İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
Faridə Kunqurovanın Azərbaycana qarşı
5117/03 saylı şikayətinin
MƏQBULİYYƏTİNƏ DAİR
Q Ə R A R D A D
İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) Palata kimi
23 iyun 2005-ci il tarixdə aşağıdakı tərkibdə,
cənab X.Rozakis, Sədr,
cənab L.Lukaides,
xanım F.Tulkens,
xanım S.Botuçarova,
cənab X.Hacıyev,
cənab D.Spilman,
cənab S.E.Cebens, hakimlər,
və cənab S.Nilsen, Bölmə Katibi,
yuxarıda qeyd olunan 16 iyul 2002-ci il tarixdə verilmiş şikayəti nəzərə alaraq,
Məhkəmə Reqlamentinin 41-ci qaydasına əsasən, yuxarıdakı şikayətə prioritetin verilməsinə dair qərarı nəzərə alaraq,
cavabdeh Dövlətin təqdim etdiyi qeydləri və cavab olaraq ərizəçinin təqdim etdiyi izahları nəzərə alaraq,
müzakirə apararaq, qərara alır:
FAKTLAR
Ərizəçi olan xanım Faridə Mehmanovna Kunqurova 1974-cü ildə anadan olmuş Azərbaycan vətəndaşıdır və Bakıda yaşayır. Onu Məhkəmə qarşısında Bakıda vəkil işləyən cənab E.Osmanov təmsil edir.
A. İşin halları
Tərəflərin təqdim etdiklərinə görə işin halları aşağıdakı kimi ümumiləşdirilə bilər.
1. Cinayət işinin başlanılması
Ərizəçinin atası etnik cəhətdən Azəri, mərhum anası isə yəhudi mənşəlidir. Ərizəçi analığı (erməni mənşəli) və qızı ilə yaşayıb.
06 mart 2001-ci ildə ərizəçinin anası və onun qonşusu Z.A. kiçik mübahsidən irəli gələn münaqişə törədiblər. Ərizəçi analığının tərəfində münaqişəyə müdaxilə etdi və Z.A. ilə dalaşdı. Bu dava hər iki tərəfdə yüngül xəsarətlərlə nəticələnib. Ərizəçiyə görə, dava vaxtı o, silahın hər hansı növündən istifadə etməyib.
16 mart 2001-ci ildə Z.A. ərizəçi tərəfindən ona hücum olunduğu barədə polisə şikayət verdi, həmçinin iddia etdi ki, davadan bir neçə dəqiqə sonra ərizəçi bıçaqla qayıtdı və onu öldürməklə hədələdi. İstintaq orqanları ərizəçini Cinayət Məcəlləsinin 132-ci maddəsinə əsasən «qəsdən bədən xəsarətlərinin yetirilməsində» ittiham edib. 26 iyul 2001-ci ildə ittihama iclasda baxıldıqdan sonra Səbail rayon məhkəməsi Cinayət Məcəlləsinin 132-ci maddəsi üzrə icraatı dayandırıb və işin hallarının əlavə araşdırılmasını tapşırıb. Əlavə araşdırmanın məqsədi dava zamanı ərizəçi tərəfindən bıçaqdan istifadə edib-etməməsinin müəyyən edilməsi olub, ona görə ki, belə olduqda, bu, ərizəçinin Cinayət Məcəlləsinin 132-ci maddəsindən daha ağır maddə ilə ittiham olunması üçün əsas ola bilər.
Əlavə araşdırma aparılarkən, iş Z.A.-nın vəsatəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilib. 20 dekabr 2001-ci ildə Nəsimi rayon məhkəməsi istintaq materiallarına baxdı və bir daha Cinayət Məcəlləsinin 132-ci maddəsi üzrə icraatı dayandırıb, işin hallarının əlavə araşdırılmasını tapşırdı.
2. İnzibati icraat
2002-ci ilin əvvəlində ərizəçi Azərbaycan Demokrat Partiyasının üzvləri ilə birgə bir neçə ictimai-siyasi nümayişlərdə iştirak edib.
24 aprel 2002-ci ildə səhər saat 11-də bir neçə polis əməkdaşı ərizəçinin mənzilinə gəlib və «söhbət» üçün onu polis bölməsinə getməyə «dəvət ediblər». Ərizəçi müqavimət göstərib və polis əməkdaşları onu məcburi qaydada polis bölməsinə aparıblar. Bölmədə onlar ərizəçini qonşu tərəfindən ona qarşı verilmiş şikayətə aid dindirilmə üçün polis bölməsinə getmək barədə qanuni tələblərinə tabe olmamaqda ittiham edərək, «inzibati xəta haqqında protokol» tərtib ediblər. Ərizəçiyə görə, bu ittiham saxta olub.
Həmin gündə ərizəçi Səbail rayon məhkəməsinin hakimi qarşısına gətirilib və nəticədə polisə tabe olmadığı üçün İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsinə əsasən on günlük «inzibati həbs» cəzası alıb. O, polisin «qanuni tələblərinə» tabe olmamaqda və Azərbaycan qanunvericiliyi və hüquq-mühafizə orqanları barədə hörmətsiz bəyanatlar etməkdə təqsirli bilinib.
Ərizəçi inzibati cəzasını çəkərkən, onun vəkili Səbail rayon məhkəməsinin 24 aprel 2002-ci il tarixli qərarından apellyasiya şikayəti verdi. O iddia edib ki, polis əməkdaşları ərizəçini məcburi qaydada polis bölməsinə aparmaqla və saxtalaşdırılmış ittiham aktı tərtib etməklə hakimiyyətdən sui-istifadə ediblər. Ərizəçinin polisə tabe olmamaqda ittiham edilməsi üçün qanuni əsas olmayıb, ona görə ki, polis əməkdaşları ərizəçinin mənzilinə həbs qərarı və ya polis bölməsinə gəlmək üçün çağırış vərəqəsi olmadan daxil olublar və hər hansı qanuni əsas olmadan onu həbs ediblər. 02 may 2002-ci ildə Apellyasiya Məhkəməsi ərizəçinin dəlillərinə cavab vermədən Səbail rayon məhkəməsinin qərarını qüvvədə saxladı. İnzibati proses üzrə daxili qanunvericiliyə əsasən, inzibati xətaya dair Apellyasiya Məhkəməsinin qərarından şikayət verilə bilməz.
3. Həbs qətimkan tədbiri və məhkumluq
Ərizəçinin Z.A. ilə davasına aid cinayət araşdırmaları ilə bağlı 25 aprel 2002-ci ildə Səbail rayon Polis İdarəsinin müstəntiqi ərizəçini Cinayət Məcəlləsinin 221.1 və 221.3-cü maddələrinə əsasən «xuliqanlıqda» təqsirləndirərək, ittiham aktı tərtib etdi. İttiham aktı həmin gün ərizəçiyə elan edildi. Lakin o, aktı imzalamaqdan imtina etdi.
Həmin gündə Səbail rayon Polis İdarəsinin rəisi curnalistə müsahibə verərkən qeyd etdi ki, ərizəçi inzibati həbsdədir və qonşusuna qarşı xuliqanlıq etdiyinə görə ittiham üzrə cinayət işinin icraatı davam edir.
25 aprel 2002-ci il tarixli ittiham aktı əsasında 26 aprel 2002-ci il tarixdə Səbail rayon məhkəməsi ərizəçi barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar verdi. 01 may 2002-ci ildə ərizəçi və onun vəkili tərcüməçinin iştirakı ilə işin materialları ilə tanış olmağa dəvət edildi.
Ərizəçinin on günlük «inzibati həbs» müddəti 03 may 2002-ci ildə bitdikdə, o, Z.A. ilə davasına aid Nəsimi rayon məhkəməsindəki cinayət işi üzrə 26 aprel 2002-ci il tarixli həbs qətimkan tədbiri haqqında qərara əsasən Bakı şəhəri 1 saylı İstintaq Təcridxanasına köçürülüb.
17 iyul 2002-ci ildə Nəsimi rayon məhkəməsi ərizəçinin işi üzrə hökm çıxartdı. Məhkəmə Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən ərizəçini «silahdan istifadə etməklə xuliqanlıq» törətməkdə təqsirli bilib və onu cəzasını ümumi recimli cəzaçəkmə müəssisəsində çəkməklə üç il azadlıqdan məhrum etmə ilə cəzalandırıb.
Hökmün çıxarılmasına gətirib çıxaran iclaslarda məhkəmə əsasən ərizəçinin qonşuları olmaqla, ərizəçi tərəfindən Z.A.-nın döyülməsini və sonuncunu öldürməklə hədələməklə bıçaqdan istifadə etdiyini bildirən bir neçə şahidin ifadələrini dinləyib. Ərizəçi ifadə verməkdən imtina edib. İddia olunur ki, məhkəmə ərizəçinin xeyrinə ifadə verməyə hazır olan şahidləri dinləməkdən imtina edib. Əlavə olaraq, məhkəmə iddia olunana görə ərizəçi tərəfindən istifadə olunmuş bıçağı maddi sübut kimi araşdırmayıb.
Ərizəçinin şikayəti üzrə 12 sentyabr 2002-ci ildə Apellyasiya Məhkəməsi rayon məhkəməsinin qərarını qüvvədə saxladı. 22 iyul 2003-cü ildə Ali Məhkəmə aşağı məhkəmələrin qərarlarını qüvvədə saxladı.
4. Həbsxanada olarkən ərizəçi ilə rəftar
26 iyun 2002-ci ildə ərizəçi 1 saylı İstintaq Təcridxanasında saxlanılarkən, onun həbsxana əməkdaşları tərəfindən döyüldüyü və bunun nəticəsində bədəninin müxtəlif hissələrinin zədələndiyi iddia olunur.
Məhkum olunduqdan sonra 19 sentyabr 2002-ci ildə ərizəçi qadın məhbuslar üçün ümumi recimli həbsxanada cəza çəkmək məqsədilə göndərilib. Ərizəçiyə görə, ora gəlməsindən bir qədər sonra o, həbsxananın əməkdaşları tərəfindən bir neçə dəfə döyülüb. Bir dəfə o, əl qandallarına bağlananadək döyülüb. Döyülmələrin birindən sonra o, intizam cəzaları alanlar üçün tək kameraya yerləşdirilib.
Nə ərizəçi, nə də onun vəkili həbsxana əməkdaşları tərəfindən iddia olunan pis rəftar hərəkətlərindən sonra tibbi ekspertiza üçün müraciət ediblər. Lakin ərizəçi cəzaçəkmə müəssisələrinə nəzarət edən Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinə (bundan sonra – «MQİBİ») şikayət məktubu yazıb. Bu idarənin nümayəndələri pis rəftar barədə ərizəçinin şikayətləri üzrə daxili araşdırmanı aparıblar. Sözügedən həbsxana əməkdaşlarını, eləcə də ərizəçi ilə cəza çəkən bir neçə məhbusu dindirdikdən sonra 11 noyabr 2002-ci ildə idarə hesabat verdi. Bu hesabata əsasən, ərizəçinin iddiaları saxta olub, ona görə ki, onun həbsxana əməkdaşları tərəfindən döyüldüyünü təsdiq edən sübutlar mövcud olmayıb. Şahid ifadələrinə istinadən MQİBİ qeyd edib ki, ərizəçi özü davamlı olaraq intizam qaydalarını pozub və həbsxana əməkdaşlarına, eləcə də başqa məhbuslara qarşı tez-tez kobud tərzdə hərəkət etmişdir. MQİBİ, həmçinin müəyyən edib ki, ərizəçinin əllərinin qandallanmasına gətirib çıxaran hadisə həqiqətən baş verib, lakin ərizəçi Cəzaların İcrası Məcəlləsinin 78.2-ci maddəsinə uyğun olaraq qanuni şəkildə qandallanıb, ona görə ki, o, intizamsız davranışa və həbsxananın daxili qaydasının pozulmasına yol verib.
2002-ci ilin noyabrında həbsxana müdiri Xətai rayon məhkəməsindən ərizəçinin qadın məhbuslar üçün həbsxanadan yüksək təhlükəsizlik həbsxanasına köçürülməsini xahiş edib, ona görə ki, iddia edilənə görə ərizəçi özünü pis aparıb, daxili intizam qaydalarını mütəmadi olaraq pozub və həbsxana əməkdaşlarına qarşı təhqiredici hərəkətlər edib. Ərizəçiyə görə, bu ittihamlar saxta olub. 11 noyabr 2002-ci ildə Xətai rayon məhkəməsi bu müraciəti təmin edib və ərizəçinin üç ay müddətinə Qobustan yüksək təhlükəsizlik həbsxanasına köçürülməsini əmr edib. Qobustan həbsxanasında, bir qayda olaraq, ağır cinayətlər törətmiş, ömürlük azadlıqdan məhrum etmə cəzası almış şəxslər cəza çəkirlər. Əlavə olaraq ərizəçiyə görə, o, bu həbsxanada cəza çəkən yeganə qadındır.
10 may 2004-cü ildə Prezident ərizəçini cəzasının qalan hissəsini çəkməsindən azad edən əfv fərmanı verib. O, həmin gün həbsxanadan azad edilib.
B. Müvafiq daxili qanunvericilik
1. Cəzaların icrası üzrə qanunvericilik
Cəzaların İcrası Məcəlləsi məhbuslarla qeyri-insani və alçaldıcı rəftarı qadağan edir. Həbsxana müdiriyyəti tərəfindən hər hansı məcburi tədbir yalnız qanunla nəzərdə tutulmuş hallarda tətbiq oluna bilər (10-cu maddə). Məcəllə hüquq və azadlıqların iddia olunan pozulmasından məhbusun şikayət edə bildiyi proseduru nəzərdə tutur (10 və 14-cü maddələr). Cəzaçəkmə müəssisələrinin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.
2. İşgəncəyə və qeyri-insani, eləcə də alçaldıcı rəftara görə cinayət məsuliyyəti
Cinayət Məcəlləsinə müvafiq olaraq, həbsdə olan və ya başqa yolla azadlıqdan məhrum olunan şəxsə işgəncənin verilməsi yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılan cinayəti təşkil edir (113-cü maddə). Rəsmi şəxs qismində dövlət qulluqçusu tərəfindən mütəmadi döymələr və ya başqa zorakı hərəkətlərlə şəxsə fiziki və ya psixoloci əziyyətin verilməsi beş ildən on ilədək azadlıqdan məhrum etmə cəzalandırılan cinayəti təşkil edir (133-cü maddə).
Cinayət Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsasən, cinayət işi iddia olunan cinayət əməlinin qurbanı tərəfindən verilən şikayət əsasında qaldırılır.
3. Dövlət hakimiyyəti orqanının qanunsuz hərəkəti və ya səhvinə qarşı mülki iddia
«Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət verilməsi haqqında» 11 iyun 1999-cu il tarixli Qanun (bundan sonra – «Qanun») dövlət hakimiyyətinə qarşı iddialar üçün məhkəmə müdafiəsini nəzərdə tutur. Qanunun 2-ci maddəsinə əsasən, dövlət hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin vətəndaşın hüquq və azadlıqlarını pozan hər hansı qərar və ya hərəkətindən (a) birbaşa məhkəməyə; və ya (b) yuxarı (nəzarətedici) vəzifəli şəxsə şikayət verilə bilər. Şikayət nəzarətedici hakimiyyət orqanına verildikdə, bu orqan şikayətin alınmasından sonrakı bir ay ərzində ərizəçini şikayətinə baxılmasının nəticələri barədə məlumatlandırmalıdır.
Bu Qanunun 5-ci maddəsinə əsasən, məhkəməyə birbaşa şikayət şəxsin öz hüquq və azadlıqlarının pozulması barədə bildiyi andan bir ay ərzində verilə bilər. Lakin ərizəçi ilkin olaraq yuxarı vəzifəli şəxsə şikayət verdikdə, nəzarətedici orqanın qərarından məhkəməyə şikayət sonuncu qərarın qəbul edilməsindən sonra bir ay ərzində verilə bilər. Ərizəçi bu müddəti üzrlü səbəblərdən ötürdükdə, məhkəmə gecikmiş şikayəti qəbul edə bilər.
Qanunun 6-cı maddəsinə əsasən, məhkəmə mübahisəli qərarları və ya hərəkətləri qanunsuz elan edə, ərizəçilərin üzərinə qoyulmuş məsuliyyət tədbirlərini ləğv edə və ya pozulmuş hüquq və azadlıqları bərpa etmək üçün başqa tədbirləri görə və qanunsuz qərarlar və ya hərəkətlərə görə dövlət hakimiyyəti orqanının məsuliyyətini müəyyən edə bilər. Vətəndaşların hüquq və azadlıqlarının pozulmasının məhkəmə tərəfindən müəyyən edilməsi Dövlətə qarşı zərərə görə mülki iddiaya əsas verir.
Mülki Məcəllə oxşar müddəaları əks etdirir. Mülki Məcəlləyə əsasən, vətəndaşlar və dövlət hakimiyyət orqanları arasında mübahisələr mülki iddianın predmeti ola bilər (2 və 5-ci maddələr). Dövlət hakimiyyətinin və ya onun vəzifəli şəxslərinin qanunsuz qərarları və ya hərəkətləri Dövlətə qarşı zərərə görə mülki iddiaya əsas verir (22-ci maddə). Dövlətin mülki məsuliyyəti adi hüquqi şəxsin məsuliyyəti ilə eynidir (43-cü maddə).
Mülki Prosessual Məcəllə vətəndaşın Dövlətə qarşı zərərə görə mülki icraatın prosesini müəyyən edir.
4. İnzibati Xətalar Məcəlləsi
Maddə 310. Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə
qəsdən tabe olmama
«310.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama – şərti maliyyə vahidinin iyirmi mislindən iyirmi beş mislinədək miqdarda cərimə edilir; və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə, on beş günədək müddətə inzibati həbs tətbiq olunur».
5. Cinayət Məcəlləsi
Maddə 221. Xuliqanlıq
«221.1. Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər ...
221.3. Xuliqanlıq, silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.»
ŞİKAYƏTLƏR
1. Ərizəçi Konvensiyanın 3-cü maddəsinə əsasən şikayət edib ki, o, həbsdə və həbsxanada olan vaxt döyülmüş və başqa yolla zədələnmiş və alçaldılmış, eləcə də təhlükəli cinayətkarlar üçün yüksək təhlükəsizlik həbsxanasına köçürülmüşdür.
2. Ərizəçi Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə əsasən şikayət edib ki, polisə tabe olmamağa görə on günlük «inzibati həbs» qanunsuz olub, ona görə ki, o, inzibati xəta törətməyib.
3. Cinayət işinə aid ərizəçi:
(a) Konvensiyanın 5-ci maddəsinin 2-ci bəndinə əsasən şikayət edib ki, on günlük «inzibati həbsin» bitməsindən sonra o, sonrakı həbs olunmasının səbəbləri və ona qarşı ittiham barədə dərhal məlumatlandırılmayıb;
(b) Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən şikayət edib ki, onun işi üzrə məhkəmə araşdırılması açıq olmayıb, ona görə ki, ona iclasın video qeydinin aparılmasına icazə verilməyib və mətbuat iclas zalına buraxılmayıb;
(c) Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən şikayət edib ki, məhkəmə araşdırılmasından əvvəl Səbail rayon Polis İdarəsinin rəisi onun cinayət əməlində təqsirli elan edilməsinə dair açıq bəyanat verib;
(d) Konvensiyanın 6-cı maddəsinin 3 (a), (b) və (d) bəndlərinə əsasən şikayət edib ki, o, başa düşdüyü dildə (rus) ona qarşı irəli sürülmüş ittihamların mahiyyəti barədə məlumatlandırılmayıb, müdafiəsinin hazırlanması üçün adekvat vaxtla təmin edilməyib və məhkəmə onun xeyrinə verilmiş şahid ifadələrinə lazımi diqqət yetirməyib; və
(e) Konvensiyanın 7-ci maddəsinin 1-ci bəndinə əsasən şikayət edib ki, o, Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən daha ağır cinayətə görə məhkum olunub, halbuki, məhkəmə Cinayət Məcəlləsinin daha yüngül cəzanı nəzərdə tutan 132-ci maddəsini tətbiq etməli olmuşdur. O iddia edib ki, ədalətsiz araşdırma və sübutların səhv qiymətləndirilməsi nəticəsində məhkəmə daxili cinayət qanunvericiliyinin müddəasını səhv tətbiq edib.
4. Daha sonra ərizəçi şikayət edib ki, Konvensiyanın 10-cu maddəsində təsbit olunmuş ifadə etmək azadlığı və Konvensiyanın 11-ci maddəsi ilə təmin olunmuş birləşmək azadlığı ehtimal olunan qanunsuz tutulma, həbs və məhkumluqla pozulub və bütün bunlar onun siyasi nümayişlərə cəlb olunmasından sonra baş verib.
5. Bundan sonra ərizəçi şikayət edib ki, Konvensiyanın 6-cı maddəsi ilə birgə 13-cü maddəyə zidd olaraq, onun işi üzrə milli hakimiyyət orqanları qarşısında bütün vasitələr səmərəsiz olub. Bütün iş saxtalaşdırılıb və o heç zaman etmədiyi cinayət əməlinə görə məhkum olunub.
6. Nəhayət, Konvensiyanın 14-cü maddəsinə istinadən ərizəçi şikayət edib ki, o, milli hakimiyyət orqanları tərəfindən siyasi fikrinə və etnik mənsubiyyətinə (xüsusən, onun analığının erməni mənşəli olduğuna) görə ayrı-seçkiliyə məruz qalıb.
HÜQUQİ MƏSƏLƏLƏR
A. İddia olunan pis rəftara dair
Ərizəçi şikayət edib ki, onun həbsinin şəraiti və həbsxanada məruz qaldığı rəftar Konvensiyanın aşağıdakıları nəzərdə tutan 3-cü maddəsinin pozuntusuna əsas verib:
«Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır.»
Hökumət bildirib ki, ərizəçi ona əlçatan olan bütün daxili vasitələri tükəndirməyib. Hökumət göstərib ki, ərizəçinin ixtiyarında bir neçə vasitələr olub. Birincisi, Cəzaların İcrası Məcəlləsinə əsasən, o, cəzaçəkmə müəssisələrinə nəzarət edən Ədliyyə Nazirliyinə həbsin şəraiti barədə şikayət verə bilərdi. İkincisi, o, Cinayət Məcəlləsinin müvafiq müddəalarına əsasən, həbsxanada iddia olunan pis rəftara görə cinayət məsuliyyətinə dair şikayət verə bilərdi. Üçüncüsü, o, daxili hüquq sistemində birbaşa tətbiq edilə bilən Konvensiyanın 3-cü maddəsinə, eləcə də dövlət qulluqçuları tərəfindən hakimiyyətdən sui-istifadəyə aid daxili qanunvericiliyin müvafiq müddəalarına istinadən, iddia olunan pis rəftara görə kompensasiya üçün səlahiyyətli rayon məhkəməsində mülki iddia qaldıra bilərdi.
Ərizəçi bildirib ki, o, MQİBİ-yə şikayət verib və iddia edib ki, bu orqan etibarsız araşdırma aparıb və onun iddialarının saxta olmasına dair qənaətə gəlib. Lakin hakimiyyət orqanlarının onun şikayətlərinə yanaşmasının qərəzli olduğuna inandığı üçün, əlavə olaraq cinayət məsuliyyəti ilə bağlı şikayətin və ya kompensasiya üzrə mülki iddianın verilməsi ondan tələb olunmurdu. Ərizəçi təsdiq edib ki, belə vasitələr daxili qanunvericiliyə əsasən ona əlçatan olub, lakin iddia edib ki, təcrübədə onlar səmərəsiz olardı və bu vasitələr üzrə kompensasiyanın əldə olunmasına dair hər hansı cəhd faydasız olar.
Məhkəmə xatırladır ki, Konvensiyanın 35-ci maddəsində göstərilən daxili vasitələrin tükənməsi barədə qayda Dövlətə qarşı işlərini beynəlxalq məhkəmə və ya arbitrac orqanları qarşısına çıxarmaq istəyənlərin üzərinə öhdəlik qoyur ki, ilk növbədə milli hüquq sistemləri ilə təmin olunmuş vasitələrdən istifadə etsinlər və bununla, öz hüquqi sistemləri vasitəsilə məsələni həll etmək imkanına malik olmaqla, onlar Dövlətləri hərəkətlərinə görə beynəlxalq orqanlar qarşısında cavab verməkdən azad etmiş olarlar. Bu qaydaya riayət etmək üçün ərizəçi tərəfindən iddia olunan pozuntulara aid kompensasiyanın təqdim edilməsinə əlçatan və kifayətedici olan vasitələrə normal müraciətlə üz tutulmalıdır (bax, Aksoy Türkiyəyə qarşı iş üzrə 18 dekabr 1996-cı il tarixli qərar, Qərar və Qərardadların Hesabatı, 1996-VI, ss. 2275-76, §§ 51-52).
Hazırkı işdə ərizəçi məsələ üzrə daxili araşdırmanı keçirən MQİBİ-yə şikayət verib. Ədliyyə Nazirliyinin struktur vahidi olan MQİBİ ərizəçinin cəzasını çəkdiyi cəzaçəkmə müəssisəsinin fəaliyyətinə nəzarət edən orqan olub. Araşdırma 11 noyabr 2002-ci il tarixli rəsmi hesabatla nəticələnib və bu hesabatın nəticə hissəsinə görə ərizəçinin iddiaları saxta olub. Lakin Məhkəmə belə nəticəyə gələ bilməz ki, cəzaçəkmə müəssisəsinə nəzarət edən dövlət orqanına sadəcə olaraq şikayət verməklə, ərizəçi daxili vasitələrin tükənməsi tələbinə riayət edib. Daxili qanunvericiliyin müvafiq müddəalarını, o cümlədən «Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət verilməsi haqqında» Qanunun 2 və 5-ci maddələrini nəzərə alaraq, Məhkəmə qeyd edir ki, nəzarətedici dövlət hakimiyyəti orqanının tabeçilikdə olan orqan tərəfindən şəxsin hüquq və azadlıqlarının pozulması barədə şikayətə aid qərarı daxili məhkəmələrdə mübahisələndirilə bilər. Buna görə, MQİBİ tərəfindən aparılmış araşdırmanın nəticələri rayon məhkəməsində mülki icraat qaydasında sonrakı yoxlanılma üçün açıq olub. Ərizəçi, həmçinin ona qarşı iddia olunan pis rəftarda təqsirli olan həbsxana əməkdaşlarına qarşı cinayət işinin başlanılması tələbinə dair şikayət verə bilərdi.
Bununla bağlı ərizəçi mübahisələndirmir ki, daxili qanunvericiliyə əsasən, cinayət işinin başlanılmasını xahiş etməklə prokurora şikayət vermək və ya həbsxana müdiriyyətinin iddia olunan qanunsuz hərəkətlərindən dəymiş zərərə görə iddia qaldırmaq açıq olub və bu araşdırmalar çərçivəsində hakimiyyət orqanları tərəfindən tibbi ekspertizanın keçirilməsi və zədələr olduqda, onların qeydə alınması mümkün olub. Lakin ərizəçi nə iddia olunan pis rəftardan dərhal sonra, nə də MQİBİ-nin daxili araşdırılmasından sonra qeyd olunan hakimiyyət orqanlarının diqqətini şikayətinə cəlb etmək üçün hər hansı addımlar atmayıb. Bundan başqa, o, belə addımların səmərəsiz olduğunu inandırıcı tərzdə göstərməyib. Vasitənin səmərəsizliyinə dair yalnız şübhələr hüquqların bərpası məqsədilə əlçatan ünvanlardan normal istifadə tələbindən azad edilmək üçün kifayət deyildir (bax, Kemerov Bolqarıstana qarşı iş üzrə 02 sentyabr 2004-cü il tarixli qərardad, № 44041/98).
Buna görə, Məhkəmə hesab edir ki, ərizəçi ona əlçatan olan vasitələrdən daxili səviyyədə istifadə etməklə kompensasiyanın əldə olunması üçün cəhd etmədiyinə görə, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 1 və 4-cü bəndlərinə əsasən daxili vasitələrin tükənməməsi səbəbindən rədd olunmalıdır.
B. Polisə tabe olmamağa görə inzibati həbsə dair
Ərizəçi Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə əsasən şikayət edib ki, polisə tabe olmamağa görə on günlük inzibati həbs qanunsuz olub. Şikayət yalnız ərizəçinin tutulmasına və polis bölməsinə deyil, həmçinin, onun məhkumluğu və «inzibati həbsi» ilə nəticələnən məhkəmə araşdırmalarına aid olduğu üçün Məhkəmə hesab edir ki, şikayət qismən Konvensiyanın 6-cı maddəsinin dairəsinə düşür. Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi aşağıdakıları nəzərdə tutur:
«1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa azadlığından məhrum edilə bilməz:
a) səlahiyyətli məhkəmə tərəfindən məhkum olunduqdan sonra şəxsi qanuni həbsə almaq;
c) hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud törətdikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsasların olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması; ...»
Konvensiyanın 6-cı maddəsi aşağıdakıları nəzərdə tutur:
«1. Hər kəs, onun ... ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, ... məhkəmə vasitəsilə, ... işinin ədalətli ... araşdırılması hüququna malikdir. ... »
Hökumət bildirib ki, ərizəçi Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə əsasən səlahiyyətli məhkəmə tərəfindən məhkum olunduqdan sonra qanuni həbsə məruz qalıb. Sanksiya ərizəçinin polisə tabe olmamasına aid məhkəmə baxışından sonra İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq onun üzərinə qoyulub.
Ərizəçi bildirib ki, onun həbsi qanunla müəyyən olunmuş prosesə uyğun olmayıb və inzibati həbs barədə Səbail rayon məhkəməsinin qərarı qanunsuz olub. 24 aprel 2002-ci ildə o, qanuni əsas olmadan polis bölməsinə aparılıb. O, müstəntiq qarşısına gəlmək üçün hər hansı çağırış vərəqələri ilə təmin edilməyib. Bundan başqa, polis əməkdaşları «söhbət» üçün polis bölməsinə aparılmasının səbəblərini ona aydın şəkildə izah etməyiblər. Polis bölməsinə gətirildikdən sonra polis əməkdaşları onu İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsinə zidd olaraq polisin qanuni tələblərinə tabe olmamaqda ittiham ediblər. O, öz qərarını yalnız polis əməkdaşları tərəfindən hazırlanmış inzibati xəta haqqında protokolla əsaslandıran və hadisənin hallarını və polisin hərəkətlərinin qanuniliyini hərtərəfli yoxlamayan, onu dərhal «inzibati həbs» ilə cəzalandıran hakim qarşısına gətirilib. Bununla bağlı, ərizəçi iddia edir ki, ona ədalətli araşdırma və məhkəmə hüququndan imtina edilib. 24 aprel 2002-ci ildəki hadisələr zamanı o, polis tərəfindən həbs edilməsinin səbəblərini, eləcə də Səbail rayon məhkəməsi tərəfindən həbs olunmasının səbəblərini çətin başa düşürdü. Ərizəçinin vəkillə təmsil olunduğu Apellyasiya Məhkəməsindəki sonrakı araşdırma onun iştirakı olmadan aparılıb, baxmayaraq ki, onun vəkili bu barədə vəsatət verib.
Məhkəmə tərəflərin dəlilləri baxımından hesab edir ki, şikayətin bu hissəsi Konvensiya üzrə hüquq və faktların kompleks məsələlərini qaldırır ki, bunun həlli şikayətə mahiyyəti üzrə baxılmasından asılıdır. Buna görə, Məhkəmə hesab edir ki, şikayətin bu hissəsi Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndi baxımından açıq-aşkar əsassız deyildir. Onun qeyri-məqbul elan edilməsi üçün hər hansı başqa əsaslar müəyyən edilməyib.
C. Cinayət işinə aid şikayətlərə dair
1. Ərizəçi Konvensiyanın 5-ci maddəsinin 2-ci bəndinə əsasən şikayət edib ki, «inzibati həbsin» on günlük müddəti bitdikdə, o, sonrakı həbsin və ona qarşı ittihamların səbəbləri barədə dərhal məlumatlandırılmayıb. Konvensiyanın 5-ci maddəsinin 2-ci bəndi aşağıdakıları nəzərdə tutur:
«2. Tutulmuş hər bir kəsə ona aydın olan dildə onun tutulmasının səbəbləri və ona qarşı irəli sürülən istənilən ittiham barədə dərhal məlumat verilir.»
Hökumət bildirib ki, ərizəçi daxili vasitələri tükəndirməyib, ona görə ki, o, bu şikayəti daxili məhkəmələrdə heç zaman qaldırmayıb. Hökumət daha sonra bildirib ki, hər bir halda o, özünə qarşı cinayət işinin 26 mart 2001-ci ildə başlanılması faktından xəbərdar olub. O, bu işə aid ilk dəfə 04 may 2001-ci ildə dindirilib. Bundan sonra o, bir neçə dəfə dindirilib. 25 aprel 2002-ci ildə inzibati həbsdə olarkən, ittiham aktı ərizəçiyə vəkilinin və tərcüməçinin iştirakı ilə elan edilib. Müvafiq olaraq, Hökumət bildirib ki, 25 aprel 2002-ci ildə ərizəçiyə ittiham aktının elan edilməsi sonrakı ibtidai həbsinin səbəblərinə onun diqqətini cəlb edib.
Ərizəçi ibtidai həbsin səbəbləri barədə dərhal məlumatlandırılmamasını təkrar edib.
Məhkəmə ilk növbədə qeyd edir ki, texniki cəhətdən 24 aprel 2002-ci ildən 03 may 2002-ci ilədək ərizəçi polisə tabe olmamağa görə inzibati xəta üçün məhkumluq əsasında həbsdə saxlanılıb. 04 may 2002-ci ildən sonra o, özünə qarşı həyata keçirilən cinayət təqibi üzrə ibtidai həbsdə olub. Bu şikayət ərizəçinin 04 may 2002-ci ildən başlayan ibtidai həbsinə aid olub.
Məhkəmə ərizəçi tərəfindən daxili vasitələrin tükənməsi güman olunsa belə, hesab edir ki, bu şikayət aşağıdakı səbəblərə görə qeyri-məqbuldur.
Konvensiyanın 5-ci maddəsinin 2-ci bəndi elementar təminatı əks etdirir ki, həbs olunmuş hər hansı şəxs azadlıqdan məhrum edilməsinin səbəbləri barədə məlumatlandırılmalıdır. Həbs olunmuş hər hansı şəxs sadə, qeyri-texniki dildə, həbsinin əsas hüquqi və faktiki səbəbləri barədə məlumatlandırılmalıdır (bax, D.D. Polşaya qarşı iş üzrə 05 oktyabr 2000-ci il tarixli qərardad, № 29461/95). Verilən məlumatın məzmununun və dərhallığının kifayətedici olub-olmaması hər bir işdə onun xüsusiyyətləri baxımından qiymətləndirilməlidir (bax, Foks, Kampbel və Hartli Birləşmiş Krallığa qarşı iş üzrə 30 avqust 1990-cu il tarixli qərar, A Seriyaları, № 182, § 40).
Məhkəmə qeyd edir ki, ərizəçiyə qarşı cinayət işi 26 mart 2001-ci ildə başlanılıb, onun həbsi barədə qərar isə 26 aprel 2002-ci ildə verilib və o, faktiki həbsdə 04 may 2002-ci ildən olub. Həbsdən əvvəl o, bir neçə dəfə şübhəli şəxs qismində dindirilib. 25 aprel 2002-ci ildə ittiham aktı şifahi olaraq vəkilin və tərcüməçinin iştirakı ilə ona elan edilib. Səbail rayon məhkəməsinin həbs qərarı 26 aprel 2002-ci ildə ərizəçiyə elan edilib və o, bu qərarın surəti ilə təmin olunub. 01 may 2002-ci ildə ərizəçi və onun vəkili tərcüməçinin iştirakı ilə işlə tanış olublar. Belə olan halda, Məhkəmə hesab edir ki, ərizəçi ibtidai həbsinin əsas səbəbləri barədə dərhal məlumatlandırılıb.
Belə qənaətə gəlinir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasına görə açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 4-ci bəndi baxımından rədd edilməlidir.
2. Ərizəçi Konvensiyanın 6-cı maddəsinə əsasən şikayət edib ki, onun barəsində məhkəmə araşdırılması açıq olmayıb, mediada polis tərəfindən verilmiş bəyanatla onun təqsirsizlik prezumpsiyası pozulub, o, başa düşdüyü dildə (rus) özünə qarşı ittihamların mahiyyəti barədə məlumatlandırılmayıb, müdafiəsini hazırlamaq üçün hər hansı adekvat vaxtla təmin edilməyib və məhkəmə onun xeyrinə ifadə verən şahidlərin ifadələrinə lazımi diqqət göstərməmişdir. Konvensiyanın 6-cı maddəsi müvafiq hissədə aşağıdakıları nəzərdə tutur:
«1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən ... məhkəmə vasitəsilə, ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
2. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.
3. Cinayət törətməkdə ittiham olunan hər kəs ən azı aşağıdakı hüquqlara malikdir:
a) ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq;
b) öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq;
d) onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlər çağırmaq və dindirməyə nail olmaq; ...»
Hökumət bildirib ki, ərizəçi daxili vasitələri tükəndirməyib, ona görə ki, o, yuxarıdakı şikayətlərin heç birini mahiyyəti üzrə apellyasiya və kassasiya məhkəmələrində qaldırmayıb.
Ərizəçi bildirib ki, ümumiyyətlə Azərbaycandaki daxili vasitələr «faydasız» və səmərəsiz olub və buna görə, bu şikayətlərin mahiyyəti üzrə apellyasiya və kassasiya məhkəmələrində qaldırılması faydasız olardı.
Məhkəmə xatırladır ki, Konvensiyanın 35-ci maddəsi normal şəkildə tələb edir ki, sonradan Strasburqa verilməli olacaq şikayətlər ən azı mahiyyəti üzrə və daxili qanunvericilikdə təsbit edilmiş formal tələblərə və müddət məhdudiyyətlərinə riayət edilməklə daxili məhkəmələrə verilməlidir (bax, Kardo Fransaya qarşı 19 mart 1991-ci il tarixli qərar, A Seriyaları, № 200, § 34). Daxili məhkəmələr işi öz təşəbbüsləri ilə Konvensiya baxımından araşdırmaq imkanında və ya hətta öhdəliyində olsalar belə, bu, ərizəçini həmin daxili məhkəmələrdə Konvensiyaya istinad etmək və ya onlar qarşısında dəlilləri irəli sürmək, yaxud da nəticəni əldə etməkdən azad etmir ki, bununla da, ərizəçi sonradan zərurət olduqda, Avropa nəzarətinə cavabdeh olan təsisatlarda qaldırmaq niyyətində olduğu məsələyə məhkəmələrin diqqətini çəksin (bax, Ahmet Sadik Yunanıstana qarşı iş üzrə 15 noyabr 1996-cı il tarixli Qərar, Hesabatlar, 1996-V, §33).
Doğrudur ki, ərizəçi Nəsimi rayon məhkəməsinin 17 iyul 2002-ci il tarixli qərarından Apellyasiya Məhkəməsinə və sonradan Ali Məhkəməyə şikayət verdi. Ərizəçinin Apellyasiya Məhkəməsində və Ali Məhkəmədə irəli sürdüyü dəlilləri yoxlayaraq, Məhkəmə qeyd edir ki, onun şikayətləri işin mahiyyəti ilə məhdudlaşıb. Xüsusən, o, rayon məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsini mübahisələndirib və məhkum olunmasının əsasında duran öz hərəkətlərində corpus delicti-nin olmamasını iddia edib. Lakin Konvensiyanın 6-cı maddəsinə əsasən ərizəçinin Məhkəməyə verdiyi şikayətlərin heç biri nə Apelllyasiya Məhkəməsi, nə də Ali Məhkəmə qarşısında qaldırılıb.
Bundan başqa, ərizəçi bu şikayətlərin daxili məhkəmələr qarşısında qaldırılmaması üçün hər hansı inandırıcı izahatlar bildirməyib. Bununla bağlı, Məhkəmə xatırladır ki, vasitələrin «faydasız» və səmərəsiz olmasına dair ərizəçinin hər hansı inandırıcı sübutla təsdiqlənməyən ümumi inamı əlçatan daxili vasitələrdən istifadə etməmək üçün inandırıcı səbəb deyildir.
Belə nəticəyə gəlinir ki, şikayətlərin bu qrupu Konvensiyanın 35-ci maddəsinin 1 və 4-cü bəndlərinə əsasən daxili vasitələrin tükənməməsinə görə rədd olunmalıdır.
3. Ərizəçi şikayət edib ki, Konvensiyanın 7-ci maddəsinin 1-ci bəndinə zidd olaraq, o, həqiqətən törətdiyi cinayətdən daha ağır cinayətə görə məhkum edilib və nəticə etibarılə üzərinə daha ağır cəza qoyulub. Konvensiyanın 7-ci maddəsinin 1-ci bəndi aşağıdakıları nəzərdə tutur:
«1. Heç kəs törədildiyi zaman milli və ya beynəlxalq hüquqa görə cinayət sayılmayan hər hansı hərəkət və ya hərəkətsizliyə görə cinayət törətməkdə təqsirli hesab edilə bilməz. Habelə, cinayət əməlinin törədildiyi zaman tətbiq olunandan daha ağır cəza verilə bilməz.»
Məhkəmə xatırladır ki, Konvensiyanın 7-ci maddəsi cinayət qanununun müttəhimin zərərinə olaraq geriyə şamil olunmasını sadəcə olaraq qadağan etmir; o, həmçinin daha ümumi şəkildə cinayətlərin və cəzaların qanun mahiyyətli prinsipini təsdiq edir (nullum crimen nulla poena sine lege). Buna görə, Məhkəmənin nəzarət funksiyası ondan ibarətdir ki, sonrakı cinayət məhkumluğuna gətirib çıxaran əməlin şəxs tərəfindən törədilməsi vaxtında bu əməli cəzalandırılmalı edən hüquq normasının qüvvədə olduğunu və təyin olunmuş cəzanın bu müddəada müəyyən ediləndən artıq olmamasını yoxlasın (bax, Troyankovski və Roqots Polşaya qarşı iş üzrə 30 noyabr 1999-cu il tarixli qərardad, № 32731/96).
Məhkəmə qeyd edir ki, ərizəçi cinayəti təşkil etməyən əməli törətdiyini və ya cinayət hərəkətlərinin törədildiyi zaman tətbiq olunan cəzadan daha ağır cəza aldığını göstərən hər hansı dəlil irəli sürməyib. Əksinə, Məhkəmə qeyd edir ki, o, 01 sentyabr 2000-ci ildən başlayaraq hadisələrin baş verdiyi vaxtda qüvvədə olan Cinayət Məcəlləsinin 221.3-cü maddəsi əsasında məhkum olunub. Məhkəmə qeyd edir ki, onun üzərinə qoyulmuş cəza bu müddəa ilə təsbit olunmuş həddi aşmayıb. Buna görə, Məhkəmə hesab edir ki, Konvensiyanın 7-ci maddəsinin 1-ci bəndi üzrə ərizəçinin şikayəti əsassızdır.
Belə nəticəyə gəlinir ki, şikayətin bu hissəsi Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndlərinə əsasən açıq-aşkar əsassız kimi rədd olunmalıdır.
D. Başqa şikayətlərə dair
Malik olduğu materiallar baxımından ərizəçinin qalan şikayətlərini (4, 5 və 6 saylı şikayətlərini), şikayət olunan məsələlərin onun səlahiyyətində olduğu qədər araşdıraraq, Məhkəmə hesab edir ki, onlar Konvensiya və ya onun protokolları ilə təsbit olunmuş hüquq və azadlıqların pozulmasının hər hansı görüntüsünü aşkar etmir. Belə nəticəyə gəlinir ki, şikayətin bu hissəsi Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndlərinə əsasən açıq-aşkar əsassız kimi rədd olunmalıdır.
Bu səbəblərə görə, Məhkəmə yekdilliklə,
Məsələnin mahiyyətinə toxunmadan, inzibati həbsin qanuniliyinə aid ərizəçinin şikayətini məqbul elan edir (Konvensiyanın 5 və 6-cı maddələri);
Şikayətin qalan hissələrini qeyri-məqbul elan edir.
Soren NilsenXristos Rozakis
Katib Sədr
Full & Egal Universal Law Academy