İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
Əsəbəli Mustafayevin Azərbaycana qarşı
14712/05 saylı şikayətinin
MƏQBULİYYƏTİNƏ DAİR
Q Ə R A R D A D
İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) Palata kimi
9 noyabr 2006-cı il tarixdə aşağıdakı tərkibdə,
cənab X.Rozakis, Sədr,
cənab L.Lukaides,
xanım F.Tulkens,
xanım E.Steyner,
cənab X.Hacıyev,
cənab D.Spilman,
cənab S.E.Cebens; hakimlər,
və cənab S.Nilsen, Bölmə Katibi,
yuxarıda qeyd edilən 03 mart 2005-ci il tarixdə verilmiş şikayəti,
Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndinin tətbiq edilməsinə və məqbuliyyətlə mahiyyətin birgə baxılmasına dair qərarı,
Cavabdeh-Dövlətin təqdim etdiyi qeydləri nəzərə alıb,
müzakirə apararaq, qərara alır:
FAKTLAR
Ərizəçi cənab Əsəbəli Mustafayev 1951-ci ildə anadan olmuş Azərbaycn vətəndaşıdır və Sumqayıtda yaşayır. Azərbaycan Hökumətini («Hökumət») onun rəsmi nümayəndəsi cənab Ç.Əsgərov təmsil edib.
İşin halları tərəflərin təqdim etdiklərinə görə aşağıdakı kimi ümumiləşdirilə bilər.
Ərizəçi «Vətəndaşların Konstitusiya Hüquqlarının Təminatına Yardım» İctimai Birliyinin təsisçilərindən biri olub. Birlik 23 dekabr 2003-cü ildə təsis edilib.
03 noyabr 2003-cü ildə ərizəçi hüquqi şəxslərin dövlət qeydiyyatını aparan dövlət hakimiyyəti orqanı olan Ədliyyə Nazirliyinə (bundan sonra – «Nazirlik») birliyin dövlət qeydiyyatı üçün müraciət etdi. Daxili qanunvericiliyə görə, qeyri-hökumət təşkilatı hüquqi şəxs statusunu yalnız Nazirlikdə dövlət qeydiyyatına alındıqda əldə edir.
2004-cü ilin yanvarında qüvvəyə minmiş dövlət qeydiyyatı haqqında yeni qanun Nazirlikdən tələb edib ki, qeydiyyat sənədlərini təqdim edilən tarixdən 30 gün müddətində araşdırsın. Müstəsna hallarda, bu müddət rəsmi olaraq əlavə 30 günə uzadıla bilər. Lakin Nazirlik hər hansı hərəkət etmədən, yəni dövlət qeydiyyatı haqqında şəhadətnaməni və ya birliyi qeydə almaqdan rəsmi imtinanı vermədən qeydiyyat sənədlərini qaytararaq, 28 fevral 2004-cü ildə ərizəçiyə cavab verdi. Nazirlik qeyd etdi ki, Mülki Məcəllənin 131.4-cü maddəsinə zidd olaraq, dövlət qeydiyyatı üçün müraciət notarial qaydada təsdiq edilməyib.
Ərizəçi Nazirliyin qeydlərinə müvafiq olaraq qeydiyyat sənədlərində çatışmazlıqları düzəltdi və 21 aprel 2004-cü ildə həmin sənədləri yenidən təqdim etdi. Bu dəfə, qeydiyyat sənədlərinin yenidən təqdim olunmasından sonra qanunla müəyyən olunmuş on gün müddətində cavabın ərizəçi tərəfindən gözlənilməsinə baxmayaraq, o, 2004-cü ilin iyun ayınadək Nazirlikdən heç bir cavab almayıb.
02 iyun 2004-cü ildə ərizəçi qeydiyyat müraciətinə vaxtında cavab verməməsindən şikayət edərək, Nazirliyə qarşı Yasamal rayon məhkəməsində iddia qaldırdı.
29 iyun 2004-cü ildə işə məhkəmədə baxılan zaman Nazirlik qeydiyyat sənədlərinin araşdırılması müddətinin əlavə 30 gün uzadılması barədə ərizəçini məlumatlandıraraq, ona məktub göndərdi. 12 iyul 2004-cü ildə məhkəmə iclasında Nazirliyin nümayəndəsi məhkəmədən xahiş etdi ki, Nazirlik qeydiyyat sənədlərinin araşdırılmasını yekunlaşdırana və rəsmi qərar qəbul edənə kimi araşdırmanı dayandırsın. Yasamal rayon məhkəməsi Nazirliyin xahişini təmin etdi.
03 avqust 2004-cü ildə Nazirlik birliyin nizamnaməsinin «Qeyri-hökumət təşkilatları haqqında» Qanunun 13.1-ci maddəsinə zidd olaraq, birlikdə üzvlüyə xitam verilməsinin müddət və şərtlərini əks etdirməməsini qeyd edərək, yenə də qeydiyyat sənədlərini ərizəçiyə qaytardı. Bundan başqa, birliyin nizamnaməsi Mülki Məcəllənin 130-cu maddəsinin tələblərinə zidd olaraq, birliyin maliyyə ilinə aid hər hansı müddəaları nəzərdə tutmayıb.
17 avqust 2004-cü ildə Yasamal rayon məhkəməsi ərizəçinin Nazirliyə qarşı iddiasını araşdırdı və onu rədd etdi. Məhkəmə müəyyən etdi ki, birliyin nizamnaməsi daxili qanunvericiliyin tələblərinə uyğun tərtib edilməyib və buna görə, Nazirliyin birliyi qeydə almaqdan imtinası qanuni olub.
12 oktyabr 2004-cü ildə Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxladı. 22 dekabr 2004-cü ildə Ali Məhkəmə aşağı məhkəmələrin qətnamələrini qüvvədə saxladı.
Eyni zamanda, ərizəçi birliyin nizamnaməsini yenidən tərtib və qeydiyyat müraciətini yenidən təqdim etdi. 30 iyun 2006-cı ildə Ədliyyə Nazirliyi birliyi yeni adla, «Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi» kimi qeydiyyata aldı.
ŞİKAYƏTLƏR
1. Ərizəçi Konvensiyanın 10 və 11-ci maddələrinə əsasən şikayət etdi ki, Ədliyyə Nazirliyi tərəfindən birliyin vaxtında qeydiyyata alınmaması onun birləşmək azadlığına müdaxilə edib.
2. Konvensiyanın 6-cı maddəsinə əsasən ərizəçi, həmçinin şikayət edib ki, daxili məhkəmələr müstəqil və qərəzsiz olmayıb, işin hallarının qiymətləndirilməsində səhvə yol verib və daxili qanunvericiliyi düzgün tətbiq etməyiblər.
HÜQUQİ MƏSƏLƏLƏR
Məhkəmə qeyd edir ki, 31 iyul 2006-cı ildə ərizəçi məktub göndərərək, ictimai birliyin Ədliyyə Nazirliyi tərəfindən qeydə alınması faktına görə öz şikayətini geri götürmək niyyəti barədə Məhkəməni məlumatlandırıb.
Belə olan halda, Məhkəmə hesab edir ki, ərizəçi Konvensiyanın 37-ci maddəsinin 1 (a) bəndinin mənasına görə Məhkəmə qarşısında artıq öz şikayətini müdafiə etmək niyyətində deyildir. Bundan başqa, Məhkəmə Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndində müəyyən edildiyi kimi şikayətə baxılmasını tələb edən insan hüquqlarına riayət edilməsinə aid hər hansı ümumi xarakterli səbəbləri görmür.
Müvafiq olaraq, Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndi artıq işə tətbiq edilməməli və şikayət işlərin siyahısından çıxarılmalıdır.
Bu səbəblərə görə, Məhkəmə yekdilliklə
Şikayətin işlərin siyahısından çıxarılmasını qərara alır.
Soren NilsenXristos Rozakis
Katib Sədr
Full & Egal Universal Law Academy