İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
QƏRARDAD
38062/11 nömrəli şikayət
Elçin HÜSEYNOV (Elchin HUSEYNOV)
Azərbaycana qarşı
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Komitəsi (Birinci Bölmə)
Sədr Culiya Lafranq (Julia Laffranque),
Hakimlər
Xanlar Hacıyev (Khanlar Hajiyev),
Dmitriy Dedov (Dmitry Dedov)
və katibin müavini Andre Vampak (André Wampach) ibarət tərkibdə
2011-ci il mayın 20-də təqdim edilmiş ərizə ilə əlaqədar 2013-cü il sentyabrın 17-də müşavirə keçirərək və iş üzrə barışıq sazişinin qəbul edilməsi ilə əlaqədar formal razılığı nəzərə alaraq aşağıdakıları qərara almışdır:
PROSEDUR MƏSƏLƏLƏR VƏ FAKTLAR
Ərizəçi Azərbaycan Respublikasının vətəndaşı cənab Elçin Hüseynov 1964-cü ildə anadan olmuş və Bakı şəhərində yaşayır. Ərizəçi Azərbaycanda fəaliyyət göstərən hüquqşünas cənab S.Quliyev tərəfindən təmsil olunmuşdur.
Azərbaycan Hökumətini Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndə cənab Ç.Əsgərov təmsil etmişdir.
Ərizəçi Konvensiyanın 6-cı maddəsi və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi əsasında şikayət edərək iddia etmişdir ki, onun xeyrinə qəbul edilmiş məhkəmə qərarı uzun müddət ərzində icra edilmir və bununla onun mülkiyyət hüququ pozulmuşdur.
2013-cü il mayın 15-də Hökumət barışıq sazişi üzrə təklifi təqdim etmişdir:
“Zülfəli Hüseynov Azərbaycana qarşı (56547/10 nömrəli, 2012-ci il 26 iyun tarixli) işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarını nəzərə alaraq Azərbaycan Respublikasının Hökuməti ərizəçiyə 15.000 avro (on beş min avro) məbləğində vəsaiti ödəməyə hazırdır. Bu məbləğ maddi və mənəvi zərərə, həmçinin məhkəmə xərclərinə görə ödənilir və Konvensiyanın 39-cu maddəsinə uyğun olaraq Məhkəmə tərəfindən qəbul edilmiş qərardad barədə müvafiq bildirişin alınmasından sonra üç ay müddətində ödənilməlidir. Bu ödəmə ilə iş tam həll olunmuş kimi hesab edilir. Həmin məbləğin göstərilən üç ay müddətində ödənilməməsinə görə Hökumət ödənilməsi gecikdirilən məbləğə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının illik son faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini məqbul hesab edir.
Bununla Hökumətin üzərində ərizəçinin xeyrinə qəbul edilmiş məhkəmə qərarını icra etmək kimi öhdəlik saxlanılır.
Bununla Hökumət hazırkı işdə Avropa Konvensiyasının pozulduğunu boynuna götürmək öhdəliyi daşımır.
Bundan sonra Hökumət bəyan edir ki, Konvensiyanın 43-cü maddəsinin 1-ci bəndinə əsasən işin Böyük Palataya təqdim edilməsini xahiş etməyəcək.”
2013-cü il iyunun 3-də ərizəçi Hökumətin təklifinin qəbul edilməsi barədə bəyanat təqdim etmişdir.
HÜQUQİ MƏSƏLƏLƏR
Məhkəmə tərəflər arasında barışığın əldə olunmasını nəzərə alır. Məhkəmə kifayətlənir ki, əldə olunmuş barışıq Konvensiya və onun Protokollarında təsbit edilmiş hüquqlara hörmət edilməsi prinsipinə uyğundur və bununla ərizənin araşdırılmasının davam etdirilməsinə heç bir əsas qalmır.
Nəticədə, həmin iş baxılan işlərin siyahısından çıxarılmalıdır.
Həmin səbəblərə görə Məhkəmə yekdilliklə
Ərizənin baxılan işlərin siyahısından çıxarılmasını qət edir.
Andre VampakCuliya Lafranq
Katibin müaviniSədr
Full & Egal Universal Law Academy