İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
QƏRARDAD
15405/04 nömrəli ərizə
CÜMƏ MƏSCİDİ DİNİ İCMASI və digərləri Azərbaycana qarşı
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) 2013-cü il 8 yanvar tarixində aşağıdakı tərkibdən ibarət Palata qismində:
sədr: İzabel Berro-Lefevr,
hakimlər:
Elizabet Ştayner,
Xanlar Hacıyev,
Miryana Lazarova Traykovska,
Julia Laffranq,
Linos-Aleksandr Sisilianos,
Erik Mose,
və Bölmə katibinin müavini Andre Vampak,
2004-cü il 28 aprel tarixində təqdim edilmiş yuxarıda göstərilən ərizəyə baxaraq,
Cavabdeh Hökumət tərəfindən təqdim edilmiş qeydləri və buna cavab olaraq ərizəçilər tərəfindən təqdim edilmiş qeydləri nəzərə alaraq,
Müzakirə apararaq,
QƏT E T D İ:
FAKTLAR
1. Ərizəçi təşkilat - Cümə Məscidi Dini İcması (Dini İcma) Bakıda müsəlman dini icması kimi fəaliyyət göstərmişdir. Fərdi ərizəçilər – cənab İlqar Allahverdiyev, cənab Azər Səmədov, cənab Azad İsayev, cənab İlqar Əlizadə, cənab Nəcəf Allahverdiyev, cənab Adil Hüseynov, cənab Ramin Tahirov, cənab Pərviz Hacıyev, cənab Eldar Sultanov və cənab Namin Axundov (ərizəçilər) – Azərbaycan vətəndaşlarıdır.
2. Məhkəmədə onları Londonda fəaliyyət göstərən vəkil cənab B.Bourinq təmsil etmişdir. Azərbaycan Hökumətini (Hökumət) səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərov təmsil etmişdir.
A. İşin halları
3. Tərəflərin təqdim etdiyi işin halları aşağıdakı kimi ümumiləşdirilə bilər.
1. İşin tarixçəsi
4. Fərdi ərizəçilərin hamısı Dini İcmanın üzvləri olmuşdur.
5. Cümə Məscidi on birinci əsrdə inşa edilmişdir. O, Bakının YUNESKO-nun Ümumdünya Mədəni İrsi siyahısına salınmış İçərişəhər kimi tanınan qədim hissəsində yerləşmişdir. Azərbaycan Sovet İttifaqının bir hissəsinə çevrilənə qədər məsciddən müsəlmanların ibadət evi kimi istifadə edilmişdir. 1937-ci ildə məscid əhali üçün bağlanmışdır. Bir dövr ondan anbar kimi istifadə olunmuş və 1968-ci ildə Sovet hökuməti onu xalça muzeyinə çevirmişdir.
6. 1991-ci ilin avqustunda Azərbaycanın öz dövlət müstəqilliyini elan etməsindən qısa müddət sonra xalça muzeyi əvvəlki Lenin muzeyinin binasına köçürülmüşdür. 1992-ci ildə ərizəçilər müsəlmanların yeni yerli icmasını yaratmış və keçmiş Cümə Məscidindən istifadə etməyə başlamışlar.
7. Həmin icmanın rəsmi müraciətindən sonra, 1992-ci il 28 dekabr tarixində Səbail Rayon İcra Hakimiyyəti (SRİH) Cümə Məscidi Dini İcmasının dini qurum kimi təsis edilməsinə qərar vermiş və onun hüquqi şəxs kimi qeydiyyatdan keçirilməsini Ədliyyə Nazirliyinə tövsiyə etmişdir.
8. 1993-cü il 3 mart tarixində Ədliyyə Nazirliyi Dini İcmanı dini qurum kimi qeydiyyatdan keçirmişdir. Bununla da o, hüquqi şəxs statusunu almışdır.
9. Cümə Məscidi Baş nazir tərəfindən 2001-ci il 2 avqust tarixində imzalanmış qərar ilə yaradılmış dövlət tərəfindən qorunan tarixi və arxeoloji abidələr siyahısına daxil edilmişdir.
2. Dini İcmanın yenidən qeydiyyatdan keçirilməsi ilə bağlı proseslər
10. 1996-cı il 7 iyun tarixində 1992-ci il tarixli “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik edilmiş və Azərbaycanda fəaliyyət göstərən bütün müsəlman dini qurumları və yerli icmalar formal olaraq hökumətdən müstəqil olan müsəlman ruhani idarəsinə - Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) tabe etdirilmişdir. Lakin Dini İcma QMİ-ə tabe olmaq istiqamətində hər hansı addım atmamışdır. Dəyişikliklər həmçinin dini qurumların dövlət tərəfindən qeydiyyata alınmasının yeni qaydasını müəyyən etmiş və bütün bu qurumlardan müvafiq dövlət orqanında yenidən qeydiyyata alınmaq tələb olunmuşdur.
11. Prezidentin 2001-ci il 21 iyun tarixində imzaladığı fərman ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) yaradılmışdır. Komitənin 2001-ci il 20 iyul tarixində təsdiq edilmiş Əsasnaməsinə görə o, “Dini etiqad azadlığı haqqında” qanuna 1996-cı ildə edilmiş dəyişikliklər ilə təsbit edilmiş qaydalara uyğun olaraq dini qurumların dövlət tərəfindən qeydiyyata alınması üçün məsuliyyət daşıyan müvafiq dövlət orqanıdır.
12. 2002-ci ildə DQİDK yeni qanunvericiliyə əməl olunmasını təmin etmək üçün əvvəllər qeydiyyatdan keçmiş bütün dini qurumların yenidən qeydiyyata alınmaq üçün müraciət etmələrini tələb edəcəyini bildirmişdir. 2002-ci il 28 yanvar tarixində Dini İcma belə bir müraciət etmişdir. Lakin 2002-ci ilin qeyri-müəyyən tarixində Komitə Dini İcmaya şifahi qaydada təsis sənədlərinin qanunvericiliyə uyğun olmaması barədə məlumat vermiş və onun QMİ-nin tövsiyəsini müraciətinə əlavə etmədiyini bildirmişdir.
13. 2004-cü il 27 yanvar tarixində Dini İcma yenidən qeydiyyatdan keçmək üçün Komitəyə müraciət etmişdir.
14. 2004-cü il 30 yanvar tarixində Komitə bildirmişdir ki, Dini İcmaya artıq onun təsis sənədlərinin qanunvericiliyə uyğun olmadığı barədə məlumat verilmişdir. O, həmçinin Dini İcmaya QMİ-nin tövsiyəsinin və icmanın qeydiyyatda olduğu ünvan barədə məlumatın sənədlərə əlavə olunmadığını və bu sənədlərin hər ikisinin qeydiyyat üçün tələb olunduğunu bildirmişdir.
3. Ərizəçi İlqar Allahverdiyevin həbsi və məhkəmə işi
15. Cənab İlqar Allahverdiyev Dini İcmanın lideri olmuş və ictimai ibadətlərə rəhbərlik edən imam rolunu oynamışdır. Cənab Allahverdiyev eyni zamanda üç müxtəlif qeyri-hökumət təşkilatının həmtəsisçisi idi və bu təşkilatların hamısı Ədliyyə Nazirliyində qeydiyyatdan keçmək ilə bağlı problemlər ilə üzləşmişdi.
16. 2003-cü ilin dekabrında cənab Allahverdiyev 2003-cü il 16 oktyabr hadisələrində iştirak etməsi ilə bağlı saxlanılmışdır. Həmin hadisələr zamanı 2003-cü il 15 oktyabr tarixində keçirilmiş prezident seçkilərinin nəticələri ilə razılaşmayan bir sıra müxalifət tərəfdarları icazəsiz nümayiş keçirmiş və bu nümayiş kütləvi iğtişaşa, nümayişçilər ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında zorakılıqla müşayiət olunan toqquşmalara çevrilmişdir. Cənab Allahverdiyevə qarşı “kütləvi iğtişaşı təşkil etmə” və “dövlət nümayəndəsinə qarşı zor tətbiq etmə” cinayətləri ilə bağlı ittiham irəli sürülmüş və onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. 2004-cü il 2 aprel tarixində o, məhkum edilmiş və ona şərti olaraq beş il azadlıqdan məhrumetmə cəzası verilmişdir. O, şərti olaraq buraxıldığından qeydiyyat ünvanında istənilən dəyişiklik barədə dövlət orqanlarına xəbər verməli idi.
17. Cənab Allahverdiyevin 2003-cü ilin oktyabr hadisələri ilə bağlı həbsi və məhkəmə işi ilə bağlı ayrıca ərizə (36083/05) təqdim edilmişdir.
4. İşə ölkə məhkəmələrində baxılması
18. 2004-cü il 16 yanvar tarixində İçərişəhər ərazisindəki tarixi abidələrin idarə olunması ilə bağlı məsuliyyət daşıyan dövlət orqanı, İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğu ərizəçilərə məktub göndərərək onlardan on beş gün ərzində məscidi boşaltmalarını tələb etmişdir.
19. Qoruq eyni zamanda Səbail rayon məhkəməsinə də müraciət edərək Dini İcmanın Cümə Məscidindən çıxarılması barədə qərar qəbul etməyi xahiş etmişdir. Qoruq binanın keçmiş sahibi olduğunu iddia edərək Dini İcmanın rəsmi qeydiyyatdan keçmiş dini qurum olmadığını və onun Cümə Məscidinə icarə və ya hər hansı digər əşya hüququnun olmadığını bildirmişdir. DQİDK prosesə iddiaçının tələblərini dəstəkləyən üçüncü tərəf kimi qoşulmuşdur.
20. 2004-cü il 1 mart tarixində Səbail rayon məhkəməsi Qoruğun Dini İcmanın Cümə Məscidindən çıxarılması ilə bağlı xahişini təmin etmişdir. Məhkəmə müəyyən etmişdir ki, bina Qoruğun nəzarət etdiyi ərazinin hüdudları daxilində yerləşir. Binalardan fiziki şəxslərin istifadəsinə yalnız müvafiq dövlət hakimiyyəti orqanı, yəni Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə nəzarətində olan İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi ilə bağlanmış saziş əsasında icazə verilir. Məhkəmə daha sonra bildirmişdir ki, Dini İcma “Dini etiqad azadlığı haqqında” qanunda müəyyən edilmiş qaydalara uyğun olaraq dini qurum kimi DQİDK-da qeydiyyatdan keçməmişdir. Bundan əlavə, onun heç zaman Cümə Məscidindən istifadə etmək üçün qanuni hüquqi belə olmamışdır. Məhkəmə sonda bildirmişdir ki, binanın qeydiyyatdan keçmiş sahibi olan Qoruq onun burada qanunsuz olaraq məskunlaşmış şəxslərdən azad olunmasını tələb etmək hüququna malikdir.
21. 2004-cü il 18 mart tarixində ərizəçilər 2004-cü il 1 mart tarixli qətnamədən şikayət vermişlər. Onlar xüsusilə iddia etmişlər ki, məhkəmə onların məscid ilə bağlı tələblərini və bununla bağlı təqdim etdikləri sənədləri araşdırmamışdır. Onlar Dini İcmanın dövlət orqanları tərəfindən Dini İcma kimi qeydiyyatdan keçirildiyini və SRİH-nin onlara Cümə Məscidindən dini məqsədlər üçün istifadə etməyə icazə verdiyini bildirmişlər.
22. 2004-cü il 31 mart tarixində Amerika Birləşmiş Ştatlarında yaradılmış qeyri-hökumət təşkilatı, Dini Azadlıqlar üzrə Beket Fondu, Dini İcmanın adından Apellyasiya Məhkəməsinə məktub ünvanlayaraq ərizəçilərin Konvensiyanın 9, 10 və 11-ci maddələrində təsbit olunmuş hüquqlarının pozulduğunu bildirmişdir.
23. 2004-cü il 22 aprel tarixində Apellyasiya Məhkəməsi Səbail rayon məhkəməsinin 2004-cü il 1 mart tarixli qətnaməsini qüvvəsində saxlamış və Dini İcmanın Cümə Məscidindən istifadə etmək üçün hər hansı hüququnun olmadığını bildirmişdir.
24. 2004-cü il 11 avqust tarixində Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlamışdır.
5. Dini İcmanın məsciddən çıxarılması
25. Ərizəçilər hadisə barədə aşağıdakıları qeyd etmişlər.
26. 2004-cü il 22 iyun tarixində hüquq-mühafizə orqanlarının əməkdaşları namaz vaxtı Cümə Məscidinə daxil olaraq Dini İcmadan binanı boşaltmağı tələb etmişlər. Lakin namaza rəhbərlik edən cənab İ.Allahverdiyev namazı bitirməzdən qabaq hüquq-mühafizə orqanlarının əməkdaşları ilə danışmaqdan imtina etmiş və onlar çıxıb getmişlər.
27. 2004-cü ilin 30 iyun tarixində səhər çox sayda polis əməkdaşı məscidi dövrəyə almış və ibadətçiləri bayıra çıxarmağa başlamışdır. Ərizəçilərin sözlərinə görə, polis həddən artıq güc tətbiqinə yol vermişdir. Binanı boşaltdıqdan sonra polis məscidin ətrafında “girişə qadağa zonası” yaratmışdır. Bununla belə, günorta radələrində 700-ə yaxın insan günorta namazı üçün məscidə gəlmişdir. Bəzi xarici ölkə səfirlərinin müdaxiləsindən sonra polis yumşalaraq ibadətçilərə namaz qılmaq üçün məscidə girməyə icazə vermişdir.
28. Həmin vaxtdan sonra polis Dini İcma üzvlərinə yalnız gündə iki dəfə namaz qılmaq üçün məscidə girməyə icazə vermişdir. QMİ namaza rəhbərlik etmək üçün öz imamını göndərmiş, lakin Dini İcma bu imamı qəbul etməkdən imtina edərək cənab İ.Allahverdiyevin rəhbərliyi ilə namaz qılmağı davam etdirmişdir.
29. 2004-cü il 4 iyul tarixində QMİ tərəfindən göndərilmiş imam bir neçə “tərəfdarı” ilə axşam namazını bitirdikdən sonra namaza rəhbərlik etmək üçün cənab İ.Alalhverdiyevi əvəz edən cənab Adil Hüseynov Dini İcmanın çoxsaylı ibadətçiləri üçün namaza başlamışdır. Bu vaxt polis içəri girərək namazı dayandırmış, cənab Hüseynov və üç digər şəxsi tutmuş və onları sabahı günün səhərinə qədər həbsdə saxlamışdır.
30. 2004-cü il 5 iyul tarixində ibadətçilər məscidə gəlsələr də, polis tərəfindən tutulmuşlar. Sonradan onlara qarşı heç bir ittiham irəli sürülməmiş və onlar buraxılmışlar. Həmin gün Dini İcmanın on bir qadın ibadətçisi tutulmuş və polis məntəqəsində saat yarım ərzində dindirilmişlər. Ərizəçilər iddia etmişlər ki, polis tutulmuş şəxslərə təzyiqlər edərək onların bir daha məscidə gəlməyəcəkləri barədə ərizə yazmağa vadar etmişdir. İmtina edənlər İnzibati Xatalar Məcəlləsinin 299-cu maddəsi əsasında icazəsiz dini yığıncaqlar keçirməyə görə 50 000 Azərbaycan manatı (həmin dövrdə bu, təxminən 8 avro edirdi???) cərimə edilmişlər.
31. 2004-cü il 9 iyul tarixində məscid “təmirə bağlanmış” və tamamilə hasara alınmışdır.
32. 30 iyul tarixdə Dini İcmanın bəzi üzvləri dəfn mərasimindən sonra şəxsi bir mənzildə görüşmüşlər. Cənab İ.Allahverdiyev namaz zamanı onlara rəhbərlik edən vaxt polis evi əhatəyə almışdır. Polis əməkdaşları heç bir sənəd göstərmədən evə daxil olaraq iyirmi altı şəxsi həbs etmişlər. Həmin şəxslər polis idarəsinə aparılaraq təxminən iki saat burada saxlanılmışlar.
33. Yasamal Polis İdarəsinin rəisi mətbuata açıqlamasında Dini İcmanın dini qurum kimi qeydiyyatdan keçmədiyini və onun rəhbərinin ibadət vaxtı “hökumət əleyhinə təbliğat” apardığını bəyan etmişdir. O, həmçinin mənzillərdə ibadətin aparılmasına icazə verilmədiyini və ibadət etmək istəyən müsəlmanların şəhərdə fəaliyyət göstərən məscidlərdən istənilən birinə gedə biləcəklərini bildirmiş və qeyd etmişdir ki, yalnız bu rayonun ərazisində yeddi belə məscid mövcuddur.
B. Müvafiq milli qanunvericilik
34. 1992-ci ildə qəbul edilmiş və 1996-cı il 7 iyun tarixində dəyişikliklər edilmiş “Dini etiqad azadlığı haqqında” qanunun hazırda qüvvədə olan redaksiyasında qeyd edilir:
Maddə 8. Dini icma
“....Azərbaycan Respublikasında təşkilat məsələlərində islam dini icmaları Qafqaz Müsəlmanları idarəsinə tabedirlər, qeyri-müsəlman dini icmalarının Azərbaycan Respublikasında və xaricdə fəaliyyət göstərən dini mərkəzlərə (idarələrə) tabe olmaq və tabeliyini dəyişdirmək hüququ vardır.”
Maddə 12. Dini qurumların dövlət qeydiyyatına alınması
“Dini icmanın dövlət qeydiyyatına alınması üçün onu yaratmış azı on nəfər yetkinlik yaşına çatmış şəxs icmanın təsis protokolu və nizamnaməsi əlavə olunmuş ərizə ilə dini mərkəzə və ya idarəyə (islam təşkilatları üçün bu rolu Qafqaz Müsəlmanları İdarəsi oynayır) müraciət edir. Dini mərkəz və ya idarə on beş gün ərzində həmin sənədləri öz təqdimatı ilə birlikdə dini işlər üzrə müvafiq icra hakimiyyəti orqanına (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi) göndərir...
Dini işlər üzrə müvafiq icra hakimiyyəti orqanı 15 gün ərzində həmin sənədləri öz rəyi ilə birlikdə hüquqi şəxslərin dövlət qeydiyyatı orqanına (Ədliyyə Nazirliyi) göndərir...
Dini qurumların dövlət qeydiyyatına alınması, qeydiyyatdan imtina edilməsi, mübahisələrin həlli və məhkəməyə müraciət etmək hüququ Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi əsasında həyata keçirilir”.
35. Prezidentin 2001-ci il 20 iyul tarixli fərmanı ilə təsdiq olunmuş Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin hazırda qüvvədə olan redaksiyasında qeyd edilir:
“8. Komitə.... aşağıdakı funksiyaları həyata keçirir:
8.1. Dini qurumların təsis sənədlərinin və nizamnamələrinin (əsasnamələrinin) qanunvericiliyə uyğunluğunun ekspertizasını keçirir və onları dövlət qeydiyyatına alır ...;
8.2. Dini qurumların dövlət reyestrini aparır və dini qurumalın dövlət qeydiyyatı haqqında məlumatı kütləvi informasiya vasitələrində dərc edir;...”
ŞİKAYƏTLƏR
36. Ərizəçilər Konvensiyanın 9 və 11-ci maddələri əsasında şikayət edərək bildirmişlər ki, dövlət orqanları Dini İcmanı yenidən qeydiyyatdan keçirməkdən imtina etməklə və belə qeydiyyatı Qafqaz Müsəlmanları İdarəsinin təqdimatı ilə şərtləndirməklə İcma üzvlərinin din və birləşmək azadlıqlarını pozmuşdur.
37. Ərizəçilər Konvensiyanın 9, 10 və 11-ci maddələri əsasında şikayət edərək bildirmişlər ki, Dini İcmanın əvvəllər heç bir müdaxilə olmadan on iki il ərzində yerləşdiyi Cümə Məscidindən çıxarılması İcma üzvlərinin öz etiqadlarını açıq və qarşılıqlı şəkildə icma daxilində nümayiş etdirmək hüququnu və fikri ifadə etmək, həmçinin toplaşmaq azadlıqlarını pozmuşdur.
38. Cənab İ.Allahverdiyev və adını çəkməyən bir sıra ərizəçilər Konvensiyanın 3 və 5-ci maddələri əsasında şikayət edərək bir sıra hallarda polis tərəfindən onlarla kobud rəftar edildiyini və qanunsuz olaraq saxlandıqlarını bildirmişlər. Ərizəçilər Konvensiyanın 8-ci maddəsinə istinad edərək onlardan bəzilərinə dövlət orqanlarının telefon və digər elektron vasitələrlə nəzarət etdiyinə inandıqlarını bildirmişlər. Onlar eyni zamanda, 2004-cü il 30 iyul tarixində dövlət orqanlarının qanunsuz olaraq mənzilə daxil olması və İcma üzvlərinin bir neçəsini tutmasından da şikayət etmişlər.
39. Ərizəçilər Konvensiyanın 6 və 13-cü maddələri əsasında şikayət edərək ölkə məhkəmələri tərəfindən işə ədalətsiz və səmərəsiz şəkildə baxılmasından şikayət etmişlər. Onlar xüsusilə məhkəmələrin müstəqil və qərəzsiz olmadığından və ölkədaxili proseslərin “ağlabatan müddət” tələbi pozulmaqla həyata keçirildiyindən şikayət edərək bu proseslərin “Azərbaycan məhkəmələri üçün normal sayılan vaxtdan daha qısa müddət ərzində” davam etdiyini bildirmişlər.
40. Ərizəçilər Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi əsasında şikayət edərək bildirmişlər ki, Dini İcma zorla Cümə Məscidindən çıxarılan zaman polis ərizəçilərin məsciddə saxladıqları şəxsi əmlakını, o cümlədən “laptop” kompüteri və nağd pulu ələ keçirmiş və buna görə heç bir kompensasiya ödəməmişdir.
41. Ərizəçilər Konvensiyanın 9, 10 və 11-ci maddələri ilə birlikdə 14-cü maddə əsasında şikayət edərək dini etiqadlarına və siyasi baxışlarına görə diskriminasiyaya məruz qalmalarından şikayət etmişlər.
HÜQUQİ MƏSƏLƏLƏR
A. Dini İcmanın dini qurum kimi qeydiyyatı ilə bağlı şikayət
42. Ərizəçilər Konvensiyanın 9 və 11-ci maddələrinə istinad edərək DQİDK-nın Dini İcmanı dini qurum kimi qeydiyyata almaqdan imtina etməklə din və birləşmək azadlıqlarını pozmasından şikayət etmişlər. 9-cu maddədə qeyd edilir:
“1. Hər kəsin fikir, vicdan və din azadlığı hüququ vardır; bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə etiqad etmək və açıq yaxud şəxsi qaydada ibadəti, təlimləri, dini və mərasim ayinlərini yerinə yetirmək azadlığı daxildir.
2. Öz dininə və baxışlarına etiqad etmək azadlığı yalnız ictimai asayiş maraqları naminə, ictimai qaydanı, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlərə məruz qala bilər”.
43. 11-ci maddədə qeyd edilir:
“1. Hər kəsin dinc toplaşmaq azadlığı və öz maraqlarını müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və onlara qoşulmaq hüququ da daxil olmaqla, başqaları ilə birləşmək azadlığı hüququ vardır.
2. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, iğtişaşın və cinayətin qarşısını almaq, sağlamlığı və mənəviyyatı qorumaq və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz. Bu maddə silahlı qüvvələr, polis və ya inzibati dövlət orqanları üzvlərinin belə hüquqlarının həyata keçirilməsinə qanuni məhdudiyyətlər qoyulmasına mane olmur”.
44. Hökumət bildirmişdir ki, ərizəçinin şikayət etdiyi hadisələrin bir qismi Məhkəmənin ratione temporis səlahiyyətindən kənara çıxır. Hökumət, həmçinin qeyd etmişdir ki, ərizəçilər Dini İcmanın dini qurum kimi qeydiyyatından imtina edilməsi ilə bağlı heç zaman DQİDK-ya qarşı məhkəmələrdə iddia qaldırmamış, bununla da dövlətdaxili hüquq müdafiə vasitələrini tükəndirməmişlər. Xüsusilə, Hökumət qeyd etmişdir ki, Dini İcmanın Cümə Məscidindən çıxarılması ilə bağlı məhkəmə işinin İcmanın qeydiyyatı məsələsi ilə əlaqəsi olmamışdır.
45. Ərizəçilər Hökumətin izahatları ilə razılaşmamış və öz şikayətlərini müdafiə etmişlər. Hökumətin dövlətdaxili hüquq müdafiə vasitələrinin tükəndirilməməsi ilə bağlı iddialarına gəlincə, onlar qeyd etmişlər ki, Dini Azadlıq üzrə Beket Fondu 2004-cü il 31 mart tarixində ərizəçilərin adından Apellyasiya Məhkəməsinə müraciət edən zaman Konvensiyanın 9, 10 və 11-ci maddələri ilə bağlı şikayətləri irəli sürmüşdür.
46. İşin mahiyyətinə gəlincə isə, ərizəçilər DQİDK-nın Dini İcmanı qeydiyyata almaqdan qanunsuz olaraq imtina etdiyini və hər bir halda artıq mövcud olan dini qurumların DQİDK-da yenidən qeydiyyata alınmasını və bütün müsəlman dini icmaların QMİ-yə tabe olmasını tələb edən yeni qanunvericilik aktının Konvensiyanın 9 və 11-ci maddələrinə zidd olduğunu bildirmişlər.
47. Məhkəmə ilk əvvəldən qeyd edir ki, o, yalnız Konvensiyanın Yüksək Razılığa Gələn Tərəfə münasibətdə qüvvəyə mindiyi tarixdən sonra baş vermiş hadisələrlə bağlı şikayətlərə baxmaq səlahiyyətinə malikdir (baxın: “İsmayılov Azərbaycana qarşı” (Ismayilov v. Azerbaijan, no. 4439/04, § 25, 17 January 2008) və “Kazımova Azərbaycana qarşı” (Kazimova v. Azerbaijan (dec.), no. 40368/02, 6 March 2003)). Buna görə də Məhkəmə yalnız Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi 2002-ci il 15 aprel tarixindən sonra baş vermiş hadisələri araşdırmaq səlahiyyətinə malikdir.
48. DQİDK-da yenidən qeydiyyat ilə bağlı hadisələrin bir qismi 2002-ci il 15 aprel tarixindən sonra baş verdiyi üçün Məhkəmə təkrar edir ki, Konvensiyanın 35-ci maddəsində istinad edilmiş dövlətdaxili hüquq müdafiə vasitələrinin tükəndirilməsi qaydası dövlətə qarşı şikayətlərini Məhkəməyə təqdim etmək istəyənlərdən ilk növbədə milli hüquq sistemi ilə nəzərdə tutulan hüquq müdafiə vasitələrindən istifadə etməyi tələb edir ki, bununla da dövlət hərəkətlərinə görə, ortaya çıxan məsələləri öz milli hüquq sistemi vasitəsilə həll etmək imkanından istifadə edilmədən, beynəlxalq qurum qarşısında cavab verməkdən azad olunur. Bu qaydaya əməl etmək üçün ərizəçi tərəfindən pozulmuş hüquqların bərpası üçün mümkün və qənaətbəxş olan hüquq-müdafiə vasitələrinə normal şəkildə müraciət etməlidir (baxın: “Aksoy Türkiyəyə qarşı” (Aksoy v. Turkey, 18 December 1996, §§ 51-52, Reports of Judgments and Decisions 1996-VI) və “Akdivar və Digərləri Türkiyəyə qarşı” (Akdivar and Others v. Turkey, 16 September 1996, §§ 65-66, Reports 1996‑IV)).
49. Məhkəmə qeyd edir ki, ərizənin verildiyi zaman qüvvədə olmuş “Dini etiqad azadlığı haqqında” qanun dini qurumların qeydiyyatı və ya qeydiyyatdan imtina ilə bağlı qərarlardan şikayət vermək üçün hüquqi mexanizm nəzərdə tutmuşdur (yuxarıda 34-cü bəndə bax). Buna görə də ərizəçilər bu müddəaları əsas kimi götürərək Dini İcmanı qeydiyyata almaqdan imtina etmiş DQİDK-ya qarşı məhkəmədə iddia qaldıra bilərdilər. Bu zaman məhkəmələr ərizəçilər tərəfindən irəli sürülmüş dəlilləri araşdıra və bu dəlilləri əsaslı sayacaqları təqdirdə, DQİDK-ya qurumu qeydiyyata almaq barədə göstəriş verə və ya bəlkə də “Dini etiqad azadlığı haqqında” qanuna 1996-cı ildə edilmiş dəyişikliklər ilə irəli sürülmüş tələblərin Dini İcmaların Konvensiyanın 9 və 11-ci maddələri ilə nəzərdə tutulmuş hüquqlarına zidd olduğunu qət edə bilərdi. Lakin Məhkəmə qeyd edir ki, ərizəçilər heç zaman milli məhkəmələrdə belə bir iddia qaldırmamışlar. Bundan əlavə, ərizəçilər hazırkı işdə onları DQİDK-nın Dini İcmanı qeydiyyata almaqdan imtina barədə qərarından ölkə məhkəmələrinə şikayət vermək öhdəliyindən azad edəcək hər hansı xüsusi halın mövcud olması barədə də izahat verməmişlər.
50. Ərizəçilərin çıxarılma ilə bağlı proses çərçivəsində Dini Azadlıq üzrə Beket Fondu tərəfindən Apellyasiya Məhkəməsinə ünvanlanmış məktubda belə bir şikayətin qaldırılması ilə bağlı arqumentinə gəlincə, Məhkəmə aşağıdakı səbəblərə görə bu arqumenti qəbul edə bilməz. İlk növbədə, ərizəçilər mövcud mülki-prosessual hüquq normalarına uyğun olaraq Dini Azadlıq üzrə Beket Fondunun onları prosesdə təmsil etmək hüququna malik olduğunu təsdiq edə bilməmişlər. Bundan əlavə, Məhkəmə qeyd edir ki, həmin proses Qoruğun ərizəçinin Cümə Məscidindən çıxarılması iddiası ilə bağlı idi və bu məsələlərin əlaqəli olduğunu güman etmək mümkün olsa belə, onlar bir-birindən ayrı məsələlərdir. DQİDK prosesdə cavabdeh qismində deyil, üçüncü tərəf kimi çıxış edirdi. O, müstəqil şəkildə hər hansı tələb irəli sürməmiş və ona qarşı da hər hansı tələb irəli sürülməmişdi. Hətta müdafiə zamanı ərizəçilər (cavabdeh qismində) DQİDK-nın Dini İcmanı qeydiyyata almamasına etiraz etmiş olsaydılar belə, ölkə məhkəmələrindən həmin proses çərçivəsində DQİDK-nın qərarının qanuniliyi məsələsi ilə bağlı qərar qəbul etmək tələb olunmurdu və onlar bunu etmək səlahiyyətinə belə malik deyildi. Belə ki, ərizəçilər tərəfindən DQİDK-ya qarşı məsələ ilə bağlı hər hansı iddia irəli sürülməmişdi. DQİDK-nın qeydiyyatı məsələsi ölkə məhkəmələri tərəfindən sadəcə olaraq çəkişmə predmeti olmamış faktiki hal kimi nəzərdən keçirilmişdir. Bundan əlavə, proses fərqli bir iddia ilə bağlı olduğundan apellyasiya mərhələsində cavabdehlərin Apellyasiya Məhkəməsində qaldırdıqları yeni mülki iddiaların nəzərə alınması məqsədilə baxılan işin predmeti genişləndirilə bilməzdi.
51. Beləliklə, ərizəçilərin şikayətləri bu hissədə dövlətdaxili hüquq müdafiə vasitələrinin tükəndirilməməsi səbəbi ilə Konvensiyanın 35-ci maddəsinin 1 və 4-cü bəndlərinə əsasən rədd edilməlidir.
B. Dini İcmanın Cümə Məscidindən çıxarılması ilə bağlı şikayət
52. Ərizəçilər Konvensiyanın 9, 10 və 11-ci maddələri əsasında şikayət edərək bildirmişlər ki, Dini İcmanın əvvəllər heç bir müdaxilə olmadan on iki il ərzində yerləşdiyi Cümə Məscidindən çıxarılması İcma üzvlərinin öz etiqadlarını açıq və qarşılıqlı şəkildə icma daxilində nümayiş etdirmək hüququnu və fikri ifadə etmək, həmçinin toplaşmaq azadlıqlarını pozmuşdur. Məhkəmə hesab edir ki, bu şikayətə Konvensiyanın 11-ci maddəsi nəzərə alınmaqla təfsir olunan 9-cu maddəsi əsasında baxılmalıdır.
53. Hökumət bildirmişdir ki, ərizəçilər bütün mümkün və səmərəli vasitələri tükəndirməmişlər. Belə ki, onlar Konstitusiya Məhkəməsinə şikayət etməmişlər. Hökumət bundan başqa bildirmişdir ki, Dini İcma Cümə Məscidi üzərində nə mülkiyyət, nə də icarə hüququna malik olmamışdır. Buna görə də Dini İcmanın Qoruğa mənsub olan və dövlət tərəfindən qorunan tarixi və arxeoloji abidələr siyahısına daxil edilmiş Cümə Məscidindən çıxarılması qanuni olmuşdur.
54. Ərizəçilər Hökumət ilə razılaşmayaraq öz şikayətlərini təkrar etmişlər. Onlar xüsusilə Dini İcmanın çıxarılmasının qanunsuz xarakter daşıdığını, SRİH-nin 1992-ci il 28 dekabr tarixli qərarının onlara məsciddə yerləşmək üçün qanuni hüquq verdiyini və Dini İcmanın dəfələrlə xahiş etməsinə baxmayaraq, dövlət orqanlarının İcmaya icarə hüququnu verməkdən imtina etdiyini bildirmişlər.
55. Məhkəmə əvvəllər də gəldiyi nəticəni təkrarlayaraq bildirir ki, Konstitusiya Məhkəməsinə şikayətin verilməsi Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndinin məqsədləri üçün ərizəçilərdən istifadə etmələri tələb olunan adi və səmərəli hüquq müdafiə vasitəsi deyil (baxın: yuxarıda qeyd edilmiş “İsmayılov” işi, 40-cı bənd). Buna görə də Məhkəmə Hökumətin dövlətdaxili hüquq müdafiə vasitələrinin tükəndirilməməsi ilə bağlı etirazını rədd edir.
56. Lakin Məhkəmə hesab edir ki, bu şikayət aşağıdakı səbəblərə görə qəbuledilməz hesab edilməlidir.
57. Məhkəmə təkrar edir ki, 9-cu maddədə də qeyd edildiyi kimi fikir, vicdan və din azadlığı Konvensiyanın mənasında “demokratik cəmiyyətin” əsas sütunlarından biridir. Dini sahədə bu, dindarların eyniliyini və həyat konsepsiyasını formalaşdırılan ən mühüm elementlərdən biridir. Bununla yanaşı, ateistlər, aqnostiklər, skeptiklər və laqeydlər üçün də qiymətli dəyərdir. Plüralizm demokratik cəmiyyətin ayrılmaz, əsrlər ərzində əzab-əziyyətlə qazanılmış, ondan asılı olan elementidir (baxın: “Bessarabiya Metropoliya Kilsəsi və Digərləri Moldovaya qarşı” (Metropolitan Church of Bessarabia and Others v. Moldova, no. 45701/99, § 114, ECHR 2001‑XII)).
58. Dini azadlıq ilk növbədə fərdi inanc ilə bağlı məsələ olsa da, o, həmçinin, inter alia, tək və gizli və ya açıq şəkildə digərləri ilə birlikdə və onunla eyni inancı bölüşdürən şəxslərlə birgə “dinə ibadət etmək” azadlığını da nəzərdə tutur. Dini icmalar ənənəvi olaraq mütəşəkkil qurumlar şəklində olduğundan 9-cu maddə toplaşmaq azadlığına dövlətin əsassız müdaxilələrinin qarşısını almaq üçün təminatlar müəyyən edən Konvensiyanın 11-ci maddəsi nəzərə alınmaqla təfsir olunmalıdır. Bu perspektivdə baxılarsa, dindarların öz dininə digərləri ilə bir icmada ibadət etmək hüququnu da daxil olduğu dini azadlıq hüququ dindarların qanunsuz dövlət müdaxiləsi olmadan sərbəst şəkildə toplaşmasına icazə veriləcəyi gözləntisini də ehtiva edir. Əlbəttə ki, dini icmaların müstəqil şəkildə mövcud olması demokratik cəmiyyətdə plüralizm üçün böyük əhəmiyyət kəsb edən bir məsələdir və buna görə də bu məsələ 9-cu maddə ilə nəzərdə tutulmuş müdafiədə mərkəzi yer tutur. Dövlətin Məhkəmənin presedent hüququnda nəzərdə tutulmuş bitərəfliyi və qərəzsizliyi dövlət tərəfindən dini etiqadın qanuniliyini qiymətləndirmək sahəsindəki istənilən səlahiyyəti ilə uyğunsuzluq təşkil edir (baxın: yuxarıda qeyd edilmiş “Bessarabiya Metropoliya Kilsəsi və Digərləri” işi, 118-ci və 123-cü bəndlər və “Hasan və Çauş Bolqarıstana qarşı” (Hasan and Chaush v. Bulgaria [GC], no. 30985/96, § 62, ECHR 2000‑XI)).
59. Hazırkı işin hallarına gəlincə, Məhkəmə qeyd edir ki, bu şikayət Dini İcmanın ölkə məhkəməsinin qərarı əsasında Cümə Məscidindən çıxarılması ilə bağlıdır. Buna görə də Məhkəmə Dini İcmanın çıxarılmasının özü-özlüyündə ərizəçinin Konvensiyanın 11-ci maddəsi nəzərə alınmaqla təfsir olunan 9-cu maddəsinə əsasən müdaxilə hesab edilib-edilmədiyini müəyyən etməlidir.
60. Bununla bağlı Məhkəmə qeyd edir ki, Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi vaxt Dini İcma ölkə qanunvericiliyinə əsasən Cümə Məscidi üzərində mülkiyyət hüququna malik deyildi. SRİH-nin 1992-ci il 28 dekabr tarixli qərarı Dini İcmanın qurum kimi yaranmasına razılıq vermiş və onun dövlət qeydiyyatına alınmasını tövsiyə etmişdir (yuxarıda 7-ci bəndə bax); lakin burada quruma Cümə Məscidi üzərində hər hansı mülkiyyət hüququ verən və ya ərizəçilərin qeyd etdiyi kimi “qurumun üzərinə Cümə Məscidindən istifadə etmək və onun qeydinə qalmaq vəzifəsi qoyan” hər hansı müddəa yoxdur. Konvensiyanın qüvvəyə mindiyi tarixdə Dini İcma ilə Qoruq arasında heç bir icarə müqaviləsi və ya Dini İcmanın binada yerləşməsinə qanuni hüquq verən hər hansı başqa bir sənəd olmamışdır. Ölkə məhkəmələrində ərizəçilər etiraf etmişlər ki, onlar icarə müqaviləsinin bağlanması üçün Qoruğa müraciət etmiş, lakin onların xahişi təmin olunmamışdır. Qoruğun (dövlətin mülkiyyətində olan binanın qeydiyyatdan keçmiş sahibi) məscidi məhz ərizəçilərə icarə verməsi öhdəliyinin mövcud olduğunu sübut edən hər hansı həqiqətə uyğun və inandırıcı arqument Avropa Məhkəməsinə təqdim edilməmişdir. Bundan əlavə, Məhkəmə belə hesab edə bilməz ki, dövlət orqanlarının ərizəçilər tərəfindən dövlətin mülkiyyətində olan binadan illər ərzində istifadə etməsinin davam etməsinə yol verməsi 9-cu maddə əsasında hər hansı pozitiv öhdəliyin ortaya çıxmasına səbəb olur.
61. Məhkəmə təkrar edir ki, Konvensiya dini icmaya dövlət orqanlarından ibadət üçün yer almaq hüququ verən sənəd kimi təfsir edilməməlidir (baxın: “Griechische Kirchengemeinde München und Bayern e.V. Almaniyaya qarşı” (Griechische Kirchengemeinde München und Bayern e.V. v. Germany (dec.), 52336/99, 18 September 2007)).
62. Məhkəmə bundan əlavə hesab edir ki, hazırkı iş “Manussakis və Digərləri Yunanıstana qarşı” (Manoussakis and Others v. Greece (26 September 1996, § 36, Reports 1996‑IV)) işindən fərqlidir. Sonuncu işdə yerli Yehova Şahidləri icmasının üzvləri müvafiq binadan icarə əsasında istifadə hüququna malik olsalar da, “icazəsiz ibadət yerindən” istifadəyə görə məhkum edilmişlər. “Manussakis” işindən fərqli olaraq hazırkı işdə Dini İcma Cümə Məscidindən hər hansı icarə müqaviləsi və ya binadan istifadəyə imkan verən hər hansı digər hüquq olmadan çıxarılmışdır. Çıxarılma özü-özlüyündə per se dini ayinləri yerinə yetirməyə görə hər hansı cəza forması və ya Dini İcmanın fəaliyyətinə qadağa, yaxud da onun başqa bir yerdə qanuni şəkildə yeni ibadət yeri tapmaq imkanlarına məhdudiyyət hesab oluna bilməz. Bundan əlavə, Məhkəmə hesab edir ki, Dini İcmanın çıxarılması özü-özlüyündə onun üzvlərinin “dini etiqad azadlığını” məhdudlaşdırmamışdır, belə ki, bu, hətta Dini İcma yeni ibadət yeri tapmayacağı təqdirdə belə, onları digər məscidlərdə və ya dini fəaliyyətin həyata keçirilməsinin mümkün olduğu başqa yerlərdə dini ayinlərini yerinə yetirmələrinə mane olmamışdır. Bununla bağlı Məhkəmə, həmçinin qeyd edir ki, ərizəçilər Dini İcmanın üzvlərinin Azərbaycanda mövcud olan digər müsəlman konfessiyalarından fərqli xüsusi dini məzhəbə mənsub olduqlarını və ya Cümə Məscidinin onların icması üçün sadəcə ibadət yeri deyil, eyni zamanda hər hansı xüsusi müqəddəs rola malik olduğunu qeyd etməmişlər.
63. Buna görə də Məhkəmə hesab edir ki, hazırkı işin hallarında Dini İcmanın hər hansı qanuni istifadə hüququ olmadığı binadan çıxarılması ərizəçilərin Konvensiyanın 11-ci maddəsi nəzərə alınmaqla təfsir edilən 9-cu maddəsinin təmin etdiyi dini azadlıq hüququna əsassız müdaxilə hesab oluna bilməz. Beləliklə, bu şikayət açıq-aşkar əsassız olduğu üçün 35-ci maddənin 3-cü bəndinə əsasən qəbuledilməzdir və Konvensiyanın 35-ci maddəsinin 4-cü bəndinə əsasən rədd edilməlidir.
C. Dini İcma üzvlərinin iddia olunan təqibi ilə bağlı şikayətlər
64. Ərizəçilərdən bəziləri Konvensiyanın 3 və 5-ci maddələrini rəhbər tutaraq şikayət etmişdir ki, polis onları qanunsuz olaraq saxlanmış və onlarla kobud rəftar etmişdir, eyni zamanda bununla bağlı şikayətləri araşdırılmamışdır. Ərizəçilər, eyni zamanda Konvensiyanın 8-ci maddəsinə əsasən şikayət edərək bildirmişlər ki, dövlət orqanları onlardan bəzilərini telefon və digər elektron vasitələrdən istifadə etməklə nəzarət altında saxlayır və 2004-cü ilin 30 iyul tarixində hakimiyyət orqanları qanunsuz olaraq şəxsi evə daxil olmaqla Dini İcmanın bir neçə üzvünü həbs etmişdir.
65. Lakin ərizəçilər bu iddiaları sübut etmək üçün hər hansı dəlil, misal üçün, tibbi arayış, saxlama haqqında qərar və ya dövlət orqanlarına edilmiş şikayətlərin surətlərini təqdim etməmişlər. Eyni zamanda, onlar tərəfindən təqdim edilmiş materialda ərizəçilərin bu iddiaları ilə bağlı dövlət orqanlarına nə zamansa hər hansı şikayət verdiyi də müəyyən edilmir.
66. Cənab İ.Allahverdiyevin həbsi və məhkum olunması məsələsinə gəlincə, Məhkəmə müəyyən edir ki, həmin hadisələrin hazırkı ərizənin predmetinə birbaşa aidiyyəti yoxdur və hər bir halda bu məsələlər ilə bağlı 36083/05 nömrəli ayrıca ərizə təqdim olunmuşdur (yuxarıda 17-ci bəndə baxın).
67. Beləliklə, işdə olan bütün materialları nəzərə alaraq Məhkəmə onun səlahiyyətində olan və yuxarıda qeyd edilmiş 36083/05 nömrəli ərizədə qaldırılmış məsələlərə aidiyyəti olmayan şikayətlər ilə bağlı hesab edir ki, ərizənin bu hissəsində Konvensiyanın pozuntusu mövcud deyil. Buna görə də o, açıq-aşkar əsasız olduğu üçün 35-ci maddənin 3-cü bəndinə əsasən qəbuledilməzdir və Konvensiyanın 35-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq rədd edilməlidir.
D. Ərizənin digər hissələri
68. Ərizəçilər Konvensiyanın 6 və 13-cü maddələrinə əsasən şikayət edərək bildirmişlər ki, Cümə Məscidindən çıxarılma ilə bağlı ölkə məhkəmələrində işə baxılması ədalətsiz və səmərəsiz olmuşdur. Onlar xüsusilə məhkəmələrin müstəqil və qərəzsiz olmadığından və ölkə daxili proseslərin “ağlabatan müddət” tələbi pozulmaqla həyata keçirildiyindən şikayət edərək bu proseslərin “Azərbaycan məhkəmələri üçün normal sayılan vaxtdan daha qısa müddət ərzində” davam etdiyini bildirmişlər.
69. Bununla belə, Məhkəmə işdə olan bütün materialları nəzərə alaraq baxılması onun səlahiyyətində olan şikayətlərlə bağlı hesab edir ki, ərizənin bu hissəsində Konvensiyanın pozuntusu müəyyən edilməmişdir. Buna görə də o, açıq-aşkar əsasız olduğu üçün 35-ci maddənin 3-cü bəndinə əsasən qəbuledilməzdir və Konvensiyanın 35-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq rədd edilməlidir.
70. Bundan başqa, ərizəçilər Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi əsasında şikayət edərək bildirmişlər ki, Dini İcma zorla Cümə Məscidindən çıxarılan zaman polis ərizəçilərin məsciddə saxladıqları şəxsi əmlakını, o cümlədən “laptop” kompüteri və nağd pulu ələ keçirmiş və buna görə heç bir kompensasiya ödəməmişdir.
71. Bununla belə, Məhkəmə qeyd edir ki, ərizəçilər heç zaman dövlət orqanlarına belə şikayətlə müraciət etməmişlər. Buna görə də ərizənin bu hissəsi dövlətdaxili hüquq müdafiə vasitələri tükəndirilmədiyindən Konvensiyanın 35-ci maddəsinin 1-ci və 4-cü bəndlərinə əsasən rədd edilməlidir.
72. Ərizəçilər Konvensiyanın 9, 10 və 11-ci maddələri ilə birlikdə 14-cü maddə əsasında şikayət edərək dini etiqadlarına və siyasi baxışlarına görə diskriminasiyaya məruz qalmalarından şikayət etmişlər.
73. Lakin Məhkəmə işdə olan bütün materialları nəzərə alaraq baxılması onun səlahiyyətində olan şikayətlərlə bağlı hesab edir ki, ərizənin bu hissəsində Konvensiyanın pozuntusu müəyyən edilməmişdir. Buna görə də o, açıq-aşkar əsasız olduğu üçün 35-ci maddənin 3-cü bəndinin a) yarımbəndinə əsasən qəbuledilməzdir və Konvensiyanın 35-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq rədd edilməlidir.
Bu səbəblərə görə Məhkəmə yekdilliklə
Ərizəni qəbuledilməz elan edir.
Andre Vampak İzabel Berro-Lefevr
Bölmə katibinin müavini Sədr
Full & Egal Universal Law Academy