İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
Siyavuş İsmayılovun Azərbaycana qarşı
6285/03 saylı şikayətinin
MƏQBULİYYƏTİNƏ DAİR
Q Ə R A R D A D
İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) Palata kimi
07 iyun 2007-ci il tarixdə aşağıdakı tərkibdə,
cənab X.Rozakis, Sədr,
cənab L.Lukaides,
xanım N.Vaciç,
cənab X.Hacıyev,
cənab D.Spilman,
cənab S.E.Cebens,
cənab Q.Malinverni; hakimlər,
və cənab S.Nilsen, Bölmə Katibi,
yuxarıda qeyd edilən 26 iyul 2002-ci il tarixdə verilmiş şikayəti,
Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndinin tətbiq edilməsinə və məqbiliyyətlə mahiyyətin birgə baxılmasına dair qərarı,
Cavabdeh-Dövlətin təqdim etdiyi qeydləri və cavab olaraq ərizəçinin təqdim etdiyi qeydləri nəzərə alıb,
müzakirə apararaq, qərara alır:
FAKTLAR
Ərizəçi cənab Siyavuş İsmayılov 1950-ci ildə anadan olmuş Azərbaycan vətəndaşı olub və Bakıda yaşayıb. Onu Məhkəmə qarşısında Bakıda vəkil işləyən cənab S.Ələsgərov təmsil edib. Azərbaycan Hökumətini («Hökumət») onun rəsmi nümayəndəsi cənab Ç.Əsgərov təmsil edib.
İşin halları
İşin halları tərəflərin təqdim etdiklərinə görə aşağıdakı kimi ümumiləşdirilə bilər.
05 yanvar 2002-ci ildə ərizəçi daxil olmaqla, bir neçə şəxslər qrupu (kollektiv olaraq, «təsisçilər») «Nəqliyyatçıların Müstəqil Həmkarlar İttifaqı» adlı həmkarlar ittifaqını yaratmış və onun təsis sənədlərini qəbul etmişlər.
Həmkarlar ittifaqı daxil olmaqla, Azərbaycanda hər hansı hüquqi şəxsin müvafiq hüquqi statusu yalnız Ədliyyə Nazirliyində («Nazirlik») qeydə alınmasından sonra əldə etdiyini nəzərə alaraq, 29 yanvar 2002-ci ildə təsisçilər onların həmkarlar ittifaqının dövlət qeydiyyatı üçün Nazirliyə müraciət etdilər.
27 may 2002-ci ildə qeydiyyat müraciətinin təqdim olunmasından təxminən dörd aydan sonra Nazirlik qeydiyyat sənədlərini ərizəçiyə qaytarmaqla, müraciəti rədd edib. Qeydiyyata almaqdan imtinanın səbəbi kimi Nazirlik qeyd edib ki, təsisçilər dövlət qeydiyyatı rüsumunu tam məbləğdə ödəməyiblər.
Qeydiyyat rüsumunun tələb olunan məbləğini ödədikdən sonra 28 iyun 2002-ci ildə təsisçilər öz qeydiyyat sənədlərini yenidən Nazirliyə təqdim etdilər. Təsisçilər qanunla müəyyən olunmuş beş gün müddətində Nazirlikdən hər hansı cavab almayıblar.
18 sentyabr 2002-ci ildə ərizəçi qeydiyyatda gecikdirmənin qanunsuz olmasını və vurulmuş ziyana görə kompensasiyanı iddia edərək, Nazirliyə qarşı mülki iddia qaldırdı.
Məhkəmə araşdırmaları zamanı 15 oktyabr 2002-ci ildə Nazirlik bir daha müraciəti rədd etdi. Bu dəfə imtina üçün qeyd olunan səbəb həmkarlar ittifaqının nizamnaməsinin müəyyən müddəalarının «Yol hərəkəti haqqında» və «Qeyri-hökumət təşkilatları haqqında» qanunlara zidd olmasından ibarət olub.
«Qeyri-hökumət təşkilatları haqqında» Qanunun ticarət birliklərinə tətbiq edilmədiyinə görə Nazirliyin imtina üçün gətirdiyi səbəblərin əsassız olmasına dair qənaətə gələrək, təsisçilər nizamnaməyə tələb olunan dəyişiklikləri etmədən qeydiyyat sənədlərini yenidən təqdim etməyə çalışıblar. 21 oktyabr 2002-ci ildə Nazirlik sənədləri qəbul etməkdən imtina edib.
19 noyabr 2002-ci ildə Yasamal rayon məhkəməsi Nazirlik tərəfindən birliyi qeydə almaqdan imtinanın qanuna əsaslarla olmasına dair nəticəyə gələrək, ərizəçinin iddiasını rədd etdi. Məhkəmə Nazirlik tərəfindən qanunsuz gecikdirilmiş cavablara aid ərizəçinin şikayətinə hər hansı hüquqi qiymət verməyib. 10 mart 2003-cü ildə Apellyasiya Məhkəməsi rayon məhkəməsinin qətnaməsini qüvvədə saxladı. 24 iyul 2003-cü ildə Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qətnaməsini qüvvədə saxladı.
Həmin vaxtda təsisçilər Nazirliyin 15 oktyabr 2002-ci il tarixli qeydlərinə müvafiq olaraq nizamnaməni dəyişdilər. 22 aprel 2003-cü ildə onlar nizamnamənin yeni versiyası ilə qeydiyyat müraciətlərini yenidən təqdim etdilər. Üç ay yarım ərzində cavab almayaraq, ərizəçi qanunla müəyyən olunmuş müddət ərzində cavab verilməməsindən şikayət edərək, Nazirliyə qarşı yeni iddia qaldırdı.
08 avqust 2003-cü il tarixli qərardadla Yasamal rayon məhkəməsi iddia müddəti buraxıldığı üçün ərizəçinin iddiasını qəbul etməkdən imtina etdi. Məhkəmə qərara gəlib ki, 2003-cü ilin avqustında iddia qaldırmaqla ərizəçi bu növ iddialar üçün müəyyən olunmuş bir aylıq müddəti ötürüb. 11 sentyabr 2003-cü ildə Apellyasiya Məhkəməsi rayon məhkəməsinin qərardadını qüvvədə saxladı.
Ərizəçi daha çox iddialar qaldırmaqla, Nazirliyin iddia olunan qanunsuz hərəkətlərini mübahisələndirməyə davam edib, lakin bu cəhdlər uğursuz olub.
ŞİKAYƏTLƏR
1. Ərizəçi Konvensiyanın 11-ci maddəsinə əsasən şikayət edib ki, Nazirlik tərəfindən birliyin vaxtında qeydiyyata alınmaması onun və həmkarlar ittifaqının başqa üzvlərinin birləşmək azadlığına müdaxilə edib.
2. Ərizəçi daha sonra şikayət edib ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə zidd olaraq, daxili məkəmələr fərdi tərəflərin Ədliyyə Nazirliyinə qarşı qaldırdığı iddialarda sonuncunun gələcəkdə hakimliyə namizədlərin seçilməsində roluna görə müstəqil və qərəzsiz olmayıblar.
3. Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə və 13-cü maddəsinə istinadən şikayət edib ki, daxili məhkəmələrin qərarları qanunsuzdur və daxili vasitələr səmərəsizdir.
HÜQUQİ MƏSƏLƏLƏR
26 yanvar 2007-ci ildə Hökumət ərizəçinin 15 dekabr 2006-cı ildə öz mənzilində ölməsi barədə Məhkəməni məlumatlandırdı və onun ölüm haqqında şəhadətnaməsinin surətini təqdim etdi. Bu səbəbə görə, Hökumət Məhkəmədən xahiş etdi ki, şikayəti işlərin siyahısından çıxarsın.
Ərizəçinin nümayəndəsi Hökumətin son məlumatına öz qeydlərini gətirmək və işin sonrakı prosesi haqqında öz mövqeyini aydınlaşdırmaq barədə Məhkəmənin dəvətinə cavab olaraq hər hansı dəlillər gətirmədi. Ərizəçinin vərəsələrinin, belələri olduğu halda, şikayəti müdafiə etmək niyyətində olması barədə hər hansı dəlillər yoxdur.
Belə olan halda, Məhkəmə hesab edir ki, Konvensiyanın 37-cı maddəsinin 1 (a) bəndinin mənasına görə şikayətin araşdırılmasının davam etdirilməsinə artıq haqlı deyildir. Bundan başqa, Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndinə əsasən Məhkəmə hesab etmir ki, insan hüquqlarına riayət edilmə bu şikayətin araşdırılmasının davam etdirilməsini tələb edir. Məhkəmə xatırladır ki, o, hazırkı şikayətdə qaldırılmış məsələlərə aid əsas prinsipləri artıq araşdırıb (bax, Ramazanova və digərləri Azərbaycana qarşı, № 44363/02, 01 fevral 2007-ci il və Əsədov və digərləri Azərbaycana qarşı (qərardad), № 138/03, 02 yanvar 2006-cı il). Bundan başqa, hazırkı şikayətdə toxunulanlara oxşar məsələləri qaldıran bir neçə başqa işlər Məhkəmənin icraatında mövcuddur.
Müvafiq olaraq, Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndinin tətbiqinə xitam verilməli və iş şikayətlərin siyahısından çıxarılmalıdır.
Bu səbəblərə görə, Məhkəmə yekdilliklə
Şikayətin işlərin siyahısından çıxarılmasını qərara alır.
Soren NilsenXristos Rozakis
Katib Sədr
Full & Egal Universal Law Academy