İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
Solmaz Süleymanovanın Azərbaycana qarşı
26241/05 saylı şikayətinin
MƏQBULİYYƏTİNƏ DAİR
Q Ə R A R D A D
İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) Palata kimi
18 yanvar 2007-ci il tarixdə aşağıdakı tərkibdə,
cənab X.Rozakis, Sədr,
cənab L.Lukaides,
xanım F.Tulkens,
xanım N.Vaciç,
cənab X.Hacıyev,
cənab D.Spilman,
cənab S.E.Cebens; hakimlər,
və cənab S.Nilsen, Bölmə Katibi,
yuxarıda qeyd edilən 20 iyun 2005-ci il tarixdə verilmiş şikayəti,
Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndinin tətbiq edilməsinə və məqbuliyyətlə mahiyyətin birgə baxılmasına dair qərarı nəzərə alıb,
müzakirə apararaq, qərara alır:
FAKTLAR
Ərizəçi Azərbaycan vətəndaşı olan xanım Solmaz Süleymanova 1950-ci ildə anadan olub və Bakıda yaşayır.
İşin halları ərizəçinin təqdim etdiyinə görə aşağıdakı kimi ümumiləşdirilə bilər.
Ərizəçi Beynəlxalq Hüquqi Tədqiqatlar Təşkilatı adlanan ictimai birliyin üç təsisçisindən biri olub.
14 iyun 2001-ci ildə təsisçilər hüquqi şəxslərin dövlət qeydiyyatını aparan dövlət hakimiyyəti orqanı olan Ədliyyə Nazirliyinə (bundan sonra – «Nazirlik») birliyin dövlət qeydiyyatı üçün müraciət etdilər. Daxili qanunvericiliyə görə, qeyri-hökumət təşkilatı hüquqi şəxs statusunu yalnız Nazirlikdə dövlət qeydiyyatına alındıqda əldə edir.
23 sentyabr 2002-ci ildə qeydiyyat müraciətinin edilməsindən bir ildən artıq sonra Ədliyyə Nazirliyi hər hansı hərəkət etmədən, yəni dövlət qeydiyyatı haqqında şəhadətnaməni və ya birliyi qeydə almaqdan rəsmi imtinanı vermədən qeydiyyat sənədlərini təsisçilərə qaytardı. Nazirlik qeyd etdi ki, birliyin nizamnaməsi daxili qanunvericilikdə müəyyən olunduğu kimi nizamnamənin məzmununa dair tələblərə cavab vermirdi.
Təsisçilər Nazirliyin qeydlərinə müvafiq olaraq nizamnaməni yenidən tərtib etdilər və 09 dekabr 2003-cü ildə onun yeni versiyasını təqdim etməklə, dövlət qeydiyyatı üçün yenidən müraciət etdilər. Onlar bu ikinci müraciətlə bağlı Nazirlikdən hər hansı cavab almayıblar.
2003-cü ilin fevralında təsisçilərdən biri Nazirlik tərəfindən onların birliyini qeydə almaqdan «yayınmasından» şikayət edərək və məhkəmədən onları qeydə almağın Nazirliyə tapşırılmasını xahiş edərək iddia qaldırdı. 27 fevral 2003-cü ildə Yasamal rayon məhkəməsi Nazirliyin hərəkətlərində hər hansı qanunsuzluq müəyyən etməyərək, təsisçinin iddiasını rədd etdi. Məhkəmə müəyyən etdi ki, birliyin nizamnaməsi daxili qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilməyib.
23 iyul 2003-cü ildə Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxladı. Təsisçilər bu qətnamədən kassasiya şikayəti verdilər və 13 noyabr 2003-cü ildə Ali Məhkəmə təsisiçlərin iddialarını rədd edən aşağı instansiya məhkəmələrinin qətnamələrini qüvvədə saxladı.
15 mart 2006-cı ildə Ədliyyə Nazirliyi birliyi qeydiyyata aldı və dövlət qeydiyyatı haqqında şəhadətnaməni verdi.
ŞİKAYƏTLƏR
Konvensiyanın 11-ci maddəsinə əsasən ərizəçi şikayət etdi ki, Ədliyyə Nazirliyi tərəfindən təşkilatın vaxtında qeydə alınmaması onun birləşmək azadlığına müdaxilə edib.
HÜQUQİ MƏSƏLƏLƏR
Məhkəmə qeyd edir ki, 02 noyabr 2006-cı ildə birliyin təsisçilərindən biri cənab C.Süleymanov ərizəçinin adından məktub göndərərək, onların birliyinin Ədliyyə Nazirliyi tərəfindən qeydə alınması faktına görə ərizəçinin öz şikayətini geri götürmək niyyəti barədə Məhkəməni məlumatlandırıb. 04 dekabr 2006-cı ildə Məhkəməyə faksla göndərilmiş məktubla ərizəçi təsdiq edib ki, cənab Süleymanov onun tərəfindən müvəkkil edilmişdir ki, qeyd olunan məktubu göndərsin və şikayətini geri götürmək barədə niyyətini təsdiqlədi.
Belə olan halda, Məhkəmə hesab edir ki, ərizəçi Konvensiyanın 37-ci maddəsinin 1 (a) bəndinin mənasına görə Məhkəmə qarşısında artıq öz şikayətini müdafiə etmək niyyətində deyildir. Bundan başqa, Məhkəmə Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndində müəyyən edildiyi kimi şikayətə baxılmasını tələb edən insan hüquqlarına riayət edilməsinə aid hər hansı ümumi xarakterli səbəbləri görmür.
Müvafiq olaraq, Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndi artıq işə tətbiq edilməməli və şikayət işlərin siyahısından çıxarılmalıdır.
Bu səbəblərə görə, Məhkəmə yekdilliklə
Şikayətin işlərin siyahısından çıxarılmasını qərara alır.
Soren NilsenXristos Rozakis
Katib Sədr
Full & Egal Universal Law Academy