İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
Təbiəti Mühafizə Cəmiyyətinin və Sabir İsrafilovun Azərbaycana qarşı
37083/03 saylı şikayətinin
MƏQBULİYYƏTİNƏ DAİR
Q Ə R A R D A D
İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) Palata kimi
08 noyabr 2007-ci il tarixdə aşağıdakı tərkibdə,
xanım L.Lukaides, Sədr,
xanım N.Vaciç,
xanım E.Steyner,
cənab X.Hacıyev,
cənab D.Spilman,
cənab S.E.Cebens,
cənab Q.Malinverni, hakimlər,
və cənab S.Nilsen, Bölmə Katibi,
yuxarıda qeyd olunan 08 oktyabr 2003-cü il tarixdə verilmiş şikayəti nəzərə alaraq,
Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndini tətbiq etmək və məqbuliyyətlə mahiyyətə birgə baxmaq barədə qərarı nəzərə alaraq,
cavabdeh Hökumətin verdiyi qeydləri və cavab olaraq ərizəçinin izahatlarını nəzərə alaraq,
müzakirə apararaq, qərara alır:
FAKTLAR
Fərdi ərizəçi cənab Sabir İsrafilov 1948-ci ildə anadan olmuş Bakıda yaşayan Azərbaycan vətəndaşıdır. O, hazırkı şikayəti öz adından və baş ofisi Bakıda olmaqla ictimai birlik olan Təbiəti Mühafizə Cəmiyyəti («TMC») adından təqdim edib. Məhkəmə qarşısında ərizəçiləri Bakıda vəkil işləyən cənab İ.Əliyev təmsil edib. Azərbaycan Hökumətini («Hökumət») onun Məhkəmədəki nümayəndəsi cənab Ç.Əsgərov təmsil edib.
A. İşin halları
Tərəflərin təqdim etdiklərinə görə işin halları aşağıdakı kimi ümumiləşdirilə bilər.
Cənab İsrafilov 25 avqust 1995-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş qeyri-kommersiya təşkilatı olan TMC-nin sədri olub. Birliyin fəaliyyətinin əsas məqsədi ekologiya müdafiəsi məsələlərində ictimai biliyi yüksəltmək və Azərbaycanda təmiz ekologiya üçün «ictimai hərəkatı» təşkil etmək olub.
Görünür ki, 1997-ci ilin iyulunda Ədliyyə Nazirliyi TMC-nin fəaliyyətini yoxlayıb və müəyyən edib ki, qanunun və birliyin nizamnaməsinin bir neçə pozuntularına yol verilib. 09 iyul 1997-ci ildə bununla əlaqədar TMC-yə xəbərdarlıq məktubu göndərilib.
Həmçinin, görünür ki, yaradıldığı vaxtdan 2002-ci ilin avqustunadək TMC nizamnaməyə və daxili qanunvericiliyə əsasən birliyin əsas idarəetmə orqanı olan üzvlərinin ümumi yığıncağını heç zaman keçirməyib.
14 avqust 2002-ci ildə Ədliyyə Nazirliyi TMC-nin fəaliyyətinin başqa yoxlamasını keçirib. Bundan sonra, 10 sentyabr 2002-ci ildə Nazirlik TMC-yə xəbərdarlıq edərək qeyd edib ki, onun fəaliyyəti daxili qanunvericiliyin tələblərinə uyğun deyildir, ona görə ki, qanunla və TMC-nin nizamnaməsi ilə müəyyən edilmiş müddətdə birlik üzvlərinin ümumi yığıncağı keçirilməyib. Xüsusən, nizamnamə belə yığıncağın hər beş ildən bir keçirilməsini tələb edib. Daha sonra, Nazirlik qeyd edib ki, nizamnamənin bu tələbi özlüyündə daxili qanunvericiliyə zidd olub, ona görə ki, «Qeyri-hökumət təşkilatları (İctimai birliklər və fondlar) haqqında» Qanun (bundan sonra – «QHT Qanunu») tələb edib ki, ictimai birliyin ali idarəetmə orqanı – üzvlərin ümumi yığıncağı – ildə ən azı bir dəfə keçirilməlidir. Nazirlik tələb edib ki, on gün müddətində TMC vəziyyəti düzəltsin və nəticəsi barədə Nazirliyə məlumat versin.
Cavab olaraq cənab İsrafilov Nazirliyi məlumatlandırıb ki, üzvlərin ümumi yığıncağı 26 avqust 2002-ci ildə keçirilib.
Bu yığıncağa aid olan sənədləri araşdıraraq, 03 oktyabr 2002-ci ildə Ədliyyə Nazirliyi ikinci dəfə xəbərdarlıq edərək qeyd edib ki, 26 avqust 2002-ci ildəki ümumi yığıncaq daxili qanunvericiliyin bir neçə pozuntuları ilə keçirilib. Xüsusən, Nazirlik, inter alia, qeyd edib ki, ümumi yığıncağın keçirilməsi barədə TMC-nin bütün üzvləri məlumatlandırılmayıb və buna görə orada iştirak edə bilməyib və TMC-nin yerli qurumları yığıncaqda bərabər şəkildə təmsil olunmayıb. Ümumiyyətlə, cari üzvlük qeydləri lazımınca saxlanılmayıb və üzvlərin dəqiq sayını və şəxsiyyətlərini müəyyən etmək qeyri-mümkündür. TMC-nin yerli qurumları üzvlərin yerli mütəmadi yığıncaqlarını keçirməyib və faktiki olaraq inzibati tərzdə baş ofisdən birbaşa idarə olunan yerli ofislər kimi fəaliyyət göstərib. Nazirlik yenidən tələb edib ki, on gün müddətində bu pozuntuları aradan qaldırmaq üçün görülmüş tədbirlər barədə məlumat verilsin.
Nəhayət, 28 oktyabr 2002-ci ildə Nazirlik üçüncü dəfə xəbərdarlıq verərək qeyd edib ki, əvvəlki iki xəbərdarlığa riayət edilmə barədə TMC-dən hər hansı məlumat verilməyib. Əvvəlki xəbərdarlıqlarda əks olunmuş məsələləri təsdiq etməkdən əlavə, Nazirlik, həmçinin qeyd edib ki, TMC müxtəlif dövlət orqanlarında və özəl müəssisələrdə qanunsuz olaraq üzvlük haqları yığmaqla və ekologiya auditlərini keçirməklə, qanunla qadağan edilmiş fəaliyyətlə məşğul olub.
2002-ci ilin dekabrında Nazirlik iddia qaldıraraq, TMC-nin hüquqi şəxs kimi ləğv olunmasını tələb edib. Cənab İsrafilov tərəfindən təmsil edilən TMC qarşılıqlı iddia irəli sürərək, Nazirliyin xəbərdarlıqlarının qanunsuz və əsassız olduğunu iddia edib.
07 mart 2003-cü ildə Yasamal rayon məhkəməsi TMC-nin qarşılıqlı tələbini rədd edib və onun ləğvini qət edib. Məhkəmə müəyyən edib ki, 09 iyul 1997-ci ildə verilmiş erkən xəbərdarlığa baxmayaraq, TMC daxili qanunvericiliyin pozuntularına hətta daha mütəmadi yol verməyə davam edib. Məhkəmə qeyd edib ki, birliyin nizamnaməsi üzvlərin ümumi yığıncağının ildə bir dəfədən az olmamaqla keçirilməsini tələb edən ictimai birliklər haqqında daxili qanunvericiliyə uyğunlaşdırılmayıb. Hər bir halda nizamnamə ilə tələb edilən beş illik müddət belə pozulub. Məhkəmə daha sonra qeyd edib ki, 26 avqust 2002-ci il tarixli ümumi yığıncaq zamanı bir neçə nöqsanlara, eləcə də birliyin ümumi fəaliyyətində qanun pozuntularına aid Nazirliyin qeydləri əsaslı olub.
Bundan başqa, mövcud olan materiallar və şahid ifadələri əsasında məhkəmə müəyyən edib ki, TMC nizamnaməsində göstərildiyi və qanunla icazə verildiyi kimi öz fəaliyyətinin dairə hədlərini tez-tez keçməklə, müvafiq hakimiyyət orqanlarının səlahiyyətinə müdaxilə edib. Xüsusən, birliyin yerli qurumları müxtəlif dövlət və kommersiya təşkilatlarında qanunsuz ekologiya auditlərini keçirməyə və onlardan üzvlük haqlarını toplamağa çalışıb, bu müəssisələrin ekologiya standartlarına uyğunluğuna aid «aktlar» qəbul edib, eləcə də kommersiya qurumlarının fəaliyyətinə müdaxilə edən başqa hərəkətlər edib. Məhkəmə hesab edib ki, belə hərəkətlərə yol verməklə, TMC daxili qanunvericiliyi, başqa şəxslərin hüquqlarını pozmağa və özünə dövlət hakimiyyəti orqanlarının səlahiyyətini mənimsəməyə icazə verərək, birləşmək azadlığının hədlərini aşıb.
Daha sonra, məhkəmə hesab edib ki, TMC ləğv edilməlidir, ona görə ki, o, Ədliyyə Nazirliyinin xəbərdarlıqlarına baxmayaraq, yuxarıda qeyd olunmuş çatışmazlıqları aradan qaldırmaq üçün heç bir tədbir görməyib.
TMC şikayət verərək iddia edib ki, QHT Qanununun müddəaları qeyri-aydın və qeyri-dəqiq olmaqla, ictimai birliyin fəaliyyətinə müdaxilə etmək və hətta kiçik nöqsanlar üzrə xəbərdarlıqlar vermək üçün Nazirliyə geniş səlahiyyət verir. TMC, həmçinin iddia edib ki, birliyin fəaliyyətinə aid birinci instansiya məhkəməsinin fakt üzrə qənaəti qeyri-düzgün və əsassızdır. 04 iyul 2003-cü ildə Apellyasiya Məhkəməsi şikayəti rədd etdi və birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxladı.
TMC-nin kassasiya şikayətindən sonra 29 oktyabr 2003-cü ildə Ali Məhkəmə aşağı məhkəmələrin qərarlarını qüvvədə saxladı. Müvafiq olaraq, TMC və onun dövlət qeydiyyatı şəhadətnaməsi ləğv edildi.
B. Müvafiq daxili qanunvericilik
01 sentyabr 2000-ci il tarixli Mülki Məcəllə
Maddə 59. Hüquqi şəxsin ləğvi
«59.2. Hüquqi şəxs aşağıdakı hallarda ləğv edilə bilər: ...
59.2.3. lazımi xüsusi icazə (lisenziya) olmadan fəaliyyət və ya qanunla qadağan edilmiş fəaliyyət həyata keçirildikdə və ya qanunvericilik digər şəkildə dəfələrlə və ya kobudcasına pozulduqda və ya ictimai birlik və ya fond onun nizamnamə məqsədlərinə zidd fəaliyyətlə müntəzəm məşğul olduqda, habelə bu Məcəllədə nəzərdə tutulan başqa hallarda məhkəmənin qərarı ilə.
59.3. Bu Məcəllənin 59.2-ci maddəsində göstərilən əsaslar üzrə hüquqi şəxsin ləğv edilməsi tələbini məhkəməyə qanunla bu cür tələb irəli sürmək hüququ verilmiş dövlət orqanı və ya yerli özünüidarə orqanı irəli sürə bilər. ...»
«Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar)» haqqında 13 iyun 2000-ci il tarixli Qanun
Maddə 1. Bu Qanunun məqsədi
«1.1. Bu Qanun ictimai birliklərin və fondların yaradılması və fəaliyyət göstərməsi ilə bağlı münasibətləri tənzimləyir.
1.2. Bu Qanunda «qeyri-hökumət təşkilatları» anlayışına ictimai birliklər və fondlar daxildir.
1.3. Bu Qanun hüquqi şəxslər kimi qeyri-hökumət təşkilatlarının yaradılmasını, fəaliyyətini, yenidən təşkil edilməsi və ləğv edilməsi qaydalarını, qeyri-hökumət təşkilatlarının fəaliyyətini, idarə olunmasını, dövlət hakimiyyəti orqanları ilə münasibətlərini müəyyən edir.
1.4. Bu Qanun siyasi partiyalara, həmkarlar ittifaqlarına, dini birliklərə, yerli özünüidarə orqanlarına və başqa qanunlarla tənzimlənən digər qeyri-hökumət təşkilatlarına şamil edilmir.»
Maddə 20. Qeyri-hökumət təşkilatının ləğvi
«Qeyri-hökumət təşkilatı hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada ləğv edilə bilər.»
Maddə 25. İctimai birliyin idarə olunmasının əsasları
«25.2. İctimai birliyin ali idarəetmə orqanı ildə bir dəfədən az olmayaraq çağırılan ümumi yığıncaqdır.
25.3. Ümumi yığıncaq ictimai birliyin icra orqanının, təsisçilərdən birinin və ya üzvlərin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır. ...»
Maddə 31. Qeyri-hökumət təşkilatının məsuliyyəti
«31.1. Qeyri-hökumət təşkilatı bu Qanunun müddəalarından irəli gələn tələbləri pozduqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə məsuliyyət daşıyır.
31.2. Bu Qanunun məqsədlərinə zidd olan hərəkətlərə yol verildiyi halda, qeyri-hökumət təşkilatına müvafiq icra hakimiyyəti orqanı tərəfindən yazılı surətdə xəbərdarlıq edilə və ya pozuntuların aradan qaldırılması haqqında göstəriş verilə bilər.
31.3. Qeyri-hökumət təşkilatı həmin xəbərdarlıqdan və ya göstərişdən məhkəmə qaydasında şikayət vermək hüququna malikdir.
31.4. Qeyri-hökumət təşkilatına bir il ərzində ikidən çox yazılı surətdə xəbərdarlıq və ya pozuntuların aradan qaldırılması haqqında göstəriş verildiyi halda, qeyri-hökumət təşkilatı məhkəmənin qərarı ilə ləğv edilə bilər.»
ŞİKAYƏTLƏR
1. Konvensiyanın 11-ci maddəsinə əsasən ərizəçilər şikayət etdilər ki, TMC-ni ləğv etmək barədə daxili məhkəmələrin qərarı onların birləşmək azadlıqlarını pozub.
2. Ərizəçilər, həmçinin Konvensiyanın 6-cı maddəsinə əsasən şikayət etdilər ki, daxili məhkəmələr işin faktlarının qiymətləndirilməsində səhvə yol verib və ərizəçilər tərəfindən təqdim olunmuş dəlillər və sübutlara lazımi əhəmiyyət verməyib.
HÜQUQİ MƏSƏLƏLƏR
A. Tərəflərin dəlilləri
Hökumət bildirib ki, ərizəçilər Məhkəməyə şikayət verməzdən əvvəl bütün daxili vasitələri tükəndirməyiblər. Xüsusən, ərizəçilər Məhkəməyə öz şikayətlərini verən zaman onların kassasiya şikayətinə Ali Məhkəmədə hələ baxılmamışdır.
Ərizəçilər bildirdilər ki, Ali Məhkəmə onların kassasiya şikayəti üzrə qərar çıxarmazdan əvvəl Məhkəməyə şikayət verdiklərinə baxmayaraq, Ali Məhkəmə öz qərarını qısa müddət sonra qəbul edib və ərizəçilər dərhal bu barədə Məhkəməni məlumatlandırıblar.
B. Məhkəmənin qiymətləndirməsi
Məhkəmə davamlı olaraq qeyd edib ki, ərizəçi Məhkəməyə şikayət verməzdən əvvəl müxtəlif vasitələrdən istifadə etməli olduqda, Məhkəmə qəbul edə bilər ki, belə vasitələrin sonuncu mərhələsi Məhkəməyə şikayətin verilməsindən sonra, lakin Məhkəmə tərəfindən məqbuliyyətə dair qərarın qəbul edilməsindən əvvəl istifadə edilə bilər (bax, məsələn, Ringeysen Avstriyaya qarşı, 16 iyul 1971-ci il tarixli qərar, A Seriyaları, № 13, s. 38, § 91, və Ramazanova və digərləri Azərbaycana qarşı, № 44363/02, § 42, 01 fevral 2007-ci il).
Ərizəçilər Məhkəməyə hazırkı şikayəti kassasiya şikayətlərinə Ali Məhkəmədə hələ baxılarkən, 08 oktyabr 2003-cü ildə verdilər. Bu tarixdən qısa vaxt sonra Ali Məhkəmə öz 29 oktyabr 2003-cü il tarixli qərarını qəbul etdi. Bu qərar hazırkı iş üzrə yekun məhkəmə qərarını təşkil edir. Müvafiq olaraq, hazırkı məqbuliyyət qərarı zamanı ərizəçilər daxili vasitələrin sonuncu mərhələsindən istifadə etdilər. Belə nəticəyə gəlinir ki, şikayət daxili vasitələrin tükənməməsi səbəbindən rədd edilə bilməz.
Bundan başqa, Məhkəmə hesab edir ki, şikayət Konvensiyaya əsasən fakt və hüquq üzrə ciddi məsələlərə toxunur ki, onların həlli işə mahiyyəti üzrə baxımasını tələb edir. Buna görə, Məhkəmə belə qənaətə gəlir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasında açıq-aşkar əsassız deyildir. Onun qeyri-məqbul elan edilməsi üçün hər hansı başqa əsas yoxdur.
Bu səbəblərə görə, Məhkəmə yekdilliklə
Hazırkı işə Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndinin tətbiqinə xitam verilməsini qərara alır; və
İşin mahiyyətinə toxunmadan, şikayəti məqbul elan edir.
Andre UampaşLukis Lukaides
Katib müavini Sədr
Full & Egal Universal Law Academy