İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
Dmitri İvanovun Azərbaycana qarşı
34070/03 saylı şikayətinin
MƏQBULİYYƏTİNƏ DAİR
Q Ə R A R D A D
İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) Palata kimi
15 fevral 2007-ci il tarixdə aşağıdakı tərkibdə,
cənab X.Rozakis, Sədr,
cənab L.Lukaides,
xanım N.Vaciç,
cənab X.Hacıyev,
cənab D.Spilman,
cənab S.E.Cebens,
cənab Q.Malinverni hakimlər,
və cənab S.Nilsen, Bölmə Katibi,
yuxarıda qeyd olunan 29 iyul 2003-cü il tarixdə verilmiş şikayəti nəzərə alaraq,
Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndinin tətbiqinə və işin məqbuliyyətinin və mahiyyətinin birgə araşdırılmasına dair qərarı nəzərə alaraq,
cavabdeh Dövlətin təqdim etdiyi qeydləri və cavab olaraq ərizəçinin təqdim etdiyi izahları nəzərə alaraq,
müzakirə apararaq, qərara alır:
FAKTLAR
Ərizəçi olan cənab Dmitri İvanov 1973-cü ildə anadan olmuş Azərbaycan vətəndaşıdır və Qazi-Məhəmməddə yaşayır. Onu Məhkəmə qarşısında Azərbaycanda vəkil işləyən cənab İ.Əliyev təmsil edib. Azərbaycan Hökumətini («Hökumət») onun nümayəndəsi cənab Ç. Əsgərov təmsil edib.
A. İşin halları
Tərəflərin təqdim etdiklərinə görə işin halları aşağıdakı kimi ümumiləşdirilə bilər.
Ərizəçi 1999-cu ilin dekabrında evləndi. O və arvadı 2000-ci ilin martınadək birgə yaşayıblar.
Ərizəçi arvadının evindən çıxdıqdan sonra boşanma prosesinə başlamaq arzusunda olub. Lakin təxminən həmin vaxtda o, arvadının hamilə olduğunu bilib. Hələ doğulmamış uşağın atası olmadığına inanaraq, 2000-ci ilin avqustunda Əli-Bayramlı Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı Şöbəsindən uşağın doğum haqqında şəhadətnaməsində özünü onun bioloci atası kimi göstərilməməsini xahiş edib.
2000-ci ilin oktyabrında ərizəçinin arvadı qız doğub. Ərizəçinin əvvəlki tələbinə baxmayaraq, atalığın qanun üzrə prezumpsiyasına əsaslanaraq, Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı Şöbəsi ərizəçini uşağın atası kimi göstərən doğum şəhadətnaməsini verdi. Ərizəçi arvadı ilə ayrıldığına və ailə kimi artıq birgə yaşamadıqlarına görə, 27 noyabr 2000-ci ildə Əli-Bayramlı rayon məhkəməsi alimentin ödənilməsini ərizəçiyə əmr etdi.
Bundan sonra ərizəçi məhkəmədə atalığını mübahisələndirən və müvafiq şəhadətnamədən uşağın atası kimi adının çıxarılması tələbini irəli sürən iddia qaldırdı. Ərizəçi iddia etdi ki, toydan sonrakı gecə o, gözlənildiyi kimi arvadının bakirə olmadığını aşkar edib. O, bundan şoka düşüb və onunla seksual əlaqəni davam etdirməkdən imtina edib. Daha sonra o bildirib ki, bu vaxtdan heç zaman arvadı ilə seksual əlaqədə olmayıb və uşaq başqa şəxslə nikahdan kənar münasibətdən əmələ gəlib.
Hazırlıq iclasından sonra 22 fevral 2001-ci ildə Əli-Bayramlı rayon məhkəməsi atalığın müəyyən olunması üçün bioloci ekspertizanı təyin edib. 29 noyabr 2001-ci ildə Səhiyyə Nazirliyinin eksperti ərizəçinin atalığı üzrə rəy verib. Ekspert ərizəçinin, uşağın və anasının qan növləri ilə müqayisə aparmaqla, qan qrupu testi keçirib və onun nəticələrinə əsaslanaraq belə qənaətə gəlib ki, ərizəçi «uşağın atası ola bilər». Ekspert qeyd edib ki, DNK testi daha dəqiq nəticəni verə bilər, lakin ekspert belə testin keçirilməsi üçün zəruri təchizata malik olmayıb.
Qan qrupu testinin nəticələrinə, uşağa hamilə qalan zaman ərizəçi ilə arvadının birgə yaşadağı faktına, eləcə də ərizəçi ilə arvadı arasında münasibətlərə dair şahid ifadələrinə istinadən, 10 yanvar 2002-ci ildə Əli-Bayramlı rayon məhkəməsi ərizəçinin tələblərini rədd etdi.
Ərizəçi məhkəmənin istifadə etdiyi ekspert rəyinin yekun nəticəni əks etdirmədiyi və uşağın bioloci atasının müəyyən edilməsi məqsədilə qan qrupu testinin nəticələrinin etibarlı mənbə kimi qiymətləndirilməli olmadığı üçün rayon məhkəməsinin qətnaməsinin qanunsuz olduğunu iddia edərək, apellyasiya şikayəti verdi. Daha sonra o bildirib ki, yalnız DNK testi atalıq məsələsinə yekun cavab verə bilər.
13 may 2002-ci ildə Apellyasiya Məhkəməsi ərizəçi tərəfindən öz dəlillərini əsaslandırmadığına və ya uşağın atasının olmaması ilə bağlı hər hansı yeni sübutların təqdim olunmamasına əsaslanaraq, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxladı. Ərizəçinin kassasiya şikayətinə əsasən, 29 yanvar 2003-cü ildə Ali Məhkəmə ərizəçinin tələblərini rədd edən aşağı məhkəmələrin qətnamələrini qüvvədə saxladı.
2003-cü ilin mayında ərizəçi məhkəmə araşdırmalarının yenidən açılmasını xahiş edərək, Ali Məhkəmə sədrinə əlavə kassasiya şikayəti verdi. 06 iyun 2003-cü ildə sədr bu müraciəti rədd etdi.
Lakin 2005-ci ilin aprelində məhkəmə araşdırmaları yenidən açılıb və iş Ali Məhkəmə sədrinin təqdimatı üzrə Ali Məhkəmənin Plenumunun baxışına çıxarılıb. 15 aprel 2005-ci ildə Plenum müəyyən edib ki, Apellyasiya Məhkəməsi DNK testinin təyin edilməsi barədə ərizəçinin vəsatətinə önəm verməməklə, prosessual tələbləri pozub. Daha sonra Plenum qeyd etdi ki, belə test bu işdə «prinsipial növ sübut» təşkil edə bilər. Plenum Ali Məhkəmənin 29 yanvar 2003-cü il tarixli qərarını ləğv etdi və işi Apellyasiya Məhkəməsinə qaytardı.
11 avqust 2005-ci ildə Apellyasiya Məhkəməsi Səhiyyə Nazirliyinin Məhkəmə Ekspertizası və Patoloci Anatomiya İdarəsinə ərizəçinin, onun keçmiş həyat yoldaşının və uşağın DNK testinin keçirilməsini əmr etdi. Belə olan halda, 08 dekabr 2005-ci ildə Apellyasiya Məhkəməsi qeyd etdi ki, DNK sübutunun əldə edilməsi mümkünsüz olub, ona görə ki, ərizəçi əməkdaşlıq etməyib. Buna görə, həmin məhkəmə hesab etdi ki, tərəflər (xüsusilə ərizəçi) məhkəmə üçün başqa qərara gəlməyə əsas verən yeni sübutun əldə olunmasında maraqlı olmayıb. Bu səbəblərə görə, Apellyasiya Məhkəməsi Əli-Bayramlı rayon məhkəməsinin 10 yanvar 2002-ci il tarixli qətnaməsini yenidən qüvvədə saxladı.
Kassasiya şikayəti üçün qanunla müəyyən olunmuş üç aylıq müddət ərzində Apellyasiya Məhkəməsinin 08 dekabr 2005-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməyib.
B. Müvafiq daxili qanunvericilik
«Məhkəmələr və hakimlər haqqında» 1997-ci il tarixli Qanun
Maddə 77. Ali Məhkəmə
«Ali Məhkəmə ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid olan mülki... cinayət işləri, inzibati xətalara dair və digər işlər üzrə ali məhkəmə orqanıdır.
Ali Məhkəmə kassasiya instansiyası məhkəməsi kimi ...»
Maddə 79. Ali Məhkəmənin Plenumu və onun səlahiyyətləri
«Ali Məhkəmənin Plenumu Ali Məhkəmənin sədrindən, onun müavinlərindən, hakimlərindən, İqtisad Məhkəməsinin sədrindən, Apellyasiya Məhkəməsinin sədrindən və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədrindən ibarət tərkibdə ...
Ali Məhkəmənin Plenumu qanunla müəyyən edilmiş hallarda və qaydada Ali Məhkəmə sədrinin təqdimatı, Azərbaycan Respublikası Baş prokurorunun protesti və ya müdafiə tərəfinin şikayəti əsasında əlavə kassasiya işlərinə... baxır...»
Maddə 83. Ali Məhkəmə sədrinin səlahiyyətləri
«Ali Məhkəmənin sədri... qanunla müəyyən edilmiş hallarda və qaydada məhkəmə qərarlarından Ali Məhkəmənin Plenumuna əlavə kassasiya qaydasında təqdimatlar verir...»
2. Azərbaycan Respublikasının 2000-ci il tarixli Mülki-Prosessual
Məcəlləsi
Maddə 419. Kassasiya instansiyası məhkəməsinin qərarı
«419.4. Qərar qəbul edildiyi andan qüvvəyə minir».
Maddə 422. Kassasiya qərarlarına yenidən baxılması
«Azərbaycan Respublikası Ali Məhkəməsinin... qərarlarına təqdimat, şikayət və ya protestlə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda əlavə kassasiya qaydasında yenidən baxıla bilər».
Maddə 423. Təqdimat, şikayət və protest vermək hüququ
«Azərbaycan Respublikası Ali Məhkəməsinin... qərarlarından Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən təqdimat vermək hüququna malikdir. Şikayəti işdə vəkillə iştirak edən şəxs verə bilər. ...Azərbaycan Respublikasının Baş prokuroru protest vermək hüququna malikdir.» [Bəzi xüsusi hallarda təqdimat Baş prokuror tərəfindən verilə bilər].»
Maddə 424. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun
işə baxmasının əsasları
«424.1. Plenum müstəsna olaraq hüquqi məsələlər üzrə işlərə baxır.»
424.2-ci maddədə Ali Məhkəmənin Plenumu tərəfindən Ali Məhkəmənin kassasiya qərarlarına yenidən baxılması üçün əsaslar sadalanır. Bu əsaslara aşagıdakılar daxildir: Ali Məhkəmənin qərarı məhkəmə aktlarının məzmununa dair formal tələblərin pozulması ilə qəbul edilib, yaxud Konstitusiya Məhkəməsi tərəfindən Konstitusiyaya uyğun olmayan hesab edilmiş hüquq normasına əsaslanıb, yaxud Ali Məhkəmə tərəfindən işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələri pozulubsa.
Maddə 426. Təqdimatın, protestin və ya şikayətin göndərilməsi
«426.1. Əsaslar olduqda Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təqdimatı, protesti və ya şikayəti işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərir.
426.2. Təqdimat, protest və yaxud şikayət Azərbaycan Respublikası Ali Məhkəməsi kollegiyaları tərəfindən qərar qəbul edildikdən sonra 2 ay müddətində verilə bilər...»
Maddə 429. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun
səlahiyyətləri
«429.0. Əlavə kassasiya qaydasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun hüququ vardır: ...
429.0.1. kassasiya instansiyası məhkəməsinin qərarını dəyişdirmədən, təqdimatı, protesti və ya şikayəti isə təmin etmədən saxlamaq;
429.0.2. kassasiya instansiyası məhkəməsinin qərarına dəyişiklik etmək;
429.0.3. kassasiya instansiyası məhkəməsinin qərarını tam və ya qismən və onunla bağlı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini və ya qərardadını tam və ya qismən ləğv etmək, işi apellyasiya instansiyası məhkəməsinə yenidən baxılmağa göndərmək;...»
ŞİKAYƏTLƏR
Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən şikayət edib ki, atalığının müəyyən olunmasında DNK qan testinin təyin olunmasından imtina etməklə, daxili məhkəmələr onun ədalətli məhkəmə araşdırılması hüququnu pozdu.
HÜQUQİ MƏSƏLƏLƏR
Ərizəçi şikayət edib ki, daxili araşdırmalar ona görə ədalətsiz olub ki, məhkəmələr DNK testinin təyin olunmasından imtina edib. O, Konvensiyanın aşağıdakıları nəzərdə tutan 6-cı maddəsinin 1-ci bəndinə istinad edib:
«Hər kəs, ... onun mülki hüquq və vəzifələri müəyyən edilərkən ... məhkəmə vasitəsilə işinin ... araşdırılması hüququna malikdir.»
A. Tərəflərin dəlilləri
Hökumət bildirib ki, ərizəçi daxili vasitələri tükəndirməyib, ona görə ki, DNK testinin keçirilməsində, eləcə də Ali Məhkəmənin Plenumu tərəfindən əvvəlki qərarların ləğvindən sonra Apellyasiya Məhkəməsinin iclasında iştirak etməyib.
Ərizəçi isə Babayev Azərbaycana qarşı iş üzrə qərardada (№ 36454/03, 27 may 2004-cü il) istinadən iddia edib ki, Ali Məhkəmənin Plenumu səmərəli vasitəni təşkil etməyib və buna görə, Məhkəmə Ali Məhkəmənin 29 yanvar 2003-cü il tarixli yekun qərarından sonra aparılmış hər hansı daxili araşdırmaları nəzərə almamalıdır.
Ərizəçi daha sonra bildirib ki, hazırkı şikayəti Məhkəməyə verən zaman o, Ali Məhkəmə tərəfindən yekun qərar çıxarılan vaxta, yəni 29 yanvar 2003-cü ilə əlçatan olan bütün daxili vasitələri tükəndirib. Yalnız şikayətin Məhkəməyə təqdim edilməsindən sonra iş üzrə araşdırmalar yenidən açılıb və iş Ali Məhkəmənin Plenumu tərəfindən baxılıb, daha sonra isə Apellyasiya Məhkəməsində yenidən araşdırılıb. Buna görə, ərizəçi iddia edib ki, hazırkı şikayətin verildiyi vaxtda əlçatan olan bütün daxili vasitələrin tükəndirilməsinə görə o, daxili vasitələrin tükənməsi tələbinə riayət edib.
B. Məhkəmənin qiymətləndirməsi
Məhkəmə qeyd edir ki, ərizəçinin şikayəti qismən 15 aprel 2002-ci il tarixdən, yəni Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi vaxtdan əvvəlki dövrdə olan faktlara aiddir. Xüsusən, ilkin mülki araşdırmalarda birinci instansiya məhkəməsinin qətnaməsi bu tarixdən əvvəl qəbul olunub. Lakin Məhkəmə hesab edir ki, şikayətin Məhkəmənin ratione temporis səlahiyyəti daxilinə tam və ya qismən düşüb-düşməməsinin müəyyən olunması zəruri deyildir, ona görə ki, bunun belə olduğu güman olunsa belə, şikayət aşağıdakı səbəblərə görə qeyri-məqbuldur.
Məhkəmə xatırladır ki, Konvensiyanın 35-ci maddəsində göstərilən daxili vasitələrin tükənməsi barədə qayda Dövlətə qarşı işlərini beynəlxalq məhkəmə və ya arbitrac orqanı qarşısına çıxarmaq istəyənlərin üzərinə öhdəlik qoyur ki, ilk növbədə milli hüquq sistemləri ilə təmin olunmuş vasitələrdən istifadə etsinlər və beləliklə, öz hüquqi sistemləri vasitəsilə məsələni həll etmək imkanına malik olmazdan əvvəl hərəkətlərinə görə beynəlxalq orqan qarşısında cavab verməkdən Dövlətləri azad etmiş olarlar. Bu qaydaya riayət etmək üçün ərizəçi tərəfindən iddia olunan pozuntulara aid kompensasiyanın təqdim edilməsinə əlçatan və kifayətedici olan vasitələrə normal müraciətlə üz tutulmalıdır (bax, Aksoy Türkiyəyə qarşı iş üzrə 18 dekabr 1996-cı il tarixli qərar, Qərar və Qərardadların Hesabatı, 1996-VI, ss. 2275-76, §§ 51-52). Konvensiyanın 35-ci maddəsi normal şəkildə tələb edir ki, sonradan Strasburqa verilməli olacaq şikayətlər ən azı mahiyyəti üzrə və daxili qanunvericilikdə təsbit edilmiş formal tələblərə və müddət məhdudiyyətlərinə riayət edilməklə daxili məhkəmələrə verilməlidir (bax, Kardo Fransaya qarşı 19 mart 1991-ci il tarixli qərar, A Seriyaları, № 200, § 34).
Bundan başqa, Məhkəmə vurğulayır ki, daxili vasitələrin tükənməsinə dair qayda müəyyən elastikliklə və həddən artıq formalizm olmadan tətbiq edilməlidir. Bu qayda nə mütləq, nə də avtomatik tətbiq ediləndir. Ona riayət olunmasının yoxlanılmasında əsas odur ki, müvafiq Dövlətin hüquqi sistemində yalnız formal vasitələrin mövcudluğuna deyil, həm də onların fəaliyyət göstərdiyi ümumi hüquqi və siyasi kontekst, eləcə də konkret işin xüsusiyyətləri baxımından nəzər yetirilməlidir. Bu onu nəzərdə tutur ki, inter alia, Məhkəmə işin bütün hallarında ərizəçi tərəfindən əlçatan daxili vasitələrin tükənməsinə dair əsaslı gözlənilən olan bütün addımların atılmasını araşdırmalıdır (bax, Estamirov və digərləri Rusiyaya qarşı, № 60272/00, § 74, 12 oktyabr 2006-cı il).
Məhkəmə bu işdə qeyd edir ki, mübahisəli mülki araşdırmalar Ali Məhkəmənin 29 yanvar 2003-cü il tarixli yekun qərarı ilə bitib. Lakin hazırkı şikayətin Məhkəməyə verilməsindən sonra bu araşdırmalar yenidən açılıb, Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin ilkin qərarları ləğv edilib və iş yenidən araşdırılması üçün Apellyasiya Məhkəməsinə göndərilib.
Məhkəmə yenidən açılmış araşdırmaların nəzərə alınmalı olmamasına dair ərizəçinin dəlillərini qəbul etmir. Xüsusən, Məhkəmə qeyd edir ki, ərizəçi Babayev Azərbaycana qarşı (yuxarıda qeyd olunmuş) işə istinad edib. Bu işdə Məhkəmə müəyyən edib ki, araşdırmaların Ali Məhkəmənin Plenumunda yenidən açılması barədə tələb Ali Məhkəmə sədrinin mülahizəli səlahiyyətindən asılı olan qeyri-adi şikayəti təşkil edib. Buna görə, araşdırmaların yenidən açılmasından imtina olunması barədə Ali Məhkəmə sədrindən məktub Məhkəməyə şikayətin verilməsi üçün altı aylıq müddətin hesablanması məqsədilə yekun daxili qərar kimi qiymətləndirilə bilməz. Bu imtina məktubu işin mahiyyəti üzrə qərarı təşkil etmir.
Lakin Məhkəmə qeyd edir ki, araşdırmaların yenidən açılmasından imtinanın altı aylıq müddətin axımını bərpa edən yekun daxili qərar kimi qiymətləndirilməməsinə baxmayaraq, araşdırmaların yenidən açılması barədə tələbin uğurlu olduğu və araşdırmaların həqiqətən yenidən açıldığı halda vəziyyət fərqlidir (bax, mutatis mutandis, G. Almaniya Federativ Respublikasına qarşı, № 10431/83, Komissiyanın 16 dekabr 1983-cü il tarixli qərarı, Qərardadlar və Hesabatlar (QH) 35, s. 241 və Pufler Fransaya qarşı, № 23949/94, Komissiyanın 18 may 1994-cü il tarixli qərarı, QH 77, s. 140). Hazırkı işdə araşdırmalar həqiqətən yenidən açılıb və iş onu hüquqi məsələlər üzrə araşdıran Plenuma göndərilib. Plenum əvvəlki məhkəmə qərarlarını ləğv etməklə, ərizəçinin xeyrinə qərar çıxarıb. Müvafiq olaraq, Ali Məhkəmənin 29 yanvar 2003-cü il tarixli qərarı mahiyyəti üzrə artıq yekun daxili qərarı təşkil etməyib və iş apellyasiya mərhələsinə qaytarılıb. Belə olan halda, Məhkəmə hesab edir ki, araşdırmaların yenidən açılmasına görə yeni vasitə faktiki olaraq ərizəçi üçün daxili səviyyədə əlçatan olub.
Şikayətinin verildiyi vaxtda daxili vasitələrin tükənməsinə dair ərizəçinin dəlilinə gəldikdə, Məhkəmə xatırladır ki, Məhkəməyə şikayət verdikdən sonra ərizəçi tərəfindən daxili vasitələrin tükənməsinə davam edildiyi halda, lakin məqbuliyyət üzrə qərardadın qəbul edilməsindən əvvəl, Məhkəmə şikayətin verildiyi vaxtda deyil, şikayətin məqbuliyyətini həll etdiyi vaxtda daxili vasitələrin tükəndirilməsi məsələsini araşdırır (bax, Yolçu Türkiyəyə qarşı (qərardad), № 34684/97, 03 may 2001-ci il və Rinqeysen Avstriyaya qarşı, 16 iyul 1971-ci il tarixli qərar, A Seriyaları, № 13, s. 38, § 91). Məhkəmə qeyd edir ki, həm daxili məhkəmələr, həm də Məhkəmə qarşısında ərizəçinin şikayətinin mahiyyəti atalığının müəyyən edilməsinə aid DNK testinin təyin edilməsindən məhkəmənin imtinasına aid olub. Lakin araşdırmaların yenidən açılmasından sonra iş ərizəçinin tələbini təmin edən və onun və keçmiş arvadının uşağının DNK testini təyin edən Apellyasiya Məhkəməsinə qaytarılıb. Məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi səmərəli vasitə olub, ona görə ki, ərizəçinin uşağın bioloci atası olmamasını sübut etmək üçün DNK testinin nəticələri olduğu halda, işin nəticəsini mübahisələndirmək mümkün olardı. Lakin əvvəlcədən lazımi məlumatlandırılmasına baxmayaraq, ərizəçi həm DNK testi, həm də məhkəmə iclasına üzrlü səbəb olmadan qatılmayıb, bununla da, Dövləti məsələləri öz hüquqi sistemi vasitəsilə həll etmək imkanından məhrum edib. Bundan başqa, ərizəçi Apellyasiya Məhkəməsinin 08 dekabr 2005-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verməyib. Müvafiq olaraq, hazırkı işin xüsusi hallarını nəzərə alaraq, Məhkəmə hesab edir ki, ərizəçi daxili səviyyədə ona hələ əlçatan olan vasitələri tükəndirməyib (bax, mutatis mutandis, Quliyev və Ramazanov Azərbaycana qarşı (qərardad), № 34553/02, 14 fevral 2006-cı il).
Belə nəticəyə gəlinir ki, şikayət Konvensiyanın 35-ci maddəsinin 1 və 4-cü bəndlərinə əsasən daxili vasitələrin tükəndirilməməsi üçün rədd olunmalıdır.
Bu səbəblərə görə, Məhkəmə yekdilliklə
Qərara alır ki, Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndinin tətbiqinə xitam verilsin və şikayət qeyri-məqbul elan edilsin.
Soren NilsenXristos Rozakis
Katib Sədr
Full & Egal Universal Law Academy