İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
Rahib Maksimovun Azərbaycana qarşı
38228/05 saylı şikayətinin
MƏQBULİYYƏTİNƏ DAİR
H İ S S Ə V İ Q Ə R A R D A D
İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) Palata kimi
01 fevral 2007-ci il tarixdə aşağıdakı tərkibdə,
cənab X.Rozakis, Sədr,
cənab L.Lukaides,
xanım N.Vaciç,
cənab A.Kovler,
xanım E.Steyner,
cənab X.Hacıyev,
cənab D.Spilman, hakimlər,
və cənab S.Nilsen, Bölmə Katibi,
yuxarıda qeyd olunan 12 oktyabr 2005-ci il tarixdə verilmiş şikayəti nəzərə alaraq,
müzakirə apararaq, qərara alır:
FAKTLAR
Ərizəçi cənab Rahib Maksimov 1961-ci ildə anadan olmuş Azərbaycan vətəndaşıdır. Məhkəmə qarşısında onu Bakıda vəkil işləyən cənab E.Osmanov təmsil edib.
A. İşin halları
Tərəflərin təqdim etdiklərinə görə işin halları aşağıdakı kimi ümumiləşdirilə bilər.
1. Ərizəçinin ilkin məhkum olunması və ölüm cəzasının ömürlükdən azadlıqdan məhrum olunma ilə əvəzlənməsi
Ərizəçi ləzgi etnik mənşəlidir. O, üzvləri tərəfindən Ləzgi firavanlıq və mədəniyyət təşkilatı kimi qiymətləndirilən «Sadval»ın üzvü olub. Lakin təşkilat radikal milliyyətçi və separatist ideyalara havadarlıq etməkdə də qiymətləndirilib.
1994-cü ildə ərizəçi həbs olunub və 19 mart 1994-cü ildə Bakı metrosunda baş vermiş qumbara partlayışını planlaşdıranlardan və hazırlayanlardan biri kimi məhkəməyə verilib. Bu partlayış nəticəsində 14 nəfər vəfat edib və 50 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ərizəçi, həmçinin bağında narkotik bitkilər becərməkdə ittiham olunub.
03 may 1996-cı ildə xüsusilə ağır cinayətlər üzrə birinci instansiya məhkəməsi qismində Ali Məhkəmə müəyyən edib ki, başqa təqsirləndirilən şəxslərlə birgə ərizəçi, inter alia, mülki əhali arasında bir çox itkilərlə nəticələnmiş qumbara partlayışını Bakı metrosunda planlaşdıran və həyata keçirən anti-hökumət mütəşəkkil qrupun yaradılmasında təqsirli olub. Məhkəmə həmin vaxtda qüvvədə olmuş 1960-cı il tarixli Cinayət Məcəlləsinin 15, 17, 61, 65 və 227-ci maddələrinə əsasən ərizəçini məhkum edib və əmlakı müsadirə edilməklə ona ölüm cəzasını təyin edib. Bu qərar qəti olub və həmin vaxtda tətbiq edilən cinayət prosesi qaydalarına görə şikayətin predmeti ola bilməzdi.
10 fevral 1998-ci ildə Parlament bütün müvafiq daxili hüquqi müddəaları dəyişərək, ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənən «Azərbaycan Respublikasında ölüm cəzasının ləğvi ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Cinayət Prosessual Məcəlləsinə və İslah-Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Qanun qəbul edib (bundan sonra – “10 fevral 1998-ci il tarixli Qanun”). 10 fevral 1998-ci il tarixli Qanun ölüm cəzasını ömürlükdən azadlıqdan məhrum etmə ilə əvəzləməklə bütün müvafiq daxili hüquq normalarını dəyişdirib. Ərizəçi daxil olmaqla ölümə məhkum olunan bütün məhkumların cəzaları avtomatik olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına dəyişdirilməli idi.
Azərbaycan Avropa Şurasına daxil olarkən, ərizəçinin adı Baş Katibin ekspertləri tərəfindən təqdim olunmuş «Azərbaycanda ehtimal olunan siyasi məhbus»ların siyahısına daxil edilib.
2. Ali Məhkəmədə kassasiya araşdırmaları
2000-ci ildə Azərbaycan Respublikasının yeni Cinayət Prosessual Məcəlləsi və yeni Cinayət Məcəlləsi qəbul olunub. 01 sentyabr 2000-ci ildə yeni CPM-in qüvvəyə minməsindən əvvəl 14 iyul 2000-ci ildə Parlament köhnə cinayət prosessual qaydalara müvafiq olaraq çıxarılmış birinci instansiya məhkəməsinin qərarlarından şikayət etməyə icazə verən keçid qanunu qəbul edib (bundan sonra – “Keçid Qanunu”).
Ərizəçi Keçid Qanunla ona verilmiş imkandan istifadə etməyə çalışıb və 04 avqust 2004-cü ildə Ali Məhkəməyə kassasiya şikayəti verib. O, hüquqi yardım almadan, şikayətini özü tərtib edib. O, şikayətində iddia edib ki, 03 may 1996-cı ildə məhkum olunması ədalətsiz olub. O, bir neçə ay ərzində Ali Məhkəmədən hər hansı cavab almayıb.
Eyni zamanda, onun qohumları ərizəçinin adından yeni şikayət tərtib etmiş və 26 may 2005-ci ildə onu Ali Məhkəməyə təqdim etmiş vəkil tutublar.
Lakin 14 iyun 2005-ci il tarixli məktubla Ali Məhkəmə vəkili məlumatlandırıb ki, artıq 12 aprel 2005-ci ildə iclas keçirilib və ərizəçinin 04 avqust 2004-cü il tarixli ilkin şikayəti araşdırılıb.
21 iyun 2005-ci il tarixli məktubla Ali Məhkəmə 12 aprel 2005-ci il tarixli qərarın tam surətini ərizəçiyə göndərib. Bu qərara görə məhkəmə müəyyən edib ki, ərizəçinin təqsiri birinci instansiya məhkəməsində araşdırma zamanı tam müəyyən edilib. Məhkəmə ərizəçinin şikayətini əsassız kimi rədd edib.
3. Ali Məhkəmənin Plenumunda əlavə kassasiya araşdırmaları
İşi Plenumun baxışına çıxarmaq xahişi ilə ərizəçi Ali Məhkəmənin sədrinə əlavə kassasiya şikayəti təqdim edib. Müraciət təmin edilib.
Ali Məhkəmənin Plenumunda ərizəçi, inter alia, iddia edib ki, onun məhkum olunması ədalətsiz olub və ona təyin olunmuş ölüm cəzası 15 il azadlıqdan məhrum etmə ilə əvəzlənməli idi. O, həmçinin iddia edib ki, 1960-cı il tarixli Cinayət Məcəlləsinin 61-ci maddəsinə (“Təxribat”) əsasən, onun məhkumluğu 2000-ci il tarixli Cinayət Məcəlləsinin maskimal cəzanı 15 il müəyyən edən 282-ci maddəsinə əsasən “yenidən tövsif” olunmalıdır.
24 noyabr 2005-ci il tarixdə Ali Məhkəmənin Plenumu ərizəçinin əlavə kassasiya şikayətini məhkumluğun ədalətsizliyinə və ölüm cəzasının ömürlük azadlıqdan məhrum etmə ilə əvəzlənməsinə aid hissədə rədd etdi. Lakin Plenum qəbul edib ki, 2000-ci il tarixli Cinayət Məcəlləsinə əsasən bəzi cinayətlərin mahiyyətində dəyişikliklərə görə ərizəçinin məhkumluqlarının “yenidən tövsifinə” ehtiyac vardır. Müvafiq olaraq, Plenum ərizəçinin məhkumluqlarını 1960-cı il tarixli Cinayət Məcəlləsinin 15, 17, 61 və 65-ci maddələrindən 2000-ci il tarixli Cinayət Məcəlləsinin 29, 32.2, 282.2, 214.2 və 274-cü maddələrinə “yenidən tövsif” edərək, onun ömürlük azadlıqdan məhrum etmə cəzasını qüvvədə saxladı. Xüsusən, Plenum müəyyən etdi ki, 1960-cı il tarixli Cinayət Məcəlləsinin 61-ci maddəsinə (“Təxribat”) əsasən ərizəçinin məhkumluğu 2000-ci il tarixli Cinayət Məcəlləsinin 214-cü maddəsinə (“Terrorizm”) uyğun olub, ona görə ki, “təxribat” cinayətinin mahiyyətindəki dəyişiklik səbəbindən bu cinayət “insanları öldürməyə və ya zədələməyə, yaxud onların səhhətinə başqa yolla zərər vurmağa yönəlmiş” elementini artıq daxil etmir. 2000-ci il tarixli Cinayət Məcəlləsinə əsasən bu element artıq “terrorizm” cinayətinin mahiyyətinin hissəsini təşkil edir.
Məhkəməyə şikayətin təqdim edilməsi vaxtında ərizəçi Qobustan həbsxanasında öz cəzasını çəkirdi.
B. Müvafiq daxili qanunvericilik
İşgəncəyə və qeyri-insani və alçaldıcı rəftara görə cinayət məsuliyyəti
Cinayət Məcəlləsinə müvafiq olaraq, həbsdə olan və ya başqa yolla azadlıqdan məhrum edilən şəxsə işgəncə verilməsi yeddi ildən on ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılan cinayətdir (113-cu maddə). Mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə beş ildən on ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılan cinayətdir (133-cü maddə).
Cinayət Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsasən, cinayət təqibi ehtimal olunan cinayətdən zərərçəkmiş tərəfindən verilən şikayət əsasında başlanır.
Dövlət hakimiyyəti orqanlarının hərəkət və ya hərəkətsizliyindən mülki iddia
«Vətəndaşların hüquq və azadlıqlarını pozan hərəkət və hərəkətsizliklərdən şikayətlər haqqında» 11 iyun 1999-cu il tarixli Qanun (bundan sonra – «Qanun») dövlət hakimiyyəti orqanlarına qarşı tələblər üçün məhkəmə müdafiəsini nəzərdə tutur. Bu Qanunun 2-ci maddəsinə müvafiq olaraq, dövlət hakimiyyəti orqanının insan hüquq və azadlıqlarını pozan hər hansı hərəkət və ya hərəkətsizliyi (a) birbaşa məhkəmə qarşısında; və ya (b) yuxarı (nəzarət) dövlət hakimiyyəti orqanında mübahisələndirilə bilər. Şikayət ilkin olaraq yuxarı hakimiyyət orqanına verildikdə, bu orqan şikayətin qəbul olunmasından sonra bir ay ərzində yazılı şəkildə şikayətçini şikayətinə baxılmasının nəticəsi barədə məlumatlandırmalıdır.
Həmin Qanunun 5-ci maddəsinə əsasən, məhkəmə şikayəti hüquq və azadlıqların pozulmasından şikayətçinin xəbərdar olduğu bir ay müddətində verilməlidir. Lakin şikayətçi tabe olan hakimiyyət orqanının hərəkət və ya hərəkətsizliyindən şikayəti ilkin olaraq nəzarət hakimiyyəti orqanına verdikdə, nəzarət orqanının qərarını mübahisələndirən məhkəmə şikayəti bu qərarın qəbul olunmasından bir ay müddətində verilməlidir. Müddətin bitməsindən sonra şikayətçi məhkəməyə müraciət etmək üçün üzrlü səbəbə malik olduqda, məhkəmə onu qəbul edə bilər.
Qanunun 6-cı maddəsinə əsasən, məhkəmə mübahisəli hərəkət və ya hərəkətsizliyi qanunsuz elan etmək, pozulmuş insan hüquq və azadlıqlarını bərpa etmək üçün şikayətçinin məruz qaldığı məsuliyyəti aradan qaldırmaq və ya pozulmuş hüquq və azadlıqları bərpa etmək üçün başqa tədbirlər görmək, eləcə də qanunsuz hərəkət və ya hərəkətsizlik üçün dövlət hakimiyyəti orqanının məsuliyyətini müəyyən etmək səlahiyyətinə malikdir. Şəxsin hüquq və azadlıqlarının pozulmasının məhkəmə tərəfindən müəyyən edilməsi Dövlətə qarşı zərərə görə mülki iddiaya əsas verir.
Mülki Məcəllə oxşar müddəaları nəzərdə tutur. Mülki Məcəlləyə müvafiq olaraq, hüquq və azadlıqlara aid fərdi şəxslərlə dövlət hakimiyyəti orqanı arasında mübahisə mülki iddianın predmeti ola bilər (2 və 5-ci maddələr). Dövlət hakimiyyəti orqanının və ya onun vəzifəli şəxslərinin qanunsuz hərəkət və ya hərəkətsizliyi Dövlətə qarşı zərərə görə mülki tələbə əsas verir (22-ci maddə). Dövlətin mülki məsuliyyəti adi hüquqi şəxsin məsuliyyəti ilə eynidir (43-cü maddə).
Mülki Prosessual Məcəllə fərdi şəxsin mülki icraatda Dövləti zərərə görə mühakiməyə cəlb etdiyi prosesi nəzərdə tutur.
1960-cı il tarixli Cinayət Məcəlləsi
15-ci maddə cinayəti törətməyə hazırlığa və cinayətə cəhdə görə cinayət məsuliyyətinə aiddir. 17-ci maddə cinayətdə iştirakçılığı müəyyən edir. 65-ci maddə dövlətə qarşı xüsusilə təhlükəli cinayətlərin hazırlığına və törədilməsinə, eləcə də anti-dövlət təşkilatlarında iştirakçılığa yönəlmiş təşkilati fəaliyyətin həyata keçirilməsinə aiddir (bu, ayrıca tətbiq olunmamaqla yalnız 57-64-cü maddələrlə birgə tətbiq edilən ümumi müddəa olub). 227-ci maddə narkotik maddələr olan qadağan edilmiş bitkilərin becərilməsi cinayətinə həsr edilib.
Maddə 61. Təxribat
«Dövləti zəiflətmək məqsədilə insanların kütləvi surətdə qırılmasına, onlara bədən xəsarəti yetirilməsinə, yaxud onların səhhətinə başqa şəkildə zərər vurulmasına, müəssisələrin, qurğuların, yolların, əlaqə və rabitə vasitələrinin, yaxud digər dövlət əmlakının və ya ictimai əmlakın dağıdılmasına, yaxud zədələnməsinə yönəldilən partlayışlar, yanğınlar törətmə və ya başqa hərəkətlər etmə, eləcə də eyni məqsədlərlə kütləvi surətdə zəhərlənmə və ya insanlar və heyanlar arasında yoluxucu xəstəliklər yayma –
əmlakı müsadirə olunmaqla səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya əmlakı müsadirə olunmaqla ölüm cəzası ilə cəzalandırılır.»
2000-ci il tarixli Cinayət Məcəlləsi
29-cu maddə cinayətə cəhdə aiddir. 32-ci maddə cinayətdə iştirakçılığı müəyyən edir. 274-cü maddə dövlətə xəyanətə həsr edilib.
Maddə 214. Terrorçuluq
«214.1. Terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə -
əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
214.2. Eyni əməllər:
214.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə;
214.2.2. təkrar törədildikdə;
214.2.3. odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə;
214.2.4. ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda -
əmlakı müsadirə olunmaqla on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.»
Maddə 282. Təxribat
«282.1. Azərbaycan Respublikasının müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədilə müəssisələrin, qurğuların, yolların, əlaqə və rabitə vasitələrinin, əhalinin həyat təminatı obyektlərinin dağıdılmasına, yaxud zədələnməsinə yönəldilən partlayışlar, yanğınlar və sair hərəkətlər törətmə, həmçinin eyni məqsədlə kütləvi surətdə zəhərləmə və ya insanlar və heyvanlar arasında yoluxucu xəstəliklər yayma -
səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
282.2. Eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə -
on iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.»
ŞİKAYƏTLƏR
Konvensiyanın 3-cü maddəsinə əsasən ərizəçi şikayət edib ki:
(a) o, tutulduqdan sonra 1994-cü ildə ibtidai həbsi zamanı, eləcə də 2005-ci ilin fevralında işgəncələrə məruz qalıb;
(b) Qobustan həbsxanasında hazırkı həbs şəraiti işgəncəni təşkil edib.
2. Konvensiyanın 6-cı maddəsinin 1 və 3-cü bəndlərinə əsasən ərizəçi şikayət edib ki, 02 may 1996-cı il tarixdə məhkumluğu ilə nəticələnmiş birinci instansiya məhkəməsində araşdırma ədalətsiz olub və məhkəmə əsassız olaraq xeyrinə ifadə verməyə hazır olan şahidləri dindirməyə dair vəsatətlərini rədd edib.
3. Konvensiyanın 6-cı maddəsinin 1 və 3-cü bəndlərinə əsasən ərizəçi şikayət edib ki, Ali Məhkəmə işə baxılmasının tarixi və yeri barədə onu məlumatlandırmayıb və onun kassasiyasına özünün və vəkilinin iştirakı olmadan yalnız dövlət ittihamçısının iştirakı ilə baxıb. Ali Məhkəmənin Plenumunda araşdırma da onun iştirakı olmadan aparılıb. Nəticədə, o, dəlillərini lazımınca irəli sürmək və kassasiya və əlavə kassasiya qaydasında səmərəli iştirak etmək imkanından məhrum edilib.
4. Konvensiyanın 7-ci maddəsinə əsasən ərizəçi şikayət edib ki:
(a) məhkəmə qərarı yerinə parlament aktı ilə ölüm cəzasının ömürlük azadlıqdan məhrum etmə ilə dəyişilməsi qanunsuz olub; və
(b) 1998-ci ildə ölüm cəzasının ömürlük azadlıqdan məhrum etmə ilə əvəzlənməsi onun ziyanına olub, ona görə ki, məhkum edildiyi əməlləri törətdiyi zaman ölüm cəzasına alternativ olan ən ağır cəza 15 il azadlıqdan məhrum etmə olub. Müvafiq olaraq, ölüm cəzasını ləğv edərkən, onun cəzası 15 il azadlıqdan məhrum etməyə dəyişilməli idi. Lakin cəzanın yeni növünü (ömürlük azadlıqdan məhrum etmə) daxil etdirməklə və 1998-ci ildə onun ölüm cəzasını ömürlük azadlıqdan məhrum etməyə avtomatik dəyişdirməklə, Ali Məhkəmənin Plenumu məhkum edildiyi əməlləri törətdiyi zaman 1960-cı il tarixli Cinayət Məcəlləsində ekvivalenti olmayan yeni Cinayət Məcəlləsinin müddəalarını tətbiq edib.
6. Daha sonra, ərizəçi Konvensiyanın 13 və 14-cü maddələrinə əsasən şikayət edib ki, onun işi üzrə daxili vasitələr səmərəsiz olub və o, «Sadval»da üzvlüyünə görə ayrı-seçkiliyə məruz qalıb.
HÜQUQİ MƏSƏLƏLƏR
1. (a) Konvensiyanın 3-cü maddəsinə əsasən ərizəçi şikayət edib ki, o, tutulduqdan sonra 1994-cü ildə ibtidai həbsi zamanı, eləcə də 2005-ci ilin fevralında işgəncələrə məruz qalıb.
1994-cü ildə işgəncəyə məruz qalması barədə ərizəçinin dəlilinə gəldikdə, Məhkəmə qeyd edir ki, şikayətin bu hissəsi 15 aprel 2002-ci ilədək, yəni Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi tarixədək baş vermiş hadisələrə aiddir. Belə nəticə çıxır ki, şikayətin bu hissəsi Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasında Konvensiyanın müddəalarına ratione temporis ziddir və Konvensiyanın 35-ci maddəsinin 4-cü bəndinə əsasən rədd edilməlidir.
2005-ci ilin fevralında işgəncəyə aid ərizəçi bildirib ki, bu zaman Qobustan həbsxanasında baş vermiş üsyan vaxtı ərizəçi daxil olmaqla, bir neçə məhbuslar hədələnmə məqsədilə dövlət təhlükəsizlik qüvvələri tərəfindən işgəncəyə məruz qalıb.
Şikayətin bu hissəsi ilə ərizəçi tərəfindən daxili vasitələrin tükəndiyi güman olunsa belə, Məhkəmə qeyd edir ki, ərizəçi bu hadisələr zamanı şəxsən hansı yolla və necə işgəncəyə məruz qalmasına dair hər hansı xüsusi təfsilatlar təqdim etməyib. Bundan başqa, o, ala bildiyi hər hansı zədələrlə bağlı tibbi rəylər kimi istənilən işgəncə sübutunu təqdim etməyib. Belə nəticəyə gəlinir ki, bu şikayət açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndlərinə əsasən rədd edilməlidir.
1. (b) Konvensiyanın 3-cü maddəsinə əsasən ərizəçi şikayət edib ki, Qobustan həbsxanasında hazırkı həbs şəraiti işgəncəni təşkil edib. Xüsusən, o iddia edib ki, radioya sahib olmaq icazə verilmədiyi çox kiçik kamerada saxlanılıb, qohumlar tərəfindən çox məhdud görüşlər keçirməyə icazə verilib, kamerasından kənar gün ərzində 30 dəqiqədən çox keçirə bilməyib, onun həbsxana yeməyi pis keyfiyyətli olub və s.
Məhkəmə qeyd edir ki, ərizəçi həbs şəraiti barədə hər hansı daxili hakimiyyət orqanına və ya məhkəməyə şikayət verməyib. Məhkəmə daha sonra qeyd edir ki, «Vətəndaşların hüquq və azadlıqlarını pozan hərəkət və hərəkətsizlikdən şikayətlər haqqında» Qanun dövlət hakimiyyəti orqanı tərəfindən insan hüquq və azadlıqlarını pozan hər hansı hərəkət və ya hərəkətsizlikdən məhkəmə müdafiəsini nəzərdə tutub. Həm Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsi, həm də daxili hüquqi sistemdə birbaşa tətbiq edilən olan Konvensiyanın 3-cü maddəsi qeyri-insani və ya alçaldıcı rəftarı qadağan edib. Buna görə, bu müddəalara istinadən, ərizəçi ya Ədliyyə Nazirliyinə (həbsxanalara rəhbərlik edən orqan kimi) şikayət edə və ya həbs şəraitindən şikayət etməklə birbaşa daxili məhkəmələrdə iddia qaldıra bilərdi. Lakin ərizəçi belə etməyə cəhd etməyib. Bundan başqa, ərizəçi inandırıcı şəkildə göstərməyib ki, belə addımlar səmərəsiz olacaqdır. Vasitənin səmərəliliyinə dair sadəcə şübhələr bərpa etmənin mümkün ünvanlardan normal istifadə etmək tələbindən azad olunmaq üçün kifayətedici deyildir (bax, Kunqurova Azərbaycana qarşı (qərardad), № 5117/03, 03 iyun 2005-ci il).
Belə nəticəyə gəlinir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 1 və 4-cü bəndlərinə əsasən daxili vasitələrin tükənməməsinə görə rədd edilməlidir.
2. Konvensiyanın 6-cı maddəsinin 1 və 3-cü bəndlərinə əsasən ərizəçi şikayət edib ki, 02 may 1996-cı il tarixdə məhkumluğu ilə nəticələnmiş birinci instansiya məhkəməsində araşdırma ədalətsiz olub və məhkəmə əsassız olaraq xeyrinə ifadə verməyə hazır olan şahidləri dindirməyə dair vəsatətlərini rədd edib.
Məhkəmə qeyd edir ki, birinci instansiya icraatı 15 aprel 2002-ci ilədək, yəni Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi tarixədək baş verib. Buna görə, Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə minməsindən sonra ərizəçi tərəfindən kassasiya şikayətinin verilməsinə baxmayaraq, Məhkəmə kassasiya şikayətinin verilməsinə səbəb olmuş birinci instansiya icraatının iddia olunan ədalətsizliyini araşdırmaq səlahiyyətli deyildir (bax, Abbasov Azərbaycana qarşı (qərardad), № 24271/05, 24 oktyabr 2006-cı il).
Belə nəticəyə gəlinir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasında Konvensiyanın müddəalarına ratione temporis ziddir və Konvensiyanın 35-ci maddəsinin 4-cü bəndinə əsasən daxili vasitələrin tükənməməsinə görə rədd edilməlidir.
3. Konvensiyanın 6-cı maddəsinə əsasən ərizəçi şikayət edib ki, o, Ali Məhkəmə tərəfindən kassasiya şikayətinin baxılmasına aid iclasa çağırış vərəqəsi almayıb. Buna görə, o, iclasda iştirak edə bilməyib və məhkəmə qarşısında işini lazımınca mübahisələndirmək imkanına malik olmayıb. Daha sonra, o şikayət edib ki, Ali Məhkəmənin Plenumunda da işə baxılma onun iştirakı olmadan aparılıb.
Məhkəmə hesab edir ki, işin materialları əsasında bu şikayətin məqbuliyyətini həll edə bilməz və buna görə tələb olunur ki, Məhkəmə Reqlamentinin 54-cü qaydasının 2 (b) bəndinə əsasən şikayətin bu hissəsi barədə cavabdeh Hökümətə məlumat verilsin.
4. (a) Konvensiyanın 7-ci maddəsinə əsasən ərizəçi şikayət edib ki, 1998-ci ildə ölüm cəzasının ömürlük azadlıqdan məhrum etməyə dəyişilməsinin tərzi, yəni bunun məhkəmə qərarı yerinə parlament aktı ilə edilməsi qanunsuz olub.
Şikayətin bu hissəsinin Konvensiyanın 7-ci maddəsinin dairəsinə düşdüyü güman olunsa belə, Məhkəmə hesab edir ki, bu şikayət aşağıdakı səbəblərə görə qeyri-məqbuldur. Mübahisəli hadisə, yəni parlament aktının müddəası ilə ölüm cəzasının dəyişilməsi 10 fevral 1998-ci ildə baş verib. Bu, 15 aprel 2002-ci ilədək, yəni Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi tarixədək olan dövrə təsadüf edir. Məhkəmə hesab edir ki, bu, ərizəçi daxil olmaqla, müvafiq məhbusların statusunda dərhal dəyişilmə ilə nəticələndiyi üçün bir anlıq hərəkət olub (bax, Hümmətov Azərbaycana qarşı (qərardad), № 9852/03 və 13413/04, 08 may 2006-cı il).
Belə nəticəyə gəlinir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasında Konvensiyanın müddəalarına ratione temporis ziddir və Konvensiyanın 35-ci maddəsinin 4-cü bəndinə əsasən daxili vasitələrin tükənməməsinə görə rədd edilməlidir.
4. (b) Konvensiyanın 7-ci maddəsinə əsasən ərizəçi şikayət edib ki, Ali Məhkəmə 10 fevral 1998-ci il tarixli Qanunu və 2000-ci il tarixli Cinayət Məcəlləsini onun ziyanına olaraq geriyə şamil etməklə tətbiq edib, ona görə ki, ömürlük azadlıqdan məhrum etmə məhkum olunması zamanı ləğv olunmuş ölüm cəzasına alternativ olan 15 il azadlıqdan məhrum etmə cəzasından ağır olub. Ərizəçi iddia edib ki, 10 fevral 1998-ci il tarixli Qanunun tətbiqinin onun ziyanına olub-olmamasının qiymətləndirilməsi üçün onun ölüm cəzasının ömürlük azadlıqdan məhrum etməyə nisbətən sadəcə olaraq müqayisə olunması düzgün deyildir. Bunun yerinə ərizəçi təklif edib ki, əgər ömürlük azadlıqdan məhrum etmə əvəzinə ölüm cəzası sadəcə olaraq ləğv edilsəydi, onun cəzası 15 il azadlıqdan məhrum etmə ilə əvəzlənərdi. Buna görə, ömürlük azadlıqdan məhrum etmə 1998-ci ilədək cəza növü kimi mövcud olmadığına görə, o, ərizəçiyə qarşı geriyə şamil olunmaqla tətbiq oluna bilməz, nəzərə alaraq ki, həmin vaxtda tətbiq edilən qanunda daha yüngül alternativ cəza mövcud olub.
Ərizəçi, həmçinin bildirib ki, 2000-ci il tarixli Cinayət Məcəlləsi məhbusların vaxtından əvvəl buraxılması üçün yeni qaydalar nəzərdə tutub. İddia olunana görə bu, onun vəziyyətinə hətta daha pis təsir edib, ona görə ki, 2000-ci il tarixli Cinayət Məcəlləsi ömürlük məhbuslar üçün vaxtından əvvəl buraxılma mümkünlüyünü cəzanın yalnız 25 ilinin çəkilməsindən sonra mümkün edib, halbuki, əvvəlki cinayət qanununa əsasən, onlar 15 ildən sonra vaxtından əvvəl buraxılmaq hüququnu əldə edə bilmişlər.
Şikayətin bu hissəsi ilə bağlı Məhkəmə xatırladır ki, Konvensiyanın 7-ci maddəsi nəzərdə tutur ki, «heç kəs cinayət əməli törədildiyi zaman olandan daha ağır cəzaya məruz qala bilməz».
İlk növbədə, Məhkəmə qeyd edir ki, ərizəçinin işində ömürlük azadlıqdan məhrum etmə cəzasının tətbiqi məsələsinin Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə minməsindən sonra kassasiya və əlavə kassasiya məhkəmələri tərəfindən təsdiq olunmasına baxmayaraq, ömürlük azadlıqdan məhrum etmə cəzası ərizəçinin üzərinə 1998-ci ilin fevralında, yəni Konvensiyanın qüvvəyə minməsindən əvvəl təyin edilib (bax, yuxarıda 4 (a) paraqrafı). Lakin şikayətin bu hissəsinin Məhkəmənin ratione temporis səlahiyyəti daxilinə düşdüyü güman edilsə belə, o, aşağıdakı səbəblərə görə qeyri-məqbuldur.
Məhkəmə qeyd edir ki, bu şikayət Hümmətovun işində qaldırılaraq Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasında açıq-aşkar əsassız olduğu üçün qeyri-məqbul elan olunmuş şikayətlə mahiyyətcə eynidir. Məhkəmə həmin işdəki qərarından kənara çıxmağa hər hansı əsas görmür.
Xüsusən, Məhkəmə bir daha təkrar edir ki, hazırkı işdə tətbiq edildiyi kimi Konvensiyanın 7-ci maddəsinin məqsədi geriyə şamil olunmuş yeni cəzanın törədildiyi zaman tətbiq olunan və ərizəçinin məhkum edilməsi zamanı bu cinayətə görə cəza qismində faktiki olaraq təyin edilmiş cəzadan daha ağır olub-olmaması ilə bağlıdır və məhkumluq zamanı eyni ilə mövcud olmuş, lakin onu məhkum edən məhkəmə tərəfindən heç zaman təyin edilməmiş hər hansı alternativ cəza ilə müqayisəyə aid deyildir.
Məhkəmə qeyd edir ki, ərizəçi heç zaman müddətli azadlıqdan məhrum etməyə məhkum olunmayıb. Ərizəçi faktiki olaraq 03 may 1996-cı ildə həmin vaxt qüvvədə olmuş 1960-cı il tarixli Cinayət Məcəlləsinin 61 və 65-ci maddələrinə əsasən ölüm cəzasına məhkum olunub. Aydındır ki, bu cəza qanunla nəzərdə tutulub və cinayətin törədildiyi zaman ərizəçinin məhkum olunduğu cinayətə tətbiq edilən olub. Ölüm cəzası ömürlük azadlıqdan məhrum etməyə 1998-ci ildə dəyişilib və bu dəyişilmə sonradan kassasiya və əlavə kassasiya araşdırmalarında daxili məhkəmələr tərəfindən təsdiq olunub. Hümmətovun işində (yuxarıda qeyd olunub) olduğu kimi Məhkəmə hesab edir ki, ömürlük azadlıqdan məhrum etmə ölüm cəzasından ağır deyildir. Müvafiq olaraq, Məhkəmə nəticəyə gələ bilməz ki, ərizəçinin üzərinə cinayətin törədildiyi vaxt tətbiq olunandan daha ağır cəza təyin olunub.
Belə nəticəyə gəlinir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasında açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 4-cü bəndinə əsasən daxili vasitələrin tükənməməsinə görə rədd edilməlidir.
5. Ərizəçi Konvensiyanın 7-ci maddəsinə əsasən şikayət edib ki, 2000-ci il tarixli Cinayət Məcəlləsinə əsasən məhkumluğunu yenidən tövsif edərkən, Ali Məhkəmənin Plenumu 2000-ci il tarixli Cinayət Məcəlləsinin müddəalarını ona qarşı səhvən tətbiq edib. Daha dəqiq, o şikayət edib ki, Plenum 1960-cı il tarixli Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkum olunduğu əməli 2000-ci il tarixli Cinayət Məcəlləsinin «terrorizmə» həsr olunan 214-cü maddəsinə düşən kimi «yenidən tövsif edib». O iddia edib ki, bunun əvəzində Plenum 2000-ci il tarixli Cinayət Məcəlləsinin «təxribata» həsr olunan 282-ci maddəsini tətbiq etməli olub, ona görə ki, daxili qanunvericilik əməlin törədildiyi vaxt «terrorizm» cinayətini nəzərdə tutmayıb.
Məhkəmə xatırladır ki, Konvensiyanın 7-ci maddəsinin 1-ci bəndi təqsirləndirilən şəxsin ziyanına cinayət qanununun geriyə şamil olunmaqla tətbiqini qadağan etməklə məhdudlaşmır. O, həmçinin daha ümumi şəkildə yalnız qanunun cinayəti müəyyən edə və cəzanı nəzərdə tuta bilməsi (nullum crimen, nulla poena sine lege) və cinayət qanununun təqsirləndirilən şəxsin ziyanına olaraq geniş təfsir edilməli olmadığı prinsiplərini ehtiva edir; bundan irəli gəlir ki, cinayət qanunda açıq-aydın göstərilməlidir (bax, Kokkinakis Yunanıstana qarşı, 25 may 1993-cü il tarixli, A Seriyaları, № 260-A, s. 22, § 52).
Bu maddənin məqsədinə görə, Məhkəmənin nəzarət funksiyası əmin olmaqdan ibarətdir ki, mühakimə olunmasına gətirib çıxaran hərəkətin təqsirləndirilən şəxs tərəfindən törədildiyi zaman bu hərəkəti cəzalandırılmalı edən qanun müddəası olub və təyin olunmuş cəza bu müddəa ilə müəyyən edilmiş hədləri keçməyib (bax, Troyanovski və Roqots Polşaya qarşı (qərardad), № 32731/96, 30 noyabr 1999-cu il).
Məhkəmə qeyd edir ki, 03 may 1996-cı ildə ərizəçi 19 mart 1994-cü ildə törətdiyi əmələ görə məhkum olunub. Bu əməl ərizəçini məhkum edən məhkəmə tərəfindən 1960-cı il tarixli Cinayət Məcəlləsinin, inter alia, 61-ci maddəsinə əsasən «təxribat» hesab edilib. 1960-cı il tarixli Cinayət Məcəlləsi həm əməlin törədildiyi vaxt, həm də məhkum olunma zamanı tətbiq edilən olub. Buna görə aydındır ki, həmin vaxtda ərizəçinin əməlini cəzalandırılmalı edən qanun müddəası mövcud olub. Bu fakt ərizəçi tərəfindən mübahisələndirilmir.
Müvafiq olaraq, ərizəçinin cinayətinin 2000-ci il tarixli Cinayət Məcəlləsinin 214-cü maddəsinə «yenidən tövsifinin» törədildiyi vaxt milli qanunvericiliyə əsasən cinayəti təşkil etməyən hərəkətə görə ərizəçinin təqsirli bilindiyi vəziyyətə gətirib-gətirməməsinin müəyyən edilməsi qalır.
Bununla bağlı Məhkəmə qeyd edir ki, Konvensiyanın 7-ci maddəsinə əsasən belə «yenidən tövsifin» işin hallarında zəruri olub-olmamasının həlli onun vəzifəsi deyildir. Lakin güman olunur ki, bu, əvvəlki və yeni Cinayət Məcəllərində bəzi cinayətlərinin müəyyən olunmasında müxtəliflikdən irəli gələn qarışıqlıqdan yayınmaq üçün edilib. Məsələn, hər Məcəllənin cinayətin mahiyyətini təşkil edən müxtəlif elementləri, eləcə də cəzaların fərqli yuxarı həddi nəzərdə tutan «təxribat» kimi müəyyən olunmuş cəzalar.
Bununla bağlı Məhkəmə qeyd edir ki, hazırkı şikayətin məqsədi üçün formal tövsif və ya cinayət əməllərinə qanunvericiliklə verilmiş adlar əhəmiyyət kəsb etmir. Konvensiyanın 7-ci maddəsinin tələblərinə riayət olunmasına əmin olmaq üçün müəyyən etmək kifayətdir ki, məhkumluğa gətirib çıxaran əməl mahiyyətcə müxtəlif vaxtlarda bu cinayətin müəyyən edildiyi fərqli adlardan («təxribat» və ya «terrorizm» kimi) asılı olmayaraq, həmin vaxtdakı milli qanunvericiliyə əsasən cinayət əməlini təşkil edib.
Məhkəmə qeyd edir ki, Ali Məhkəmənin 03 may 1996-cı il tarixli qərarına müvafiq olaraq, ərizəçi mütəşəkkil cinayət qrupunun üzvü kimi 14 nəfərin ölümünə və 50 nəfərin yaralanmasına yönəlmiş və gətirib çıxaran Bakı metrosuna hücumda təqsirli bilinib. Həmçinin müəyyən edilib ki, bu hücum dövlət təhlükəsizliyinə qarşı yönəlib. Həmin hücumun insan həyatının itkisi təhlükəsini yaratdığı barədə qənaət və nəzərə alaraq ki, faktiki olaraq buna da gətirilib çıxarılıb, ərizəçinin 1960-cı il tarixli Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkumluğu ilə nəticələnən elementlərdən biri olub.
Məhkəmə qeyd edir ki, 2000-ci il tarixli Cinayət Məcəlləsinin 282-ci maddəsinə əsasən «təxribat» cinayətinin mahiyyəti 1960-cı il tarixli Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən olandan xüsusilə fərqlidir, o yerdə ki, o, insanların öldürülməsinə və ya zədələnməsinə, yaxud da insan faciəsi təhlükəsinin yaradılmasına yönələn cinayət əməlinin mühüm elementinə malik deyildir.
Digər tərəfdən, Cinayət Məcəlləsinin 214-cü maddəsinə müvafiq olaraq, əgər onda «insan həyatına təhlükənin yaradılması»nın əlavə elementi vardırsa, həmin əməl «terrorizm» cinayətini təşkil edir. Buna görə görünür ki, 2000-ci il tarixli Cinayət Məcəlləsinin 214-cü maddəsi ərizəçinin 03 may 1996-cı il tarixdə təqsirli bilndiyi 1960-cı il tarixli Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş əsasən eyni elementləri əhatə edir. Belə olan halda, ilkin araşdırmada olanından hər hansı fərqli müdafiədən istifadənin mümkünlüyünün ərizəçiyə təqdim edilməsi tələb olunmurdu (bax, a contrario, Pelissier və Sassi Fransaya qarşı (BP), № 25444/94, § 60, İHAM 1999-II, və Sadak və digərləri Türkiyəyə qarşı, № 29900/96, 29901/96, 29902/96 və 29903/96, § 55, İHAM 2001-VIII).
Bundan başqa, Cinayət Məcəlləsinin 214-cü maddəsi ilə nəzərdə tutulmuş ən yuxarı cəza (əmlakın müsadirə olunması ilə ömürlük azadlıqdan məhrum etmə) nə 1960-cı il tarixli Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə (əmlakın müsadirə olunması ilə sonradan ömürlük azadlıqdan məhrum etmə ilə əvəzlənmiş ölüm cəzası) müəyyən olunmuş hədləri, nə də 03 may 1996-cı il tarixli qərarla ərizəçiyə təyin edilmiş faktiki cəzanı keçir.
Buna görə, hazırkı işin hallarını nəzərə alaraq, Məhkəmə belə nəticəyə gələ bilməz ki, 1960-cı il tarixli Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən ərizəçinin məhkumluğunun 2000-ci il tarixli Cinayət Məcəlləsinin 214-cü maddəsinə «yenidən tövsifi» törədildiyi zaman cinayət təşkil etməyən əmələ görə ərizəçinin məhkum edilməsi vəziyyətinə gətirib. Nə də bu qənaətə gəlinir ki, belə «yenidən tövsif etmə» ərizəçinin ziyanına olaraq yeni cinayət qanununun geriyə şamil olunmaqla tətbiqini təşkil edib.
Belə nəticəyə gəlinir ki, bu şikayət açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndlərinə əsasən daxili vasitələrin tükənməməsinə görə rədd edilməlidir.
6. Ərizəçinin qalan şikayətlərini nəzərə alaraq (6 saylı şikayət), malik olduğu bütün materiallar baxımından və şikayət edilən məsələlərin onun səlahiyyətinə düşdüyü qədər Məhkəmə hesab edir ki, bu şikayətlər Konvensiyada və ya onun Protokollarında təsbit olunmuş hüquq və azadlıqlarının pozulmasının hər hansı görüntüsünü aşkar etmir.
Bu səbəblərə görə, Məhkəmə yekdilliklə
Şikayəti üzrə araşdırmalarda iştirakının təmin edilməməsinə aid ərizəçinin şikayətinin baxılmasını təxirə almağı qərara alır.
Şikayətin qalan hissəsini qeyri-məqbul elan edir.
Soren NilsenXristos Rozakis
Katib Sədr
Full & Egal Universal Law Academy