İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
Leyli Rəhmanovanın Azərbaycana qarşı
34640/02 saylı şikayətinin
MƏQBULİYYƏTİNƏ DAİR
Q Ə R A R D A D
İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) Palata kimi 1 Sentyabr 2005-ci il tarixdə aşağıdakı tərkibdə,
cənab X. Rozakis, Sədr,
cənab P. Lorenzen,
xanım N. Vaciç,
xanım S. Botoçarova,
cənab A. Kovler,
cənab X. Hacıyev,
cənab D. Spilman; hakimlər,
və cənab S.Nilsen, Bölmə Katibi,
yuxarıda qeyd edilən 5 Sentyabr 2002-ci il tarixdə verilmiş şikayətlə bağlı müzakirə apararaq,
cavabdeh Dövlət tərəfindən irəli sürülən rəyləri və ərizəçi tərəfindən verilən cavabları nəzərə alaraq, müzakirələr aparmaqla, qərara alır:
FAKTLAR
Ərizəçi, xanım Leyli Paşa qızı Rəhmanova hazırda Bakıda yaşayan, 1938-ci il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Onu Məhkəmədə Bakıda çalışan vəkil cənab N.Abdullayev təmsil edib. Cavabdeh Dövləti Məhkəmədə Azərbaycan Respublikasının nümayəndəsi cənab Ç.Əsgərov təmsil edib.
A. İşin halları
Tərəflərin təqdim etdiyi kimi işin faktlarının qısa xülasəsini aşağıdakı kimi vermək olar:
1. Məhkəmə çəkişməsindən əvvəlki faktlar
Ərizəçi Bakı şəhərində üç otaqlı mənzilin sahibidir. 1991-ci ildə ailə həyatı qurduqdan sonra ərizəçinın oğlu və onun arvadı (bundan sonra - «G.R.») birgə yaşamaq üçün onun mənzilinə köçürlər. Müəyyən vaxtdan sonra, ərizəçinın G.R. ilə münasibətləri pozulmağa başlayır. Bu səbəbdən də, ailə mənzili bölmək qərarına gəlir, iki otağı ərizəçi, qalan bir otağı isə onun oğlu və G.R. götürür.
1995-ci ildə onlar evi satmaq, pulu bölüb ayrı-ayrı yaşamaq qərarına gəlirlər. Evi satdıqdan sonra ərizəçi özünə düşən pulu yeni, əvvəlkinə nisbətən daha kiçik bir mənzil almaq üçün sərf edir və orada tək yaşamağa başlayır. Onun oğlu və G.R. isə öz paylarına düşən pulu borclarına xərcləyirlər və müvəqqəti olaraq müxtəlif yerlərdə yaşayırlar.
1996-cı ildə ərizəçinın oğlu müvəqqəti olaraq onu və ailəsini öz yeni mənzilinə birgə yaşamaq üçün qeydiyyata almasını xahiş edir. Özünün izah etdiyinə görə, heç bir yerdə qeydiyyatda olmadığı üçün o, iş tapa bilmirdi. Bu xahiş ilə razılaşaraq, ərizəçi oğlunun və G.R.-in öz evində müvəqqəti olaraq, yəni bir il müddətinə birgə yaşamaq üçün qeydiyyata düşmələrinə icazə verir. Bununla yanaşı, qabaqcadan əldə edilmiş razılığa uyğun olaraq, ərizəçinın oğlu və G.R. bu evə köçməmiş və orada yaşamamışlar. Sonralar, ərizəçi onların müvafiq qeydiyyat sənədlərindən çıxarılması üçün uğurlu müraciət etdi.
2001-ci ildə ərizəçinın oğlu və G.R. boşanırlar. Onların iki övladı isə G.R.-in himayəsi altında qalıb.
2. İlkin icraat
2000-ci ildə G.R. öz uşaqları ilə birlikdə ərizəçinın evində yaşamaq hüququnu tələb edərək, onların ərizəçinın evində yenidən qeydiyyata alınması barədə qərar çıxarılmasını xahiş etməklə, məhkəmədə iddia qaldırır. 2000-ci il iyul ayının 24-də Nərimanov rayon məhkəməsi G.R.-in iddiasını təmin edir, onun və uşaqlarının mənzildə yaşayış hüququnu tanıyır.
Ərizəçinın şikayətinə əsasən, 29 avqust 2000-ci ildə Bakı şəhər Məhkəməsi (həmin dövrdə köhnə mülki-prosessual qanunvericiliyə müvafiq olaraq kassasiya məhkəməsi) rayon məhkəməsinin qətnaməsini ləğv edərək, belə nəticəyə gəlir ki, rayon məhkəməsi işin bütün müvafiq faktiki hallarını nəzərə almamışdır. İş birinci instansiyaya yenidən baxılması üçün geri qaytarılır.
Yeni məhkəmə prosesi keçirildikdən sonra 8 dekabr 2000-ci ildə Nərimanov rayon məhkəməsi ərizəçinın xeyrinə qətnamə qəbul edir və G.R.-in tələblərini rədd edir. Məhkəmə hesab edir ki, G.R. sözügedən ev üzrə öz tələblərini müdafiə etmək üçün kifayət qədər dəlillər irəli sürə bilməmişdir.
27 mart 2001-ci ildə Apellyasiya Məhkəməsi ərizəçinın iştirakı olmadan, rayon məhkəməsinin ikinci qətnaməsinin icrasını təxirə salaraq, G.R.-in xeyrinə qərar verir. Ərizəçinın dəlillərinə zidd olaraq müəyyən edilir ki, G.R. mübahisəli mənzildə daimi qeydiyyatda olmuşdur və bununla əlaqədar onun yaşayış hüququ vardır.
Ərizəçinın kassasiya şikayətinə əsasən, 4 iyul 2001-ci ildə Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını ləğv edir. Qərara alınır ki, Apellyasiya Məhkəməsi ərizəçinın iştirakı olmadan məhkəmə prosesini həyata keçirməklə prosessual qaydaları pozmuşdur. Məhkəmə, həmçinin qərara alır ki, Apellyasiya Məhkəməsi müəyyən həlledici faktları, eyni zamanda G.R.-in heç vaxt mübahisəli mənzildə yaşamaması faktını nəzərə almamışdır. İş yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə qaytarılır.
11 oktyabr 2001-ci ildə Apellyasiya Məhkəməsi qərara alır ki, G.R.-in mübahisəli mənzildə qeydiyyatı müvəqqəti olmuş, o heç vaxt orada yaşamamış və ərizəçi ilə heç vaxt birgə təsərrüfat aparmamışdır. Beləliklə, Mənzil Məcəlləsinin müvafiq müddəalarına əsaslanaraq, məhkəmə qərara alır ki, G.R. heç vaxt mənzildə yaşamaq hüququna malik olmamışdır. Müvafiq olaraq, G.R.-in şikayəti əsassız sayılır və rayon məhkəməsinin 8 dekabr 2000-ci il tarixli qətnaməsi ərizəçinın xeyrinə ləğv edilir.
11 yanvar 2002-ci ildə Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayır. Ali Məhkəmənin qərarı yekun xarakterlidir və yerinə yetirilməsi məcburidir.
3. Ali Məhkəmənin Plenumunda icraat
G.R. yerli məhkəmələrin qəbul etdiyi qərarlarla razılaşmayaraq, Ali Məhkəmənin Plenumu (bundan sonra - «Plenum») tərəfindən Ali Məhkəmənin yekun qərarına yenidən baxılması barədə əlavə kassasiya şikayəti verir. 14 may 2002-ci il tarixli məktuba əsasən, Ali Məhkəmənin Sədri Plenumda işə yenidən baxılması üçün heç bir əsasın olmadığını və Ali Məhkəmənin qərarının düzgünlüyünü təsdiq edərək, G.R.-in müraciətinə baxılmasından imtina edir.
Buna baxmayaraq, 14 may 2002-ci il tarixli məktuba zidd olaraq və ərizəçiyə məlum olmayan hallar əsasında 19 iyul 2002-ci il tarixdə iş Plenuma göndərilir və işə yenidən baxılır. Həmin vaxt Ali Məhkəmənin 11 yanvar 2002-ci il tarixli qərarının qəbul edilməsindən artıq altı aydan artıq müddət keçmişdi.
Plenum qərara alır ki, ərizəçinın xeyrinə olan məhkəmə qərarları üzrə əsas dəlil ondan ibarətdir ki, G.R. və onun uşaqları heç vaxt bu mənzildə yaşamamışlar. Bu mənada, milli qanunlara görə, işin ərizəçinın xeyrinə həll edilməsi üçün bu fakt kifayət deyil. Plenum, həmçinin qərara alır ki, əvvəlki məhkəmələr milli qanunvericiliyi düzgün tətbiq etməmiş və müvafiq qanun müddəalarının tətbiqi üçün zəruri olan faktiki halları düzgün müəyyən etməmişdir. Bu da onu göstərir ki, Mənzil Məcəlləsinin 60, 87-ci maddələri ilə yanaşı, Mənzil Məcəlləsinin 60-cı maddəsinin şərhinə dair Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarı tətbiq edilməli idi. Bu müddəalara müvafiq olaraq, Plenum qərara alır ki, işin faktiki halları G.R.-in mənzildə yaşamaq hüququnu itirməsinə əsas vermir.
Nəticə etibarilə, Plenum Ali Məhkəmənin 11 yanvar 2002-ci il tarixli qərarına dəyişiklik edir və qərara alır ki, G.R.-in və onun uşaqlarının ərizəçinın mənzilinə köçməsinə icazə verilməlidir.
B. Müvafiq daxili hüquq və təcrübə
1. «Məhkəmələr və hakimlər haqqında» 1997-ci il tarixli Qanun
Maddə 77. Ali Məhkəmə
«Ali Məhkəmə ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid olan mülki... cinayət işləri, inzibati xətalara dair və digər işlər üzrə ali məhkəmə orqanıdır.
Ali Məhkəmə kassasiya instansiyası məhkəməsi kimi ...»
Maddə 79. Ali Məhkəmənin Plenumu və onun səlahiyyətləri
«Ali Məhkəmənin Plenumu Ali Məhkəmənin sədrindən, onun müavinlərindən, hakimlərindən, İqtisad Məhkəməsinin sədrindən, Apellyasiya Məhkəməsinin sədrindən və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədrindən ibarət tərkibdə ...
Ali Məhkəmənin Plenumu qanunla müəyyən edilmiş hallarda və qaydada Ali Məhkəmə sədrinin təqdimatı, Azərbaycan Respublikası Baş prokurorunun protesti və ya müdafiə tərəfinin şikayəti əsasında əlavə kassasiya işlərinə... baxır...»
Maddə 83. Ali Məhkəmə sədrinin səlahiyyətləri
«Ali Məhkəmənin sədri... qanunla müəyyən edilmiş hallarda və qaydada məhkəmə qərarlarından Ali Məhkəmənin Plenumuna əlavə kassasiya qaydasında təqdimatlar verir...»
2. Azərbaycan Respublikasının 2000-ci il tarixli Mülki-Prosessual Məcəlləsi
Maddə 419. Kassasiya instansiyası məhkəməsinin qərarı
«419.4. Qərar qəbul edildiyi andan qüvvəyə minir».
Maddə 422. Kassasiya qərarlarına yenidən baxılması
«Azərbaycan Respublikası Ali Məhkəməsinin... qərarlarına təqdimat, şikayət və ya protestlə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda əlavə kassasiya qaydasında yenidən baxıla bilər».
Maddə 423. Təqdimat, şikayət və protest vermək hüququ
«Azərbaycan Respublikası Ali Məhkəməsinin... qərarlarından Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən təqdimat vermək hüququna malikdir. Şikayəti işdə vəkillə iştirak edən şəxs verə bilər. ...Azərbaycan Respublikasının Baş prokuroru protest vermək hüququna malikdir.» [Bəzi xüsusi hallarda təqdimat Baş prokuror tərəfindən verilə bilər].
Maddə 424. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun
işə baxmasının əsasları
«424.1. Plenum müstəsna olaraq hüquqi məsələlər üzrə işlərə baxır.»
424.2-ci maddədə Ali Məhkəmənin Plenumu tərəfindən Ali Məhkəmənin kassasiya qərarlarına yenidən baxılması üçün əsaslar sadalanır. Bu əsaslara aşagıdakılar daxildir: Ali Məhkəmənin qərarı məhkəmə aktlarının məzmununa dair formal tələblərin pozulması ilə qəbul edilib, yaxud Konstitusiya Məhkəməsi tərəfindən Konstitusiyaya uyğun olmayan hesab edilmiş hüquq normasına əsaslanıb, yaxud Ali Məhkəmə tərəfindən işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələri pozulub.
Maddə 426. Təqdimatın, protestin və ya şikayətin göndərilməsi
«426.1. Əsaslar olduqda Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təqdimatı, protesti və ya şikayəti işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərir.
426.2. Təqdimat, protest və yaxud şikayət Azərbaycan Respublikası Ali Məhkəməsi kollegiyaları tərəfindən qərar qəbul edildikdən sonra 2 ay müddətində verilə bilər...»
Maddə 429. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun
səlahiyyətləri
«429.0. Əlavə kassasiya qaydasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun hüququ vardır: ...
429.0.1. kassasiya instansiyası məhkəməsinin qərarını dəyişdirmədən, təqdimatı, protesti və ya şikayəti isə təmin etmədən saxlamaq;
429.0.2. kassasiya instansiyası məhkəməsinin qərarına dəyişiklik etmək;
429.0.3. kassasiya instansiyası məhkəməsinin qərarını tam və ya qismən və onunla bağlı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini və ya qərardadını tam və ya qismən ləğv etmək, işi apellyasiya instansiyası məhkəməsinə yenidən baxılmağa göndərmək;...»
3. Konstitusiya Məhkəməsinin mövqeyi
«A.H.Zalovun Ali Məhkəmə Plenumunun 1 fevral 2002-ci il tarixli qərarının Azərbaycan Respublikası qanunlarına və Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair şikayəti üzrə» 21 may 2004-cü il tarixli qərarında, Konstitusiya Məhkəməsi əlavə kassasiya qaydasında Ali Məhkəmənin yekun qərarlarına dəyişiklik edilməsi barədə Ali Məhkəmə Plenumunun səlahiyyətlərinə dair öz mövqeyini bildirmişdir.
Konstitusiya Məhkəməsi təsdiq etdi ki, Mülki Prosessual Məcəllənin 429.0.2-ci maddəsinə müvafiq olaraq, Ali Məhkəmənin Plenumu kassasiya instansiyası məhkəməsinin qərarında dəyişikliklər etmək hüququna malikdir. Belə ki, bu səpkidə olan dəyişikliklər yalnız işin mahiyyəti ilə bağlı olmayan halları əhatə etməlidir. Ali Məhkəmənin Plenumu kassasiya instansiyası məhkəməsinin qərarında yalnız o zaman dəyişiklik edə bilər ki, işin halları aşağı məhkəmə instansiyaları tərəfindən hərtərəfli müəyyən edilsin və onların yenidən araşdırılmasına, iş üzrə əlavə sübutların toplanılmasına və ya təkrarən yoxlanılmasına lüzum qalmasın. Kassasiya instansiyası məhkəməsi işə faktlar üzrə baxmadığı üçün Ali Məhkəmənin Plenumu da faktlara əsasən kassasiya məhkəməsinin qərarına dəyişikliklər edə bilməz.
Konstitusiya Məhkəməsi, həmçinin qeyd edir ki, birinci instansiya və apellyasiya məhkəmələrindən fərqli olaraq, kassasiya və əlavə kassasiya məhkəmələri işə mahiyyəti üzrə baxmaq səlahiyyətində deyil. Əlavə kassasiya icraatı zamanı Ali Məhkəmənin Plenumu əvvəlki icraat zamanı işin halllarının hərtərəfli araşdırılmadığını, əlavə sübutların toplanması və qiymətləndirilməsi zərurətinin olduğunu müəyyən etdikdə, həm Ali Məhkəmənin qərarını, həm də onunla bağlı Apellyasiya Məhkəməsinin qətnaməsini ləğv etməli və işi yenidən baxmaq üçün Apellasiya Məhkəməsinə göndərməlidir. Başqa sözlə, Ali Məhkəmənin Plenumu Ali Məhkəmənin qərarında hüqiqi səhvlər müəyyən etdikdə, işin mahiyyəti ilə bağlı hallara baxmaq, bununla da, aşağı instansiya məhkəməsinin qərarını öz qərarı ilə əvəz etmək səlahiyyətində deyil, lakin işi müvafiq məhkəmə instansiyasına göndərmək Plenumun üzərinə düşən öhdəlikdir.
ŞİKAYƏTLƏR
1. Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə və 13-cü maddəsinə əsasən bildirir ki, Ali Məhkəmənin Plenumu tərəfindən Ali Məhkəmənin 11 yanvar 2002-ci il tarixli yekun qərarının «dəyişdirilməsi» nəticəsində onun Konvensiyada təsbit olunan ədalətli məhkəmə və səmərəli hüquqi müdafiə vasitələri hüquqları pozulmuşdur. O, həmçinin iddia edir ki, Ali Məhkəmənin sədri G.R.-nin işə yenidən baxılması barədə müraciətini rədd etdikdən sonra Plenumun işə yenidən baxmaq hüququ yoxdur. İşin Plenuma göndərilməsi haqqında o, məlumatlandırılmamış və işə baxılmasına dəvət edilməmişdir. Sonda ərizəçi iddia edir ki, Plenum işin faktiki hallarına baxmaqla və mahiyyətcə yeni qərar çıxarmaqla, öz səlahiyyət həddini aşmışdır.
2. Sonradan ərizəçi bildirir ki, Ali Məhkəmə Plenumunun ədalətsiz məhkəmə baxışı nəticəsində Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə zidd olaraq, o, mülkiyyət hüququndan məhrum olunmuşdur.
HÜQUQİ MƏSƏLƏLƏR
1. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə və 13-cü maddəsinə istinadən, ərizəçi bildirir ki, iddia edildiyi kimi qanunsuz olaraq işə yenidən baxılması və Ali Məhkəmə Plenumunun 19 iyul 2002-ci il tarixli qərarı ilə onun Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə təmin olunan ədalətli məhkəmə hüququ və Konvensiyanın 13-cü maddəsindəki səmərəli hüquqi müdafiə vasitələri hüququ pozulmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi aşağıdakıları təmin edir:
«Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən..., məhkəmə vasitəsi ilə... ədalətli araşdırma hüququna malikdir...»
Konvensiyanın 13-cü maddəsi aşağıdakıları təmin edir:
«Bu Konvensiyada təsbit olunduğu kimi hüquq və azadlıqları pozulan hər bir kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir».
Məhkəmə araşdırmalarının yenidən açılmasının qanuni olub-olmamasına aid Hökumət bildirdi ki, milli qanunvericilik Ali Məhkəmənin sədri vasitəsilə deyil, Ali Məhkəmənin Plenumuna birbaşa olaraq əlavə kassasiya şikayəti verilməsini təmin edir. Hətta Ali Məhkəmənin sədri işə yenidən baxılması xahişini rədd etsə belə, Plenum buna baxmayaraq öz təşəbbüsü ilə icraatı təzələyə və işə yenidən baxa bilər. İşə yenidən baxılmasının Ali Məhkəmənin sədri tərəfindən rədd edilməsinə baxmayaraq, milli qanunvericilikdə əlavə kassasiya şikayətinin Plenuma göndərilməsini qadağan edən müddəa yoxdur.
Hökumət sonradan bildirir ki, Mülki Prosessual Məcəllənin 426.2-ci maddəsi iki aylıq müddət ərzində əlavə kassasiya şikayəti vermək imkanını təmin edir. Bununla yanaşı, daxili qanunvericilik belə bir şikayətin verilməsindən sonra işin Plenuma göndərilməsi üçün hər hansı zaman məhdudiyyəti qoymur.
Cavabında, ərizəçi belə bir fikri müdafiə etdi ki, daxili qanunvericiliyə müvafiq olaraq, işə yenidən baxılması və işin Plenuma göndərilməsi Ali Məhkəmə sədrinin müstəsna səlahiyyəti idi. Hər hansı əlavə kassasiya şikayəti birbaşa olaraq Plenuma deyil, Ali Məhkəmənin sədrinə təqdim edilməli idi. Ali Məhkəmənin sədri tərəfindən təqdimat olmadan Plenumun işə mahiyyəti üzrə baxmaq hüququ yoxdur. Müvafiq olaraq, ərizəçi bildirmişdir ki, işə yenidən baxılması Ali Məhkəmənin sədri tərəfindən rədd edildikdən sonra, işin Plenum tərəfindən yoxlanılması qanunsuz idi və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən onun ədalətli məhkəmə araşdırılması hüququnu pozmuşdur.
Ali Məhkəmənin yekun qərarının Plenum tərəfindən dəyişdirilməsi məsələsinə gəldikdə isə, Hökumət bildirmişdir ki, Plenum öz səlahiyyətini aşmamışdır, çünki Mülki Prosessual Məcəllənin 429-cu maddəsi konkret olaraq ona belə dəyişikliklər etmək səlahiyyəti verir. Hökumət hesab edir ki, Plenum işə müstəsna hüquqi məsələlər üzrə baxmışdır. O, heç də hər hansı yeni fakt müəyyən etmir, sadəcə olaraq yerli məhkəmələr tərəfindən müəyyən edilən faktlara qiymət verir və digər milli qanunvericilik müddəalarını həmin faktlara tətbiq edir.
Ərizəçi qəbul edir ki, Mülki Prosessual Məcəllənin 429-cu maddəsinə görə Plenumun Ali Məhkəmənin yekun qərarında dəyişiklik etmək səlahiyyəti vardır. Bununla yanaşı, o, həmin müddəalara uyğun olaraq, Plenumun məhz bu cür dəyişikliklər etmək imkanının olması məsələsində Hökumətlə razılaşmır. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsaslanaraq, o iddia edir ki, Plenumun Ali Məhkəmənin yekun qərarına yalnız o halda dəyişiklik etmək hüququ vardır ki, Plenum tərəfindən edilən həmin dəyişikliklər işin mahiyyətinə müdaxilə etməsin və əldə olunan nəticələri dəyişdirməsin. Digər tərəfdən, əgər Plenum Ali Məhkəmənin qərarının mahiyyət etibarilə səhv və ya qanunsuz olduğunu təsdiq edirsə, bu işi ləğv etməli və mahiyyəti üzrə yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə geri qaytarmalıdır.
Ərizəçi eyni zamanda bildirmişdir ki, Plenum işə mahiyyəti üzrə, öz səlahiyyətindən kənar olaraq faktiki hallar əsasında baxmışdır. Öz qərarında Plenum milli qanunvericiliyin ziddiyyətli məhkəmə prosesi çərçivəsində yeni fakt araşdırma mərhələsini tələb edən müxtəlif müddəalarına istinad edərək işin faktlarına qiymət verir. Bununla yanaşı, Plenum müvafiq faktiki halların yoxlanılması üçün işi Appelyasiya Məhkəməsinə göndərmədən qərar qəbul etmişdir. Mahiyyət etibarilə, «dəyişikliklər» adı altında Plenum G.R.-nin iddia tələblərini tam təmin edən mahiyyətcə yeni qərar çıxarmış və beləliklə də, ərizəçinın xeyrinə nəticələnmiş bütöv bir məhkəmə prosesini heçə endirmişdir.
Tərəflərin ifadələrinə əsasən, Məhkəmə belə hesab edir ki, şikayətin bu hissəsi hüquqi və faktiki hallar üzrə Konvensiyanın tətbiqi dairəsinə düşən kompleks məsələlər ortaya çıxarır ki, onların aydınlaşdırılması ərizəyə mahiyyəti üzrə baxılmasından asılıdır. Nəticə etibarilə Məhkəmə hesab edir ki, şikayətin bu hissəsi Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasına görə açıq-aşkar əsassız deyildir.
Ərizənin qeyri-məqbul elan olunması üçün heç bir digər əsas müəyyən edilməmişdir.
2. Ərizəçi iddia edir ki, Ali Məhkəmə Plenumunun 19 iyul 2002-ci il tarixli qərarı onun Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tətbiqi dairəsinə düşən mülkiyyət hüquqlarını pozur. Bu müddəa aşağıdakıları təmin edir:
«Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz...».
Hökumət ərizəçinın mülkiyyət hüquqlarına hər hansı müdaxilənin olduğunu təkzib edir. Ərizəçi mənzildə yaşamaq hüququndan məhrum edilməmişdir. G.R.-ə mənzildə yaşayış hüququnun verilməsinə dair Plenumun qərarı qanunidir, çünki bu, ailə münasibətlərinə xitam verildikdən sonra ailə üzvünün şəxsi mülkdə yaşamaq hüququnu təmin edir.
Ərizəçi təkrarən bildirmişdir ki, Ali Məhkəmənin yekun qərarının G.R.-nin xeyrinə dəyişdirilməsi və onun tələblərinin tam təmin olunması ilə Ali Məhkəmənin Plenumu onun öz əmlakına sərbəst şəkildə sahiblik hüququnu pozmuşdur.
Tərəflərin ifadələrinə əsasən, Məhkəmə belə hesab edir ki, şikayətin bu hissəsi hüquqi və faktiki hallar üzrə, Konvensiyanın tətbiqi dairəsinə düşən kompleks məsələlər ortaya çıxarır ki, onların aydınlaşdırılması şikayətə mahiyyəti üzrə baxılmasından asılıdır.
Nəticə etibarilə Məhkəmə hesab edir ki, şikayətin bu hissəsi Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasına görə açıq-aşkar əsassız deyildir. Şikayətin qeyri-məqbul elan olunması üçün heç bir digər əsas müəyyən edilməmişdir.
Bu əsaslarla Məhkəmə yekdilliklə,
işin mahiyyətinə toxunmadan şikayəti məqbul elan edir.
Soren NilsenXristos Rozakis
Katib Sədr
Full & Egal Universal Law Academy