İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
Leonid İsakoviç Perçenokun Azərbaycana qarşı
34465/02 saylı şikayətinin
MƏQBULİYYƏTİNƏ DAİR
Q Ə R A R D A D
İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) Palata kimi
30 yanvar 2003-cü il tarixdə aşağıdakı tərkibdə,
cənab G.Ress, Sədr,
cənab İ.Kabral Barreto,
cənab L.Kafliş,
cənab R.Türmen,
cənab B.Zupançiç,
xanım H.S.Qrev,
cənab K.Traca; hakimlər,
və cənab V.Berqer, Bölmə Katibi,
yuxarıda qeyd edilən 29 iyun 2002-ci il tarixdə verilmiş şikayətlə bağlı müzakirə apararaq, qərara alır:
FAKTLAR
Ərizəçi Azərbaycan vətəndaşı olan cənab Leonid İsakoviç Perçenok 1938-ci ildə anadan olub və 1998-ci ilin dekabrından Almaniyada yaşayır.
İşin halları ərizəçinin təqdim etdiklərinə görə aşağıdakı kimi ümumiləşdirilə bilər.
28 may 2001-ci ildə Almaniyaya köçməzdən əvvəl ərizəçinin Bakıda sahib olduğu və yaşadığı mənzil onun keçmiş arvadı tərəfindən üçüncü şəxs İ.A.-ya satılıb. Ərizəçi arvadı ilə İ.A. arasında bağlanılmış alqı-satqı müqaviləsinin ləğvini və onun mülkiyyət hüququnun bərpasını tələb edərək, Xətai rayon məhkəməsində iddia qaldırıb. Ərizəçi iddia edib ki, Almaniyaya köçməzdən əvvəl arvadı ilə boşanıb və buna görə, sonuncu onun əmlakına aid malik ola bildiyi hər hansı hüququ itirib. O iddia edib ki, əqdi rəsmiləşdirmək üçün arvadının Dövlət Notariusuna təqdim etdiyi sənədlər saxta olub.
18 dekabr 2001-ci ildə Xətai rayon məhkəməsi qərara alıb ki, ərizəçinin arvadı ilə İ.A. arasındakı alqı-satqı müqaviləsi etibarsızdır və ərizəçinin sahiblik hüququnun bərpasını qət edib.
Lakin İ.A. öz növbəsində bu qətnamədən Azərbaycanın Apellyasiya Məhkəməsinə şikayət verib. O qeyd edib ki, mənzili aldığı zaman o, vicdanlı olaraq əmlakın satıcının mülkiyyətində olmasına və alqı-satqının bütün sənədlərinin onun inancına və biliklərinə görə düzgün və qanuni olduğuna inanıb.
11 mart 2002-ci ildə Azərbaycanın Apellyasiya Məhkəməsi İ.A.-nın xeyrinə qətnamə çıxarıb. Məhkəmə hesab edib ki, İ.A. bu mənzilin hüququ olmayan şəxs tərəfindən satılmasını bilmədiyinə və bilmək imkanına malik olmadığına görə alqı-satqı qanunvericiliyə zidd olmayıb. Lakin məhkəmə, əmlakın ərizəçinin razılığı olmadan satıldığına görə, həmçinin ərizəçinin keçmiş arvadına tapşırıb ki, alqı-satqının dəyərinə ekvivalent kompensasiyanı ərizəçiyə ödəsin.
ŞİKAYƏTLƏR
Ərizəçi şikayət edir ki, o, qanunsuz alqı-satqı nəticəsində mülkiyyətindən məhrum olunub. O qeyd edir ki, onun keçmiş arvadı nə mülkiyyət, nə də onun adından sərəncam vermək hüququna malik olub. O iddia edir ki, keçmiş arvadı əmlakı satmaq üçün saxta sənədlərdən istifadə edib. O, 1 saylı Protokolun 1-ci maddəsinə istinad edir.
Ərizəçi, həmçinin Konvensiyanın 6-cı maddəsinə istinad edərək iddia edir ki, ikinci instansiya məhkəməsinin qətnaməsi ədalətsiz olub.
HÜQUQİ MƏSƏLƏLƏR
Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən ərizəçi şikayət edir ki, o, özünə məxsus mülkiyyətdən məhrum olunub.
Daha sonra ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən şikayət edir ki, Apellyasiya Məhkəməsinin qətnaməsi ədalətsiz olub.
Məhkəmə qeyd edir ki, Konvensiya Azərbaycana münasibətdə 15 aprel 2002-ci ildə qüvvəyə minib və beynəlxalq hüququn hamılıqla qəbul olunmuş prinsipinə müvafiq olaraq, Məhkəmə yalnız ratifikasiya tarixindən sonra baş vermiş hərəkətlər, faktlar və ya qərarlarla Konvensiyanın pozulmasına dair şikayətləri araşdırmaq səlahiyyətinə malikdir (bax, Stoiçkov və Şindarov Bolqarıstana qarşı, № 24572/94 və 24571/94 (birgə), Komissiyanın 28 iyun 1995-ci il tarixli qərardadı, Qərardadlar və Hesabatlar 82, s. 85).
Ərizəçinin şikayətləri 15 aprel 2002-ci il tarixədək baş verən faktlara aiddir. Məhkəmə qeyd edir ki, hər hansı rəsmi araşdırmalar bu tarixdən sonra başlanılmayıb. Ərizəçinin şikayətlərinin 1 saylı Protokolun 1-ci maddəsinə və ya Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən araşdırılmalı olmasını güman etsək belə, Məhkəmə hesab edir ki, şikayət onun ratione temporis səlahiyyətindən kənardadır və buna görə, Konvensiyanın müddəalarına ziddir. Belə nəticəyə gəlinir ki, şikayət Konvensiyanın 35-ci maddəsinin 1 və 4-cü bəndlərinə əsasən rədd olunmalıdır.
Bu səbəblərə görə, Məhkəmə yekdilliklə
Şikayəti qeyri-məqbul elan edir.
Vinsent BerqerGeorq Ress
Katib Sədr
Full & Egal Universal Law Academy