İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
ŞƏMSƏDDİN CAMIYEV AZƏRBAYCANA QARŞI
(Şikayət № 11916/06)
Q Ə R A R D A D
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (I Bölmə) Palata qismində 30 sentyabr 2010-cu il tarixdə işə aşağıdakı tərkibdə baxaraq,
Xristos Rozakis, Sədr,
Nina Vajiç,
Xanlar Hacıyev,
Din Spilman,
Sver Erik Jebens,
Corcio Malinverni,
Corc Nikolau, hakimlər,
Andre Uampaş, Bölmə katibinin müavini,
13 mart 2006-cı il tarixdə verilmiş yuxarıdakı şikayəti nəzərə alaraq,
cavabdeh Hökumətin, habelə ərizəçinin cavab olaraq təqdim etdiyi mülahizələri nəzərə alaraq, aşağıdakıları qərara alır:
FAKTLAR
Ərizəçi, cənab Şəmsəddin Camıyev 1957-ci ildə anadan olub, milliyyətcə azərbaycanlıdır və Qubada yaşayır. O, Məhkəmədə Bakıda fəaliyyət göstərən vəkil cənab M.Rzayev tərəfindən təmsil olunub. Azərbaycan Hökumətini (“Hökumət”) cənab Ç.Əsgərov təmsil edib.İşin halları
İşin halları barədə tərəflərin təqdim etdiyi faktlar aşağıdakı kimi ümumiləşdirilə bilər.
Ərizəçi Qacar-Zəyd Bələdiyyəsinin, həmçinin müxalifət partiyası olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvüdür. 2005-ci il fevral ayının 2-də ərizəçinin və digər S. adlı şəxsin Qacar-Zəyd kəndindəki avtobus dayanacağında dayanarkən A., S., Q. adlı şəxslərlə mübahisələri ortaya çıxmışdır. İş materiallarından belə görünür ki, A. Qacar-Zəyd bələdiyyəsinin sədri, S. həmin bələdiyyənin üzvü, Q. isə Quba Rayon İcra Hakimiyyətinin Alekseyevka kəndi üzrə yerli icra hakimiyyəti orqanının nümayəndəsidir.
Sonradan istintaq zamanı təqdim olunmuş sübutlara əsasən, A., S. və Q. avtobus dayanacağında ərizəçiyə yaxınlaşaraq ona bələdiyyəyə torpaq vergisi ödəməli olduğunu bildiriblər. Ərizəçi A., S. və Q-ni bələdiyyənin rəsmiləri kimi tanımadığından vergini ödəməkdən imtina etmiş və onları təhqir etməyə başlamışdır. Ərizəçinin dediklərindən belə görünür ki, əslində mübahisəyə səbəb torpaq vergisi deyil, onun əvvəllər özəl televiziya kanallarından birində həmin Bələdiyyənin fəaliyyətini tənqid edən müsahibəsi olub. Mübahisə sonradan zorakı hərəkətlərin tətbiqi ilə daha da gərginləşmişdir.
Hadisənin nəticəsi olaraq ərizəçi və S. polis tərəfindən həbs edilmişlər. 04 fevral 2005-ci il tarixdə onlara qarşı Cinayət Məcəlləsinin 315.1 – “Hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə” maddəsi ilə ittiham irəli sürülmüşdür. Ərizəçi avtobus dayanacağında A., S. və Q.-yə qarşı zor tətbiq etməkdə təqsirli bilinmişdir.
28 fevral 2005-ci ildə ittiham aktı birinci instansiya məhkəməsinə göndərilmişdir. Ərizəçi həm ilkin məhkəmə baxışı, həm də birinci instansiya məhkəməsində məhkəmə araşdırması zamanı özünün təqsirsiz olduğunu və qaldırılmış cinayət işinin materiallarının saxtalaşdırıldığını iddia etmişdir. O, heç bir cinayəti törətmədiyini, əksinə, A., S. və Q. tərəfindən döyüldüyünü iddia etmişdir.
17 mart 2005-ci ildə Quba Rayon Məhkəməsi ərizəçini təqsirli hesab edərək 2 il müddətinə azadlıqdan məhrumetmə barədə hökm çıxarmışdır. Məhkəmə öz hökmündə ərizəçinin təqsirli olduğunun zərərçəkənlərin (A., S. və Q.) və şahidlərin ifadələri, həmçinin ərizəçinin zərərçəkmiş şəxslərə vurduğu ziyan barədə ekspert rəyi əsasında sübuta yetirildiyini qeyd etmişdir.
Məhkəmə prosesi zamanı iki şahid ərizəçinin xeyrinə ifadə vermişlər. Bununla belə, məhkəmə şahidlərin ərizəçinin iş yoldaşları olduqlarını və onların ifadələrinin digər sübutlarla ziddiyyət təşkil etdiyini əsas gətirərək, həmin ifadələri sübut kimi qiymətləndirməkdən imtina etmişdir. Həmçinin, sonradan daha üç nəfər şahidin ərizəçinin xeyrinə olan ifadələri məhkəmə tərəfindən dinlənilməmişdir.
Daha sonra məhkəmə 04 və 16 fevral 2005-ci il tarixlərdə ərizəçinin paltarlarına və bədəninə xəsarət yetirildiyini sübut edən iki ekspert rəyini tədqiq etmişdir. Bədənə xəsarətin metal predmetlə yetirilə biləcəyi və paltarda olan zədənin zor tətbiq etmə nəticəsində ortaya çıxa biləcəyi müəyyən edilmişdir.
Ərizəçi, barəsində çıxarılmış hökmdən apellyasiya şikayəti vermişdir.
22 aprel 2005-ci ildə Apellyasiya məhkəməsi ərizəçinin şikayətinin rədd edilməsi barədə qərar çıxarmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsinə əsas olmadığı, habelə ərizəçinin iddialarının əsassız olduğu qənaətinə gəlmişdir.
Bununlaq əlaqədar, ərizəçi qanun normasının düzgün tətbiq edilməməsi, əvvəlki məhkəmələrin müdafiə tərəfinin şahidlərinin hamısını dindirməmələri və sübutların düzgün qiymətləndirilməməsi ilə bağlı kassasiya şikayəti vermişdir. Ərizəçi öz şikayətində hadisə yerində olan müdafiə tərəfin şahidlərinin məhkəmə tərəfindən dindirilmədiyini və qarşı tərəfinin şahidlərinin onların öz yaxın qohumları olduğunu qeyd etmişdir. Həmçinin, ərizəçi özünün “Hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə” maddəsi ilə təqsirli bilinməsinə etiraz etmişdir, çünki zərərçəkmiş şəxlər həmin vaxt vəzifələrinin icrası başında deyildilər və onların avtobus dayanacağında hər hansı vergi tələb etmələri qanunsuz idi. Ona görə də, qeyd edilən cinayət, Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə tövsif oluna bilməzdi.
Ali Məhkəmə 20 sentyabr 2005-ci il tarixli qərarı ilə aşağı instansiya məhkəmələri tərəfindən icraatın qanunauyğun aparıldığı qənaətinə gələrək Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlamışdır.
Ərizəçi, Prezidentin 19 yanvar 2006-cı il tarixli növbəti əfv fərmanı ilə azadlığa buraxılmışdır.
B. Müvafiq daxili qanunvericilik
10 iyun 1997-ci il tarixli “Məhkəmələr və hakimlər haqqında” Qanunun 79-cu maddəsinə əsasən, Ali Məhkəmənin Plenumu qanunla müəyyən edilmiş hallarda və qaydada Ali Məhkəmə sədrinin təqdimatı, Azərbaycan Respublikası Baş prokurorunun protesti və ya müdafiə tərəfinin şikayəti əsasında əlavə kassasiya işlərinə və yaxud hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar və yeni açılmış hallar üzrə işlərə baxır. Cinayət-Prosessual Məcəlləsinin 427 və 459-cu maddələrinə əsasən, Ali Məhkəmənin Plenumu işə mahiyyəti üzrə baxdıqdan sonra aşağı instansiya məhkəmələrinin aktlarını ləğv edə və yenidən baxılması üçün müvafiq məhkəməyə göndərə, habelə kassasiya və ya əlavə kassasiya qaydasında çıxarılmış qərarları dəyişdirə və ya həmin məhkəmələrin qərarlarını ləğv etməklə yeni qərar çıxara bilər.
ŞİKAYƏTLƏR
1. Ərizəçi törətmədiyi cinayətə görə qanunsuz olaraq təqsirli bilindiyi üçün ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməməsi ilə bağlı Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulduğunu iddia etmişdir. O, cinayət işinin saxta olduğunu, daxili məhkəmələr tərəfindən faktlara lazımi qiymət verilmədiyini və müfaviq qanun normasının düzgün tətbiq edilmədiyini iddia edir.
2. Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndini əsas gətirərək, daxili məhkəmələrin ittiham tərəfinin şahidlərinə yaratdıqları şəraitin müdafiə tərəfinin şahidlərinə yaradılmamasından şikayət edir.
3. Ərizəçi Konvensiyanın 14-cü və 6-cı maddələrinin pozulmasını özünün müxalifət partiyasının üzvü olduğundan məhkəmələr tərəfindən siyasi fəaliyyətinə görə ayrı-seçkiliyə məruz qalması ilə əlaqələndirir.
HÜQUQİ MƏSƏLƏLƏR
Konvensiyanın 6-cı maddəsinin 1 və 3-cü bəndlərinin
pozulması ilə bağlI şikayətlər
Hökumət Məhkəməyə ünvanladığı 21 aprel 2010-cu il tarixli məktubunda ərizəçinin yuxarıda qeyd edilən 1 və 2 saylı şikayətlərinin həll edilməsi ilə bağlı aşağıdakı bəyanatı edir:
“Hökumət birtərəfli qaydada bildirmək istəyir ki, cari iş üzrə icraat daxili məhkəmələr tərəfindən ədalət prinsipi gözlənilmədən həyata keçirilmişdir.
Bununla əlaqədar, Hökumət ərizəçiyə vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi üçün vergilər də ödənilmək şərti ilə 1.000 AZN (bir min manat) məbləğində kompensasiya ödəməyə hazır olduğunu bildirir. Eyni zamanda Hökumət Ali Məhkəmənin Plenumunda işə Konvensiyanın 6-cı maddəsinin tələblərinə uyğun yenidən baxılmasını təmin etmək üçün bütün tədbirləri görəcəkdir.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq Hökumət Məhkəməyə Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndində göstərildiyi kimi “istənilən digər səbəbə görə” cari iş üzrə müəyyən nəticəyə gəlinə bilinməsini tövsiyə edir. Belə ki, Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndinin tələblərinə uyğun olaraq həmin müddəa “ümumi şəkildə” şikayətin baxılmasına davam etməməyə imkan verir. Dolayısilə Hökumət Məhkəməni qeyd edilən şikayəti öz işləri siyahısından çıxarmağa dəvət edir.”
Eyni məktubda Hökumət, həmçinin aşağıdakıları qeyd edir:
“3. Hökumət qeyd edir ki, ərizəçinin maraqları təmin olunmaq şərti ilə onun öz vəkili ilə bağladığı müqaviləyə əsasən məhkəmə rüsumlarının ödənilməsi ilə bağlı məsələ Məhkəmənin qərarından asılıdır. Bu mənada, əgər Məhkəmə Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndinə əsasən, şikayəti işlərin siyahısından çıxararsa, ərizəçinin müqaviləyə əsasən məhkəmə rüsumlarını ödəmək öhdəliyi ortadan qalxır.
4. Həmçinin Hökumət birtərəfli qaydada bəyan edir ki, ərizəçinin qiymət və xərclərlə bağlı kompensasiya ödənilməsi tələbini qəbul etmir.”
22 may 2010-cu il tarixli məktubunda ərizəçi Hökumətin birtərəfli qaydada təklif etdiyi kompensasiyanın həcminin çox az olduğunu qeyd edib. Ərizəçi mənəvi zərərə görə 100.000 avro və məhkəmə ilə bağlı xərclərinin ödənilməsi üçün 8.500 avro kompensasiyanın ödənilməsini tələb edir. O, həmçinin yenidən baxılacaq prosesin Konvensiyanın 6-cı maddəsinin tələblərinə uyğun aparılacağına təminat verilmədiyini qeyd edib.
Məhkəmə bir daha vurğulayır ki, Konvensiyanın 37-ci maddəsi şikayətin baxılan işlər siyahısından çıxarılmasını yalnız həmin maddənin “a”, “b” və ya “c” bəndlərində göstərilən əsaslardan birinin mövcud olması ilə şərtləndirir. Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndinin “c” yarımbəndi Məhkəmənin şikayətin baxılan işlərin siyahısından çıxarılması ilə bağlı aşağıdakı əsası müəyyən edir:
“...məhkəmənin müəyyənləşdirdiyi istənilən digər səbəbə görə şikayətə baxışı davam etdirməyə lüzum yoxdursa.”
Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndinin tələbi ümumi olaraq aşağıdakı kimidir:
“Bununla belə, əgər bu Konvensiyanın və ona dair Protokolların müddəalarında müəyyən edilən insan hüquqlarına riayət olunmaması müəyyən edilərsə, Məhkəmə şikayətə baxmağa davam edir.”
Məhkəmə bir daha vurğulayır ki, müəyyən hallarda ərizəçinin işin davam etdirilməsi ilə bağlı istəyinə baxmayaraq, Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndinə əsasən cavabdeh Hökumətin birtərəfli bəyanatı ilə şikayət baxılan işlərin siyahısından çıxarıla bilər. Bununla bağlı, Məhkəmə şikayəti presedent hüququ (xüsusilə, Tahsin Acar işi) baxımından diqqətlə gözdən keçirəcəkdir (baxın, Tahsin Acar Türkiyəyə qarşı (ilkin məsələ) (BP), № 26307/95, §§ 74-77, İHAM 2003‑VI; İsveç Nəqliyyat İşçiləri Həmkarlar İttifaqı İsveçə qarşı (siyahıdan çıxarma), № 53507/99, §§ 24-27, 18 İyul 2006; və Van Houten Niderlanda qarşı (siyahıdan çıxarma), № 25149/03, §§ 34-37, İHAM 2005‑IX).
Bu şikayətə gəldikdə isə, Məhkəmə qeyd etmək istəyir ki, bəyanatda ərizəçinin işi ilə bağlı daxili məhkəmələrin ədalətlilik prinsipinə riayət etmədiyi aydın şəkildə qeyd olunur. Bundan əlavə, Məhkəmə Hökumətin işə yenidən baxılacağına və Konvensiyanın 6-cı maddəsinin tələblərinə riayət ediləcəyinə dair götürdüyü öhdəliyə xüsusi əhəmiyyət verir. Məhkəmə daxili qanunvericiliyin Ali Məhkəmə sədrinin təqdimatı və ya Baş prokurorun protesti əsasında işlərə yenidən baxılabilmə mümkünlüyünü nəzərdə tutduğunu qeyd edir.
Hökumətin birtərəfli bəyanatında üzərinə götürdüyü öhdəliklər, həmçinin təklif olunan kompensasiya ilə bağlı digər öhdəliklər Məhkəmə tərəfindən ağlabatan hesab olunur və Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndinin “c” yarımbəndinə əsasən, şikayətin bu hissəsi ilə bağlı icraatın davam etdirilməsi mənasızdır (baxın, oxşar prinsiplər, Tahsin Acar, həmçinin Haran Türkiyəyə qarşı (siyahıdan çıxarma), № 25754/94, 26.03.2002).
Daha sonra, Məhkəmə ümumiyyətlə Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndinə əsasən, işin baxılmasının davam etdirilməsinə ehtiyacın olmaması və Konvensiyada və onun Protokollarında insan hüquqlarının pozulması ilə bağlı hər hansı xüsusi bir halın mövcud olmadığı qənaətinə gəlir. Yuxarıdakıları nəzərə alaraq ərizənin bu hissəsinin siyahıdan çıxarılması məqsədəmüvafiq hesab olunur.
II. Şikayətin qalan hissəsi
Daha sonra ərizəçi 6-cı maddə ilə əlaqədar 14-cü maddəyə əsaslanaraq, özünün müxalifət partiyasının üzvü olduğundan siyasi fəaliyyətinə görə ayrı-seçkiliyə məruz qalması barədə şikayət etmişdir. Bununla belə, Məhkəmə malik olduğu materiallar və şikayət olunan məsələlər barədə öz səlahiyyəti çərçivəsində şikayətin bu hissəsində hər hansı bir pozuntunun aşkara çıxmadığı qənaətinə gəlmişdir. Beləliklə, Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinə əsasən, şikayətin bu hissəsi aşkar şəkildə əsassız olduğundan qeyri-məqbul hesab olunur və Konvensiyanın 35-ci maddəsinin 4-cü bəndinə əsasən rədd edilməlidir.
III. Məhkəmə Reqlamentinin 43-cü qaydasının 4-cü bəndinin tətbiqi
Məhkəmə Reqlamentinin 43-cü qaydasının 4-cü bəndində qeyd olunur:
“Şikayət siyahıdan çıxarıldıqda, çəkilmiş xərclər Məhkəmənin mülahizəsinə verilir.”
Konvensiyanın 41-ci maddəsi Konvensiyanın və ya onun Protokollarının pozuntusunun Məhkəmə tərəfindən əvvəlcədən aşkar edilməsi zamanı işləyir, lakin Reqlamentin 43-cü qaydasının 4-cü bəndinə əsasən, belə qərar yalnız şikayətin baxılan işlərin siyahısından çıxarılması zamanı xərc və məsrəflər barəsində çıxarıla bilər (baxın, Sisojev və digərləri Latviyaya qarşı (BP), № 60654/00, § 132, İHAM 2007‑II).
Məhkəmə bir daha qeyd edir ki, Reqlamentin 43-cü qaydasının 4-cü bəndinə əsasən, xərclərin ödənilməsini tənzimləyən təməl prinsiplər Konvensiyanın 41-ci maddəsi ilə mahiyyət etibarilə eynilik təşkil edir (baxın, El Majjaoui və Stichting Touba Moskee Niderlanda qarşı (siyahıdan çıxarma) (BP), № 25525/03, § 39, 20 dekabr 2007-ci il). Başqa sözlə, ödənilən kompensasiya iddia olunan pozuntularla əlaqəli və ağlabatan həcmdə olmalıdır. Bundan əlavə, Reqlamentin 60-cı qaydasının 2-ci bəndinə əsasən, Konvensiyanın 41-ci maddəsinə uyğun olaraq iddia təfsilatlı olaraq müvafiq sənədlər və qəbzlərlə müşayiət olunmalıdır və Məhkəmə belə iddianı tam və ya qismən rədd edə bilər.
Hazırkı işdə ərizəçinin vəkillə bağladığı müqavilə, vəkilin gördüyü işlərin həcmi, həmçinin poçt xərcləri ilə əlaqədar təqdim olunan sübutlara əsasən, Məhkəmə ümumi olaraq 2.500 avro həcmində xərc və məsrəflərə görə kompensasiyanı təyin edir.
Bu səbəblərə görə Məhkəmə yekdilliklə,
Konvensiyanın 6-cı maddəsinin 1 və 3-cü bəndlərinə əsasən, cavabdeh Hökumətin şikayətlə bağlı bəyanatında üzərinə götürdüyü öhdəliklərin təminetmə üsullarını nəzərə alır;
Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndinə əsasən, yuxarıdakı şikayətlərlə əlaqədar şikayətin baxılacaq işlərin siyahısından çıxarılmalı olduğunu qərara alır;
Şikayətn qalan hissəsinin qeyri-məqbul olduğunu elan edir.
Qərara alır ki,
a) cavabdeh Hökumət üç ay ərzində ərizəçiyə çəkdiyi xərclərlə əlaqədar (vergilər də daxil olmaqla) işin həll olunma gününə yeni Azərbaycan manatının məzənnəsinə uyğun olaraq 2.500 (iki min beş yüz) avro ödəməlidir;
b) əgər işin həlli 3 aylıq müddətin bitməsindən sonrakı dövrə təsadüf edərsə, yuxarıda qeyd olunan məbləğə hesablanan faizlər Avropa Mərkəzi Bankının həmin tarixdəki cari faiz dərəcələri üzrə 3 faizlik sabit məbləğ nəzərə alınmaqla hesablanacaq.
Andre UampaşXristos Rozakis
Bölmə katibinin müavini Sədr
Full & Egal Universal Law Academy