İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
Ayaz Mütəllibovun Azərbaycana qarşı
31799/03 saylı şikayətinin
MƏQBULİYYƏTİNƏ DAİR
Q Ə R A R D A D
İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) Palata kimi
19 fevral 2004-cü il tarixdə aşağıdakı tərkibdə,
cənab X.Rozakis, Sədr,
cənab E.Levits,
xanım S.Botuçarova,
cənab A.Kovler,
cənab V.Zaqrebelski,
xanım E.Steyner,
cənab X.Hacıyev, hakimlər,
və cənab S.Nilsen, Bölmə Katibi,
yuxarıda qeyd edilən 24 sentyabr 2003-cü il tarixdə verilmiş şikayətlə bağlı müzakirə apararaq, qərara alır:
FAKTLAR
Azərbaycan Respublikasının vətəndaşı olan ərizəçi cənab Ayaz Mütəllibov 1938-ci ildə anadan olub və Moskvada yaşayır. Onu Məhkəmə qarşısında Bakıda vəkil işləyən cənab S.Abdullayev təmsil edib.
Ərizəçinin təqdim etdiklərinə görə işin halları aşağıdakı kimi ümumiləşdirilə bilər.
Ərizəçi 1991-ci ildə müstəqilliyini əldə etdikdən sonra Azərbaycan Respublikasının birinci Prezidenti olub. O, 08 sentyabr 1991-ci ildə ümumi səsvermə ilə seçilib və 15 may 1992-ci ilədək vəzifədə qalıb. Bundan sonra, ərizəçi Azərbaycanı tərk etdi və Moskvada məskunlaşdı.
Hazırda Azərbaycan hakimiyyət orqanları qarşısında ərizəçi barəsində cinayət işi davam edir. Azərbaycan hökuməti Rusiyanın müvafiq orqanlarından ərizəçinin Azərbaycana ekstradisiyasını xahiş etdi, lakin bu xahiş təmin olunmadı. Ərizəçi Azərbaycan siyasətində fəallığını saxlayır və Azərbaycanın Sosial Demokratik Partiyasının həmsədridir.
15 oktyabr 2003-cü il tarixli Prezident seçkilərinədək ərizəçinin Azərbaycandaki bir neçə siyasi tərəfdarları «seçicilərin təşəbbüs qrupunu» formalaşdırdı və bu qrup qərara gəldi ki, ərizəçinin namizədliyini növbəti seçkilərdə irəli sürsün. Bununla bağlı, 16 iyul 2003-cü ildə onlar Mərkəzi Seçki Komissiyasına («Komissiya») müraciət etdilər. 21 iyul 2003-cü ildə Komissiya seçki qanunlarına uyğun olmadığı üçün bu müraciəti rədd etdi və ərizəçinin prezidentliyə namizəd kimi qeydə alınmasından imtina etdi. Komissiyanın rəsmi qərarında başqa izahlar verilmədi.
Bundan sonra, seçicilərin təşəbbüs qrupu Komissiyanın qanunsuz qərarının ləğv olunması tələbi ilə Apellyasiya Məhkəməsinə şikayət verdi. 24 iyul 2003-cü ildə Apellyasiya Məhkəməsi bu müraciəti təmin etmədi. Kassasiya şikayətinə əsasən 07 avqust 2003-cü ildə Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxladı.
ŞİKAYƏT
Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən ərizəçi şikayət edir ki, daxili məhkəmələr qərəzli və ədalətsiz olub və onlar Komissiyanın iddia edilən qanunsuz qərarını səhvən qüvvədə saxlayıblar.
HÜQUQİ MƏSƏLƏLƏR
Ərizəçi onun prezidentliyə namizədliyini qeydə almaqdan imtina edən Komissiyanın qərarına aid iş üzrə daxili məkəmələrin ədalətsizliyindən və qərəzliliyindən şikayət edir. O, Konvensiyanın 6-cı maddəsinin aşağıdakıları nəzərdə tutan 1-ci bəndinə istinad edir:
«1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. »
Beləliklə, ərizəçi araşdırmalarda tərəf olmayıb və buna görə ərizəçinin Konvensiyanın 34-cü maddəsinin tələb etdiyi kimi Konvensiyanın iddia olunan pozuntusunun qurbanı olub-olmamasını irəli sürə bilib-bilməməsi ilə bağlı məsələ ortaya çıxır. Lakin hazırkı işin halları baxımından Məhkəmə bu məsələni həll etməyi zəruri hesab etmir, ona görə ki, ərizəçi tərəfindən bu tələbi yerinə yetirdiyini güman etsək belə, şikayət hər bir halda aşağıdakı səbəblərə görə qeyri-məqbuldur.
Məhkəmə qeyd edir ki, Konvensiyanın 6-ci maddəsinin 1-ci bəndinin tətbiq edilməsi üçün müvafiq araşdırmalar «mülki hüquq və vəzifələr» ilə bağlı mübahisəyə aid olmalıdır. Lakin seçki mübahisələrinə aid araşdırmalar Konvensiyanın 6-cı maddəsinin əhatəsindən kənara çıxır, ona görə ki, onlar siyasi hüquqların həyata keçirilməsinə aiddir və buna görə mülki hüquq və vəzifələrə hər hansı təsir göstərmir (bax, mutatis mutandis, Pyer-Bloh Fransaya qarşı, 21 oktyabr 1997-ci il tarixli qərar, Qərar və Qərardadların Hesabatı, 1997-VI, s. 2223, § 50 və Şeminad Fransaya qarşı (qərardad), № 31599/96, İHAM 1999-II).
Hazırkı işdə Apellyasiya Məhkəməsi və Ali Məhkəmə qarşısında məhkəmə araşdırmalarının obyekti ərizəçinin 15 oktyabr 2003-cü il tarixdə keçirilən seçkilərdə prezidentliyə namizədliyinin Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmasından imtina edilməsinin düzgünlüyünün yoxlanılmasından ibarət olub. Müvafiq olaraq, sözügedən araşdırmalar ərizəçinin seçkilərdə namizəd kimi iştirak etməklə bağlı siyasi hüquqa aid olub ki, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məqsədləri üçün «mülki hüquq və vəzifələr» termininin əhatəsinə düşmür.
Buna görə, Məhkəmə hesab edir ki, şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənası baxımından Konvensiyanın müddəaları ilə ratione materiae uyğun deyildir və Konvensiyanın 35-ci maddəsinin 4-cü bəndinə müvafiq olaraq rədd edilməlidir.
Bu səbəblərə görə, Məhkəmə yekdilliklə
Şikayəti qeyri-məqbul elan edir.
Soren NilsenXristos Rozakis
KatibSədr
Full & Egal Universal Law Academy