İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
NİZAMİ KƏRİMOV AZƏRBAYCANA QARŞI
(Şikayət № 50430/06)
QƏRARDAD
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (I Bölmə) Palata qismində 18 yanvar 2011-ci il tarixdə işə aşağıdakı tərkibdə baxaraq:
Xristos Rozakis, Sədr,
Nina Vajiç,
Xanlar Hacıyev,
Din Şpilman,
Sver Erik Yebens,
Corcio Malinverni,
Corc Nikolau, hakimlər,
Soren Nilsen, Bölmə katibi,
16 noyabr 2006-cı il tarixdə verilmiş yuxarıdakı şikayəti,
Cavabdeh Hökumətin, habelə ərizəçinin cavab olaraq təqdim etdiyi mülahizələri nəzərə alaraq,
müşavirə etdikdən sonra aşağıdakıları qərara alır:
FAKTLAR
Ərizəçi cənab Nizami Kərimov 1947-ci il təvəllüdlü Azərbaycan vətəndaşıdır və Bakıda yaşayır. Azərbaycan Hökumətini (“Hökumət”) onun səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərov təmsil edir.
Tərəflərin təqdim etdikləri faktlar aşağıdakı kimi ümumiləşdirilə bilər.
İcraatların birinci mərhələsi
Ərizəçi “20 Yanvar” Kiçik Müəssisəsi adlı (“Şirkət”) şirkətin təsisçisi və direktoru idi. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilən 1992-ci il 8 oktyabr tarixli sərəncamla Şirkətə zavod tikintisi ilə məşğul olmaq üçün torpaq sahəsi ayrılmışdır (zavod torpaq sahəsi və emalatxana, anbar və s. müxtəlif tikililərdən ibarət idi). Tikinti 1994-cü ildə başa çatmış və Dövlət Əmlak Komitəsi tərəfindən 1997-ci il sentyabrın 27-də texniki pasport təqdim olunmuşdur.
Mülkiyyət şəhadətnaməsinin alınması üçün zəruri olan yuxarıdakı sənədlərin əldə edilməsindən sonra 1997-ci ildə qeyri-müəyyən tarixdə ərizəçi zavodun mülkiyyət şəhadətnaməsini almaq üçün İqtisadi İnkişaf Nazirliyinə (“Nazirlik”) müraciət etmişdir. Ərizəçinin bildirdiyinə görə, çoxsaylı müraciətlərinə baxmayaraq, Nazirlik heç bir əsas gətirmədən şəhadətnamənin verilməsindən imtina etmişdir. İş materiallarından bəlli olur ki, 2003-cü il 19 may və 2004-cü il 15 aprel tarixli məktublarla Nazirlik bildirmişdir ki, Şirkət zəruri olan bütün sənədləri Nazirliyə təqdim etmədiyi üçün ona mülkiyyət şəhadətnaməsi verilə bilməz. Lakin Nazirlik hansı sənədlərin zəruri olduğunu bildirməmişdir.
Yuxarıda qeyd edilən məktubların alınmasından sonra Şirkət torpaq sahəsi və onun üzərində olan zavodla bağlı mülkiyyət şəhadətnaməsinin verilməsinə məcbur etməsi üçün Nazirliyə qarşı məhkəmədə iddia qaldırmışdır. 2004-cü il iyunun 7-də 1 saylı Yerli İqtisad Məhkəməsi Şirkətin iddiasını qismən təmin edən qərar qəbul etmişdir. Məhkəmə qeyd etmişdir ki, mülkiyyət şəhadətnaməsinin alınması üçün daxili qanunvericiliklə tələb edilən bütün sənədlər Şirkət tərəfindən təqdim edilmiş və bu səbəbdən Nazirlik zavodla bağlı mülkiyyət şəhadətnaməsini vermək öhdəliyi daşıyırdı. Lakin birinci instansiya məhkəməsi iddianın zavodun üzərində olan torpaq sahəsi ilə bağlı hissəsini baxılmamış saxlamışdır. Məhkəmə qeyd etmişdir ki, zavodla bağlı mülkiyyət şəhadətnaməsinin verilməsindən sonra tərəflər torpaq sahəsi üzrə mülkiyyət şəhadətnaməsinin verilməsi məsələsini dövlətə məxsus torpağın mülki şəxslərə satılması ilə bağlı daxili qanunvericiliyin müvafiq müddəaları əsasında məhkəmədənkənar vasitələrlə həll etməlidirlər.
Nazirlik daxili qanunvericiliyin düzgün tətbiq edilməməsi iddiası ilə həmin qərardan apellyasiya şikayəti vermişdir. 2004-cü il oktyabrın 6-da İqtisad Məhkəməsi maddi və prosessual hüququn birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edildiyini irəli sürərək, şikayəti təmin etməmişdir. Daxili qanunvericiliyə müvafiq olaraq, apellyasiya məhkəməsinin 2004-cü il 6 oktyabr tarixli qərarı çıxarıldığı an qüvvəyə minmişdir.
2005-ci il avqustun 24-də Nazirlik daxili qanunvericiliyin tələb etdiyi kimi İqtisad Məhkəməsi vasitəsilə Ali Məhkəmə qarşısında kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə müraciət etmişdir. 2005-ci il sentyabrın 19-da İqtisad Məhkəməsi Nazirliyin üç aylıq müddətdən istifadə etmədiyi və həmin müddətin bərpası üçün əsaslı səbəbinin olmaması əsası ilə tələbini rədd etmişdir. Həmin qərar 2005-ci il dekabrın 22-də Ali Məhkəmənin 2005-ci il 19 sentyabr tarixli qərarı ilə təsdiq edilmişdir.
2009-cu il martın 6-da 1 saylı Yerli İqtisad Məhkəməsinin 2004-cü il 7 iyun tarixli qərarı icra edilmiş və ərizəçiyə zavod, eləcə də zavodun üzərində olan torpaq sahəsi ilə bağlı mülkiyyət şəhadətnaməsi təqdim olunmuşdur.
İcraatların ikinci mərhələsi
2001-ci ildə naməlum tarixdə ərizəçi fərdi şəxsə (A.) qarşı Şirkətin anbarının yaxınlığında aparılan qanunsuz tikililərin sökülməsi üçün iddia qaldırmışdır. Şirkət həmin tikintilərin onun anbarına gün işığının daxil olmasını əngəllədiyini və nəticədə orada saxlanan müxtəlif mallara ziyan vurulduğunu iddia etmişdir.
Müxtəlif icraatlardan sonra 2006-cı il 3 may tarixli son qərarı ilə Ali Məhkəmə aşağı instansiya məhkəmələrinin Şirkətin A.-ya qarşı iddiasının əsassız olduğu ilə bağlı qərarlarını təsdiq etmişdir.
ŞİKAYƏTLƏR
1. Konvensiyanın 6-cı maddəsinə əsasən ərizəçi İqtisad Məhkəməsinin 2004-cü il 6 oktyabr tarixli qətnaməsi ilə təsdiq edilmiş 1 saylı Yerli İqtisad Məhkəməsinin 2004-cü il 7 iyun tarixli qətnaməsinin icrasındakı gecikdirmədən şikayət etmişdir. O, eləcə də Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi üzrə yuxarıda qeyd edilmiş qətnamənin icra olunmaması nəticəsində mülkiyyətindən maneəsiz istifadə hüququnun pozulmasından şikayət etmişdir.
2. İcraatların ikinci mərhələsinə gəldikdə, Konvensiyanın 6-cı maddəsi və onun 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edərək, ərizəçi daxili məhkəmələrin sübutların qiymətləndirilməsində yanlışlığa yol verməsi və ədalətsiz qərar çıxarması nəticəsində mülkiyyət hüquqlarının pozulmasından şikayət etmişdir.
HÜQUQİ MƏSƏLƏLƏR
İCRAATLARIN BİRİNCİ MƏRHƏLƏSİ İLƏ ƏLAQƏDAR
ŞİKAYƏTLƏR
Məhkəmə qeyd etmişdir ki, 2009-cu il 19 mart tarixli məktubu ilə ərizəçi 1 saylı Yerli İqtisad Məhkəməsinin 2004-cü il 7 iyun tarixli qətnaməsinin icra olunması və zavod və zavodun yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət şəhadətnaməsi alması ilə əlaqədar olaraq şikayətini geri götürmək niyyətində olduğu barədə Məhkəməyə məlumat vermişdir.
Məhkəmə qeyd etmişdir ki, 2009-cu il 30 mart, 16 aprel və 19 iyun tarixli məktubları ilə ərizəçi şikayətini geri götürmək niyyətinə aydınlıq gətirmişdir. Həmin məktublarda ərizəçi icraatın birinci hissəsi ilə bağlı şikayətləri özündə ehtiva edən şikayətini geri götürmək arzusunu təsdiqləmiş, şikayətin qalan hissəsi ilə bağlı şikayətlərini isə saxlamışdır.
Məhkəmə hesab edir ki, belə olan halda Konvensiyanın 37-ci maddəsinin 1 “a” yarımbəndi çərçivəsində ərizəçinin icraatın birinci mərhələsi ilə bağlı şikayətinin baxılmasına davam etmək niyyətində olmadığı düşünülə bilər. Bundan əlavə, Konvensiyanın 37-ci maddəsinin 1 “a” yarımbəndinə in fine müvafiq olaraq, Məhkəmə Konvensiya və onun Protokollarında qeyd edilmiş insan hüquqlarına hörmətin şikayətin həmin hissəsinin baxılmasını tələb edəcək heç bir xüsusi halına rast gəlməmişdir. Qeyd edilənlərlə əlaqədar şikayətin siyahıdan çıxarılması müvafiqdir.
İCRAATLARIN İKİNCİ MƏRHƏLƏSİ İLƏ BAĞLI ŞİKAYƏTLƏR
Konvensiyanın 6-cı maddəsi və onun 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edərək, ərizəçi daxili məhkəmələrin sübutların qiymətləndirilməsində yanlışlığa yol verməsinin və ədalətsiz qərar çıxarmasının onun mülkiyyət hüquqlarına xələl gətirdiyindən şikayət etmişdir. Lakin malik olduğu bütün materiallar baxımından və şikayət edilən məsələlərin səlahiyyətində olduğu qədər Məhkəmə şikayətin bu hissəsinin Konvensiya pozuntusunu özündə ehtiva etmədiyini hesab etmişdir.
Buradan belə məlum olur ki, şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinə müvafiq olaraq qeyri-məqbuldur və həmin maddənin 4-cü bəndinə əsasən rədd edilməlidir.
Bu səbəblərdən, Məhkəmə yekdilliklə
Konvensiyanın 37-ci maddəsinin 1 “a” yarımbəndinə uyğun olaraq şikayətin icraatların birinci mərhələsi ilə bağlı olan hissəsini siyahıdan çıxarmağı qərara alır;
Şikayətin qalan hissəsini qeyri-məqbul elan edir.
Soren Nielsen Xristos Rozakis
Katib Sədr
Full & Egal Universal Law Academy