İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
Aydın Şirinovun Azərbaycana qarşı
35608/02 saylı şikayətinin
MƏQBULİYYƏTİNƏ DAİR
Q Ə R A R D A D
İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) Palata kimi
19 yanvar 2006-cı il tarixdə aşağıdakı tərkibdə,
cənab X.Rozakis, Sədr,
cənab L.Lukaides,
xanım F.Tulkens,
cənab P.Lorenzen,
cənab X.Hacıyev,
cənab D.Spilman,
cənab S.E.Cebens; hakimlər,
və cənab S.Nilsen, Bölmə Katibi,
yuxarıda qeyd edilən 24 sentyabr 2002-ci il tarixdə verilmiş şikayəti,
Cavabdeh-Dövlətin təqdim etdiyi qeydləri nəzərə alıb,
müzakirə apararaq, qərara alır:
FAKTLAR
Ərizəçi Azərbaycan vətəndaşı olan cənab Aydın Şirinov 1950-ci ildə anadan olub və Bakıda yaşayır. Onu Məhkəmə qarşısında Bakıda vəkil işləyən cənab H.Səddədinov təmsil edib.
İşin halları tərəflərin təqdim etdiklərinə görə aşağıdakı kimi ümumiləşdirilə bilər.
2000-ci ilin noyabrında ərizəçi 1993-cü ildə törədilmiş adam öldürmə və oğurluqda iştirak etməkdə şübhəli bilindiyinə görə həbs olunub. Sonradan iş adamının (A.M.) əmlakını ələ keçirmək məqsədilə sonuncunun öldürülməsinə cinayətkar qrupun üzvü kimi təhrik etmək ittihamına əsasən, Nəsimi rayon məhkəməsi ərizəçi barəsində həbs qətimkan tədbirini seçdi.
Məhkəmə araşdırılmasından əvvəl dövlət televiziyası ərizəçinin adını və onun bu cinayətdə iştirakına dair iddia olunan halları qeyd edərək, A.M.-in öldürülməsi barədə veriliş yayımladı. Ərizəçiyə görə, veriliş onun barəsində adam öldürmə cinayətində iştirakçı kimi rəy formalaşdırıb.
Ərizəçinin işinə müxtəlif dərəcədə hamısı ağır cinayətlər törədən mütəşəkkil cinayətkar qrupun üzvləri kimi qiymətləndirilən beş başqa təqsirləndirilən şəxslə birgə Ağır cinayətlərə dair işlər üzrə Hərbi Məhkəmədə baxılıb. Ərizəçiyə görə, onun təqsirini göstərən yeganə sübut başqa təqsirləndirilən şəxslərdən birinin ifadəsi olub. Xüsusən, qeyri-dəqiq və ziddiyyətli şəkildə A.T. ifadə verib ki, 1993-cü ildə ərizəçi ona göstəriş verib ki, A.M.-i öldürsün və onun əmlakını ələ keçirsin. 05 noyabr 2001-ci ildə Ağır cinayətlərə dair işlər üzrə Hərbi Məhkəmə ərizəçini adam öldürmədə və oğurluqda təqsirli bilib və 8 il azadlıqdan məhrum etmə cəzasına məhkum edib.
Ərizəçi şikayət verib. O iddia edib ki, onun məhkum edilməsi əsassız olub, ona görə ki, birinci instansiya məhkəməsi öz qənaətində yalnız A.T.-nin ifadələrinə əsaslanıb ki, bu ifadələr bəzi hallarda onun özünün birinci instansiya məhkəməsinə əvvəl verdiyi ifadələrlə ziddiyyət təşkil edib. Xüsusən, o ifadə verib ki, ərizəçi A.M.-in öldürülməsində iştirak etməyib və ərizəçini təqsirləndirən əvvəlki ifadəsi saxta olub və istintaq orqanlarının təsiri altında verilib. Lakin Apellyasiya Məhkəməsi A.T-nin ifadələrinin ziddiyyətini xüsusi olaraq araşdırmayıb. 13 fevral 2002-ci ildə Apellyasiya Məhkəməsi ərizəçinin şikayətini rədd etdi və birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxladı.
Ərizəçi kassasiya şikayəti verdi. O, Apellyasiya Məhkəməsi qarşısında qaldırdığı məsələlərlə oxşar şikayətlər edib. Əlavə olaraq, o iddia edib ki, birinci və apellyasiya instansiyalarında araşdırmalar zamanı A.T.-nin verdiyi ifadələr ziddiyyətli və məntiqsiz olub və buna görə, onun məhkumluğuna əsas ola bilməz.
04 iyul 2002-ci ildə Ali Məhkəmə ərizəçinin şikayətini əsassız kimi rədd edib. A.T.-nin ifadələrinin ziddiyyətini xüsusi olaraq araşdırmayaraq, məhkəmə hesab edib ki, ərizəçinin təqsiri sübutların məcmusu ilə tam sübuta yetirilib.
29 dekabr 2003-cü ildə ərizəçi Prezidentin əfv fərmanına əsasən cəzasının qalan hissəsinin çəkilməsindən azad olunmuşdur.
ŞİKAYƏTLƏR
1. Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən şikayət edib ki, daxili məhkəmələr müstəqil və qərəzsiz olmayıb. Birincisi, o qeyd edib ki, mülki şəxs olmasına baxmayaraq, Ağır cinayətlərə dair işlər üzrə Hərbi Məhkəmə tərəfindən mühakimə və məhkum olunub. İkincisi, o təkid edib ki, məhkəmələr hökumətin iradəsindən asılı olaraq ona qarşı qərəzli olub, ona görə ki, o, 1995-ci ildə mövcud hakimiyyətə qarşı dövlət çevrilişinə cəhd edən liderlər Cavadov qardaşlarının yaxın qohumu olub.
2. Ərizəçi yenə də Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən şikayət edib ki, o, qanunsuz məhkum edilib. Xüsusən, o iddia edib ki, məhkum olunma bir şahidin qeyri-dəqiq və ziddiyyətli ifadələrinə əsaslanıb. Onun davamlı müraciətlərinə baxmayaraq, daxili məhkəmələr şahidin ifadələrinin ibtidai istintaq zamanı məcbur etmə ilə alındığına dair onun iddialarını lazımınca araşdırmayıblar.
3. Nəhayət, ərizəçi Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən şikayət edib ki, təqsirsizlik prezumpsiyası pozulub, ona görə ki, dövlət televiziyasının yayımladığı veriliş məhkəmə araşdırılmasının faktiki olaraq keçirilməsindən əvvəl onu adam öldürmədə təqsirli kimi təqdim edib.
HÜQUQİ MƏSƏLƏLƏR
Məhkəmə qeyd edir ki, 16 iyul 2004-cü ildə Katiblik 20 sentyabr 2004-cü ilədək Hökumətin təqdim etdiyi qeydlərə cavab olaraq öz qeydlərini təqdim etməyi ərizəçiyə təklif edib.
Ərizəçi tərəfindən vaxtında cavab almayaraq, 12 yanvar 2005-ci ildə Katiblik öz müraciətini təkrarladı. Ərizəçi yenə də cavab vermədi.
30 avqust 2005-ci ildə Katiblik ərizəçini cavab vermədiyi və tələb olunan məlumatı təqdim etmədiyi halda, Məhkəmə tərəfindən onun öz şikayətini müdafiə etməməsi barədə qərara gələ biləcəyi haqqında xəbərdar edərək, ona sifarişli məktub göndərib. 30 noyabr 2005-ci ildə faksla göndərdiyi məktubla ərizəçinin nümayəndəsi Məhkəməni məlumatlandırıb ki, Prezidentin 29 dekabr 2003-cü il tarixli əfv fərmanına əsasən azadlığa buraxıldığı üçün ərizəçi öz şikayətini geri götürmək niyyətindədir.
Belə olan halda, Konvensiyanın 37-cı maddəsinin 1 (a) bəndini nəzərə alaraq, Məhkəmə hesab edir ki, ərizəçi öz şikayətinə marağı itirib və onu Məhkəmə qarşısında artıq müdafiə etmək istəmir. Bundan başqa, Məhkəmə Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndinə əsasən Konvensiya və onun Protokolları ilə müəyyən olunduğu kimi şikayətə baxılmasını tələb edən insan hüquqlarına riayət edilməsinə aid hər hansı müstəsna halları görmür.
Bu səbəblərə görə, Məhkəmə yekdilliklə
Şikayətin işlərin siyahısından çıxarılmasını qərara alır.
Soren NilsenXristos Rozakis
Katib Sədr
Full & Egal Universal Law Academy