© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSI
ÜÇÜNCÜ BÖLMƏ
QƏRARDAD
Ərizə № 65542/12
SREBRENITSA ANALARI FONDU VƏ BAŞQALARI NIDERLANDA QARŞI
Mündəricat
FAKTLAR
A. İşin tarixçəsi
1. Yuqoslaviya Sosialist Federativ Respublikasının dağılması
2. Bosniya və Herseqovinada müharibə
3. Srebrenitsa qətliamı
4. Srebrenitsa qətliamına dair hesabatlar
a) Birləşmiş Millətlər Təşkilatının Baş katibinin hesabatı
b) Müharibə, Holokost və Soyqırım Hadisələrinin Araşdırılması üzrə Dövlət İnstitutu NIOD-un hesabatı
c) Fransa parlamentinin təhqiqatı
d) Niderland parlamentinin təhqiqatı
e) "1995-ci il iyulun 10-dan 19-dək Srebrenitsada və onun ətrafında baş vermiş hadisələrin araşdırılması üzrə Serb Respublikası Hökumətinin Komissiyasının" hesabatı
5. Srebrenitsa qətliamına dair qərarlar və hökmlər
a) Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı
b) Bosniya və Herseqovina üzrə İnsan Hüquqları Palatası
c) Beynəlxalq Məhkəmə
B. Ölkədaxili icraat
1. Əsas məhkəmə icraatlarının başlanması
2. Prosessual insident
a) Regional Məhkəmə qarşısında arqumentlər
b) Regional Məhkəmənin qərarı
c) Apellyasiya Məhkəməsi qarşısında arqumentlər
d) Apellyasiya Məhkəməsinin qərarı
e) Ali Məhkəmə qarşısındakı arqumentlər
i. Ərizəçilərin hüquqi məsələlərə dair kassasiya şikayəti
α. Vəsatət
β. İzahedici memorandum
ii. Məsləhət rəyi
f) Ali Məhkəmənin qərarı
3. Əsas məhkəmə prosesinin bərpası
C. Müvafiq daxili qanunvericilik
1. Niderland Krallığının Konstitusiyası
2. Niderland Krallığının qanunvericiliyinə dair ümumi müddəaları özündə əks etdirən qanun
3. Mülki Prosessual Məcəllə
4. Məhkəmə orqanları (məhkəmələrin təşkili) haqqında Qanun
5. "Məhkəmə icraçıları haqqında" 2001-ci il tarixli Qanun
6. Daxili məhkəmələrin müvafiq presedent hüququ
a) "Srebrenitsa Qadınları" Vətəndaş Assosiasiyasının (Udruženje Građana “Žene Srebrenice”) işi
b) Mustafiçin və Nuxanoviçin işləri
ŞİKAYƏTLƏR
HÜQUQİ MƏSƏLƏLƏR
A. Ərizəçi Srebrenitsa Anaları Fondunun prosessual vəziyyəti
B. Konvensiyanın 6-cı maddəsinin iddia edilən pozuntusu
1. 6-cı maddənin bu işə tətbiqinin mümkünlüyü məsələsi
2. Birləşmiş Millətlər Təşkilatının immuniteti
a) Ərizəçilərin arqumentləri
b) Məhkəmənin qiymətləndirməsi
i. Məhkəmənin icraatındakı işin əhatə dairəsi
ii. Tətbiq edilə bilən prinsiplər
iii. Yuxarıdakı prinsiplərin bu işə tətbiqi
α. Birləşmiş Millətlər Təşkilatınım malik olduğu immunitetin xarakteri
β. Birləşmiş Millətlər Təşkilatının malik olduğu immunitetin xarakteri
γ. Heç bir alternativ yurisdiksiyanın olmaması
δ. Niderland dövlətinə qarşı iddia tələbi ilə əlaqə
ε. Nəticə
3. Ali Məhkəmənin ilkin qərar üçün Avropa İttifaqı Ədalət Məhkəməsinə müraciət etməkdən imtina etməsi
C. Konvensiyanın 13-cü maddəsinin iddia edilən pozuntusu
D. Məhkəmənin Qərarı
Avropa İnsan Hüquqları Məhkəməsi (Üçüncü Bölmə),
hakimlər:
Jozep Kasadevall (Josep Casadevall), sədr,
Alvina Gülümyan (Alvina Gyulumyan),
Korneliu Birsan (Corneliu Bîrsan),
Yan Şikuta (Ján Šikuta),
Luis Lopes Gerra (Luis López Guerra),
Nona Tsotsoriya (Nona Tsotsoria),
Yohannes Silvis (Johannes Silvis),
habelə Bölmə katibinin müavini Maryalena Tsirlidən (Marialena Tsirli) ibarət tərkibdə Palatada iclas keçirərək,
8 oktyabr 2012-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim edilmiş (11 oktyabr 2012-ci ildə Katiblik tərəfindən alınmış) yuxarıdakı ərizəni nəzərdən keçirərək,
Məhkəmə Reqlamentinin 41-ci qaydasına uyğun olaraq yuxarıdakı ərizəyə prioritet qaydasında baxılması barədə qərarı nəzərə alaraq,
Məhkəmə Reqlamentinin 47-ci qaydasının 3-cü bəndinə uyğun olaraq iki ərizəçinin anonim saxlanılması barədə qərarı nəzərə alaraq,
Müşavirə keçirdikdən sonra aşağıdakıları qərara alır:
FAKTLAR
1. "Srebrenitsa anaları" Niderland qanunvericiliyinə əsasən fonddur (stichting). O, Srebrenitsada (Bosniya və Herseqovina) aşağıda təsvir ediləcək 1995-ci ilin iyul hadisələrinin gedişində qətlə yetirilmiş şəxslərin qohumları adından məhkəmə işləri qaldırmaq məqsədi ilə yaradılıb.
2. Digər ərizəçilər qətlə yetirilmiş şəxslərin sağ qalan qohumlarıdır. Onlar bildirirlər ki, özləri də 1995-ci ilin iyul hadisələrinin gedişində baş vermiş insan hüquqlarının pozuntularının qurbanıdırlar. Ərizəçilərin siyahısı Əlavədə verilib.
3. Ərizəçiləri Amsterdamda vəkilik fəaliyyəti ilə məşğul olan cənab A. Hagedorn (A. Hagedorn), cənab M.R. Gerritsen (M.R. Gerritsen) və cənab Y. Staab (J. Staab) təmsil ediblər.
4. İşin ərizəçilər tərəfindən təqdim edilən və ictimaiyyət üçün açıq sənədlərdən bəlli olan faktlarını aşağıdakı kimi qısaca ümumiləşdirmək olar.
A. İşin tarixçəsi
1. Yuqoslaviya Sosialist Federativ Respublikasının dağılması
5. Yuqoslaviya Sosialist Federativ Respublikası (YSFR) altı respublikadan təşkil edilmişdi: Bosniya və Herseqovina, Xorvatiya, Makedoniya, Monteneqro (Çernoqoriya), Serbiya və Sloveniya. Sloveniya və Xorvatiya öncə keçirilmiş referendum nəticəsində 25 iyun 1991-ci ildə YSFR-dən müstəqilliklərini elan etdilər. Bunun ardınca YSFR rəhbərliyi federal hökumətin nəzarətini yenidən bərqərar etmək üçün YXA-ya (Jugoslovenska Narodna Armija/Југословенска народна армија və ya Yuqoslaviya Xalq Ordusu) hərəkətə keçmək əmri verdi.
6. YSFR-in tərkib hissəsi olan digər respublikalar da Sloveniya və Xorvatiyanın ardınca müstəqilliklərini elan etdilər. Son nəticədə yalnız Serbiya və Monteneqro YSFR-in hüquqi varisi olan dövləti – Yuqoslaviya Federativ Respublikasını (YFR) təşkil etdilər. Bunun ardınca əsasən etnik sərhədlər boyunca hərbi əməliyyatlar başladı, çünki konkret respublikaların tərkibində olan və yeni yaranan müstəqil dövlətləri özlərininki kimi qəbul etməkdə çətinlik çəkən etnik azlıq qrupları məskunlaşdıqları əraziləri etnik köklərə malik olduqları respublikalarla birləşdirmək istəyirdilər.
7. 21 fevral 1992-ci il tarixli 743 (1992) saylı qətnaməsi ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Birləşmiş Millətlər Təşkilatının Müdafiə Qüvvələrini (UNPROFOR) yaratdı, bu qüvvələr "Yuqoslaviyadakı böhranın tam həllinə dair danışıqlar aparmaq üçün tələb olunan sülh və təhlükəsizlik şəraitinin yaradılmasına yönələn aralıq tədbirlərin görülməsi" məqsədi ilə yaradılmışdı. UNPROFOR-un mandatı ilk öncə on iki ay olsa da uzadıldı; UNPROFOR (bu qüvvələr sonradan UNPF adlandırıldı, UNPROFOR adı isə yalnız Bosniya və Herseqovinadakı əməliyyat qüvvələrini ifadə etdi) 1995-ci il dekabrın sonlarınadək əməliyyatlarını davam etdirdi. Qoşunları təchiz edən ölkələr sırasında Niderland da vardı.
2. Bosniya və Herseqovinada müharibə
8. Bosniya və Herseqovina 6 mart 1992-ci ildə Bosniya və Herseqovina Respublikası olaraq müstəqilliyini elan etdi. Bunun ardınca müharibə başladı və düşmən qruplaşmalar əsasən ölkədə mövcud olmuş əvvəlki etnik bölgü əsasında formalaşdı. Əsas döyüşən qüvvələr bunlar idi: BHRO (Armija Republike Bosne i Hercegovine və ya Bosniya və Herseqovina Respublikasının Ordusu, bu ordu əsasən bosniyalılardan[1] və Bosniya və Herseqovina Respublikasının mərkəzi hakimiyyət orqanlarına loyal olan qüvvələrdən təşkil olunmuşdu), XMŞ (Hrvatsko vijeće obrane və ya Xorvatiya Müdafiə Şurası, bu ordu əsasən xorvatlardan[2] təşkil olunmuşdu) və SRO (Vojska Republike Srpske/Војска Републике Српске və ya Serb Respublikasının Ordusu, onu həm də Bosniya Serblərinin Ordusu adlandırırdılar, o, əsasən serblərdən təşkil olunmuşdu).[3]
9. Belə görünür ki, 100.000-dən artıq insan qətlə yetirilib, iki milyondan artıq insan isə köçkün düşüb. Hesablamalara görə, 30.000-ə yaxın insan itkin düşüb; 2010-cu ildə onların təxminən üçdə biri hələ də itkin düşənlər siyahısında idi.[4]
10. 14 dekabr 1995-ci ildə Sülhə dair ümumi çərçivə sazişi (Deytonda (Ohayo ştatı, ABŞ) qəbul edilmiş "Deyton sülh sazişi") qüvvəyə mindikdən sonra münaqişə başa çatdı. Deyton sülh sazişinin nəticələrindən biri Bosniya və Herseqovinanın iki tərkib hissəsinə bölünməsi oldu: Bosniya və Herseqovina Federasiyası və Serb Respublikası.
3. Srebrenitsa qətliamı
11. Srebrenitsa şərqi Bosniyada bələdiyyə (icma) ərazisidir. O, cənub tərəfdə Bosniya və Herseqovina ilə Serbiyanın arasında sərhəd yaradan Drina çayı ilə həmsərhəddir. Şimalda isə Bratunats bələdiyyə ərazisi ilə həmsərhəddir. O, qərb tərəfdə Militsi və Roqatitsa bələdiyyələri ilə həmsərhəddir. İndi o, Serb Respublikasının tərkib hissəsidir.
12. Srebrenitsa bələdiyyəsi bir sıra şəhər və kəndlərdən ibarətdir, onların arasında Srebrenitsa şəhəri də var, bələdiyyənin adı onun adından götürülüb. Müharibə başlamazdan əvvəl onun əhalisi, demək olar ki, bütünlüklə bosniyalılardan və serblərdən ibarət idi, bosniyalıların sayı serblərinkindən üç dəfədən də artıq çox idi.
13. Bosniya və Herseqovinanın mərkəzi hakimiyyətinin tabeliyində qaldıqca Serb Respublikasının öz bütöv ərazi vahidini formalaşdırmasına maneə yaradan Srebrenitsa artıq 1992-ci ildə SRO-nun hücumuna məruz qalırdı.
14. Belə görünür ki, Bosniya və Herseqovinanın mərkəzi hakimiyyəti Srebrenitsanın mülki əhalisinin təxliyə olunmasına icazə verməkdən imtina edib, çünki bu, "etnik təmizləmənin" qəbul edilməsi demək olardı və nəticədə ərazinin SRO-nun mühasirəsinə düşməsinə şərait yaratmış olub.
15. 16 aprel 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası yekdilliklə qətnamə (819 (1993) saylı qətnamə) qəbul edərək tələb etdi ki, "bütün tərəflər və digər maraqlı qüvvələr şərqi Bosniyanın Srebrenitsa şəhərini və onun ətrafındakı əraziləri təhlükəsizlik zonası kimi qəbul etməli və bu zona hər hansı silahlı hücuma və ya digər düşmənçilik aksiyasına məruz qalmamalıdır".
16. 1995-ci ilin iyulunda Srebrenitsa "təhlükəsizlik zonası" SRO-nun nəzarətindəki ərazinin əhatəsində olan anklav idi. Orada BHRO-nun döyüşçüləri vardı, onların çoxu silahsız mülki şəxslər idi. Onların sayı on millərlə ölçülürdü və çoxusu bosniyalılar idi, həmin vaxt orada yerli sakinlərdən əlavə şərqi Bosniyanın digər ərazilərindən köçkün düşmüş şəxslər də vardı. Anklavda həmçinin UNPROFOR qüvvələri də vardı, nominal olaraq onlar dörd yüzə yaxın yüngül silahlı niderlandlılardan ibarət idi ki, bunlar da hava qüvvələrinin çevik piyada dəstələri idi və podpolkovnikin komandanlığı altında olan "holland batalyonu" (ingiliscə "Dutchbat") kimi tanınırdı. Lakin faktiki olaraq holland batalyonu həmin vaxt tam gücə malik deyildi, tətildən qayıtmış qoşunların öz hərbi bölmələri ilə birləşməsinə SRO mane olurdu.
17. 10 iyul 1995-ci ildə SRO-nun Drina korpusu böyük qüvvələrlə Srebrenitsa "təhlükəsizlik zonasına" hücum etdi. Niderland çevik piyada batalyonunun komandiri Birləşmiş Millətlər Təşkilatı qüvvələrinin rəhbərliyindən havadan dəstək istədi. Lakin hava qüvvələrindən həlledici məqamda istifadə edilmədi. Ərazidə holland batalyonunun olmasına baxmayaraq SRO əraziyə girdi və nəzarəti ala adlı.
18. 12 iyul 1995-ci ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası yekdilliklə qətnamə (1004 (1995) saylı qətnamə) qəbul edərək SRO-nun dərhal hücuma son qoymasını və SRO qüvvələrinin Srebrenitsa "təhlükəsizlik zonasından" çıxarılmasını, habelə UNPROFOR personalının təhlükəsizliyinin təmin edilməsini və hərəkət azadlığının bərpa olunmasını tələb etdi.
19. Sonrakı günlərdə SRO qüvvələri onların əlində olan bosniyalı kişiləri qadınlardan və uşaqlardan ayırdılar və qətlə yetirdilər. Digərləri ələ keçməkdən yaxa qurtara bildilər və anklavdan qaçmağa cəhd etdilər. Bəziləri buna nail olub salamat qala bildilər, amma çoxları ələ keçdi və öldürüldü, yaxud yolda yaralardan, ya da yerə basdırılmış minalardan öldü. Hazırda bu fakt hamılıqla qəbul edilir ki, 7.000-dən yuxarı, bəlkə də 8.000 bosniyalı kişi və oğlan bu əməliyyatda SRO və Serb yarımhərbi qüvvələri tərəfindən öldürülüb.
20. "Srebrenitsa qətliamı" kimi tanınan bu hadisə İkinci Dünya Müharibəsinin başa çatmasından bəri hamılıqla Avropa tarixində unikal vəhşilik kimi tanınıb.
4. Srebrenitsa qətliamına dair hesabatlar
21. Srebrenitsa qətliamına dair bir sıra təfsilatlı hesabatlar dərc olunub mi, onların arasında aşağıdakılar qeyd olunmalıdır:
a) Birləşmiş Millətlər Təşkilatının Baş katibinin hesabatı
22. 30 noyabr 1998-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası qətnamə (A/RES/53/35) qəbul etdi və orada digər məsələlərlə yanaşı Baş katibdən xahiş etdi ki, əhatəli hesabat təqdim etsin, o cümlədən hesabatda 16 aprel 1993-cü ildə Təhlükəsizlik Şurasının 819 (1993) saylı qətnaməsi ilə Srebrenitsa təhlükəsizlik zonasının yaradıldığı tarixdən (onun ardınca digər təhlükəsizlik zonaları da yaradılmışdı) 15 noyabr 1999-cu ildə Təhlükəsizlik Şurası tərəfindən Deyton sülh sazişinin imzalandığı tarixədək olan hadisələrə qiymət verilsin.
23. Baş katibin hesabatı 15 noyabr 1999-cu ildə Baş Assambleya tərəfindən yayıldı. Hesabata əlavə edilmiş qoşmalar nəzərə alınmasa hesabatın həcmi 113 səhifədir.
24. Hesabatda müxtəlif sülhyaratma səylərinin (o cümlədən Fransa, Almaniya, Rusiya Federasiyası, Birləşmiş Krallıq və Birləşmiş Ştatların nümayəndələrindən təşkil olunmuş "Təmas Qrupu"nun səylərinin) və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında, UNPF və UNPROFOR-da qərarların qəbulu prosedurlarının, habelə SRO-nun Srebrenitsaya hücumunun və onu ələ keçirməsinin və bunun ardınca baş verən qətliamın qısa icmalı verilir.
25. Aşağıdakılar hesabatın "XI. Srebrenitsanın süqutu: qiymətləndirmə" adlı son bölməsindən götürülüb:
"E. Təhlükəsizlik Şurasının və üzv dövlətlərin rolu
...
490. Millətlər birliyi Bosniya və Herseqovinadakı müharibəyə silah təchizatına embarqo tətbiq etmək yolu ilə, humanitar yardımın göndərilməsi və sülhyaratma qüvvələrinin yerləşdirilməsi vasitəsilə reaksiya verməyi qərara aldı. Açıq-aydın bildirmək lazımdır ki, bu tədbirlər baş verməkdə olan dəhşətin qarşısını almaq üçün daha qətiyyətli və təsirli tədbirlərin zəif əvəzləyiciləridir. Silah təchizatına qoyulan embarqonun keçmiş Yuqoslaviya daxilində hərbi balansı saxlamaqdan savayı faydası az oldu. O, serblərə üstün hərbi mövqe qazanmaq imkanı verdi və faktiki olaraq Bosniya və Herseqovina Respublikasını Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan məhrum etdi. Bosniya və Herseqovina hələ Birləşmiş Millətlər Təşkilatının üzvü olmadığı zaman nəticə etibarı ilə silah təchizatına embarqonun tətbiq edilməsi səhv sayılmaya bilərdi. Lakin Bosniya və Herseqovina üzv dövlət olduqdan sonra, əlbəttə ki, onu həmin vaxt baş vermiş faciədən müdafiə etməkdən ibarət müəyyən öhdəlik yaranmışdı. Serblərin "təhlükəsizlik zonalarına" hücum etmələri və onları ələ keçirmələri 1993 və 1994-cü illərdə davam etdi və bunların hamısı media tərəfindən işıqlandırıldı və yəqin ki, diplomatik məlumatlarda və kəşfiyyat məlumatlarında müvafiq hökumətlərə çatdırıldı, amma Təhlükəsizlik Şurasının üzvləri əsasən hərəkətsizlik mövqeyi tutdular. Beynəlxalq birlik ona bu cür meydan oxunmasının qarşısını almaq üçün hələ də siyasi iradə nümayiş etdirmir".
"G. Gələcək üçün dərslər
...
501. Bütövlükdə beynəlxalq birlik müharibənin ilkin mərhələlərində güc tətbiq etməkdən uzun müddət imtina etməklə hadisələrin bu faciəli axarına imkan verilməsinə görə məsuliyyəti bölüşməli olduğunu qəbul etməlidir. Bu məsuliyyəti Təhlükəsizlik Şurası, Təmas Qrupu və güc tətbiqinin gecikdirilməsinə şərait yaratmış digər hökumətlər, eləcə də Birləşmiş Millətlər Təşkilatının Katibliyi və ərazidəki missiyası paylaşırlar. Lakin aydın məsələdir ki, əsas və birbaşa məsuliyyət Bosniyada soyqırım cəhdinin təşkilatçılarının və icraçılarının üzərinə düşür. ..."
b) Müharibə, Holokost və Soyqırım Hadisələrinin Araşdırılması üzrə Dövlət İnstitutu NIOD-un hesabatı
26. 1996-cı ilin noyabrında Niderland Hökuməti Müharibə Sənədləri üzrə Dövlət İnstitutu RIOD-a (Rijksinstituut voor Oorlogsdocumentatie, “RIOD”) tapşırıq verdi ki, "Srebrenitsanın süqutuna qədər, süqutu zamanı və süqutundan sonra baş vermiş hadisələri" araşdırsın. Məqsəd materialları tutuşdurmaqdan ibarət idi ki, bu da "Srebrenitsanın süqutuna gətirib çıxarmış səbəblərə və hadisələrə və onun süqutunun ardınca baş vermiş dramatik hadisələrə daxildən nəzər salmağa imkan yaradacaqdı".
27. 10 aprel 2002-ci ildə RIOD-un hüquqi varisi olan Müharibə, Holokost və Soyqırım Hadisələrinin Araşdırılması üzrə Dövlət İnstitutu NIOD (NIOD Instituut voor Oorlogs-, Holocaust- en Genocidestudies – bu qurum Müharibə Sənədləri üzrə Niderland İnstitutu (Nederlands Instituut voor Oorlogsdocumentatie) ilə Holokost və Soyqırım Araşdırmaları Mərkəzinin (Centrum voor Holocaust- en Genocide Studies) birləşməsindən yaranıb) hesabat təqdim etdi. Əsli holland dilində olan hesabatın həcmi, əlavə olunmuş qoşmalar nəzərə alınmasa, 3.172 səhifə idi. Onun ingilis dilindəki versiyası da mövcuddur (həmin versiya belə adlanır: Srebrenitsa: "Təhlükəsizlik" zonasının süqut etməsinə gətirib çıxarmış hadisələrin bərpası, tarixçəsi, nəticələri və təhlili"). Hesabat tarixi məlumatların təqdim edilməsi məqsədini daşıyır və orada siyasi nəticələr və ya qiymətləndirmələr təqdim edilmir.
28. Hesabatda keçmiş Yuqoslaviyanın orta əsrlərdən tutmuş İkinci Dünya Müharibəsinə və sosialist dövrünə qədər tarixi getdikcə artan təfsilatlarla əks etdirilir, müxtəlif etnik qrupların (xüsusən bosniyalıların, xorvatların və serblərin) perspektivləri təqdim edilir. Daha sonra Xorvatiya, Sloveniya, Bosniya və Herseqovinanın müstəqillik bəyannamələrinə, hərbi əməliyyatların başlanmasından sonra baş verən beynəlxalq siyasi hadisələrə, UNPROFOR qüvvələrinin tərkibində Niderlandın iştirakı ilə nəticələnmiş siyasi qərarların qəbuluna və holland batalyonunu Srebrenitsa anklavında yerləşdirmək barədə qərarın qəbuluna dair məlumat verilir. Holland batalyonunun gəlişindən sonra Srebrenitsa ərazisindəki hadisələr, o cümlədən BHRO və SRO-nun hərbi əməliyyatları təfsilatlı şəkildə təsvir edilir.
29. Hesabatın epiloq hissəsində qeyd edilir ki, holland batalyonuna havadan faktiki sıx dəstək verməkdən imtina edilməsinin əsas səbəbi SRO-nun Paledəki (sonradan bu şəhər Bosniya serblərinin paytaxtı oldu) silah-sursat anbarına 1995-ci ilin mayında həyata keçirilmiş hava hücumuna Bosniya serblərinin verdiyi cavab idi; bu hücum 1995-ci iyununda UNPROFOR personalının girov götürülməsi ilə və Amerika qırıcı təyyarəsinin SRO-nun hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilməsi ilə nəticələnmişdi. Həmçinin kəşfiyyat məlumatlarına malik olan hökumətlər onu digərləri ilə paylaşmaq istəməmişdilər. Bu, hadisələrin sonrakı gedişatına dair uzun müddət ərzində izahat verilməsi ilə nəticələnmişdi. Holland batalyonunun rəhbərliyi onların himayəsinə həvalə olunmuş mülki şəxslərin salamatlığını təmin etməklə məşğul idi; bu məsələdə onlar SRO-dan asılı idilər və buna görə də Bosniya serblərinin manipulyasiyaları qarşısında əlverişsiz durumda idilər. Nəhayət, geniş ictimaiyyət tərəfindən holland batalyonunun əməliyyatının milli uğursuzluq kimi qəbul edilməsi Srebrenitsanın süqut etməsinə və bunun nəticələrinin siyasi mübahisə mövzusuna çevrilməsinə şərait yaratmışdı.
30. Bu qənaətlər cavabdeh Hökuməti siyasi məsuliyyəti öz üzərinə götürməyə məcbur etdi. 16 aprel 2002-ci ildə o, istefa verdiyini elan etdi.
c) Fransa parlamentinin təhqiqatı
31. Fransa öz hərbçilərini UNPROFOR qoşunlarına verən əsas ölkələrdən biri olduğuna, eləcə də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvü olduğuna görə Frans Milli Assambleyası (Assemblée nationale) parlament təhqiqatı keçirməyi qərara aldı. Hazırlanmış hesabat (1958-ci il Konstitusiyası əsasında seçilmiş on birinci parlamentin – Onzième législature – hesabatı) 22 noyabr 2001-ci ildə Milli Assambleyanın sədri tərəfindən qeydiyyata alındı.
32. Hesabatda şərqi Bosniyada "təhlükəsizlik zonasının" yaradılmasına və SRO-nun Srebrenitsaya hücumuna gətirib çıxarmış siyasi və hərbi hadisələr təsvir olunur.
33. Hesabatda qətliam təsvir olunub, lakin bu və ya digər şəxslərin fərdi məsuliyyəti qeyd olunmayıb və bu məsələnin cinayət işləri üzrə məhkəmələrə həvalə olunmasına üstünlük verilib.
d) Niderland parlamentinin təhqiqatı
34. Hökumətin istefası parlamentin Aşağı Palatasında (Tweede Kamer der Staten-Generaal) müzakirələrə səbəb oldu və qərara alındı ki, bu və ya digər şəxslərin fərdi siyasi, hərbi və rəsmi məsuliyyətinin müəyyənləşdirilməsi üçün parlament təhqiqatı (parlementaire enquête) aparılsın.
35. Hesabat 27 yanvar 2003-cü ildə təqdim edildi (Parlamentin Aşağı Palatası, 2002-2003-cü parlament ili, 28 506, № 2-3). Onun həcmi 463 səhifədir və mətni əsasən qərarların qəbulu üzrə müxtəlif proseslərin yerli və xarici iştirakçılarından alınmış ifadələrin xülasələrindən və ifadələrdən götürülmüş çıxarışlardan ibarətdir.
36. Hesabatda bu qənaətə gəlinir ki, keçmiş Yuqoslaviyaya beynəlxalq müdaxilədə iştirak etmək qərarı qismən humanitar motivlərdən, qismən də hökumətin və parlamentin beynəlxalq sülhün və təhlükəsizliyin inkişafında Niderlandın aktiv rol oynamasını arzu etmələrindən qaynaqlanıb. Lakin hava qüvvələrinin yüngül silahlı çevik piyada dəstələrini "təhlükəsizlik zonasının" müdafiəsi üçün oraya yerləşdirmək barədə qərar bu işi yerinə yetirməyin mümkünlüyü məsələsinin nəzərə alınmasından daha çox, istəkdən qaynaqlanırdı.
37. Zaman keçdikcə UNPROFOR-un mandatının icrasına nisbətən özünümüdafiə daha böyük əhəmiyyət kəsb etməyə başladı və UNPROFOR-un ərazidə olmasının çəkindirici təsiri aradan qalxdı. Bunda ilk növbədə Birləşmiş Millətlər Təşkilatı günahkar idi.
38. Törədilmiş cinayətlərə görə təkcə Bosniya serblərini təqsirləndirmək lazımdır. Baxmayaraq ki, holland batalyonunun rəhbərliyi və Niderland hökuməti də təqsirkar hesab olundular, nəticə etibarı ilə holland batalyonu, çətin ki, qətliamın qarşısını ala bilərdi.
e) "1995-ci il iyulun 10-dan 19-dək Srebrenitsada və onun ətrafında baş vermiş hadisələrin araşdırılması üzrə Serb Respublikası Hökumətinin Komissiyasının" hesabatı
39. "1995-ci il iyulun 10-dan 19-dək Srebrenitsada və onun ətrafında baş vermiş hadisələrin araşdırılması üzrə Komissiya" Serb Respublikası Hökumətinin 15 dekabr 2003-cü il tarixli qərarı ilə yaradıldı. Komissiyanın funksiyalarına İnsan Hüquqları Palatasının Selimoviç və başqalarının işi üzrə qərarı ilə əlaqədar (aşağıda 47 və 48-ci bəndlərə bax) Serb Respublikasının üzərinə düşən öhdəlikləri yerinə yetirmək, İnsan Hüquqları Palatasına təqdim edilmiş ərizələrdə adları çəkilən qurbanların taleyi ilə bağlı öz araşdırmalarını aparmaq daxil idi.
40. Komissiyanın 11 iyun 2004-cü ildə dərc etdiyi hesabatının həcmi, əlavə edilmiş qoşmalar nəzərə alınmasa, 45 səhifə idi. Hesabatda müəyyən edildi ki:
"... 1995-ci il iyulun 10-dan 19-dək minlərlə bosniyalı beynəlxalq humanitar hüququn kobud pozuntusunu təşkil edən tərzdə qətlə yetirilib və bu əməlləri törədənlər, digər vasitələrlə yanaşı, cəsədləri başqa yerə aparmaqla cinayəti gizlətmək üçün tədbirlər görüblər; ..."
Bundan əlavə, hesabatda Serb Respublikası orqanlarının bu məsələ ilə bağlı məsuliyyəti müəyyən edildi. Kimliyi məlum olan qurbanların məlumat bazası yaradıldı və müxtəlif kütləvi məzarlıqların yeri aşkarlandı.
41. 10 noyabr 2004-cü ildə Serb Respublikasının hökuməti bəyanat verərək törədilmiş cinayətlərə görə üzr istədi.
5. Srebrenitsa qətliamına dair qərarlar və hökmlər
42. Srebrenitsa qətliamına dair bir çox önəmli qərarlar və hökmlər elan olunub, onların ən mühümləri aşağıdakı məhkəmə orqanları tərəfindən çıxarılıb:
a) Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı
43. Srebrenitsa qətliamı ilə əlaqədar olaraq bir neçə şəxs ittiham olunaraq Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı (KYBCT) tərəfindən məsuliyyətə cəlb edilib, onların arasında Srebrenitsanın süqutundan az sonra SRO-nun Drina korpusunun komandiri olmuş general-mayor Radislav Krstiç də var. 2 avqust 2001-ci ildə KYBCT-nin Məhkəmə Palatası 260 səhifəlik hökm (IT-98-33-T) çıxararaq onu soyqırımında, təqiblərdə və qətllərdə təqsirkar saydı və qırx il müddətinə azadlıqdan məhrum etdi.
44. Məhkəmə Palatasının hökmündə Srebrenitsanın SRO-nun hücumları qarşısında süqut etməsinin və bunun ardınca baş vermiş qətliamın ətrafında cərəyan etmiş hadisələrin ətraflı təsviri verilir.
45. General-mayor Krstiç ittiham hökmünə və cəzaya qarşı apellyasiya şikayəti verdi. O, hadisələrin Məhkəmə Palatası tərəfindən verilmiş təsvirinə etiraz etmədi, əvəzində əsas diqqəti özünün cinayət məsuliyyətinin xarakterinə və dərəcəsinə yönəltdi. Yekunda Apellyasiya Palatası bu qənaətə gəldi ki, soyqırım törətmə niyyətinin sübutları olmadığına görə general-mayor Krstiç cinayətləri törətmiş əsas şəxs olmayıb. Lakin həmin Palata onu soyqırıma təhrikçilikdə və yardımda və insanlıq əleyhinə cinayətlərdə təqsirkar hesab etdi və onun cəza müddətini otuz beş ilədək azaltdı (19 aprel 2004-cü il tarixli qərar, IT-98-33-A).
b) Bosniya və Herseqovina üzrə İnsan Hüquqları Palatası
46. Bosniya və Herseqovina üzrə İnsan Hüquqları Palatası Deyton sülh sazişinə 6 saylı Əlavədə əks olunmuş "İnsan hüquqları haqqında saziş" əsasında yaradılmış ölkədaxili insan hüquqları məhkəməsi idi. Onun "üzvlər" adlandırılan on dörd hakimi vardı, onlardan altısı Bosniya və Herseqovina vətəndaşları (iki bosniyalı, iki xorvat və iki serb), qalan səkkizi isə ya Bosniya və Herseqovina vətəndaşı, ya da qonşu dövlətlərin vətəndaşları idi. O, 2003-cü ilin sonunadək mövcud oldu.
47. 7 mart 2003-cü ildə İnsan Hüquqları Palatası qırx doqquz ərizə üzrə qərar (Selimoviç və başqalarının işi üzrə qərar) çıxardı. Bu ərizələr İnsan Hüquqları Palatasına verilmiş 1.800-ə yaxın analoji ərizələrin arasından seçilib götürülmüşdü və hamısı Srebrenitsa hadisələrinə aid idi.
48. İnsan Hüquqları Palatası qərara aldı ki, "İnsan hüquqları haqqında saziş" 14 dekabr 1995-ci ildə qüvvəyə minənə qədər baş vermiş hadisələri araşdırmaq səlahiyyətinə malik deyil. Bununla belə, o, bu qənaətə gəldi ki, hər ikisi ayrılıqda götürülməklə və hər ikisi Konvensiyanın 14-cü maddəsi ilə birgə götürülməklə Konvensiyanın 3 və 8-ci maddələri pozulub, belə ki, itkin düşmüş qohumları barədə ərizəçilərə məlumat verilməyib və hər hansı səmərəli araşdırma aparılmayıb. O, əlavə etdi ki, "Srebrenitsa işləri kontekstində bu pozuntular xüsusilə kobud pozuntulardır, çünki bu hadisə iyirminci əsrin ikinci yarısında Avropada mülki şəxslərin ən geniş və ən dəhşətli kütləvi qətlləri ilə nəticələnib...". O, Serb Respublikasına göstəriş verdi ki, sərəncamındakı bütün müvafiq məlumatları açıqlasın, əsir götürülənlərdən sağ qalanları azadlığa buraxsın və "tam, səmərəli, hərtərəfli və təfsilatlı araşdırma" aparsın. Bundan əlavə, o, Serb Respublikasına göstəriş verdi ki, Srebrenitsa-Potoçari Abidəsi və Məzarlığı Fonduna ümumilikdə dörd milyon Bosniya və Herseqovina markası (konvertasiya olunan valyuta) ödəsin.
c) Beynəlxalq Məhkəmə
49. 20 mart 1993-cü ildə Bosniya və Herseqovina Respublikası Beynəlxalq Məhkəmədə (BM) Yuqoslaviya Federativ Respublikasına qarşı iş qaldırdı və Məhkəmənin icraatındakı həmin işə aidiyyəti olan məsələ kimi iddia etdi ki, Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın pozuntuları baş verib. Deyton sülh sazişi qüvvəyə mindikdən sonra Bosniya və Herseqovina Respublikası iddiaçı tərəf olan Bosniya və Herseqovinanın hüquqi varisi olaraq onu əvəz etdi. Yuqoslaviya Federativ Respublikası ləğv edildikdən sonra cavabdeh tərəf olaraq onu əvvəlcə Serbiya və Monteneqro, sonda isə Serbiya əvəz etdi, hərçənd ki, keçmiş hadisələrə görə BM tərəfindən müəyyən edilmiş hər hansı məsuliyyət həmin dövrdə Serbiya və Monteneqroya aid edilə bilərdi.
50. BM 26 fevral 2007-ci ildə qərar çıxardı (Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın tətbiqi (Bosniya və Herseqovina Serbiya və Monteneqroya qarşı), qərar, I.C.J. Reports 2007, p. 43). Srebrenitsa qətliamına gəlincə, işin faktlarına dair onun gəldiyi nəticələr Krstiçin işi üzrə KYBCT-nin Məhkəmə Palatasının yuxarıda qeyd edilən qərarında, Blaqoyeviçin işi üzrə KYBCT-in qərarında (IT-02-60-T, Məhkəmə Palatasının qərarı, 17 yanvar 2005-ci il) və Birləşmiş Millətlər Təşkilatının Baş katibinin hesabatında (yuxarıda 25-ci bəndə bax) gəlinən nəticələrə əsaslandı.
51. BM digər məsələlərə yanaşı bildirdi ki, təxminən 1995-ci il iyulun 13-dən başlayaraq Srebrenitsa ətrafında SRO üzvləri tərəfindən soyqırım aktları törədilib (loc. cit., 291 və 297-ci bəndlər). Lakin bu aktların törədilməsi barədə qərar SRO rəhbərliyindəki konkret şəxslər tərəfindən çıxarılıb və bu aktların cavabdeh dövlətin məsul şəxsləri tərəfindən planlaşdırıldığını və ya törədildiyini, yaxud cavabdeh dövlətin bilərəkdən iştirakı ilə baş verdiyini sübuta yetirən heç nə yoxdur. Buna görə də Serbiya və Monteneqro qətliama görə məsuliyyət daşıya bilməz (loc. cit., 413-415; 423-424-cü bəndlər).
52. Bununla belə, o, qərara aldı ki, bu halda, müəyyən şərtlərlə də olsa, soyqırımın qarşısını almaq öhdəliyi mövcud idi. Sözügedən öhdəlik nəticəyə deyil, hərəkətlərə aiddir, belə ki, dövlət soyqırım törədilməsinin qarşısını bütün hallarda uğurla almaq öhdəliyini daşıya bilməz: iştirakçı dövlətlərin bu öhdəliyi soyqırımın qarşısını mümkün olan dərəcədə almaq üçün sərəncamlarında olan bütün ağlabatan vasitələrdən istifadə etməkdən ibarətdir. Sadəcə olaraq arzulanan nəticəyə nail olunmadığına görə dövlət məsuliyyət daşıya bilməz, bununla belə, dövlət soyqırımın qarşısını almaq üçün öz səlahiyyətləri çərçivəsində olan və soyqırımın qarşısının alınmasına yardım edə biləcək tədbirlər görmədiyi təqdirdə məsuliyyət daşıya bilər.
53. O, daha sonra bu qənaətə gəldi ki, YFR-in hakimiyyət orqanları və ilk növbədə prezidenti cənab Slobodan Miloşeviç Srebrenitsa ərazisində müxtəlif etnik qruplar arasında gərginliyin hökm sürməsindən və beləliklə soyqırım təhlükəsinin gerçəkləşməsinin mümkünlüyündən xəbərdar olublar. "Siyasi, hərbi və maliyyə əlaqələri" vasitəsilə SRO üzərində danılmaz təsirə malik olsalar da (loc. cit., 435-ci bənd), onlar soyqırımın baş verməsinin qarşısını almaq üçün SRO-ya təsir göstərməyiblər. Buna görə də bu halda Serbiya beynəlxalq məsuliyyət daşıyır (loc. cit., 438-ci bənd).
B. Ölkədaxili icraat
1. Əsas məhkəmə icraatlarının başlanması
54. 4 iyun 2007-ci ildə ərizəçilər Niderland dövlətinin və Birləşmiş Millətlər Təşkilatının Haaqa Regional Məhkəməsinə (rechtbank) verilməsi barədə vəsatət qaldırdılar. Onların vəsatəti 203 səhifəlik sənəd idi və orada ərizəçilər bildirmişdilər ki, (holland batalyonuna görə cavabdeh olan) Niderland dövləti və (bütövlükdə UNPROFOR-a görə cavabdeh olan) Birləşmiş Millətlər Təşkilatı öncə verdikləri vədlərə və SRO-nun hücumunun qaçılmaz olduğunu bildiklərinə baxmayaraq, lazımi qaydada davranmayıblar və faktiki olaraq Srebrenitsa "təhlükəsizlik zonasını" müdafiə etməyiblər, anklav SRO-nun hücumu qarşısında süqut etdikdən sonra isə oradakı qeyri-döyüşçüləri müdafiə etməyiblər. Buna görə də mülki əhaliyə qarşı pis rəftara, qadınların zorlanmasına və (bəzi hallarda) öldürülməsinə, kişilərin kütləvi surətdə qətlə yetirilməsinə və soyqırıma görə onlar məsuliyyət daşıyırlar. Ərizəçilər öz mövqelərini həm Niderland mülki hüququ ilə, həm də beynəlxalq hüquqla əsaslandırdılar.
55. Mülki hüquqa əsaslanan arqument ondan ibarət idi ki, birincisi, Birləşmiş Millətlər Təşkilatı və Niderland dövləti Srebrentisa anklavının sakinləri ilə (o cümlədən ərizəçilərlə) müqavilə bağlamışdılar ki, BHRO-nun tərksilah olması müqabilində onları Srebrentisa "təhlükəsizlik zonası" daxilində müdafiə edəcəklər, amma Birləşmiş Millətlər Təşkilatı və Niderland dövləti bu öhdəliyi yerinə yetirməyiblər; ikincisi, Niderland dövləti Birləşmiş Millətlər Təşkilatının buna göz yumması nəticəsində yetərincə silahlanmayan, zəif təlim keçilmiş və hazırlıqsız qoşunları Bosniya və Herseqovinaya göndərməklə və onlara havadan zəruri dəstək verməməklə ərizəçilərə qarşı delikt (mülki hüquq pozuntusu) (onrechtmatige daad) törədib.
56. Beynəlxalq hüquqa əsaslanan, hazırda Məhkəmənin icraatındakı işə aidiyyəti olan arqument isə Beynəlxalq Hüquq Komissiyasının tərtib etdiyi "Dövlətin məsuliyyətinə dair maddələr layihəsinə" və "Beynəlxalq təşkilatların məsuliyyətinə dair maddələr layihəsinə" əsaslanmışdı və ərizəçilər bu mövqedə idilər ki, holland batalyonunun hərəkətlərinə görə həm Niderland dövləti, həm də Birləşmiş Millətlər Təşkilatı cavabdehlik daşıyırlar.
57. Ərizəçilər fərdlərin klassik beynəlxalq hüququn subyekti olmadığını etiraf etsələr də, iddia etdilər ki, beynəlxalq hüquqa əsasən qurbanların kompensasiya hüququ Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qəbul etdiyi "İnsan hüquqlarına dair beynəlxalq hüququn kobud pozuntularına və beynəlxalq humanitar hüququn ciddi pozuntularına görə kompensasiya və pozulmuş hüquqların bərpası hüququ haqqında əsas prinsiplər və rəhbər müddəalar"da birbaşa tanınır və bu sənəd Niderland Krallığının Konstitusiyasının 93-cü maddəsi vasitəsilə ilə bu ölkədə birbaşa qüvvədədir.
58. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 105-ci maddəsinə əsasən özünün immunitetə malik olduğunu Birləşmiş Millətlər Təşkilatının əsas gətirə biləcəyi ehtimalını nəzərə alaraq, ərizəçilər iddia etdilər ki, bu təşkilatın malik olduğu hər hansı immunitet onun öz vəzifələrini icra etməsi üçün zəruri olan hüdudları aşmamalıdır və bundan başqa, məhkəməyə müraciət hüququ konkret olaraq Konvensiyanın 6-cı maddəsinin 1-ci maddəsi ilə təmin edilir.
59. Belə görünür ki, ədliyyə naziri "Məhkəmə icraçıları haqqında" 2001-ci il tarixli Qanunun (Gerechtsdeurwaarderswet 2001) 3-cü maddəsinin "a" bəndində nəzərdə tutulmuş imkandan istifadə etməyib (aşağıya bax), yəni məhkəmə icraçısına bildirməyib ki, bu işdə məhkəməyə çağırış barədə vəsatət qaldırılması dövlətin beynəlxalq hüquqda nəzərdə tutulmuş öhdəliklərinə zidd olacaq.
2. Prosessual insident
a) Regional Məhkəmə qarşısında arqumentlər
60. Birləşmiş Millətlər Təşkilatı Regional Məhkəmə qarşısına çıxmadı, belə ki, Niderland Krallığının Nyu-Yorkdakı daimi nümayəndəsinə öncədən bildirmişdi ki, prosesdə iştirak etməyəcək.
61. Niderland dövləti cavabdeh qismində hüququndan istifadə edərək xahiş etdi ki, ona qarşı prosesdə Birləşmiş Millətlər Təşkilatı öz adından iştirak etsin, yaxud alternativ olaraq, Birləşmiş Millətlər Təşkilatına qarşı məhkəmə prosesinə o, cavabdeh qismində qatılsın. O, bildirdi ki, Birləşmiş Millətlər Təşkilatının imtiyazları və immunitetləri haqqında Konvensiyanın II maddəsinin 2-ci bölməsi ilə birgə götürülməklə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 105-ci maddəsinin 1-ci bəndini nəzərə alsaq, Niderland məhkəmələri prosesin Birləşmiş Millətlər Təşkilatına aid olan hissəsini araşdırmaq səlahiyyətinə malik deyillər və Birləşmiş Millətlər Təşkilatı öz immunitetindən aydın şəkildə imtina etmədiyi təqdirdə Niderland məhkəmələri onun rəsmi immunitetini tanımalıdırlar. Dövlət bu immunitetin nəzərə alınmasında, konkret olaraq "Məhkəmə icraçıları haqqında" 2001-ci il tarixli Qanunun 3-cü maddəsinin "a" bəndində nəzərdə tutulduğu kimi, beynəlxalq hüquqa əsasən maraqlı idi.
62. Ərizəçilər iddia etdilər ki, konkret olaraq Konvensiyanın 6-cı maddəsi və soyqırımı qadağan edən norma Birləşmiş Millətlər Təşkilatının immunitetini aradan qaldırır, belə ki, sonuncu norma beynəlxalq müqavilə hüququnda (Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya formasında) öz əksini tapmış imperativ normadır (jus cogens).
63. Bu prosessual insidentlə əlaqədar yekun qərar qəbul edilənə qədər əsas məhkəmə prosesi təxirə salındı.
b) Regional Məhkəmənin qərarı
64. Regional Məhkəmə 10 iyul 2008-ci ildə qərar (Landelijk Jurisprudentie Nummer “LJN” BD6795, milli məhkəmə praktikası, № “LJN” BD6795) qəbul etdi. Qərarın Avropa Məhkəməsinin icraatındakı bu iş üçün əhəmiyyət kəsb edən hissəsində həmin məhkəmə müəyyən etdi ki, Ədliyyə Nazirliyinin "Məhkəmə icraçıları haqqında" 2001-ci il tarixli Qanunun 3-cü maddəsinin "a" bəndində nəzərdə tutulmuş bəyanatı verməməsi Regional Məhkəmənin baxdığı işdə Niderland məhkəmələrinin yurisdiksiyasının Niderland dövləti tərəfindən tanınması demək deyil.
65. Əksinə, dövlət Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 105-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş öhdəlikləri daşıdığına görə Birləşmiş Millətlər Təşkilatının immunitetinin qorunmasında maraqlı idi. Məhkəmə daha sonra Birləşmiş Millətlər Təşkilatının immunitetinə riayət edilməsi barədə istəyini bu təşkilatın birmənalı olaraq ifadə etdiyini bildirdi və bu qənaətə gəldi ki, Birləşmiş Millətlər Təşkilatının immuniteti beynəlxalq hüquq praktikasında faktiki olaraq tanınıb.
67. Nə Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, nə də beynəlxalq müqavilədə, adət hüququnda və ya dövlətin praktikasında müəyyən edilmiş hər hansı digər beynəlxalq hüquq norması Niderlandın üzərinə belə bir öhdəlik qoymayıb ki, soyqırıma qoyulmuş qadağanı öz mülki qanunvericiliyi vasitəsilə tətbiq etsin; Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyada yalnız o nəzərdə tutulub ki, dövlətlər soyqırımın cəzalandırılmasını təmin etməlidirlər.
67. Avropa Məhkəməsinin presedent hüququna istinadən (Əl-Adsani Birləşmiş Krallığa qarşı [BP], ərizə № 35763/97, ECHR 2001-XI) Regional Məhkəmə hesab etdi ki, Konvensiyanın 3-cü maddəsində təsbit olunmuş işgəncələri qadağan edən müddəa prinsipcə dövlətin suveren immunitetini aradan qaldırmır. Soyqırımı qadağan edən norma kimi işgəncələri qadağan edən norma da imperativ (qəti) norma (jus cogens) olduğu üçün bu qənaətə gəlmək olar ki, hazırda mövcud olan beynəlxalq hüquqa əsasən jus cogens daxili məhkəmədə qaldırılmış mülki iddiaya qarşı immuniteti (istər dövlətin malik olduğu immunitet olsun, istərsə də beynəlxalq təşkilatın) aradan qaldırmır.
68. Buradan belə nəticə çıxır ki, Birləşmiş Millətlər Təşkilatının immuniteti milli məhkəmələr tərəfindən balanslaşdırılmalı olan funksional immunitet deyil, mütləq immunitetdir.
69. Konvensiyanın 6-cı maddəsinə gəlincə, Regional Məhkəmə Avropa Məhkəməsinin Bəhrami və Bəhrami Fransaya qarşı və Saramati Fransaya, Almaniyaya və Norveçə qarşı iş üzrə qərar (Böyük Palatanın qərarında, ərizələr № 71412/01 və 78166/01, 2 may 2007-ci il) qeyd etdi. Həmin qərarda deyilirdi ki, beynəlxalq qoşunlara yardım edən dövlətlər beynəlxalq sülhməramlı əməliyyatlar üçün Birləşmiş Millətlər Təşkilatının sərəncamına verilmiş qüvvələrin hərəkətlərinə görə məsuliyyət daşıya bilməzlər. Buradan belə nəticə çıxır ki, 6-cı maddənin müddəaları Birləşmiş Millətlər Təşkilatının özünün mülki iddialara qarşı immunitetini istisna etmək üçün əsas gətirilə bilməz.
70. Regional Məhkəməyə məlumdur ki, Veyt və Kennedi Almaniyaya qarşı işdə ([BP], ərizə № 26083/94, ECHR 1999-I, 18 fevral 1999-cu il) Avropa Məhkəməsi beynəlxalq təşkilatın immunitetinin Konvensiyanın 6-cı maddəsinə yalınız o halda uyğun olduğunu bildirib ki, təşkilatın özü Konvensiya hüquqlarının müdafiəsi üçün ağlabatan alternativ vasitə təklif etmiş olsun. Lakin Birləşmiş Millətlər Təşkilatının yaradılması Konvensiyanın qüvvəyə minməsindən əvvəl baş verib. Bundan başqa, Birləşmiş Millətlər Təşkilatı elə bir təşkilatdır ki, ona üzvlük, demək olar ki, universaldır (bütün dövlətlər üçündür) və bu hal onu Veyt və Kennedinin və Beyer və Reqanın işlərində qeyd edilən, yalnız 1980-ci ildə yaradılmış olan və üzvlüyü yalnız Avropa dövlətləri ilə məhdudlaşan Avropa Kosmik Agentliyi kimi təşkilatlardan fərqləndirir. Bundan başqa, Bəhrami və Bəhrami Fransaya qarşı və Saramati Fransaya, Almaniyaya və Norveçə qarşı işdə Avropa Məhkəməsi Birləşmiş Millətlər Təşkilatının hüquqi cəhətdən xüsusi vəziyyətini etiraf edib. Bütün hallarda, əgər hər hansı dövlət Birləşmiş Millətlər Təşkilatı ilə əlaqədar yurisdiksiyasını həyata keçirməlidirsə, ya həmin dövlətin ərazisində bu təşkilatın orqanları olmalı, ya da barəsində şikayət edilən hərəkətlər onun ərazisində baş verməlidir, indiki halda isə bu qayda Niderlanda şamil olunmur.
71. Beləliklə, Regional Məhkəmə özünün Birləşmiş Millətlər Təşkilatı ilə əlaqədar yurisdiksiyaya (ona qarşı şikayətə baxmaq səlahiyyətinə) malik olduğunu təkzib etdi və məhkəmə prosesinə qatılmaq barədə Niderland dövlətinin vəsatətinə dair qərar çıxarmağa ehtiyac görmədi.
c) Apellyasiya Məhkəməsi qarşısında arqumentlər
72. Ərizəçilər Haaqa Apellyasiya Məhkəməsinə (gerechtshof) şikayət verdilər. Onların əsas arqumentlərini qısaca aşağıdakı kimi ümumiləşdirmək olar.
73. Onlar Avropa Məhkəməsinin icraatındakı bu iş üçün əhəmiyyət kəsb edən belə bir arqument irəli sürdülər ki, dövlətin Birləşmiş Millətlər Təşkilatının mütləq (qeyri-məhdud) immunitetinə istinad etməsi onun bu arqumenti ilə həmahəng səslənir ki, soyqırım aktı təşkil edən Srebrenitsa qətliamının qarşısının alınmasında uğursuzluğa görə Birləşmiş Millətlər Təşkilatı təklikdə məsuliyyət daşıyır. Bu arqumenti qəbul etmək qətliam qurbanlarının sağ qalmış qohumlarının məhkəməyə müraciət hüququnun rədd edilməsi demək olardı, bu isə hüquqi, insani və mənəvi cəhətdən düzgün deyil. Regional Məhkəmə dövlətin arqumentinin xarakterini diqqətdən qaçırıb, belə ki, həmin arqument dövlətin öz beynəlxalq hüquqi öhdəliklərini yerinə yetirməsinin zəruriliyindən daha çox, özünün açıq-ayın başa düşülən maraqlarına əsaslanıb (welbegrepen eigenbelang). Beynəlxalq hüquqi öhdəlik dövlətin öz yaxasını məsuliyyətdən kənara çəkməsinə imkan yaratmaq məqsədi daşımır.
74. Birləşmiş Millətlər Təşkilatının imtiyazları və immunitetləri haqqında Konvensiyanın VIII maddəsinin 29-cu bölməsi Birləşmiş Millətlər Təşkilatından tələb edir ki, iştirakçısı olduğu özəl xarakterli mübahisələrin həlli üçün müəyyən formada nizamlama mexanizmi təşkil etsin, lakin mövcud olduğu altmış ildən artıq müddətdə o, bunu etməyib. Buna görə də Niderlandın milli məhkəmələrinin bu işə baxmaq səlahiyyətinə malik olduqlarının qəbul edilməsinə təcili ehtiyac var.
75. Əl-Adsaninin işi üzrə qərar Avropa Məhkəməsinin bu işə aidiyyəti olan presedenti deyil, çünki beynəlxalq təşkilatın immuniteti suveren dövlətin immunitetindən fərqlidir. Bundan başqa, Əl-Adsaninin işində Məhkəmənin hakimlərinin fikirləri kəskin şəkildə fərqlənib. Əl-Adsaninin işində çoxluğun mövqeyi tənqid edilib, ona görə ki, həmin mövqe suveren immunitetin imperativ normadan (jus cogens), yəni işgəncələri qadağa edən normadan üstün tutulmasına imkan verir. Belə olan halda beynəlxalq təşkilatın funksional immunitetinin daha fundamental norma olan imperativ normanı (jus cogens) üstələməsinə imkan vermək əsla məqsədəuyğun olmamalıdır.
76. Kadinin və "Əl-Bərəkət" Fondunun işlərində həm Avropa İttifaqının Ədalət Məhkəməsi yanında fəaliyyət göstərən baş vəkil, həm də Ədalət Məhkəməsinin özü Birləşmiş Millətlər Təşkilatının özünün təşəbbüs göstərməkdən imtina etdiyi konkret halda işə müdaxilə etməyə və məhkəməyə müraciət hüququnu təmin etməyə hazır olduqlarını nümayiş etdiriblər (bir icraatda birləşdirilmiş işlər: C-402/05 və C-415/05, Yassin Abdullah Kadi və "Əl-Bərəkət" Beynəlxalq Fondu Avropa İttifaqı Şurasına və Avropa İttifaqının Komissiyasına qarşı, 3 sentyabr 2008-ci il tarixli qətnamə).
d) Apellyasiya Məhkəməsinin qərarı
77. 30 mart 2010-cu ildə Apellyasiya Məhkəməsi qərar (LJN BL8979) çıxardı. O, dövlətin Birləşmiş Millətlər Təşkilatına qarşı prosesdə cavabdeh qismində iştirak etməsinə icazə verdi və qalan məsələlərdə Regional Məhkəmənin qərarını təsdiq etdi.
78. O, dövlətin Birləşmiş Millətlər Təşkilatının immunitetinə istinad etməklə mülki hüquq üzrə məsuliyyətindən yayınmağa çalışdığını qəbul etmədi. Bu işdə Niderlandın milli məhkəmələrinin səlahiyyətinə aid prosessual insident meydana çıxmışdı və Niderland dövlətinin cavabdeh qismində hüquqlarını müdafiə etmək üçün işin mahiyyətinə dair gələcək proseslərdə hansı mövqeyi ortaya qoyacağını öncədən görmək mümkün deyildi.
79. Birləşmiş Millətlər Təşkilatının imtiyazları və immunitetləri haqqında Konvensiyanın II maddəsinin 2-ci bölməsinə istinad edərək, o cümlədən bu "müqavilənin terminlərinin onların kontekstində həmin terminlərə verilməli olan adi mənaya uyğun surətdə, habelə müqavilənin obyekti və məqsədi nəzərə alınmaqla vicdanla şərh edilməli" olduğunu (Beynəlxalq müqavilələr hüququ haqqında Vyana Konvensiyasının 31-ci maddəsi), eləcə də şərh zamanı Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 105-ci maddəsinin nəzərə alınmalı olduğunu qeyd edərək, Apellyasiya Məhkəməsi bu qənaətə gəldi ki, həmin maddənin qeyd edilən bölməsinin müddəalarını yalnız belə şərh etmək olar ki, onlar "Birləşmiş Millətlər Təşkilatına həddən artıq geniş hüdudlu immunitet" verir, "belə ki, Birləşmiş Millətlər Təşkilatı [yuxarıda qeyd edilən] Konvensiyanın iştirakçısı olan ölkələrin hər hansı milli məhkəmələrində keçirilən prosesə çağırıla bilməz". Nizamnamənin 105-ci maddəsinin mətnindən heç də belə nəticə çıxmır ki, Birləşmiş Millətlər Təşkilatının immuniteti sadəcə funksional immunitetdir, Nizamnamənin 105-ci maddədən əvvəlki maddələrindən açıq-aydın görünür ki, Birləşmiş Millətlər Təşkilatının imtiyazları və immunitetləri haqqında Konvensiyanın (o cümlədən onun II maddəsinin 2-ci bölməsinin) məqsədi Birləşmiş Millətlər Təşkilatının "məqsədlərinin həyata keçirilməsi üçün zəruri olan imtiyaz və immunitetləri" müəyyənləşdirməkdən ibarətdir.
80. Regional Məhkəmədən fərqli olaraq Apellyasiya Məhkəməsi əmin deyil ki, Veyt və Kennedinin, habelə Beyer və Reqanın işlərində Avropa Məhkəməsi Bəhrami Fransaya qarşı və Saramati Fransaya, Almaniyaya və Norveçə qarşı iş üzrə mövqeyindən kənarlaşıb. Sonuncu iş nə Birləşmiş Millətlər Təşkilatının potensial tərəf qismində prosesdə iştirakına, nə də Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş milli məhkəmələrə müraciət etmək hüququna aid idi. Birləşmiş Millətlər Təşkilatının Konvensiya qüvvəyə minməzdən əvvəl yaradılması da fərq etmir, bunun əksini düşünmək Konvensiya hüquqlarının fundamental xarakterinə zidd olardı. Həm də belə güman etmək doğru olmazdı ki, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 103-cü maddəsi sadəcə beynəlxalq adət hüququnu və ya beynəlxalq müqavilələri bir kənara qoymaq və üstəlik, insan hüquqlarına dair beynəlxalq normaların müdafiəsinə xələl gətirmək məqsədini daşıyır, belə ki, insan hüquqlarına və əsas azadlıqlara hörmətin təşviq edilməsi Birləşmiş Millətlər Təşkilatının məqsədlərindən biridir. Bu o deməkdir ki, milli məhkəmələrin yurisdiksiyasına qarşı Birləşmiş Millətlər Təşkilatının immuniteti Beyer və Reqanın işi üzrə qərarının 53-cü bəndində Avropa Məhkəməsinin qeyd etdiyi meyarlar əsasında qiymətləndirilməlidir.
81. Apellyasiya Məhkəməsinin qərarında daha sonra deyilirdi:
"5.7. Bu işdə milli məhkəmələrin yurisdiksiyasına qarşı Birləşmiş Millətlər Təşkilatının malik olduğu immunitetin qarşıya qoyulan məqsədə mütənasib olub-olmadığı məsələsinə gəlincə, Apellyasiya Məhkəməsi aşağıdakıları qeyd etmək istərdi. Birləşmiş Millətlər Təşkilatı beynəlxalq təşkilatlar arasında xüsusi mövqedə durur. Nəticə etibarı ilə Təhlükəsizlik Şurası, Nizamnamənin 42-ci maddəsinə uyğun olaraq, hava, su və ya quru qüvvələri vasitəsilə beynəlxalq sülhü və təhlükəsizliyi mühafizə və ya bərpa etmək üçün zəruri olan tədbirləri görə bilər. Çox zaman bir çox tərəflərin toqquşan maraqlarının cəlb olunduğu münaqişə situasiyalarına Birləşmiş Millətlər Təşkilatının və onun sərəncamına verilən qoşunların müdaxilə edə bilməsi üçün nəzərdə tutulan bu geniş hüdudlu səlahiyyətlərlə əlaqədar olaraq belə bir real risk mövcuddur ki, Birləşmiş Millətlər Təşkilatı milli məhkəmələrin yurisdiksiyasına qarşı yalnız qismən immunitetə malik olarsa və ya ümumiyyətlə immunitetə malik olmazsa, münaqişəyə cəlb olunmuş tərəflərin məhkəmə iddiaları ilə üzləşə və müvafiq münaqişənin cərəyan etdiyi ölkənin daxili məhkəmələrinə çağırıla bilər. Birləşmiş Millətlər Təşkilatının cəlb oluna biləcəyi münaqişələrin həssas xarakter daşıdığını nəzərə alsaq, sadəcə Təhlükəsizlik Şurasının hər hansı aksiyasını bütünlüklə və ya qismən pozmaq üçün Birləşmiş Millətlər Təşkilatının məhkəməyə çağırıla biləcəyi situasiyaları da nəzərə almaq lazımdır. Həmçinin belə bir situasiyanı da təsəvvür etmək olar ki, Birləşmiş Millətlər Təşkilatı məhkəmə hakimiyyəti Konvensiyanın 6-cı maddəsinin standartlarına uyğun olmayan ölkələrin məhkəmələrinə çağırıla bilər. Buna görə də milli məhkəmələrin yurisdiksiyasına qarşı Birləşmiş Millətlər Təşkilatına verilən immunitet dünyada sülhün və təhlükəsizliyin mühafizəsi ilə bağlı ümumi maraqlarla birbaşa əlaqəlidir. Bu səbəbdən Birləşmiş Millətlər Təşkilatının mümkün qədər güclü immunitetə malik olması böyük əhəmiyyət daşıyır və bu immunitetlə bağlı mümkün qədər az müzakirə açmaq lazımdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Apellyasiya Məhkəməsi bu fikirdədir ki, Birləşmiş Millətlər Təşkilatının immunitetinin qarşıya qoyulan məqsədə qeyri-mütənasib olduğu barədə nəticə çıxarmaq üçün yalnız inandırıcı əsalar gətirmək lazımdır.
...
5.9. Apellyasiya Məhkəməsi ilk növbədə qeyd edir ki, Srebrenitsa Anaları Fondunun üzvlərinin qohumlarının həlak olmasına və bu üzdən onların iztirablara məruz qalmasına səbəb olmuş dəhşətli hadisələri (vreselijke gebeurtenissen) bu işdə nəzərə alır. Dövlət Srebrenitsada soyqırım törədildiyini inkar etməyib və bu soyqırım hamıya məlumdur. Srebrenitsa Anaları Fondunun buna görə qanun əsasında kompensasiya tələb etməsi tamamilə başa düşüləndir. Lakin məsələ bununla yekunlaşmır. Yuxarıda qeyd edildiyi kimi, Birləşmiş Millətlər Təşkilatının milli məhkəmələr qarşısına çıxmağa vadar edilməməsi ümumi maraqlara tamamilə uyğundur. Ətrafında gərgin mübahisələrin olduğu bu məsələdə iki hüquqi prinsipin balanslaşdırılması zəruridir və hər ikisi son dərəcə önəmli olan bu prinsiplərdən yalnız biri konkret halda həlledici ola bilər.
5.10. Apellyasiya Məhkəməsi ilk növbədə bu qənaətə gəlir ki, [ərizəçilər] Birləşmiş Millətlər Təşkilatının özünün soyqırım törətmədiyini qəbul edirlər (...). Həm də ərizəçilərin bildirdikləri faktlardan belə nəticə çıxarmaq olmaz ki, Birləşmiş Millətlər Təşkilatı soyqırımı törədənlərlə əməkdaşlıq edib. [Ərizəçilər] mahiyyət etibarı ilə Birləşmiş Millətlər Təşkilatını səhlənkarlıq (nalatig) edərək soyqırımın qarşısını almamaqda günahlandırıblar. Apellyasiya Məhkəməsi bu fikirdədir ki, Birləşmiş Millətlər Təşkilatına qarşı bu ittiham ciddi olsa da, təkcə bu səbəbdən onun immunitetinin aradan qaldırılmasına imkan verə biləcək dərəcədə, yaxud bu səbəbdən Birləşmiş Millətlər Təşkilatının öz immunitetinə istinad etməsini yolverilməz edəcək dərəcədə ağır (pregnant) ittiham deyil. Bununla bağlı Apellyasiya Məhkəməsi bu amili önəmli hesab edir ki, artıq qeyd edildiyi kimi, Birləşmiş Millətlər Təşkilatının sülhyaratma əməliyyatları adətən dünyanın qızğın münaqişənin (brandhaard) alovlandığı hissələrində aparılır və adətən Birləşmiş Millətlər Təşkilatını insanlıq əleyhinə cinayətlər törətməkdə deyil, [belə cinayətlərə] qarşı yetərli tədbirlər görməməkdə və beləliklə pozuntuya yol verməkdə o qədər də çətinlik çəkmədən ittiham etmək olar. Srebrenitsadakı qətliamın qarşısını almamasının və bu məsələyə səhlənkarlıqla yanaşmasının Birləşmiş Millətlər Təşkilatına irad tutulması prinsipcə onun milli məhkəmələrin yurisdiksiyasına qarşı immunitetinin aradan qaldırılması üçün kifayət deyil. Yuxarıda qeyd edilən mənada pozuntuya yol verilmədiyinin hazırkı işdə bəyan edilməməsi də həlledici amil deyil. Əgər Birləşmiş Millətlər Təşkilatı yalnız konkret halda pozuntuya yol verməsinin sübuta yetirilməsi mümkün olduğu təqdirdə öz immunitetinə istinad etmək imkanına malik olsaydı, onun immunitetinin səviyyəsi yolverilməz dərəcədə aşağı enmiş olardı (aangetast).
5.11. [Ərizəçilərin] istinad etdikləri növbəti fakt yetərli təminatların mövcud olduğu prosessual vasitələrin olmamasıdır (een met voldoende waarborgen omklede rechtsgang). Onlar qeyd etdilər ki, Birləşmiş Millətlər Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının imtiyazları və immunitetləri haqqında Konvensiyanın VIII maddəsinin 29-cu bölməsinin ilk cümləsində və "a" bəndində nəzərdə tutulduğu kimi, Birləşmiş Millətlər Təşkilatının iştirakçısı olduğu kontraktlardan və ya xüsusi (mülki) hüquqi xarakterli fikir ayrılıqlarından irəli gələn mübahisələrin həlli üçün müvafiq üsullar müəyyən etməyib. Bütün tərəflər razılaşırlar ki, Birləşmiş Millətlər Təşkilatı həqiqətən bunu etməyib. Həmçinin dövlət də [ərizəçilərin] belə bir əsaslı arqumentlərini müzakirə etməyib ki, "UNPROFOR-un statusuna dair saziş" faktiki olaraq [ərizəçilərin] Birləşmiş Millətlər Təşkilatını məhkəməyə vermələri üçün heç bir real imkan yaratmayıb. Bununla belə, Apellyasiya Məhkəməsi bu fikirdədir ki, [ərizəçilər] Srebrenitsada baş verənlərlə bağlı məhkəməyə müraciət etmələri üçün ümumiyyətlə heç bir imkana malik olmadıqlarını sübuta yetirə bilməzlər. Birincisi, [ərizəçilərin] bildirdikləri faktlardan aydın deyil ki, onların bu soyqırımı törədənləri və ola bilsin ki, həm də onu törətmiş şəxslərə görə cavabdehlik daşıyanları Konvensiyanın 6-cı maddəsinin standartlarına cavab verən məhkəməyə vermələri nə üçün mümkün deyil. [Ərizəçilərin] bunu məsuliyyət daşıyan şəxslərin tapılmasının qeyri-mümkün olması səbəbindən və ya ziyanın kompensasiyası üçün yetərli vəsait almalarının mümkünsüzlüyü ucbatından edə bilməmələrinə gəlincə, Apellyasiya Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsi mülki iddia qaldırmaq istəyən şəxslərin işində bütün hallarda borclunun (cavabdehin) tapılacağına (və ödəniş qabiliyyətli olacağına) təminat vermir.
5.12. İkincisi, [ərizəçilər] Birləşmiş Millətlər Təşkilatını təqsirləndirdikləri əməllərlə müqayisə oluna bilən əməllərdə ittiham etdikləri dövləti Niderland məhkəmələrinə cəlb etmək imkanına malik idilər. [Ərizəçilər] faktiki olaraq bu imkandan istifadə etdilər. Dövlət milli məhkəmələrin yurisdiksiyasına qarşı immunitetə malik olduğunu iddia edə bilməz, bu o deməkdir ki, istənilən halda Niderland məhkəmələri dövlətə qarşı qaldırılmış iddiaya mahiyyəti üzrə baxıb rəylərini ifadə etməlidirlər. [Ərizəçilərin] (müəyyən dərəcədə haqlı olaraq) iddia etdiyi kimi, belə məhkəmə prosesində dövlət özünü müdafiə etmək üçün onun Srebrenitsadakı hərəkətlərinin (yalnız) Birləşmiş Millətlər Təşkilatının ayağına yazılmalı olduğu barədə arqument irəli sürürsə, bu, yuxarıda qeyd edilən mülahizəni dəyişmir. Hətta bu cür müdafiə arqumenti (...) irəli sürülmüş olsa belə, istənilən halda məhkəmələr [ərizəçilərin] iddialarına mahiyyəti üzrə baxmalı və bu baxımdan [ərizəçilər] müstəqil məhkəməyə müraciət etmək imkanına malik olmalıdırlar.
5.13. Yuxarıda qeyd edilənlərdən belə nəticə çıxır ki, Birləşmiş Millətlər Təşkilatının milli məhkəmələrin yurisdiksiyasına qarşı immunitetinin tanınmasının [ərizəçilərin] məhkəməyə müraciət etmək hüququnun mahiyyətinə xələl gətirmiş olacağını söyləmək olmaz. Bu məsələ ilə bağlı Apellyasiya Məhkəməsi [Fayed Birləşmiş Krallığa qarşı iş üzrə (21 sentyabr 1994-cü il tarixli qərar, A seriyaları, № 294‑B)] istinad edir, həmin qərardan aydın görünür ki, Avropa İnsan Hüquqları Məhkəməsi məhkəməyə müraciət etmək hüququna hətta kifayət qədər geniş hüdudlu məhdudiyyətlər qoyulmasını da qəbul etməyə hazırdır. Hazırkı işdə heç bir geniş hüdudlu məhdudiyyət yoxdur, belə ki, [ərizəçilər] Srebrenitsa Anaları Fondunun üzvlərinin məruz qaldığı ziyanın kompensasiyası üçün azı iki kateqoriyaya aid tərəfləri, yəni soyqırımı törədənləri və dövləti məhkəməyə verə bilərlər. Yuxarıdakıları nəzərə alaraq, Apellyasiya Məhkəməsi hesab etmir ki, Birləşmiş Millətlər Təşkilatı Birləşmiş Millətlər Təşkilatının imtiyazları və immunitetləri haqqında Konvensiyanın VIII maddəsinin 29-cu bölməsinin ilk cümləsində və "a" bəndində nəzərdə tutulmuş öhdəliklərini, yəni hazırkı işdəkinə bənzər iddia tələbləri üçün alternativ hüquqi müdafiə vasitəsi yaratmaq öhdəliyini yerinə yetirməyib, elə bir vasitə ki, nə qədər təəssüfləndirici olsa da, onun milli məhkəmələrin yurisdiksiyasına qarşı immunitetini aradan qaldıracaq dərəcədə həlledici əhəmiyyət daşımış olsun".
e) Ali Məhkəmə qarşısındakı arqumentlər
i. Ərizəçilərin hüquqi məsələlərə dair kassasiya şikayəti
82. Ərizəçilər Ali Məhkəməyə (Hoge Raad) hüquqi məsələlərə dair kassasiya şikayəti (cassatie) verdilər. Məhkəmə prosesinin gedişində onlar vəsatət (dagvaarding) və izahedici memorandum (schriftelijke toelichting) təqdim etdilər. Onların irəli sürdükləri və hazırkı iş üçün əhəmiyyət kəsb edən arqumentləri aşağıdakı kimi qısaca ümumiləşdirmək olar:
α. Vəsatət
83. Niderland dövlətinə qarşı qaldırılmış iş ilə Birləşmiş Millətlər Təşkilatına qarşı qaldırılmış iş arasında Apellyasiya Məhkəməsinin fərq qoyması əsassız idi, belə ki, hər iki iş arasında qarşılıqlı əlaqə vardı. Hazırkı işdə Birləşmiş Millətlər Təşkilatının immunitetə malik olduğu barədə qərar çıxarılması Niderland dövlətinin belə bir arqument irəli sürməsinə imkan yaradardı ki, onun hərəkətləri Birləşmiş Millətlər Təşkilatının ayağına yazılmalı olan və ya Birləşmiş Millətlər Təşkilatı tərəfindən legitimləşdirilmiş hərəkətlərdir və bu yolla məsuliyyətdən yayınmış olardı.
84. Birləşmiş Millətlər Təşkilatının beynəlxalq hüquqda nəzərdə tutulmuş immuniteti Apellyasiya Məhkəməsinin qərarında göstərildiyi dərəcədə geniş deyil. Ərizəçilərin ixtiyarında hər hansı alternativ prosedur olmayıb və beləliklə Apellyasiya Məhkəməsi Birləşmiş Millətlər Təşkilatını qanunun fövqündə qoyub. Bu qərarın mahiyyətcə qəbuledilməz olması, digər qərarlarla yanaşı, Veyt və Kennedinin, habelə Beyer və Reqanın işləri üzrə Avropa Məhkəməsinin qərarlarından irəli gəlir.
85. Apellyasiya Məhkəməsinin qənaətləri belə bir ehtimala əsaslanıb ki, ərizəçilər yalnız pul kompensasiyası tələb edirlər, elə bir kompensasiya ki, kifayət qədər ödəniş qabiliyyətli istənilən cavabdeh tərəf onu ödəyə bilər. Əslində isə onların tələbləri yalnız pulla məhdudlaşmırdı: onlar Birləşmiş Millətlər Təşkilatının onların qohumlarının qurban getməsinə səbəb olmuş soyqırımın qarşısını almaması ilə əlaqədar məsuliyyətinin tanınmasını tələb edirdilər. Bu qərar məhkəmə tərəfindən yalnız o halda çıxarıla bilərdi ki, Birləşmiş Millətlər Təşkilatı Niderlanda qarşı və ya soyqırım törətmiş serblərə qarşı deyil, onun özünə qarşı qaldırılan işə cavabdeh qismində cəlb olunsun.
86. Birləşmiş Millətlər Təşkilatının immuniteti siyasi marağa əsaslanıb. Lakin məhkəmə qanunu tətbiq etməlidir; məhkəməyə müraciət etmək hüququ qanunvericilikdə təsbit olunur və buna görə də siyasi maraqdan üstündür. Bu qayda xüsusən ona görə keçərlidir ki, soyqırıma qoyulan qadağa imperativ normaya (jus cogens) əsaslanır. Məhkəmə daha sonra Əl-Adsaninin işi üzrə Avropa Məhkəməsinin qərarındaki çoxluğun sayını (səkkiz səsə qarşı doqquz səs: mümkün olan ən azsaylı çoxluq) imperativ normanın (jus cogens) (həmin işdə söhbət işgəncəni qadağan edən normadan gedirdi) indiyədək beynəlxalq hüquqda tanınan immunitetlərdən tutulmasının tanınması istiqamətində irəliləyişin sübutu kimi göstərdi.
87. Birləşmiş Millətlər Təşkilatının özünün soyqırım törətmədiyini bildirərkən Apellyasiya Məhkəməsi belə bir məsələni diqqətdən qaçırıb ki, Birləşmiş Millətlər Təşkilatı soyqırımın qarşısını almaq öhdəliyini yerinə yetirməyib. Bundan başqa, holland batalyonu mülki əhalinin Srebrenitsanın təhlükəsizlik zonasından deportasiya edilməsində SRO ilə əməkdaşlıq etməklə və kişilərin həyatlarına qarşı təhlükənin əlamətlərinin mövcudluğuna baxmayaraq, onları qadınlardan və uşaqlardan ayırmaqda soyqırıma şərait yaradıb.
88. Ödəniş qabiliyyətli borclu (cavabdeh) tərəfin olub-olmaması və ya Niderlandın mülki hüquqi immunitetə malik olduğunu öz ölkəsinin məhkəmələrində iddia etmək hüququna malik olub-olmaması Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən məhkəməyə müraciət hüququnun məqsədləri üçün əhəmiyyət daşımır.
89. Nəhayət, Apellyasiya Məhkəməsi Birləşmiş Millətlər Təşkilatının öz immunitetindən imtina etməli olub-olmaması məsələsini araşdırmayıb.
β. İzahedici memorandum
90. Ərizəçilər vəsatətə izahedici memorandum əlavə etdilər (schriftelijke toelichting) və orada təfsilatlı mətnlə iddia etdilər ki, bütün hallar üçün belə nəzərdə tutulub ki, Birləşmiş Millətlər Təşkilatının immuniteti diplomatik deyil, funksional immunitetdir. Bu, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 105-ci maddəsinin mətnində öz əksini tapıb. Birləşmiş Millətlər Təşkilatının imtiyazları və immunitetləri haqqında Konvensiyanın II maddəsinin 2-ci bölməsində başqa hal nəzərdə tutulsa da, Nizamnamənin 103-cü maddəsinin müddəaları həmin bölmənin müddəalarından üstün tutulur. Bundan başqa, insan hüquqlarının ciddi pozuntularına aid hallarda immunitetdən imtina etmək ehtimalı mövcud olaraq qalır (bəzən bu imtina hüquqi öhdəlik deyil, mənəvi borcdur). Bu baxımdan xüsusilə qeyd etmək lazımdır ki, Birləşmiş Millətlər Təşkilatı iştirakçısı ola biləcəyi mübahisələrin həlli üsullarını müəyyən etməyib, halbuki Birləşmiş Millətlər Təşkilatının imtiyazları və immunitetləri haqqında Konvensiyanın VIII maddəsinin 29-cu bölməsi bunu tələb edir.
ii. Məsləhət rəyi
91. Baş prokuror (procureur-generaal) tərəfindən Ali Məhkəməyə məsləhət rəyi (conclusie) təqdim edildi.
92. Baş prokuror dövlətlərin immunitetini (bu immunitet dövlətlərin beynəlxalq hüquqda nəzərdə tutulmuş suveren bərabərliyinə əsaslanır) beynəlxalq təşkilatların immunitetindən (bu immunitet onların fəaliyyətinə imkan yaratmaq məqsədini daşıyır) fərqləndirdi. O, Veyt və Kennedinin işinə istinadən etiraf etdi ki, mübahisələrin həlli üçün heç bir daxili mexanizm yoxdursa, milli məhkəmələrin yurisdiksiyasına qarşı beynəlxalq təşkilatın immuniteti aradan qaldırılmalıdır. Lakin hazırkı işdə Birləşmiş Millətlər Təşkilatının Bosniya və Herseqovinadakı müdafiə qüvvələrinin statusuna dair sazişin 48-ci bəndində daxili alternativ həll variantı nəzərdə tutulmuşdu.
93. Qalan məsələlərlə əlaqədar olaraq Baş prokuror belə bir fikir ifadə etdi ki, Apellyasiya Məhkəməsi öz qərarını tərəflərin toqquşan maraqlarının düzgün qiymətləndirilməsi əsasında çıxarıb. Ərizəçilərin bu mülahizəyə zidd olaraq irəli sürdükləri arqumentlər onların Apellyasiya Məhkəməsinin qərarına verdikləri yanlış şərhə əsaslanıb.
f) Ali Məhkəmənin qərarı
94. Ali Məhkəmə 13 aprel 2012-ci ildə qərar (LJN BW1999) çıxardı. Qərarın əsaslandırıcı hissəsinə aşağıdakılar daxil idi:
"Birləşmiş Millətlər Təşkilatının immunitetinin əsası və hüdudları
4.2. Birləşmiş Millətlər Təşkilatının immuniteti (bu immunitet onun missiyalarını yerinə BMT funksionerlərinin və ekspertlərinin immunitetindən fərqləndirilməlidir) Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 105-ci maddəsinin müddəalarına və [Birləşmiş Millətlər Təşkilatının imtiyazları və immunitetləri haqqında] Konvensiyanın II maddəsinin 2-ci bölməsinin müddəalarına əsaslanır. Sonuncunun müddəalarına (həmin müddəalarda [Nizamnamənin] 105-ci maddəsinin 1-ci bəndinin müddəaları daha da konkretləşdirilir) Apellyasiya Məhkəməsi haqlı olaraq Müqavilələr hüququ haqqında Vyana Konvensiyasının 31-ci maddəsini tətbiq etməklə belə bir şərh verib ki, onlar milli məhkəmələrin yurisdiksiyasına qarşı Birləşmiş Millətlər Təşkilatına geniş hüdudlu immunitet verir, belə ki, o, [Birləşmiş Millətlər Təşkilatının imtiyazları və immunitetləri haqqında] Konvensiyanın iştirakçısı olan ölkələrin hər hansı məhkəməsinə cəlb oluna bilməz.
Beləliklə, Birləşmiş Millətlər Təşkilatının tam müstəqil fəaliyyətini təmin etmək məqsədi daşıyan və təkcə elə bu səbəbdən qanuni məqsədə xidmət edən bu immunitetin əsası və hüdudları məhkəmələrin yurisdiksiyalarına qarşı xarici dövlətlərə verilən immunitetin əsasından və hüdudlarından fərqlidir. Niderland Krallığının qanunvericiliyinə dair ümumi müddəaları (Wet Algemene Bepalingen) özündə əks etdirən qanunun 13"a" maddəsində ifadə edildiyi kimi, sonuncu immunitet ümumi beynəlxalq hüquq normalarından (par in parem non habet imperium) irəli gəlir və yalnız xarici dövlətin öz idarəetmə vəzifələrini (acta iure imperii) yerinə yetirərkən etdiyi hərəkətlərə aiddir.
Birləşmiş Millətlər Təşkilatının immuniteti və məhkəmələrə müraciət imkanı
4.2.1. Apellyasiya Məhkəməsi ... Beyer və Reqan Almaniyaya qarşı ([BP], ərizə № 28934/95, 8 fevral 1999-cu il) və Veyt və Kennedi Almaniyaya qarşı ([BP], ərizə № 26083/94, ECHR 1999‑I) işlərdə Avropa İnsan Hüquqları Məhkəməsinin müəyyən etdiyi meyarları tətbiq edərək Birləşmiş Millətlər Təşkilatının öz immunitetinə istinad etməsinin məhkəməyə müraciət hüququna (bu hüquq Konvensiyanın 6-cı maddəsində və Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsində təsbit olunub) uyğun olub-olmaması məsələsini araşdırdı. Dövlət mütləq (qeyri-məhdud) olmayan bu hüququn (həmçinin) beynəlxalq adət hüququ normalarında nəzərdə tutulduğunu daha şübhə altına almır.
...
4.3.3. [Veyt və Kennedinin işi üzrə qərarının] 67-69-cu bəndlərinə əsasən, AKA (Avropa Kosmik Agentliyi) kimi beynəlxalq təşkilatların immunitetlərinə hörmət edilməsinin Konvensiyanın 6-cı maddəsinin pozuntusunu təşkil etmədiyi barədə Məhkəmənin qərar çıxarması üçün bu fakt xüsusi əhəmiyyət daşıyır ki, Avropa Kosmik Agentliyinin yaradılmasına dair Konvensiyada (ESA Konvensiyası) xüsusi (mülki) hüquqi mübahisələrin həlli üçün iddiaçıların istifadə edə biləcəyi alternativ prosedur aydın şəkildə nəzərdə tutulub. Qeyd etmək lazımdır ki, 67-ci bənddə əlavə izahat verilmədən "beynəlxalq təşkilatlar" ifadəsi işlənir, lakin (artıq Konvensiyanın 6-cı maddəsi ilə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 103 və 105-ci maddələri arasında qarşılıqlı əlaqə ilə bağlı hər hansı mülahizənin olmadığını nəzərə alsaq) "beynəlxalq təşkilatlar" ifadəsini işlədərkən Avropa Məhkəməsinin Birləşmiş Millətlər Təşkilatını da nəzərdə tutduğunu güman etmək üçün heç bir əsas yoxdur, hər halda söhbət Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin VII fəsli çərçivəsində bu təşkilatın gördüyü tədbirlərdən (sülhə qarşı təhlükə, sülhün pozulması və təcavüzkarlıq aktları ilə əlaqədar tədbirlərdən) gedirsə, məhz belədir.
4.3.4. Həmçinin Bəhrami və Bəhrami Fransaya qarşı və Saramati Fransaya, Almaniyaya və Norveçə qarşı iş üzrə qərarında (Böyük Palatanın qərardadı, ərizə № 71412/01) qeyd edildiyi kimi, Birləşmiş Millətlər Təşkilatının (Təhlükəsizlik Şurası) beynəlxalq hüquq birliyinin daxilində xüsusi yer tutur. Təhlükəsizlik Şurasının qətnaməsi əsasında Kosovoya göndərilmiş Kosovodakı Müvəqqəti Administrasiyanın İşləri üzrə Birləşmiş Millətlər Təşkilatı Missiyasının (UNMIK) və Kosovodakı NATO Qüvvələrinin (KFOR) hərəkətlərinə və hərəkətsizliyinə aid olan bu qərarında Məhkəmə digər mülahizələrlə yanaşı aşağıdakıları bildirib:
"146. Hazırkı işdə belə bir sual yaranır ki, Məhkəmə cavabdeh dövlətlərin BMT-nin adından etdikləri hərəkətləri şəxs meyarına görə (ratione personae) araşdırmaq və daha geniş götürsək, Konvensiya ilə BMT-nin öz Nizamnaməsinin VII fəsli əsasında etdiyi hərəkətlər arasında əlaqəni nəzərdən keçirmək səlahiyyətinə malikdirmi?
147. ... Daha ümumi şəkildə götürsək, xatırlatmaq lazımdır ki, yuxarıda 122-ci bənddə qeyd edildiyi kimi, Konvensiya iştirakçı dövlətlər arasındakı münasibətlərə şamil olunan hər hansı beynəlxalq hüquq normalarının və prinsiplərinin işığında şərh olunmalıdır. Buna görə də Məhkəmə Nizamnamənin iki əlavə müddəasını – Beynəlxalq Məhkəmə tərəfindən şərhi verilmiş 25-ci və 103-cü maddələrini nəzərə alacaq ([qərarın] 27-ci bəndinə bax).
148. BMT-nin (Birləşmiş Millətlər Təşkilatının) əsas məqsədinin imperativ xarakteri böyük əhəmiyyət kəsb edir və müvafiq olaraq, bu məqsədi həyata keçirmək üçün BMTTŞ-yə (Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına) verilmiş səlahiyyətlər çox əhəmiyyətlidir. ... BMTTŞ-nin bu məsələ ilə bağlı vəzifəsi unikaldır və hazırda birtərəfli güc tətbiqinə qoyulan və beynəlxalq adət hüququ normasına çevrilmiş olan qadağanı daha da dolğunlaşdıran amil kimi təkamülə uğrayıb ([qərarın] 18-20-ci bəndlərinə bax; həmin bəndlər birtərəfli güc tətbiqinə qoyulan qadağanın Birləşmiş Millətlər Təşkilatı yaradılan dövrədək təkamülünü əks etdirir).
149. Hazırkı işdə VII fəsil BMTTŞ-yə imkan verib ki, sülhə təhlükə yaratdığı hesab edilən bəlli münaqişəyə reaksiya olaraq məcburiyyət tədbirlərini, yəni UNMIK və KFOR-un yaradılması barədə BMTTŞ-nin 1244 saylı qətnaməsini tətbiq etsin.
BMT Nizamnaməsinin VII fəslinə uyğun olaraq qəbul edilmiş BMTTŞ-nin qətnamələri əsasında həyata keçirilən əməliyyatlar BMT-nin beynəlxalq sülhü və təhlükəsizliyi təmin etmək missiyası üçün fundamental əhəmiyyət daşıyır və onların səmərəliliyi üzv dövlətlərin dəstəyindən asılı olduğuna görə Konvensiyanın müddəaları bu cür missiyaların həyata keçirilməsinə qədər və ya onların gedişində iştirakçı dövlətlər tərəfindən BMTTŞ-nin qətnamələri əsasında həyata keçirilən hərəkətləri və ya hərəkətsizliyi Məhkəmənin araşdırmasının predmetinə çevirən müddəalar kimi şərh oluna bilməz. Belə şərh bu sahədə BMT-nin əsas missiyasını həyata keçirməsinə, o cümlədən müəyyən tərəflərin iddia etdiyi kimi, əməliyyatların səmərəli şəkildə aparılmasına müdaxilə təşkil edərdi. Bu, həm də BMTTŞ-nin qətnaməsinin həyata keçirilməsinə qətnamənin öz mətnində nəzərə tutulmayan şərtlərin qoyulmasına bərabər olardı. ..."
Bu sitata istinad edərək 27-ci bənddə Avropa Məhkəməsi digər məsələlərlə yanaşı bildirir ki, Beynəlxalq Məhkəmənin sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 103-cü maddəsi onu nəzərdə tutur ki, Birləşmiş Millətlər Təşkilatına üzv olan dövlətlərin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi əsasında daşıdıqları öhdəliklər hər hansı digər beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərlə ziddiyyət təşkil etdikdə, həmin müqavilələrin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsindən əvvəl və ya sonra qüvvəyə minməsindən və ya sadəcə regional sazişlərə aid olmasından asılı olmayaraq, onlardan üstün tutulur. 149-cu bənddə isə Avropa Məhkəməsi bildirir ki, Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin VII fəsli çərçivəsində aparılan beynəlxalq sülh və təhlükəsizlik əməliyyatlarının mühümlüyünü nəzərə alsaq, Konvensiyanın müddəaları iştirakçı dövlətlərin Təhlükəsizlik Şurasının həmin qətnamələri ilə tənzimlənən hərəkətlərini və ya hərəkətsizliyini Avropa Məhkəməsinin araşdırmasının predmetinə çevirən müddəalar kimi şərh oluna bilməz.
4.3.5. İlkin nəticə bundan ibarət olmalıdır ki, Apellyasiya Məhkəməsi Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş məhkəməyə müraciət hüququnun Birləşmiş Millətlər Təşkilatının immunitetinə istinad edilməsindən üstün tutulmalı olub-olmadığını Beyer və Reqanın və Veyt və Kennedinin işlərində müəyyən edilmiş meyarların işığında nəzərdən keçirərkən səhvə yol verib.
4.3.6. Bu immunitet mütləqdir. Üstəlik, onun mühafizə edilməsi Birləşmiş Millətlər Təşkilatına üzv olan dövlətlərin öhdəlikləri arasındadır və həmin öhdəliklər, Bəhrami və Bəhraminin və Saramatinin işində Avropa Məhkəməsinin qeyd etdiyi kimi, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 103-cü bəndinə uyğun olaraq, digər beynəlxalq sazişlərdə nəzərdə tutulan öhdəliklərdən üstün tutulur.
4.3.7. Lakin bu, sualının cavab deyil. Konkret olaraq dövlətin immunitetinə aid olan Əl-Adsani Birləşmiş Krallığa qarşı iş üzrə qərara ([BP], ərizə № 35763/97, ECHR 2001‑XI) əlavə olunmuş xüsusi rəylərə istinadən [ərizəçilərin] iddia etdiyi kimi, məhkəməyə müraciət hüququ Birləşmiş Millətlər Təşkilatının immunitetindən üstün tutulmalıdır, çünki iddialar soyqırımda və əsas insan hüquqlarının digər ciddi pozuntularında (işgəncə, qətl və zorlamalarda) iştirak (bu iştirak konkret olaraq onların qarşısını almamaqda ifadə olunub) barədə ittihamlara əsaslanır. ...
...
4.3.9. Çoxluğun rəyinin (həmin rəyə əsasən, əraziləri xaricində törədilmiş işgəncələrə görə dövlətlərin onlara qarşı qaldırılan mülki iddialarla bağlı immunitet hüququna malik olmadığı, hələ ki, beynəlxalq hüquqda qəbul edilməyib) əleyhinə digərləri ilə yanaşı Böyük Palatanın altı hakimi də çıxıb ki, hazırda [ərizəçilər] öz mövqelərinə dəstək üçün həmin hakimlərin xüsusi rəyinə istinad ediblər və həmin rəy aşağıdakı mülahizələri özündə ehtiva edir (bu mülahizələr ən azı dövlətin immuniteti mövzusuna aid olan milli və xarici ədəbiyyatın xeyli hissəsində qeyd edilmiş fikirlərlə həmahəng səslənir):
"3. Beləliklə, işgəncələrə qoyulan qadağanın imperativ (jus cogens) xarakterinin qəbul edilməsi belə bir nəticə doğurur ki, bu qadağanı pozduğu iddia edilən dövlət öz hərəkətlərinin qanunsuzluğunun nəticələrindən yaxa qurtarmaq üçün hüquq sistemi iyerarxiyasında daha aşağı pillədə olan normalara (bu işdə dövlətin immuniteti haqqındakı normalara) istinad edə bilməz. Hazırkı işin hallarına gəlincə, Küveyt işgəncələr barəsində xarici dövlətin ərazisində irəli sürülmüş ciddi iddia ilə əlaqədar məhkəmə prosesindən yaxa qurtarmaq üçün heç bir haqla dövlətin immuniteti haqqındakı normaların arxasında gizlənə bilməz və həmin dövlətin (Birləşmiş Krallığın) məhkəmələri ərizəçinin işgəncə barəsindəki işi üzrə qərar çıxarmaqdan imtina etmək üçün immunitet barədə vəsatəti qəbul edə və ya ona ex officio qaydasında istinad edə bilməzlər. İşgəncələri qadağan edən imperativ norma (jus cogens) ilə dövlətin immunitetinə dair normaların qarşılıqlı əlaqədə olması səbəbindən dövlətin immunitetinin yaratdığı prosessual maneə avtomatik olaraq qalxır, çünki həmin normalar hüquq sistemi iyerarxiyasında daha yuxarı pillədə olan normalarla ziddiyyətə girdiyinə görə hər hansı hüquqi qüvvəyə malik olmur. Eynilə, dövlətin immunitetinə dair beynəlxalq normaların milli hüquq sistemində qüvvədə olmasını təmin edən milli qanunvericilik normaları yurisdiksiya maneəsi yaradan amil kimi göstərilə bilməz, onlar imperativ normanın (jus cogens) göstərişlərinə uyğun surətdə və onların işığında şərh olunmalıdır".
4.3.10. Hazırkı durumda bu rəyin Avropa Məhkəməsinin qəbul etdiyi rəyi əks etdirməməsi faktından daha önəmli olan fakt Dövlətin yurisdiksiya immunitetlərinə aid iş (Almaniya İtaliyaya qarşı məhkəmə işi: Yunanıstan prosesə üçüncü tərəf qismində qatılıb) üzrə Beynəlxalq Məhkəmənin çıxardığı [3 fevral 2012-ci il tarixli] qərardan ibarətdir. Həmin iş digər məsələlərlə yanaşı belə bir məsələyə aid idi ki, İtaliya məhkəmələri baxılmaq üçün onların icraatına verilən, II Dünya Müharibəsində alman qoşunları tərəfindən beynəlxalq humanitar hüququn pozulması nəticəsində dəymiş ziyana görə Almaniyadan kompensasiyanın tələb edilməsinə aid olan işlərdə Almaniyanın immunitetinə riayət etməlidirlərmi? Beynəlxalq Məhkəmənin bu suala cavabı müsbət oldu.
...
4.3.14. Baxmayaraq ki, Birləşmiş Millətlər Təşkilatının immuniteti dövlətin immunitetindən fərqləndirilə bilər, bu fərq birincinin immuniteti ilə məhkəməyə müraciət hüququ arasındakı qarşılıqlı əlaqə barədə çıxarılan qərarın dövlətin immuniteti ilə məhkəməyə müraciət hüququ arasındakı qarşılıqlı əlaqə barədə Beynəlxalq Məhkəmə tərəfindən çıxarılmış qərardan fərqli olmasına haqq qazandırmır. Birləşmiş Millətlər Təşkilatı [ərizəçilərin] iddialarında yer alan ittihamların ciddiliyindən asılı olmayaraq ona məxsus olan immuniteti saxlayır.
...
4.4.1. ... [Sonrakı şikayətlər] Apellyasiya Məhkəməsinin qərarını ləğv etmək üçün əsas təşkil etmir (kunnen niet tot cassatie leiden) (Ali Məhkəmə ilkin qərar çıxarılması üçün Avropa İttifaqının Ədalət Məhkəməsinə müraciət etməyə ehtiyac görmür). Məhkəmə orqanları (məhkəmələrin təşkili) haqqında Qanunun (Wet op de rechterlijke organisatie) 81-ci maddəsini nəzərə alsaq, əlavə əsaslandırmaya ehtiyac yoxdur, çünki bu şikayət qanunvericiliyin vahidliyinin və ya inkişafının maraqları naminə hüquqi məsələlərin həlli zərurətini doğurmur".
3. Əsas məhkəmə prosesinin bərpası
95. Ali Məhkəmənin qərarından sonra yalnız dövlətə qarşı iddia ilə əlaqədar əsas məhkəmə prosesi bərpa olundu. Ərizəçilərin sözlərinə görə, dövlət bildirib ki, "Srebrenitsanın süqutuna qədər, süqutu zamanı və süqutundan sonra" edilmiş hərəkətlər və baş vermiş hərəkətsizliklər bütünlüklə Birləşmiş Millətlər Təşkilatının ayağına yazılmalıdır və bu məsələdə Niderland heç bir məsuliyyət daşımır.
96. Məhkəmədə olan məlumata görə, bu məhkəmə prosesi hələ birinci instansiyada davam etməkdədir.
C. Müvafiq daxili qanunvericilik
1. Niderland Krallığının Konstitusiyası
97. Niderland Krallığının Konstitusiyasının (Grondwet voor het Koninkrijk der Nederlanden) bu işə aidiyyəti olan müddəaları aşağıdakılardır:
Maddə 93
"Məzmununa görə bütün şəxslər üçün məcburi ola biləcək beynəlxalq müqavilələrin və beynəlxalq təsisatların qətnamələrinin müddəaları dərc edildikdən sonra məcburi qüvvəyə malik olur".
Maddə 94
"Krallıq daxilində qüvvədə olan qanunvericilik aktları, əgər onların tətbiqi bütün şəxslər üçün məcburi olan beynəlxalq müqavilələrin və ya beynəlxalq təsisatların qətnamələrinin müddəalarına zidd olarsa, tətbiq edilməməlidir ".
2. Niderland Krallığının qanunvericiliyinə dair ümumi müddəaları özündə əks etdirən qanun
98. Niderland Krallığının qanunvericiliyinə dair ümumi müddəaları (Wet Algemene Bepalingen) özündə əks etdirən qanunun bu işə aidiyyəti olan hissəsində aşağıdakılar nəzərdə tutulur:
Maddə 13"a"
"Məhkəmələrin yurisdiksiyası və onların qərarlarının qanuni qüvvəsi, habelə icra edilməli olan rəsmi sənədlərin icrası (authentieke akten) beynəlxalq hüquqda tanınan istisnalar vasitəsilə məhdudlaşdırılır".
3. Mülki Prosessual Məcəllə
99. Mülki Prosessual Məcəllənin (Wetboek van Burgerlijke Rechtsvordering) bu işə aidiyyəti olan hissəsində aşağıdakılar nəzərdə tutulur:
Maddə 7
"1. Məhkəməyə müraciət (dagvaarding) əsasında başlanmalı olan məhkəmə prosesində (zaken) Niderland məhkəməsi cavabdehlərdən biri barəsində yurisdiksiyaya malikdirsə, o halda eyni prosesdəki digər cavabdehlər barəsində də yurisdiksiyaya malik olur (geding), bu şərtlə ki, müxtəlif cavabdehlərə qarşı iddia tələbləri arasında onları effektivlik səbəblərinə görə bir icraatda birləşdirməyə əsas verən qarşılıqlı əlaqə mövcud olsun..."
4. Məhkəmə orqanları (məhkəmələrin təşkili) haqqında Qanun
100. Məhkəmə orqanları (məhkəmələrin təşkili) haqqında Qanunun (Wet op de rechterlijke organisatie) Məhkəmənin icraatındakı bu işə aidiyyəti olan hissəsində aşağıdakılar nəzərdə tutulur:
Maddə 81
"1. Ali Məhkəmə kassasiya şikayətinin verilməsinə səbəb olmuş qərarın ləğv edilməsi üçün həmin şikayətin əsas təşkil etmədiyini və qanunvericiliyin vahidliyinin və ya inkişafının maraqları naminə hüquqi məsələlərin həll olunmasını tələb etmədiyini hesab edərsə, şikayətə dair qərarını əsaslandıraraq bu halların müəyyən edilməsi ilə kifayətlənə bilər".
5. "Məhkəmə icraçıları haqqında" 2001-ci il tarixli Qanun
101. "Məhkəmə icraçıları haqqında" 2001-ci il tarixli Qanunun (Gerechtsdeurwaarderswet 2001) bu işə aidiyyəti olan hissəsində aşağıdakılar nəzərdə tutulur:
Maddə 2
"1. Məhkəmə icraçısı qanunvericiliyə uyğun olaraq məhkəmə icraçılarının üzərinə qoyulan və ya onlar üçün nəzərdə tutulan vəzifələri daşıyan, eləcə də müvafiq hallarda digər vəzifələri daşıyan rəsmi şəxsdir. Konkret olaraq, məhkəmə icraçısı aşağıdakı vəzifələri daşıyır:
a. məhkəmə prosesinin başlanmasına dair məhkəmə çağırışlarını və digər rəsmi bildirişləri (het doen van dagvaardingen en andere betekeningen) və ya məhkəmə prosesində sənədlər mübadiləsinin tərkib hissəsini təşkil edən sənədləri təqdim etmək; ..."
Maddə 3"a"
"1. Rəsmi hərəkət (akt) barədə tapşırıq almış məhkəmə icraçısı həmin hərəkətin (aktın) icrasının dövlətin beynəlxalq hüquqda nəzərdə tutulmuş öhdəliklərinə zidd ola biləcəyini bilirsə, nazirliyin qaydalarında nəzərdə tutulan formada dərhal [ədliyyə] nazirinə məlumat verməlidir.
2. Nazir məhkəmə icraçısına bəyan edə bilər ki, icra olunması üçün məhkəmə icraçısının tapşırıq aldığı və ya tapşırıq alacağı, yaxud artıq icra etdiyi rəsmi hərəkət (akt) dövlətin beynəlxalq hüquqda nəzərdə tutulmuş öhdəliklərinə ziddir.
...
5. Məhkəmə icraçısına ikinci bənddə qeyd edilmiş bəyanatı aldığı zaman rəsmi hərəkət (akt) hələ icra edilməyibsə, o halda bəyanatın nəticəsi ondan ibarət olur ki, məhkəmə icraçısı həmin rəsmi hərəkəti (aktı) icra etmək səlahiyyətinə malik olmur. Birinci cümlədə qeyd edilənlərə zidd olaraq icra edilmiş rəsmi hərəkət (akt) etibarsız sayılır. ..."
6. Daxili məhkəmələrin müvafiq presedent hüququ
a) "Srebrenitsa Qadınları" Vətəndaş Assosiasiyasının (Udruženje Građana “Žene Srebrenice”) işi
102. 2003-cü ilin avqustunda Tuzlada (Bosniya və Herseqovina) yerləşən vətəndaş assosiasiyası olan Udruženje Građana “Žene Srebrenice” ("Srebrenitsa Qadınları" Vətəndaş Assosiasiyası) adlı təşkilat mülki hüquq pozuntuları ilə əlaqədar olaraq Niderland dövlətinə qarşı mülki iddia qaldırılması üçün şahid ifadələrinin dinlənilməsi məqsədilə ilkin dinləmənin keçirilməsindən ötrü Haaqa Regional Məhkəməsinə vəsatətlə müraciət etdi.
103. 27 noyabr 2003-cü ildə Regional Məhkəmə qərar (LJN AN8978) çıxararaq vəsatəti rədd etdi. Onun rəyi bundan ibarət oldu ki, bərqərar olmuş müvafiq presedent hüququ olmadığı bir vəziyyətdə əvvəlcə önəmli olan belə bir məsələni həll etmək lazımdır ki, dövlət, holland batalyonunun nümunəsində olduğu kimi, Birləşmiş Millətlər Təşkilatının komandanlığı və nəzarəti altında hərəkət edən hərbi kontingentin hərəkətlərinə görə məsuliyyət daşıya bilərmi və hansı hallarda daşıya bilər? Bu məsələ şahid ifadələrinin dinlənildiyi ilkin dinləmədə lazımi qaydada həll oluna bilməz, o, işə mahiyyəti üzrə baxılacaq məhkəmə prosesinin keçirilməsini tələb edir. İstənilən halda, olduqca geniş həcmli olan və Müharibə, Holokost və Soyqırım Hadisələrinin Araşdırılması üzrə Dövlət İnstitutu NIOD-un hesabatını və Niderland parlamentinin təhqiqatının hesabatını özündə ehtiva edən mövcud sənədlər assosiasiyanın öz uğur şanslarını qiymətləndirməsi üçün kifayət etməlidir, xüsusən də nəzərə alsaq ki, assosiasiyanın dinləmək istədiyi şahidlərin çoxu artıq yuxarıdakı iki araşdırmanın gedişində dindiriliblər.
b) Mustafiçin və Nuxanoviçin işləri
104. Srebrenitsa qətliamında öldürülmüş kişilərin sağ qalan qohumları tərəfindən Niderland məhkəmələrində Niderland dövlətinə qarşı iki mülki iş qaldırılıb.
105. Birinci işdə (Mustafiç Niderland dövlətinə qarşı) iddiaçılar həmin vaxt holland batalyonunun de fakto işçisi olan, amma Birləşmiş Millətlər Təşkilatının birbaşa işə götürdüyü şəxslərə verilən hər hansı statusa malik olmayan elektrikin sağ qalan qohumlarıdır. Onlar iddia etdilər ki, 13 iyul 1995-ci ildə Niderland dövləti onunla kontraktı pozub, belə ki, holland batalyonunun komandirinin müavini onun öz ailəsi ilə birlikdə batalyonun Potoçaridəki hasarlanmış ərazisində yerləşməsinə icazə verməyib, nəticədə o, həmin gün bu ərazini tərk etməli olub, halbuki holland batalyonunun rəhbərliyi onu ərazidə saxlamaqla müdafiə etməli və holland batalyonu ilə birlikdə evakuasiya etməli idi. Onlar alternativ variant qismində iddia etdilər ki, delikt (mülki hüquq pozuntusu) ilə əlaqədar məhkəmə işi qaldırılmalıdır. İkinci işdə (Nuxanoviç Niderland dövlətinə qarşı) iddiaçının özü holland batalyonunun de fakto işçisi idi, o, tərcüməçi qismində işləyirdi, amma o da Birləşmiş Millətlər Təşkilatının işçisi statusa malik deyildi; o, qətliamda öldürülmüş bir kişinin oğlu, digərinin isə qardaşıdır. O, deliktin (mülki hüquq pozuntusunun) baş verdiyini iddia edirdi, belə ki, 1995-ci il iyulun 13-də gündüz vaxtı holland batalyonunun komandirinin müavini bu iki kişini batalyonun hasarlanmış ərazisindən çıxarmışdı.
106. Bu iki işə əvvəlcə Haaqa Regional Məhkəməsi, sonra isə Haaqa Apellyasiya Məhkəməsi tərəfindən paralel olaraq baxıldı.
107. Birinci instansiyada Regional Məhkəmə qərara aldı ki, barəsində şikayət edilən məsələlər təkcə Birləşmiş Millətlər Təşkilatına aiddir. Holland batalyonu Birləşmiş Millətlər Təşkilatının komandanlığı və nəzarəti altında idi; barəsində şikayət edilən hadisələr Bosniya və Herseqovinada baş vermişdi və bu elə bir suveren dövlət idi ki, nə Birləşmiş Millətlər Təşkilatının, nə də Niderlandın yurisdiksiyası altında idi.
108. Mustafiçin ailəsi və cənab Nuxanoviç qərardan Haaqa Apellyasiya Məhkəməsinə şikayət verdilər.
109. Apellyasiya Məhkəməsi 5 iyul 2011-ci ildə ilkin xarakter daşıyan iki qərar (Mustafiçin işi üzrə LJN BR0132 saylı qərar və Nuxanoviçin işi üzrə LJN BR0133 saylı qərar) qəbul etdi, qərarların müvafiq hissələrinin mətni eyni idi. Məhkəmə şahidlərin işin mahiyyətinə aidiyyəti olmayan prosessual məsələlərlə əlaqədar dindirilməsi barədə göstəriş verdi.
110. 26 iyun 2012-ci ildə işin mahiyyəti üzrə çıxardığı əsasən eyni mətnli iki qərarında (müvafiq olaraq, Mustafiçin işi üzrə LJN BW9014 saylı qərar və Nuxanoviçin işi üzrə LJN BW9015 saylı qərar) Apellyasiya Məhkəməsi Regional Məhkəmənin qərarlarını ləğv etdi və qərara aldı ki, Niderland dövləti qohumlarının ölümü nəticəsində şikayətçilərə dəymiş mülki hüquqi ziyana görə məsuliyyət daşıyır.
111. Dövlət bu qərarlardan Ali Məhkəməyə hüquqi məsələlərə dair şikayətlər verdi. 3 may 2013-cü ildə Ali Məhkəməyə təqdim etdiyi məsləhət rəyində baş vəkil (advocaat-generaal) Ali Məhkəməyə təklif etdi ki, şikayətləri rədd etsin (LJN BZ9228, CPG 12/03329).
ŞİKAYƏTLƏR
112. Ərizəçilər Konvensiyanın 6-cı maddəsinə əsasən şikayət etdilər ki, birincisi, Birləşmiş Millətlər Təşkilatına immunitet verilməsi onların məhkəməyə müraciət hüququnu pozub və ikincisi, Ali Məhkəmə ilkin qərarın çıxarılması üçün Avropa İttifaqının Ədalət Məhkəməsinə müraciət edilməsi barədə onların vəsatətini çox qısa əsaslandırmalarla rədd edib.
113. Onlar Konvensiyanın 13-cü maddəsinə əsasən şikayət etdilər ki, Birləşmiş Millətlər Təşkilatına immunitet verilməsi Niderland dövlətinə bütün məsuliyyəti Birləşmiş Millətlər Təşkilatının üzərinə atmaqla ərizəçilər qarşısındakı məsuliyyətindən yayınmaq imkanı verəcək və faktiki olaraq onların tələblərinin mahiyyətini heçə endirəcək.
HÜQUQİ MƏSƏLƏLƏR
A. Ərizəçi Srebrenitsa Anaları Fondunun prosessual vəziyyəti
114. Konvensiyanın 34-cü maddəsində nəzərdə tutulan mənada bütün ərizəçilərin "qurban" sayılmasının mümkünlüyü məsələsinə gəlincə, Məhkəmə qərara aldı ki, bu anlayış müstəqil surətdə və milli hüquqdakı anlayışlardan (məsələn, məhkəmə işi qaldırmaqda maraqlı olma və ya bunu etmək imkanına malik olma kimi anlayışlardan) asılı olmadan şərh olunmalıdır. Məhkəmənin rəyinə görə, ərizəçinin məhkəmədə iddia qaldıra bilməsi üçün ərizəçi ilə Konvensiyada və onun Protokollarında tanınan bir və ya daha artıq hüququn pozuntusunun qurbanı olması nəticəsində ərizəçinin məruz qaldığı ziyan arasında kifayət qədər birbaşa əlaqə olmalıdır (digər qərarlar arasında bax: Association des amis de Saint-Raphaël et de Fréjus Fransaya qarşı (qərardad), ərizə № 45053/98, 29 fevral 2000-ci il – bu iş ərizəçi assosiasiya ilə əlaqədar idi; və Uitgeversmaatschappij De Telegraaf B.V. və başqaları Niderlanda qarşı (qərardad), ərizə № 39315/06, 18 may 2010-cu il – bu iş ərizəçilər Nederlandse Vereniging van Journalisten (Niderland Jurnalistlər Assosiasiyası) və Nederlands Genootschap van Hoofdredacteuren (Niderland Baş Redaktorlar Cəmiyyəti) ilə əlaqədar idi).
115. Məhkəmə yalnız iddia edilən qurbanların hüquqlarının müdafiəsi məqsədi ilə yaradılmış qeyri-hökumət təşkilatlarının (bax: Smits, Kleyn, Mettler Toledo B.V. və başqaları, Raymakers, Vereniging Landelijk Overleg Betuweroute və Van Helden Niderlanda qarşı (qərardad), ərizələr № 39032/97, 39343/98, 39651/98, 43147/98, 46664/99 və 61707/00, 3 may 2001-ci il – bu işdə ərizəçi Vereniging Landelijk Overleg Betuweroute qeyri-hökumət təşkilatı idi) və hətta insan hüquqlarının müdafiəsi məqsədini daşıyan qeyri-hökumət təşkilatlarının (bax: Van Melle və başqaları Niderlanda qarşı (qərardad), ərizələr № 19221/08, 29 sentyabr 2009-cu il – bu işdə ərizəçi Liga voor de Rechten van de Mens qeyri-hökumət təşkilatı idi) ərizəçi qismində prosesdə iştirak etmələrinin mümkünlüyünü faktiki olaraq rədd edib.
116. Birinci ərizəçi Srebrenitsa Anaları Fondu açıq-aydın Srebrenitsa qurbanlarının sağ qalmış qohumlarının maraqlarını müdafiə etmək məqsədi ilə yaradılmış fonddur. Lakin fakt faktlığında qalır ki, birinci ərizəçinin özü Konvensiyanın 6-cı və 13-cü maddələri əsasında barəsində şikayət edilən məsələlərin təsirinə məruz qalmayıb: onun "mülki hüquq və vəzifələri" məhkəmə iddiasının predmeti deyil və onun özü Konvensiyada nəzərdə tutulmuş hüquqlarının pozulduğunu iddia etməyib (Smits, Kleyn, Mettler Toledo B.V. və başqaları, Raymakers, Vereniging Landelijk Overleg Betuweroute və Van Helden Niderlanda qarşı iş üzrə yuxarıda istinad edilən qərardada bax). Müvafiq olaraq, o, Konvensiyanın 34-cü maddəsində nəzərdə tutulan mənada bu maddələrin pozuntusunun "qurbanı" olduğunu iddia edə bilməz.
117. Buradan belə nəticə çıxır ki, birinci ərizəçinin şikayəti 35-ci maddənin 3-cü bəndində nəzərdə tutulan mənada şəxs meyarına görə (ratione personae) Konvensiyanın müddəalarına ziddir və buna görə də 35-ci maddənin 4-cü bəndinə uyğun olaraq rədd edilməlidir.
B. Konvensiyanın 6-cı maddəsinin iddia edilən pozuntusu
118. Ərizəçilər 6-cı maddənin pozulduğunu iddia etdilər, həmin maddənin müvafiq hissələrində aşağıdakılar nəzərdə tutulur:
"Hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən ... məhkəmə vasitəsilə ... işinin ədalətli ... araşdırılması hüququna malikdir".
1. 6-cı maddənin bu işə tətbiqinin mümkünlüyü məsələsi
119. 6-cı maddənin 1-ci bəndi mülki "hüquqlar" barəsindəki mübahisələrə (disputlara) aiddir, elə hüquqlar ki, Konvensiya ilə qorunan hüquq olub-olmadıqlarından asılı olmayaraq, onların ən azı daxili qanunvericilikdə tanındığını tutarlı əsaslarla iddia etmək mümkün olsun (bir çox digər qərarlar arasında bax: Kipr Türkiyəyə qarşı [BP], ərizə № 25781/94, 233-cü bənd, ECHR 2001‑IV; Əl-Adsani Birləşmiş Krallığa qarşı [BP], ərizə № 35763/97, 46-cı bənd, ECHR 2001‑XI; Foqarti Birləşmiş Krallığa qarşı [BP], ərizə № 37112/97, 24-cü bənd, ECHR 2001‑XI (çıxarışlar); Çudak Litvaya qarşı [BP], ərizə № 15869/02, 45-ci bənd, ECHR 2010; Sabeh Əl-Leyl Fransaya qarşı [BP], ərizə № 34869/05, 40-cı bənd, 29 iyun 2011-ci il). Mübahisə həqiqi və ciddi olmalı; təkcə hüququn faktiki mövcudluğuna aid olmamalı, həm də onun hüdudlarına və həyata keçirilmə üsuluna aid olmalıdır; və nəhayət, məhkəmə prosesinin nəticəsi sözügedən hüquq üçün birbaşa həlledici əhəmiyyət daşımalıdır (bir çox digər qərarlar arasında bax: Zander İsveçə qarşı, 25 noyabr 1993-cü il, 22-ci bənd, A seriyaları, № 279-B; Markoviç və başqaları İtaliyaya qarşı [BP], ərizə № 1398/03, 93-cü bənd, ECHR 2006‑XIV; və Mikaleff Maltaya qarşı [BP], ərizə № 17056/06, 74-cü bənd, ECHR 2009).
120. Məhkəmə qəbul edir ki, ərizəçilərin iddia etdikləri hüquq ölkədaxili müqavilə hüququna və delikt hüququna əsaslanır (yuxarıda 55-ci bəndə bax) və beləliklə mülki hüquqdur. Şübhə yoxdur ki, bu işdə mübahisə mövcud idi; o, kifayət qədər ciddi idi; və məhkəmə prosesinin nəticəsi sözügedən hüquq üçün birbaşa həlledici əhəmiyyət daşıyırdı. Ərizəçilərin iddialarına daxili məhkəmələrin necə yanaşdıqlarını və Mustafiçin işi ilə Nuxanoviçin işində Haaqa Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qərarları nəzərə alaraq (yuxarıda 110-cu bəndə bax), Məhkəmə hətta belə güman etməyə hazırdır ki, ərizəçilərin iddia tələbi Niderlandın daxili qanunvericiliyinə əsasən "tutarlı" əsasa malikdir (bax (müvafiq dəyişikliklərlə): Əl-Adsaninin işi üzrə yuxarıda istinad edilən qərar, 48-ci bənd). Xülasə, 6-cı maddə bu işə tətbiq edilə bilər.
2. Birləşmiş Millətlər Təşkilatının immuniteti
a) Ərizəçilərin arqumentləri
121. Ərizəçilər şikayət etdilər ki, daxili məhkəmələrin yurisdiksiyasına qarşı Birləşmiş Millətlər Təşkilatının immunitetinin Niderland məhkəmələri tərəfindən tanınması onların məhkəməyə müraciət hüququnu pozub.
122. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 105-ci maddəsinin mətnində nəzərdə tutulur ki, Birləşmiş Millətlər Təşkilatı immunitetə malikdir və bu immunitet xaraktercə mütləq deyil, funksional immunitetdir. Bu immunitet təşkilatın öz vəzifələrini müstəqil şəkildə həyata keçirməsi zərurəti ilə əsaslandırılır və immunitetin hüdudları bu zərurətlə məhdudlaşır. Müvafiq olaraq, Birləşmiş Millətlər Təşkilatı öz immunitetinə istinad etdiyi bütün hallarda daxili məhkəmələr bu immunitetin mövcudluğu üçün funksional zərurətin olub-olmadığını müəyyənləşdirməlidirlər.
123. Milli məhkəmələrin yurisdiksiyasına qarşı beynəlxalq təşkilatların immuniteti dövlətlərin malik olduğu immunitetdən fərqlidir. "Par in parem non habet imperium" ("bir subyekt özü ilə bərabər səviyyədə olan digər subyektin üzərində səlahiyyətə malik ola bilməz") prinsipinə əsasən, digər dövlətlərin məhkəmələrinin yurisdiksiyasına qarşı xarici dövlətlərin immuniteti suveren bərabərlik prinsipinə əsaslandığına görə məhkəməyə müraciət hüququ aradan qalxmış olur, bununla belə, xarici dövlətlərə qarşı onların öz məhkəmələrində iddia qaldırmaq mümkün olaraq qalır.
124. İmtiyazlar və immunitetlər haqqında Konvensiyasının II maddəsinin 2-ci bölməsində Birləşmiş Millətlər Təşkilatının öz immunitetindən imtina etməsinin mümkünlüyü barədə aydın müddəa nəzərdə tutulub. Bundan başqa, İnsan Hüquqları Komissiyasının xüsusi məruzəçisinin məhkəmə prosesinə qarşı immunitetinin fərqliliyinə dair məsləhət rəyinin 61-ci bədində Beynəlxalq Məhkəmə izah edib ki, Birləşmiş Millətlər Təşkilatının rəsmi şəxsinin (sözügedən halda insan hüquqları üzrə xüsusi məruzəçinin) immunitetə malik olduğu öncədən ehtimal edilir və daxili məhkəmələr bunu "mümkün qədər ciddi surətdə" nəzərə almalıdırlar, lakin "son dərəcə inandırıcı əsaslar olduqda" bu ehtimal nəzərə alınmaya bilər.
125. Birləşmiş Millətlər Təşkilatının imtiyazları və immunitetləri haqqında Konvensiyanın VIII maddəsinin 29-cu bölməsi Birləşmiş Millətlər Təşkilatından tələb edir ki, iştirakçısı olduğu mübahisələrin həlli üçün müvafiq mexanizmlər təşkil etsin. Buradan görünür ki, Birləşmiş Millətlər Təşkilatının immunitetinin ədalət mühakiməsindən de fakto yayınmağa gətirib çıxaracağı hallara yol verməmək üçün müvafiq vasitələrə ehtiyac olduğu dərk edilir.
126. Məhkəmə formasında alternativ hüquqi müdafiə vasitəsinin mövcudluğunun mühümlüyü milli məhkəmələrin yurisdiksiyasına qarşı beynəlxalq təşkilatların immunitetinə dair Avropa Məhkəməsinin presedent hüququnda, konkret olaraq yuxarıda istinad edilən Veyt və Kennedi Almaniyaya qarşı işdə də təsdiqlənib.
127. Konkret olaraq bu hala gəlincə, 1999-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş katibi qiymətləndirmədə yanlışlıqların olduğunu və fundamental səhvlərə yol verildiyini etiraf edib. O, bu nəticəyə gəlib ki, "bütövlükdə beynəlxalq birlik", o cümlədən "Təhlükəsizlik Şurası, Təmas Qrupu və müharibənin ilkin mərhələlərində güc tətbiqinin yubanmasına şərait yaratmış hökumətlər, eləcə də ... Birləşmiş Millətlər Təşkilatının Katibliyi və ərazidəki missiyası" buna görə məsuliyyət daşıyırlar.
128. Srebrenitsadakı qətliam, həm KYBCT tərəfindən (Krstiçin işində), həm də Beynəlxalq Məhkəmə tərəfindən (Bosniya və Herseqovina Serbiya və Monteneqroya qarşı işdə) müəyyən edildiyi kimi, soyqırım aktı idi. Bosniya və Herseqovina Serbiya və Monteneqroya qarşı iş üzrə qərar xüsusən ona görə əhəmiyyətli idi ki, həmin qərarda soyqırımın qarşısını almaq öhdəliyi müəyyən edilmişdi, orada deyilirdi: bu məqsədlə dövlətlər imkanları daxilində olan bütün tədbirləri görməlidirlər və istənilən halda sərəncamlarındakı vasitələrin yetərli olmadığını iddia etməklə və ya sübuta yetirməklə beynəlxalq məsuliyyətlərindən yaxalarını kənara çəkə bilməzlər, ona görə ki, bir neçə dövlətin birgə səyləri soyqırımın qarşısını almaq üçün kifayət edə bilər.
129. Birləşmiş Millətlər Təşkilatının hazırkı Baş katibi bu işdə ərizəçilərin vəsatətlərinə cavab olaraq bildirib ki, "II Dünya Müharibəsindən bəri Avropa torpağında törədilmiş ən dəhşətli cinayətlərə görə" ədalət mühakiməsi tələb etmək Srebrenitsa qətliamlarında sağ qalanların "mütləq hüququdur" və bu tələbə dəstəyini ifadə edib. Eynilə, 8 oktyabr 2009-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasındakı çıxışında KYBCT-nin o vaxtkı sədri beynəlxalq birliyin keçmiş Yuqoslaviyada baş vermiş münaqişələrin qurbanlarının müraciət edə biləcəyi səmərəli hüquqi müdafiə vasitələri yaratmamasını tənqid edib.
130. Ali Məhkəmə Veyt və Kennedinin işi üzrə qərara Birləşmiş Millətlər Təşkilatını digər beynəlxalq təşkilatlardan fərqləndirən qərar kimi şərh verməkdə səhvə yol verib. Veyt və Kennedinin işi üzrə qərarda Avropa Məhkəməsinin özü tərəfindən belə fərq qoyulmayıb. Bundan başqa, "Beynəlxalq təşkilatların məsuliyyətinə dair maddələr layihəsi" ilə əlaqədar şərhlərində Birləşmiş Millətlər Təşkilatının Katibliyi bir tərəfdən dövlətlərlə beynəlxalq təşkilatlar arasındakı fərqi, digər tərəfdən beynəlxalq təşkilatların özləri arasındakı fərqi etiraf edib, amma bununla belə izah edib ki, Birləşmiş Millətlər Təşkilatını həmin "Maddələr layihəsi"ndə nəzərdə tutulmuş beynəlxalq təşkilat hesab edir. Beynəlxalq Hüquq İnstitutu, məsələn, "Beynəlxalq təşkilatların üçüncü tərəflər qarşısındakı öhdəliklərini yerinə yetirməməsinin üzv dövlətlər üçün doğurduğu hüquqi nəticələr haqqında qətnamə"sində bu cür fərq qoymayıb, eləcə də fəaliyyətləri əsas etibarı ilə "ənənəvi mənada" beynəlxalq təşkilatlar kimi başa düşülən təşkilatları əhatə edən Beynəlxalq Hüquq Assosiasiyası bu təşkilatlarla Birləşmiş Millətlər Təşkilatı arasında fərq qoymayıb.
131. Ali Məhkəmə Bəhrami və Bəhrami Fransaya qarşı və Saramati Fransaya, Almaniyaya və Norveçə qarşı iş üzrə Avropa Məhkəməsinin qərardadının Birləşmiş Millətlər Təşkilatının milli məhkəmələrin yurisdiksiyasına qarşı mütləq (qeyri-məhdud) immunitetə malik olduğunu göstərən qərardad olduğu barədə nəticə çıxarmaqda səhvə yol verib. Avropa Məhkəməsinin qərardadının milli məhkəmələrin yurisdiksiyasına qarşı immunitet məsələsinə qətiyyən aidiyyəti yox idi: əslində bu Məhkəmə bildirmişdi ki, Birləşmiş Millətlər Təşkilatına qarşı işə baxmaq üçün şəxs meyarına görə (ratione personae) yurisdiksiyaya malik deyil.
132. Ali Məhkəmənin qərarı ərizəçiləri "məhkəməyə müraciət etmək" imkanından tamamilə məhrum etmişdi. Birləşmiş Millətlər Təşkilatına qarşı hüquqlarını müdafiə etmək üçün onların ixtiyarında milli məhkəmələrə alternativ olan hər hansı vasitə yox idi. Avropa Məhkəməsi bu cür yurisdiksional alternativin olmamasını öz qərarlarında, o cümlədən Veyt və Kennedinin işi qzrə qərarında və (xarici dövlətlərin suveren immuniteti məsələsi ilə əlaqədar) Foqarti Birləşmiş Krallığa qarşı iş üzrə qərarında ([BP], ərizə № 37112/97, ECHR 2001‑XI, çıxarılşlar), habelə Çudak Litvaya qarşı ([BP], ərizə № 15869/02, ECHR 2010); Sabeh Əl-Leyl Fransaya qarşı ([BP], ərizə № 34869/05, 29 iyun 2011-ci il) və Vallishauer Avstriyaya qarşı (ərizə № 156/04, 17 iyul 2012-ci il) iş üzrə qərarlarında prinsipcə Konvensiyanın 6-cı maddəsinə zidd hesab edib.
133. Ali Məhkəmə Birləşmiş Millətlər Təşkilatının imtiyazları və immunitetləri haqqında Konvensiyanın VIII maddəsinin 29-cu bölməsini nəzərə almayıb, həmin bölmədə Birləşmiş Millətlər Təşkilatından tələb olunur ki, iştirakçısı olduğu mübahisələrin həlli üçün müəyyən sistem təşkil etsin. Beləliklə, Ali Məhkəmə Vyana Konvensiyasının 32-ci maddəsində nəzərdə tutulmuş "açıq-aydın absurd və ya məntiqsiz" nəticəyə gəlib. Əslində daxili məhkəmələr və Avropa Məhkəməsinin özü insan hüquqlarına aid müqavilə olan İnsan hüquqları haqqında Avropa Konvensiyasının xüsusi xarakterini, eləcə də Beynəlxalq Hüquq Komissiyası və Beynəlxalq Hüquq Assosiasiyası kimi beynəlxalq qurumların tövsiyələrini nəzərə almalıdır.
134. Nəhayət, Ali Məhkəmə bir-birinə zidd olan maraqlar arasında balansı gözləməyib. Milli məhkəmələrin yurisdiksiyasına qarşı Birləşmiş Millətlər Təşkilatının immuniteti hansı marağa xidmət edirsə-etsin, mübahisənin həlli üçün heç bir alternativ forma olmadığı halda mütləq (qeyri-məhdud) immunitet qəbuledilməz idi. Baxdıqları işdə Birləşmiş Millətlər Təşkilatının Baş katibinin bu təşkilatın immunitetindən imtina etməməsi ilə üzləşmiş Niderland məhkəmələri hər halda belə qənaətə gəlməli idilər ki, ərizəçilərin iddia tələblərinə baxmaq üçün inandırıcı əsaslar var.
b) Məhkəmənin qiymətləndirməsi
i. Məhkəmənin icraatındakı işin əhatə dairəsi
135. Niderlandda ərizəçilərin başladıqları məhkəmə prosesi Srebrenitsa qətliamı ilə bağlı qaldırılmış ilk məhkəmə işi deyil. Srebrenitsa qətliamı ilə əlaqədar Serb Respublikasına qarşı şikayətlər Bosniya və Herseqovinada səlahiyyətli ölkədaxili məhkəmə orqanı olan İnsan Hüquqları Palatasına təqdim edilib; bu orqan zaman meyarına görə (ratione temporis) qətliamın özünü araşdırmaq səlahiyyətinə malik olmasa da, qurbanların sağ qalmış qohumlarının həmin qətliam nəticəsində ziyana məruz qaldıqlarını təsdiq edə və bununla bağlı kompensasiya təyin edə bilər (yuxarıda 48-ci bəndə bax).
136. Məhkəmə həmçinin qeyd edir ki, Fransada, Niderlandda və Serb Respublikasında qətliamın ətrafındakı hadisələrlə əlaqədar az və ya çox dərəcədə təfsilatlı ölkədaxili təhqiqatlar aparılıb (yuxarıda 26-40-cı bəndlərə bax). Belə təhqiqatların biri Niderland Hökumətinin istefası ilə nəticələnib (yuxarıda 30-cu bəndə bax).
137. Lakin Srebrenitsadakı qətliama və ya onun nəticələrinə görə məsuliyyəti Birləşmiş Millətlər Təşkilatının və ya Niderland dövlətinin, yaxud hər hansı digər hüquqi və ya fiziki şəxsin üzərinə qoymaq hazırkı şikayət ərizəsinin əhatə dairəsinə düşən məsələ deyil. Eləcə də Məhkəmə Birləşmiş Millətlər Təşkilatının öz immunitetindən imtina etməsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Baş katibinin hər hansı mənəvi və ya hüquqi öhdəlik daşıyıb-daşımadığını nəzərdən keçirə bilməz. O, yalnız bu məsələyə dair qərar çıxara bilər ki, milli məhkəmələrin yurisdiksiyasına qarşı Birləşmiş Millətlər Təşkilatına immunitet verməklə Niderland ərizəçilərin Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən "məhkəməyə müraciət" hüququnu pozubmu?
138. Məhkəmə bir daha xatırladır ki, demokratik cəmiyyətdə qanunun aliliyi prinsipini nəzərə alsaq, milli qanunvericilikdə nəzərdə tutulan məhkəməyə müraciət imkanı şəxsin "məhkəməyə müraciət etmək hüququnu" təmin etmək üçün yetərli dərəcədə olmalıdır (bax: Eşinqdeyn Birləşmiş Krallığa qarşı, 28 may 1985-ci il, 57-ci bənd, A seriyaları, № 93; Belye Fransaya qarşı, 4 dekabr 1995-ci il, 36-cı bənd, A seriyaları, № 333-B; və F.E. Fransaya qarşı, 30 oktyabr 1998-ci il, 46-cı bənd, Reports of Judgments and Decisions 1998‑VII). Danılmaz faktdır ki, hər hansı fiziki şəxsə və ya dövlət məmuruna məhkəmələrin yurisdksiyasına qarşı immunitet verilirsə, bu, Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən "məhkəməyə müraciət" hüququna öz təsirini göstərir (bax: Sabeh Əl-Leylin işi üzrə yuxarıda istinad edilən qərar, 50-ci bənd).
ii. Tətbiq edilə bilən prinsiplər
139. Özünün presedent hüququnda Məhkəmənin bərqərar etdiyi prinsiplər aşağıdakılardır:
a) 6-cı maddənin 1-ci bəndi hər kəsin mülki hüquq və vəzifələri ilə bağlı hər hansı iddiasını məhkəmə qarşısında və ya məhkəmə funksiyalarını yerinə yetirən digər orqan qarşısında qaldırmaq hüququnu təmin edir. Bununla da bu maddə "məhkəmə araşdırması hüququnu" təsbit etmiş olur, məhkəməyə müraciət hüququ, yəni məhkəmələrdə mülki məsələlərlə bağlı iş qaldırmaq hüququ isə məhkəmə araşdırması hüququnun yalnız bir aspektini təşkil edir (bax: Qolder Birləşmiş Krallığa qarşı, 21 fevral 1975-ci il, 36-cı bənd, A seriyaları, № 18; həmçinin bir çox digər qərarlar arasında bax: Veyt və Kennedinin işi üzrə yuxarıda istinad edilən qərar, 50-ci bənd; və Beyer və Reqanın işi üzrə yuxarıda istinad edilən qərar, 49-cu bənd).
b) Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə təmin edilən məhkəmələrə müraciət hüququ mütləq hüquq deyil və müəyyən məhdudiyyətlərə məruz qala bilər; məhdudiyyətlərə dolayısı ilə ona görə yol verilir ki, məhkəməyə müraciət hüququ öz təbiətinə görə dövlət tərəfindən tənzimlənmə tələb edir. Bu məsələdə iştirakçı dövlətlər müəyyən qiymətləndirmə sərbəstliyinə malikdirlər, hərçənd ki, onların Konvensiyanın tələblərinə riayət edib-etməmələri barədə yekun qərar vermək Məhkəmənin üzərinə düşür. O, əmin olmalıdır ki, tətbiq edilən məhdudiyyətlər məhkəməyə müraciət hüququnu onun mahiyyətinə xələl gətirə biləcək şəkildə və ya dərəcədə məhdudlaşdırmır və ya azaltmır. Bundan başqa, məhdudiyyət qanuni məqsəd daşımırsa və tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi yoxdursa, o halda həmin məhdudiyyət 6-cı maddənin 1-ci bəndinə uyğun olmayacaq (bir çox digər qərarlar arasında bax: Veyt və Kennedinin işi üzrə yuxarıda istinad edilən qərar, 59-cu bənd).
c) Beynəlxalq təşkilatlara imtiyaz və immunitetlərin verilməsi həmin təşkilatların ayrı-ayrı hökumətlərin birtərəfli müdaxiləsindən asılı olmadan lazımi qaydada fəaliyyət göstərməsini təmin etməyin mühüm vasitəsidir. Adətən beynəlxalq təşkilatların təsis müqavilələrinə və ya əlavə sazişlərə əsasən milli məhkəmələrin yurisdiksiyasına qarşı dövlətlər tərəfindən həmin təşkilatlara immunitet verilməsi bu təşkilatların yaxşı işləyə bilməsinin maraqları naminə bərqərar olmuş çoxdankı praktikadır. Müasir cəmiyyətin fəaliyyətlərinin bütün sahələrində beynəlxalq əməkdaşlığın genişləndirilməsi və gücləndirilməsi tendensiyası bu praktikanın əhəmiyyətini daha da artırır. Bunları nəzərə alsaq, milli məhkəmələrin yurisdiksiyasına qarşı beynəlxalq təşkilatlara verilən immunitetin qanuni məqsəd daşıdığı qənaətinə gəlmək olar (xüsusən Veyt və Kennedinin işi üzrə qərarın 63-cü bəndinə bax).
d) Dövlətlər müəyyən fəaliyyət sahələrində əməkdaşlığı həyata keçirmək və ya gücləndirmək məqsədi ilə beynəlxalq təşkilatlar yaratdıqda və bu təşkilatlara müəyyən səlahiyyətlər və immunitetlər verdikdə əsas hüquqların müdafiəsi zərurəti yarana bilər. Lakin iştirakçı dövlətlər bu cür səlahiyyət və immunitetlərin şamil olunduğu fəaliyyət sahələri ilə bağlı Konvensiyada nəzərdə tutulmuş məsuliyyətlərindən bu yolla azad edilirlərsə, bu hal Konvensiyanın məqsəd və vəzifələrinə ziddir. Xatırlatmaq lazımdır ki, Konvensiya nəzəri və ya xəyali hüquqları deyil, praktiki və səmərəli hüquqları müdafiə etmək məqsədini daşıyır. Ədalətli məhkəmə araşdırması hüququnun demokratik cəmiyyətdə mühüm yer tutduğunu nəzərə alsaq, bu sözlər xüsusən məhkəmələrə müraciət hüququna aiddir (Veyt və Kennedinin işi üzrə qərar, 67-ci bənd). Dövlət Konvensiyanın müddəalarını tətbiq edən orqanlar tərəfindən məhdudiyyət və ya nəzarət olmadan bir sıra mülki iddiaları məhkəmələrin yurisdiksiyasından xaric edə, yaxud müəyyən şəxslər kateqoriyasına mülki məsuliyyətə qarşı immunitet verə bilsəydi, bu hal demokratik cəmiyyətdə qanunun aliliyi prinsipinə və ya 6-cı maddənin 1-ci bəndinin kökündə duran prinsipə (yəni "mülki iddiaların həll edilmək üçün hakimə təqdim edilməsi mümkün olmalıdır" prinsipinə) uyğun olmazdı (bax (müvafiq dəyişikliklərlə): Sabeh Əl-Leylin işi üzrə yuxarıda istinad edilən qərar, 50-ci bənd).
e) Konvensiya, o cümədən 6-cı maddə vakuum şəraitində şərh olunmamalıdır. Məhkəmə insan hüquqlarına dair müqavilə qismində Konvensiyanın xüsusi xarakterinə diqqət yetirməli, həmçinin beynəlxalq hüququn müvafiq normalarını da nəzərə almalıdır (digər qərarlar arasında bax (müvafiq dəyişikliklərlə): Loizidu Türkiyəyə qarşı, 18 dekabr 1996-cı il tarixli qərar (şikayətin mahiyyətinə aid olan hissə), 43-ü bənd, Reports 1996-VI; Əl-Adsaninin işi üzrə yuxarıda istinad edilən qərar, 55-ci bənd; və Nada İsveçrəyə qarşı [BP], ərizə № 10593/08, 169-cu bənd, ECHR 2012). Konvensiya tərkib hissəsi olduğu beynəlxalq hüququn digər normaları ilə, o cümlədən dövlətə (Məhkəmə buraya bu sözləri əlavə edə bilər: "və ya beynəlxalq təşkilata") immunitet verilməsinə aid olan normalarla mümkün qədər uzlaşan şəkildə şərh olunmalıdır (bax: Loizidunun işi üzrə yuxarıda istinad edilən qərar, 43-cü bənd; Foqartinin işi üzrə yuxarıda istinad edilən qərar, 35-ci bənd; Çudakın işi üzrə yuxarıda istinad edilən qərar, 56-cı bənd; və Sabeh Əl-Leylin işi üzrə yuxarıda istinad edilən qərar, 48-ci bənd).
f) Yüksək Müqavilə Tərəfinin həyata keçirdiyi və dövlətin (Məhkəmə buraya bu sözləri əlavə edə bilər: "və ya beynəlxalq təşkilatın") immunitetinə dair hamılıqla tanınan ümumi beynəlxalq hüquq normalarını əks etdirən tədbirlər 6-cı maddənin 1-ci bəndində təsbit olunmuş məhkəməyə müraciət hüququna prinsipcə qeyri-mütənasib məhdudiyyətlər qoyan tədbirlər sayıla bilməz. Məhkəməyə müraciət hüququ bu maddə ilə təmin edilən ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi olduğu kimi, məhkəməyə müraciət hüququna qoyulan məhdudiyyətlər də bu hüququn ayrılmaz tərkib hissəsi sayıla bilər. Buna misal olaraq milli məhkəmələrin yurisdiksiyasına qarşı immunitet (istər xarici suveren dövlətin, istərsə də beynəlxalq təşkilatın immuniteti) doktrinasının tərkib hissəsi olan, millətlər birliyi tərəfindən hamılıqla qəbul edilən məhdudiyyətləri göstərmək olar (bax: Foqartinin işi üzrə yuxarıda istinad edilən qərar, 36-cı bənd; Çudakın işi üzrə yuxarıda istinad edilən qərar, 57-ci bənd).
g) Belə hesab edilir ki, dövlətlər yeni beynəlxalq öhdəliklər yaradarkən öz əvvəlki öhdəliklərindən geri çəkilməməlidirlər. Bir-birinə açıq-aydın zidd olan bir neçə müqavilə eyni vaxtda tətbiq edilirsə, beynəlxalq presedent hüququnda və elmi rəylərdə onlara elə şərh verilməlidir ki, həmin şərh onların təsirlərini uzlaşdırsın və onlar arasındakı hər hansı ziddiyyəti aradan qaldırsın. Beləliklə, bir-biri ilə uzlaşmayan iki öhdəlik mümkün qədər uyğunlaşdırılmalıdır ki, onların nəticələri mövcud qanunvericiliyə uyğun olsun (bax: Nada İsveçrəyə qarşı iş üzrə yuxarıda istinad edilən qərar, 170-ci bənd).
iii. Yuxarıdakı prinsiplərin bu işə tətbiqi
140. Ərizəçilərin arqumentinin əsasını üç məsələ təşkil edir. Onlardan birincisi milli məhkəmələrin yurisdiksiyasına qarşı beynəlxalq təşkilatların malik olduğu immunitetin xarakterindən ibarətdir və ərizəçilərin bildirdiyinə görə, bu immunitet funksional xarakter daşıyır; bu baxımdan o, xarici dövlətlərin malik olduğu suveren immunitetlə kontrast təşkil edir, belə ki, sonuncu immunitet dövlətlərin öz aralarındakı suveren bərabərliyinə əsaslanır. İkinci məsələ ərizəçilərin iddia tələbinin xarakterindən ibarətdir, belə ki, bu tələb Srebrenitsada törədilmiş soyqırımdan irəli gələn iddia tələbidir və onların bildirdiyinə görə, Birləşmiş Millətlər Təşkilatının malik ola biləcəyi hər hansı immunitetdən daha yüksəkdir. Üçüncü məsələ onların Birləşmiş Millətlər Təşkilatına qarşı iddia tələbinə baxmaq səlahiyyətinə malik olan hər hansı alternativ orqanın olmamasından ibarətdir. Məhkəmə növbə ilə bu məsələlərin hər birini nəzərdən keçirəcək.
α. Birləşmiş Millətlər Təşkilatınım malik olduğu immunitetin xarakteri
141. Məhkəmə dövlətlərin praktikasında və beynəlxalq hüquq doktrinasında Birləşmiş Millətlər Təşkilatının immunitetinə müxtəlif anlayışlar verildiyini nəzərə alır. Belə ki, 15 sentyabr 1969-cu il tarixli qərarında (Manderlye Birləşmiş Millətlər Təşkilatına və Belçika dövlətinə qarşı, Pasicrisie belge, 1969, II, page 247, (1969) 69 International Law Reports 169) Brüssel Apellyasiya Məhkəməsi sözügedən immunitetin mütləq immunitet olduğunu nəzərdə tutan əsaslandırmanı qəbul etdi. Əksinə, Askir Butros-Qaliyə qarşı işdə (933 F.Supp. 368 (1996)) Nyu-York dairə məhkəməsi Birləşmiş Millətlər Təşkilatının immunitetini nəzərdən keçirərkən ona xarici suveren dövlətin məhdudlaşdırılan immunitetinə uyğun gələn anlayış verdi və faktiki olaraq bu rəyə gəldi ki, həmin işdə hərbi əməliyyatlar acta jure imperii (dövlətin öz suveren səlahiyyətlərini həyata keçirərkən etdiyi hərəkətlər) idi. Sülhyaratma əməliyyatlarını həyata keçirən qüvvələrə Birləşmiş Millətlər Təşkilatının "yardımçı orqanları" kimi baxılır və Birləşmiş Millətlər Təşkilatının Katibliyi məsuliyyət məsələsi ilə əlaqədar olaraq onlara funksional "komandanlıq və nəzarət" testini tətbiq edir, lakin həm də bildirir ki, təşkilat yerli məhkəmələrdə immunitetə malikdir ("Birləşmiş Millətlər Təşkilatının müdafiə qüvvələrinin, Birləşmiş Millətlər Təşkilatının Xorvatiyada etimadın bərpası üzrə əməliyyatının, Birləşmiş Millətlər Təşkilatının preventiv yerləşdirmə qüvvələrinin və Birləşmiş Millətlər Təşkilatının sülh qüvvələrinin baş qərargahlarının maliyyələşdirilməsi haqqında" Birləşmiş Millətlər Təşkilatının Baş katibinin hesabatı və "Birləşmiş Millətlər Təşkilatının sülhyaratma əməliyyatlarının maliyyələşdirilməsinin inzibati və büdcə aspektləri: Birləşmiş Millətlər Təşkilatının sülhyaratma əməliyyatlarının maliyyələşdirilməsi", UN Doc A/51/389, 7 və 17-ci bəndlər; "Beynəlxalq təşkilatların məsuliyyəti: beynəlxalq təşkilatlardan alınmış şərhlər və qeydlər", UN Doc A/CN.4/637/Add.1). Beynəlxalq Hüquq Komissiyasının "Beynəlxalq təşkilatların məsuliyyətinə dair maddələr layihəsi"nin müddəaları Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin müddəalarına xələl gətirməməlidir (Beynəlxalq Hüquq Komissiyasının altmış üçüncü sessiyası, UN Doc A/66/10, Beynəlxalq Hüquq Komissiyasının İllik məcmuəsinə bax, II cild, İkinci hissə; həmçinin Maddələr layihəsinin 67-ci maddəsinə bax).
142. Elmi rəy ondan ibarətdir ki, beynəlxalq təşkilatlar milli məhkəmələrin yurisdiksiyasına qarşı immunitetə malik olmaqda davam edirlər. Beynəlxalq Hüquq Assosiasiyası milli məhkəmələrin yurisdiksiyasına qarşı beynəlxalq təşkilatların immunitetini "qeyri-dövlət iddiaçılarının məhkəmə iddialarının yolunda həlledici maneə" kimi göstərir (Beynəlxalq Hüquq Assosiasiyası, Berlində keçirilmiş Yetmiş Birinci Konfransın hesabatı, 16-21 avqust 2004-cü il, 164-cü və sonrakı səhifələr, sitat 209-cu səhifədəndir). Bu həm də Beynəlxalq Hüquq İnstitutunun rəyidir (Beynəlxalq təşkilatların üçüncü tərəflər qarşısındakı öhdəliklərini yerinə yetirməməsinin üzv dövlətlər üçün doğurduğu hüquqi nəticələr, Lissabon Sessiyası, 1995-ci il, Annuaire de l’Institut de droit international 66-I, 251-ci və sonrakı səhifələr). Beynəlxalq Hüquq Assosiasiyası de lege ferenda ("qüvvədə olan qanun nöqteyi-nəzərindən") hesab edir ki, fərdlərin beynəlxalq təşkilatlara qarşı kompensasiyaya nail olmağa cəhd etməsi üçün hüquqi müdafiə vasitələri yaradılmalıdır (əgər belə vasitələr yaradılmayıbsa) və daha da irəliyə gedərək təklif edir ki, mübahisələrin həlli üzrə beynəlxalq orqana birbaşa müraciət imkanı mövcud olmadıqda bu rol milli məhkəmələrə verilsin (loc. cit., səh. 228).
143. Məhkəmə öz növbəsində xatırladır ki, BMT Nizamnaməsinin və digər beynəlxalq sənədlərin müddəalarının mənasına mötəbər şərh vermək onun funksiyasına aid deyil. Bununla belə, o, araşdırdığı mübahisəli məsələlərin həlli üçün həmin sənədlərdə inandırıcı əsas olub-olmadığını nəzərdən keçirməlidir (Bəhrami və Bəhrami Fransaya qarşı və Saramati Fransaya, Almaniyaya və Norveçə qarşı iş üzrə qərardadın 122-ci bəndinə bax).
144. Bundan başqa, yuxarıda qeyd edildiyi kimi (139(e) bəndinə bax), Konvensiya beynəlxalq hüququn tərkib hissəsini təşkil edir. Müvafiq olaraq, Məhkəmə dövlətin məsuliyyətini beynəlxalq hüququn tənzimləyici prinsiplərinə uyğun surətdə və onlarla uzlaşan tərzdə müəyyən etməli, lakin eyni zamanda insan hüquqlarına dair müqavilə qismində Konvensiyanın xüsusi xarakterini nəzərə almalıdır. Belə ki, 23 may 1969-cu il tarixli Müqavilələr hüququ haqqında Vyana Konvensiyası Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsindən sonra qəbul edilsə də, onun müddəaları Birləşmiş Millətlər Təşkilatının imtiyazları və immunitetləri haqqında Ümumi Konvensiyaya və Avropa Konvensiyasına birbaşa şamil olunmur (Vyana Konvensiyasının 4-cü maddəsinə bax) və Məhkəmə Vyana Konvensiyasının müddəalarını və xüsusən onun 31-ci maddəsinin 3-cü bəndinin "c" yarımbəndini yalnız həmin Konvensiyanın qəbulundan öncə mövcud olmuş beynəlxalq hüquq normalarının bu Konvensiyanın müddəaları tərəfindən kodifikasiya olunduğu dərəcədə nəzərə almalıdır (bax: Qolderin işi üzrə yuxarıda istinad edilən qərar, 29-cu bənd; son dövrlərin qərarları arasında bax (müvafiq dəyişikliklərlə): Əl-Adsaninin işi üzrə yuxarıda istinad edilən qərar, 55-ci bənd; Bəhrami və Bəhrami Fransaya qarşı və Saramati Fransaya, Almaniyaya və Norveçə qarşı iş üzrə yuxarıda istinad edilən qərardad, 122-ci bənd; və Çudakın işi üzrə yuxarıda istinad edilən qərar, 56-cı bənd).
145. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 103-cü maddəsində nəzərdə tutulur ki, Birləşmiş Millətlər Təşkilatının üzvü olan dövlətlərin Nizamnamədə nəzərdə tutulmuş öhdəlikləri hər hansı digər beynəlxalq sazişdə nəzərdə tutulmuş öhdəliklərlə ziddiyyətə girdikdə onlardan üstün tutulur. Məhkəmə digər işlərdə artıq bu maddənin, eləcə də Təhlükəsizlik Şurasının Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi əsasında ona verilən səlahiyyətlərdən istifadə etməsindən irəli gələn öhdəliklərin Konvensiyanın şərhinə təsiri ilə əlaqədar öz rəyini bildirmək imkanına malik olub (bax: Əl-Cedda Birləşmiş Krallığa qarşı [BP], ərizə № 27021/08, 102-ci bənd, ECHR 2011):
"... Məhkəmə Birləşmiş Millətlər Təşkilatının hansı məqsədlər üçün yaradıldığını nəzərə almalıdır. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 1-ci maddəsinin 1-ci bəndində beynəlxalq təhlükəsizliyin və sülhün mühafizəsi məqsədi əks olunduğu kimi, həmin maddənin üçüncü bəndində nəzərdə tutulur ki, Birləşmiş Millətlər Təşkilatı "insan hüquqlarına və əsas azadlıqlara hörmətin təşviqində və inkişafında beynəlxalq əməkdaşlığa nail olmaq" üçün yaradılıb. Nizamnamənin 24-cü maddəsinin 2-ci bəndində tələb olunur ki, Təhlükəsizlik Şurası beynəlxalq sülhün və təhlükəsizliyin mühafizəsi ilə bağlı əsas vəzifələri ilə əlaqədar öhdəliklərini yerinə yetirərkən "Birləşmiş Millətlər Təşkilatının məqsədlərinə və prinsiplərinə uyğun hərəkət etməlidir". Bunları nəzərə alaraq, Məhkəmə hesab edir ki, Təhlükəsizlik Şurasının qətnamələrini şərh edərkən belə ehtimal etmək lazımdır ki, Təhlükəsizlik Şurası üzv dövlətlərin üzərinə insan hüquqlarına dair fundamental prinsipləri pozan hər hansı öhdəlik qoymaq niyyətində olmur. Buna görə də, Təhlükəsizlik Şurası qətnaməsinin terminlərində hər hansı qeyri-müəyyənlik olduqda, Məhkəmə Konvensiyanın tələbləri ilə daha çox uzlaşan və öhdəliklərlə ziddiyyətə girməyən şərh variantına üstünlük verməlidir. İnsan hüquqlarına və əsas azadlıqlara hörmətin təşviqində və inkişafında Birləşmiş Millətlər Təşkilatının mühüm rolunu nəzərə alsaq, Təhlükəsizlik Şurası üzv dövlətlər tərəfindən insan hüquqlarına dair beynəlxalq hüquq normalarından irəli gələn öhdəliklərlə ziddiyyət təşkil edən konkret tədbirlər görülməsini istədikdə, onun aydın və dəqiq terminlərdən istifadə etməsi gözlənilir".
Nadanın işi üzrə qərarın 172-ci bəndində da təsdiq edildiyi kimi, yuxarıda qeyd edilən ehtimal təkzib oluna bilər.
146. İndi isə Məhkəmə Niderland məhkəmələri tərəfindən Birləşmiş Millətlər Təşkilatına verilən immunitetin araşdırılmasına keçir.
147. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 105-ci maddəsində nəzərdə tutulur ki, Birləşmiş Millətlər Təşkilatı "öz üzvlərinin hər birinin ərazisində öz məqsədlərinə nail olmaq üçün zəruri olan imtiyaz və immunitetlərdən istifadə edir".
148. Birləşmiş Millətlər Təşkilatının imtiyazları və immunitetləri haqqında Konvensiyanın II maddəsinin 2-ci bölməsində bu müddəa inkişaf etdirilərək nəzərdə tutulur ki, Birləşmiş Millətlər Təşkilatı, "konkret halda özünün immunitetindən aydın şəkildə imtina etdiyi hallar istisna olmaqla, istənilən formada məhkəmə müdaxiləsinə qarşı immunitetdən istifadə edir".
149. İndiyədək Məhkəmənin icraatında olmuş, milli məhkəmələrin yuisdiksiyasına qarşı beynəlxalq təşkilatların immuniteti məsələsinə aid olan əvvəlki işlər həmin təşkilatlarla onların üzvləri arasındakı mübahisələrə aid idi (bax: Veyt və Kennedinin və Beyer və Reqanın işləri üzrə yuxarıda istinad edilən qərar; həmçinin bax: Lopes Sifuentes İspaniyaya qarşı (qərardad), ərizə № 18754/06, 8 iyul 2009-cu il).
150. Bir sıra digər işlərdə Məhkəmədən xahiş edilib ki, beynəlxalq təşkilatların hərəkətlərinə görə Konvensiya iştirakçısı olan dövlətlər məsuliyyətə cəlb edilsinlər, ona görə ki, onlar həmin təşkilatların üzvləridirlər (Boven Fransaya və digər 33 dövlətə qarşı (qərardad), ərizə № 73250/01, ECHR 2008; Konnolli Avropa Şurasının üzvü olan 15 dövlətə qarşı (qərardad), ərizə № 73274/01, 9 dekabr 2009-cu il; Qasparini İtaliyaya və Belçikaya qarşı (qərardad), ərizə № 10750/03, 12 may 2009-cu il; Beyqo Avropa Şurasının üzvü olan 46 dövlətə qarşı (qərardad), ərizə № 36099/06, 16 iyun 2009-cu il; Rambus Inc. Almaniyaya qarşı (qərardad), ərizə № 40382/04, 16 iyun 2009-cu il; və Lekuritu və başqaları Almaniyaya və Avropa İttifaqının üzvü olan 26 dövlətə qarşı (qərardad), ərizə № 37937/07, 3 aprel 2012-ci il), yaxud həmin təşkilatlar və ya onların inzibati və ya məhkəmə orqanları bu dövlətlərin ərazisində yerləşir (xüsusən bu işlərə bax: Beriç və başqaları Bosniya və Herseqovinaya qarşı (qərardad), ərizələr № 36357/04, 36360/04, 38346/04, 41705/04, 45190/04, 45578/04, 45579/04, 45580/04, 91/05, 97/05, 100/05, 101/05, 1121/05, 1123/05, 1125/05, 1129/05, 1132/05, 1133/05, 1169/05, 1172/05, 1175/05, 1177/05, 1180/05, 1185/05, 20793/05 və 25496/05, 16 oktyabr 2007-ci il; Qaliç Niderlanda qarşı (qərardad), ərizə № 22617/07, ECHR 2009; Blaqoyeviç Niderlanda qarşı (qərardad), ərizə № 49032/07, 9 iyun 2009-cu il; və Cokaba Lambi Lonqa Niderlanda qarşı (qərardad), ərizə № 33917/12, ECHR 2012).
151. Bundan əlavə, Məhkəmədən xahiş edilib ki, iştirakçı dövlətlərin özlərinin hərəkətlərini üzv olduqları beynəlxalq təşkilatlara üzvlükləri baxımından nəzərdən keçirsin. Bununla bağlı Məhkəmə belə bir prezumpsiya (ehtimal) ifadə edib ki, əsas hüquqların müdafiəsini ən azı Konvensiyada nəzərdə tutulmuş hüquqların müdafiəsinə ekvivalent hesab etmək olarsa, o halda dövlətin Avropa İttifaqına üzvlüyündən irəli gələn hüquqi öhdəliklərinə uyğun olaraq etdiyi hərəkətlər Konvensiyanın tələblərinə uyğundur (xüsusən bu işlərə bax: Bosfor Hava Yolları Turizm və Ticarət Anonim Şirkəti İrlandiyaya qarşı [BP], ərizə № 45036/98, 156-cı bənd, ECHR 2005‑VI; və Cooperatieve Producentenorganisatie van de Nederlandse Kokkelvisserij U.A. Niderlanda qarşı (qərardad), ərizə № 13645/05, ECHR 2009).
152. Hazırkı iş yuxarıda qeyd edilən işlərin hamısından fərqlənir. Onun kökündə Təhlükəsizlik Şurasının Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin VII fəslində nəzərdə tutulmuş səlahiyyətlərindən istifadə etməsi ilə əlaqədar ərizəçilərlə Birləşmiş Millətlər Təşkilatı arasındakı mübahisə dayanır.
153. Məhkəmə, Təhlükəsizlik Şurasının qətnamələri kimi, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini və Birləşmiş Millətlər Təşkilatının fəaliyyətini tənzimləyən digər sənədləri də dövlətlərin insan hüquqlarına dair beynəlxalq hüquq normalarında nəzərdə tutulmuş öhdəliklərinə mümkün qədər uzlaşdırmaqla şərh edəcək.
154. Məhkəmə hesab edir ki, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin VII fəsli əsasında Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri ilə təyin olunan əməliyyatlar Birləşmiş Millətlər Təşkilatının beynəlxalq sülhü və təhlükəsizliyi təmin etmək missiyası üçün fundamental əhəmiyyət daşıdığına görə, Birləşmiş Millətlər Təşkilatının razılığı olmadan Konvensiya Təhlükəsizlik Şurasının hərəkətlərini və hərəkətsizliyini milli məhkəmələrin yurisdikyasından asılı hala salan formada şərh oluna bilməz. Belə əməliyyatların milli məhkəmələrin yurisdikyası çərçivəsinə salınması ayrı-ayrı dövlətlərə imkan yaradardı ki, Birləşmiş Millətlər Təşkilatının bu sahədə əsas missiyasını yerinə yetirməsinə, o cümlədən əməliyyatların faktiki olaraq aparılmasına müdaxilə etsinlər (bax (müvafiq dəyişikliklərlə): Bəhrami və Bəhrami Fransaya qarşı və Saramati Fransaya, Almaniyaya və Norveçə qarşı iş üzrə yuxarıda istinad edilən qərardad, 149-cu bənd).
155. Bundan başqa, Avropa Məhkəməsi İnsan Hüquqları Komissiyasının xüsusi məruzəçisinin məhkəmə prosesinə qarşı immunitetinin fərqliliyinə dair Beynəlxalq Məhkəmənin məsləhət rəyini nəzərə almaya bilməz (29 aprel 1999-cu ildə qəbul edilmiş məsləhət rəyi, I.C.J. Reports 1999, 62-ci və sonrakı bəndlər), həmin rəyin 66-cı bəndində Beynəlxalq Məhkəmə aşağıdakıları bildirib:
"Nəhayət, Məhkəmə qeyd etmək istərdi ki, məhkəmə prosesinə qarşı immunitet məsələsi Birləşmiş Millətlər Təşkilatının və ya onun rəsmi qaydada öz vəzifələrini yerinə yetirən nümayəndələrinin həyata keçirdiyi hərəkətlər nəticəsində dəymiş ziyana görə kompensasiya məsələsindən fərqləndirilməlidir.
Belə hərəkətlərdən irəli gələn ziyana görə Birləşmiş Millətlər Təşkilatının məsuliyyətə cəlb olunmasını tələb etmək olar. Lakin [Birləşmiş Millətlər Təşkilatının imtiyazları və immunitetləri haqqında] Konvensiyanın VIII maddəsinin 29-cu bölməsinin müddəalarından aydın göründüyü kimi, Birləşmiş Millətlər Təşkilatına qarşı belə iddia tələblərinə milli məhkəmələrdə baxıla bilməz və onlar 29-cu bölmənin müddəalarına uyğun olaraq "Birləşmiş Millətlər Təşkilatının müəyyən etdiyi" müvafiq həll üsulları vasitəsilə həll olunmalıdır. ..."
β. Birləşmiş Millətlər Təşkilatının malik olduğu immunitetin xarakteri
156. Ərizəçilər iddia edirlər ki, onların rəyinə əsasən onların tələbi Birləşmiş Millətlər Təşkilatının məsuliyyət daşıdığı soyqırım aktına əsaslandığına görə və soyqırıma qoyulan qadağa imperativ norma (jus cogens) olduğuna görə Birləşmiş Millətlər Təşkilatını qoruyan immunitet pərdəsi götürülməlidir.
157. Məhkəmə soyqırıma qoyulan qadağanı Yorgiç Almaniyaya qarşı işdə (ərizə № 74613/01, 68-ci bənd, ECHR 2007‑III) imperativ norma (jus cogens) kimi tanıyıb. Həmin işdə o, Soyqırım haqqında Konvensiyaya istinadən bu qənaətə gəlib ki, Almaniya ərizəçinin işinə baxılması üçün milli məhkəmələrin yurisdiksiyaya malik olduğunu iddia edə bilər (loc. cit., 68-70-ci bəndlər).
158. Lakin Yorgiçin işindən fərqli olaraq hazırkı iş cinayət məsuliyyətinə deyil, ölkədaxili mülki məhkəmələrin yurisdiksiyasına qarşı immunitetə aiddir. Beynəlxalq hüquq bu mövqeyi müdafiə etmir ki, təkcə beynəlxalq hüquq normasının, hətta o, imperativ norma (jus cogens) olsa belə, xüsusilə kobudcasına pozulması səbəbindən müvafiq mülki iddia məhkəmə araşdırmasına qarşı immuniteti aradan qaldırır. Xarici dövlətlərin suveren immuniteti məsələsi ilə əlaqədar olaraq bu mövqe Dövlətin yurisdiksiya immunitetlərinə aid iş (Almaniya İtaliyaya qarşı məhkəmə işi: Yunanıstan prosesə üçüncü tərəf qismində qatılıb) üzrə Beynəlxalq Məhkəmənin 3 fevral 2012-ci il tarixli qərarının 81-97-ci bəndlərində aydın şəkildə ifadə edilib. Məhkəmənin rəyinə görə, bu mövqe Birləşmiş Millətlər Təşkilatının malik olduğu immunitet üçün keçərlidir.
159. Baxmayaraq ki, İnsan Hüquqları Komissiyasının xüsusi məruzəçisinin məhkəmə prosesinə qarşı immunitetinin fərqliliyinə dair məsləhət rəyinin 61-ci bədində təklif olunan balansı gözləmək üçün Birləşmiş Millətlər Təşkilatının rəsmi şəxsinin immunitetini müqayisəli şəkildə qiymətləndirmək mümkündür, Məhkəmə hazırkı işdə Birləşmiş Millətlər Təşkilatının malik olduğu immunitetlə əlaqədar fərqli qənaətə gəlməkdən ötrü əsas görmür, eyni sözlər (Dövlətin yurisdiksiya immunitetlərinə aid işdən fərqli olaraq) hazırkı işdə necə qiymətləndirilmələrindən asılı olmayaraq Birləşmiş Millətlər Təşkilatının təqsirləndirildiyi məsələlərə xüsusilə aiddir, belə ki, nəticə etibarı ilə həmin məsələlər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin VIII fəsli əsasında hərəkət edən Təhlükəsizlik Şurasının qətnamələrindən irəli gəlib və buna görə də beynəlxalq hüquqda əsasa malikdir.
160. Nə Birləşmiş Millətlər Təşkilatının hazırkı Baş katibinin (Baş katib Ban Ki-Munun sözçüsünün müavini Mari Okabenin günorta brifinqinin qısa xülasəsi, BMT Qərargahı, Nyu-York, 8 iyun 2007-ci il), nə də KYBCT-nin keçmiş sədrinin (KYBCT-nin sədrinin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına müraciəti, 8 oktyabr 2009-cu il) ərizəçilər tərəfindən istinad edilən bəyanatları Məhkəmənin başqa qənaətə gəlməsinə əsas vermir. Hər iki bəyanatda dövlətlər Srebrenitsa qətliamının sağ qalmış qohumları üçün "ədaləti" təmin etməyə çağırılsalar da, həmin bəyanatlarda Birləşmiş Millətlər Təşkilatının Niderlandın milli məhkəmələri qarşısına çıxarılması barədə çağırış yoxdur: bəyanatların birincisi cinayət törədənlərin məhkəməyə verilməsinə və Srebrenitsanın bərpasına yardım göstərməyə, ikincisi isə iddia tələblərinə baxılması üçün komissiya və ya kompensasiya fondu yaratmağa çağırır.
γ. Heç bir alternativ yurisdiksiyanın olmaması
161. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qəbul etdiyi "İnsan hüquqlarına dair beynəlxalq hüququn kobud pozuntularına və beynəlxalq humanitar hüququn ciddi pozuntularına görə kompensasiya və pozulmuş hüquqların bərpası hüququ haqqında əsas prinsiplər və rəhbər müddəalar"da (A/RES/60/147 saylı qətnamə, 16 dekabr 2005-ci il) müxtəlif beynəlxalq sənədlərdə əks olunmuş "beynəlxalq humanitar hüququn pozuntularının qurbanlarının hüquqi müdafiə vasitələri ilə təmin edilmək hüququ" bir daha xatırladılır. Həmin rəhbər müddəalarda digər normalarla yanaşı Konvensiyanın 13-cü maddəsinə istinad edilir (preambulada bu maddədən sitat gətirilir). Rəhbər müddəalarda həmçinin müvafiq tədbirlər görülməsi və zəruri prosedurlar yaradılması dövlətlərdən tələb olunur. Beləliklə, rəhbər müddəalar mövcud beynəlxalq hüquq normalarında nəzərdə tutulmuş ədalət mühakiməsinə müraciət hüququnu bəyan etmiş olur (konkret olaraq bax: VIII maddə: "Ədalət mühakiməsinə çıxış" və XII maddə: "Öhdəliklərdən geri çəkilmənin yolverilməzliyi").
162. UNPROFOR-un hərəkətləri və ya hərəkətsizliyi ilə əlaqədar olaraq Birləşmiş Millətlər Təşkilatına qarşı hüquqi müdafiə vasitəsindən istifadə etmək üçün fərdlərin istinad edə biləcəyi yeganə beynəlxalq sənəd Birləşmiş Millətlər Təşkilatının Bosniya və Herseqovinadakı müdafiə qüvvələrinin statusuna dair 15 may 1993-cü il tarixli sazişdir (1722 United Nations Treaty Series (UNTS) 77), həmin sazişin 48-ci bəndi bu məqsəd üçün komissiya yaradılmasını tələb edir. Lakin belə məlum olur ki, hələlik bu həyata keçirilməyib.
163. Ərizəçilərin haqlı olaraq qeyd etdikləri kimi, Beyer və Reqanın işində (yuxarıda istinad edilən qərarın 58-ci bəndi) olduğu kimi Veyt və Kennedinin işində də (yuxarıda istinad edilən qərarın 68-ci bəndi) Məhkəmə bu qənaətə gəlib ki, daxili məhkəmələrin yurisdiksiyasına qarşı beynəlxalq təşkilata immunitet verilməsinin Konvensiyaya uyğunluğu məsələsinin həllində "önəmli amil" ərizəçilərin ixtiyarında Konvensiyada nəzərdə tutulmuş hüquqlarını müdafiə etmək üçün ağlabatan alternativ vasitələrin olub-olmamasından ibarətdir. Şübhə yoxdur ki, hazırkı işdə belə alternativ vasitələr nə Niderlandın daxili qanunvericiliyində, nə də Birləşmiş Millətlər Təşkilatının hüquqi sənədlərində nəzərdə tutulmayıb.
164. Lakin bu o demək deyil ki, alternativ hüquqi müdafiə vasitəsinin olmadığı bir şəraitdə immunitetin tanınması faktı məhkəməyə müraciət hüququnun pozuntusunu təşkil edir. Xarici dövlətlərin suveren immunitetinə gəlincə, Beynəlxalq Məhkəmə belə bir qaydanın mövcudluğunu açıq-aydın təkzib edib (Dövlətin yurisdiksiya immunitetlərinə aid iş (Almaniya İtaliyaya qarşı məhkəmə işi: Yunanıstan prosesə üçüncü tərəf qismində qatılıb), 101-ci bənd). Beynəlxalq təşkilatlara gəlincə, Beyer və Reqanın işi və Veyt və Kennedinin işi üzrə Avropa Məhkəməsinin qərarları da bu məsələdə qəti rəyə gəlməyə əsas verən qərarlar kimi şərh edilə bilməz.
165. İndi isə bu faktı nəzərdən keçirmək qalır ki, Birləşmiş Millətlər Təşkilatı indiyədək bu işdəkinə bənzər mübahisələrin həll edilməsi üçün müvafiq "həlli üsullarını" müəyyənləşdirməyib. Birləşmiş Millətlər Təşkilatının imtiyazları və immunitetləri haqqında Konvensiyanın VIII maddəsinin 29-cu bölməsinin hazırkı işdə mübahisələrin həlli üzrə orqanın yaradılmasını tələb edən müddəa kimi şərh edilməsinin mümkün olub-olmamasından asılı olmayaraq, bu vəziyyətin mövcudluğunda Niderland təqsirkar deyil. Həmçinin Konvensiyanın 6-cı maddəsi də Niderlandın bu məsələyə müdaxilə etməsini tələb etmir: yuxarıda qeyd edildiyi kimi, hazırkı iş milli məhkəmələrin yurisdiksiyasına qarşı beynəlxalq təşkilatların malik olduğu immunitetin Avropa Məhkəməsi tərəfindən araşdırdıldığı əvvəlki işlərdən kökündən fərqlənir və ərizəçilərin iddia tələblərinin xarakteri elədir ki, bu tələblər əsasında Niderland öz məhkəmələrində Birləşmiş Millətlər Təşkilatına qarşı hüquqi müdafiə vasitəsini təmin etməyə məcbur edilə bilməz.
δ. Niderland dövlətinə qarşı iddia tələbi ilə əlaqə
166. Ərizəçilər Konvensiyanın 13-cü maddəsinə əsasən şikayət etdilər ki, Niderland dövləti Srebrenitsadakı qətliamın qarşısının alınmamasına görə məsuliyyəti bütünlüklə Birləşmiş Millətlər Təşkilatının üzərinə atmağa çalışır və Birləşmiş Millətlər Təşkilatının mütləq immunitetə malik olduğunu nəzərə alsaq, bu, dövlətin bütün ərizəçilər qarşısındakı məsuliyyətindən yayınmaq cəhdi deməkdir. Məhkəmə bu şikayəti 13-cü maddə əsasında deyil, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi əsasında araşdırmağı məqsədəuyğun hesab edir.
167. Məhkəmə hazırda ərizəçilərin Niderland dövlətinə qarşı iddialarının uğursuzluqla nəticələnəcəyini sübuta yetirilmiş hesab edə bilməz. Haaqa Apellyasiya Məhkəməsi ən azı Mustafiçin və Nuxanoviçin işlərində Niderland hökumətinin hərəkətləri ilə, eləcə də Srebrenitsadakı qətliamında insanların ölümü ilə bağlı holland batalyonunun hərəkətləri ilə əlaqədar olaraq dövlətə qarşı qaldırılan iddialara baxmaq niyyətini nümayiş etdirib (yuxarıda 110-cu bəndə bax). Bundan başqa, Məhkəmə qeyd edir ki, hər iki işdə dövlətin hüquqi məsələlərə dair verdiyi şikayətlər hazırda məhkəmə icraatındadır (yuxarıda 111-ci bəndə bax).
168. Bütün hallarda, ərizəçilərin tələblərinin hər hansı cavabdehin immunitetindən üstün tutulmalı olub-olmaması müvafiq faktların müəyyən edilməsindən və substantiv (maddi-hüquqi) normaların daxili məhkəmələr tərəfindən tətbiqindən asılıdır. Ali Məhkəmənin ərizəçilərin işində və Mustafiçin və Nuxanoviçin işlərində qəbul edəcəyi hər hansı qərara xələl gətirmədən qeyd etmək lazımdır ki, 6-cı maddənin 1-ci bəndi iştirakçı dövlətlərin substantiv normalar sistemində (mülki) "hüquq və vəzifələrin" hər hansı konkret məzmununun nəzərdə tutulmasını təmin etmir: Məhkəmə 6-cı maddənin 1-ci bəndinin şərhi vasitəsilə müvafiq dövlətin qanunvericiliyində hüquqi əsası olmayan substantiv hüquq yarada bilməz (misal üçün bax: Z və başqaları Birləşmiş Krallığa qarşı [BP], ərizə № 29392/95, 98-ci bənd, ECHR 2001‑V; Roşe Birləşmiş Krallığa qarşı [BP], ərizə № 32555/96, 119-cu bənd, ECHR 2005‑X; və Bulua Lüksemburqa qarşı [BP], ərizə № 37575/04, 91-ci bənd, ECHR 2012).
ε. Nəticə
169. Yuxarıdakı qənaətlər əsasında Məhkəmənin bu nəticəyə gəlir ki, hazırkı işdə Birləşmiş Millətlər Təşkilatına immunitetin verilməsi qanuni məqsədə xidmət edib və qeyri-mütənasib addım olmayıb.
170. Buradan belə nəticə çıxır ki, bu şikayət ərizəsinin bu hissəsi açıq-aydın əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin "a" yarımbəndinə və 4-cü bəndinə uyğun olaraq rədd edilməlidir.
3. Ali Məhkəmənin ilkin qərar üçün Avropa İttifaqı Ədalət Məhkəməsinə müraciət etməkdən imtina etməsi
171. Ərizəçilər şikayət etdilər ki, Ali Məhkəmə çox qısa əsaslandırma təqdim etməklə ilkin qərar üçün Avropa İttifaqının Ədalət Məhkəməsinə müraciət etməkdən imtina edib. Onlar iddia etdilər ki, milli məhkəmələrin yurisdiksiyasına qarşı Birləşmiş Millətlər Təşkilatına verilən immunitetlə Avropa İttifaqı qanunvericiliyində təsbit olunmuş səmərəli məhkəmə müdafiəsi prinsipi arasında qarşılıqlı əlaqə məsələsi bu iş üçün xüsusi əhəmiyyət daşıyır və bu məsələ Avropa İttifaqının Ədalət Məhkəməsi tərəfindən əvvəllər heç vaxt araşdırılmayıb, buna görə də Ali Məhkəmə bu məsələni bu cür rədd etməməli idi.
172. Məhkəmə bir daha bildirir ki, Konvensiya özlüyündə ilkin qərar çıxarılması üçün hər hansı işin milli məhkəməyə, yaxud digər milli və ya beynəlxalq orqana təqdim edilməsi hüququnu təmin etmir (digər qərarlar arasında bax: Köme və başqaları Belçikaya qarşı, ərizələr № 32492/96, 32547/96, 32548/96, 33209/96 və 33210/96, 114-cü bənd, ECHR 2000‑VII; Ullens de Şuten və Rezabek Belçikaya qarşı, ərizələr № 3989/07 və 38353/07, 57-ci bənd, 20 sentyabr 2011-ci il; və Ferreyra Santos Pardal Portuqaliyaya qarşı (qərardad), ərizə № 30123/10, 4 sentyabr 2012-ci il). Bununla belə, qərarlarından şikayət etmək üçün milli qanunvericilikdə nəzərdə tutulmuş hər hansı hüquqi müdafiə vasitəsinin mövcud olmadığı məhkəmə və ya məhkəmə funksiyalarını yerinə yetirən orqan ilkin qərar üçün Avropa İttifaqının Ədalət Məhkəməsinə müraciət etməkdən imtina edirsə, ya bu müraciətin qaldırılan məsələ üçün əhəmiyyət kəsb etmədiyi barədə rəyinin hansı səbəblərə söykəndiyini göstərməli, ya Avropa İttifaqı qanunvericiliyinin sözügedən normasının artıq Avropa İttifaqının Ədalət Məhkəməsi tərəfindən şərh edildiyini qeyd etməli, ya da Avropa İttifaqı qanunvericiliyini hər hansı əsaslı şübhə yeri qoymayan dərəcədə düzgün tətbiq etməlidir (Ullens de Şuten və Rezabek Belçikaya qarşı iş üzrə yuxarıda istinad edilən qərar, 62-ci bənd).
173. Məhkəmə hesab edir ki, hazırkı işdə Ali Məhkəmənin istifadə etdiyi qısa əsaslandırma yetərli idi. Beynəlxalq hüquqa əsasən milli məhkəmələrin yurisdiksiyasına qarşı Birləşmiş Millətlər Təşkilatının immunitetə malik olduğunu artıq müəyyən etmiş Ali Məhkəmə ilkin qərar üçün Avropa İttifaqının Ədalət Məhkəməsinə müraciət edilməsinə lüzum olmadığı barədə qərar çıxarmaq hüququna malik idi.
174. Ümumiyyətlə, 6-cı maddə məhkəmələrin öz qərarlarında həmin qərarların hansı səbəblərə əsaslandığını lazımi qaydada göstərmələrini tələb etsə də, qaldırılmış hər bir suala qərarda təfsilatlı şəkildə cavab verilməsini tələb etmir, eləcə də Avropa Məhkəməsinin bu arqumentə yetərincə baxılıb-baxılmadığını və ya vəsatətin rədd edilməsinin yetərincə əsaslandırılıb-əsaslandırılmadığını araşdırması tələb olunmur. Bundan başqa, apellyasiya şikayətini rədd edərkən apellyasiya instansiyası məhkəməsi prinsipcə aşağı məhkəmələrin öz qərarları üçün gətirdikləri əsasları sadəcə təsdiq edə bilər (digər qərarlar arasında bax: Kok Niderlanda qarşı (qərardad), ərizə № 43149/98, ECHR 2000-VI).
175. Buradan belə nəticə çıxır ki, bu şikayət açıq-aydın əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin "a" yarımbəndinə və 4-cü bəndinə uyğun olaraq rədd edilməlidir.
C. Konvensiyanın 13-cü maddəsinin iddia edilən pozuntusu
176. Ərizəçilər şikayət etdilər ki, Niderland dövləti Srebrenitsa qətliamına görə hər hansı təqsiri təkcə Birləşmiş Millətlər Təşkilatının üzərinə atmaqla Birləşmiş Millətlər Təşkilatına verilmiş immunitetdən sui-istifadə edib və beləliklə ərizəçilər qarşısındakı məsuliyyətindən yayınıb. Onlar Konvensiyanın 13-cü maddəsinə istinad etdilər, həmin maddədə aşağıdakılar nəzərdə tutulur:
"Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir".
177. Bu şikayəti artıq Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi əsasında araşdırmış Məhkəmə hesab edir ki, 13-cü maddə üzrə hər hansı ayrıca məsələ meydana çıxmır. İstənilən halda, həmin maddənin tələblərinin konkretlik dərəcəsi daha azdır və bu halda 6-cı maddənin 1-ci bəndinin tələbləri onları tam əhatə edir (bir çox digər qərarlar arasında bax: Köme və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 117-ci bənd).
118. Buradan belə nəticə çıxır ki, ərizənin bu hissəsi açıq-aydın əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3"a" və 4-cü bəndlərinə uyğun olaraq rədd edilməlidir.
D. Məhkəmənin qərarı
Bu əsaslara görə Məhkəmə yekdilliklə:
Ərizəni qəbul olunmayan elan edir.
Maryalena Tsirli (Marialena Tsirli) Jozep Kasadevall (Josep Casadevall)
Katib müaviniSədr
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
[1] Bosniyalılar (bəzən onları "boşnaklar" da adlandırılar) 1992-1995-ci il müharibəsinə qədər "müsəlmanlar" və ya "yuqoslaviyalı müsəlmanlar" kimi tanınırdı. Bosniyalılar (Bošnjaci) termini "Bosniyalı vətəndaşlar" (Bosanci) termini ilə qarışıq salmaq olmaz, sonuncu adətən etnik mənşəyindən asılı olmayaraq Bosniya və Herseqovina vətəndaşlarını ifadə etmək üçün işlədilir.
[2] Xorvatlar Xorvatiyanın yerli sakinləri olan və ya YSFR tərkibindəki keçmiş respublikalarda, o cümlədən Bosniya və Herseqovinada yaşayan etnik qrupun üzvləridir. "Xorvat" ifadəsi adətən (istə isim, istərsə də sifət kimi) vətəndaşlığından asılı olmayaraq etnik qrupun üzvlərini ifadə etmək üçün işlədilir, onu "xorvatiyalı" termini ilə qarışıq salmaq olmaz, sonuncu adətən Xorvatiya vətəndaşlarını ifadə etmək üçün işlədilir.
[3] Serblər Serbiyanın yerli sakinləri olan və ya YSFR tərkibindəki keçmiş respublikalarda, o cümlədən Bosniya və Herseqovinada yaşayan etnik qrupun üzvləridir. "Serb" ifadəsi adətən (istə isim, istərsə də sifət kimi) vətəndaşlığından asılı olmayaraq etnik qrupun üzvlərini ifadə etmək üçün işlədilir, onu "serbiyalı" termini ilə qarışıq salmaq olmaz, sonuncu adətən Serbiya vətəndaşlarını ifadə etmək üçün işlədilir. Hazırkı qərarda Məhkəmə terminlərdəki bu qaydaya riayət edib, yalnız Məhkəmənin özünə məxsus olmayan sənədlərdən sitat gətirilən hallar istisna təşkil edir, orada orijinal mətndəki sözlər olduğu kimi saxlanılıb.
[4] Birləşmiş Millətlər Təşkilatının İtkin düşmüş və ya yoxa çıxmış şəxslər üzrə İşçi Qrupunun Bosniya və Herseqovinaya səfərinə dair 21 iyun 2010-cu il tarixli press-relizinə bax.
Full & Egal Universal Law Academy