İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
Gülnarə Kazımovanın Azərbaycana qarşı
40368/02 saylı şikayətinin
MƏQBULİYYƏTİNƏ DAİR
Q Ə R A R D A D
İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) Palata kimi
06 mart 2003-cü il tarixdə aşağıdakı tərkibdə,
cənab G.Ress, Sədr,
cənab İ.Kabral Barreto,
cənab L.Kafliş,
cənab R.Türmen,
cənab B.Zupançiç,
xanım H.S.Qrev,
cənab K.Traca; hakimlər,
və cənab V.Berqer, Bölmə Katibi,
yuxarıda qeyd edilən 28 oktyabr 2002-ci il tarixdə verilmiş şikayətlə bağlı müzakirə apararaq, qərara alır:
FAKTLAR
Ərizəçi Gülnarə Kazımova 1956-cı ildə anadan olmuş Azərbaycan vətəndaşıdır və hazırda Bakıda yaşayır. Onu Məhkəmə qarşısında Bakıda vəkil işləyən cənab Bağırov təmsil edib. Şikayəti verdiyi zaman o, azadlıqdan məhrum etmə cəzasını çəkirdi.
İşin halları ərizəçinin təqdim etdiklərinə görə aşağıdakı kimi ümumiləşdirilə bilər.
03 may 2001-ci ildə o, dələduzluqda şübhəli bilindiyinə görə polis tərəfindən həbs edilib. Polis bölməsində onun şəxsi axtarışı və dindirilməsi aparılıb. İddia olunur ki, o, polis əməkdaşlarının göstərdikləri kimi özünə qarşı saxta ifadələrin verilməsinə məcbur edilib. Bundan başqa, ondan həbsinə aid sənədi imzalaması xahiş edilib. Rus dilli olduğu üçün o, sənədin mətnini düzgün oxuyub-anlaya bilmədiyinə görə sənədi imzalamayıb. Polis əməkdaşlarından biri onun adından sənədi imzalayıb.
11 may 2001-ci ildə yerli məhkəmə onun barəsində həbs qətimkan tədbirini seçib. Həbs dövrü ərzində ərizəçi seçdiyi vəkil ilə təmin olunmayıb və sənədləri yalnız iddia olunana görə 10% anladığı Azərbaycan dilində alıb. Ona, həmçinin tərcüməçinin köməyindən imtina edilib.
17 sentyabr 2001-ci ildə Ağır cinayətlərə dair işlər üzrə Məhkəmə onu 3 il azadlıqdan məhrum etmə cəzasına məhkum edib. O, Cinayət Məcəlləsinin 178.1 və 178.2-ci maddələrinə əsasən dələduzluqda təqsirli bilinib.
Ərizəçi bu hökmdən Apellyasiya Məhkəməsinə şikayət edib. O iddia edib ki, Ağır cinayətlərə dair işlər üzrə Məhkəmə işin faktiki hallarını əks etdirməyib; nə də yüngülləşdirici halları nəzərə alıb. Hökmün ədalətsiz olduğunu iddia edərək, o, Apellyasiya Məhkəməsindən hökmə yenidən baxılmasını xahiş edib.
15 noyabr 2001-ci ildə Apellyasiya Məhkəməsi onun təqsirli bilinməsinə dair Ağır cinayətlərə dair işlər üzrə Məhkəmənin hökmünü qüvvədə saxlayıb, lakin ərizəçinin azadlıqdan məhrum etmə cəzasını 1 il müddətində aşağı endirib. Ərizəçi bu nəticə ilə razılaşmadı və Ali Məhkəməyə kassasiya şikayəti verdi. Tam təqsirsizliyi iddia edərək, o, bəraət tələb edib.
30 aprel 2002-ci ildə Ali Məhkəmə ərizəçinin şikayətini rədd etdi və Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxladı. O, belə nəticəyə gəldi ki, Apellyasiya Məhkəməsinin qənaətləri qanuna uyğun olub və qərar ədalətli və əsaslı olub. Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarının dəyişdirilməsi üçün hər hansı hüquqi əsas tapmayıb.
Ərizəçi işə yenidən Ali Məhkəmənin Plenumu tərəfindən baxılması üçün əlavə kassasiya şikayəti verdi. O təkid edib ki, hər hansı cinayət törətməyib və bəraət almalıdır.
26 sentyabr 2002-ci ildə Ali Məhkəmənin sədri ərizəçinin xahişini rədd etdi və işin Plenumun baxışına çıxarılmasından imtina etdi. Sədr qeyd etdi ki, apellyasiya və kassasiya instansiyalarının bütün qərarları qanuna əsaslanıb və ona uyğun olub. Ləğv etmə və ya təsdiq etmə üçün hər hansı hüquqi əsas olmayıb və bununla da, işin Plenumun baxışına çıxarılması üçün əsaslar yoxdur.
ŞİKAYƏTLƏR
Ərizəçi şikayət etdi ki, ibtidai istintaq zamanı və Ağır cinayətlərə dair işlər üzrə Məhkəmə qarşısında müəyyən dərəcədə o, kifayət qədər anladığı dildə (onun ana dili rus dilidir) həbsin səbəbləri və ona qarşı ittihamların mahiyyəti və əsası barədə məlumatlandırılmayıb. Həmin dövrdə ona müdafiəsinin hazırlanması üçün adekvat vaxt və vasitələr verilməyib, o, seçdiyi vəkil vasitəsilə özünü müdafiə edə bilməyib və pulsuz tərcüməçi ilə təmin edilməyib. O qeyd edir ki, Ağır cinayətlərə dair işlər üzrə Məhkəmənin hökmü bütün faktları və müvafiq sübutları müəyyən etməyib və qiymətləndirməyib və istintaqda səhvlərə yol verilib. O, bu məsələlər üzrə Konvensiyanın 6-cı maddəsinə istinad edir.
O, həmçinin ibtidai istintaq zamanı müstəntiqlər tərəfindən yol verilmiş pozuntulardan şikayət etməsi üçün səmərəli vasitənin olmadığını iddia edərək, Konvensiyanın 13-cü maddəsinə istinad edib.
HÜQUQİ MƏSƏLƏLƏR
Ərizəçi şikayət edir ki, o, həbs olunmasının və ona qarşı ittihamların səbəbləri barədə həm ibtidai istintaq zamanı, həm də Ağır cinayətlərə dair işlər üzrə Məhkəmə qarşısında öz ana dilində məlumatlandırılmayıb; nə də öz seçimi üzrə vəkilin xidmətlərindən istifadə edə bilib. O, həmçinin şikayət edir ki, o, Ağır cinayətlərə dair işlər üzrə Məhkəmə qarşısında müdafiəsinin hazırlanması üçün adekvat vaxt və vasitələrə malik olmayıb. O iddia edir ki, müstəntiqlər tərəfindən yol verilmiş pozuntulardan şikayət etmək üçün səmərəli vasitəyə malik olmayıb. Bununla bağlı, o, Konvensiyanın 6 və 13-cü maddələrinə istinad edir.
Məhkəmə qeyd edir ki, Konvensiya Azərbaycana münasibətdə 15 aprel 2002-ci il tarixdə qüvvəyə minib. Məhkəmə yalnız ratifikasiya tarixindən sonra baş vermiş hərəkətlər, faktlar və ya qərarlarla Konvensiyanın pozulmasına dair şikayətləri araşdırmaq səlahiyyətinə malikdir. Ərizəçinin əsas şikayətlərinin predmetini formalaşdıran ibtidai istintaqın və Ağır cinayətlərə dair işlər üzrə Məhkəmə qarşısında araşdırmanın düzgünlüyü və ədalətliliyi Ağır cinayətlərə dair işlər üzrə Məhkəmənin 17 sentyabr 2001-ci il tarixli hökmü ilə yekunlaşıb ki, bu da 15 aprel 2002-ci ildən əvvəl olub. Bununla bağlı, hökmün çıxarıldığı tarixin sonuncunun əsas elementi olduğunu nəzərə alaraq, həlledici faktoru Ağır cinayətlərə dair işlər üzrə Məhkəmənin öz hökmünü elan etdiyi tarix, yəni 17 sentyabr 2001-ci il təşkil edir (bax, Mitap və Müftüoğlu Türkiyəyə qarşı, № 15530/89, 15531/89, § 26, Hesabatlar 1996-II).
Buna görə, Məhkəmə hesab edir ki, şikayətin bu hissəsi, eləcə də ərizəçinin şikayətini 15 noyabr 2001-ci ildə rədd edən Apellyasiya Məhkəməsi qarşısında araşdırmalara dair hissə Məhkəmənin ratione temporis səlahiyyətindən kənardadır, Konvensiyanın müddəaları ilə uyğun deyildir və Konvensiyanın 35-ci maddəsinin 4-cü bəndinə əsasən rədd edilməlidir.
30 aprel 2002-ci ildə ərizəçinin kassasiya şikayətini rədd edən Ali Məhkəmə qarşısında araşdırmalara gəldikdə isə, Məhkəmə qeyd edir ki, ərizəçi öz şikayətini əsaslandıra bilməyib. O, çəkişməli araşdırmalardan istifadə etdiyini və öz işinə aid olan dəlilləri təqdim etmək imkanında olduğunu mübahisələndirmir. Ərizəçinin şikayəti Ali Məhkəmə qarşısında araşdırmaların nəticəsinə aid olan kimi qiymətləndirilməli olmasını nəzərə alaraq, Məhkəmə bir daha qeyd edir ki, Konvensiyanın 19-cu maddəsinə müvafiq olaraq, onun vəzifəsi Konvensiyaya üzv-Dövlətlərin üzərlərinə götürdükləri öhdəliklərə riayət edilməsini təmin etməkdir. Xüsusən, milli məhkəmələr tərəfindən yol verilməsi iddia olunan fakt və ya hüquq səhvləri araşdırmaq, əgər onlar Konvensiya ilə müdafiə olunan hüquq və azadlıqları pozmursa, Məhkəmənin funksiyası deyildir (bax, Qarsia Ruiz İspaniyaya qarşı (Böyük Palata), № 30544/96, § 28 İHAM 1999-I).
Belə nəticəyə gəlinir ki, şikayətin bu hissəsi açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 4-cü bəndinə əsasən rədd edilməlidir.
Bu səbəblərə görə, Məhkəmə yekdilliklə
Şikayəti qeyri-məqbul elan edir.
Vinsent BerqerGeorq Ress
Katib Sədr
Full & Egal Universal Law Academy