İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
SOİN SEYDİYEV AZƏRBAYCANA QARŞI
(Şikayət № 13648/06)
QƏRARDAD
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (I Bölmə) Palata qismində 20 may 2010-cu il tarixdə işə aşağıdakı tərkibdə baxaraq:
Xristos Rozakis, Sədr,
Nina Vajiç,
Xanlar Hacıyev,
Din Şpilman,
Sver Erik Yebens,
Corcio Malinverni,
Corc Nikolau, hakimlər,
Soren Nilsen, Bölmə katibi,
16 mart 2006-cı il tarixdə verilmiş yuxarıdakı şikayəti,
Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndini tətbiq etmək və işin mahiyyəti ilə şikayətin məqbuliyyətini eyni vaxtda araşdırmaq barədə qəbul olunmuş qərarı,
Cavabdeh Hökumətin, habelə ərizəçinin cavab olaraq təqdim etdiyi mülahizələri nəzərə alaraq,
müşavirə etdikdən sonra aşağıdakıları qərara alır:
FAKTLAR
Ərizəçi cənab Soin Seydiyev Gürcüstan vətəndaşıdır, 1962-ci il təvəllüdlüdür və Bakıda yaşayır. Onu Məhkəmə qarşısında Bakıda fəaliyyət göstərən vəkil cənab İ.Əliyev təmsil edir. Azərbaycan Hökumətini (“Hökumət”) onun səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərov təmsil edir.
Tərəflərin təqdim etdikləri faktlar aşağıdakı kimi ümumiləşdirilə bilər.
2004-cü il aprelin 3-də ərizəçi avtomobilində iki sərnişinlə Bakıda hərəkət edərkən, yol hərəkəti qaydalarının pozulması iddiası ilə yol polisi tərəfindən saxlanılmışdır. Belə məlum olur ki, yol hərəkəti qaydalarının pozulması ilə bağlı polis protokolunun tərtib olunması müddətində ərizəçi və üç polis işçisi arasında mübahisə yaranmışdır. Mübahisə fiziki toqquşmaya çevrilmişdir. Hadisənin ardından ərizəçi Nərimanov rayon Polis İdarəsinə aparılmış və hadisə barədə ifadə vermişdir.
2004-cü il aprelin 7-də Nərimanov rayon prokuroru ərizəçiyə qarşı Cinayət Məcəlləsinin 315.1-ci maddəsi üzrə (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə) cinayət işi açmışdır. Ərizəçi polis əməkdaşlarına qarşı zor tətbiq etmə, onların rəsmi geyimlərinə zərər vurma və yol hərəkəti qaydalarının pozulması haqqında polis protokolunu cırmaqda ittiham edilmişdir.
2004-cü il mayın 31-də ittiham aktı birinci instansiya məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi qarşısında icraatda ərizəçiyə pulsuz hüquqi yardım göstərilmişdir. 2004-cü il oktyabrın 4-də Nizami rayon məhkəməsi ərizəçi barəsində ittiham hökmü çıxarmışdır. Məhkəmə ona bir illik sınaq müddəti ilə bir il altı ay şərti azadlıqdan məhrumetmə cəzası vermişdir. Məhkəmə hökmündə qeyd etmişdir ki, ərizəçinin təqsiri xəsarət almış tərəflər və şahid (iki polis işçisi zərərçəkən, üçüncü isə şahid qismində çıxış etmişdir) tərəfindən və polis işçilərinə ərizəçinin zərər yetirməsinə dair ekspert rəyi ilə təsdiqlənmişdir. Ərizəçi həmin hökmdən apellyasiya şikayəti vermiş və məhkəmənin müdafiə tərəfinin ifadəsini dinləməməsindən, icraatın davamiyyətindən və qeyri-adekvat hüquqi yardımdan şikayətlənmişdir. Apellyasiya şikayətində o, müdafiə tərəfinin şahidlərinin (avtomobilindəki iki sərnişinin) heç bir zaman dindirilmədiyini, özünün dövlət tərəfindən təyin edilmiş və iştirakı yalnız formal xarakter daşıyan vəkil tərəfindən təmsil edildiyini və zərərçəkənlərin bəzi iclaslarda iştirak etməməsi ilə bağlı icraatın dəfələrlə təxirə salındığını qeyd etmişdir.
2004-cü il aprelin 14-də Apellyasiya Məhkəməsi ərizəçinin şikayətini rədd edən qərar çıxarmış, aşağı instansiya məhkəməsinin qərarının dəyişdirilməsi üçün heç bir əsas görməmiş və ərizəçinin iddialarının əsassız olduğunu hesab etmişdir. Ərizəçi əvvəlki şikayətlərini təkrar edən kassasiya şikayəti təqdim etmişdir. O, kassasiya şikayətində dövlət tərəfindən müdafiə üçün təyin edilmiş vəkilin Apellyasiya Məhkəməsi icraatında iştirak etməməsindən şikayət etmişdir.
2005-ci il 13 sentyabr tarixli qərarı ilə Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını təsdiqləmiş və aşağı instansiya məhkəmələri qarşısında icraatın qanunauyğun aparıldığını qeyd etmişdir. Ali Məhkəmə qərarının qeydlərindən məlum olur ki, həm ərizəçi, həm də onun vəkili həmin iclasda iştirak etməmişlər, lakin prokuror iştirak etmiş və şifahi bəyanatlar vermişdir. Ərizəçi Ali Məhkəmənin qərarını 2005-ci il oktyabr ayının 31-də almışdır.
ŞİKAYƏTLƏR
1. Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən Ali Məhkəmənin iclasının yeri və tarixi barədə məlumatlandırılmamasından şikayət etmişdir.
2. O, həmçinin Konvensiyanın 6-cı maddəsinin 3 “c” yarımbəndinə əsasən aldığı pulsuz hüquqi yardımın səmərəsizliyindən şikayət etmiş və birinci instansiya məhkəməsi qarşısındakı icraatda dövlət tərəfindən təyin edilmiş vəkilin iştirakının formal xarakter daşıdığını və həmin vəkilin bütün növbəti apellyasiya iclaslarında iştirak etmədiyini iddia etmişdir.
3. Konvensiyanın 6-cı maddəsinin 3 “d” yarımbəndinə əsaslanaraq, ərizəçi daxili məhkəmələrin onun tərəfindən olan şahidləri onun əleyhinə çıxış edən şahidlərlə bərabər şərtlərdə dindirmədiyindən şikayət etmişdir.
4. Bundan başqa, ərizəçi 6-cı maddəyə müvafiq olaraq ona qarşı qaldırılmış cinayət işinin qurama olduğundan, birinci instansiya məhkəməsi qarşısında icraatın davamiyyətindən, ekspertlərin qərəzsiz olmadığından və sübutların düzgün təhlil edilmədiyindən şikayət etmişdir.
HÜQUQİ MƏSƏLƏLƏR
KonvensİyanIn 6-cı maddəsİnİn 1-ci bəndİ, 3 “c” və “d”
yarImbəndlərİ
2010-cu il 6 yanvar tarixli məktubla Hökumət həmin şikayətlər üzrə məsələlərin həll edilməsi üçün birtərəfli bəyanatını Məhkəməyə bildirmişdir.
Bəyanatda deyilir:
“Hökumət birtərəfli bəyanat yolu ilə hazırkı işdə Ali Məhkəmə qarşısında icraatın qanunauyğunluq tələblərinə əməl etməməsi və ərizəçinin onun əleyhinə verilən ifadələri təhlil etmə və onun tərəfindən çıxış edən şahidlərin iştirakına nail olma hüququnun gözlənilməməsi ilə bağlı razılığını ifadə etmək istəyir.
Məhkəmənin oxşar işlərdə zərərçəkən tərəfə ədalətli kompensasiya verilməsi ilə bağlı mövqeyini nəzərə alaraq, Hökumət maddi zərərə görə ərizəçiyə 1.000 AZN (min manat) məbləğ və bunun üçün ödənilməli olacaq istənilən vergi məbləğini ödəməyə hazırdır. Bu müddətdə Hökumət ərizəçinin kassasiya şikayətinə Konvensiyanın 6-cı maddəsinə müvafiq olaraq baxılması üçün kassasiya şikayəti icraatını yenidən açmaq üçün bütün tədbirləri həyata keçirəcəkdir.
Yuxarıda qeyd edilənlərlə əlaqədar olaraq, Hökumət hazırkı işin hallarının Konvensiyanın 37-ci maddənin 1 “c” yarımbəndində göstərildiyi kimi Məhkəmə tərəfindən şikayətin baxılmasını dayandırmaq üçün “hər hansı digər səbəbin” olduğu qənaətinə gəlməyə imkan verdiyini və bundan əlavə Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndində qeyd edildiyi kimi həmin müddəa üzrə işin baxılması üçün ümumi xarakterli səbəblərin olmadığını düşünür.”
Eyni məktubda Hökumət, həmçinin aşağıdakı bəyanatları qeyd etmişdir:
“3. Hökumət bildirir ki, ərizəçinin vəkili və tərcüməçisi ilə müqavilələrinə müvafiq olaraq hüquqi və tərcümə məbləğlərinin ödənişləri Məhkəmənin ədalətli kompensasiya müəyyənləşdirəcəyi qərarın təsiri altına düşür. Bu baxımdan, Məhkəmə Konvensiyanın 37-ci maddənin 1 “c” yarımbəndinə müvafiq olaraq ərizəyə baxmaqdan imtina edərsə, ərizəçi müqavilə öhdəliklərindən irəli gələrək hüquqi və tərcümə haqlarını ödəməli deyildir.
4. Bunları rəhbər tutaraq, Hökumət ərizəçinin məhkəmə xərcləri ilə bağlı iddialarının qarşılanmasını birtərəfli bəyanatında qeyd etmir.”
2011-ci il 11 fevral tarixli məktubunda ərizəçi Hökumətin birtərəfli bəyanatında göstərilən kompensasiya məbləğinin aşağı olduğunu təkid etmişdir. Bununla bağlı, ərizəçi mənəvi zərərə görə 10.000 avro və məhkəmə xərclərinə görə 2.430 avro tələb etmişdir (hüquqi xidmətlər üçün 1.700 avro, tərcümə xərcləri üçün 530 avro və poçt xidmətləri üçün 200 avro daxil olmaqla). Ərizəçi, həmçinin Ali Məhkəmə qarşısında yenidən açılacaq icraatın Konvensiyanın 6-cı maddəsinə müvafiq aparılacağı barədə təminatın verilmədiyini və işin siyahıdan çıxarılmasının onu Məhkəmə qərarının icrasına nəzarət etmək prosedurundan faydalanmaq hüququndan məhrum edəcəyini bildirmişdir.
Məhkəmə təkrar edir ki, Konvensiyanın 37-ci maddəsinə əsasən işin hallarının həmin maddənin 1-ci bəndinin “a”, “b” və ya “c” yarımbəndlərində qeyd edilən nəticələrdən hər hansı birinə apardığı zaman icraatın istənilən mərhələsində şikayəti siyahıdan çıxarmağı qərara ala bilər. Konvensiyanın 37-ci maddəsinin 1 “c” yarımbəndi, xüsusilə də aşağıdakı halda Məhkəməyə şikayəti siyahıdan çıxarmaq hüququ verir:
“Məhkəmənin müəyyənləşdirdiyi istənilən digər səbəbə görə şikayətə baxışı davam etdirməyə lüzum yoxdursa”.
Konvensiyanın 37-ci maddəsi aşağıdakı qeyd-şərti özündə ehtiva edir:
“Bununla belə, əgər bu Konvensiyanın və ona dair Protokolların müddəalarında müəyyən edilən insan hüquqlarına riayət olunması bunu tələb edirsə, Məhkəmə şikayətə baxmaqda davam edir.”
Məhkəmə, həmçinin qeyd edir ki, müəyyən hallarda o, şikayəti Konvensiyanın 37-ci maddəsinin 1 “c” yarımbəndinə müvafiq olaraq, ərizəçinin işin baxılmasının davam etdirilməsini tələb etməsinə baxmayaraq, cavabdeh Hökumətin birtərəfli bəyanatı əsasında da siyahıdan çıxara bilər. Bu məqsədlə Məhkəmə presedent-hüququndan, xüsusilə də Tahsin Acar işindən irəli gələn prinsiplər baxımından bəyanatı diqqətlə tədqiq edir (Tahsin Acar Türkiyəyə qarşı (ilkin məsələ) (BP), no. 26307/95, §§ 74-77, İHAM 2003‑VI; İsveç Nəqliyyat İşçiləri İttifaqı İsveçə qarşı (siyahıdan çıxarılma), no. 53507/99, §§ 24-27, 18 iyul 2006-cı il; və Van Houten Niderlanda qarşı (siyahıdan çıxarılma), no. 25149/03, §§ 34-37, İHAM 2005‑IX).
Hazırkı işlə bağlı Məhkəmə qeyd edir ki, bəyanatda aydın şəkildə işin hallarında Ali Məhkəmə qarşısında icraatın qanunauyğunluq tələbinə əməl etməməsi və ərizəçinin onun lehinə olan şahidlərin iştirakını təmin və ifadələrini təhlil etmək hüququnun pozulduğu göstərilir. Bundan başqa, Hökumət Ali Məhkəmədə icraatı yenidən açmaq və açılmış icraatın Konvensiyanın 6-cı maddəsində qeyd edilən qanunauyğunluq tələblərinə əməl etməsini təmin etmək öhdəliyi götürmüşdür.
Hökumətin birtərəfli bəyanatında qeyd edilən etirafların mahiyyəti, eləcə də orada göstərilən müxtəlif öhdəliklərin həcmi və dərəcəsi və təklif edilən kompensasiyanın Məhkəmə tərəfindən ağlabatan görünməsi baxımından, Məhkəmə hesab edir ki, Konvensiyanın 37-ci maddəsinin 1 “c” yarımbəndinə müvafiq olaraq şikayətin bu hissəsinin təhlilinin davam etdirilməsi əsassızdır (baxın, müvafiq prinsiplər üçün yuxarıda qeyd edilmiş Tahsin Acar və eləcə də Haran Türkiyəyə qarşı (siyahıdan çıxarılma), no. 25754/94, 26 mart 2002-ci il).
Bundan başqa, Konvensiyanın 37-ci maddəsinə in fine müvafiq olaraq, Məhkəmə işin baxılmasının davam etdirilməsini tələb edən Konvensiya və onun Protokollarında qeyd edilən insan hüquqlarına hörmətlə bağlı heç bir xüsusi hal görmür. Yuxarıda qeyd edilənlərlə bağlı şikayətin bu hissəsinin siyahıdan çıxarılması məqsədəmüvafiqdir.
ŞİKAYƏTİN QALAN HİSSƏSİ
Ərizəçi Konvensiyanın 6-cı maddəsinə müvafiq olaraq ona qarşı qaldırılan cinayət işinin qurama olduğundan, birinci instansiya məhkəməsi qarşısında məhkəmə işinin davamiyyətindən, ekspertlərin qərəzsiz davranmadığından və sübutların məhkəmə tərəfindən düzgün qiymətləndirilmədiyindən şikayət etmişdir. Bununla belə, malik olduğu bütün materiallar baxımından və şikayət edilən məsələlərin səlahiyyətində olduğu qədər Məhkəmə şikayətin bu hissəsinin Konvensiyanın hər hansı bir pozuntusunu özündə ehtiva etmədiyini hesab etmişdir. Beləliklə, o, Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinə müvafiq olaraq qeyri-məqbul elan edilir və həmin maddənin 4-cü bəndinə əsasən rədd edilməlidir.
MƏHKƏMƏ REQLAMENTİNİN 43-CÜ QAYDASININ 4-cü
BƏNDİNİN TƏTBİQİ
Məhkəmə Reqlamentinin 43-cü qaydasının 4-cü bəndində deyilir:
“Şikayət siyahıdan çıxarıldığı halda, məhkəmə xərcləri barədə məsələ Məhkəmənin mülahizəsi ilə həll olunur...”.
Məhkəmə qeyd edir ki, Konvensiyanın “Konvensiya və ya onun Protokollarının pozulduğu halda tətbiq edilən” 41-ci maddəsindən fərqli olaraq, Reqlamentin 43-cü qaydasının 4-cü bəndi şikayətin siyahıdan çıxarılması halında ona sadəcə xərclər üçün kompensasiya təyin etməsinə icazə verir (baxın, Sisojeva və digərləri Latviyaya qarşı (BP), no. 60654/00, § 132, İHAM 2007‑II).
Məhkəmə təkrarən bildirir ki, Reqlamentin 43-cü qaydasının 4-cü bəndinə müvafiq olaraq xərclərin geri ödənilməsini tənzimləyən ümumi prinsiplər mahiyyətcə Konvensiyanın 41-ci maddəsi ilə eynidir (baxın, El Majjaoui və Stichting Touba Moskee Niderlanda qarşı (siyahıdan çıxarılma) (BP), no. 25525/03, § 39, 20 dekabr 2007-ci il). Başqa sözlə, geri ödənilə bilməsi üçün xərclər iddia edilən pozuntu və ya pozuntularla əlaqədar, həqiqətən və zərurətdən irəli gəlmiş və məbləğ cəhətdən ağlabatan olmalıdır. Bundan başqa, Reqlamentin 60-cı qaydasının 2-ci bəndinə müvafiq olaraq Konvensiyanın 41-ci maddəsi üzrə edilən hər hansı bir tələbin sıralanmış hissələri müvafiq təsdiqləyici sənədlər və qəbzlə birgə təqdim edilməlidir, əks təqdirdə Məhkəmə tələbi bütövlükdə və ya hər hansı bir hissəsini rədd edə bilər.
Hazırkı işdə ərizəçi tərəfindən təqdim edilən müqavilələr və ərizəçinin vəkili və tərcüməçisi tərəfindən görülən işlərin həcmi nəzərə alınaraq, Məhkəmə bütün müddəlar üzrə xərclər üçün 2.000 avro təyin edir.
Bu səbəblərdən, Məhkəmə əksəriyyətlə
Cavabdeh Hökumətin birtərəfli bəyanatında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi, 3 “c” və “d” yarımbəndləri üzrə şikayətlər baxımından orada göstərilən öhdəliklərə əməl edilməsinə təminat verən mexanizmləri nəzərə alır;
Yuxarıda qeyd olunmuş məsələlərə aid hissədə şikayəti Konvensiyanın 37-ci maddəsinin 1 “c” yarımbəndi üzrə siyahıdan çıxarmağı qərarı alır;
Şikayətin qalan hissəsini qeyri-məqbul elan edir;
Qərara alır ki,
(a) Cavabdeh Dövlət ərizəçiyə üç ay müddətində məhkəmə xərclərinə görə ödənişin edildiyi günə müvafiq məzənnəyə uyğun yeni Azərbaycan manatı ilə 2.000 avro (iki min avro) və ərizəçinin üzərinə qoyulacaq vergiləri ödəməlidir.
(b) Yuxarıda qeyd edilən müddətin bitməsindən ödənişin edilməsinə qədər ödənişin edilmədiyi müddət üçün üç faiz üstünə gəlməklə Avropa Mərkəzi Bankının təqdim etdiyi dərəcənin son həddinə əsaslanmalıdır.
Soren Nilsen Xristos Rozakis
Katib Sədr
Full & Egal Universal Law Academy