İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
Sahib Məmmədovun və Rauf Bəylərovun Azərbaycana qarşı
29607/07 saylı şikayətin
MƏQBULİYYƏTİNƏ DAİR
Q Ə R A R D A D
İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) Palata kimi 07 iyul 2009-cu il tarixdə aşağıdakı tərkibdə,
Nina Vaciç, Sədr,
Anatoli Kovler,
Elizabet Steyner,
Xanlar Hacıyev,
Din Spilman,
Sverr Erik Cebens,
Ciorcio Malinverni, hakimlər,
və Soren Nilsen, Bölmə Katibi,
yuxarıda qeyd edilən 03 may 2007-ci il tarixdə verilmiş şikayəti nəzərə alaraq,
Hökumətin təqdim etdiyi qeydləri nəzərə alaraq,
Müzakirə apararaq, qərara alır:
FAKTLAR
Azərbaycan Respublikasının vətəndaşları olan ərizəçilər cənab Sahib Məmmədov və cənab Rauf Bəylərov müvafiq olaraq 1954 və 1958-ci illərdə anadan olmuşlar və Bakı və Xırdalanda yaşayırlar. Onları Məhkəmə qarşısında Bakıda vəkil işləyən cənab Y.Suleymanov təmsil etmişdir. Azərbaycan Hökumətini («Hökumət») onun Məhkəmədəki Səlahiyyətli Nümayəndəsi cənab Ç.Əsgərov təmsil edib.
Tərəflərin təqdim etdiklərinə görə, işin halları aşağıdakı kimi ümumiləşdirilə bilər.
Ərizəçilər Azərbaycan ordusunun keçmiş zabitləri olmuşlar və tibbi səbəblərə görə 1995-ci ildə ordudan tərxis edilmişlər.
Hərbi xidmətdən tərxis olunduqdan sonra, ərizəçilər Müdafiə Nazirliyinə müraciət edərək, hərbi xidmətləri zamanı şəxsən aldıqları müxtəlif əşyalar (qulluqçunun şəxsi istifadəsi üçün zəruri olan predmetlər) üçün pul kompensasiyası tələb etmişlər. Onlar iddia etmişlər ki, «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 10-cu maddəsinə əsasən, onlar hərbi xidmətləri zamanı şəxsi vəsaitlərinə alınmış belə əşyaların dəyəri üçün maddi kompensasiya hüququna malikdirlər və Müdafiə Nazirliyi bu pulu onlara qaytarmalıdır. Ərizəçilərə görə, bir neçə müraciətlərinə baxmayaraq, Müdafiə Nazirliyi tələblərini rədd etmişdir.
2000-ci ildə naməlum tarixdə, ərizəçilər Müdafiə Nazirliyinə qarşı ayrı-ayrı tələblər irəli sürərək, maddi kompensasiyanı tələb etmişlər. 14 sentyabr 2000-ci il tarixli və 20 fevral 2001-ci il tarixli qətnamələrlə Səbail rayon məhkəməsi onların tələblərini təmin etmişdir. Məhkəmə Müdafiə Nazirliyinə tapşırıb ki, birinci ərizəçiyə 1,240,354 Azərbaycan manatı (AZM) və ikinci ərizəçiyə 2,048,868 AZM ödəsin. 14 sentyabr 2000-ci il və 20 fevral 2001-ci il tarixli qətnamələrdən apellyasiya şikayətləri verilməmiş və daxili qanunvericiliyə müvafiq olaraq, çıxarılmalarından bir ay sonra onlar qüvvəyə minmişlər.
Ərizəçilərin məhkəmə qərarının icrası üçün bir neçə müraciətlərindən sonra, 28 iyul 2006-cı il tarixli məktubla Müdafiə Nazirliyi ərizəçiləri məlumatlandırıb ki, 14 sentyabr 2000-ci il tarixli və 20 fevral 2001-ci il tarixli qətnamələr icra oluna bilməz, ona görə ki, Maliyyə Nazirliyi bu növ xərclər üçün Müdafiə Nazirliyinin büdcəsinə vəsait ayırmamışdır.
Yuxarıda qeyd olunan məktubu aldıqdan sonra, ərizəçilər Müdafiə Nazirliyinə və Səbail rayonu Məhkəmə icraçıları şöbəsinə qarşı iddia qaldıraraq, 14 sentyabr 2000-ci il tarixli və 20 fevral 2001-ci il tarixli qətnamələri icra etməyə səlahiyyətli orqanları məcbur etməyi və icranın aparılmaması üçün cinayət işinin qaldırılmasını xahiş etmişlər. 14 sentyabr 2006-cı il tarixli qətnaməsi ilə Səbail rayon məhkəməsi ərizəçilərin tələblərini rədd etmişdir. Məhkəmə qeyd edib ki, qətnamələrin icra olunmaması Maliyyə Nazirliyinin hərəkətsizliyinə görə baş vermiş, bu orqan isə cavabdehlər sırasında göstərilməmişdir.
Ərizəçilər Səbail rayon məhkəməsinin 14 sentyabr 2006-cı il tarixli qətnaməsindən şikayət edərək, daxili qanunvericiliyin səhv təfsir olunduğunu bildirmişlər. 27 dekabr 2006-cı ildə, Apellyasiya Məhkəməsi mahiyyəti üzrə yeni qətnamə çıxararaq birinci instansiya məhkəməsinin qətnaməsini qismən ləğv etmişdir. Apellyasiya Məhkəməsi qeyd edib ki, 14 sentyabr 2000-ci il tarixli və 20 fevral 2001-ci il tarixli qətnamələr hələ də qüvvədədir və Səbail rayonu Məhkəmə icraçıları şöbəsinə onları icra etməyi tapşırmışdır.
Nəhayət, 14 sentyabr 2000-ci il tarixli və 20 fevral 2001-ci il tarixli qətnamələr müvafiq olaraq 11 iyul 2008-ci ildə və 20 iyun 2008-ci ildə Müdafiə Nazirliyi tərəfindən icra olunmuş və ərizəçilər bu qətnamələrlə onlar ödənilməsi tapşırılmış məbləğləri almışlar.
ŞİKAYƏTLƏR
Konvensiyanın 6-cı maddəsinə əsasən ərizəçilər 14 sentyabr 2000-ci il tarixli və 20 fevral 2001-ci il tarixli qətnamələrin davamlı icra olunmamasından şikayət etmişlər.
Onlar, həmçinin, Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinə əsasən məhkəmə qətnamələrinin icra olunmamasının nəticəsində mülkiyyətlərindən maneəsiz istifadə hüquqlarının pozulmasından şikayət etmişlər.
HÜQUQİ MƏSƏLƏLƏR
Məhkəmə qeyd edir ki, 27 fevral 2009-cu ildə ərizəçilər məktub göndərərək, 14 sentyabr 2000-ci il tarixli və 20 fevral 2001-ci il tarixli qətnamələrin Müdafiə Nazirliyi tərəfindən artıq icra edilməsi səbəbindən öz şikayətlərini geri götürmək niyyəti barədə Məhkəməni məlumatlandırdılar.
Məhkəmə hesab edir ki, belə olan halda, Konvensiyanın 37-ci maddəsinin 1 (a) bəndinin mənasında ərizəçi öz şikayətini müdafiə etmək niyyətində olmayan kimi qiymətləndirilə bilər. Bundan başqa, Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq, Konvensiyanın və onun Protokollarının müəyyən etdiyi kimi insan hüquqlarına riayət edilməsinə aid hər hansı xüsusi hallar işin araşdırılmasının davam etdirilməsini tələb etmir. Yuxarıdakılara əsasən, şikayətin işlərin siyahısından çıxarılması məqsədəmüvafiqdir.
Bu səbəblərə görə, Məhkəmə yekdilliklə
Şikayəti işlərin siyahısından çıxarmağı qərara alır.
Soren NilsenNina Vaciç
Katib Sədr
Full & Egal Universal Law Academy