İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
Şamangül Məmmədova AZƏRBAYCANA QARŞI
(Şikayət № 46193/08)
QƏRARDAD
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (I Bölmə) Palata qismində 30 sentyabr 2010-cu il tarixdə işə aşağıdakı tərkibdə baxaraq,
Xristos Rozakis, Sədr,
Nina Vajiç,
Xanlar Hacıyev,
Din Şpilman,
Sver Erik Yebens,
Corcio Malinverni,
Corc Nikolau, hakimlər,
Andre Uampaş, Bölmə katibinin müavini,
12 sentyabr 2008-ci il tarixdə verilmiş yuxarıdakı şikayəti,
Cavabdeh Hökumətin təqdim etdiyi mülahizələri nəzərə alaraq, aşağıdakıları qərara alır:
FAKTLAR
Ərizəçi, 1965-ci il təvəllüdlü Şamangül Məmmədova Azərbaycan vətəndaşıdır və Bakıda yaşayır. O, Məhkəmə qarşısında Azərbaycanda fəaliyyət göstərən vəkil İ.Əliyev tərəfindən təmsil edilir. Azərbaycan Hökuməti (“Hökumət”) isə öz səlahiyyətli nümayəndəsi Ç.Əsgərov ilə təmsil edilir.
Tərəflərin işlə bağlı təqdim etdiyi faktlar aşağıdakı kimi ümumiləşdirilə bilər.
1995-ci ildə ərizəçi Bakıda mənzil almış və 1996-cı il yanvarın 31-də ona mülkiyyət haqqında müvafiq şəhadətnamə verilmişdir.
Yeni evinə köçmək istəyərkən, ərizəçi mənzilində Azərbaycan-Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsindən sonra Ermənistan tərəfindən işğal edilmiş Şuşa şəhərindən məcburi köçkün olan M. və onun ailəsinin məskunlaşdığını görmüşdür.
Ərizəçinin söylədiklərinə görə, çoxsaylı müraciətlərinə baxmayaraq, M. məcburi köçkün olduğunu iddia etmiş və bu səbəbdən gedəcək başqa bir yerinin olmadığını bildirərək, mənzili boşaltmaqdan imtina etmişdir.
1999-cu ildə naməlum tarixdə ərizəçi Binəqədi rayon məhkəməsinə müraciət etmiş və M. və ailəsinin mənzildən çıxarılmasını tələb etmişdir.
1999-cu il iyulun 27-də Binəqədi rayon məhkəməsi ərizəçinin tələbini təmin etmişdir. Məhkəmə bildirmişdir ki, ərizəçi mənzilin qanuni mülkiyyətçisidir və bu səbəbdən mənzil M. və onun ailəsi tərəfindən qanunsuz şəkildə zəbt edilmişdir. Bu qərardan şikayət verilməmiş və həmin tarixdə qüvvədə olan daxili qanunvericiliyə müvafiq olaraq qəbul edildikdən on gün sonra o, qanuni qüvvəyə minmişdir.
Ərizəçinin dediklərinə görə, M. və ailəsi məhkəmə qərarına əməl etməmiş və səlahiyyətli orqanlar onu icra etmək üçün heç bir tədbir görməmişlər.
Hökumət bildirmişdir ki, ərizəçinin lehinə olan 1999-cu il 27 iyul tarixli qərar daha sonra Ali Məhkəmənin Rəyasət Heyətinin qərarı ilə ləğv edilmiş və yeni təhlil aparılmışdır. 2000-ci il 10 mart tarixli yeni icraatın nəticəsində ərizəçinin iddiası baxılmadan qalmışdır. Belə ki, ərizəçi məhkəmə iclaslarında iştirak etməmişdir.
ŞİKAYƏTLƏR
Ərizəçi Konvensiyanın 6 və 13-cü maddələrinə müvafiq olaraq 1999-cu il 27 iyul tarixli qərarın icra edilməməsindən şikayətlənir.
Ərizəçi, həmçinin 1 saylı Protokolun 1-ci maddəsinə müvafiq olaraq 1999-cu il 27 iyul tarixli qərarın icra edilməməsi nəticəsində əmlakından maneəsiz istifadə hüququnun pozulduğunu bildirmişdir.
HÜQUQİ MƏSƏLƏLƏR
2010-cu il 23 fevral tarixli məktubla Hökumətin iddiaları ərizəçinin nümayəndəsinə göndərilmiş və ondan 2010-cu il aprelin 6-na qədər ədalətli təzminat iddiaları ilə birgə bütün iddialarını çatdırması tələb edilmişdir.
2010-cu il aprelin 1-də ərizəçinin nümayəndəsi Məhkəməyə bildirmişdir ki, ərizəçi şikayətini geri götürmək niyyətindədir.
Məhkəmə hesab edir ki, bu halda ərizəçinin Konvensiyanın 37-ci maddəsinin 1 “a” yarımbəndi çərçivəsində işini davam etdirmək niyyətində olmadığı düşünülə bilər. Bundan əlavə, həmin müddəaya müvafiq olaraq, Məhkəmə Konvensiya və onun Protokollarında işin baxılmasını tələb edəcək insan hüquqlarına hörmətlə bağlı heç bir xüsusi hal görmür.
Yuxarıda göstərilənləri nəzərə alaraq, işin siyahıdan çıxarılması müvafiqdir.
Bu səbəblərdən Məhkəmə yekdilliklə işi siyahıdan çıxarmaq qərarına gəlir.
Andre Uampaş Xristos Rozakis
Bölmə katibinin müavini Sədr
Full & Egal Universal Law Academy