nazirliyinə qarşı olmalıdır.
2004-cü ilin mart ayında ərizəçi Maliyyə Nazirliyini də cavabdeh kimi xüsusilə qeyd etməklə yenidən iddia qaldırdı. 29 mart 2004-cü ildə Səbail rayon məhkəməsi məhkəmə aidiyyətinə riayət edilmədiyi üçün iddianı qəbul etməkdən imtina etdi. Məhkəməyə görə, Maliyyə Nazirliyinə qarşı iddialar Nəsimi rayon məhkəməsinin ərazi yurisdiksiyasına düşüb. Ərizəçi bu qərarı Apellyasiya Məhkəməsində mübahisələndirib.
Həmin vaxtda o, eyni iddianı Nəsimi rayon məhkəməsində qaldırıb. 13 aprel 2004-cü ildə ərizəçi tərəfindən iddiasının lazımi qaydada ifadə olunmaması və hüquqi cəhətdən əsaslandırılmaması səbəbindən Nəsimi rayon məhkəməsi iddianı qəbul etməkdən imtina edib.
29 may 2004-cü ildə Apellyasiya Məhkəməsi ərizəçinin Səbail rayon məhkəməsinin 29 mart 2004-cü il tarixli qərarından şikayəti araşdırıb. Apellyasiya Məhkəməsi bu qərarı ləğv edib və qərara gəlib ki, cavabdehlərdən biri olan Daxili İşlər Nazirliyi məhkəmənin yurisdiksiyası altına düşdüyünə görə Səbail rayon məhkəməsi işə baxmağa ərazi yurisdiksiyasına malikdir. Müvafiq olaraq, iş mahiyyəti üzrə baxılmaq üçün Səbail rayon məhkəməsinə qaytarılıb.
6. Azad edilmə və emiqrasiya
03 sentyabr 2004-cü ildə Prezident ərizəçi daxil olmaqla, məhkum olunmuş digər 244 şəxsi cəzanın qalan hissəsinin çəkilməsindən azad edən əfv fərmanını imzaladı. Həmin gündə Prezident ərizəçinin Azərbaycan vətəndaşlığına xitam verilməsi barədə müraciətini təmin edən sərəncamı verdi.
Ərizəçiyə görə, o, yalnız 05 sentyabr 2004-cü ildə azad olunub. O, dərhal hava limanına aparılıb və oradan Niderlanda uçub. Bir qədər sonra ona Niderland hakimiyyət orqanları tərəfindən sığınacaq verilib və Niderlandda daimi yaşamaq hüququ üçün icazə verilib.
B. Müvafiq daxili qanunvericilik
ŞİKAYƏTLƏR
1. Konvensiyanın 3-cü maddəsinə istinadən ərizəçi şikayət etdi ki:
(a) həbsxanada olarkən, o, bir sıra ciddi xəstəliklərdən əziyyət çəkib və çoxsaylı müraciətlərə baxmayaraq, zəruri və müvafiq tibbi müalicəni almayıb; və
(b) daxili səviyyədə həbsxanada qeyri-adekvat tibbi müalicə ilə bağlı kompensasiyanı təmin edə biləcək səmərəli vasitələr olmayıb.
2. Ərizəçi daha sonra şikayət etdi ki:
(a) Konvensiyanın 5-ci maddəsinə zidd olaraq, hakimiyyət orqanları onun məhkumluğundan şikayət etməyə icazə verilməsi üçün Apellyasiya Məhkəməsinin 24 yanvar 2002-ci il tarixli qərarından sonra onu azadlığından məhrum ediblər. Xüsusən, o iddia etdi ki, Apellyasiya Məhkəməsi qarşısında araşdırılan hər hansı iş üçün qanunla nəzərdə tutulmuş maksimum doqquz aylıq müddətin bitməsinə görə qanunsuz olaraq yenə də həbsxanada saxlanılmışdır; və
(b) Konvensiyanın 5-ci maddəsi ilə birgə Konvensiyanın 14-cü maddəsinə zidd olaraq, həbs müddəti bitdikdən sonra məhkəmələr tərəfindən onun azad olunmasından imtina onun siyasi fikirlərinə görə ayrı-seçkiliyi təşkil edib.
3. Konvensiyanın 6-cı maddəsinin 1 və 3-cü bəndlərinə istinadən ərizəçi şikayət etdi ki:
(a) onun işi üzrə apellyasiya baxışı məhdud buraxılış reciminə malik və ictimaiyyət üçün çətin əlçatan olan uzaq məsafədə yerləşən Qobustan həbsxanasında keçirildiyi üçün ədalətsiz olub. Tələb olunan əsaslandırma olmadan hər hansı audio və ya video yazılış məhkəmə tərəfindən qadağan edilib. Ərizəçinin çoxsaylı müraciətlərinə baxmayaraq, məhkəmə hər hansı əsas gətirmədən, onun xeyrinə ifadə verməyə hazır olan şahidlərin iştirakı və dindirilməsindən imtina edib. Nəhayət, sədrlik edən hakim, onun ittihamın xeyrinə qərəzli olmasını göstərən bir neçə qeydlər edib və araşdırma zamanı ərizəçinin əksər vəsatətlərini əsassız olaraq rədd edib;
(b) tribunallar müstəqil və qərəzsiz olmayıb, ona görə ki, işə Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin “hərbi” kollegiyaları tərəfindən baxılıb, baxmayaraq ki, ərizəçi artıq hərbi heyətə aid olmayıb;
(c) apellyasiya baxışının bir il altı aydn artıq davam etdiyini və bəzi hallarda məhkəmənin kifayətedici əsaslandırma etmədən iclaslar arasında uzun fasilələr etdiyini nəzərə alaraq, yenidən aparılan cinayət araşdırmalarının davamiyyəti ağlabatn müddəti aşıb; və
(d) Apellyasiya Məhkəməsi tərəfindən onun öz əvvəlki vəkilindən imtina etməsinin nəzərə alnmamasına və bu vəkilin iştirakı ilə bir neçə iclasların keçirilməsinə görə o, öz istəyi ilə hüquqi yardım almaqdan imtina edilib.
4. Ərizəçi, həçminin Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən şikayət edib ki, onun təqsirsizlik prezumpsiyası pozulub. O iddia etdi ki, etirazlarına baxmayaraq, Apellyasiya Məhkəməsi öz yekun qərarını çıxarmazdan əvvəl onu məhkum hesab edib və onu cinayətkar və separatist kimi qələmə verən dövlət televiziyasının verilişlərinin qarşısını almayıb.
5. Konvensiyanın 6-cı maddəsi ilə birgə Konvensiyanın 13-cü maddəsinə əsasən ərizəçi şikayət etdi ki, daxili məhkəmələr ittihamın xeyrinə çox qərəzli olduğu və ümumiyyətlə, pozulmuş insan hüquqlarının bərpası üçün yararlı olmadığına görə, onun işi üzrə daxili vasitələr səmərəsiz olub.
6. Ərizəçi Konvensiyanın 6-cı maddəsi ilə birgə Konvensiyanın 14-cü maddəsinə əsasən daha sonra şikayət etdi ki, onun ilkin həbsindən başlayaraq və bütün apellyasiya və kassasiya araşdırmaları zamanı o, siyasi fikir və etnik mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalıb.
7. Nəhayət, Konvensiyanın 7-ci maddəsinə əsasən ərizəçi bildirdi ki, 1998-ci ildə ölüm cəzasının ömürlük azadlıqdan məhrum etmə ilə əvəzlənməsi onun zərərinə olub. Birincisi, məhkəmə qərarı yerinə, parlament aktı ilə əvəz etmə qanunsuz olub. İkincisi, 1996-cı ildə onun məhkum edildiyi zaman məhkum olunduğu cinayətə görə iki alternativ cəza mövcud olub: ölüm cəzası və 15 il azadlıqdan məhrum etmə. Müvafiq olaraq, ölüm cəzasını ləğv edərək, onun cəzası 15 il azadlıqdan məhrum etmə ilə əvəzlənməli idi. Lakin cəzanın yeni formasını təqdim etməklə (ömürlük azadlıqdan məhrum etmə) və 1998-ci ildə onun ölüm cəzasını avtomatik olaraq ömürlük azadlıqdan məhrum etmə ilə əvəzləşdirməklə, hakimiyyət orqanları yeni qanunu onun zərərinə geriyə şamil etmişlər.
HÜQUQİ MƏSƏLƏLƏR
1 (a). Ərizəçi şikayət etdi ki, həbsxanada zəruri və müvafiq tibbi müalicənin olmaması Konvensiyanın 3-cü maddəsini pozub. Konvensiyanın 3-cü maddəsi aşağıdakıları nəzərdə tutur:
«Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır.»
Hökumət bildirdi ki, ərizəçinin şikayətinin 15 aprel 2002-ci ilədək dövrdə baş verən hadisələrə aid hissəsi Məhkəmənin ratione temporis səlahiyyətindən kənara çıxır. Ərizəçi cavab olaraq hər hansı spesifik dəlillər gətirməyib.
Məhkəmə qeyd edir ki, ərizəçinin şikayəti onun 1993-cü ildə həbsindən başlayaraq azad edilməsi tarixinədək müddətə aiddir. Lakin Məhkəmə qeyd edir ki, o, yalnız Razılığa gələn Yüksək Tərəfə münasibətdə Konvensiyanın qüvvəyə minməsindən sonra baş vermiş hadisələrdən irəli gələn Konvensiya pozuntularına dair şikayətlərin araşdırılmasına səlahiyyətlidir (bax, Kazımova Azərbaycana qarşı (qərardad), № 40368/03, 06 mart 2003-cü il). Müvafiq olaraq, Məhkəmə yalnız 15 aprel 2002-ci ildən, yəni Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi vaxtdan sonra baş verən hadisələrə aid şikayəti araşdıracaq.
15 aprel 2002-ci ildən sonra baş verən hadisələrə aid şikayətin hissəsinə gəldikdə isə, Hökumət Məhkəməyə təklif etdi ki, kompensasiya iddiası daxili məhkəmələrdə hələ də araşdırıldığı üçün daxili vasitələrin tükənməməsinə görə bu şikayəti rədd etsin.
Məhkəmə hesab edir ki, hazırkı işdə daxili vasitələrin tükənib-tükənməməsi məsələsi Konvensiyanın 3-cü maddəsi ilə birgə Konvensiyanın 13-cü maddəsinə əsasən şikayətin mahiyyəti ilə sıx əlaqəlidir (bax, aşağıda) və sonuncu üzrə qərar çıxarmadan hər iki məsələ birlikdə araşdırılmalıdır. Müvafiq olaraq, Məhkəmə hesab edir ki, daxili vasitələrin tükənməsinə dair məsələnin yekun həlli işin mahiyyəti ilə birləşdirilməli və sonrakı araşdırmaya saxlanılmalıdır.
Hökumət, nəhayət bildirdi ki, ərizəçi bütün zəruri tibbi müalicə ilə təmin olunub. Xüsusən, Hökumət qeyd etdi ki, tibbi müayinə üçün ərizəçinin müraciətləri təmin olunub və o, 06 dekabr 2002-ci il, 05 mart 2003-cü il və 11 iyun 2003-cü ildə hökumət həkimləri tərəfindən müayinə olunub və ona zəruri ambulator müalicə təqdim olunub. Əlavə olaraq, Hökumət, həmçinin ərizəçinin daimi tibbi nəzarət altında olmasını göstərməyə çalışaraq, həbsxanada olarkən onun tibbi sənədlərinin surətini təqdim edib. Hökumət yuxarıdakı sübutu ərizəçinin bütün zəruri və müvafiq tibbi müalicəni almasının təsdiqi üçün kifayət hesab edib.
Bundan başqa, Hökumət iddia etdi ki, ərizəçi tərəfindən özünün iddialarının sübutu kimi gətirilən HVA-nın rəyi qeyri-peşəkarlar tərəfindən hazırlanıb, «süni şişirdilmiş tərzdə təqdim olunub və tamamilə əsassızdır». Buna görə, HVA-nın rəyi mötəbər sübut kimi qəbul edilə bilməz.
Ərizəçi hakimiyyət orqanları tərəfindən onun sağlamlığının ciddi ağırlaşması üçün bilərəkdən və qəsdən imkan verdiyini və həbs olunduğu andan onu adekvat tibbi müalicədən məhrum etdiyini iddia edərək razılaşmadı. Kobud həbsxana şəraiti onun xəstəliyinin əhəmiyyətli ağrlaşmasına səbəb olub. Bir neçə tibbi müayinələr və vaxtaşırı keçirilən müalicə bu xəstəlikləri sağaltmaq üçün qeyri-adekvat və qeyri-kifayət olub. Bununla bağlı, ərizəçi əsasən HVA-nın rəyində göstərilənlərə əsaslanıb və hesab edib ki, bu sənəd Hökumət tərəfindən təqdim olunmuş çox cildli tibbi hesabatlardan daha etibarlı olub. Ərizəçiyə görə, hakimiyət orqanları tərəfindən onun davamlı olaraq zəruri tibbi nəzarətlə təmin edilməməsi Konvensiyanın 3-cü maddəsinin mənası baxımından qeyri-insani və ləyaqəti alçaldan rəftarı təşkil edib.
Müəyyən tibbi müalicənin ona vaxtaşırı yazılmasına baxmayaraq, o, zəruri dərmanlarla təmin olunması üçün tamamilə öz ailəsinin maliyyə köməyinə əsaslanıb. O, həmçinin qeyd etdi ki, 1997-ci ilin mayında onun tibbi müalicəsinin təmin olunması üçün qohumları həbsxana müdiriyyətinə rüşvət verməli olmuşlar.
Məhkəmə tərəflərin dəlilləri baxımından hesab edir ki, şikayət, müəyyənləşdirilməsi işin mahiyyətinin araşdırılmasını tələb edən Konvensiyaya əsasən fakt və hüquqla bağlı olan mühüm məsələləri qaldırır. Buna görə, Məhkəmə belə nəticəyə gəlir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənası baxımından açıq-aşkar əsassız deyildir. Onun qeyri-məqbul hesab edilməsi üçün hər hansı başqa əsas müəyyən olunmayıb.
1(b). Ərizəçi, həmçinin şikayət edib ki, daxili səviyyədə həbsxanada qeyri-adekvat tibbi müalicə ilə bağlı kompensasiyanı təmin edə biləcək səmərəli vasitələr olmayıb. Məhkəmə hesab edir ki, mahiyət etibarilə bu şikayət Konvensyanın 3-cü maddəsi ilə birgə Konvensiyanın 13-cü maddəsi baxımından araşdırılmalıdır. Konvensiyanın 13-cü maddəsi aşağıdakıları nəzərdə tutur:
«Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələri hüququna malikdir.»
Hökumət qeyd etdi ki, vasitə ərizəçi üçün əlçatan olub. Azərbaycan Respublikasının Konstitusiyasına görə, Konvensiya Azərbaycanın qanunvericilik sisteminin ayrılmaz hissəsini təşkil edir və buna görə ərizəçi daxili məhkəmələrə şikayətlərində Konvensiyanın 3-cü maddəsinə istinad edə və onun işi üzrə pozuntudan şikayət edə bilərdi.
Hökumət alternativ olaraq bildirdi ki, ərizəçi tibbi müalicənin olmamasından “müvafiq orqana” şikayət edə və ya həbsxanada qeyri-müvafiq müalicədən kompensasiyanı tələb edərək, “hər hansı daxili məhkəməyə” ayrıca şikayət edə bilərdi. Əslində, ərizəçi belə ayrıca şikayəti verdi və bu iddia üzrə araşdırma Səbail rayon məhkəməsində davam edir.
Ərizəçi cavab olaraq bildirdi ki, Azərbaycanda məhkəmə sistemi çox yüksək dərəcədə səmərəsiz olub və ədalətli məhkəmə araşdırmaları keçirməyə qadir olmayıb. Vasitələrin nəzəri cəhətdən əlçatan olmasını güman etsək belə, onlar xəyali olduqlarına görə təcrübədə əlçatmaz olub. Bu mənada, ərizəçi Hökuməti çağırdı ki, ərizəçinin işi kimi olan və şikayətçi üçün pozitiv qərarla nəticələnən Azərbayan məhkəmələrinin hər hansı bir işini təqdim etsin. O iddia etdi ki, dövlət hakimiyyəti orqanları həbsxanalarda tibbi müalicənin olmaması daxil olmaqla, “siyasi məhbusların” müxtəlif hüquqlarının pozulmasına daimi olaraq yol verib. Bu səbəbdən, ərizəçiyə görə, burada “siyasi məhbuslara” nəzəri əlçatan olan hər hansı vasitələri xəyali, qeyri-adekvat və səmərəsiz edən inzibati təcrübə mövcud olub.
Ərizəçi dəlillərinin təsdiqi üçün bildirdi ki, 05 yanvar 2001-ci ilədək həbsxanada hər hansı yazı vasitələrinə malik olmağa icazə verilmədiyi üçün o, milli məhkəmələrə hər hansı şikayəti vermək imkanında olmayıb. 2001-ci ildə naməlum gündə, nəhayət, ona müəyyən yazı vasitələrinə malik olmağa icazə verildikdən sonra o, vəkili vasitəsilə birinci instansiya məhkəməsinə iddia verməyə cəhd etdi, lakin məhkəmə hər hansı səbəb göstərmədən onun şikayətini qəbul etməkdən imtina etdi. Bundan başqa, 18 fevral 2003-cü ildə və 27 fevral 2003-cü ildə ərizəçi adekvat müalicənin olmamasından şikayət və vərəmin stasionar müalicəsi üçün həbsxana xəstəxanasına köçürülməyi xahiş edərək, həbsxananın müdiriyyətinə iki ərizə verib, lakin hər hansı cavab almayıb.
Ərizəçi, həmçinin işarə etdi ki, 2004-cü ilin əvvəllərində o, yenidən Səbail və Nəsimi rayon məhkəmələrində mülki kompensasiya iddiasını qaldırmağa cəhd etsə də, məhkəmələr müxtəlif formal əsaslarla təkrarən iddianı qəbul etməkdən və şikayətinə mahiyyəti üzrə baxmaqdan imtina ediblər. Şikayətinə məhkəmələr tərəfindən mahiyyəti üzrə baxılmaması vasitənin səmərəliliyinə ciddi zərər vurub və ərizəçini kompensasiyanın əldə edilməsi imkanından məhrum edib.
Məhkəmə tərəflərin dəlilləri baxımından hesab edir ki, şikayət, müəyyənləşdirilməsi işin mahiyyətinin araşdırılmasını tələb edən Konvensiyaya əsasən fakt və hüquqla bağlı olan mühüm məsələləri qaldırır. Buna görə, Məhkəmə belə nəticəyə gəlir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənası baxımından açıq-aşkar əsassız deyildir. Onun qeyri-məqbul hesab edilməsi üçün hər hansı başqa əsas müəyyən olunmayıb.
2 (a). Konvensiyanın 5-ci maddəsinin 1 və 3-cü bəndlərinə istinadən ərizəçi, həmçinin şikayət etdi ki, daxili qanunvericiliyə görə, o, xüsusilə ağır cinayətə görə məhkum edilmiş şəxs kimi onun məhkum edilməsindən şikayətə baxılması barədə qərarın qəbul edilməsindən sonra ibtidai həbsdə doqquz aydan artıq saxlanılmalı deyildir. Lakin apellyasiya baxışının doqquz aydan artıq davam etməsinə baxmayaraq, o, həbsdən buraxılmayıb. Konvensiyanın 5-ci maddəsinin 1 və 3-cü bəndləri müvafiq hissədə aşağıdakıları nəzərdə tutur:
«1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa azadlığından məhrum edilə bilməz:
a) səlahiyyətli məhkəmə tərəfindən məhkum olunduqdan sonra şəxsi qanuni həbsə almaq;
c) hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud törətdikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsasların olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması;
3. Bu maddənin I bəndinin «c» alt bəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Azad edilmək məhkəmədə iştirak etmə təminatlarının təqdim edilməsi ilə şərtləndirilə bilər.»
Hökumət bildirdi ki, sözügedən bütün müddət ərzində, yəni Apellyasiya Məhkəməsində araşdırmalar zamanı ərizəçinin həbsi Konvensiyanın 5-ci maddəsinin 1 (a) bəndi baxımından qanuni olub. Bununla bağlı, Hökumət qeyd etdi ki, ərizəçinin ibtidai həbsi onun barəsində cinayət ittihamı birinci dəfə Ali Məhkəmənin 12 fevral 1996-cı il tarixli qərarı ilə müəyyən olunarkən bitib. Buna görə, Hökumət bildirdi ki, Apellyasiya Məhkəməsində işə baxılarkən ərizəçi ibtidai həbsdə olmamış, lakin Konvensiyanın 5-cı maddəsinin 1 (a) bəndinin mənasına görə, səlahiyyətli məhkəmə tərəfindən məhkum edildikdən sonra özünün cəzasını çəkirdi. Müvafiq olaraq, apellyasiya baxışı zamanı həbsin davamiyyəti ilə bağlı hər hansı məsələ ortaya çıxmır.
Ərizəçi iddia etdi ki, o, Konvensiyanın 5-ci maddəsinin 1 və 3-cü bəndlərinə zidd olaraq ibtidai həbsdə qanunsuz saxlanılırdı. Ərizəçi bildirdi ki, 24 yanvar 2002-ci ildə Apellyasiya Məhkəməsi Baş Prokurorun protestini təmin edərkən, Ali Məhkəmənin 12 fevral 1996-cı il tarixli qərarının hüquqi qüvvəsi “dayandırılıb” və ərizəçi təsirləndirilən şəxs statusunu “yenidən əldə edib”. Bu mənada, o, CPM-in apellyasiya şikayətinin verilməsinin birinci instansiya məhkəməsinin hökmünün “qüvvəyə minməsinin dayandırılmasını” nəzərdə tutan 389.1-ci maddəsinə istinad edib. Göstərilənləri nəzərə alaraq, ərizəçi belə nəticəyə gəldi ki, apellyasiya baxışının başlanılması anından o, məhkum kimi öz cəzasını artıq çəkmirdi və ibtidai həbsin müddəti yenidən başlanılmışdır.
Ərizəçi daha sonra qeyd etdi ki, Apellyasiya Məhkəməsində araşdırmalar 24 yanvar 2002-ci ildə başlanılıb və 10 iyul 2003-cü ildə bitib. CPM-in 158.5-ci maddəsi ilə birinci və apellyasiya instansiyası məhkəmələrində araşdırmalar zamanı təqsirləndirilən şəxsin həbsin ümumi müddətinin doqquz aydan artıq olmamasının tələb edilməsini nəzərə alaraq, onun qanuni ibtidai həbsinin müddəti 24 oktyabr 2002-ci ildə bitməli olub. Bu səbəbdən, ərizəçiyə görə, o, 24 oktyabr 2002-ci ildən 10 iyul 2003-cü ilədək qanunsuz olaraq həbsdə saxlanılıb.
Məhkəmə xatırladır ki, ibtidai həbsin davamiyyətinin müəyyən olunmasında nəzərə alınmalı olan müddət təqsirləndirilən şəxsin tutulduğu gündə başlayır və birinci instansiya məhkəməsi tərəfindən olsa belə, ittihamın həll olunduğu gün bitir (bax, digər mənbələr arasında, Kalaşnikov Rusiyaya qarşı, № 47095/99, § 110, İHAM 2002-VI; Vemhof Almaniyaya qarşı, 27 iyun 1968-ci il tarixli Qərar, A Seriyaları, № 7, § 9; və Müller Fransaya qarşı, 17 mart 1997-ci il tarixli Qərar, Qərar və Qərardadların Hesabatı, 1997-II, § 34). Hazırkı işdə ərizəçinin ibtidai həbsi 12 fevral 1996-cı ildə, yəni birinci instansiya məhkəməsi qismində Ali Məhkəmə tərəfindən onun məhkum edilərək cəzalandırılması günündə bitib. Buna görə, 12 fevral 1996-cı ildən ərizəçi Konvensiyanın 5-ci maddəsinin 1 (a) bəndinin mənasına görə, səlahiyyətli məhkəmə tərəfindən məhkum ediləndən sonra cəzasını çəkirdi.
24 yanvar 2002-ci ildə apellyasiya baxışı başlanarkən, onun tərəfindən ibtidai həbsdə olan təqsirləndirilən şəxs statusunun «yenidən əldə edilməsinə» dair ərizəçinin iddiasına gəldikdə isə, Məhkəmə hesab edir ki, bu dəlil aşağıdakı səbəblərə görə əsassızdır. Yeni CPM-in ərizəçinin istinad etdiyi 158.5 və 389.1-ci maddələri birinci instansiya məhkəməsinin hələ qüvvəyə minmədiyi hökmündən adi prosedur üzrə verilmiş şikayətlərə ümumiyyətlə tətbiq edilən kimi görünür. Lakin Məhkəmə qeyd edir ki, 12 fevral 2002-ci ildə ərizəçinin məhkum edilməsi vaxtında əvvəlki CPM ilə şikayət etmək hüququ ona verilməyib və hökm çıxarıldığı vaxtdan qüvvəyə minib. Buna görə, ərizəçinin işi üzrə qərar res cudicata olub və yalnız 2000-ci ildə yeni keçid vasitənin təqdim edilməsi ilə ona yeni CPM əsasında bu hökmdən şikayət vermək hüququ verilib (bax, mutatis mutandis, Pristavska Ukraynaya qarşı (qərardad), № 21287/02, İHAM 2002-X). Lakin yalnız keçid vasitəyə müvafiq olaraq, belə apellyasiya baxışının başlanılması faktı ərizəçinin məhkum statusunu təqsirləndirilən şəxsə dəyişməyib, ona görə ki, 12 fevral 1996-cı il tarixli hökm qüvvədə qalıb və bu hökmü ləğv edən və ya işə Apellyasiya Məhkəməsində baxılanadək ayrı yolla ərizəçiyə bəraət verən hər hansı məhkəmə qərarı olmayıb.
Belə olan halda, Məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsində işin araşdırılması zamanı ərizəçi Konvensiyanın 5-ci maddəsinin 1 (a) bəndinin mənasına görə, səlahiyyətli məhkəmə tərəfindən məhkum edildikdən sonra artıq cəzasını çəkirdi və Konvensiyanın 5-ci maddəsinin 1 (c) bəndinin mənası baxımından ibtidai həbsdə deyildi.
Belə nəticə çıxır ki, bu şikayət açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndlərinə əsasən rədd edilməlidir.
2 (b). Ərizəçi, həmçinin Konvensiyanın 5-ci maddəsi ilə birgə Konvensiyanın 14-cü maddəsinə əsasən şikayət edib ki, onun statusunun məhkumdan təqsirləndrilən şəxsə dəyişdirilməsindən və apellyasiya baxışı dövründə onu «ibtidai həbsdən» azad etməkdən daxili hakimiyyət orqanlarının imtinası onun siyasi fikirlərinə görə ayrı-seçkiliyi təşkil edib.
Lakin Konvensiyanın 5-ci maddəsi ilə bağlı yuxarıdakı qənaətini nəzərə alaraq, Məhkəmə hesab edir ki, bu şikayət də açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndlərinə əsasən rədd edilməlidir.
3. Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1 və 3-cü bəndlərinə əsasən bir neçə şikayətlər edib ki, həmin maddə aşağıda ayrıca araşdırılan bu şikayətlərə aid hissədə nəzərdə tutur ki:
«1. Hər kəs, ... ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. ...
2. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.
3. Cinayət törətməkdə ittiham olunan hər kəs ən azı aşağıdakı hüquqlara malikdir:
c) şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək;
d) onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlər çağırmaq və dindirməyə nail olmaq; ...»
(a). Konvensiyanın 6-cı maddəsinin 1 və 3 (d) bəndlərinə istinadən ərizəçi şikayət etdi ki, apellyasiya araşdırmaları zamanı onun ədalətli və açıq məhkəmə araşdırılması hüququ məhdudlaşdırılıb, o, onun xeyrinə ifadə verməyə hazır olan şahidləri dindirə bilməyib və məhkəmə ittihamın xeyrinə qərəzli olub, eləcə də hər hansı əsaslandırma gətirmədən onun vəsatətlərinin əksəriyyətini rədd edib.
Hökumət bildirdi ki, yalnız apellyasiya baxışının həbsxanada keçirilməsi faktı araşdırmaların açıq olmamasına dair qənaətə gətirib çıxarmamalıdır. Onlar iddia etdi ki, ictimaiyyət və media iclasın yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılıb. Həbsxanada ictimai müşahidəçilər üçün kifayət qədər yerə malik olan geniş məhkəmə zalı olub. Məhkəmə araşdırılmasında iştirak etmək istəyən hər hansı şəxs sədrlik edən hakimə müraciət edə bilər, sonuncu isə öz növbəsində, bu şəxsin həbsxanaya buraxılmasına icazənin verilməsi məqsədilə həbsxana orqanlarına müraciət edirdi. Hökumətə görə, Qobustan həbsxanası Bakıdan 45 kilometr məsafədə yerləşib. Məhkəmə araşdırılmasında ictimaiyyətin iştirakının yüngülləşdirilməsi üçün Ədliyyə Nazirliyi Bakıdan Qobustan həbsxanasına mütəmadi avtobus xidmətini təşkil edib.
Daha sonra Hökumət bildirdi ki, Apellyasiya Məhkəməsi həqiqətin müəyyənləşdirilməsi üçün zəruri olan bütün şahidləri dindirib. Ümumilikdə, məhkəmə araşdırılması zamanı müdafiə tərəfin xahişi ilə dindirilən on nəfər daxil olmaqla, 62 nəfər dindirilib. Əlavə olaraq, əvvəlki məhkəmə araşdırılması zamanı dindirilmiş altı şahidlərin yazılı ifadələri müdafiə tərəfinin xahişi ilə Apellyasiya Məhkəməsində araşdırma zamanı oxunub.
Ərizəçi təsdiq edib ki, bir neçə iclasda onun ailə üzvləri, eləcə də kütləvi informasiya vasitələrinin, qeyri-hökumət və başqa təşkilatların nümayəndələri iştirak ediblər. Lakin Hökumətin əksinə olaraq, ərizəçi bildirdi ki, Ədliyyə Nazirliyi tərəfindən təşkil olunmuş mütəmadi avtobus olmayıb. Onun ailəsi öz maliyyə vasitələrindən istifadə edərək məhkəmə araşdırılmasında iştirak etmək istiəyənlər üçün Bakıdan Qobustana avtobus kirayələyib. Maliyyə çətinliklərinə görə, bu, daimi olaraq mümkün olmayıb. Ərizəçiyə görə, Qobustan həbsxanası Bakıdan Hökumətin bildirdiyi kimi 45 deyil, 75 kilometr məsafədə yerləşib.
Bundan başqa, ərizəçi mübahisələndirdi ki, müəyyən hallarda sədrlik edən iclasda iştirak etmək istəyən müəyyən şəxslərə həbsxanaya daxil olmaq icazəsini verməyib. Məhkəmə zalında yerlərin çoxu hüquqmühafizə orqanlarının əməkdaşları tərəfindən tutulmuşdur və nəticədə, kənar müşahidəçilərin məhdud sayı iştirak etmək imkanında olub. Daxil olmaq icazəsini alanlar isə bilərəkdən qorxuducu tərzdə ciddi şəxsi axtarışa məruz qalırdı və bunun məqsədi insanları məhkəmə iclasına gəlməkdən çəkindirmək olub. Müdafiə tərəfin vəkilinin bir çox müraciətlərinə baxmayaraq, məhkəmə araşdırmasının bütün audio və video yazılması qadağan edilib və iddia edilir ki, bu, hər hansı prosessual pozuntuların qeydə alınmamış qalması üçün edilib. Nəticədə, protokollar adətən nöqsanlı olub və ərizəçinin xeyrinə olan fakt və ifadələr qəsdən buraxılıb.
Ərizəçi daha sonra bildirdi ki, məhkəmə tərəfindən dinlənilən şahidlərin əksəriyyəti ittihamın şahidləri olub. Məhkəmə zalında oxunan ifadələrin mötəbərliliyini və düzgünlüyünü mübahisələndirmək imkanı müdafiə tərəfinə verilməyib. Bundan başqa, dindirilmək üçün onların çağırılmasına dair müdafiə tərəfinin təkrar və əsaslı müraciətlərinə baxmayaraq, müdafiə üçün həlledici əhəmiyyət kəsb edən şahidlər dinlənilməyib. Eləcə də, müdafiə vəkilinin məhkəmənin qərəzsizliyini mübahisələndirən, yeni sübutların qəbul edilməsini xahiş edən və s. vəsatətləri qısa və ya ümumiyyətlə, əsaslandırma olmadan rədd edilib.
Məhkəmə tərəflərin dəlilləri baxımından hesab edir ki, şikayət, müəyyənləşdirilməsi işin mahiyyətinin araşdırılmasını tələb edən Konvensiyaya əsasən fakt və hüquqla bağlı olan mühüm məsələləri qaldırır. Buna görə, Məhkəmə belə nəticəyə gəlir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənası baxımından açıq-aşkar əsassız deyildir. Onun qeyri-məqbul hesab edilməsi üçün hər hansı başqa əsas müəyyən olunmayıb.
(b). Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən ərizəçi şikayət etdi ki, işinə Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin «Hərbi Məhkəmələr üzrə Kollegiyasında» baxıldığına görə, onun «müstəqil və qərəzsiz məhkəmə» vasitəsilə ədalətli məhkəmə araşdırılması hüququ pozulub.
Hökumət bildirdi ki, nə Apellyasiya Məhkəməsi, nə də Ali Məhkəmə hərbi tribunal kimi qiymətləndirilə bilər və bu məhkəmələrin kollegiyalarında işləyən bütün hakimlər mülki şəxslər olublar.
Ərizəçi Hökumətin bu dəlilinə cavabında xüsusi olaraq nə isə ünvanlamadı. Lakin öz şikayətinə əlavə dəlil kimi ərizəçi Avropa Şurasının Parlament Assambleyasının Monitorinq Komitəsinin və ABŞ-ın Dövlət Departamentinin hesabatlarından, ümumilikdə Azərbaycanın məhkəmə sisteminin müstəqilliyinə mənfi təsir göstərə bilən hakimlərin təyin edilməsinə dair mövcud olan prosedura aid tənqidi fikirləri əks etdirən qısa məlumatı nəzərdə tutan sitatlar gətirib. Bundan başqa, ərizəçinin fikrinə görə, məhkəmələrin qərəzliliyi həm də o faktda ifadə edilib ki, müdafiə vəkilinin vəsatət və başqa prosessual hərəkətləri sədrlik edən apellyasiya hakimi tərəfindən bir qayda olaraq rədd edilirdi.
İlk əvvəl, 9852/03 saylı şikayətin məqbuliyyətinə dair 11 sentyabr 2003-cü il tarixli hissəvi qərardadı nəzərə alaraq, Məhkəmə qeyd edir ki, 12 fevral 1996-cı il tarixli hökmü çıxarmış birinci instansiya məhkəməsinin müstəqilliyi və qərəzsizliyi məsələsi hazırkı şikayətin dairəsindən kənardadır.
Apellyasiya və kassasiya məhkəmələrinin hərbi tribunallar olmasına dair dəlilə gəldikdə isə, Məhkəmə xatırladır ki, hissəvi olsa da, silahlı qüvvələrin üzvlərindən ibarət olan, məhkəmə tərəfindən mühakimə edilən mülki şəxs belə məhkəmənin müstəqil və ya qərəzsiz olmaması barədə düşünməyə qanuni əsasa malikdir və işin mahiyyətinə aid olmayan qənaətlərin həddən artıq təsiri altına düşə bilər (bax, İnkal Türkiyəyə qarşı, 09 iyun 1998-ci il tarixli Qərar, Hesabatlar, 1998-IV, §§ 71-72). Məhkəmə qeyd edir ki, ərizəçinin işi üzrə apellyasiya və kassasiya araşdırmaları Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin “Hərbi Məhkəmələrin İşləri üzrə Kollegiyaları” tərəfindən həyata keçirilib. Lakin bu adın məhkəmə kollegiyasının tərkibi ilə bağlı müəyyən yanılmaya aparan kimi olmasını güman etsək belə, kollegiyanın adında sadəcə olaraq “hərbi” sözünün olması işin hərbi məhkəmə tərəfindən baxılmasına dair qənaətə gətirib çıxara bilməz. Bu yalnız o faktı göstərir ki, həmin məhkəmə kollegiyaları birinci instansiya hərbi məhkəmələrindən şikayətlərə baxmaq səlahiyyətlidir. Azərbaycan qanunvericiliyinə görə, həm Apellyasiya Məhkəməsi, həm də Ali Məhkəmə yalnız mülki şəxslərdən ibarət olan qeyri-hərbi məhkəmələrdir. Xüsusən, “Məhkəmələr və hakimlər haqqında” 10 iyun 1997-ci il tarixli Qanunun 92, 103 və 104-cü maddələrinə əsasən, silahlı qüvvələrdə xidmət çəkən hər hansı üzvü Azərbaycan məhkəmə sisteminin hər hansı məhkəməsində hakim işləyə bilməz. Buna görə, hərbi tribunallar tərəfindən mühakimə edilməsinə dair ərizəçinin dəlili əsassızdır.
Ərizəçinin başqa dəlillərinə gəldikdə isə, Məhkəmə hesab edir ki, Azərbaycanın məhkəmə sistemində müəyyən problemlər barədə ümumi tənqidi fikirlərin xüsusi olaraq onun işi üzrə məhkəmələrin müstəqilliyinə və qərəzsizliyinə hansı yolla aid olmasını ərizəçi göstərə bilməyib. Eynilə, apellyasiya baxışı zamanı sədrlik edən hakim tərəfindən onun vəsatətlərinin əksəriyyətinin rədd edilməsi faktı məhkəmnin müstəqil və qərəzsiz olmamasına dair qənaətə gəlmək üçün kifayət deyildir.
Buna görə, Məhkəmə hesab edir ki, bu şikayət də açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndlərinə əsasən rədd edilməlidir.
(c). Ərizəçi daha sonra şikayət etdi ki, onun işi üzrə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin «ağlabatan müddət» tələbinə riayət edilməyib. Xüsusən, əsassız fəaliyyətsizliyin bir neçə uzun fasilələri daxil olmaqla, apellyasiya araşdırmaları bir il altı ay davam etdiyinə görə ağlabatan kimi qiymətləndirilməli olan müddəti aşıb.
Hökumət bildirdi ki, araşdırmaların davamiyyəti işin mürəkkəbliyi ilə bağlıdır. Məhkəmə araşdırmaları zamanı apellyasiya məhkəməsi tərəfindən ümumilikdə 62 şahid dindirilib. Təxminən altı ay müdafiə vəkillərinin işin materialları ilə tanış olmasına və hər iki tərəfin yekun çıxışlarının hazırlanmasına sərf olunub.
Ərizəçi iddia etdi ki, iş üzrə araşdırmalar zamanı Dövlətə aid ola bilən lüzumsuz və əsassız gecikmələr olub. Birinci gecikmə apellyasiya araşdırmalarının başladığı vaxt 24 yanvar 2002-ci ildən, ilk iclasın 14 may 2002-ci ildə keçirilməsi arasında olub. 14 may 2002-ci ildən 08 iyul 2002-ci ilədək olan ikinci gecikdirmədən nümayəndəsi kimi çıxış etmək üçün ərizəçinin seçimi üzrə yeni vəkilin tez bir zamanda qəbul edilməsi ilə qaçıla bilərdi. Üçüncü gecikdirmə 09 dekabr 2002-ci ildən 15 aprel 2003-cü ilədək olub. Bu müddətin yekun çıxışlar üçün hazırlığa aid olmasına baxmayaraq, ərizəçi hesab etdi ki, bunun üçün ayrılan müddət həddən artıq olub. Nəhayət, 15 may 2003-cü ildə müdafiə tərəfinin yekun çıxışından sonra 10 iyul 2003-cü ildə qərarın çıxarılması iki ay davam edib.
Məhkəmə xatırladır ki, məhkəmə araşdırmalarının davamiyyəti hər bir işin halları baxımından qiymətləndirilməlidir və xüsusilə, aşağıdakı meyarlar nəzərə alınmalıdır: işin mürəkkəbliyi, ərizəçinin və səlahiyyətli hakimiyyət orqanlarının davranışı (bax, Kemaş Fransaya qarşı (№ 1 və № 2), 27 noyabr 1991-ci il tarixli qərar, A Seriyaları, № 218, § 60).
Bu işin hallarını nəzərə alaraq, Məhkəmə hesab edir ki, nəzərə alınmalı olan müddət şikayət vermək barədə vəsatətin Apellyasiya Məhkəməsi tərəfindən təmin edildiyi vaxt, yəni 24 yanvar 2002-ci ildə başlayıb və Ali Məhkəmənin yekun qərarının çıxarıldığı 05 fevral 2004-cü il tarixdə bitib.
15 aprel 2002-ci ilədək, yəni Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi tarixədək olan dövr Məhkəmənin ratione temporis səlahiyyətindən kənara çıxır. Bundan başqa, Məhkəmə qeyd edir ki, ümumilikdə, məhkəmə araşdırmaları ərizəçinin işinin mahiyyəti üzrə iki instansiyada baxılması ilə iki ildən bir az artıq davam edib. Belə olan halda, Məhkəmə bu məhkəmə araşdırmalarının ümumi davamiyyətinin Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin mənasına görə ağlabatan müddəti aşmasına dair qənaətə gələ bilməz (bax, Piar Niderlanda qarşı (qərardad), № 37342/97, 29 fevral 2000-ci il).
Əlavə olaraq, ərizəçinin qeyd etdiyi az əhəmiyyətli gecikmələrin Dövlətin xeyrinə olmasını güman etsək belə, Məhkəmə hesab edir ki, nəticə etibarilə və məhkəmə araşdırmalarının ümumi davamiyyətini nəzərə alaraq, belə gecikmənin hər biri özlüyündə məhkəmə araşdırmalarının Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin mənasına görə ağlabatan müddəti aşmasına dair qənaətə gəlmək üçün kifayət deyildir (bax, Qibs Niderlanda qarşı (qərardad), № 38089/97, 31 avqust 1999-cu il).
Belə nəticəyə gəlinir ki, bu şikayət də açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndlərinə əsasən rədd edilməlidir.
(d). Konvensiyanın 6-cı maddəsinin 1 və 3-cü bəndlərinə əsasən ərizəçi şikayət etdi ki, əvvəlki vəkilinin xidmətindən imtina etməsinin Apellyasiya Məhkəməsi tərəfindən nəzərə alınmamasına və bu vəkilin iştirakı ilə bir neçə iclasın keçirildiyinə görə, öz seçimi ilə hüquqi yardım ala bilməyib.
Hökumt bildirdi ki, ərizəçi bu şikayəti xüsusi olaraq Ali Məhkəməyə kassasiya şikayətində qaldırmadığı üçün o, daxili vasitələri tükətməyib.
Ərizçi iddia etdi ki, öz kassasiya şikayətində o, CPM-in müdafiə tərəfin vəkilinin fəaliyyətini tənzimələyən normalarına açıq-aydın istinad edib. Hər bir halda, o qeyd etdi ki, yalnız Apellyasiya Məhkəməsinin yekun qərarından sonra Ali Məhkəməyə şikayətin verilməsi Apellyasiya Məhkəməsində ibtidai iclaslar zamanı yol verilmiş prosessual pozuntulara aid «bərpa etmənin təmin edilməsinə malik deyildir».
Məhkəmə xatırladır ki, Konvensiyanın 35-ci maddəsi adi qaydada tələb edir ki, sonradan Strasburqa veriləcək şikayətlər, heç olmasa mahiyyət üzrə və daxili qanunvericilikdə təsbit edilmiş formal tələblərə və müddət məhdudiyyətlərinə uyğun olaraq daxili məhkəmələrə verilməlidir (bax, Kardo Fransaya qarşı, 19 mart 1991-ci il tarixli Qərar, A Seriyaları, № 200, § 34). Məhkəmə qeyd edir ki, ərizəçi kassasiya şikayətində həqiqətən CPM-in müdafiə tərəfin vəkilinin fəaliyyətini tənzimləyən 92.9.8-ci maddəsinə istinad edib. Bununla belə, bu istinad ərizəçinin ikinci vəkilinin prosessual hüquqlarının iddia edilən pozuntuları ilə birgə edilib. Lakin ərizəçi mübahisəli ibtidai iclas zamanı arzu edilən olmayan vəkilin iştirakı ilə bağlı mahiyyət etibarilə xüsusi olaraq şikayət etməyib. Bununla yanaşı, o, CPM-in müdafiəçi tərəfindən xidmətlərindən imtina edilən vəkilin kənarlaşdırılması prosedurunu müəyyən edən 114-cü maddəsinə də formal istinadı etməyib.
Ali Məhkəmənin onun hüquqlarını bərpa etmək imkanında olmadığına dair ərizəçinin dəlilinə gəldikdə isə, Məhkəmə qeyd edir ki, CPM-in 416 və 419-cu maddələrinə müvafiq olaraq, Ali Məhkəmə Apellyasiya Məhkəməsi tərəfindən vəkilin iclasda iştirakına aid prosessual pozunutuya yol verilməsini aşkar etdikdə, Apellyasiya Məhkəməsinin qərarını ləğv etmək və işi yenidən araşdırmaya göndərmək səlahiyyətinə malikdir. Müvafiq olaraq, sözügedən vasitə iddia olunan pozuntulara aid bərpa etməni təmin etmək imkanında olub.
Belə nəticəyə gəlinir ki, bu şikayət də açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndlərinə əsasən rədd edilməlidir.
4. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən ərizəçi, həmçinin şikayət edib ki, Apellyasiya Məhkəməsi yekun qərar çıxarmazdan əvvəl onu məhkum kimi hesab etdiyindən və onu cinayətkar və separatist kimi qələmə verən dövlət televiziyasının verilişlərinin qarşısını almadığından, apellyasiya araşdırılması zamanı onun təqsirsizlik prezumpsiyası pozulub.
Hökumət bildirdi ki, ərizəçi həmin şikayəti Ali Məhkəmə qarşısında qaldırmadığına görə o, daxili vasitələri tükəndirməyib.
Ərizəçi iddia etdi ki, müvafiq vəsatətləri Apellyasiya Məhkəməsinə verdiyindən, o, daxili vasitələri tükəndirib.
Məhkəmə qeyd edir ki, daxili qanunvericiliyə görə, Ali Məhkəmə Apellyasiya Məhkəməsi tərəfindən yol verilən prosessual pozuntuları həll etmək səlahiyyətinə malikdir. Lakin Məhkəməyə verildiyi kimi, təqsirsizlik prezumpsiyasının iddia olunan pozuntusuna aid şikayət mahiyyəti üzrə ərizəçi tərəfindən onun kassasiya şikayətində Ali Məhkəmə qarşısında qaldırılmayıb və mahiyyət etibarilə, ilk dəfə hazırkı şikayətdə qaldırılıb.
Belə nəticəyə gəlinir ki, bu şikayət də açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndlərinə əsasən rədd edilməlidir.
5. Konvensiyanın 6-cı maddəsi ilə birgə Konvensiyanın 13-cü maddəsinə əsasən ərizəçi şikayət etdi ki, daxili məhkəmələr ittihamın xeyrinə çox qərəzli olduğu və ümumiyyətlə, pozulmuş insan hüquqlarının bərpası üçün yararlı olmadığına görə, onun işi üzrə daxili vasitələr səmərəsiz olub. Konvensiyanın 13-cü maddəsi aşağıdakıları nəzərdə tutur:
«Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələri hüququna malikdir.»
Məhkəmə hesab edir ki, bu şikayət əsassızdır. Ərizəçiyə onun işinin daxili məhkəmələr tərəfindən araşdırılması imkanı verilib və əslində, belə də olub. Yalnız araşdırmaların onun xeyrinə nəticələnməməsi faktı vasitənin özünün səmərəsiz olmasına dair qənaətə gəlməyə əsas vermir. Daxili məhkəmələrdə araşdırma zamanı iddia edilən səhvlərə gəldikdə isə, Konvensiyanın 6-cı maddəsi üzrə ərizəçinin şikayəti ilə bağlı onlar kifayət qədər təfsilatlı açıqlanıb və Konvensiyanın 13-cü maddəsi üzrə ayrıca araşdırma tələb edilmir.
Belə nəticəyə gəlinir ki, bu şikayət də açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndlərinə əsasən rədd edilməlidir.
6. Ərizəçi Konvensiyanın 6-cı maddəsi ilə birgə Konvensiyanın 14-cü maddəsinə əsasən daha sonra şikayət etdi ki, onun ilkin həbsindən başlayaraq və bütün apellyasiya və kassasiya araşdırmaları zamanı o, siyasi fikir və etnik mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalıb. Konvensiyanın 14-cü maddəsi aşağıdakıları nəzərdə tutur:
«Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər status kimi hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır.»
Hökumət bildirdi ki, ərizəçi həmin şikayəti daxili məhkəmələr qarşısında qaldırmadığına görə o, daxili vasitələri tükəndirməyib. Bundan başqa, Hökumət vurğuladı ki, ərizəçi dövlət hakimiyyətinin mənimsənilməsi, qanunsuz hərbi birləşmələrin yaradılması, vətənə xəyanət və s. kimi ümumi xarakterli cinayətlərə görə məhkum edilib. Onun etnik mənsubiyyəti və ya siyasi fikirləri məhkəmə araşdırmalarının nəticəsinə aid deyildir.
Ərizəçi Hökumtin izahatlarına hər hansı məzmunlu təfsilatlı cavab vermədən öz şikayətini təkrarladı.
Ərizəçi tərəfindən daxili vasitələrin tükəndirilməsini güman etsək belə, Məhkəmə hesab edir ki, işin materiallarında ayrı-seçkiliyə dair kifayətedici sübutlar mövcud deyildir. Məhkəmə qeyd edir ki, ərizəçi barəsində cinayət araşdırmaları formal olaraq siyasi və ya etnik səbəblərə əsaslanmayıb. «Talış-Muğan Muxtar Respulikasını» yaratmaqla bağlı cəhdləri zamanı siyasi və etnik səbəblərin ərizəçi tərəfindən qeyd edilməsinə baxmayaraq, o, formal olaraq milliyətçi fikirlərinə görə deyil, yalnız ümumi xarakterli cinayətlərə görə məhkum edilib. Daxili qanunvericiliyə görə, törədilməsi üçün ərizəçinin məhkum edildiyi cinayətlər təqsirli şəxsin siyasi fikirlərindən və ya etnik mənsubiyətindən asılı olmadan bərabər şəkildə mühakimə edilməli və cəzalandırılmalıdır. Məhkəmələrin hansısa yolla məlumatlı şəkildə etnik və ya siyasi mövqelərin təsiri altına düşmələrinə dair ərizəçinin dəlillərinə baxmayaraq, Məhkəmə bunu təsdiq edən kifayətedici sübutlarla təmin edilməyib. Xüsusən, ərizəçinin başqa etnik qrupa mənsub olduğu halda, onun daha müsbət rəftara məruz qalmasını göstərən hər hansı sübut mövcud deyildir.
Belə nəticəyə gəlinir ki, bu şikayət də açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndlərinə əsasən rədd edilməlidir.
7. Konvensiyanın 7-ci maddəsinə əsasən ərizəçi şikayət etdi ki, 1998-ci ildə ölüm cəzasının ömürlük azadlıqdan məhrum etmə ilə əvəzlənməsi tərzi, yəni məhkəmə qərarı yerinə, parlament aktı ilə əvəz etmə qanunsuz olub. Konvensiyanın 7-ci maddəsi aşağıdakıları nəzərdə tutur:
«1. Heç kəs törədildiyi zaman milli və ya beynəlxalq hüquqa görə cinayət sayılmayan hər hansı hərəkət və ya hərəkətsizliyə görə cinayət törətməkdə təqsirli hesab edilə bilməz. Habelə, cinayət əməlinin törədildiyi zaman tətbiq olunandan daha ağır cəza verilə bilməz.
2. Bu maddə törədildiyi zaman sivil ölkələrin tanıdığı əsas hüquq prinsiplərinə müvafiq olaraq cinayət hesab edilən hər hansı hərəkət və ya hərəkətsizlik törətməyə görə istənilən şəxsin mühakimə edilməsinə və ya cəzalandırılmasına mane olmur.»
Şikayətin bu hissəsinin Konvensiyanın 7-ci maddəsinin təsir dairəsinə düşdüyünü güman etsək belə, Məhkəmə hesab edir ki, o, hər bir halda aşağıdakı səbəblərə görə qeyri-məqbuldur. Mübahisəli hadisə, yəni ölüm cəzasının qüvvədə olan parlament aktı ilə əvəzlənməsi 10 fevral 1998-ci ildə baş verib. Məhkəmə hesab edir ki, ərizəçi daxil olmaqla, məhkumların statusunda dərhal dəyişmə nəticəsinə səbəb olduğu üçün bu bir anlıq akt olub. Bu akt 15 aprel 2002-ci ildən, yəni Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi vaxtdan əvvəl olub. Müvafiq olaraq, Məhkəmə hesab edir ki, şikayətin bu hissəsi Məhkəmənin ratione temporis səlahiyyətindən kənara çıxır və Konvensiyanın 35-ci maddəsinin 4-cü maddəsinə əsasən rədd edilməlidir.
İkincisi, həmin müddəaya əsasən ərizəçi şikayət etdi ki, daxili apellyasiya və kassasiya instansiyası məhkəmələri 10 fevral 1998-ci il tarixli Qanunu və yeni Cinayət Məcəlləsini onun zərərinə olaraq geriyə şamil etmişlər, ona görə ki, ömürlük azadlıqdan məhrum etmə cəzası məhkum edilmə zamanı ləğv olunmuş ölüm cəzasına yeganə alternativ cəza olan 15 il azadlıqdan məhrum etmədən daha ağır cəza olub.
Hökumət vurğuladı ki, 70-2-ci maddə daxil olmaqla əvvəlki Cinayət Məcəlləsinin müddəalarına dəyişiklik edən 10 fevral 1998-ci il tarixli Qanun cinayətə görə hər hansı cəzanı təyin etməyə yönəlməyib, lakin əsasən ölüm cəzasını ömürlük azadlıqdan məhrum etmə cəzasına ümumi dəyişdirmə idi. Hökumət daha sonra qeyd etdi ki, daxili qanunvericiliyə görə, cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərin vəziyyətini yaxşılaşdıran hər hansı hüquq norması geriyə şamil olunur. Onlar, həmçinin iddia etdi ki, cinayət cəzasının bərpası qeyri-mümkün forması olan ölüm cəzası ilə müqayisədə ömürlük azadlıqdan məhrum etmə daha yüngül və humanist cəza olub, ona görə ki, o, Konvensiyada və bütün başqa əsas beynəlxalq insan hüquqları vasitələrində təsbit edildiyi kimi şəxsin yaşamaq hüququnu təmin edir. Beləliklə, Hökumət hesab etdi ki, ərizəçinin şikayəti açıq-aşkar əsassızdır, ona görə ki, ərizəçiyə cinayətin törədildiyi zaman tətbiq edilməli olan cəzadan daha ağır cəza təyin edilməyib.
Ərizəçi mübahisələndirdi ki, 10 fevral 1998-ci il tarixli Qanunun onun zərərinə olub-olmamasının qiymətləndirilməsi üçün Hökumətin təklif etdiyi kimi sadəcə olaraq ölüm cəzasının ömürlük azadlıqdan məhrum etməyə nisbətdə ağırlığının müqayisə edilməsi düzgün deyildir. Daha yaxşısı odur ki, əgər ömürlük azadlıqdan məhrum etmə ilə əvəzlənməyərək, ölüm cəzası sadəcə olaraq ləğv edilsəydi, onun cəzası cinayətin törədilməsi vaxtında tətbiq edilən qanuna müvafiq olaraq yeganə alternativ cəza olan 15 il azadlıqdan məhrum etmə ilə əvəzlənərdi. Lakin 10 fevral 1998-ci il tarixli Qanunla ömürlük azadlıqdan məhrum etmə kimi yeni cəza növü qəbul edilməklə və o, avtomatik olaraq ölüm cəzası ilə əvəzlənməklə, hakimiyyət orqanları faktiki olaraq onu öz cəzasını 15 il azadlıqdan məhrum etməyə azaldılması imkanından məhrum edib. Buna görə, 1998-ci ilədək ömürlük azadlıqdan məhrum etmə cəzasının mövcud olmaması səbəbindən, həmin vaxtda tətbiq edilən qanunda daha yüngül cəzanın mövcud olmasını nəzərə alaraq, sözügedən cəza ərizəçiyə aid geriyə şamil edilə bilməzdi.
İlk əvvəl, Məhkəmə qeyd edir ki, ərizəçinin işi üzrə ömürlük azadlıqdan məhrum etməyə dair yeni cəzanın tətbiq edilməsi məsələsi apellyasiya və kassasiya araşdırmaları 05 fevral 2004-cü ildə bitən zaman xüsusi olaraq araşdırılmışdır. Başqa sözlə, ərizəçinin cəzasının əvəzlənməsini təsdiq edən yekun qərar Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi vaxtdan sonra çıxarılıb. Belə nəticəyə gəlinir ki, şikayətin bu hissəsi Məhkəmənin ratione temporis səlahiyyəti daxilindədir.
Məhkəmənin presedent hüququna müvafiq olaraq, Konvensiyanın 7-ci maddəsi, ümumiyyətlə, təmin edir ki, yalnız qanun cinayəti müəyyən edə və cəzanı nəzərdə tuta bilər (nullum crimen, nulla poena sine lege), məhkumun zərərinə olduqda, cinayət qanununun geriyə şamil olunmasını qadağan edir (bax Eçer və Zeyrek Türkiyəyə qarşı, № 29295/95 və 29363/95, § 30, İHAM 2001-II). Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən cinayətin törədilməsi zamanı tətbiq edilən cəzadan daha ağır cəzanın ona təyin edilməsinin iddia edildyini nəzərə alaraq, nullum crimen, nulla poena sine lege prinsipi bu işə yeganə müvafiq olan yanaşmadır.
Məhkəmə, həmçinin qeyd edir ki, yeni cəzanın geriyə şamil edilməsi bu iş üzrə mübahisəsizdir. Buna görə, müəyyən edilməli olan yeganə məsələ ömürlük azadlıqdan məhrum etməyə dair yeni cəzanın ərizəçiyə ilkin olaraq təyin edilmiş ölüm cəzası və ya cinayətin törədilməsi zamanı tətbiq edilən 15 il azadlıqdan məhrum etmə cəzası ilə müqayisə olunmasından ibarətdir.
Məhkəmə qeyd edir ki, törədilmiş cinayətin ağırlığı nəzərə alınaraq, əvvəlki Cinayət Məcəlləsinin 70-2 və 70-3-cü maddələrinə əsasən, ərizəçi ölümlə cəzalandırılmışdır. Aydındır ki, bu cəza qanunla nəzərdə tutulmuşdur və həmin zaman tətbiq edilən idi. Məhkəməyə görə, həmin vaxt daha yüngül cəzanın mövcud olmasına dair ərizəçinin dəlili hipotetikdir və Konvensiyanın 7-ci maddəsinin məqsədlərinə uyğun deyildir, ona görə ki, 15 il azadlıqdan məhrum etməyə dair bu alternativ cəza daxili məhkəmələr tərəfindən ərizəçiyə heç zaman təyin edilməyib. Ərizəçi barəsində ilkin məhkəmə araşdırılması zamanı ona cəza təyin edən daxili məhkəmə cinayətin ağırlığına görə qanunla müəyyən olunmuş iki alternativ cəza arasında seçim aparmaq səlahiyyətinə malik olub və bu məhkəmə ölüm cəzasını seçdi. Bu şikayətin məqsədləri üçün Məhkəmə bu cəzanın həmin vaxtda müvafiq olub-olmaması məsələsi ilə maraqlanmır, ona görə ki, ərizəçinin cinayət məsuliyətinin və cinayətin ağırlığının müəyyən edilməsi və ya müvafiq cəzanın qiymətləndirilməsi Məhkəmənin vəzifəsi deyildir (bax, mutatis mutandis, Xan Birləşmiş Krallığa qarşı, № 35394/97, § 34, İHAM 2000-V; və Strelets, Kesler və Krenz Almaniyaya qarşı (Böyük Palata), № 34044/96 və 44801/98, § 51, İHAM 2001-II).
Həmçinin, sonrakı apellyasiya və kassasiya araşdırmalarının yekununda 05 fevral 2004-cü ildə ərizəçinin cinayəti 2000-ci il tarixli yeni Cinayət Məcəlləsinin 279.3-cü maddəsinə yenidən tövsif edilib və o, bu hüquq normasına müvafiq olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Ömürlük azadlıqdan məhrum etmə cəzasının ölüm cəzasından daha ağır cəza olmamasını tərəflər mübahisələndirmirlər. Müvafiq olaraq, Məhkəmə ərizəçinin üzərinə cinayətin törədildiyi vaxtda tətbiq edilən cəzadan daha ağır cəzanın təyin edilməsinə dair qənaətə gələ bilmir.
Bundan başqa, hər bir halda, ərizəçi onun xahiş etdiyi 15 ildən az olmaqla həbsxanada ümumilikdə 11 ildən artıq keçirməyərək, 05 sentyabr 2004-cü ildə həbsdən azad edilib.
Belə nəticəyə gəlinir ki, bu şikayət də açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndlərinə əsasən rədd edilməlidir.
Bu səbəblərə görə, Məhkəmə yekdilliklə,
Həbsxanada tibbi müalicənin göstərilməməsinə dair şikayətlə bağlı daxili vasitələrin tükənib-tükənməməsi haqqında məsələnin mahiyyətlə birləşdirilməsini qərara alır;
Mahiyyət üzrə qərar çıxarmadan, həbsxanada tibbi müalicənin göstərilməməsinə (şikayət № 1 (a)), tibbi müalicənin belə çatışmazlığına qarşı səmərəli daxili vasitənin mövcud olmamasına (şikayət « 1 (b)) və ədalətli məhkəmə araşdırılmasına (şikayət № 3 (a)) dair ərizəçinin şikayətlərini məqbul elan edir;
Şikayətin qalan hissəsini qeyri-məqbul elan edir.
Soren NilsenXristos Rozakis
Katib Sədr
Full & Egal Universal Law Academy