İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
İSMAYIL SƏLİMOV VƏ DİGƏRLƏRİ AZƏRBAYCANA QARŞI
(Şikayət № 26287/06)
QƏRARDAD
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (I Bölmə) Palata qismində 02 sentyabr 2010-cu il tarixdə işə aşağıdakı tərkibdə baxaraq,
Xristos Rozakis, Sədr,
Nina Vajiç,
Xanlar Hacıyev,
Din Şpilman,
Sver Erik Yebens,
Corcio Malinverni,
Corc Nikolau, hakimlər,
Soren Nilsen, Bölmə katibi,
16 iyul 2006-cı il tarixdə verilmiş yuxarıdakı şikayəti,
Tərəflərin təqdim etdiyi məlumatları,
habelə işin dostcasına həllini qəbul edən rəsmi bəyanatları nəzərə alaraq, aşağıdakıları qərara alır:
FAKTLAR
Ərizəçilər, müvafiq olaraq 1961, 1958 və 1953-cü il təvəllüdlü cənab İsmayıl Səlimov, Xaləddin İbrahimli və xanım Solmaz Rüstəmova-Togidi Azərbaycan vətəndaşlarıdır və Bakıda yaşayırlar. Onlar Məhkəmə qarşısında Bakıda işləyən vəkil cənab İ.Əliyev vasitəsilə təmsil olunurlar. Azərbaycan Hökuməti (“Hökumət”) müvafiq səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərov ilə təmsil edilir.
Tərəflərin iş üzrə təqdim etdiyi hallar aşağıdakı kimi ümumiləşdirilə bilər.
Ərizəçilər 2005-ci il noyabrın 6-da Milli Məclisə (Parlament) keçirilən seçkilərdə namizədliklərini irəli sürmüşdülər. Onlar Dairə Seçki Komissiyası tərəfindən təkmandatlı 27 saylı Sabunçu İkinci Seçki Dairəsində qeydiyyata alınmışdılar. Seçki günündən bir gün sonra tərtib edilən dairə seçki komissiyasının protokoluna əsasən, ərizəçinin rəqiblərindən biri F.Z. sözügedən dairədə səs çoxluğunu əldə etmişdir.
2005-ci il 7 noyabr tarixində ərizəçi də daxil olmaqla altı namizəd Mərkəzi Seçki Komissiyasına (MSK) qısa məktubla müraciət etmiş və dairənin bəzi seçki məntəqələrində müxtəlif qanunsuzluqların baş verdiyini iddia etmişlər. Onlar həmin qanunsuzluqlarla bağlı məlumatların MSK-ya verilmək üçün toplanmaqda olduğunu bildirmişlər.
2005-ci il noyabrın 8-də birinci ərizəçi, cənab Səlimov MSK-ya şikayət məktubu vermiş və ondan seçki günü ərzində müxtəlif seçki məntəqələrində baş verən qanunsuzluqlar səbəbindən bütün dairədə seçkinin nəticələrini qüvvədən düşmüş elan etməsini tələb etmişdir. O, digər məsələlərlə yanaşı:
(i) polis, icra hakimiyyəti və qalib gəlmiş namizədin tərəfdaşlarının seçki prosesinə müdaxilə etdiyini, qanunsuz təbliğat apardığını və müşahidəçilərə qarşı zor tətbiq etdiyini;
(ii) bəzi seçki məntəqələrində səslərin sayılması prosesinin şəffaf keçirilmədiyini və müşahidəçilərin səs sayma prosesində iştirak etməkdən uzaqlaşdırıldığını;
(iii) bülletenlərin doldurulmasını və onların saxtalaşdırılması hallarının olduğunu;
(iv) çoxsaylı seçki məntəqələrində seçki protokollarının prosessual tələblərin ciddi şəkildə pozulması ilə tərtib edildiyini iddia etmişdir.
İddiaların təsdiqi olaraq ərizəçi MSK-ya seçki müşahidəçiləri tərəfindən barəsində şikayət edilən pozuntuların xüsusi halları ilə bağlı yazılı sübutlar vermişdir.
2005-ci il noyabrın 25-də MSK cənab Səlimova bildirmişdir ki, o, 2005-ci il noyabrın 25-də yekun seçki protokolunu tərtib etmiş və digər müvafiq sənədlərlə birgə (27 saylı Sabunçu İkinci Seçki Dairəsinin seçki nəticələri barədə protokol da daxil olmaqla) onu baxılması və seçki nəticələrinin təsdiqlənməsi üçün Konstitusiya Məhkəməsinə təqdim etmişdir.
2005-ci il noyabrın 26-da cənab Səlimov Apellyasiya Məhkəməsində iddia qaldırmış və MSK-ya edilən şikayətləri təkrarən çatdırmışdır. O, məhkəmədən MSK-nın seçki nəticələri ilə bağlı yekun seçki protokolunun 27 saylı Sabunçu İkinci Seçki Dairəsində seçkinin nəticələri ilə bağlı hissəsini qüvvədən düşmüş elan etməsini, 4, 10, 11, 12, 13, 14, 19, 20 və 21 nömrəli məntəqələrin seçki nəticələrini ləğv etməsini tələb etmişdir. O, həmçinin məhkəmədən qanunsuzluqlara yol vermiş şəxslərin cinayət məsuliyyətinin qaldırılması məsələsinə baxılmasını xahiş etmişdir.
2005-ci il dekabrın 1-də Apellyasiya Məhkəməsi cənab Səlimovun iddialarını əsassız elan edərək və dərindən təhlil etmədən, iddianı təmin etməmişdir.
2005-ci il dekabrın 16-da Ali Məhkəmə cənab Səlimovun kassasiya şikayətini təmin etməmiş və Apellyasiya Məhkəməsinin 2005-ci il 1 dekabr tarixli qərarını təsdiq etmişdir.
Həmin müddətdə, 2005-ci il dekabrın 1-də Konstitusiya Məhkəməsi 27 saylı Sabunçu İkinci Seçki Dairəsi də daxil olmaqla, seçki dairələrinin əksəriyyətində seçkinin nəticələrini təsdiqləmişdir.
ŞİKAYƏTLƏR
Ərizəçilər Konvensiyaya 1 saylı Protokolun 3-cü maddəsinə və Konvensiyanın 6-cı maddəsinə müvafiq olaraq, onların seçki dairələrində seçkilərin azad və ədalətli keçirilmədiyini və öz namizədliklərini irəli sürmək hüquqlarına daxili orqanlar və məhkəmələrin seçki pozuntuları ilə bağlı şikayətlərinə düzgün baxmaması ilə bağlı müdaxilə edildiyindən şikayət etmişlər.
Konvensiyanın 13 və 14-cü maddələrinə istinad edərək, ərizəçilər daxili hüquq vasitələrinin səmərəli olmadığından və seçki prosesi boyunca müstəqil və müxalif namizədlər olaraq siyasi fikirləri səbəbindən diskrminasiyaya uğradıqlarından və hökumətin tərəfində olan namizədlərlə eyni şərtlərlə seçki namizədliklərini həyata keçirə bilmədiklərindən şikayət etmişlər.
HÜQUQİ MƏSƏLƏLƏR
İKİNCİ VƏ ÜÇÜNCÜ ƏRİZƏÇİLƏRLƏ BAĞLI
Məhkəmə qeyd edir ki, 2009-cu il 8 iyun və 2009-cu il 20 noyabr tarixli məktublarla ikinci və üçüncü ərizəçilər Məhkəməni ərizələrini geri götürmək fikrində olduqları barədə xəbərdar etmişlər.
Məhkəmə hesab edir ki, bu hallarda ikinci və üçüncü ərizəçinin Konvensiyanın 37-ci maddəsinin 1 “a” yarımbəndi çərçivəsində ərizələrinin baxılmasını davam etdirmək niyyətində olmadıqları zənn edilə bilər. Bundan əlavə, Konvensiyanın 37-ci maddəsinin 1 “a” yarımbəndinə müvafiq olaraq, Məhkəmə Konvensiya və onun Protokollarında işin baxılmasını tələb edəcək insan hüquqlarına hörmətlə bağlı heç bir xüsusi hal görmür.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq, işin siyahıdan çıxarılması müvafiqdir.
BİRİNCİ ƏRİZƏÇİ İLƏ BAĞLI
2010-cu il aprelin 29-da Məhkəmə Hökumətdən aşağıdakı bəyanatı almışdır:
“1. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Nemət Əliyev Azərbaycana qarşı işi (no. 18705/06, 08 aprel 2010-cu il) ilə bağlı qərarını nəzərə alaraq, Azərbaycan Respublikasının Hökuməti 26287/06 saylı şikayətin dostcasına həllinə nail olmaq üçün ərizəçilərdən birinə, cənab İsmayıl Səlimova 8.000 avro (səkkiz min avro) təklif etmişdir. Həmin məbləğ məhkəmə xərcləri də daxil olmaqla, hər hansı mənəvi zərəri də qarşılayacaqdır və İnsan Hüquqları haqqında Avropa Konvensiyasının 39-cu maddəsinə müvafiq olaraq Məhkəmə qərarı barəsində bildirişin verilməsindən üç ay müddətində ödəniləcəkdir. Həmin məbləğ işin yekun həlli olacaqdır. Bu məbləğin qeyd edilmiş üç ay ərzində ödənilmədiyi halda, Hökumət həmin məbləğ ödənilənədək Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun faiz ödəməyi öhdəsinə götürür.
2. Həmin bəyanat Hökumət tərəfindən hazırkı işdə İnsan Hüquqları haqqında Avropa Konvensiyasının pozuntusunun tanınması demək deyildir.
3. Bundan əlavə, Hökumət Konvensiyanın 43-cü maddəsinin 1-ci yarımbəndi əsasında işi Böyük Palataya göndərməməyi boynuna götürür.”
2010-cu ilin iyunun 8-də Məhkəmə birinci ərizəçi tərəfindən imzalanmış aşağıdakı bəyanatı almışdır:
“Mən yuxarıdakı işlə bağlı 2010-cu ilin mayın 3-də Hökumətin dostcasına həll təklifini əlavə edən məktubunuzu aldığımı təsdiqləyirəm.
Mən Hökumət tərəfindən dostcasına həll üçün təklif edilən şərtlərlə razılaşıram və həmin sənədi imzalamağa hazıram...”
Məhkəmə tərəflər arasında razılaşdırılan dostcasına həlli diqqətə almışdır. O, bu həllin Konvensiyada və onun Protokollarında qeyd edilən insan hüquqlarına hörmətə əsaslandığından məmnun qalmışdır və ərizənin baxılmasının davam etdirilməsinin əsaslandırılması üçün heç bir ictimai siyasi səbəb görmür (Konvensiyanın 37-ci maddəsinin 1 “a” yarımbəndi).
Yuxarıdakıları nəzərə alaraq işin siyahıdan çıxarılması müvafiqdir.
Bu səbəblərdən Məhkəmə yekdilliklə işi siyahıdan çıxarmaq qərarına gəlir.
Soren NilsenXristos Rozakis
Bölmə katibi Sədr
Full & Egal Universal Law Academy