İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
Mübariz Yaqubovun Azərbaycana qarşı
5763/07 saylı şikayətinin
MƏQBULİYYƏTİNƏ DAİR
Q Ə R A R D A D
İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) 17 sentyabr 2009-cu ildə aşağıdakı tərkibdə,
Nina Vaciç, Sədr,
Anatoli Kovler,
Elizabet Steyner,
Xanlar Hacıyev,
Din Spilman,
Sverr Erik Cebens,
Ciorcio Malinverni, hakimlər,
və Andre Uampaş, Bölmə Katibinin müavini,
15 yanvar 2007-ci ildə verilmiş yuxarıdakı şikayəti, cavabdeh Hökumətin təqdim etdiyi izahatları və cavab olaraq ərizəçinin təqdim etdiyi izahatları nəzərə alıb, müzakirə edərək, bu qərarı qəbul edir:
FAKTLAR
Ərizəçi cənab Mübariz Yaqubov Azərbaycanın Tovuz rayonunda yaşayan Azərbaycan vətəndaşdır. Onu Məhkəmə qarşısında Bakıda vəkil işləyən cənab B.Hacıyev təmsil edib. Azərbaycan Hökumətini («Hökumət») Məhkəmədəki nümayəndəsi cənab Ç.Əsgərov təmsil edib.
Tərəflərin təqdim etdiklərinə görə, işin halları aşağıdakı kimi ümumiləşdirilə bilər.
Ərizəçi Tovuz rayonunun Qovlar məntəqəsində yerləşən pərakəndə satış mağazası üzrə fərdi şəxslə (S.) mülkiyyət mübahisəsinə cəlb olunmuşdur. Mübahisə zamanı mağaza S.-in sahibliyində olmuşdur. Ərizəçi mağazanı 2003-cü ildə özəlləşdirmiş əvvəlki sahiblərindən alındığını bildirmiş, S. isə iddia etmişdir ki, özəlləşdirmə prosesi qanunsuz olmuş və o, mağaza üzrə qanuni tələbə malikdir.
Ərizəçi S.-nin mağazadan çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir.
23 noyabr 2005-ci il tarixli qətnaməsi ilə Şəmkir rayon məhkəməsi müəyyən edib ki, ərizəçi 06 oktyabr 2003-cü ildə mağazanı almış və İqtisadi İnkişaf Nazirliyi tərəfindən verilmiş 16 yanvar 2004-cü il tarixli şəhadətnaməyə əsasən onun mülkiyyətçisidir. Məhkəmə daha sonra müəyyən edib ki, S. mülkiyyətçinin razılığı olmadan qanunsuz olaraq mağazanı zəbt etmişdir. Müvafiq olaraq, məhkəmə S.-in mağazadan çıxarılmasını qət etmişdir. S. bu qətnamədən şikayət etmişdir.
07 aprel 2006-cı il tarixdə Apellyasiya Məhkəməsi S.-in şikayətini rədd edən qətnamə çıxarmışdır. Beləliklə, Şəmkir rayon məhkəməsinin 23 noyabr 2005-ci il tarixli qətnaməsi qüvvəyə minmişdir. Bundan sonra hər hansı şikayətlər verilməmişdir.
Hökumətin təqdim etdiyi məlumatlara görə, 02 may 2006-cı ildə Tovuz rayon Məhkəmə icraçıları şöbəsi 23 noyabr 2005-ci il tarixli qətnaməni Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanıldığı kimi icra etmiş və S. polis tərəfindən mağazadan çıxarılmışdır. 04 may 2006-ci il tarixli qərarı ilə Tovuz rayon məhkəməsi icra icraatına xitam vermişdir, ona görə ki, 23 noyabr 2005-ci il tarixli qətnamə icra olunmuşdur.
İşin materiallarından görünür ki, həmin mağaza sonradan üç başqa şəxs tərəfindən zəbt olunmuşdur. 26 sentyabr 2007-ci ildə Tovuz rayon məhkəməsi onların mağazadan çıxarılmasını qət edən qətnamə çıxarmışdır. Bu qətnamə 15 fevral 2008-ci ildə icra olunmuşdur.
Lakin ərizəçiyə görə, sonradan mağaza yenidən S.-ə aid olan başqa şəxslər tərəfindən zəbt olunmuşdur.
ŞİKAYƏTLƏR
1 saylı Protokolun 1-ci maddəsinə əsasən ərizəçi şikayət etmişdir ki, Apellyasiya Məhkəməsinin 07 aprel 2006-cı il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış Şəmkir rayon məhkəməsinin 23 noyabr 2005-ci il tarixli qətnaməsi icra olunmamışdır.
HÜQUQİ MƏSƏLƏLƏR
1 saylı Protokolun 1-ci maddəsinə əsasən ərizəçi şikayət edib ki, hakimiyyət orqanları Apellyasiya Məhkəməsinin 07 aprel 2006-cı il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış Şəmkir rayon məhkəməsinin 23 noyabr 2005-ci il tarixli qətnaməsini icra etməmişlər. Ərizəçinin Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin müddəalarına əsaslanmasına baxmayaraq, Məhkəmə hesab edir ki, onun şikayətinin mahiyyəti, həmçinin, Konvensiyanın 6-cı maddəsi üzrə araşdırmaya aiddir. Konvensiyanın 6-cı maddəsi nəzərdə tutur ki:
«Hər kəs mülki hüquq və vəzifələri müəyyən edilərkən ... məhkəmə vasitəsilə ... işinin ədalətli ... araşdırılması hüququna malikdir. ...»
1 saylı Protokolun 1-ci maddəsi nəzərdə tutur ki:
«Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.»
Hökumət bildirib ki, Şəmkir rayon məhkəməsinin 23 noyabr 2005-ci il tarixli qətnaməsi 02 may 2006-cı ildə icra olunmuş və ərizəçinin iddiaları əsassızdır.
Bundan başqa, Hökumət qeyd edib ki, həmin mağazaya aid başqa mübahisə üzrə qəbul olunmuş Tovuz rayon məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli qətnaməsi də icra olunmuşdur. Hökumət daha sonra iddia edib ki, ərizəçinin mağazası sonradan başqa şəxslər tərəfindən zəbt edilibsə, o, ilk növbədə daxili vasitələrə üz tutmalı olmuşdur.
Hökumətin konkret izahatlarına cavab vermədən, ərizəçi Hökumətlə razılaşmamış və öz şikayətlərini bildirmişdir. O iddia edib ki, mağaza hələ də S.-in qohumları olan müəyyən şəxslər tərəfindən zəbt olunur.
Məhkəmə qeyd edir ki, fərdi şəxsə qarşı məhkəmə qərarının icrası üçün Dövlətin məsuliyyəti dövlət orqanlarının icra icraatında iştirakından daha irəli getmir. Hakimiyyət orqanları məhkəmə qərarını icra etmək üçün hərəkət etmək öhdəliyi altında olduqda və bunu etmədikdə, onların hərəkətsizliyi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi üzrə Dövlətin məsuliyyətinə səbəb ola bilər (baxın, mutatis mütandis, Kebotari və digərləri, № 37763/04, 37712/04, 35247/04, 35178/04 və 34350/04, § 39, 27 yanvar 2009-cu il). Məhkəmə qeyd edir ki, onun yeganə vəzifəsi hazırkı işdə hakimiyyət orqanları tərəfindən tətbiq olunmuş tədbirlərin adekvat və kifayətedici olub-olmamasını yoxlamaqdır. Hazırkı xarakterli işlərdə, dövlət hakimiyyəti kimi Dövlət məhkəmə qərarının icrasında kreditora kömək etmək üçün canfəşanlıqla hərəkət etməlidir (baxın, Fosiak Rumıniyaya qarşı, № 2577/02, § 70, 03 fevral 2005-ci il).
Məhkəmə qeyd edir ki, hazırkı işdə, Hökumət Şəmkir rayon məhkəməsinin 23 noyabr 2005-ci il tarixli qətnaməsinin 02 may 2006-cı ildə icra olunduğunu və S.-in polis tərəfindən mağazadan çıxarıldığını təsdiq edən inandırıcı sənədli sübutları təqdim etmişdir. Ərizəçi konkret bu faktı mübahisələndirməmişdir. Məhkəmə bildirir ki, Şəmkir rayon məhkəməsinin 23 noyabr 2005-ci il tarixli qətnaməsi Apellyasiya Məhkəməsinin qətnaməsinin çıxarılması ilə 07 aprel 2006-cı ildə qüvvəyə minmişdir. Müvafiq olaraq, bu qətnamə qüvvəyə minməsindən bir aydan az müddət sonra icra olunmuşdur.
Başqa şəxslər tərəfindən mağazanın sonradan zəbt olunmasına dair ərizəçinin yeni iddialarına gəldikdə, Məhkəmə qeyd edir ki, hazırkı şikayət yalnız 02 may 2006-cı ildə icra olunmuş Şəmkir rayon məhkəməsinin 23 noyabr 2005-ci il tarixli qətnaməsinin iddia olunan icra olunmamasına aiddir. Ərizəçi bu şəxslərin mağazadan çıxarılmasını qət edən hər hansı başqa yekun məhkəmə qərarını təqdim etməmişdir.
Yuxarıda göstərilənləri nəzərə alaraq, Məhkəmə hesab edir ki, milli hakimiyyət orqanları 23 noyabr 2005-ci il tarixli məhkəmə qərarını icra etmək üçün zəruri tədbirlər görmüş və məhkəmə qərarının icra olunmasında əhəmiyyətli gecikdirmələrə yol verilməmişdir.
Belə nəticəyə gəlinir ki, bu şikayətlər açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndlərinə müvafiq olaraq rədd edilməlidir.
Bu səbəblərə görə, Məhkəmə yekdilliklə
Şikayəti qeyri-məqbul elan edir.
Andre Uampaş Nina Vaciç
Katib müavini Sədr
Full & Egal Universal Law Academy