İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
Çingiz Paşayevin Azərbaycana qarşı
36084/06 saylı şikayətinin
MƏQBULİYYƏTİNƏ DAİR
H İ S S Ə V İ Q Ə R A R D A D
İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) 24 sentyabr 2009-cu ildə aşağıdakı tərkibdə,
Xristos Rozakis, Sədr,
Nina Vaciç,
Xanlar Hacıyev,
Din Spilman,
Sverr Erik Cebens,
Ciorcio Malinverni,
Corc Nikolau, hakimlər,
və Andre Uampaş, Bölmə Katibinin müavini,
04 avqust 2006-cı ildə verilmiş yuxarıdakı şikayəti nəzərə alıb, müzakirə edərək, bu qərarı qəbul edir:
FAKTLAR
Ərizəçi cənab Çingiz Paşayev 1957-ci ildə anadan olmuş və hazırda Qobustan həbsxanasında ömürlük azadlıqdan məhrum etmə cəzasını çəkən Azərbaycan vətəndaşıdır. Onu Məhkəmə qarşısında cənab E.Zeynalov təmsil edib.
A. İşin halları
Ərizəçinin təqdim etdiyinə görə, işin halları aşağıdakı kimi ümumilləşdirilə bilər.
Məhkumluq və cəzanın əvəzlənməsi
Ərizəçi Azərbaycan SSR-da, Rusiya SFSR-da və Gürcüstan SSR-da 1987-1989-cu illərdə bir neçə oğurluq və adam öldürmə cinayətlərini törətmiş beş nəfərdən ibarət mütəşəkkil qrupun üzvü olmuşdur.
12 noyabr 1991-ci ildə birinci instansiya məhkəməsi qismində Azərbaycanın Ali Məhkəməsi ərizəçini banditizm və qəsdən adam öldürmədə Gürcüstan SSR-nin Cinayət Məcəlləsinə (ölüm cəzası və əmlakın müsadirəsini nəzərdə tutmaqla), banditizm və qəsdən adam öldürmədə Rusiya SFSR-nin Cinayət Məcəlləsinə (ölüm cəzası və əmlakın müsadirəsini nəzərdə tutmaqla) və narkotikləri qanunsuz saxlamaqda Azərbaycan SSR-nin Cinayət Məcəlləsinə (2 il azadlıqdan məhrum etmə cəzası nəzərdə tutumaqla) əsasən məhkum etmişdir. Cəzaların əhatə olunması yolu ilə ərizəçi əmlakı müsadirə olunmaqla ölüm cəzasına məhkum olunmuşdur.
Məhkum edildikdən sonra ərizəçi Bayıl həbsxanasının ölüm cəzasını alan məhbuslar üçün nəzərdə tutulmuş 5-ci bölməsinə keçirilmişdir. Həmin vaxtda tətbiq olunan cinayət qanununa əsasən cəza növü kimi ölüm cəzasının mövcud olduğuna baxmayaraq, 1998-ci ildə ölüm cəzasının ləğvinədək Azərbaycanın hakimiyyət orqanları 1993-cü ilin iyun ayından sonra ölüm cəzasının icra olunmasına moratorium siyasətinə riayət ediblər.
10 fevral 1998-ci ildə Parlament «Azərbaycan Respublikasında ölüm cəzasının ləğvi ilə əlaqədar olaraq Cinayət Məcəlləsinə, Cinayət Prosessual Məcəlləsinə və İslah-Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Qanun qəbul etmişdir («10 fevral 1998-ci il tarixli Qanun»). Bu Qanun ölüm cəzasını ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əvəzləməklə, bütün müvafiq daxili hüquq normalarına dəyişiklik etmişdir. Ölümə məhkum olunmuş bütün məhkumların, o cümlədən ərizəçinin cəzası avtomatik olaraq ömürlük azadlıqdan məhrum etmə ilə əvəzlənmişdir.
2. Məhkumluğuna yenidən baxılması üzrə ərizəçinin cəhdləri
2000-ci ildə yeni Cinayət Prosessual Məcəlləsi («CPM») və yeni Cinayət Məcəlləsi qüvvəyə minmişdir. Yeni CPM-in 01 sentyabr 2000-ci ildə qüvvəyə minməsindən əvvəl, 14 iyul 2000-ci ildə Parlament köhnə cinayət prosessual qaydalarına müvafiq olaraq çıxarılmış yekun məhkəmə qərarlarından şikayət edilməsinə icazə verən keçid qanunu qəbul etmişdir («Keçid Qanunu»).
24 yanvar 2005-ci ildə ərizəçi Keçid Qanununa əsasən buraxılmış müddətin bərpasına dair vəsatətlə birgə Apellyasiya Məhkəməsinə şikayət vermişdir (işin materiallarında bu şikayətin surəti yoxdur). 15 mart və 26 may 2005-ci il tarixli məktubları ilə Apellyasiya Məhkəməsinin əməkdaşı cavab verib ki, şikayət Ali Məhkəməyə verilməlidir.
Görünür ki, ərizəçi 15 mart 2005-ci il tarixli məktubdan Ali Məhkəməyə şikayət etmişdir. 19 may 2005-ci il tarixli məktubu ilə Ali Məhkəmənin sədr müavini cavab verib ki, ərizəçinin şikayətinin ölüm cəzasının ömürlük azadlıqdan məhrum etmə ilə (ərizəçinin tələb etdiyi kimi 15 il azadlıqdan məhrum etmə yerinə) əvəzlənməsinin iddia olunan qanunsuzluğuna aid olduğunu nəzərə alaraq, məsələ məhkəmələrin yurisdiksiyasından kənardır, ona görə ki, ərizəçinin məhkumluğu yekun olmamış və cəzanın əvəzlənməsi qanunverici aktla həyata keçirilmişdir.
27 yanvar 2004-cü ildə ərizəçi Konstitusiya Məhkəməsinə şikayət verərək iddia etmişdir ki, ölüm cəzasının ömürlük azadlıqdan məhrum etmə ilə əvəzlənməsi Konstitusiyaya ziddir və bu cəza 15 il azadlıqdan məhrum etmə ilə əvəzlənməlidir. 05 avqust 2005-ci il tarixli məktubla Konstitusiya Məhkəməsi ərizəçinin şikayətini qəbul etməkdən imtina etmiş və göstərmişdir ki, 28 iyul 2005-ci il tarixli əvvəlki qərarına müvafiq olaraq, ölüm cəzasının ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənməsinə aid məsələlər ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən baxılmalıdır.
Ərizəçiyə görə, 2005-ci ilin avqustunda o, Apellyasiya Məhkəməsinə yeni şikayət verərək, 1991-ci ildəki məhkumluğunu mübahisələndirmişdir. 18 avqust 2005-ci ildə bu şikayət Ali Məhkəməyə göndərilmişdir. 01 sentyabr 2005-ci il tarixli cavab məktubunda Ali Məhkəmənin əməkdaşı bildirib ki, ərizəçi «müxtəlif prosedurlara əsasən şikayətlər verməklə cəzasının dəyişdirilməsini xahiş etmişdir». O, daha sonra qeyd edib ki, ərizəçi cəzaların icrasına aid şikayətlər üçün prosedura əsasən birinci instansiya məhkəməsinə müraciət etməlidir.
3. Cəzanın əvəzlənməsinin iddia olunan qanunsuzluğuna aid
araşdırmalar
09 avqust 2005-ci ildə ərizəçi Qaradağ rayon məhkəməsinə müraciət edərək şikayət edib ki, ömürlük azadlıqdan məhrum etmə üzrə yeni cəza onun ziyanına olaraq geriyə tətbiq edilmişdir. O iddia edib ki, onun cəzası cinayət törətdiyi vaxtda ləğv olunmuş cəzaya yeganə alternativ olan on beş il azadlıqdan məhrum etmə ilə əvəzlənməli olmuşdur. O, həmçinin, məhkəmədən xahiş edib ki, Gürcüstan SSR-in və Rusiya SFSR-in Cinayət Məcəllərinə əsasən üzərinə qoyulmuş cəzaları ləğv etsin, ona görə ki, onların Azərbaycanda tətbiq edilmədiyini hesab edir.
12 oktyabr 2005-ci ildə Qaradağ rayon məhkəməsi 10 fevral 1998-ci il tarixli Qanunun 4-cü maddəsinə əsasən ölüm cəzasının ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənməsini təsdiq etmişdir. Ərizəçi iclasda şəxsən iştirak etməmiş və təmsil olunmamışdır, lakin dövlət ittihamçısı məhkəmə baxışına qatılmışdır.
25 noyabr 2005-ci ildə Apellyasiya Məhkəməsi bu qərardan ərizəçinin verdiyi şikayəti rədd etmiş və 10 fevral 1998-ci il tarixli Qanuna əsasən ərizəçinin cəzasının əvəzlənməsini qüvvədə saxlamışdır.
22 mart 2006-cı ildə Ali Məhkəmə aşağı məhkəmələrin qərarlarını qüvvədə saxlamışdır. Ərizəçi şikayətlərinə baxılmasında iştirak etməmişdir.
4. Cəza çəkən zaman həbsin şəraiti və tibbi müalicə
(a) Bayıl həbsxanası
12 noyabr 1991-ci ildə məhkum olunduqdan sonra ərizəçi təxminən yeddi il yarım keçirdiyi Bayıl həbsxanasının 5-ci bölməsinə (keçmiş «ölüm sırası») köçürülmüşdür.
Bu müddət ərzində o, eyni olan, təqribən altı kvadrat metr ölçüdə və yalnız iki yataq yeri ilə beş müxtəlif kamerada saxlanılmışdır. Bu kameralarda saxlanılanların sayı beşdən səkkizədək fərqlənib və onlar növbə üzrə yatmalı olmuşlar.
Pəncərə işığın daxilə keçməsinə imkan verməyən dəmir örtüklərlə bağlanmışdır. Kameranın içində zəif süni işıq heç zaman söndürülməyib və onun işıqlandırılması kameranı adekvat əhatə etməyə kifayət etməsə də, məhbuslar yatmağa çalışarkən onun narahatedici effekti var idi. Kamera pis havalandırılırdı.
Kamerada dezinfeksiya və ya dezinsektiya heç zaman edilməmişdir. Yataq yerləri, hətta infeksion xəstəliklərdən vəfat etmiş məhbusların istifadə etdikləri belə, heç zaman dəyişdirilməmişdir. Kamerada bitlər, birələr və tarakanlar olmuşdur. Bəzən siçanlar borular vasitəsilə kameraya daxil olmuşdur.
1994-cü ilin əvvəlindən 1996-cı ilin ortasınadək bütün məhbuslar duşlardan məhrum olmuşlar. Bütün bu müddət ərzində onlar yalnız bir dəfə duş qəbul edə bilmişlər. 1998-ci ilin martınadək bu məhbuslar gəzinti üçün kameradan çıxa bilməmişlər. Xəstə məhbuslar sağlam məhbuslarla bir kamerada saxlanılmış və tibbi bölməyə köçürülməmişlər.
1994-cü ilin oktyabrında on nəfər məhbus həbsxanadan qaçmışlar. Qisas olaraq həbsxana işçiləri ərizəçi daxil olmaqla, bir neçə başqa məhbusları döymüşlər. Növbəti aylar zamanı bütün məhbusların yeməyi yarıyadək azaldılmış və onların isti paltarları və örtükləri götürülmüşdür. Ərizəçi iddia edir ki, təxminən otuz beşdən qırxadək məhbuslar bu müddət ərzində vəfat etmişlər.
Hər aya məhbuslara qohumları ilə bir dəfə görüşməyə və kənardan bir dəfə yemək almağa icazə verilmişdir. Lakin 1994-cü ilin oktyabr hadisələrindən sonra və naməlum müddətdə məhbuslara ziyarətçiləri və kənardan yeməkləri qəbul etməyə icazə verilməmişdir. Sonradan qeyri-mütəmadi əsaslarla ziyarətçilər və ya kənardan yeməklərə yenidən icazə verilmişdir.
(b) Qobustan həbsxanası
Cəzasının ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənməsindən sonra, 1998-ci il martın sonunda ərizəçi Bakıdan kənarda yerləşən Qobustan həbsxanasına köçürülmüşdür.
O, təxminən 9-10 kvadrat metr olan kamerada bir başqa məhbusla saxlanılmışdır. Kamerada iki yataq yeri, balaca tumba və yerə quraşdırılmış bir kiçik stol və iki stul olmuşdur. Tualet sahəsi bir metr yüksəkliyində daş divarı ilə kameranın başqa sahəsindən ayrılmışdır. Yer və tavan müvafiq olaraq daşdan və betondan olmuşdur. Kamera daxilində temperatur yayda çox yüksək və qışda çox aşağı olmuşdur. Mərkəzləşdirilmiş istilik mövcud olmuş, lakin kifayət deyildir.
Dəmir örtüklərlə pəncərə şüşəsiz olmuş və qışda şəffaf polietilen nazik təbəqə ilə bağlanmışdır. Daxildəki hava təzələnməmiş və kamera təbii şəkildə havalandırılmırdı. 2001-ci ilədək məhbuslara ventilyatorlara sahib olmağa və ya onlardan istifadə etməyə icazə verilməmişdir. Eynilə, 2001-ci ilədək məhbuslara radioya sahib olmağa icazə verilmirdi. Sonradan kiçik radiolar və ventilyatorlara icazə verilmişdir. Maqnitofon və televizorlara icazə verilməmişdir.
Həbsxanada verilmiş yemək çox vaxt aşağı keyfiyyətli olmuş və orada kifayətedici ət və vitaminlər olmamış və menyu eyni və monoton tərtib edilmişdir. Məhbuslara yalnız on beş-iyirmi dəqiqəlik gündəlik məşqlərə icazə verilmişdir. Orada başqa bərpaedici və ya öyrədici fəaliyyətlər olmamışdır.
01 sentyabr 2000-ci ildən məhbuslara hüquq verilmişdir ki, illik əsaslarla bir uzun və üç qısa şəxsi görüşlər keçirsin, dörd dəfə qohumlardan yemək alsın (hər biri 31.5 kiloqrama qədər) və altı telefon zəngi etsinlər (hər biri on dəqiqəyədək). Onlar əsas əşyalar üçün ayda 3.3 yeni Azərbaycan manatı (AZN) xərcləmək imkanına malik olmuşlar.
24 iyun 2008-ci ildən qohumlar tərəfindən illik görüşlərin sayı iki uzun və altı qısa görüşlərədək, yeməklərin alınmasının sayı səkkizədək və telefon zənglərinin sayı iyirmi dördədək artırılmışdır. Aylıq xərc məbləği 25 AZN-dək qaldırılmışdır.
(c) Ərizəçinin sağlamlıq vəziyyəti və tibbi müalicə
1991-ci ilin yayında ərizəçi Bayıl həbsxanasının müxtəlif qollarında ibtidai həbsdə olarkən xəstələnmiş və həbsxana həkimi ona baxmışdır. Rentgen müayinəsi onun sağ ağ ciyərinin yuxarı hissəsində qaralmanı aşkar etmişdir. Həkim müəyyən naməlum müalicəni tövsiyə etmiş, lakin həbsxana nəzarətçiləri buna icazə verməmişlər.
Bayıl həbsxanasının 5-ci bölməsinə köçürüldükdən sonra ərizəçi məhbusların ikisinin vərəmdən əziyyət çəkdiyi kameraya köçürülmüşdür. Bu sonuncu məhbuslar həmin xəstəlikdən müvafiq olaraq 1993 və 1994-cü illərdə vəfat etmişlər. Təxminən həmin vaxtda ərizəçi qanla öskürməyə başlamışdır. 1992-1998-ci illərdə ərizəçi dərman vasitələri ilə, öz pulu ilə aldığı antibiotiklər qəbul edərək özünü sağaltmağa çalışırdı.
Ərizəçiyə görə, bu müddət ərzində Bayıl həbsxanasının 5-ci bölməsinin vərəmdən əziyyət çəkmiş məhbusları adətən hər hansı ixtisaslaşmış sahələrə köçürülməmiş, ancaq öz kameralarında qalaraq müalicə olunmuşlar.
1998-ci ildə Qobustan həbsxanasına köçürülərkən, ərizəçidə xroniki bronxit və ağ ciyərin vərəmi müəyyən olunmuşdur. 25 dekabr 1999-cu il və 13 yanvar və 01 iyul 2000-ci tarixlərində o, psixiatr tərəfindən müayinə olunmuşdur. Görünür ki, o, qohumları tərəfindən alınmış müxtəlif dərmanlar vasitəsilə müəyyən tibbi müalicə almış, lakin buna baxmayaraq, xəstəlik remissiya fazasına keçmişdir.
20 noyabr 2004-cü ildə ərizəçi, onda ağ ciyərin vərəmi xəstəliyini onda müəyyən edən Vərəmdən əziyət çəkən məhbuslar üçün 3 saylı İxtisaslaşmış Tibbi Müəssisəyə stasionar müalicə üçün köçürülmüşdür («3 saylı Vərəm xəstəxanası»). Lakin nəticə etibarilə həkimlər müəyyən etmişlər ki, onun vəziyyəti Ümumdünya Səhiyyə Təşkilatının DOTS proqramına (Birbaşa Müşahidə olunan Müalicə, Qısa-kurs) əsaslanan müalicəni tələb etmir. Buna görə, naməlum müddətdə o, geriyə Qobustan həbsxanasına köçürülmüşdür.
29 yanvar 2005-ci ildə ərizəçi yenidən 3 saylı Vərəm xəstəxanasına köçürülmüşdür. 03 fevraldan 29 mart 2005-ci ilədək o, ilk dəfə olaraq DOTS proqramına əsaslanan müalicəni qəbul etmişdir.
16 may 2005-ci ildə ərizəçinin sonrakı tibbi müayinəsinin nəticəsi kimi həkimlər yenidən müəyyən müalicəni tövsiyə etmişlər. Bu müalicə Qobustan həbsxanasının tibbi bölməsində aparılmış, lakin qeyri-adekvat olmuşdur.
03-17 sentyabr 2005-ci ildə ərizəçi «xroniki bronxitin remissiyası» və «xroniki qastrit» üçün stasionar müalicəni naməlum penitensiar tibb sahəsində almışdır.
2006-cı ilin noyabrında ərizəçi yenidən 3 saylı Vərəm xəstəxanasına köçürülmüş, lakin çox qısa vaxtda geriyə Qobustan həbsxanasına qaytarılmışdır. Ərizəçiyə görə, bu, həmin vaxtda Qobustan həbsxanasına baş çəkən İşgəncənin və Qeyri-insani və ya Alçaldıcı Rəftarın və ya Cəzanın Qarşısının Alınması Komitəsinin nümayəndə heyətindən onu «gizlətmək» üçün edilmişdir.
Adekvat tibbi müalicənin olmamasına dair mülki iddia
23 fevral 2007-ci ildə Mülki Məcəllənin 1096 (mülki hüquq pozuntusu) və 1097-ci (mülki hüquq pozuntusu üçün məsuliyyət) maddələrinə əsasən, ərizəçi Bayıl həbsxanasının müdiriyyətinə qarşı iddia qaldıraraq, onun sağlamlığına vurulmuş zərərə görə 20.000 AZN kompensasiya tələb etmişdir. O iddia edib ki, həbsxana müdiriyyəti onun vərəmə yoluxmasına birbaşa məsuliyyət daşıyır, ona görə ki, həbsin şəraiti pisdir və o, vərəm xəstəsi olan məhbuslarla bir kamerada saxlanılır.
Tələbinin əsası kimi o, Bayıl həbsxanasında əvvəllər saxlanılmış başqa məhbusların yazılı izahatlarını təqdim etmişdir. O, həmçinin, Bayıl həbsxanasında saxlanılma şəraitinə aid müxtəlif beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatlarının hesabatlarını təqdim etmişdir. O, geniş şəkildə Məhkəmənin presedent-hüququna istinad etmişdir.
Daxili araşdırmalarda ərizəçi vəkil tərəfindən təmsil olunmuşdur.
29 may 2007-ci ildə Səbail rayon məhkəməsi ərizəçinin iddiasını rədd edərək hesab edib ki, ərizəçi xəstə məhbuslarla qəsdən yerləşdirildiyini və bunun nəticəsində xəstələndiyini sübut edə bilməmişdir. Daha sonra məhkəmə belə nəticəyə gəlib ki, belə olan halda, Bayıl həbsxanasının müdiriyyəti ərizəçiyə aid pis rəftarın hər hansı növü üzrə məsuliyyətli hesab oluna bilməz.
Ərizəçi öz iddialarını təkrarlayan şikayət etmişdir. Öz şikayətində o, iclasda şəxsən iştirak etməyi xahiş etmiş və məhkəmədən şahidləri dinləməyi və tibbi sənədlərini araşdırmağı tələb etmişdir. 30 noyabr 2007-ci ildə Bakı Apellyasiya Məhkəməsi ərizəçinin tələblərini və şikayətlərini rədd edərək, onun dəlillərini əsassız hesab etmişdir.
20 iyun 2008-ci ildə Ali Məhkəmə ərizəçi tərəfindən verilmiş şikayəti rədd etmiş və aşağı məhkəmələrin qərarlarını qüvvədə saxlamışdır.
B. Müvafiq daxili qanunvericilik
1. «Azərbaycan Respublikasında ölüm cəzasının ləğvi ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Cinayət Prosessual Məcəlləsinə və İslah-Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» 10 fevral 1998-ci il tarixli Qanun («10 fevral 1998-ci il tarixli Qanun»)
Maddə II-8
«Cinayət Məcəlləsinin 70-2-ci maddəsinin 3-cü bəndində ... «ölüm cəzası» sözləri «ömürlük azadlıqdan məhrum etmə cəzası» sözləri ilə əvəz edilsin.»
Maddə VI
«Bu Qanun qüvvəyə mindiyi günədək ölüm cəzasına məhkum olunmuş şəxslərin cəzaları ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin. »
2. «Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin qəbul edilməsi və qüvvəyə minməsi haqqında» 14 iyul 2000-ci il tarixli Qanun («Keçid Qanunu»)
Maddə 7
«Bu Məcəllə qüvvəyə minənədək birinci instansiya məhkəmələri tərəfindən (əvvəlki) Cinayət Prosessual Məcəlləsi ... əsasında çıxarılmış hökmlərə və digər yekun qərarlarına müvafiq apellyasiya məhkəməsində və ya Azərbaycan Respublikasının Ali Məhkəməsində (yeni) Cinayət Prosessual Məcəlləsinin 383-407, 409-427, 461-467-ci maddələrinə uyğun olaraq yenidən baxıla bilər.»
ŞİKAYƏTLƏR
1. Konvensiyanın 3-cü maddəsinə əsasən ərizəçi həbsin şəraitindən və Bayıl və Qobustan həbsxanalarında adekvat tibbi müalicənin olmamasından şikayət edib.
2. Konvensiyanın 6-cı maddəsinə və 7 saylı Protokolun 2-ci maddəsinə əsasən ərizəçi şikayət edib ki, Keçid Qanununa əsasən cinayət məhkumluğuna qarşı verdiyi şikayətinə daxili məhkəmələr tərəfindən baxılmaması onun məhkəməyə müraciət hüququnu və cinayət işlərində şikayət hüququnu pozmuşdur.
3. Konvensiyanın 6-cı maddəsinə əsasən ərizəçi şikayət edib ki, Bayıl həbsxanasında həbs şəraitinə aid mülki araşdırmalarda iclaslar onun iştirakı olmadan keçirilmiş və məhkəmələr onun xeyrinə izahat verməyə hazır olan şahidləri dindirməmişdir.
4. Konvensiyanın 6-cı maddəsinə əsasən ərizəçi şikayət edib ki, ölüm cəzasının ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənməsinə aid araşdırmalarda (Ali Məhkəmənin 22 mart 2006-cı il tarixli qərarı ilə yekunlaşıb) iclaslar onun və vəkilinin iştirakı olmadan keçirilmişdir.
5. Bir daha Konvensiyanın 6-cı maddəsinə əsasən ərizəçi şikayət etmişdir ki, hər iki araşdırmalarda daxili məhkəmələr müstəqil və qərəzsiz olmamış, araşdırmalar «ağlabatan vaxt» tələbinə cavab verməmiş və ümumiyyətlə, ədalətsiz olmuşdur. O, həmçinin şikayət edib ki, Konstitusiya Məhkəməsi ona cavabını gecikdirmiş və onun fərdi konstitusiya şikayətini mahiyyəti üzrə araşdırmamışdır.
6. Konvensiyanın 7-ci maddəsinə əsasən ərizəçi şikayət edib ki, SSRİ-nin dağılmasından sonra Azərbaycanda artıq tətbiq olunmayan xarici dövlətlərin (Gürcüstan və Rusiya) cinayət qanunlarına əsasən məhkum olunmuşdur. O, həmçinin şikayət edib ki, ömürlük azadlıqdan məhrum etmə cəzası onun zərərinə olaraq geriyə tətbiq olunub, ona görə ki, yeni cəzanın qanunvericiliyə daxil olunmasından əvvəl ölüm cəzasına yeganə alternativi on beş il azadlıqdan məhrum etmə təşkil etmişdir.
HÜQUQİ MƏSƏLƏLƏR
1. Konvensiyanın 3-cü maddəsinə əsasən ərizəçi əvvəl saxlanıldığı Bayıl və hazırda olduğu Qobustan həbsxanalarında həbsin şəraitindən və adekvat tibbi müalicənin olmamasından şikayət edib.
Məhkəmə qeyd edir ki, hazırkı şikayət Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi 15 aprel 2002-ci il tarixdən əvvəlki dövrə qismən təsadüf edir. Müvafiq olaraq, ərizəçinin şikayətinin Bayıl həbsxanasında, eləcə də 15 aprel 2002-ci ilədək Qobustan həbsxanasında olduğu müddətdə həbsin şəraitinə və adekvat tibbi müalicənin iddia olunan çatışmazlığına aid hissəsi Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasında Konvensiyanın müddəaları ilə ratione temporis ziddir və Konvensiyanın 35-ci maddəsinin 4-cü bəndinə əsasən rədd edilməlidir.
15 aprel 2002-ci ildən sonra baş vermiş hadisələrə gəldikdə, Məhkəmə hesab edir ki, o, işin materialları əsasında bu şikayətin məqbuliyyətini həll edə biməz və buna görə, Məhkəmə Reqlamentinin 54-cü qaydasının 2 «b» bəndinə əsasən şikayətin bu hissəsi haqqında cavabdeh Dövlətə bildiriş verməlidir.
2. Konvensiyanın 6-cı maddəsinə və 7 saylı Protokolun 2-ci maddəsinə istinadən, ərizəçi Keçid Qanununa əsasən cinayət məhkumluğuna qarşı verdiyi şikayətinə daxili məhkəmələr tərəfindən baxılmamasından şikayət edib.
Məhkəmə hesab edir ki, o, işin materialları əsasında bu şikayətin məqbuliyyətini həll edə biməz və buna görə, Məhkəmə Reqlamentinin 54-cü qaydasının 2 «b» bəndinə əsasən şikayətin bu hissəsi haqqında cavabdeh Dövlətə bildiriş verməlidir.
3. Konvensiyanın 6-cı maddəsinə istinadən, ərizəçi şikayət edib ki, Bayıl həbsxanasında həbs şəraitinə aid mülki araşdırmalarda iclaslar onun iştirakı olmadan keçirilmiş və məhkəmələr hal şahidlərini dindirməmişlər.
Məhkəmə hesab edir ki, o, işin materialları əsasında bu şikayətin məqbuliyyətini həll edə biməz və buna görə, Məhkəmə Reqlamentinin 54-cü qaydasının 2 «b» bəndinə əsasən şikayətin bu hissəsi haqqında cavabdeh Dövlətə bildiriş verməlidir.
4. Konvensiyanın 6-cı maddəsinin 1 və 3-cü bəndlərinə əsasən ərizəçi şikayət edib ki, ölüm cəzasının ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənməsinə aid araşdırmalarda iclaslar onun və vəkilinin iştirakı olmadan keçirilmişdir.
Məhkəmə qeyd edir ki, cinayət cəhəti üzrə Konvensiyanın 6-cı maddəsi «hər hansı cinayət ittihamının müəyyən olunmasına» aid araşdırmalara tətbiq olunur. Hazırkı işdə, ərizəçiyə qarşı cinayət ittihamı və onun üzərinə qoyulmuş cinayət cəzası (ölüm cəzası və əmlakın müsadirəsi) Ali Məhkəmənin 12 noyabr 1991-ci il tarixli qəti qərarı ilə həll olunmuşdur. Sonradan bu cəza 10 fevral 1998-ci il tarixli Qanuna əsasən ömürlük azadlıqdan məhrum etmə ilə əvəzlənmişdir. Bütün bu hadisələr Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi 15 aprel 2002-ci il tarixədək baş vermişdir.
Oxşar işlərdə Məhkəmə müəyyən etmişdir ki, 10 fevral 1998-ci il tarixli Qanuna əsasən ölüm cəzasına məhkum olunmuş şəxslərin cəzasının ömürlük azadlıqdan məhrum etmə ilə əvəzlənməsi Məhkəmənin ratione temporis səlahiyyətindən kənardır (baxın, Hümmətov Azərbaycana qarşı (qərardad), № 9852/03 və 13413/04, 18 may 2006-cı il). Konvensiyanın qüvvəyə mindiyi vaxtda ərizəçi Konvensiyanın 5-ci maddəsinin 1 «a» bəndinin mənasında artıq «səlahiyyətli məhkəmə tərəfindən məhkum olunduqdan sonra» həbsdə olmuşdur (həmin yerdə).
Hazırkı işdə mübahisə olunan 2005-ci ilin avqustunda ərizəçinin başladığı və Ali Məhkəmənin 22 mart 2006-cı il tarixli qərarı ilə yekunlaşan araşdırmalar yalnız cəzasının əvəzlənməsinə və işi üzrə ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin olunmasına ərizəçinin etirazına aid olmuşdur. Məhkəmə qeyd edir ki, bu araşdırmalar nə ərizəçiyə aid hər hansı cinayət ittihamının həll olunmasına, nə də bu cinayət ittihamına qarşı hər hansı şikayətə aid olmuşdur. Nə də ki, onlar hər hansı yeni cinayət qanununun tətbiqi və ya 15 aprel 2002-ci ildə Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə minməsindən əvvəl ərizəçiyə aid hələ tətbiq olunmamış hər hansı yeni cəzanın təyin edilməsi ilə nəticələnib. Bundan başqa, bu araşdırmaların predmeti də məhkumluğun mahiyyətinə qarşı Keçid Qanununa əsasən verməyə çalışdığı şikayətdən fərqləndirilməlidir (baxın, yuxarıda 2 saylı şikayət; müqayisə edin: Hacıyev Azərbaycana qarşı, № 5548/03, § 32, 16 noyabr 2006-cı il və Abbasov Azərbaycana qarşı, № 24271/05, § 24, 17 yanvar 2008-ci il). Hazırkı araşdırmalar yalnız 1998-ci ildə ərizəçiyə münasibətdə tətbiq olunmuş ömürlük azadlıqdan məhrum etmə cəzasının davamlı tətbiqinin qanuniliyinin təsdiq olunmasına toxunub. Məhkəmə belə nəticəyə gəlir ki, belə olan halda, sözügedən araşdırmalar «hər hansı cinayət ittihamının müəyyən olunmasına» aid olmayıb və bu səbəbdən təqsirləndirilən şəxsin cinayət baxışında iştirakına aid Konvensiyanın 6-cı maddəsinin tələbləri həmin araşdırmalara tətbiq olunmur.
Belə nəticəyə gəlinir ki, ərizəçinin Konvensiyanın 6-cı maddəsinə istinad etdiyini nəzərə alaraq, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasında Konvensiyanın müddəaları ilə ratione materiae ziddir və Konvensiyanın 35-ci maddəsinin 4-cü bəndinə əsasən rədd edilməlidir.
5. Konvensiyanın 6-cı maddəsinə əsasən ərizəçi şikayət edib ki, hər iki araşdırmalarda daxili məhkəmələr müstəqil və qərəzsiz olmamış, araşdırmalar «ağlabatan vaxt» tələbinə cavab verməmiş və ümumiyyətlə, ədalətsiz olmuşdur. O, həmçinin şikayət edib ki, Konstitusiya Məhkəməsi ona cavabını gecikdirmiş və onun fərdi konstitusiya şikayətini mahiyyəti üzrə araşdırmamışdır.
Malik olduğu bütün material baxımından və şikayət edilən məsələlərin onun səlahiyyətində olduğu qədər, Məhkəmə hesab edir ki, onlar Konvensiyanın və onun Protokollarında təsbit olunmuş hər hansı hüquq və azadlıqların pozulmasının görüntüsünü aşkar etmir. Belə nəticəyə gəlinir ki, şikayətin bu hissəsi açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndlərinə əsasən rədd edilməlidir.
6. Konvensiyanın 7-ci maddəsinə əsasən ərizəçi şikayət edib ki, SSRİ-nin dağılmasından sonra Azərbaycanda artıq tətbiq olunmayan xarici dövlətlərin (Gürcüstan və Rusiya) cinayət qanunlarına əsasən məhkum olunmuşdur. O, həmçinin şikayət edib ki, ömürlük azadlıqdan məhrum etmə cəzası onun zərərinə olaraq geriyə tətbiq olunub, ona görə ki, yeni cəzanın qanunvericiliyə daxil olunmasından əvvəl ölüm cəzasına yeganə alternativi on beş il azadlıqdan məhrum etmə təşkil etmişdir.
Bu şikayətin Məhkəmənin ratione temporis səlahiyyəti daxilinə düşdüyü güman olunsa belə, o, aşağıdakı səbəblərə görə əsassızdır. Məhkəmə qeyd edir ki, ərizəçi SSRİ-nin dağılmasından əvvəl, 1987-1989-cu illərdə Gürcüstan və Rusiya ərazisində törətdiyi, inter alia, adam öldürmə cinayətlərinə görə məhkum olunub və bu əməllər açıq-aşkar şəkildə «törədildiyi zaman milli ... qanunvericiliyə əsasən cinayəti» təşkil etmişdir və bu əməllərin cinayət olduğu yalnız Gürcüstan SSR-in və Rusiya SFSR-in qanunvericiliklərində deyil, həm də sözügedən vaxtda tətbiq olunan Azərbaycan qanunvericiliyində nəzərdə tutulmuşdur. Müvafiq olaraq, Məhkəmə belə nəticəyə gələ bilməz ki, ərizəçi törətdiyi zaman cinayət hesab olunmayan hərəkətə görə məhkum olunmuşdur.
Bundan başqa, aydındır ki, məhkum olunma zamanı ərizəçinin üzərinə qoyulmuş cəza (ölüm cəzası) cinayət əməlinin törədildiyi vaxt müvafiq qanuna əsasən tətbiq edilən olmuşdur. 1998-ci ildə onun cəzası ömürlük azadlıqdan məhrum etmə ilə əvəzlənmişdir. Bununla bağlı, Məhkəmə təkrar edir ki, onun tərəfindən əvvəllər baxılmış oxşar işlərdə tətbiq olunduğu kimi Konvensiyanın 7-ci maddəsinin məqsədləri üçün o, yalnız yeni geriyə tətbiq olunmuş cəzanın cinayətin törədildiyi vaxt tətbiq edilən və ərizəçinin məhkumluğu vaxtı cinayət əməli üçün faktiki tətbiq olunan cəzadan daha ağır olub-olmaması ilə maraqlanır və bunu edərkən, Məhkəmə məhkumluq zamanı həmçinin mövcud olan, lakin ərizəçini məhkum edən məhkəmə tərəfindən heç zaman təyin edilməyən hər hansı başqa alternativ cəza ilə müqayisə aparmır (baxın, Maksimov Azərbaycana qarşı (qərardad), № 38228/05, 01 fevral 2007-ci il). Məhkəmə əvvəllər müəyyən etdiyi kimi, yeni ömürlük azadlıqdan məhrum etmə cəzası məhkum olunma zamanı ərizəçiyə təyin olunmuş ölüm cəzasından daha ağır cəza deyildir (həmin yerdə, baxın, həmçinin yuxarıda qeyd olunmuş Hümmətov). Buna görə, Məhkəmə belə nəticəyə gələ bilməz ki, ərizəçiyə cinayətin törədildiyi vaxt tətbiq olunan cəzadan daha ağır cəza təyin olunmuşdur.
Belə nəticəyə gəlinir ki, şikayətin bu hissəsi açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndlərinə əsasən rədd edilməlidir.
Bu səbəblərə görə, Məhkəmə yekdilliklə
Ərizəçinin Konvensiyanın 3-cü maddəsinə (15 aprel 2002-ci ildən sonrakı müddətdə həbsin şəraiti və adekvat tibbi müalicənin iddia olunan çatışmazlığı), Konvensiyanın 6-cı maddəsinə və 7 saylı Protokolun 2-ci maddəsinə (ərizəçinin məhkəməyə müraciət və cinayət işlərində şikayət etmək hüququnun iddia olunan pozulması) və Konvensiyanın 6-cı maddəsinə (həbsin şəraitinə aid mülki araşdırmalarda ərizəçinin ədalətli məhkəmə araşdırılması hüququ) əsasən etdiyi şikayətlərinə baxılmasını təxirə salmağı qərara alır;
Şikayətin qalan hissəsini qeyri-məqbul elan edir.
Andre Uampaş Xristos Rozakis
Katib müavini Sədr
Full & Egal Universal Law Academy