Fon Maltsan (Von Maltzan) və başqaları Almaniyaya qarşı (qərardad) [BP] – ərizələr № 71916/01, 71917/01 və 10260/02
2.3.2005 tarixli qərar [Böyük Palata]
1 saylı Protokolun 1-ci maddəsi
1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndi
Mülkiyyət
ADR-də və Almaniyanın sovet işğal zonasında mülkiyyətin müsadirəsinin qurbanlarının varisləri olan şəxslər üçün kompensasiyanın şərtləri: şikayət qəbuledilən deyil
Maddə 6
Mülki proses
6-cı maddənin 1-ci bəndi
Ağlabatan müddət
Kommunist rejimi dövründə baş vermiş mülkiyyətin müsadirəsi ilə bağlı konstitusiya icraatının uzun sürməsi: şikayət qəbuledilən deyil
Ərizəçilərin altmış beşi 1945-ci ildən 1949-cu ilədək Almaniyanın sovet işğal zonasında həyata keçirilmiş torpaq islahatına əsasən müsadirə olunmuş torpaq sahələrinin və ya tikililərin sahiblərinin varisləri olan fiziki şəxslərdir. Ərizəçilərdən ikisi həmin dövrdə müsadirə edilmiş torpaq sahələrinin mülkiyyətçisi olmuş hüquqi şəxslərdir. Almaniya birləşdikdən sonra onlar həmin torpaq sahələri və (və ya) tikililər üzərində hüquqlarının bərpası (restitusiya) üçün müvafiq dövlət orqanına müraciət etdilər, amma cəhdləri uğursuz oldu. Bu ərizəçilərdən üçü həmçinin "İnzibati qaydada bəraət haqqında" qanuna əsasən sələflərinə bəraət verilməsi üçün müraciət etdilər, amma bu cəhdlər də uğursuz oldu. Ərizəçilər arasında Almaniya Demokratik Respublikasının (ADR) qərarına əsasən 1949-cu ildən sonra müsadirə olunmuş torpaq sahələrinin və ya tikililərin sahiblərinin varisləri olan beş fiziki şəxs də vardı. Almaniya birləşdikdən sonra onlar torpaq sahələrinin və (və ya) tikililərinin restitusiyası üçün müraciət etdilər. Müvafiq orqanlar "Mülkiyyət haqqında" qanunda göstərilən aşağıdakı əsaslara görə bu müraciətləri rədd etdilər: həmin dövrdə bu əmlakları əldə etmiş üçüncü şəxslər vicdanlı alıcı idilər, yaxud restitusiyanın həyata keçirilməsi praktiki cəhətdən mümkün deyildi. Ərizəçilərdən iyirmi biri Federal Konstitusiya Məhkəməsinə müraciət edərək iddia etdilər ki, "Zərərin ödənilməsi və kompensasiya haqqında" 1994-cü il tarixli qanun ölkənin Əsas qanununa (Grundgesetz) ziddir. Bu məsələyə dair rəhbər göstərişlərin yer aldığı 22 noyabr 2000-ci il tarixli qərarla Federal Konstitusiya Məhkəməsi onların şikayətini rədd etdi. Federal Konstitusiya Məhkəməsi torpaq islahatına dair rəhbər göstərişlərin yer aldığı dörd qərar çıxardı. Onlar, konkret olaraq, Almaniya birləşdikdən sonra qanunverici orqan tərəfindən qəbul edilmiş mülkiyyət və ya bəraət məsələlərini tənzimləyən müxtəlif qanunların konstitusiyaya uyğunluğu məsələsinə aid idi.
1 saylı Protokolun 1-ci maddəsi üzrə şikayət qəbuledilən deyil: Bu iş ərizəçilərin "mövcud mülkiyyəti" ilə əlaqədar deyildi. Onların çoxu uzun müddət öncə mülkiyyətləri müsadirə edilən və bu səbəbdən müvafiq mülkiyyət üzərində hüquqlarını əksər hallarda yarım əsrdən də artıq müddət ərzində həyata keçirə bilməyən şəxslərin varisləri idi. Müsadirələr ya sovet işğalçı qüvvələrinin təhriki ilə 1945-ci ildən 1949-cu ilədək Almaniyada, ya da 1949-cu ildən sonra ADR-də həyata keçirilmişdi, ADR Almaniya Federativ Respublikasından (AFR) müstəqil olan ayrıca dövlət idi. Baxmayaraq ki, ADR sonradan AFR ilə birləşib, AFR Sovet işğalçı qüvvələrinin təhriki ilə törədilmiş əməllərə görə, yaxud hər hansı digər dövlətin öz vətəndaşlarına qarşı etdiyi hərəkətlərə görə məsuliyyət daşımır, belə ki, bu işdə araşdırılan məsələ məhz "siyasi" öhdəliklərlə bağlıdır. Müvafiq olaraq, Məhkəmə zaman meyarına (ratione temporis) və ya şəxs (subyekt) meyarına (ratione personae) görə bu işdə baş vermiş olan və ya nəticələri bu günə qədər davam edən müsadirə hallarını araşdırmaq səlahiyyətinə malik deyil.
Ərizəçilər iddia etdilər ki, onların mülkiyyətlərinin real dəyərinə uyğun olan konkret məbləğ əsasında mülkiyyətlərinin restitusiyasına və ya kompensasiyaya (1945-ci ildən 1949-cu ilədək baş vermiş müsadirələrə görə), yaxud dəymiş zərərin ödənilməsinə (1949-cu ildən sonra baş vermiş müsadirələrə görə) nail olmaq gözləntiləri haqlı gözlənti idi. İstər Almaniyanın sovet işğal zonasında 1945-ci ildən 1949-cu ilədək baş vermiş müsadirələrlə, istərsə də 1949-cu ildən sonra ADR-də baş vermiş müsadirələrlə bağlı Məhkəmə ölkədaxili qanunvericilikdə elə bir hüquqi əsas aşkar etmədi ki, ərizəçilər ona əsaslanaraq mülkiyyətlərinin real dəyəri əsasında mülkiyyətlərinin restitusiyasını, yaxud dəymiş zərərin ödənilməsini və kompensasiyanı təmin etmək imkanı əldə edə bilsinlər.
Birləşmədən sonra Almaniyanın qanunverici orqanı vaxtı ilə işğalçı xarici qüvvələrin təhriki ilə törədilən əməllərin və ya digər dövlətin hərəkətlərinin nəticəsi olan ədalətsizliklərə və ya ziyana görə kompensasiyanın şərtlərinin müəyyənləşdirilməsində geniş qiymətləndirmə sərbəstliyinə malik idi. O, ümumi maraqları nəzərə alaraq müəyyən seçim etməli idi. Müvafiq olaraq, Almaniyanın birləşməsindən sonra qəbul edilən və birləşmədən sonrakı dövrdə mülkiyyət və bəraət məsələlərini tənzimləyən qanunvericilik ərizəçilərin mülkiyyətlərinin real dəyəri əsasında mülkiyyətlərinin restitusiyası, yaxud kompensasiya və ya dəymiş zərərin ödənilməsi məsələsində onların gözləntilərinə cavab vermirdi və sözügedən qanunvericilik aktlarından savayı ərizəçilərə hər hansı hüquq verən hüquq norması və ya qərar yox idi. Beləliklə, ərizəçilərin iddia tələbləri heç bir hüquq normasına əsaslanmırdı, yaxud ölkədaxili presedent hüququnda hər hansı ciddi əsasa malik deyildi. Müvafiq olaraq, mülkiyyətlərinin real dəyərinə uyğun olan konkret məbləğ əsasında mülkiyyətlərinin restitusiyasına və ya kompensasiyaya (1945-ci ildən 1949-cu ilədək baş vermiş müsadirələrə görə), yaxud dəymiş zərərin ödənilməsinə (1949-cu ildən sonra baş vermiş müsadirələrə görə) nail olmaq üçün hazırkı dövrə aid olan və məhkəmə qərarı ilə təmin edilə bilən iddia tələbinə malik olmalarına dair ərizəçilərin gözləntiləri "haqlı gözlənti" deyildi. Buna görə də onlar 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulmuş "mülkiyyətə" malik olduqlarını iddia edə bilməzdilər: şikayət mahiyyət meyarına görə (ratione materiae) qəbuledilən deyil.
14-cü maddə ilə birgə götürülmüş halda 1 saylı Protokolun 1-ci maddəsi və Konvensiyanın 8-ci maddəsi üzrə şikayətlər: bu şikayətlər mahiyyət meyarına görə (ratione materiae) qəbuledilən deyil.
6-cı maddənin 1-ci bəndi üzrə şikayət qəbuledilən deyil: Federal Konstitusiya Məhkəməsindəki icraat təxminən beş il beş ay davam edib. Almaniyanın yenidən birləşməsinin unikal kontekstində bu iş "Zərərin ödənilməsi və kompensasiya haqqında" qanunla bağlı Federal Konstitusiya Məhkəməsinə verilmiş qırx iki işdən biri idi və bu işdə sovet işğalı dövründə və ya ADR-də mülkiyyətləri müsadirə olunmuş şəxslərin varisləri üçün kompensasiya ilə bağlı qanunvericili orqan tərəfindən birləşmədən sonra qəbul edilmiş meyarlarla əlaqədar fundamental məsələlər qaldırılmışdı. Buna görə də iş çox mürəkkəb idi. Federal Konstitusiya Məhkəməsi məsələ barəsində hərtərəfli təsəvvür əldə etmək üçün analoji məsələlərə dair bütün işləri haqlı olaraq bir yerə toplayıb qruplaşdırmışdı, xüsusən də nəzərə alsaq ki, o, bu işlərə baxa biləcək yeganə məhkəmə orqanı idi. Etiraf edilməlidir ki, ərizələrin bir çoxu uzun müddət əvvəlki dövrlərə aid idi. Lakin istənilən halda sözügedən zərərin və ya kompensasiyanın ödənişi 2004-cü ilə qədər nəzərdə tutulmadığına görə (icraat 2000-ci ildə başa çatmışdı), bu işdə risklər o dərəcədə yüksək deyildi ki, müəyyən məhkəmə işlərində olduğu kimi bu işdə də müvafiq məhkəmənin üzərinə işə təcili qaydada baxmaq vəzifəsi qoyulsun: şikayət açıq-aydın əsassız elan edildi.
Full & Egal Universal Law Academy