İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
Eyyub Kərimovun Azərbaycana qarşı
151/03 saylı şikayətinin
MƏQBULİYYƏTİNƏ DAİR
Q Ə R A R D A D
İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) Palata kimi
28 sentyabr 2006-cı il tarixdə aşağıdakı tərkibdə,
cənab X.Rozakis, Sədr,
cənab L.Lukaides,
xanım F.Tulkens,
xanım E.Steyner,
cənab X.Hacıyev,
cənab D.Spilman,
cənab S.E.Cebens, hakimlər,
və cənab S.Nilsen, Bölmə Katibi,
yuxarıda qeyd olunan 28 noyabr 2002-ci il tarixdə verilmiş şikayəti nəzərə alaraq,
cavabdeh Hökumətin verdiyi qeydləri və cavab olaraq ərizəçinin təqdim etdiyi izahatları nəzərə alaraq,
müzakirə apararaq, qərara alır:
FAKTLAR
Ərizəçi cənab Eyyub Zakir oğlu Kərimov 1958-ci il tarixdə anadan olmuş Azərbaycan vətəndaşıdır və Bakıda yaşayır. Məhkəmə qarşısında onu Bakıda vəkil işləyən cənab İ.Əliyev təmsil edib. Cavabdeh Hökuməti onun Məhkəmə qarşısında nümayəndəsi cənab Ç.Əsgərov təmsil edib.
A. İşin halları
Tərəflərin təqdim etdiklərinə görə işin halları aşağıdakı kimi ümumiləşdirilə bilər.
28 iyul 2001-ci ildə «Nəsimi rayon prokurorunun müavini – KQB agenti» adlanan məqalə ərizəçinin baş redaktor olduğu Femida adlı yerli qəzetdə dərc edilib. Məqalə prokuror T.K.-nı səriştəsiz və qeyri-peşəkar prokuror və yalnız yuxarı səviyyəli rəsmilərlə yaxşı şəxsi əlaqələri səbəbindən prokurorluq orqanlarında yüksək postlar tuta bilən kimi təsvir edib. Məqalədə, inter alia, göstərilib ki, T.K. «prokurorluq orqanının iş metodundan xəbərsizdir və onun işi dəhlizləri gəzməkdən ibarətdir».
05 sentyabr 2001-ci ildə T.K. qəzetə qarşı məhkəmədə iddia qaldıraraq, məqalənin böhtanlı və nüfuzuna zərər vuran olduğunu bildirib. O, məhkəmədən qəzeti bağlamağı, kompensasiya ödəməyi tapşırmağı və məqalənin dərcinə məsuliyyət daşıyan şəxslərə qarşı cinayət araşdırmalarına başlamağı xahiş edib.
Ərizəçinin timsalında qəzet qarşılıqlı iddia qaldıraraq iddia edib ki, T.K. qəzetə qarşı iddia olunan alçaldıcı və açıq-aşkar əsassız tələb irəli sürməklə, qəzetin işgüzar nüfuzuna zərər vurub.
01 oktyabr 2001-ci ildə Yasamal rayon məhkəməsi T.K.-nın iddiasını qismən təmin və qəzetin qarşılıqlı tələbini rədd edib. Məhkəmə hesab edib ki, məqalə böhtanlı materialı əks etdirib və onun həqiqiliyini sübut edə bilməyib. Məhkəmə qərara alıb ki, qəzet T.K.-ya kompensasiya ödəsin və «Kütləvi informasiya vasitələri haqqında» Qanuna müvafiq olaraq qəzetin «nəşri və yayımlanması bağlanılsın».
Qəzetin adından ərizəçi şikayət verdi. O iddia edib ki, qəzetin nəşrinin bağlanması onun hüquqi şəxs kimi ləğvini təşkil edib. O, daha sonra bildirib ki, qəzetin belə bağlanması qanunsuzdur, ona görə ki, məhkəmə fərdi şəxsin böhtan şikayəti əsasında hüquqi şəxsin bağlanmasını qərara ala bilməz. Əvəzində Mülki Məcəllənin 59.3-cü maddəsinə əsasən, məhkəmə belə ləğvi yalnız o halda qərara ala bilər ki, bu barədə müvafiq mərkəzi və ya yerli hakimiyyət orqanının müraciəti olsun.
06 dekabr 2001-ci il tarixli qətnamə ilə Apellyasiya Məhkəməsi ərizəçinin şikayətini rədd etdi və birinci instansiya məhkəməsinin qətnaməsini qanuni kimi qüvvədə saxladı. Bu məqamda daxili mülki prosessual qanunvericiliyə müvafiq olaraq qətnamə qanuni qüvvəyə mindi və icra icraatı başladı. 26 dekabr 2001-ci il tarixdə Yasamal rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları Şöbəsi ərizəçiyə məktub göndərərək, qəzetdən beş gün ərzində qətnaməni könüllü icra etməyi tələb edib. Görünür ki, qəzetin rəhbərliyi bu tələbə vaxtında riayət edib. Müvafiq olaraq, qəzetin nəşri və yayımı bağlanılıb və 2001-ci ilin sonu üçün mənəvi kompensasiya T.K.-ya ödənilib.
08 may 2002-ci ildə qəzetin redaksiya heyəti adından ərizəçi Ali Məhkəməyə kassasiya şikayəti verdi. O iddia edib ki, Apellyasiya Məhkəməsi yerli məhkəmə kimi fakt və hüquq səhvlərinə yol verib. 31 iyul 2002-ci ildə Ali Məhkəmə ərizəçinin şikayətini rədd etdi və Apellyasiya Məhkəməsinin qətnaməsini qüvvədə saxladı.
Hökumətə görə, Femida qəzetinin nəşrinin və yayımının bağlanılmasına baxmayaraq, qəzetin redaksiya heyəti öz fəaliyyətini Femidanın hüquqi varisi, Femida 007 adlanan qəzet vasitəsilə davam etdirib. Ərizəçi qeyd edib ki, Femida 007 qəzetə sadəcə olaraq əlavədir və onun hüquqi varisi deyildir.
B. Müvafiq daxili qanunvericilik
2000-ci il tarixli Mülki Prosessual Məcəllə
Maddə 233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi
«233.1. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
233.2. Apellyasiya şikayəti ilə ləğv edilməmiş qətnamə apellyasiya instansiyasının qərar qəbul etdiyi andan qanuni qüvvəyə minir. ...»
Maddə 234. Qətnamənin icra edilməsi
«Dərhal icra edilmə halları istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir...»
Maddə 393. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin
qanuni qüvvəyə minməsi
«Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qəbul edildiyi andan qanuni qüvvəyə minir.»
Maddə 413. Qətnamənin və ya qərardadın icrasının dayandırılması
«413.0. Kassasiya məhkəməsi işdə iştirak edən şəxslərin vəsatəti ilə apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin və ya qərardadın və birinci instansiya məhkəməsinin onlarla bağlı olan qətnaməsinin, qərardadının icrasını kassasiya icraatı başa çatana kimi ... dayandıra bilər...»
ŞİKAYƏTLƏR
1. Konvensiyanın 10-cu maddəsinə əsasən ərizəçi şikayət edib ki, iddia olunan böhtanlı məqaləyə görə qəzetin bağlanması ifadə etmək azadlığının pozulmasını təşkil edib.
2. Daha sonra, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən ərizəçi şikayət edib ki, daxili araşdırmalar ədalətsiz olub, ona görə ki, məhkəmələr daxili qanunvericiliyi düzgün tətbiq etməyib. Xüsusən, o iddia edib ki, məhkəmələr fərdi şəxs kimi T.K.-nın tələbi üzrə qəzeti bağlamaq səlahiyyətinə malik deyildir. Əvəzində məhkəmələr qəzetin nəşrinin bağlanmasını yalnız müvafiq hökumət orqanının müraciəti əsasında edə bilər və yalnız o halda ki, qəzet bir il ərzində böhtan xarakterli məlumatı üç dəfə nəşr etsin.
3. Nəhayət, Konvensiyanın 6-cı maddəsi ilə birgə 13-cü maddəyə əsasən ərizəçi şikayət edib ki, onun işində daxili vasitələr səmərəsiz olub. O bildirib ki, bu iş hökumət rəsmilərini tənqid edən məqalələri dərc etdirən qəzetlərin daxili məhkəmələrdə böhtanla bağlı mülki araşdırmalarında işlərini uduzduqları bir çox başqa işlərlə oxşardır.
HÜQUQİ MƏSƏLƏLƏR
1. Ərizəçi şikayət edib ki, Femida qəzetinin nəşrinin və yayımının bağlanmasına dair məhkəmə qərarı Konvensiyanın aşağıdakıları nəzərdə tutan 10-cu maddəsinə zidd olub:
«1. Hər kəs (öz fikrini - tərc.) ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur.
2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq, sağlamlığın, yaxud mənəviyyatın mühafizəsi, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən formallıqlara, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər.»
Hökumət iddia edib ki, Məhkəmə bu şikayəti araşdırmaq üçün ratione personae səlahiyyətinə malik deyildir, ona görə ki, o, qəzetin deyil, ərizəçinin öz adından verilib. Ərizəçi qəzetin təsisçisi və ya mülkiyyətçisi olmayıb və o, qəzetin hüquqlarına iddia olunan müdaxilənin qurbanı hesab edilə bilməz.
Hökumət, həmçinin bildirib ki, bu şikayət Məhkəmənin ratione temporis səlahiyyətindən kənardır, ona görə ki, qəzetin nəşrinin və yayımının bağlanmasına dair məhkəmə qərarı qanuni qüvvəyə minib və 15 aprel 2002-ci il tarixdən, yəni Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə minməsindən əvvəl icra edilib.
Ərizəçi iddia edib ki, o, qəzetin baş redaktoru kimi qəzeti təmsil etməyə qanunla səlahiyyətli olub. Bundan başqa, baş redaktor kimi o, qəzeti idarə edib və onun fəaliyyəti üçün məsuliyyət daşıyıb. Belə olan halda, qəzetin bağlanması onun hüquq və azadlıqlarına birbaşa təsir edib. Məhkəmənin ratione temporis səlahiyyətinə aid Hökumətin etirazına cavab olaraq ərizəçi hər hansı xüsusi dəlil irəli sürməyib.
Məhkəmə hesab edir ki, ərizəçinin iddia olunan pozuntunun qurbanı olub-olmamasının həlli tələb olunmur, ona görə ki, bu cür olduğu güman edilsə belə, hazırkı şikayət aşağıdakı səbəblərə görə qeyri-məqbuldur.
Məhkəmə xatırladır ki, beynəlxalq hüququn hamılıqla qəbul olunmuş qaydalarına müvafiq olaraq, Konvensiya hər bir Tərəf Dövlət üçün bu Tərəfə aid qüvvəyə minməsindən sonrakı faktları əhatə edir (bax, Kazımova Azərbaycana qarşı (qərardad), № 40368/02, 06 mart 2003-cü il). Azərbaycana münasibətdə Konvensiya 15 aprel 2002-ci ildə qüvvəyə minib. Müvafiq olaraq, Məhkəmə Azərbaycana qarşı şikayətləri araşdırmaq səlahiyyətinə malik deyildir, o halda ki, iddia olunan pozuntular 15 aprel 2002-ci ilədək baş vermiş faktlara əsaslanır.
Daha sonra, Məhkəmə xatırladır ki, onun ratione temporis səlahiyyəti iddia olunan müdaxiləni təşkil edən faktlarla əlaqədar müəyyən edilməlidir. İddia olunan müdaxilə ratifikasiyadan əvvəl, onu bərpa etməyin rədd edilməsi isə sonra olan işlərdə Məhkəmənin zaman səlahiyyətini müəyyən edərkən, sonuncu aktın saxlanması onunla nəticələnə bilər ki, Konvensiya Dövlət üçün onun qüvvəyə minməsindən əvvəl baş vermiş faktlara aid məcburi olar. Lakin bu, Konvensiyanın geriyə şamil olunmasına gətirib çıxaracaq ki, belə vəziyyət beynəlxalq hüququn ümumi prinsiplərinə zidd olar. Eyni zamanda, bu, fərdi şikayətləri qəbul etmək üzrə Məhkəmənin səlahiyyətinin tanınmasına dair Azərbaycanın bəyanatını əhəmiyyətsiz edər (bax, Bleçiç Xorvatiyaya qarşı (BP), № 59532/00, § 77-79, İHAM 2006-...; yuxarıda qeyd olunmuş Kadikis; Stamulakatos Yunanıstana qarşı (№ 1), 26 oktyabr 1993-cü il tarixli qərar, A Seriyaları, № 271, § 33).
Hazırkı işdə iddia olunan müdaxiləni təşkil edən fakt qəzetin nəşrinin və yayımının bağlanmasıdır. Buna görə, bu bağlanmanın nə vaxt baş verdiyinin müəyyən edilməsi qalır.
İşin hallarını nəzərə alaraq, Məhkəmə hesab edir ki, ərizəçinin ifadə etmək azadlığına iddia olunan pozuntu 06 dekabr 2001-ci ildə Apellyasiya Məhkəməsi qəzetin nəşrinin və yayımının bağlanmasına dair birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayarkən baş verib. Daxili mülki prosessual qanunvericiliyə əsasən, bu qətnamə qanuni qüvvəyə minib və Apellyasiya Məhkəməsinin qətnaməsinin qəbul edilməsi ilə məcburi olub (bax, Mülki Prosessual Məcəllənin 233, 234 və 393-cü maddələri). Ərizəçi tərəfindən sonradan Ali Məhkəməyə kassasiya şikayətinin verilməsinə baxmayaraq, daxili qanunvericilik kassasiya icraatının nəticəsinədək məhkəmə qərarının avtomatik dayandırılmasını nəzərdə tutmur (Mülki Prosessual Məcəllənin 413-cü maddəsi). Qəzetin nəşri və yayımı faktiki olaraq 2001-ci ilin sonunda Apellyasiya Məhkəməsinin 06 dekabr 2001-ci il tarixli məcburi qətnaməsi əsasında bağlanılıb. Buna görə, məhz bu anda – nə əvvəl, nə də sonra – həmin müdaxilə baş verib (yuxarıda qeyd olunmuş Bleçiç ilə müqayisə et, § 84).
Belə nəticəyə gəlinir ki, ərizəçinin hüquqlarına iddia olunan müdaxilə Apellyasiya Məhkəməsinin 06 dekabr 2001-ci il tarixli qətnaməsinin qüvvəyə minməsi ilə baş verib və buna görə, Məhkəmənin ratione temporis səlahiyyətindən kənardır. Ali Məhkəmədə sonrakı kassasiya araşdırmaları iddia olunan müdaxiləni bərpa edə bilən əlçatan daxili vasitədən istifadə kimi baxılmalıdır və onu Məhkəmənin zaman səlahiyyəti daxilinə gətirə bilməz (bax, yuxarıda qeyd olunmuş Bleçiç, § 77-78). Bundan başqa, Ali Məhkəmədəki kassasiya araşdırmalarına gəldikdə, onlar Məhkəmənin ratione temporis səlahiyyəti daxilində olsa da, ərizəçi onların Konvensiyanın 10-cu maddəsinə zidd olduğuna dair hər hansı ayrıca şikayət etməyib.
Belə nəticəyə gəlinir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasında Konvensiyanın müddəalarına ratione temporis ziddir və Konvensiyanın 35-ci maddəsinin 4-ci bəndinə müvafiq olaraq rədd edilməlidir.
2. Konvensiyanın 6-cı maddəsinə əsasən ərizəçi şikayət edib ki, daxili məhkəmələr faktların qiymətləndirilməsində səhvə yol verib və daxili qanunvericiliyi düzgün tətbiq etməyib. Xüsusən, o iddia edib ki, məhkəmələr qəzetin nəşrinin və yayımının bağlanmasını əmr etmək səlahiyyətinə malik olmayıb, ona görə ki, qəzeti bağlamaq vəsatəti fərdi şəxs tərəfindən edilib. Bundan başqa, əgər onun tərəfindən bir il ərzində üç dəfə böhtanlı materialın dərci müəyyən olunmazsa, qəzet bağlanıla bilməz. Konvensiyanın 6-cı maddəsi aşağıdakıları nəzərdə tutur:
«Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən ... məhkəmə vasitəsilə, ... işinin ədalətli ... araşdırılması hüququna malikdir.»
Hökumət iddia edib ki, birinci instansiya və apellyasia araşdırmaları Məhkəmənin ratione temporis səlahiyyətindən kənara çıxıb. Ali Məhkəmədəki kassasiya araşdırmalarına gəldikdə, Hökumət bildirib ki, ərizəçi bu araşdırmaların ədalətsizliyinə dair hər hansı sübut təqdim etməyib. Hər bir halda, Hökumət iddia edib ki, daxili qanunvericilik böhtanın fərdi qurbanı tərəfindən verilmiş müraciət əsasında qəzeti bağlamağı məhkəməyə qadağan etməyib. Hökumət, həmçinin qeyd edib ki, 2001-ci il ərzində Femida qəzetinə qarşı beş böhtan iddiaları irəli sürülüb və bu işlərin üçü üzrə qəzet tərəfindən böhtan xarakterli məlumatların dərc edilməsi müəyyən olunub. Bu, qəzetin nəşrinin bağlanmasının əmr edilməsi üçün qanuni əsas olub.
Ərizəçi Məhkəmənin ratione temporis səlahiyyəti məsələsinə münasibət bildirməyib. O, qəzetin 2001-ci ildə yalnız iki dəfə məsuliyyətli bilindiyini və həmin faktın məhkəmələr tərəfindən düzgün müəyyən edilmədiyini vurğulamaqla, bu şikayətə aid dəlillərini təkrarladı.
Məhkəmə xatırladır ki, faktlar bir neçə hüquq araşdırmalarına aid olduqda, Konvensiyanın müvafiq Tərəf Dövlətə aid qüvvəyə minməsi tarixi Məhkəmənin ratione temporis səlahiyyətindən kənara düşməklə, müddəti iki yerə bölməklə nəticələnir (bax, Klimentyev Rusiyaya qarşı (qərardad), № 46503/99, 17 sentyabr 2002-ci il; Caq Finlandiyaya qarşı, № 22470/93, 18 oktyabr 1995-ci il tarixli Komissiya qərarı, məruzə edilməyib; və Mitap və Müftüoğlü Türkiyəyə qarşı, 25 mart 1996-cı il tarixli qərar, Qərar və Qərardadların Hesabatı, 1996-II, § 26-27). Məhkəmə qeyd edir ki, Yasamal rayon məhkəməsində və Apellyasiya Məhkəməsində araşdırmalar 15 aprel 2002-ci il tarixdə Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə minməsindən əvvəl bitib. Buna görə, Məhkəmə hesab edir ki, şikayətin birinci instansiya və apellyasiya araşdırmalarına aid hissəsi Məhkəmənin ratione temporis səlahiyyətindən kənara çıxır.
Digər tərəfdən, Məhkəmə Ali Məhkəmədə 15 aprel 2002-ci ildən sonra başlanılmış və 31 iyul 2002-ci il tarixli yekun qərarla bitmiş kassasiya araşdırmalarına aid şikayəti yoxlamaq səlahiyyətinə malik deyildir.
Məhkəmə qeyd edir ki, ərizəçinin hazırkı şikayəti daxili məhkəmələr tərəfindən ümumi şəkildə edilmiş fakt və hüququn iddia olunan səhvlərinə aiddir. Lakin ərizəçi kassasiya araşdırmalarının ədalətsizliyinə və ya nəticəsinin qanunsuzluğuna aid hər hansı xüsusi sübut təqdim etməyib. Bununla bağlı, Məhkəmə xatırladır ki, Konvensiyanın 19-cu maddəsinə əsasən, onun vəzifəsi Tərəf Dövlətlər tərəfindən Konvensiya üzrə götürdükləri öhdəliklərə riayət olunmasını təmin etməkdir. Xüsusən, o, daxili məhkəmələr tərəfindən edilmiş fakt və ya hüququn iddia olunan səhvləri ilə bağlı şikayətlərə baxmağa səlahiyyətli deyildir, istisna odur ki, Məhkəmə belə səhvlərin Konvensiya ilə qorunan hüquq və ya azadlıqların mümkün pozuntusuna səbəb olduğunu hesab etsin (bax, Şenk İsveçrəyə qarşı, 12 iyul 1988-ci il tarixli qərar, A Seriyaları, № 140, § 45; və yuxarıda qeyd olunmuş Kazımova).
Belə nəticəyə gəlinir ki, bu şikayət açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndlərinə əsasən rədd edilməlidir.
3. Konvensiyanın 13-cü maddəsinə əsasən ərizəçi şikayət edib ki, onun işində daxili vasitələr səmərəsiz olub, ona görə ki, daxili məhkəmələrdə böhtan üçün qəzetləri məhkəməyə verən dövlət rəsmilərinin xeyrinə qərar çıxarmaq üzrə təcrübə vardır. Konvensiyanın 13-cü maddəsi aşağıdakıları nəzərdə tutur:
«Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələri hüququna malikdir.»
Məhkəmə qeyd edir ki, daxili araşdırmaların ərizəçinin xeyrinə nəticələnməməsi üzrə yeganə fakt vasitənin səmərəsiz olması qənaətinə gətirə bilməz. Məhkəmə, həmçinin hesab edir ki, daxili məhkəmələr tərəfindən böhtanla bağlı araşdırmalarda daimi olaraq qəzetlərə qarşı qərarlar çıxarılmasına dair ərizəçinin iddiası kifayətedici sübutlarla təsdiqlənməyib.
Belə nəticəyə gəlinir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasında açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 4-cü bəndinə əsasən rədd edilməlidir.
Bu səbəblərə görə, Məhkəmə yekdilliklə
Şikayəti qeyri-məqbul elan edir.
Soren NilsenXristos Rozakis
Katib Sədr
Full & Egal Universal Law Academy