İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
Oqtay Rəhimovun Azərbaycana qarşı
22759/04 saylı şikayətinin
MƏQBULİYYƏTİNƏ DAİR
Q Ə R A R D A D
İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) Palata kimi
03 yanvar 2008-ci il tarixdə aşağıdakı tərkibdə,
Luis Lukaides, Sədr,
Nina Vaciç,
Elizabet Steyner,
Xanlar Hacıyev,
Din Spilman,
Sver Erik Cebens,
Giorgio Malinverni, hakimlər,
və cənab S.Nilsen, Bölmə Katibi,
yuxarıda qeyd olunan 30 mart 2004-cü il tarixdə verilmiş şikayəti nəzərə alaraq,
Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndinin tətbiq etmək və məqbuliyyətlə mahiyyətə birgə baxmaq barədə qərarı nəzərə alaraq,
cavabdeh Hökumətin verdiyi qeydləri nəzərə alaraq,
müzakirə apararaq, qərara alır:
FAKTLAR
Ərizəçi cənab Oqtay Rəhimov 1951-ci ildə anadan olmuş Bakıda yaşayan Azərbaycan vətəndaşıdır. Məhkəmə qarşısında onu Bakıda vəkil işləyən xanım N.Hüseynova təmsil edib. Azərbaycan Hökumətini («Hökumət») onun nümayəndəsi cənab Ç.Əsgərov təmsil edib.
A. İşin halları
Tərəflərin təqdim etdiklərinə görə işin halları aşağıdakı kimi ümumiləşdirilə bilər.
Ərizəçi Mətanət Konstruksiya Kooperativinin sədri olub («Kooperativ»).
1993-cü ildə Kooperativ Bakı şəhəri Nəsimi rayon Təhsil Şöbəsi («Nəsimi Təhsil Şöbəsi») ilə tikinti müqaviləsini bağlayıb ki, bu əqdə görə Kooperativ rayonun dövlət məktəblərinin birində istilik sistemini təmir etməyə razılaşıb. 1997-ci ildə oxşar müqavilə Bakı şəhəri Nərimanov rayon Təhsil Şöbəsi («Nərimanov Təhsil Şöbəsi») ilə bağlanılıb.
Kooperativ tərəfindən öz öhdəliklərinin yerinə yetirilməsinə baxmayaraq, o, heç bir müqavilə üzrə hər hansı ödəmələr almayıb.
Nəsimi Təhsil Şöbəsinin borcuna aid araşdırmalar
Ərizəçinin timsalında Kooperativ Nəsimi Təhsil Şöbəsinə qarşı iddia qaldırıb. 27 yanvar 1998-ci il tarixli qətnamə ilə İqtisad Məhkəməsi 34.492.634 Azərbaycan manatını (AZM) Kooperativə ödəməyi Nəsimi Təhsil Şöbəsinə tapşırıb.
Sonradan, göstərilməmiş tarixdə İqtisad Məhkəməsi öz qətnaməsində düzəlişlər edib və təyin olunmuş məbləği 18.321.250 AZM-ə azaldıb.
Qətnamədən şikayət verilməyib və o qüvvəyə minib. 1998-ci ilin yanvarında İqtisad Məhkəməsi qətnamə üzrə icra vərəqəsi verib.
Ərizəçi tərəfindən icra orqanlarına bir neçə şikayətlərdən sonra görünür ki, göstərilməmiş tarixdə 2001-ci ildə qətnamə qismən icra olunub və qətnamədə göstərilən məbləğdən 5.000.000 AZM Kooperativə ödənilib. Lakin Nəsimi rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları Şöbəsinə («Nəsimi İcraçılar Şöbəsi») ərizəçinin davamlı şikayətlərinə baxmayaraq, qətnamədəki məbləğin 13.321.250 AZM təşkil edən qalan hissəsi ödənilməyib.
Kooperativ Nəsimi Təhsil Şöbəsinə və Nəsimi rayon Maliyyə Şöbəsinə qarşı yeni iddia irəli sürərək, qətnamənin icra olunmamasından şikayət edib. 29 yanvar 2004-cü ildə Nəsimi rayon məhkəməsi cavabdehlərə 27 yanvar 1998-ci il tarixli qətnaməni icra etməyi əmr edib. 29 aprel 2004-cü ildə Apellyasiya Məhkəməsi bu qətnaməni ləğv edərək hesab edib ki, yekun məhkəmə qərarlarının icra olunmamasına aid şikayətlər ilkin cavabdehlərə deyil, Nəsimi İcraçılar Şöbəsinə qarşı yönəlməlidir.
Kooperativ başqa tələb irəli sürərək, inflyasiyanı nəzərə almaqla məhkəmə qətnaməsinin «indeksasiyasını» xahiş edib. 19 may 2004-cü ildə 1 saylı Yerli İqtisad Məhkəməsi bu tələbi təmin edib. Həmin məhkəmə hesab edib ki, inflyasiyanı nəzərə alaraq, 27 yanvar 1998-ci il tarixli qətnaməyə əsasən Nəsimi Təhsil Şöbəsi tərəfindən ödənilməli olan məbləğin qalan hissəsi 17.317.625 AZM təşkil edir.
Nərimanov Təhsil Şöbəsinin borcuna aid araşdırmalar
Yenə də ərizəçinin timsalında Kooperativ Nərimanov Təhsil Şöbəsinə qarşı ayrı iddia qaldırıb. 05 yanvar 2000-ci il tarixli qətnamə ilə İqtisad Məhkəməsi 135.505.731 AZM-in Kooperativə ödənilməsini Nərimanov Təhsil Şöbəsinə əmr edib. Ərizəçi tərəfindən sonrakı iki il ərzində Nərimanov rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları Şöbəsinə bir çox müraciətlərin edilməsinə baxmayaraq, qətnamə icra olunmayıb.
Kooperativ Nərimanov rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları Şöbəsinə qarşı yeni iddia qaldıraraq, qətnamənin icra olunmamasından şikayət edib. 26 mart 2004-cü ildə Nərimanov rayon məhkəməsi 05 yanvar 2000-ci il tarixli qətnaməni icra etməyi cavabdehlərə tapşırıb. 17 avqust 2004-cü ildə Apellyasiya Məhkəməsi bu qətnaməni qüvvədə saxladı.
Kooperativ başqa iddia qaldıraraq, inflyasiyaya görə qətnamə məbləğinin «indeksasiyasını» məhkəmədən xahiş edib. 19 may 2004-cü ildə 1 saylı Yerli İqtisad Məhkəməsi bu tələbi təmin edib. Həmin məhkəmə hesab edib ki, inflyasiyanı nəzərə alaraq, 05 yanvar 2000-ci il tarixli qətnaməyə əsasən Nərimanov Təhsil Şöbəsi tərəfindən ödənilməli olan məbləğ 149.056.304 AZM təşkil edib.
27 yanvar 1998-ci il tarixli və 05 yanvar 2000-ci il tarixli qətnamələrin tam icrası
Hökumətə görə, 27 yanvar 1998-ci il tarixli və 05 yanvar 2000-ci il tarixli qətnamələrin gecikdirilmiş icrası Kooperativin bank hesabının göstərilməmiş səbəblər ucbatından bağlı olmasına görə baş verib.
19 aprel 2007-ci ildə hər iki qətnamə ilə təyin olunmuş ödənilməmiş qalan məbləğlər ərizəçinin göstərdiyi alternativ bank hesabına köçürülüb.
19 aprel 2007-ci il tarixli Nəsimi İcraçılar Şöbəsinə ünvanlanmış məktubla ərizəçi sözügedən məbləğlərin qəbulunu təsdiqləyərək qeyd edib ki, o, 27 yanvar 1998-ci il tarixli və 05 yanvar 2000-ci il tarixli qətnamələrin icrasına aid daxili hakimiyyət orqanları qarşısında hər hansı şikayətlərə malik deyildir.
B. Müvafiq daxili qanunvericilik
01 sentyabr 2000-ci il tarixli Mülki Məcəlləyə müvafiq olaraq, kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək ücün üzvlüyə əsaslanan könüllü birliyi olub, iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır (109.1-ci maddə). Kooperativ ən azı beş üzv tərəfindən yaradıla bilər (109.1-1-ci maddə).
Kooperativin «tam» üzvü idarəetmədə iştirak etmək və kooperativin gəlirindən pay götürmək daxil olmaqla, hüquqi şəxslərin başqa növlərinin təsisçilərində və ya payçılarında olanlarla oxşar hüquqlara mahiyyət etibarilə malikdir (109.2 və 109.4-cü maddələr). «Assosiativ» üzvün idarəetmədə iştirak etmək hüquqları məhduddur (109.3). Kooperativin gəlirləri paylarına, eləcə də şəxsi əmək töhfəsi və ya başqa yolla kooperativin fəaliyyət göstərməsində iştirakçılıqlarının dərəcəsinə uyğun olaraq üzvlər arasında bölünür (110-cu maddə).
Kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Ümumi yığıncaqda qərarlar qəbul edilərkən, kooperativdəki payından asılı olmadan, kooperativin hər üzvünün bir səsi vardır (111.1 və 111.5-ci maddələr).
Kooperativin icra orqanları idarə heyəti və/və ya onun sədridir. Kooperativin sədri yalnız onun üzvlərindən seçilə bilər. Sədr kooperativ üzvlərinin ümumi yığıncağında müəyyən müddətə seçilir və kooperativi təmsil etmək hüququna malikdir (111.1 və 111.10-cu maddələr).
01 sentyabr 2000-ci il tarixli Mülki Prosessual Məcəllənin 69.2-ci maddəsi nəzərdə tutur ki, hüquqi şəxslər məhkəmədə qanunlarla, normativ- hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş orqanlar, yaxud hüquqi şəxslər tərəfindən bu məqsədlərlə vəkil edilmiş nümayəndələri vasitəsilə təmsil olunurlar.
ŞİKAYƏTLƏR
Ərizəçi Konvensiyanın 6-cı maddəsinə və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən 27 yanvar 1998-ci il tarixli və 05 yanvar 2000-ci il tarixli qətnamələrin vaxtında icra edilməməsindən şikayət edib. Konvensiyanın 6-cı maddəsi aşağıdakıları nəzərdə tutur:
«Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən ... məhkəmə vasitəsilə, ... işinin ədalətli ... araşdırılması hüququna malikdir.»
1 saylı Protokolun 1-ci maddəsi aşağıdakıları nəzərdə tutur:
«1. Hər kəs (öz fikrini - tərc.) ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur.
2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq, sağlamlığın, yaxud mənəviyyatın mühafizəsi, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən formallıqlara, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər.»
A. Tərəflərin dəlilləri
Hökumət bildirib ki, iddia olunan pozuntular ərizəçiyə birbaşa təsir etməyib və iddia edib ki, iş Məhkəmənin icraatındakı işlərin siyahısından çıxarılmalıdır. Hökumət daha sonra iddia edib ki, icrada gecikdirmə Kooperativin bank hesabının bağlı olmasına görə baş verib. Hazırkı şikayətin qeydləri təqdim etmək üçün Hökumətə göndərilməsindən sonra, ərizəçi icra orqanlarını alternativ bank hesabı barədə məlumatlandırdığı kimi, 27 yanvar 1998-ci il tarixli və 05 yanvar 2000-ci il tarixli qətnamələrlə təyin olunmuş məbləğlər tam ödənilib.
Ərizəçi Məhkəmə tərəfindən təyin edilmiş müddətdə cavab dəlillərini təqdim etməyib. Buna baxmayaraq, 03 oktyabr 2007-ci il tarixli faksla o, şikayəti müdafiə etmək niyyətini ifadə edib.
B. Məhkəmənin qiymətləndirməsi
Məhkəmə qeyd edir ki, bununla bağlı Məhkəmənin davamlı müraciətlərinə uyğun olaraq hər hansı qeydlərin ərizəçi tərəfindən təqdim edilməməsinə baxmayaraq, o, şikayəti müdafiə etmək niyyətini ifadə edib. Belə olan halda, Məhkəmə hesab edir ki, şikayət Konvensiyanın 37-ci maddəsinin 1 (a) bəndinə əsasən işlərin siyahısından çıxarılmamalıdır. Buna görə, Məhkəmə işdə olan materiallar əsasında şikayətə baxılmasını davam etdirəcək.
Məhkəmə qeyd edir ki, ərizəçi Kooperativin sədri olmaqla, onun adından daxili araşdırmalarda hərəkət etməyə səlahiyyətli olub. Ərizəçi tərəfindən Kooperativin daxili məhkəmələrdə təmsil edilməsinə baxmayaraq, araşdırmalarda tərəf kimi ondan daha çox Kooperativ çıxış edib. 27 yanvar 1998-ci il tarixli və 05 yanvar 2000-ci il tarixli qətnamələr Kooperativin xeyrinə çıxarılıb və bu qətnamələrin icra olunmamasının davamiyyəti Kooperativin hüquqlarına birbaşa təsir edib. Bununla bağlı, Məhkəmə xatırladır ki, Konvensiyanın 34-cü maddəsində «qurban» termini sözügedən hərəkət və ya hərəkətsizliklə birbaşa toxunulmuş şəxsi nəzərdə tutur (bax, məsələn, Ekle Almaniyaya qarşı, 15 iyul 1982-ci il tarixli qərar, A Seriyaları, № 51, § 66).
Məhkəmə qeyd edir ki, Azərbaycan qanunvericiliyinə əsasən, istənilən şirkət hüquqi şəxs statusuna malikdir ki, bu status onun müdirinin və payçılarının statusundan fərqlidir. Şirkətin payçıları və ya payçılarla müdirlər arasında şirkət hüquqlarının pozulmasının reallığına, yaxud da belə pozuntuya reaksiya göstərməyin tərzinə aid fikir ayrılığı ola bilər (bax, Aqroteksim və digərləri Yunanıstana qarşı, 24 oktyabr 1995-ci il tarixli qərar, A Seriyaları, № 330-A, s. 33, § 65). Bu baxımdan, Məhkəmə xatırladır ki, «korporativ pərdənin» deşilməsi və «birbaşa toxunulmuş şəxs» olmaq məsələsinə aid şirkətin hüquqi şəxs statusuna etinasız yanaşma yalnız müstəsna hallarda əsaslı ola bilər (həmin yerdə, s. 33-34, § 66; bax, həmçinin, Kamberov MM5 AD Bolqarıstana qarşı (qərardad), № 50357/99, 01 aprel 2004-cü il və Kapital Bank AD Bolqarıstana qarşı (qərardad), № 49429/99, 09 sentyabr 2004-cü il).
Ərizəçinin dəlillərini hərtərəfli araşdıraraq, Məhkəmə hesab edir ki, bu dəlillərdən irəli gəlmir ki, ərizəçi hazırkı şikayəti Kooperativin adından vermək niyyətindədir. Əksinə, ərizəçi bu şikayəti yalnız öz adından verib və Kooperativin sədri kimi öz hüquqlarının pozulmasından şikayət edib (müqayisə et, Bayramov Azərbaycana qarşı (qərardad), № 23055/03, 04 fevral 2006-cı il; Nosov Rusiyaya qarşı (qərardad), № 30877/02, 20 oktyabr 2005-ci il; və C.V. Polşaya qarşı, № 27917/95, 11 sentyabr 1997-ci il tarixli Komissiya qərarı, Qərardad və Qərarlar, 90, s. 69).
Müvafiq olaraq, şikayətin ərizəçi tərəfindən öz adından verildiyini nəzərə alaraq, Kooperativin hüquqi şəxs statusuna fikir vermədən ərizəçinin iddia olunan pozuntuların «qurbanı» olduğunu iddia etməyə imkan verən hər hansı müstəsna halların olub-olmamasının müəyyən edilməsi qalır. Bu mənada, Məhkəmə xatırladır ki, yalnız şirkətin mülkiyyətçisi Konvensiyanın 34-cü maddəsinin mənasında «qurban» olduğunu mübahisəli tədbirlərin onun şirkətinə aid olduğu qədər iddia edə bilər (bax, yuxarıda qeyd olunmuş Nosov, və Ankarkrona İsveçə qarşı (qərardad), № 35178/97, İHAM 2000-VI). Digər tərəfdən, şirkətin deyil, öz adından şikayət verməklə, icraçı direktor və ya şirkət payçılarının az hissəsi Konvensiyanın pozuntusunun «qurbanı» olduğunu iddia edə bilməz, halbuki, sözügedən daxili araşdırmalarda tərəf ərizəçi deyil, şirkət olub (bax, yuxarıda qeyd olunmuş C.V. Polşaya qarşı).
Hazırkı işdə, Kooperativin sahibliyinə aid işin materiallarında təfsilatlı məlumat yoxdur. Ərizəçinin «qurban» statusuna aid Məhkəmənin tərəflərə ünvanladığı xüsusi suala baxmayaraq, ərizəçi Kooperativin sahibliyində payına aid hər hansı məlumatı və ya Kooperativin Nizamnaməsi və ya qeydiyyat şəhadətnaməsi kimi belə məlumatı aşkar edə bilən sənədləri təqdim etməyib.
Daxili qanunvericiliyin müvafiq müddəalarından göründüyü kimi, Kooperativin sədri qismində ərizəçi üzv və bununla da, payçı olmalıdır (Mülki Məcəllənin 111.1-ci maddəsi). Ərizəçinin Kooperativ paylarının əksəriyyətinin və ya az hissəsinin sahibi olub-olmaması aydın deyildir, ona görə ki, tərəflər və xüsusən, ərizəçi bununla bağlı hər hansı aydın məlumat təqdim etməyib. Buna baxmayaraq görünür ki, hər bir halda ərizəçi üçün Kooperativin yeganə mülkiyyətçisi olduğunun nəzəri mümkünlüyü yoxdur, ona görə ki, daxili qanunvericilik tələb edib ki, kooperativ ən azı beş üzv tərəfindən maddi haqların qoyulması ilə təsis edilməlidir (Mülki Məcəllənin 109.1 və 109-1.1-ci maddələri).
Yuxarıda göstərilənləri nəzərə alaraq, Məhkəmə hesab edir ki, hazırkı işdə Kooperativin hüquqları müzakirə edildiyi qədər müəyyən edilməyib ki, ərizəçinin «qurban» olduğunu iddia etməyi əsaslandıra bilən hər hansı müstəsna hallar yoxdur. Müvafiq olaraq, ərizəçi öz adından şikayət verməklə, Konvensiyanın 34-cü maddəsinin mənasında «qurban» olduğunu iddia edə bilməz (müqayisə et, yuxarıda qeyd olunmuş Bayramov ilə).
Belə nəticəyə gəlinir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasında Konvensiyanın müddəalarına ratione personae ziddir və Konvensiyanın 35-ci maddəsinin 4-cü bəndinə əsasən rədd edilməlidir.
Bu səbəblərə görə, Məhkəmə yekdilliklə
Bu işə Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndinin tətbiqinə xitam verməyi qərara alır; və
Şikayəti qeyri-məqbul elan edir.
Soren NilsenLuis Lukaides
Katib Sədr
Full & Egal Universal Law Academy