İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
QƏRARDAD
(62343/09 nömrəli ərizə)
SÜDABƏ CABBAROVA AZƏRBAYCANA QARŞI
və digər dörd ərizə
(əlavə edilmiş siyahıya baxın)
2013-cü il sentyabrın 17-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) Komitə qismində,
Sədr – Julia Laffranq,
Hakimlər -
Xanlar Hacıyev,
Dmitri Dedov,
və Bölmə katibinin müavini Andre Vampakdan ibarət tərkibdə toplaşaraq,
12 noyabr 2009 və 16 noyabr 2009-cu il tarixlərində təqdim edilmiş yuxarıdakı ərizələrə baxaraq,
qapalı müzakirə keçirərək,
Cavabdeh Hökumət tərəfindən göndərilmiş qeydlərə və cavab olaraq ərizəçi tərəfindən göndərilmiş qeydlərə baxaraq,
Müzakirə apararaq, aşağıdakıları qət etmişdir:
FAKTLAR
1. Ərizəçilər (onların siyahısı aşağıda əlavə edilmişdir) müvafiq olaraq 1962, 1958, 1966, 1964 və 1959-cu illərdə anadan olmuş Azərbaycan vətəndaşlarıdır və Sumqayıt şəhərində yaşayırlar. Onları Məhkəmədə Azərbaycanda fəaliyyət göstərən hüquqşünas cənab R.Mustafazadə təmsil etmişdir.
2. Azərbaycan Hökumətini (“Hökumət”) səlahiyyətli nümayəndəsi Ç.Əsgərov təmsil etmişdir.
A. İŞİN HALLARI
3. Tərəflərin işin halları barədə verdikləri məlumatlar aşağıdakı kimi ümumiləşdirilə bilər.
4. 2009-cu il 5 yanvar tarixində beş ərizəçinin hamısı dövlətə məxsus “Azərkimya” şirkətinə aid olan “Sintezkauçuk” zavodunda işdən azad olunmuşlar. Ərizəçilər ayrı-ayrılıqda məhkəmədə iddia qaldıraraq işə bərpa olunmalarını və məcburi işburaxma dövrünə görə onlara əmək haqqının ödənilməsini tələb etmişlər. Müxtəlif vaxtlarda Sumqayıt şəhər məhkəməsi ərizəçilərin tələblərini təmin etmiş və onların işə bərpası və əmək haqlarının ödənilməsini qət etmişdir (əlavə edilmiş cədvələ baxın). 2009-cu il 17 iyun tarixində Apellyasiya Məhkəməsi cavabdehin şikayətini təmin etməmiş və birinci instansiya məhkəmələrinin qətnamələrini qüvvədə saxlamışdır.
5. “Sintezkauçuk” zavodu kassasiya şikayəti vermiş və Ali Məhkəmə müxtəlif vaxtlarda qərarlar qəbul edərək kassasiya şikayətlərini təmin etməmiş və xanım Dünyamalıyevanın işindən (62385/09 nömrəli ərizə) başqa, digər işlər üzrə 2009-cu il 17 iyun tarixli qətnamələri qüvvədə saxlamışdır. Sonuncunun işi üzrə Ali Məhkəmə 2009-cu il 17 iyun tarixli qətnaməni ləğv edərək işi yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. 2010-cu il fevralın 17-də Sumqayıt Apellyasiya Məhkəməsi yenidən birinci instansiya məhkəməsinin ərizəçinin xeyrinə olan qətnaməsini qüvvədə saxlamışdır. Belə görünür ki, bu qətnamədən kassasiya şikayəti verilməmişdir.
6. 2010-cu il aprelin 15-də “Sintezkauçuk” zavodunun rəhbərliyinin əmri ilə ərizəçilər işlərinə bərpa olunmuş və onların məcburi işburaxma dövrünə görə əmək haqları ödənilmişdir. 2011-ci il 23 iyun tarixində Sumqayıt şəhər məhkəməsi ərizəçilərin işləri üzrə icra proseslərini başa çatdırmışdır.
ŞİKAYƏTLƏR
7. Ərizəçilər Konvensiyanın 6-cı və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edərək xeyirlərinə olan məhkəmə qətnamələrinin uzun müddət ərzində icra edilməməsindən şikayət etmişlər.
HÜQUQİ MƏSƏLƏLƏR
8. Yuxarıdakı ərizələrdə Konvensiya ilə bağlı qaldırılmış məsələlərin oxşar olduğunu nəzərə alaraq Məhkəmə ərizələrə baxılmasını bir icraatda birləşdirmək və onlar üzrə vahid qərar qəbul etmək qərarına gəlmişdir.
9. 2011-ci il 9 may tarixində Məhkəmə ərizəçilərin xeyirlərinə olan məhkəmə qətnamələrinin icra olunmamasına dair şikayətləri mövqeyini bildirmək üçün cavabdeh Hökumətə göndərmişdir.
10. Hökumət bildirmişdir ki, ərizəçilərin xeyirlərinə olan qətnamələr 2010-cu il 15 aprel tarixində tam olaraq icra olunmuşdur. Ərizəçilər işlərinə bərpa olunmuş və məcburi işburaxma dövrünə görə onların əmək haqları ödənilmişdir. Hökumət bildirmişdir ki, qətnamələr Apellyasiya Məhkəməsinin müvafiq qərarlarının qəbul edilməsindən keçən bir ildən az müddət ərzində icra olunduğundan ərizəçilər iddia olunan pozuntulardan zərərçəkmiş şəxslər olduqlarını iddia edə bilməzlər. Buna görə də Hökumət Məhkəmədən ərizələri mümkünsüz elan etməyi xahiş etmişdir.
11. Ərizəçilər qətnamələrin 2010-cu il 15 aprel tarixində icra olunduğunu təsdiq etmişlər. Bununla belə, onlar Məhkəmədən inflyasiya nəticəsində məruz qaldıqları zərərə görə hər birinə 194 avro məbləğində vəsaitin verilməsini xahiş etmişlər.
12. Məhkəmə qeyd edir ki (tərəflər bununla bağlı mübahisə etmirlər), məhkəmə qətnamələri tam şəkildə icra olunmuşdur. O, daha sonra xatırladır ki, qətnamələrin icrasında gecikməyə yol verilməsinə xüsusi hallarda haqq qazandırıla bilər (baxın: “Burdov Rusiyaya qarşı” (Burdov v. Russia, no. 59498/00, § 35, ECHR 2002-III) və “Timofeyev Rusiyaya qarşı” (Timofeyev v. Russia, no. 58263/00, § 37, 23 October 2003)). Hazırkı işdə hər bir məhkəmə qətnaməsi bir ildən az müddətdə icra olunmamışdır və bu müddət həddindən artıq böyük müddət hesab oluna bilməz (baxın: “Qrişenko Rusiyaya qarşı” (Grishchenko v. Russia (dec.), no.75907/01, 8 July 2004) və “Presnyakov Rusiyaya qarşı” (Presnyakov v. Russia (dec.), no. 41145/02, 10 November 2005)).
13. Məhkəmə hazırkı işin hallarını nəzərə alaraq qət edir ki, qətnamələr ağlabatan müddətdə icra olunmuşdur. Beləliklə, ərizələr açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3-cü və 4-cü bəndlərinə uyğun olaraq rədd edilməlidir.
Bu səbəblərə görə Məhkəmə yekdilliklə,
Ərizələrə baxılmasını bir icraatda birləşdirməyi qərara alır;
Ərizələri mümkünsüz elan edir.
Andre VampakJulia LaffranqKatibin müavini Sədr
ƏLAVƏ
№
İş №
Ərizənin təqdim edildiyi tarix
Ərizəçinin adı
Birinci instansiya məhkəməsinin qətnamələrinin qəbul edildiyi tarix
Apellyasiya Məhkəməsinin qərarlarının qəbul olunduğu tarix
Son məhkəmə qərarlarının qəbul olunduğu tarix
1.
62343/09
12/11/2009
Südabə Cabbarova
08/07/1962
Sumqayıt
Sumqayıt şəhər məhkəməsinin 2009-cu il 5 mart tarixli qətnaməsi
Sumqayıt Apellyasiya Məhkəməsinin 2009-cu il 17 iyun tarixli qərarı
Ali Məhkəmənin 2010-cu il 23 fevral tarixli qərarı
2.
62372/09
12/11/2009
Məleykə Qayıbxanova
10/01/1958
Sumqayıt
Sumqayıt şəhər məhkəməsinin 2009-cu il 5 mart tarixli qətnaməsi
Sumqayıt Apellyasiya Məhkəməsinin 2009-cu il 17 iyun tarixli qərarı
Ali Məhkəmənin 2010-cu il 3 mart tarixli qərarı
3.
62385/09
12/11/2009
Süsən Dunyamalıyeva
18/03/1966
Sumqayıt
Sumqayıt şəhər məhkəməsinin 2009-cu il 3 mart tarixli qətnaməsi
Sumqayıt Apellyasiya Məhkəməsinin 2009-cu il 17 iyun tarixli qərarı
Sumqayıt Apellyasiya Məhkəməsinin 2010-cu il 17 fevral tarixli qərarı
4.
62397/09
12/11/2009
Sabirə Tahirova
05/07/1964
Sumqayıt
Sumqayıt şəhər məhkəməsinin 2009-cu il 4 mart tarixli qətnaməsi
Sumqayıt Apellyasiya Məhkəməsinin 2009-cu il 17 iyun tarixli qərarı
Ali Məhkəmənin 2010-cu il 10 fevral tarixli qərarı
5.
62678/09
16/11/2009
Şahnaz Yaqubova
17/11/1959
Sumqayıt
Sumqayıt şəhər məhkəməsinin 2009-cu il 27 fevral tarixli qətnaməsi
Sumqayıt Apellyasiya Məhkəməsinin 2009-cu il 17 iyun tarixli qərarı
Ali Məhkəmənin 2010-cu il 10 fevral tarixli qərarı
Full & Egal Universal Law Academy