ASADOV AND OTHERS v. AZERBAIJAN - [Azerbaijani Translation] by BHM Baku Law Centre and Azerbaijan Law Reform Centre NGO
Karar Dilini Çevir:

İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ

 

BİRİNCİ BÖLMƏ

 

  Etimad Əsədov və digərlərinin Azərbaycana qarşı

 138/03 saylı şikayətinin

 

MƏQBULİYYƏTİNƏ DAİR

 

Q Ə R A R D A D

 

 

İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) Palata kimi 12 yanvar 2006-cı il tarixdə aşağıdakı tərkibdə,

   cənab X.Rozakis, Sədr,

   cənab L.Lukaides,

   xanım F.Tulkens,

   xanım E.Steyner,

   cənab X.Hacıyev,

   cənab D.Spilman,

   cənab S.E.Cebens, hakimlər,

və cənab S.Nilsen, Bölmə Katibi,

yuxarıda qeyd edilən 19 noyabr 2002-ci il tarixdə verilmiş şikayəti, cavabdeh Hökumət tərəfindən təqdim olunmuş izahatları və cavab olaraq ərizəçilərin təqdim etdiyi izahatları nəzərə alıb, müzakirə apararaq qərara alır:

 

FAKTLAR

 

Azərbaycan vətəndaşları olan ərizəçilər cənab Etimad Əsədov, Firudin Məmmədov, Asəf Əliyev, Bəhruz Camalov və Oqtay Mehdiyev müvafiq olaraq 1963, 1970, 1965, 1962 və 1968-ci illərdə anadan olmuş və Bakıda yaşayırlar. Onları Məhkəmə qarşısında Bakıda vəkil işləyən cənab İ.Əliyev və A.Quliyev təmsil edib. Cavabdeh Hökuməti Azərbaycan Respublikasının Məhkəmədəki nümayəndəsi cənab Ç.Əsgərov təmsil edib.

 

A. İşin halları

 

Tərəflərin təqdim etdiklərinə görə işin halları aşağıdakı kimi ümumiləşdirilə bilər.

20 dekabr 2001-ci ildə ərizəçilər «Qarabağ Qaziləri» adlanan ictimai birlik təsis etmişlər. Bu, Qarabağ müharibəsi əlillərinə yardım göstərilməsinə və onların maraqlarının müdafiəsinə yönələn qeyri-kommersiya təşkilatı olub.

Təsisçilərin yığıncağından sonra ərizəçilər birliyin dövlət qeydiyyatı üçün hüquqi şəxslərin dövlət qeydiyyatını aparan Ədliyyə Nazirliyinə müraciət etmişlər. Daxili qanunvericiliyə müvafiq olaraq, qeyri-hökumət təşkilatı hüquqi şəxs statusunu yalnız Ədliyyə Nazirliyində qeydə alındıqdan sonra əldə edir. Ərizəçilər müraciəti 2001-ci ilin dekabrında etdiklərini iddia edərkən, Hökumət bildirdi ki, bu müraciət Nazirliyə rəsmi olaraq 08 fevral 2002-ci ildə daxil olub.

15 fevral 2002-ci ildə Ədliyyə Nazirliyi hər hansı hərəkət etmədən, yəni dövlət qeydiyyatı şəhadətnaməsini və ya birliyi qeydə almaqdan rəsmi imtinanı vermədən qeydiyyat sənədlərini ərizəçilərə qaytarmışdır. Müşayiətedici məktubda Nazirlik ümumi şəkildə qeyd etdi ki, birliyin nizamnaməsi «Qeyri-hökumət təşkilatları haqqında» Qanunun nizamnamənin məzmununa aid ümumi tələbləri nəzərdə tutan 13.1-ci maddəsinə cavab verməyib.

Ərizəçilər Nazirliyin izahlarına uyğun olaraq nizamnaməni yenidən tərtib edərək, 12 aprel 2002-ci ildə onun yeni versiyasını dövlət qeydiyyatı üçün yenidən təqdim etmişlər. Qeydiyyat sənədlərinin yenidən təqdim olunmasından sonra ərizəçilər Nazirlikdən cavabı qanunla müəyyən olunmuş beş günlük müddətdə almağı gözləmələrinə baxmayaraq, onlar sonrakı üç ay ərzində Nazirlikdən heç bir cavab almayıblar.

2002-ci ilin iyulunda ərizəçilər Yasamal rayon məhkəməsinə müraciət edərək, Nazirliyin onların təşkilatını qeydə almaqdan «yayınmağından» şikayətlənməklə, məhkəmədən Nazirliyə onu qeydə almağı tapşırmağı xahiş etmişlər. Həmin vaxtda, 19 iyul 2002-ci ildə Nazirlik ərizəçilərə sənədlərin yenə də Nazirlik tərəfindən hər hansı hərəkət edilmədən qaytarılmasını məlumatlandıran məktub göndərdi. Bu dəfə qeydiyyatın aparılmamasının səbəbini «Qeyri-hökumət təşkilatları haqqında» Qanunun 25.1-ci maddəsinin tələb etdiyi kimi birliyin idarə orqanlarının fəaliyyət müddətinin nizamnamədə göstərilməməsi təşkil edib. Daha dəqiq, Nazirlik qeyd etdi ki, nizamnamə birliyin sədr müavininin səlahiyyət müddətini əks etdirməyib. Ərizəçilər iddia etdilər ki, bu məktub məhkəmə araşdırmalarında təqdim edilməmişdən əvvəl onlar həmin məktubu heç zaman görməyiblər.

07 avqust 2002-ci ildə Yasamal rayon məhkəməsi Nazirliyin hərəkətlərində qanunsuzluq müəyyən etməyərək, ərizəçilərin tələbini rədd etdi. Məhkəmə müəyyən edib ki, birliyin nizamnaməsi daxili qanunvericiliyin tələblərinə müvafiq olaraq tərtib edilməyib. Ərizəçilər nizamnamədə sədr müavininin səlahiyyət müddətinin göstərilməməsinə dair tələbin «absurd» olmasını və təşkilatın qeydə alınmasından yayınmaq üçün əsas ola bilməməsini iddia edərək şikayət etdilər. 11 oktyabr 2002-ci ildə Apellyasiya Məhkəməsi rayon məhkəməsinin qətnaməsini qüvvədə saxladı. 12 fevral 2003-cü ildə Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qətnaməsini qüvvədə saxladı.

Həmin vaxtda, məhkəmə araşdırılmaları davam edən zaman ərizəçilər 19 iyul 2002-ci il tarixli məktubla Nazirliyin etdiyi qeydləri nəzərə almaqla, birliyin nizamnaməsini yenidən tərtib edərək, 16 sentyabr 2002-ci ildə qeydiyyat sənədlərini bir daha təqdim etmişlər. Ərizəçilərə görə, 14 fevral 2004-cü ildə qeydiyyat sənədləri yenidən hər hansı izah olunmadan onlara qaytarılanadək, onlar Nazirlikdən heç bir cavab almamışlar.

 

 

B. Müvafiq daxili qanunvericilik

 

1. Azərbaycan Respublikasının 2000-ci il tarixli Mülki Məcəlləsi

 

Maddə 47. Hüquqi şəxsin nizamnaməsi

 

«47.1. Hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. ...

 

47.2. Hüquqi şəxsin nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir. Qeyri-kommersiya hüquqi şəxsinin nizamnaməsində onun fəaliyyətinin predmeti və məqsədləri müəyyənləşdirilir. ...»

 

Maddə 48. Hüquqi şəxslərin dövlət qeydiyyatı

 

«48.1. Hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. ...

 

48.2. Hüquqi şəxsin yaradılması qaydasının pozulması və ya onun nizamnaməsinin bu Məcəllənin 47-ci maddəsinə uyğun gəlməməsi hüquqi şəxsi dövlət qeydiyyatına almaqdan imtina edilməsinə səbəb olur. ...»

 

 

2. «Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında» 06 fevral 1996-cı il

  tarixli Qanun

 

Maddə 9. Ərizəyə baxılması

 

«Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filiallarının və nümayəndəliklərinin dövlət qeydiyyatı üçün müraciət edildikdə, dövlət qeydiyyatı orqanı:

- sənədləri baxılmaq üçün qəbul edir;

 

- dövlət qeydiyyatı üçün müraciət edənə 10 gün müddətində dövlət qeydiyyatı haqqında şəhadətnamə, yaxud dövlət qeydiyyatına almaqdan imtina barədə yazılı məlumat verir;

 

- dövlət qeydiyyatı üçün təqdim olunmuş sənədlərdə yol verilmiş çatışmazlıqlar aradan qaldırıldıqda həmin sənədləri baxılmaq üçün qəbul edir və dövlət qeydiyyatına almaq barədə 5 gün müddətində qərar qəbul edir. »

 

 

3. «Qeyri-hökümət təşkilatları (ictimai birliklər və fondlar) haqqında»

        13 iyun 2000-ci il tarixli Qanun

 

Maddə 16. Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı

 

«16.1. Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi] tərəfindən hüquqi şəxslərin qeydiyyatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

 

16.2. Qeyri-hökumət təşkilatı yalnız dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusunu əldə edir.»

 

 

Maddə 17. Dövlət qeydiyyatına alınmasından imtina

 

«17.1. Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatına alınmasından yalnız «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda imtina edilə bilər.

 

17.2. Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtinanın əsasları və təsis sənədlərinin hazırlanmasında qanunvericiliyin pozulmuş müddəaları və maddələri göstərilməklə, yazılı surətdə məlumat qeyri-hökumət təşkilatının nümayəndəsinə təqdim olunur.

 

17.3. Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina pozuntular aradan qaldırıldıqdan sonra sənədlərin dövlət qeydiyyatı üçün yenidən təqdim edilməsinə mane ola bilməz.

 

17.4. Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtinadan məhkəmə qaydasında şikayət verilə bilər.»

 

Maddə 25. İctimai birliyin idarə olunmasının əsasları

 

«25.1. İctimai birliyin strukturu, tərkibi, idarəetmə orqanlarının səlahiyyəti, formalaşdırılma qaydası və onların səlahiyyət müddəti, qərar qəbuletmə və ictimai birliyin adından çıxışetmə qaydaları bu qanun və digər qanunlara müvafiq olaraq ictimai birliyin nizamnaməsi ilə müəyyən edilir. ...»

 

4. Azərbaycan Respublikasının 1995-ci il tarixli Konstitusiyası

 

Maddə 8. Azərbaycan dövlətinin başçısı

 

«IV.Azərbaycan Respublikasının Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır.»

 

Maddə 109. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri

 

«Azərbaycan Respublikasının Prezidenti: ...

 

(9) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi və Azərbaycan Respublikasının apellyasiya məhkəmələri hakimlərinin vəzifəyə təyin edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinə təqdimatlar verir; Azərbaycan Respublikasının digər məhkəmələrinin hakimlərini vəzifəyə təyin edir; Azərbaycan Respublikasının Baş prokurorunu Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir; ... »

 

Maddə 127. Hakimlərin müstəqilliyi

 

“I. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. ...

 

III. Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, qanuna zidd təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir. ...”

 

Maddə 128. Hakimlərin toxunulmazlığı

 

“I. Hakimlər toxunulmazdırlar.

 

II. Hakim cinayət məsuliyyətinə yalnız qanunda nəzərdə tutulan qaydada cəlb oluna bilər.

 

III. Hakimlərin səlahiyyətlərinə yalnız qanunda nəzərdə tutulmuş əsaslara və qaydalara müvafiq surətdə xitam verilə bilər.

 

IV. Hakimlərin vəzifədən kənarlaşdırılması təşəbbüsünü hakimlər cinayət törətdikdə Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Ali Məhkəməsinin rəyi əsasında Azərbaycan Respublikasının Milli Məclisi qarşısında irəli sürə bilər. Müvafiq rəyi Azərbaycan Respublikasının Ali Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin sorğusundan sonra 30 gün müddətində təqdim etməlidir.”

 

5. «Məhkəmələr və hakimlər haqqında» 10 iyun 1997-ci il tarixli Qanun

        (həmin vaxtda tətbiq edildiyi kimi)

 

Bu Qanunun 94-cü maddəsinə və Konstitusiyanın 109-cu maddəsinə müvafiq olaraq, Ali Məhkəmənin və apellyasiya məhkəmələrinin hakimləri Azərbayan Respublikası Prezidentinin təqdimatı üzrə Milli Məclis tərəfindən təyin olunur. Bütün başqa hakimlər Prezident tərəfindən təyin olunur. Prezident, həmçinin, məhkəmələrin və məhkəmə kollegiyalarının sədrlərini təyin edir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Naxçıvan Muxtar Respublikasının məhkəmələrinin hakim vəzifələrinə namizədlərin seçilməsində iştirak edir.

96-cı maddəyə əsasən Ali Məhkəmənin, İqtisad Məhkəməsinin, Apellyasiya Məhkəməsinin və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin hakimlərinin səlahiyyət müddəti 10, bütün başqa hakimlərin səlahiyyət müddəti isə 5 ildir.

97-ci maddəyə müvafiq olaraq, hakim onun səlahiyyəti müddəti bitənədək vəzifədən kənarlaşdırıla bilməz, istisnanı 113-cü maddədə göstərilən xüsusi hallar təşkil edir (öz arzusu ilə, ölüm, fiziki və ya mənəvi qabiliyyətsizlik, hakim vəzifəsinə uyğun olmayan fəaliyyətlə məşğul olma, Azərbaycan vətəndaşlığından çıxma və s.)

Qanun, həmçinin, müstəqillik, dəyişilməzlik, məhkəmə toxunulmazlığı, şəxsi təhlükəsizlik, eləcə də hakimlərin maddi və sosial müdafiəsinə dair təminatları təsbit edir.

 

6. Azərbaycan Respublikası Prezidentinin 01 dekabr 1998-ci il tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Prezidenti yanında Məhkəmə-Hüquq Şurası haqqında Əsasnamə («Məhkəmə-Hüquq Şurası haqqında» 28 dekabr 2004-cü il tarixli Qanunla əvəzlənib)

 Əsasnamənin 1.2-ci maddəsinə əsasən, Məhkəmə-Hüquq Şurası yalnız Azərbaycan Respublikasının Prezidentinə tabe olan və öz səlahiyyətləri çərçivəsində məhkəmələrin təşkilində, hakim vəzifələrinə namizədlərin seçilməsində, eləcə də məhkəmə və hakimlərə aid olan başqa məsələlərdə Prezidentə kömək edən kollegial orqandır.

3-cü maddəyə əsasən, Məhkəmə-Hüquq Şurası aşağıdakı məsələlərə baxır və Prezidentə təkliflər verir: (1) məhkəmələrin təşkili (yerləşməsi, ərazi yurisdiksiyası və hakimlərin sayı); (2) hakim vəzifələrinə namizədlərdən müraciətlər və onların peşə keyfiyyətlərinin müəyyən edilməsi üçün imtahanların keçirilməsi; (3) hakimlərin təltifi; (4) məhkəmə fəaliyyətinin hüquqi və informasiya təminatı və məhkəmələrin maliyyələşdirilməsi; (5) «Məhkəmələr və hakimlər haqqında» Qanunda nəzərdə tutulan hallarda hakimlərin səlahiyyətinin vaxtından əvvəl xitamı.

2-ci maddəyə müvafiq olaraq, Məhkəmə-Hüquq Şurası Prezident tərəfindən təyin edilən 7 şəxsdən ibarətdir.

4-cü maddəyə əsasən Məhkəmə-Hüquq Şurasının qərarları səslərin çoxluğu ilə qəbul olunur. İclasın sədri yalnız başqaları öz səslərini verdikdən sonra səs verir. Şuranın bütün üzvləri qəbul olunmuş qərarları imzalayır və onlardan hər biri xüsusi rəydə qalmaq hüququna malikdir.

 

7. «Azərbaycan Respublikasının Prezidenti yanında Məhkəmə-Hüquq Şurasının tərkibi haqqında» 24 dekabr 1998-ci il tarixli Prezident sərəncamı («Məhkəmə-Hüquq Şurası haqqında» 28 dekabr 2004-cü il tarixli Qanunla əvəzlənib)

 

Sərəncama görə, Məhkəmə-Hüquq Şurasının tərkibi aşağıdakı kimi olub: (1) Ədliyyə Naziri (Şuranın Sədri); (2) Konstitusiya Məhkəməsinin Sədri; (3) Ali Məhkəmənin Sədri; (4) İqtisad Məhkəməsinin Sədri; (5) Apellyasiya Məhkəməsinin Sədri; (6) Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Sədri; və (7) Ağır cinayətlərə dair işlər üzrə Məhkəmənin sədri.

 

8. Məhkəmə-Hüquq Şurasının 11 aprel 2000-ci il tarixli qərarı ilə qəbul olunmuş «Azərbaycan Respublikasında hakim vəzifələrinə namizədlərin seçilməsi Qaydaları» (Məhkəmə-Hüquq Şurasının 11 mart 2005-ci il tarixli qərarı ilə qəbul olunmuş «Vakant hakim vəzifələrinə namizədlərin seçilməsi Qaydaları» ilə əvəzlənib)

 

Qaydalar təyin olunması və ya hakim kimi Prezident tərəfindən təqdim edilməsi üçün namizədlərin seçilməsi prosedurunu müəyyən edir. Qaydalara görə, Məhkəmə-Hüquq Şurası namizədləri iki mərhələdə seçir. Seçkinin əvvəlində Şura müsahibənin şərt və prosedurunu, eləcə də zəruri olan bütün başqa məlumatları kütləvi informasiya vasitələrində dərc edir. Seçki prosesinin birinci mərhələsi namizədin hüquqi dərəcəsini

Üyelik Paketleri

Dünyanın en kapsamlı hukuk programları için hazır mısınız? Tüm dünyanın hukuk verilerine 9 adet programla tek bir yerden sınırsız ulaş!

Paket Özellikleri

Programların tamamı sınırsız olarak açılır. Toplam 9 program ve Fullegal AI Yapay Zekalı Hukukçu dahildir. Herhangi bir ek ücret gerektirmez.
7 gün boyunca herhangi bir ücret alınmaz ve sınırsız olarak kullanılabilir.
Veri tabanı yeni özellik güncellemeleri otomatik olarak yüklenir ve işlem gerektirmez. Tüm güncellemeler pakete dahildir.
Ek kullanıcılarda paket fiyatı üzerinden % 30 indirim sağlanır. Çalışanların hesaplarına tanımlanabilir ve kullanıcısı değiştirilebilir.
Sınırsız Destek Talebine anlık olarak dönüş sağlanır.
Paket otomatik olarak aylık yenilenir. Otomatik yenilenme özelliğinin iptal işlemi tek butonla istenilen zamanda yapılabilir. İptalden sonra kalan zaman kullanılabilir.
Sadece kredi kartları ile işlem yapılabilir. Banka kartı (debit kart) kullanılamaz.

Tüm Programlar Aylık Paket

9 Program + Full&Egal AI
Ek Kullanıcılarda %30 İndirim
Sınırsız Destek
350 TL
199 TL/AY
Kazancınız ₺151
Ücretsiz Aboneliği Başlat