İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
QƏRARDAD
16017/07 nömrəli şikayət
Həsən YOLTAGİL (Hasan YOLTAGİL)
Azərbaycana qarşı
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Palatası (Birinci Bölmə)
Sədr Nina Vajiç (Nina Vajić),
Hakimlər
Anatoliy Kovler (Anatoly Kovler),
Pir Lorenzen (Peer Lorenzen),
Elizabet Steyner (Elisabeth Steiner),
Xanlar Hacıyev (Khanlar Hajiyev),
Linos-Aleksandr Sisilianos (Linos-Alexandre Sicilianos),
Erik Mose (Erik Møse)
və katib Soren Nilsen (Søren Nielsen) ibarət tərkibdə
2007-ci il martın 26-da təqdim edilmiş ərizə ilə əlaqədar 2012-ci il sentyabrın 11-də müşavirə keçirərək və iş üzrə cavabdeh Hökumətin qeydlərini və onlara cavab olaraq ərizəçi tərəfindən təqdim edilmiş qeydləri nəzərə alaraq aşağıdakıları qərara almışdır:
FAKTLAR
Ərizəçi, Türkiyə Respublikasının vətəndaşı cənab Həsən Yoltagil 1955-ci ildə anadan olmuş və Türkiyənin Malatya şəhərində yaşayır. Ərizəçi Türkiyədə fəaliyyət göstərən hüquqşünas cənab A.Sert tərəfindən təmsil olunmuşdur. Azərbaycan Hökumətini Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərov təmsil etmişdir.
A. İşin halları
Tərəflərin təqdim etdiyi izahatlara əsasən iş üzrə faktların qısa məzmunu aşağıdakı kimi göstərilə bilər. Ərizəçinin izahatlarına əsasən o, 1992-ci ildə Gəncə şəhərində daimi yaşamaq məqsədilə Azərbaycana gəlmişdir. O gön-dəri biznesi ilə məşğul olmuş, 1992-ci və 1996-cı illərdə iki kommersiya təşkilatı yaratmışdır. Ərizəçi iki ayrı cinayət işləri üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Həmin işlər müvafiq olaraq 2000-ci ilin iyun ayında və 2003-cü ilin may ayında tamamlanmışdır. Müvafiq hökmlərə əsasən iş üzrə təqsirli bilinmiş şəxslər ərizəçiyə vurulmuş ziyana görə müvafiq olaraq 118 434 ABŞ dolları və 25 150 ABŞ dolları ödəməli idilər. Təqsirli bilinmiş şəxslər tərəfindən göstərilən məbləğlərin ödənilmədiyinə görə ərizəçi məhkəmə hökmlərinin icrası və borcların ödənilməsi barədə müvafiq daxili orqanlara müraciət etmişdir. Ərizəçinin izahatlarına əsasən digər iki fərdi sahibkar ondan böyük məbləğdə borca pul götürmüşdür. 2006-cı il aprelin 25-də aparılmış pasportun yoxlanılması zamanı Gəncə şəhər Polis İdarəsinin əməkdaşı müəyyən etmişdir ki, ərizəçi Azərbaycanda qüvvədən düşmüş icazə vəsiqəsi əsasında yaşayır. 2006-cı il aprelin 26-da Gəncə şəhər Polis İdarəsi inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin protokolda ərizəçi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 330-cu maddəsinin pozulduğu qeyd olunmuşdur. Bununla ərizəçinin 110 000 köhnə Azərbaycan manatı məbləğində (22 AZN) cərimələnməsi və deportasiyası barədə qərar qəbul edilmişdir. Ərizəçi izahat verərək bildirmişdir ki, onun pasportu Türkiyə Səfirliyindədir. Ərizəçi yaşamaq icazəsi ilə bağlı heç bir izahat verməmişdir. Bundan sonra o, protokolla tanış olaraq onu üç yerdən imzalamışdır. Sonradan ərizəçi pasportu Türkiyə Səfirliyindən geri alaraq onu Gəncə şəhər Polis İdarəsinə təqdim etmişdir.Gəncə şəhər Polis İdarəsi 2006-cı il 26 iyul tarixli məktubu ilə ərizəçinin pasportunu və digər sənədlərini Xarici İşlər Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinə göndərərək məlumat vermişdir ki, həmin şəxsin Azərbaycan Respublikasının ərazisindən deportasiyası qərara alınmış və bununla əlaqədar bu məsələdə köməkliyin göstərilməsini xahiş etmişdir.Ərizəçiyə əsasən o, 2006-cı il sentyabrın 10-da izah olunmadan Azərbaycandan deportasiya edilmişdir.Hökumətin izahatlarına əsasən ərizəçi 2006-cı il 26 aprel tarixli qərara əsasən 2006-cı il sentyabrın 13-də deportasiya edilmişdir.Ərizəçinin izahatlarına əsasən deportasiya edilməsindən sonra o, viza almaq üçün Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğuna müraciət etmişdir. 2006-cı il sentyabr 22-də ərizəçiyə Konsulluq tərəfindən bir aylıq viza təqdim edilmişdir. Lakin ona 2006-cı il sentyabrın 25-də Türkiyə-Azərbaycan sərhədində və sonradan 2010-cu il oktyabrın 4-də Gürcüstan-Azərbaycan sərhədində Azərbaycana daxil olmaq qadağan edilmişdir.2006-cı ilin oktyabr ayında ərizəçi Türkiyə Xarici İşlər Nazirliyinə müraciət edərək bildirmişdir ki, o, ona ödənilməli olan borcların qaytarılmasının təmin edilməsi ilə əlaqədar Azərbaycanın aidiyyəti qurumlarına şikayət verməsinə görə Azərbaycandan deportasiya edilmişdir. 2006-cı il dekabrın 5-də Türkiyə Xarici İşlər Nazirliyi ərizəçini məlumatlandırmışdır ki, onun şikayəti Azərbaycanın səlahiyyətli orqanına müvafiq nota ilə göndərilmişdir. 2007-ci il fevralın 16-da Türkiyə Xarici İşlər Nazirliyi ərizəçini məlumatlandırmışdır ki, Azərbaycanın səlahiyyətli orqanından daxil olmuş məlumata əsasən o, 2006-cı il sentyabrın 13-də İnzibati Xətalar Məcəlləsinin 330-cu maddəsinə əsasən Azərbaycanın ərazisində müvafiq icazəsi olmadan yaşadığına görə deportasiya edilmişdir.
B. Müvafiq daxili qanunvericilik
Hadisənin baş verdiyi an qüvvədə olmuş İnzibati Xətalar Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar göstərilmişdir:
Maddə 330. Əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında qeydiyyatsız yaşaması və ya qanunsuz qalması
“Əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində qeydiyyatsız yaşamasına və ya beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, rəsmiləşdirilmiş icazə (viza) olmadan qalmasına görə cərimələnməli və deportasiya edilməlidir.”
Maddə 430. İnzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət və ya protest vermək hüququ
“430.1. Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər.
430.2. İnzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir:
...
430.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından – yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə.”
“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən şəxs Azərbaycan Respublikasına əvvəlki gəlişi zamanı Azərbaycan Respublikası qanunlarının tələblərini pozmuşsa, onun ölkəyə gəlməyi qadağan edilir.
ŞİKAYƏTLƏR
Ərizəçi şikayət etmişdir ki, onun ölkədə 2011-ci ilədək qalmaq üçün icazəsi olduğu halda, o, Azərbaycandan deportasiya edilmiş və həmin deportasiya Konvensiyanın 7 saylı Protokolunun 1-ci maddəsi və Konvensiyanın 13-cü maddəsi ilə təsbit edilmiş təminatlara cavab verməmişdir.
HÜQUQİ MƏSƏLƏLƏR
Ərizəçi Konvensiyanın 7 saylı Protokolunun 1-ci maddəsinə istinad edərək onun Azərbaycandan deportasiyası ilə əlaqədar iddia qaldırmışdır. Həmin maddədə aşağıdakılar göstərilmişdir:
“1. Qanuni əsaslarla dövlətin ərazisində yaşayan əcnəbi, qanuna müvafiq qəbul olunmuş qərarların icrası istisna olmaqla, oradan çıxarıla bilməz və aşağıdakılara malik olmalıdır:
a) onun çıxarılmasına qarşı arqumentlər təqdim etmək;
b) onun işinə yenidən baxılması imkanına malik olmaq və
c) bu məqsədlərə görə səlahiyyətli orqan qarşısında və ya belə orqanların təyin etdiyi şəxs, yaxud şəxslər qarşısında təmsil olunmaq.
2. Çıxarılma ictimai qaydanın maraqları üçün zəruri olduqda və ya milli təhlükəsizlik əsasları ilə şərtləndirildikdə, əcnəbi bu maddənin 1 (a), (b) və (c) bəndindəki hüquqlarına əməl edilməmişdən əvvəl çıxarıla bilər.”
Eyni zamanda, ərizəçi Konvensiyanın 13-cü maddəsinə istinad etmişdir. Həmin maddədə aşağıdakılar göstərilmişdir:
“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir.”
A. Tərəflərin izahatları
Hökumət Gəncə şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş 2006-cı il 26 aprel tarixli protokolun və 2006-cı il 26 aprel tarixli məktubun surətlərini təqdim edərək bildirmişdir ki, deportasiya edildiyi anda ərizəçi Azərbaycan Respublikasının ərazisində qanunsuz yaşamışdır. Hökumət qeyd etmişdir ki, ərizəçi deportasiya haqqında qərar barədə xəbərdar olunmuşdur. Eyni zamanda Hökumət bildirmişdir ki, hər bir halda ərizəçi dövlətdaxili hüquqi vasitələri tükəndirməmişdir. Xüsusən, ərizəçi İnzibati Xətalar Məcəlləsinin 430-cu maddəsində təsbit edilmiş vasitələrdən istifadə etməmişdir. Belə ki, ərizəçi 2006-cı il 26 aprel tarixli qərardan yerli məhkəmələrə şikayət təqdim etməmişdir.Ərizəçi bildirmişdir ki, 2006-cı il 25 aprel tarixdə keçirilmiş pasport yoxlanışından və 2006-cı il 26 aprel tarixli protokolun tərtib edilməsindən sonra o, Türkiyə Səfirliyindən öz pasportunu geri alaraq onu Gəncə şəhər Polis İdarəsinin əməkdaşlarına təqdim etmiş və orada ona bildirilmişdir ki, o, heç bir maneəsiz Azərbaycan Respublikasının ərazisində qala bilər. Ərizəçi qeyd etmişdir ki, o, deportasiyaya aid olan sənədlər barədə deportasiya gününədək xəbərdar olunmamışdır. Ərizəçiyə deportasiyanın səbəbləri barədə məlumat verilməmiş və bununla o, deportasiyadan əvvəl şikayət verə bilməmişdir. Ərizəçi bildirmişdir ki, ona Azərbaycana gəlməyə icazə verilmədiyinə görə, o, daxili hüquqi vasitələrdən istifadə edə bilməmişdir.
B. Məhkəmənin qiymətləndirməsi
Məhkəmə qeyd edir ki, Gəncə şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş 2006-cı il 26 aprel tarixli protokola əsasən ərizəçi İnzibati Xətalar Məcəlləsinin 330-cu maddəsinə uyğun olaraq onun Azərbaycanda qüvvədə olan qalmaq icazəsi olmadığına görə cərimə edilmiş və sonradan deportasiya olunmuşdur. Bu öz növbəsində ərizəçinin deportasiyası barədə inzibati qərar hesab olunur. Ərizəçinin deportasiya haqqında xəbərdar olunmaması barədə iddialarına baxmayaraq protokolun surətindən məlum olur ki, ərizəçi həmin protokolda öz izahatını yazmış və onu imzalamışdır. Bununla, o, qərar barədə məlumat almış və İnzibati Xətalar Məcəlləsinin 430-cu maddəsində təsbit edilmiş hüquqlarla tanış olunmuşdur. Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin 430-cu maddəsinə əsasən ərizəçi deportasiya barədə qərarı yerli məhkəmələrdə mübahisələndirə bilərdi. Lakin o, faktiki olaraq deportasiya edildiyindən əvvəl Azərbaycanda qaldığı bir neçə ay ərzində və ya deportasiyadan sonra öz nümayəndəsi vasitəsilə müvafiq şikayət verməmişdir. Eyni zamanda, ərizəçi şikayət verməməyin səbəbini də izah etməmişdir. Lakin işin hallarını nəzərə alaraq, Məhkəmənin gəldiyi nəticəyə əsasən hazırkı ərizə aşağıdakı səbəblərə görə mümkünsüz hesab olunduğundan Hökumətin dövlətdaxili hüquqi vasitələrin tükəndirilməməsi barədə etirazını araşdırmağa zərurət yoxdur.Konvensiyanın 7 saylı Protokolu ilə təsbit edilmiş təminatlar yalnız “qanuni əsaslarla yaşayan” əcnəbilərə münasibətdə şamil edilir (baxın, “Seydoviç İtaliyaya qarşı” (Sejdovic and Sulejmanovic v. Italy (dec.), no. 57575/00, 14 March 2002; “Süleymanoviç İtaliyaya qarşı” (Sulejmanovic and Sultanovic v. Italy (dec.), no. 57574/00, 14 March 2002 və “Lupsa Rumıniyaya qarşı” (Lupsa v. Romania), no. 10337/04, § 52, ECHR 2006‑VII).Yuxarıda qeyd olunduğu kimi 2006-cı il aprelin 26-da daxili qurumlar müəyyən ediblər ki, ərizəçinin ölkədə qalmaq icazəsi qüvvədən düşmüşdür. Ərizəçi Məhkəməyə təqdim etdiyi ərizəsində ölkədə qalma icazəsinin 2011-ci ilədək qüvvədə olduğunu bildirsə belə, bunu təsdiq edən heç bir sənədi təqdim etməmiş, eyni zamanda, müvafiq sənədin onda olmamasının səbəblərini izahatlarında göstərməmişdir. Bundan sonra ərizənin cavabdeh Hökumətə göndərildiyi zaman Məhkəmə tərəflərdən xüsusilə soruşmuşdur ki, ərizəçinin deportasiya edildiyi zaman Azərbaycanda olmağı qanuni olmuşdurmu? Lakin ərizəçi bu suala cavab verməməmiş, eyni zamanda, onun Azərbaycanda qalmağına icazə verən hər hansı qüvvədə olan sənədi və ya Azərbaycanda işləməyə icazəni, ya da səlahiyyətli orqan tərəfindən verilmiş digər rəsmi sənədi təqdim etməmişdir. Həmçinin, ərizəçi iddia etdiyi kimi 1992-ci ildən Azərbaycanda yaşamağı və qeydiyyat tarixçəsi barədə məlumatları təqdim etməmişdir. Eyni zamanda, işdə olan materiallara əsasən 2006-cı il 26 aprel tarixli deportasiya barədə qərarın qəbul edilməsindən ərizəçinin faktiki olaraq deportasiyasınadək o, iddia etdiyi kimi rəsmi icazəyə malik olmasını sübut etməyə cəhd göstərməmişdir və ya müvafiq icazənin alınması üçün aidiyyəti orqana müraciət etməmişdir. Sonda bildirilməlidir ki, ərizəçi Türkiyə Xarici İşlər Nazirliyinə göndərdiyi şikayət məktubunda Azərbaycanda qalmağının qanuniliyini təsdiq edən heç bir sübutu göstərməmişdir.Yuxarıda qeyd olunanlarla əlaqədar ərizəçi xarici vətəndaş olaraq onun deportasiyası zamanı Azərbaycan Respublikasının ərazisində “qanunsuz yaşamışdır”. Bununla, Konvensiyanın 7 saylı Protokolunun 1-ci maddəsi hazırkı işdə tətbiq edilə bilməz. Hazırkı işdə Konvensiyanın 13-cü maddəsi də tətbiq olunmamalıdır, belə ki, həmin maddə Konvensiya ilə qorunan hüquqların pozuntularına qarşı səmərəli vasitələrin təmin olunmasını tələb edir.Nəticədə, ərizə Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin (a) yarımbəndinə və 4-cü bəndinə əsasən baxılmaq üçün mümkünsüz hesab olunduğuna görə rədd edilməlidir.
Həmin səbəblərə görə Məhkəmə yekdilliklə
Ərizənin mümkünsüz olduğunu qət edir.
Soren NilsenNina Vajiç
KatibSədr
Full & Egal Universal Law Academy