İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
MUSA RƏSULOV AZƏRBAYCANA QARŞI
(Şikayət № 26216/08)
QƏRARDAD
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (I Bölmə) Palata qismində 26 avqust 2010-cu il tarixdə işə aşağıdakı tərkibdə baxaraq,
Xristos Rozakis, Sədr,
Nina Vajiç,
Anatoli Kovler,
Xanlar Hacıyev,
Din Şpilman,
Sver Erik Yebens, hakimlər,
Soren Nilsen, Bölmə katibi,
12 may 2008-ci il tarixdə verilmiş yuxarıdakı şikayəti,
Cavabdeh Hökumətin təqdim etdiyi mülahizələri nəzərə alaraq, aşağıdakıları qərara alır:
FAKTLAR
Ərizəçi, 1972-ci il təvəllüdlü cənab Musa Rəsulov Azərbaycan vətəndaşıdır və Bakıda yaşayır. O, Məhkəmə qarşısında Bakıda fəaliyyət göstərən vəkil cənab R.Yolçuyev tərəfindən təmsil edilir. Azərbaycan Hökuməti (“Hökumət”) öz səlahiyyətli nümayəndəsi Ç.Əsgərov ilə təmsil edilir.
Tərəflərin iş üzrə təqdim etdiyi hallar aşağıdakı kimi ümumiləşdirilə bilər.
2000-ci il sentyabrın 1-də ərizəçi nikaha daxil olmuşdur. Ərizəçi və onun həyat yoldaşı yalnız üç ay birgə yaşamışlar.
Ərizəçinin dediklərinə görə, nikahdan üç ay sonra boşanma işi açmaq niyyətində olarkən, həyat yoldaşının hamilə olduğunu öyrənmişdir. Dünyaya gəlməmiş uşağın atası olmadığına inanaraq, ərizəçi atalığın mübahisələndirilməsi iddiası qaldırmış və nikahın ləğv edilməsini tələb etmişdir.
Həmin müddətdə icraatın başlandığı vaxt, 2001-ci il iyunun 21-də ərizəçinin həyat yoldaşı oğlan uşağı dünyaya gətirmiş və uşaq onun övladı kimi qeydiyyata alınmışdır.
Birinci instansiya məhkəməsi qarşısındakı icraatlarda ərizəçinin atalığını müəyyənləşdirmək üçün bioloji ekspertiza aparılmışdır. 2002-ci il mayın 27-də Səhiyyə Nazirliyindən bir mütəxəssis ərizəçinin atalığı ilə bağlı rəyini bildirmişdir. Həmin ekspert ərizəçinin, uşağın və ananın qanlarını müqayisə edərək qan qrupu testi aparmış və onun uşağın bioloji atası olduğu ehtimalının qaçılmaz olduğu qənaətinə gəlmişdir.
Bioloji ekspert müayinəsindən sonra məhkəmə dəqiq nəticə əldə etmək üçün DNT testinin keçirilməsi qərarını vermişdir. 2003-cü il mayın 20-də Səhiyyə Nazirliyinin eksperti DNT testindən sonra ərizəçinin uşağın atası olmadığını bildirən rəy vermişdir. İki ekspert rəyi arasında ziddiyyəti aradan qaldırmaq üçün məhkəmə əlavə ekspert müayinəsi qərarını vermişdir. 2006-cı il mayın 28-də ekspert DNT testinin nəticələrini təsdiq edən rəy vermişdir. Ekspert DNT testinin nəticələrinin dəqiq olmayan qan qrupu testindən daha dəqiq və etibarlı olduğunu bildirmişdir. O, həmçinin tibbi nöqteyi-nəzərdən qan qrupu testinə yox, DNT testinin nəticələrinə üstünlük verilməsi gərəkliyini bildirmişdir.
DNT testinin nəticələrinə inanaraq, 2006-cı il mayın 11-də Əzizbəyov rayon məhkəməsi ərizəçinin tələbinin atalıqla bağlı hissəsinə haqq vermişdir. Məhkəmə ərizəçinin uşağın bioloji atası olmadığını bildirmişdir.
Qərarla bağlı hər iki tərəf şikayət vermişdir. Ərizəçi öz şikayətində, həmçinin nikahın ləğv edilməsini tələb etmişdir. Ərizəçinin həyat yoldaşı atalıq mübahisəsinin nəticəsindən şikayətlənmişdir.
2007-ci il sentyabr ayının 4-də Bakı Apellyasiya Məhkəməsi işin mahiyyəti üzrə yeni qərar çıxarmışdır. Bakı Apellyasiya Məhkəməsi 2006-cı il 11 may qərarını ləğv etmiş və ərizəçi və həyat yoldaşının uşağın döllənmə anında birgə yaşadığı faktına istinad edərək, ərizəçinin iddiasını rədd etmişdir. Bakı Apellyasiya Məhkəməsi ekspert rəylərinin nəticələrinin işin digər halları ilə ziddiyyətli olduğuna istinad edərək, onları nəzərə almamışdır.
Ərizəçi məhkəmənin sübutları düzgün qiymətləndirmədiyindən şikayət edərək, kassasiya şikayəti vermişdir.
2007-ci il noyabrın 20-də Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qərarını təsdiqləmiş və ərizəçinin kassasiya şikayətini rədd etmişdir.
2010-cu il iyunun 2-də Ali Məhkəmənin Plenumu aşağı məhkəmənin qərarını ləğv etmiş və yenidən baxılması üçün işi apellyasiya məhkəməsinə göndərmişdir.
İcraatlar hələ də başlamamışdır.
ŞİKAYƏTLƏR
Ərizəçi Konvensiyanın 6-cı maddəsinə müvafiq olaraq icraatların ədalətsiz olduğundan şikayət etmişdir. O, DNT testlərinin həyat yoldaşının dünyaya gətirmiş olduğu uşağın bioloji atası olmadığını göstərməsi faktına baxmayaraq, daxili məhkəmələrin onun atalığını mübahisələndirdiyi iddiasını rədd etdiyini bildirmişdir.
HÜQUQİ MƏSƏLƏLƏR
Məhkəmə 2010-cu il 4 iyun tarixli məktubu ilə ərizəçinin Ali Məhkəmə Plenumunun mübahisəli qərarları ləğv etməsi və yenidən baxılması üçün işi apellyasiya məhkəməsinə göndərmiş olması səbəbindən işi geri götürmək niyyətini bildirdiyini qeyd edir.
Məhkəmə hesab edir ki, belə olan halda ərizəçinin Konvensiyanın 37-ci maddəsinin 1 “a” yarımbəndi çərçivəsində işini davam etdirmək niyyətində olmadığı düşünülə bilər. Bundan əlavə, Konvensiyanın 37-ci maddəsinin 1 “a” yarımbəndinə müvafiq olaraq, Məhkəmə Konvensiya və onun Protokollarında işin baxılmasını tələb edəcək insan hüquqlarına hörmətlə bağlı heç bir xüsusi hal görmür.
Yuxarıda göstərilənləri nəzərə alaraq, işin siyahıdan çıxarılması müvafiqdir.
Bu səbəblərdən Məhkəmə yekdilliklə işi siyahıdan çıxarmaq qərarına gəlir.
Soren NilsenXristos Rozakis
Bölmə katibi Sədr
Full & Egal Universal Law Academy