İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
YAŞAR CƏFƏRLİ AZƏRBAYCANA QARŞI
(Şikayətlər № 37892/08 və 11186/10)
QƏRARDAD
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (I Bölmə) Palata qismində 31 may 2011-ci il tarixdə işə aşağıdakı tərkibdə baxaraq,
Pir Lorenzen, Sədr,
Elizabet Steyner,
Xanlar Hacıyev, hakimlər,
Andre Uampaş, Bölmə katibinin müavini,
16 iyul 2008-ci il və 02 fevral 2010-cu il tarixdə verilmiş yuxarıdakı şikayətləri nəzərə alaraq, aşağıdakıları qərara alır:
FAKTLAR
Ərizəçi, 1964-cü il təvəllüdlü cənab Yaşar Cəfərli Azərbaycan vətəndaşıdır və Bakıda yaşayır. O, Məhkəmə qarşısında Azərbaycanda fəaliyyət göstərən vəkil İ.Əliyev tərəfindən təmsil edilir. Azərbaycan Hökuməti (“Hökumət”) öz səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərov ilə təmsil edilir.
Tərəflərin işlə bağlı irəli sürdüyü məlumatlar aşağıdakı kimi ümumiləşdirilə bilər.
Ərizəçi Azərbaycan Ordusunda polkovnik-leytenant idi və Müdafiə Nazirliyi (“Nazirlik”) ilə iki mübahisəyə cəlb edilmişdir.
2008-ci il iyulun 16-da təqdim edilmiş 37892/08 saylı şikayət
2001-ci ilin dekabrından 2002-ci ilin avqustuna qədər ərizəçi cəbhə xəttində xidmət etmiş və beləliklə onun zənnincə, aldığı maaşdan üçqat artıq qazanc hüququ əldə etmişdir. Lakin ərizəçinin maaşı onun normal maaaşından iki dəfə çox artırılmışdır. Ərizəçi həmin hesablamanı mübahisələndirmiş və Müdafiə Nazirliyindən ona həmin fərqin ödənilməsini tələb etmiş, lakin uğursuz olmuşdur.
2006-cı il martın 1-də ərizəçi məhkəmə iddiası qaldırmış və məhkəmədən Nazirliyə onun maaşının üçqat artıq ödənilməsi qərarının verilməsini tələb etmişdir.
2006-cı il mayın 23-də Səbail rayon məhkəməsi ərizəçinin tələbini təmin etmiş və Nazirlikdən ona düzgün məbləğin ödənilməsini tələb etmişdir.
Nazirlik Apellyasiya Məhkəməsi və daha sonra Ali Məhkəməyə şikayət ərizəsi ilə müraciət etmişdir. Apellyasiya Məhkəməsi Nazirliyin müraciətini 2006-cı il avqustun 22-də, Ali Məhkəmə isə 2007-ci il martın 13-də təmin etməmişdir.
2010-cu il fevralın 2-də təqdim edilmiş 11186/10 saylı şikayət
2007-ci ildə ərizəçi başqa bir məhkəmə iddiası qaldırmış və məhkəmədən Nazirliyə 1995-ci ildən 2002-ci ilədək istifadə etmədiyi məzuniyyət haqlarının əvəzinin və istirahət günlərində istirahət hüququndan istifadə etmədiyi üçün təzminatın ödənilməsi qərarının verilməsini istəmişdir. Ərizəçi bildirmişdir ki, o, illik məzuniyyətindən istifadə edə bilməmiş və cəbhə xəttində fəal hərbi xidmət göstərdiyi üçün istirahət günlərində də işləmiş və Nazirlik ona haqqı olan məbləği ödəməkdən imtina etmişdir.
2007-ci il iyunun 6-da Səbail rayon məhkəməsi ərizəçinin tələbini qismən təmin etmiş və 1995-2001-ci illər üçün Nazirlikdən ərizəçinin istifadə etmədiyi məzuniyyət günlərinin əvəzinin ödənilməsini tələb etmişdir.
Nazirlik şikayət hüququndan istifadə etməmiş və qərar qəbul olunduğu gündən bir ay müddətində qəti qüvvəyə minmişdir.
ŞİKAYƏTLƏR
Ərizəçi 2006-cı il 23 may və 2007-ci il 6 iyun tarixli qərarların icra edilməməsinin onun Konvensiyanın 6-cı maddəsində və 1 saylı Protokolun 1-ci maddəsində qeyd edilən ədalətli məhkəmə və əmlak hüquqlarına xələl gətirdiyini bildirmişdir.
HÜQUQİ MƏSƏLƏLƏR
2010-cu il dekabrın 8-də ərizəçi şikayət etdiyi məsələlərin öz həllini tapması ilə əlaqədar Məhkəməyə şikayətlərini geri götürmək istədiyini bildirmişdir.
Məhkəmə hesab edir ki, belə olan halda ərizəçi Konvensiyanın 37-ci maddəsinin 1 “a” yarımbəndi çərçivəsində işin baxılmasını davam etdirmək niyyətində deyildir. Bundan əlavə, Konvensiyanın 37-ci maddəsinin 1 “a” yarımbəndinə müvafiq olaraq, Məhkəmə Konvensiya və onun Protokollarında işin baxılmasını tələb edəcək insan hüquqlarına hörmətlə bağlı heç bir xüsusi hal görmür.
Yuxarıda göstərilənləri nəzərə alaraq, ərizənin işlərin siyahısından çıxarılması müvafiqdir.
Bu səbəblərdən Məhkəmə yekdilliklə, işi siyahıdan çıxarmaq qərarına gəlir.
Andre Uampaş Pir Lorenzen
Bölmə katibinin müavini Sədr
Full & Egal Universal Law Academy