İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
Bəxtiyar Osmanovun Azərbaycana qarşı
4582/06 saylı şikayətinin
MƏQBULİYYƏTİNƏ DAİR
Q Ə R A R D A D
İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) 17 sentyabr 2009-cu ildə aşağıdakı tərkibdə,
Nina Vaciç, Sədr,
Anatoli Kovler,
Elizabet Steyner,
Xanlar Hacıyev,
Din Spilman,
Sverr Erik Cebens,
Ciorcio Malinverni, hakimlər,
və Andre Uampaş, Bölmə Katibinin müavini,
05 yanvar 2006-cı ildə verilmiş yuxarıdakı şikayəti, Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndini tətbiq etmək və məqbuliyyətlə mahiyyəti birgə araşdırmaq barədə qərarı, cavabdeh Hökumətin təqdim etdiyi izahatları və cavab olaraq ərizəçinin təqdim etdiyi izahatları nəzərə alıb, müzakirə edərək, bu qərarı qəbul edir:
FAKTLAR
Ərizəçi cənab Bəxtiyar Osmanov 1952-ci ildə anadan olmuş və Bakıda işləyən Azərbaycan və İsrail vətəndaşıdır. Onu Məhkəmə qarşısında Bakıda vəkil işləyən cənab İ.Əliyev təmsil edib. Azərbaycan Hökumətini («Hökumət») cənab Ç.Əsgərov təmsil edib.
Tərəflərin təqdim etdiklərinə görə, işin halları aşağıdakı kimi ümumilləşdirilə bilər.
17 yanvar 2002-ci ildə ərizəçi RMB Məhdud Məsuliyyətli Cəmiyyətin («RMB») nümayəndəsi M. ilə investisiya razılaşmasını bağlamışdır. Ərizəçiyə M. tərəfindən verilmiş məlumata müvafiq olaraq, RMB Honq-Konqda yerləşən Teletrade D.C. İnternational Consulting LTD («Teletreyd») beynəlxalq investisiya və səhmlər ticarəti şirkətinin tərkibindədir. M., həmçinin, Teletreydin Azərbaycandakı rəsmi nümayəndəsi olduğunu iddia etmişdir. Ərizəçi 29.993 ABŞ dolları investisiya qoymuşdur. Əvəzində, ona vəd verilib ki, RMB-nin dilerləri tərəfindən aparılan beynəlxalq səhmlərin mübadilə əməliyyatlarından yüksək gəlirlər veriləcək.
2002-ci ilin avqustunda ərizəçiyə məlumat verilib ki, investisiya qoyduğu bütün pullar uğursuz səhm ticarəti işləri ucbatından itirilmişdir. Ərizəçi bunu təsdiq edən maliyyə hesabatlarını tələb etmiş, lakin bu sənədlər ona təqdim olunmamışdır.
Ərizəçi M., RMB və Teletreydə qarşı iddia qaldıraraq, maddi və mənəvi zərərə görə kompensasiya tələb etmişdir. 19 mart 2003-cü ildə Xocalı rayon məhkəməsi iddianı rədd edərək müəyyən edib ki, RMB və M. şəxsən ərizəçinin pullarının itirilməsinə görə məsuliyyətli hesab oluna bilməz, ona görə ki, müqavilə rəsmi olaraq ərizəçi ilə Teletreyd arasında bağlanılmışdır. Müqavilənin şərtlərinə görə, bütün mübahisələr Honq Konq qanunları ilə həll olunmalıdır. Məhkəmə Teletreydə qarşı Honq Konqda iddia qaldırmağı məsləhət görüb.
Ərizəçi şikayət vermişdir. O, məhkəmədən, inter alia, M. ilə RMB barəsində cinayət icraatının başlanılmasını xahiş etmişdir. 03 iyun 2003-cü ildə Apellyasiya Məhkəməsi qərardad qəbul edərək, şəxsən RMB-nin və M.-in hərəkətlərində dələduzluq, qanunsuz sahibkarlıq, rəsmi möhürlərin və sənədlərin saxtalaşdırılması kimi cinayət əməllərinin elementlərinin olub-olmamasının yoxlanılmasını Bakı şəhər prokurorluğuna tapşırmışdır. Cinayət araşdırılması yekunlaşanadək Apellyasiya Məhkəməsi mülki icraatı dayandırmışdır.
03 fevral 2004-cü ildə Bakı şəhər prokurorluğu cinayət işinin başlanılmasını rədd edərək hesab etmişdir ki, mübahisə cinayət hüququ üzrə hər hansı məsələyə toxunmamışdır. Bu qərar 08 aprel 2004-cü ildə və 12 may 2004-cü ildə müvafiq olaraq Səbail rayon məhkəməsi və Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır.
Bundan sonra Apellyasiya Məhkəməsi dayandırılmış icraatı təzələmişdir. Məhkəmənin təyin etdiyi ekspertizadan sonra müəyyən olunmuşdur ki, ərizəçinin iş əməliyyatlarına və RMB və Teletreydlə partnyor razılaşmalarına aid bəzi sənədlər saxtalaşdırılmışdır.
17 mart 2005-ci ildə Apellyasiya Məhkəməsi Xocalı rayon məhkəməsinin 19 mart 2003-cü il tarixli qətnaməsini ləğv etmişdir. Məhkəmə hesab etmişdir ki, müvafiq vaxtda RMB Azərbaycanda hüquqi şəxs kimi lazımınca qeydiyyatdan keçməmiş, Teletreydin Azərbaycanda filialları olmamış, RMB ilə Teletreyd arasındakı «partnyorluq» sənədləri saxta olmuş və ərizəçi ilə imzalanmış investisiya razılaşmasında istifadə olunmuş Teletreydin iddia olunan rəsmi möhürləri də saxta olmuşdur. Məhkəmə ərizəçinin tələbini qismən təmin edərək, 29.993 ABŞ dolları məbləğində zərərin M. tərəfindən ərizəçiyə ödənilməsini qət etmişdir. Mənəvi zərərə aid tələbi məhkəmə rədd etmişdir.
Apellyasiya Məhkəməsinin 17 mart 2005-ci il tarixli qətnaməsi qəbul edildiyi andan dərhal qüvvəyə minmişdir. 01 aprel 2005-ci ildə Apellyasiya Məhkəməsi qətnamənin icra vərəqəsini vermişdir.
Həm ərizəçi, həm də M. Apellyasiya Məhkəməsinin 17 mart 2005-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. 22 iyul 2005-ci ildə Ali Məhkəmə həmin qətnaməni qüvvədə saxladı.
06 sentyabr 2005-ci ildə Bakı şəhər prokurorluğu RMB tərəfindən sənədlərin saxtalaşdırılmasına görə cinayət işi başladı.
İş materiallarından görünür ki, icra icraatının başlanılmasından sonra Nəsimi rayon Məhkəmə icraçıları şöbəsi Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi, Daxili İşlər Nazirliyi və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi daxil olmaqla, müxtəlif dövlət orqanlarına müraciət edərək, M.-in mülkiyyətinə aid məlumatları tələb etmişdir. Lakin qeyd olunan dövlət orqanlarının müvafiq olaraq 01 iyun, 13 iyul və 26 dekabr 2005-ci il tarixli məktublarına görə, M.-in Azərbaycanda hər hansı mülkiyyəti olmamışdır.
Bundan başqa, müəyyən olunmuşdur ki, M.-in Azərbaycanda daimi yaşamaq hüququ yoxdur və onun atasının bildirdiyinə görə, o, 2004-cü ilin iyulundan ölkədən kənardadır.
Nəsimi rayon Məhkəmə icraçıları şöbəsinin tələbinə əsasən, 17 mart 2005-ci il tarixli məhkəmə qərarını davamlı icra etmədiyi üçün M. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-cü maddəsinə (məhkəmə qərarının icra olunmaması) əsasən 20 dekabr 2006-cı il tarixdə Nəsimi rayon məhkəməsi tərəfindən in absentia xəbərdarlıq almışdır.
Hökumətin təqdim etdiyi məlumata görə, məhkəmə qərarı 28 fevral 2007-ci ildə tam icra olunmuş və ərizəçi 29.993 ABŞ dollarını almışdır.
ŞİKAYƏTLƏR
1. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən, ərizəçi sonradan Ali Məhkəmənin 22 iyul 2005-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmış Apellyasiya Məhkəməsinin 17 mart 2005-ci il tarixli qətnaməsinin icra olunmamasından şikayət edib. O, həmçinin, şikayət edib ki, 17 mart 2005-ci il tarixli qətnamənin icra olunmaması onun 1 saylı Protokolun 1-ci maddəsi ilə təmin olunmuş mülkiyyətindən maneəsiz istifadə hüququnu pozmuşdur.
2. Konvensiyanın 6 və 13-cü maddələrinə əsasən ərizəçi şikayət edib ki, daxili mülki araşdırmalar ədalətsiz və daxili vasitələr səmərəsiz olmuşdur. Xüsusən, o bildirib ki, daxili məhkəmələr işin hallarını qiymətləndirərkən səhvlərə yol vermiş, daxili qanunvericiliyi düzgün təfsir etməmiş və mənəvi zərərə aid kompensasiya tələbini səhvən rədd etmişlər.
HÜQUQİ MƏSƏLƏLƏR
1. Konvensiyanın 6-cı maddəsinə və 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, ərizəçi Ali Məhkəmənin 22 iyul 2005-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmış Apellyasiya Məhkəməsinin 17 mart 2005-ci il tarixli qətnaməsinin dövlət orqanları tərəfindən vaxtında icra olunmamasından şikayət etmişdir. Konvensiyanın 6-cı maddəsi nəzərdə tutur ki:
«Hər kəs mülki hüquq və vəzifələri müəyyən edilərkən ... məhkəmə vasitəsilə ... işinin ədalətli ... araşdırılması hüququna malikdir. ...»
1 saylı Protokolun 1-ci maddəsi nəzərdə tutur ki:
«Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.»
Hökumət bildirib ki, ərizəçi daxili vasitələri tükəndirməmişdir, ona görə ki, o, icrada iddia olunan gecikdirmələrə aid zərərə görə səlahiyyətli dövlət orqanlarına qarşı heç zaman iddia qaldırmamışdır. Hökumət bildirib ki, icra orqanları əməkdaşlarının hərəkət və ya hərəkətsizliyi üçün səmərəli daxili vasitələr daxili qanunvericilikdə əlçatan olmuşdur.
Hökumət daha sonra bildirib ki, məhkəmə qərarının 28 fevral 2007-ci ildə icra olunduğunu nəzərə alaraq, ərizəçi iddia olunan pozuntuların qurbanı olduğunu iddia edə bilməz. Bu səbəblərə görə, onlar Məhkəməni şikayəti qeyri-məqbul elan etməyə dəvət etmişlər.
Daxili vasitələrin tükənməsi məsələsinə toxunmadan, ərizəçi Hökumətlə razılaşmamış və şikayətlərini təkrarlamışdır. Məhkəmə qərarının icra olunmasına gəldikdə, ərizəçi hər hansı sübut təqdim etmədən iddia edib ki, 28 fevral 2007-ci ildə o, yalnız 5.000 ABŞ dollarını almışdır.
Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən daxili vasitələrin tükəndirilib-tükəndirilməməsinin araşdırılması tələb olunmur, ona görə ki, onun bunu etdiyi güman olunsa belə, şikayət hər bir halda aşağıdakı səbəblərə görə qeyri-məqbuldur.
İlk növbədə, Məhkəmə qeyd edir ki, Hökumət ərizəçinin imzaladığı qəbzin surətini və eynilə ərizəçi tərəfindən imzalanmış Nəsimi rayon Məhkəmə icraçıları şöbəsinin tərtib etdiyi Aktın surətini təqdim etmişdir. Bu sənədlərə görə, Apellyasiya Məhkəməsinin 17 mart 2005-ci il tarixli qətnaməsi 28 fevral 2007-ci ildə tam icra olunmuş və ərizəçi 29.993 ABŞ dollarını almışdır.
Məhkəmə qeyd edir ki, ərizəçi bu sənədlərin autentikliyini mübahisə etməmişdir. Lakin hər hansı sübut təqdim etmədən, o iddia etmişdir ki, tam məbləğ barədə qəbzi imza etdiyinə baxmayaraq, o, tam məbləği almamışdır. Məhkəmə qeyd edir ki, ərizəçi 29.993 ABŞ dolları aldığını təsdiq etdiyi bu sənədlərə imza etmişdir. Əksini göstərən hər hansı sübut təqdim olunmamışdır. Eynilə, heç bir sübut göstərmir ki, o, hər hansı təzyiq altında bu sənədləri imzalamışdır. Belə olan halda, malik olduğu materiallar baxımından, Məhkəmə hesab edir ki, ərizəçinin məhkəmə qərarında göstərilmiş tam məbləğin ödənilməməsinə aid iddiaları əsasızdır. Buna görə, Məhkəmə qəbul edir ki, məhkəmə qərarı 28 fevral 2007-ci ildə tam icra olunmuş və qeyd edir ki, məhkəmə qərarının icra olunmadığı müddət bütövlükdə Ali Məhkəmənin 22 iyul 2005-ci il tarixli qərarından sonra bir il yeddi ay təşkil etmişdir.
Məhkəmə təkrar edir ki, hər hansı məhkəmənin qəbul etdiyi yekun qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırılması»nın ayrılmaz tərkib hissəsi kimi qiymətləndirilməlidir (baxın, Hornsbi Yunanıstana qarşı, 19 mart 1997-ci il, § 40, Qərar və Qərardadların Hesabatı 1997-II). Lakin məhkəmə qərarının icrasında gecikdirmə müəyyən konkret hallarda əsaslı ola bilər (baxın, Burdov Rusiyaya qarşı, № 59498/00, § 35, İHAM 2002-III) və «məhkəməyə müraciət» hüququ işin konkret hallarını nəzərə almadan mülki xarakterli hər məhkəmə qərarını icra etmək öhdəliyini Dövlətin üzərinə qoymur (baxın, Sanqlyer Fransaya qarşı, № 50342/99, § 39, 27 may 2003-cü il). Məhkəmə qeyd edir ki, fərdi şəxsə qarşı məhkəmə qərarının icrası üçün Dövlətin məsuliyyəti dövlət orqanlarının icra icraatında iştirakından daha irəli getmir. Hakimiyyət orqanları məhkəmə qərarını icra etmək üçün hərəkət etmək öhdəliyi altında olduqda və bunu etmədikdə, onların hərəkətsizliyi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi üzrə Dövlətin məsuliyyətinə səbəb ola bilər (baxın, mutatis mütandis, Kebotari və digərləri, № 37763/04, 37712/04, 35247/04, 35178/04 və 34350/04, § 39, 27 yanvar 2009-cu il).
Hazırkı işdə, mübahisə iki fərdi tərəflər arasında olmuşdur. Məhkəmə qeyd edir ki, Dövlətin üzərinə qoyulmuş pozitiv öhdəlikləri yerinə yetirməyi təmin etmək üçün adekvat və kifayətedici hüquqi mexanizmlərlə özünü təchiz etmək hər bir Dövlətin özünə aiddir. Məhkəmənin yeganə vəzifəsi hazırkı işdə dövlət orqanları tərəfindən tətbiq olunmuş tədbirlərin adekvat və kifayətedici olub-olmamasını yoxlamaqdan ibarətdir (baxın, Ruyanu Rumıniyaya qarşı, № 34647/97, § 66, 17 iyun 2003-cü il). Fərdi şəxs olan borclu tərəfindən hərəkətlərin edilməsini zəruri edən hazırkı xarakterli işlərdə, dövlət hakimiyyətinin sahibi kimi Dövlət məhkəmə qərarının icrasında kreditora kömək etmək üçün canfəşanlıqla hərəkət etməlidir (baxın, Fosiak Rumıniyaya qarşı, № 2577/02, § 70, 03 fevral 2005-ci il).
Məhkəmə qeyd edir ki, icra vərəqəsi 01 aprel 2005-ci ildə Apellyasiya Məhkəməsi tərəfindən 17 mart 2005-ci il tarixli qətnaməsindən sonra verilmişdir. Lakin sonuncu qətnaməni sonradan hər iki tərəf mübahisələndirmişdir. Buna görə, daxili araşdırmalar Ali Məhkəmənin 22 iyul 2005-ci il tarixli qərarının çıxarılması ilə yekunlaşmışdır.
İş materiallarından görünür ki, milli hakimiyyət orqanları passiv qalmamış və Apellyasiya Məhkəməsinin 17 mart 2005-ci il tarixli qətnaməsinin icrası üçün addımlar atmışlar. Əslində, icra vərəqəsinin verilməsindən dərhal sonra Nəsimi rayon Məhkəmə icraçıları şöbəsi müxtəlif dövlət orqanlarına (Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi, Daxili İşlər Nazirliyi və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi) müraciət edərək, məhkəmə qərarının icrasını təmin etmək üçün M.-in mülkiyyəti barədə məlumatı istəmişdir. Lakin müəyyən olunmuşdur ki, M. Azərbaycanda əmlaka malik deyildir. Bundan başqa, M.-in Azərbaycanda daimi yaşamaq hüququ yoxdur və onun ailəsinin dediyinə görə, o, ölkədən kənarda yaşayır.
Qeyd olunmalıdır ki, Nəsimi rayon Məhkəmə icraçıları şöbəsinin tələbinə əsasən, məhkəmə qərarını davamlı icra etmədiyi üçün M. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-cü maddəsinə (məhkəmə qərarının icra olunmaması) əsasən 20 dekabr 2006-cı il tarixdə Nəsimi rayon məhkəməsi tərəfindən in absentia xəbərdarlıq almışdır.
Bundan başqa, məhkəmə qərarı, nəticə etibarilə Ali Məhkəmənin 22 iyul 2005-ci il tarixli yekun qərarının çıxarılmasından təxminən bir il yeddi ay sonra icra olunmuşdur. Yuxarıdakıları nəzərə alaraq, Məhkəmə hesab edir ki, Dövlət, fərdi şəxs olan borclu tərəfindən məhkəmə qərarının icrasının təmin edilməsi üçün adekvat tədbirləri görmüşdür (müqayisə edin, Kiprova Çexiya Respublikasına qarşı (qərardad), № 17369/02, 15 iyun 2006-cı il; baxın, yuxarıda qeyd olunmuş Ruyanu Rumıniyaya qarşı, §§ 72-73 və yuxarıda qeyd olunmuş Kebotari və digərləri Moldovaya qarşı, § 49). Həmçinin, hazırkı işin hallarında məhkəmə qərarının icrasız qalmış müddəti bütövlükdə əsassız davamlı kimi qiymətləndirilə bilməz.
Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə aid qənaətlərini nəzərə alaraq, Məhkəmə hesab edir ki, ərizəçinin Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən mülkiyyət hüquqlarına müdaxilə baş verməmişdir.
Belə nəticəyə gəlinir ki, bu şikayətlər açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndlərinə əsasən rədd edilməlidir.
2. Konvensiyanın 6 və 13-cü maddələrinə əsasən ərizəçi araşdırmaların ədalətsizliyindən və daxili vasitələrin səmərəsizliyindən şikayət etmişdir.
Məhkəmə qeyd edir ki, ərizəçi öz şikayətini əsaslandırmamışdır. Ərizəçinin şikayətlərinin daxili məhkəmələr qarşısındakı araşdırmaların nəticəsinə aid olduğunu güman edərək, Məhkəmə təkrar edir ki, Konvensiyanın 19-cu maddəsinə müvafiq olaraq, onun vəzifəsi Konvensiyaya Tərəf Dövlətlərin öz üzərlərinə götürdüyü öhdəliklərə riayət olunmasını təmin etməkdən ibarətdir. Xüsusən, Konvensiya ilə təmin olunmuş hüquq və azadlıqları pozmadığı halda, milli məhkəmələr tərəfindən törədilməsi iddia olunan fakt və ya hüquq səhvlərini həll etmək Məhkəmənin funksiyasına aid deyildir (baxın, Qarsia Ruiz İspaniyaya qarşı (BP), № 30544/96, § 28, İHAM 1999-I).
Konvensiya ilə müdafiə olunan hüquq və azadlıqların pozuntusunu müəyyən etməməklə, belə nəticəyə gəlinir ki, bu şikayətlər açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndlərinə əsasən rədd edilməlidir.
Bu səbəblərə görə, Məhkəmə yekdilliklə
Şikayəti qeyri-məqbul elan edir.
Andre Uampaş Nina Vaciç
Katib müavini Sədr
Full & Egal Universal Law Academy