İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
MURADOVA AZƏRBAYCANA QARŞI
(Şikayət № 22684/05)
Q Ə R A R
STRASBURQ
02 APREL 2009-cu il
Bu qərar qətidir, lakin redəktə edilməsi üçün yenidən baxıla bilər. Qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti olacaq. O,yenidən redəktə edilə bilər.
Muradova Azərbaycana qarşı iş üzrə,
İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə,
Xristos Rozakis, Sədr,
Nina Vaciç,
Anatoli Kovler,
Xanlar Hacıyev,
Din Spilman,
Ciorcio Malinverni,
Qeorqe Nikolau, hakimlər,
və Soren Nilsen, Bölmə Katibi,
12 mart 2009-cu ildə qapalı şəkildə müzakirə edərək, həmin gündə bu qərarı qəbul edir:
PROSEDUR
1. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın («Konvensiya») 34-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan xanım Mahirə Sədrəddin qızı Muradova («ərizəçi») tərəfindən Azərbaycan Respublikasına qarşı verilmiş şikayət üzrə (№ 22684/05) iş 07 iyun 2005-ci ildə başlanılmışdır.
2. Bakıda vəkil işləyən cənab İ.Aşurov ərizəçini təmsil etmişdir. Azərbaycan Hökumətini isə («Hökumət») onun nümayəndəsi Ç.Əsgərov təmsil etmişdir.
3. Ərizəçi, konkret olaraq, iddia etdi ki, o, polis kobudluğuna məruz qalmış və hakimiyyət orqanları hadisə üzrə adekvat istintaqı keçirməmişdir.
4. 02 oktyabr 2006-cı ildə Birinci Bölmənin sədri şikayət barədə Hökuməti məlumatlandırmaq qərarına gəlib. Həmçinin, belə qənaətə gəlinib ki, işin mahiyyəti onun məqbuliyyəti ilə eyni vaxtda araşdırılsın (Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndi).
FAKTLAR
I. İŞİN HALLARI
5. Ərizəçi 1949-cu ildə anadan olub və Bakıda yaşayır.
A. 15 və 16 oktyabr 2003-cü il hadisələri
6. 15 oktyabr 2003-cü il tarixdə Azərbaycanda prezident seçkiləri keçirilib. Müxalifət Musavat partiyasının namizədi seçkilərdə uduzub.
7. Seçki gününün axşamında müxalifət tərəfdarlarının bir qrupu Bakının mərkəzində yerləşən Musavat qərargahının qarşısında toplanaraq, namizədlərinin seçkidəki qələbəsini iddia ediblər. Bu zaman orada müxalifət tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında müəyyən zorakı toqquşmalar baş verib.
8. 16 oktyabrda günorta təxminən saat 2 radələrində müxalifət tərəfdarlarının bir neçəsi Bakının mərkəzindəki Dövlət Xalça Muzeyi yaxınlığında seçki nəticələrinə etiraz etmək üçün toplaşmağa başlayıblar. Sonradan onlar şəhərin əsas meydanı olan Azadlıq meydanına tərəf hərəkət etməyə başladılar. Məlumat verilib ki, yolda onlardan bəziləri avtomobilləri, binaları, skamyaları və başqa şəhər konstruksiyalarını zədələməyə başladılar. Həmçinin, iddia edilib ki, bu icazəsiz nümayişin təşkilatçıları və müxalifət partiyalarının bəzi liderləri öz tərəfdarlarını zorakılığa təhrik ediblər.
9. Azadlıq meydanında yerləşdirilmiş polis əməkdaşları bəzi nümayişçilər tərəfindən hücuma məruz qalıb. Qısaca sonra, dəbilqələr, sipərlər və dəyənəklərlə təchiz olunmuş ictimai asayişin qorunması üzrə polis dəstəsinin və hərbçilərin geniş sayı meydana gəlib. Vəziyyət sürətli şəkildə camaatla polis arasında ictimai iğtişaşa və zorakı toqquşmalara çevrilib.
10. Təxminən saat 18-də nümayiş dağıdılıb. 16 oktyabr hadisələrində və bundan sonra yüzlərlə insanlar tutulub.
11. Nümayiş dağıldıqda, ərizəçi Azadlıq meydanında olub və gözündən ciddi zədə alıb. Həmin gün ərizəçiyə dəqiq nə olduğu ilə bağlı tərəflər razılığa gələ bilməyiblər.
Faktlar barədə ərizəçinin versiyası
12. Ərizəçiyə görə, Azadlıq meydanında yerləşdirilmiş polis və hərbçilərin sayı nümayişçilərin sayından çox yüksək olub. Polis və hərbçilər gözlənilmədiyi anda, dinc şəkildə dağılma barədə hər hansı tələb və ya digər xəbərdarlıq olmadan, qəfildən nümayişçilərə hücum edib. Onlar həddən artıq qüvvədən istifadə edib və qarşılarına çıxan hər kəsi dəyənəklə vurub. Bir çox insanlar zədələnib və ən azı bir şəxs polis kobudluğu nəticəsində ölüb.
13. Polis və hərbi qüvvələr meydanı tutmağa başladıqda, insanlar çaxnaşnaya düşüb, ona görə ki, onlar meydandan qaçmağa çalışıb. Ərizəçi də qaçmağa çalışıb, lakin, camaat arasından bir nəfər onu arxadan çəkib və o, yerə düşüb. O, başını qaldırıb və qarşısında dəbilqəli duran bir neçə polis əməkdaşını görüb. O, polislərin tərəfinə əlini uzadaraq, onları qalxmağa kömək etməyə çağırıb. Bu anda polislərdən bir nəfər onu dəyənəklə sağ gözündən vurub. Ərizəçi dərhal sağ gözündə görmək qabiliyyətini itirib. Polis onu yenidən vurmağa çalışıb, lakin, o, ikinci zərbədən yayına bilib.
14. Şəxsiyyətləri məlum olmayan bir neçə fərdi şəxslər onu yaxınlıqda yerləşən 259 saylı Aptekə aparıb. Aptekin işçiləri orada artıq olan başqa zədələnmiş insanlara təcili yardım təmin etməyə çalışıb.
15. Bir anda bir neçə əsgərlər aptekə daxil olmaya çalışıb, görünür ki, bu cəhd oradaki insanlara hücum etmək niyyəti daşıyıb, lakin, İ.Q. adlı şəxs və aptekin işçisi bunun qarşısını alıb. Bir az sonra, təcili tibbi yardım gəlib və ərizəçi ilə dörd nəfər başqa zədələnmiş şəxsi təcili tibbi yardım klinikasına aparılıb.
Faktlar barədə Hökumətin versiyası
16. Hökumət bildirib ki, iğtişaş zamanı, iyirmi dinc vətəndaşdan artıq insan zədələnib və ciddi zərər müxtəlif dövlət və xüsusi mülkiyyətə vurulub.
17.Lakin, Hökumət ərizəçinin zədə aldığı hadisəsi barədə ərizəçinin versiyasını mübahisələndirib. Daxili hakimiyyət orqanları tərəfindən aparılmış istintaqa istinadən (bax, aşağıda, C. və D. bölmələri), onlar qeyd edib ki, ərizəçinin zədəsi polis tərəfindən edilməyib və bu zədə ərizəçinin küt obyektin üstünə yıxılması nəticəsində əmələ gəlib.
B. Ərizəçinin aldığı ilkin tibbi müalicə
18. 16 oktyabr 2003-cü ildə, ərizəçi təcili tibbi yardım klinikasına aparılıb. Tibbi kitabçada göstərilib ki, onun diaqnozu «qaemoftalmiya (gözalmasına qan sızma) və sağ gözün zədələnməsi; sab gözüstü çıxıntının yarası» qoyulub. Qeyd edilib ki, ərizəçi «16 oktyabr 2003-cü ildə şəhərdə baş vermiş hadisələr zamanı zədələnib».
19. İlkin müalicəni qəbul etdikdən sonra, 17 oktyabrda ərizəçi oftalmoloqiyada ixtisaslaşmış Göz Xəstəlikləri İnstitutuna köçürülüb. O, «gözalmasının (sağ göz) ağır cırılması, ... qifema (gözün ön örtüyündə qan), qaymoftalmiya, gözüstü çıxıntının xəttli zədələnməsi» diaqnozu ilə qəbul olunub. Ərizəçi həkimlərə bildirib ki, o, zədəni polis dəyənəyin vurulması nəticəsində alıb.
20. 17 oktyabr 2003-cü ildə, ərizəçinin üzərində təcili cərrahiyyə aparılıb. Əməliyyata baxmayaraq, o, sağ gözdə daimi kör olub.
21. 24 noyabr 2003-cü ildə, ərizəçi xəstəxanadan buraxılıb. O, iddia edib ki, bir neçə xəftə sonra sol gözündə görmək qabiliyyəti də sürətli şəkildə pisləşib.
C. Cinayət istintaqı
1. Cinayət şikayəti və ərizəçinin dindirilməsi
22. 24 fevral 2004-cü ildə, ərizəçi Baş Prokurorluğa cinayət şikayəti verərək, onu dəyənəklə vurmuş polisin müəyyən olunmasını və məsuliyyətə cəlb olunmasını tələb edib. Qeyri-müəyyən tarixdə, o, həmçinin, «zərər çəkmiş şəxs» formal statusunun əldə edilməsi üçün vəsatət verib.
23. Bu vaxtadək, Baş Prokurorluq 16 oktyabr 2003-cü ildə baş vermiş ictimai iğtişaşa aid cinayət işini artıq başlamışdır. Görünür ki, bu cinayət işi nümayişçilər tərəfindən törədilməsi ehtimal olunan ictimai qaydaya qarşı cinayətlərlə bağlı olub və sözügedən hadisələrdə polis tərəfindən törədilməsi ehtimal olunan hər hansı cinayətlərə aid olmayıb. Ərizəçinin şikayəti üzrə hər hansı ayrı cinayət işi qaldırılmayıb və onun məktubu yuxarıda qeyd olunmuş cinayət işinin materiallarına əlavə edilib.
24. 13 və 16 mart 2004-cü ildə, ərizəçi şahid («cinayətin qurbanı» kimi deyil) qismində müstəntiq tərəfindən dindirilib. Ərizəçinin ifadəsinə görə, 16 oktyabr 2003-cü ildə, o, dənizkənarı parka (həm Dövlət Xalça Muzeyi, həm də Azadlıq Meydanından yolboyu yerləşib) gedib və qəzet oxumaq üçün skamyaya oturub. Təxminən saat 13:30-da, o, şüarlar bəyan edən və seçki nəticələrinə etiraz edən təqribən 200 nəfər adamı parkda görüb. O, bu qrupa qoşulub, ona görə ki, özü də seçkidən narazı olub. Qrup Dövlət Xalça Muzeyi istiqamətinə və oradan Azadlıq Meydanına yönəlib. Camaatdan təxminən 15-20 nəfər adam yolboyu əşyaları dağıdıb, başqaları isə muzey yaxınlığında dayanan polislər dəstəsinə hücum edib. Ərizəçi və camaatdan digərləri bu hərəkətlərə görə həmin gənc şəxsləri xəbərdarlıq edib. O, Azadlıq Meydanına gəldikdə, bəzi müxalifət liderləri daxil olmaqla orada daha çox insanların artıq toplandığını görüb. O, həmçinin, görüb ki, ictimai asayişin qorunması üzrə polis dəstəsi və hərbçilər ora toplanırdı və meydanın kənarında qruplaşırdı. O, polis və ya hərbçilər tərəfindən dağılmaq və meydanı tərk etmək barədə camaata hər hansı xəbərdarlıqların edilməsini eşitməyib. Qəfildən camaat və polis qüvvələri toqquşdu. Nümayişçilər daşlar, taxtalar və metal hissələri polisə atırdı, sonuncular isə camaatın içərisinə girməklə nümayişçiləri rezin dəyənəklərlə döyürdü. Polis üstünlük əldə etməyə başladıqda, insanlar çaxnaşmaya düşməyə və qaçmağa başladılar.
25. Ərizəçi aşağıdakı kimi, davam edib:
«... Mən evə getmək istəyirdim. Mən ağaclar arasında gəzdikdə (Azadlıq Meydanının künclərinin birində), mənim yanınmdan qaçan insanlar tərəfindən arxadan itələndim və yerə düşdüm. ... Mən dəbilqə və qara geyimdə olan və dəyənəklə sipər saxlayan özümə yaxınlaşan polisi ayağa durmağa kömək etməyə xahiş etdim. Kömək etmək əvəzinə, polis dəyənəklə məni sağ gözümün üstündən vurdu. Mən ağlayaraq gözümdən tutdum və mən ona dedikdə: «Mən neynədim ki, sən məni vurdun?», gördüm ki, o, məni vurmaq üçün yenidən əlini qaldırdı. Bu anda mən onun yanında duran başqa polisin ona nəsə dediyini gördüm və sonra onlar hamısı mənim yanımdan başqa yerə getdi. Mən onların çiyinlərində hər hansı rütbə əlamətlərini görə bilmədim. Mən, məni vuran polisi və onun yanında olan polisi tanıya bilməzdim. Mümkündür ki, yaxınlıqda olan bəzi vətəndaşlar (bu hadisəni) görüblər, lakin, mən bunun şahidi konkret kimin olduğunu bilmirəm. Mən özüm ayaq üstə durdum və ağsıya-ağsıya 259 saylı Aptek istiqamətində getdikdə, tanımadığım yaşlı insan məni əlindən tutdu və aptekə tərəf yola saldı ki, mən tibbi yardım alım. Biz aptekə gəldikdən sonra bu adam getdi. Aptek tamamilə qan içində olub və orada daxildə bir neçə yaralanmış mülki şəxslər olub. Bu anda bir neçə hərbçilər aptekə yaxınlaşıb və pəncərəni döyməyə başlayıb və aptekin işçisi olan boz saçlı yaşlı qadın (onları danladı). Eyni zamanda, televiziya curnalisti olduğu üçün tanıdığım İ.Q. içəridən aptekin qapısını açmağa çalışıb, (çöldə dayanan) hərbçilərdən biri onu dəyənəklə vurmağa çalışıb, lakin, düşməyib. (İ.Q.-nin qapını açmaq və çölə çıxmaq istəyinin səbəbi) ondan ibarət olub ki, o, yaralılar üçün təcili tibbi yardımı çağırmaq niyyətində olub... Bir azdan təcili tibbi yardım bizi xəstəxanaya aparıb... Xəstəxanada, mənim zədələnmiş qaşıma tikişlər qoyuldu və ertəsi gün mən Göz Xətsəlikləri İnstitutuna köçürüldüm... Orada mən 3 saat ərzində əməliyyat olundum... Lakin, əməliyyat kömək etmədi və mənim sağ gözüm tamamilə kör oldu...»
Birinci Tibbi Rəy
26. 21 may 2004-cü ildə, müstəntiq ərizəçinin zədələri barədə məhkəmə-tibbi ekspertizanın keçirilməsi təyin edib. Səhiyyə Nazirliyinin Məhkəmə Ekspertizası və Patoloci Anatomiya Şöbəsi tərəfindən verilmiş 28 iyul 2004-cü il tarixli tibbi rəyə görə («Birinci Tibbi Rəy»), tibbi ekspertiza 24 mart 2004-cü ildə başlayıb və 28 iyul 2004-cü ildə bitib.
27. Birinci tibbi rəy səkkiz səhifəli olub və əsasən ərizəçinin tibbi kitabçasından çıxarışların surətlərindən ibarət olub. İnter alia, rəy zədənin aşağıdakı təsvirini əks etdirib:
«Sağ gözalmasının ölçüsü azalıb və (gözalması) gözün içərisinə enib. Sağ gözün və sol gözün simmetriyası pozulub və pozulmuş vəziyyətdə qalır. Sağ gözün buynuz təbəqəsinin çevrəsi sol gözündəki ilə müqayisədə azalıb. Onun öndəki sferik orması pozulub. Göz buynuzunun yuxarı hissəsində çapıq görünür. Sağ gözün qüzeyi qişasının yumru forması pozulub və ağ maddəni əks etdirir. Sağ gözüstü çıxıntıda 3x0.5sm ölçülü açıq rəngli əyilmiş çapıq vardır.»
28.Əvvəlki tibbi rəylər və diaqnozlar əsasında bu rəy belə nəticəni əks etdirib ki, ərizəçi həqiqətən üzünün bərpa olunmaz deformasiyasında nəticələnən sağ gözdən həyat üçün təhlükəli olmayan, lakin, hər bir halda, səhhətinə ciddi zərərli olan kimi qiymətləndirilmiş zədələr alıb. Qeyd olunub ki, «(mövcud olan materiallar əsasında) istisna edilə bilməz ki, bu zədələr ... 16 oktyabr 2003-cü ildə dar-formalı ağır küt alətlə zərbədən ... ərizəçinin təsvir etdiyi və ya başqa hallarda əmələ gəlib». Lakin, ekspert zədənin səbəbinə aid qəti qənaətə gələ bilməyərək, qeyd edib ki, belə qənaət oftolmoloqiyada ixtisaslaşmış ekspertlərdən ibarət tibbi komissiya tərəfindən edilə bilər.
29. Eyni zamanda, bu tibbi rəyin qəbul olunmasından əvvəl 25 may 2004-cü ildə ərizəçi Baş Prokurora məktub yazaraq, inter alia, şikayət edib ki, tibbi ekspertizanı əmr edən formal prosessual qərarı çıxarmaq əvəzində müstəntiq tibbi ekspertizanın təyin edilməsi barədə onu sadəcə olaraq məktubla məlumatlandırıb. O, həmçinin, şikayət edib ki, təyin olunmuş ekspert ekspertizanı gecikdirmiş və müxtəlif bəhanələrlə onu şəxsən yoxlamaqdan yayınıb. 21 iyul 2004-cü ildə, o, Baş Prokurora başqa məktub yazaraq, həmin şikayətləri təkrarlayıb. Görünür ki, bu məktublardan heç biri cavablandırılmayıb.
30. Ərizəçiyə görə, o, Məhkəmə qarşısında hazırkı iş üzrə Hökumətin qeydlərini qəbul etməkdən əvvəl Birinci Tibbi Rəyi görməyib.
İkinci Tibbi Rəy
31. 13 sentyabr 2004-cü ildə, müstəntiq başqa tibbi ekspertizanın keçirilməsini qərara alıb. Ekspertlərdən, inter alia, xahiş edilib ki, aşağıdakı spesifik suallara cavab versinlər:
«4. M.Muradova tərəfindən sağ gözün görmək qabiliyyətinin itirilməsinin ilkin zədənin və ya sonrakı tibbi müalicə zamanı edilmiş hər hansı səhvlərin nəticəsinin olub-olmaması müəyyən edilsin.
5. M.Muradovanın zədəsinin onun tərəfindən təsvir edilmiş hallarda, yəni hadisə zamanı yerə düşmək nəticəsində və ya polis tərəfindən dəyənəklə vurulmasının nəticəsində edilib-edilməməsi müəyyən edilsin.»
32. 25 oktyabr 2004-cü il tarixli tibbi rəyə («İkinci Tibbi Rəy») görə, bu yoxlanılma 13 sentyabr 2004-cü ildən 22 oktyabr 2004-cü ilədək oftolmoloqiyada ixtisaslaşmış ekspert daxil olmaqla, Səhiyyə Nazirliyinin Məhkəmə Ekspertizası və Patoloci Anatomiya Şöbəsinin dörd ekspertləri tərəfindən aparılıb.
33. İkinci Tibbi Rəy yeddi səhifəli olub. Həmin rəy Birinci Tibbi Rəydən çıxarışların və ərizəçinin tibbi kitabçasının surətlərindən təxminən tamamilə ibarət olub. Qeyd edilib ki, o, həm təcili tibbi yardım klinikasında, həm də Göz Xəstəlikləri İnstitutundan adekvat tibbi müalicəni qəbul edib və tibbi personal hər hansı səhvlər etməyib.
34. Rəyin əsas hissəsi ərizəçinin zədələrinin mümkün səbəblərinə aid hər hansı təhlili əks etdirməyib.
35. Rəyin nəticə hissəsində, verilmiş suallara (bax yuxarıda 31-ci paraqraf) aşağıdakı cavablar verilib:
«4. M.Muradova tərəfindən sağ gözün görmək qabiliyyətinin tam itirilməsi onun tərəfindən çəkilmiş travma nəticəsində yaranıb.
5. M.Muradovada polis dəyənəyinə tipik şəkildə xas olan hər hansı zərər aşkar olunmayıb.»
36. Ərizəçiyə görə, o, Məhkəmə qarşısında hazırkı iş üzrə Hökumətin qeydlərini qəbul etməkdən əvvəl İkinci Tibbi Rəyi görməyib.
Cinayət işinə xitam verilməsi
37. 26 noyabr 2004-cü ildə, müstəntiq cinayət işinə xitam verilməsinə dair qərar qəbul edib.
38. Bu qərara əsasən, ərizəçinin şikayəti ilə bağlı, ərizəçidən başqa, səkkiz şahidlər dindirilib. Bu şahidlərin hamısına ərizəçinin fotoşəkili göstərilib və onlardan heç kəs onu tanımayıb.
39. Şahidlərdən altı nəfər 16 oktyabr 2003-cü ildə icazəsiz nümayişin dağıdılması zamanı Azadlıq Meydanında və ya yaxınlıqda olan polislər olub. Onların hamısı ifadə verib ki, ərizəçini tanımayıblar, özləri onu dəyənəklə vurmayıblar və 16 oktyabr 2003-cü il hadisələrində polis tərəfindən döyülən hər hansı qadın görməyiblər. Onlar, həmçinin, ehtimal ediblər ki, ərizəçi özünün hərəkətləri nəticəsində, yəni Azadlıq Meydanından qaçarkən yıxıldıqda və ya camaat arasında insanlar tərəfindən itələndikdə zədələnib.
40. Qalan iki şahid, A.V. və R.Q. 259 saylı Aptekin işçiləri olub. Onların hər ikisi kişi olub. Onların hər ikisi ifadə verib ki, 16 oktyabr 2003-cü ildə işdə olublar, bu gündə aptekə gətirilmiş hər hansı zədələnmiş qadın görməyiblər, ərizəçini tanımayıblar və ona zədənin yetirilməsini müşahidə etməyiblər.
41. Qərarda, həmçinin, göstərilib ki, 16 oktyabr 2003-cü il hadisələrində Azadlıq Meydanında olan polis və ya hərbçilərdən heç biri tanıtma üçün ərizəçiyə göstərilməyib, ona görə ki, öz ifadəsində ərizəçi göstərib ki, o, iddia olunana görə ona zədə yetirən şəxsi tanıya bilməz.
42. Daha sonra, müstəntiqə görə, İkinci Tibbi Rəydə «göstərilib ki, ... (ərizəçinin zədələri) yıxılma və başının yerdəki küt obyektə dəyməsi nəticəsində əmələ gəlib və polis dəyənəyindən zərbəyə tipik xas olan hər hansı zərər onda olmayıb».
43. Müstəntiq nəticəyə gəlib ki, ərizəçinin polis tərəfindən vurulması müəyyən edilə bilməz və müəyyən olunub ki, ərizəçi zədələri öz hərəkətləri nəticəsində alıb. Müvafiq olaraq, müəyyən edilib ki, hər hansı cinayət törədilməyib və «zərər çəkmiş şəxs» qismində ərizəçinin tanınması vəsatəti rədd olunmalıdır. Bu səbəblərə görə, müstəntiq ərizəçinin iddiaları üzrə istintaqı xətm etməyə qərara alıb.
44. Hökumətə görə, 26 noyabr 2004-cü il tarixli məktubla bu qərarın surəti ərizəçiyə göndərlib. Ərizəçiyə görə, o, bu qərar barədə heç zaman məlumatlandırılmayıb.
D. Mülki iddia
45. Eyni zamanda, 2004-cü ilin martında ərizəçi Səbail rayon məhkəməsində Daxili İşlər Nazirliyinə qarşı mülki iddia qaldıraraq, zədəyə görə maddi kompensasiyanı tələb edib. 15 mart 2004-cü ildə, Səbail rayon məhkəməsi işə mahiyyəti üzrə baxmaqdan imtina edərək, qeyd edib ki, Dövlətə qarşı kompensasiya tələbləri cavabdeh kimi Maliyyə Nazirliyini də əks etdirməli və Nəsimi rayon məhkəməsinə verilməlidir.
46. Qeyri-müəyyən tarixdə ərizəçi Nəsimi rayon məhkəməsinə mülki iddiasını verərək, Daxili İşlər Nazirliyini və Maliyyə Nazirliyini cavabdehlər kimi göstərib və zədəsinə görə kompensasiya tələb edib.
47. 18 may 2004-cü il tarixli məktubla, Baş Prokurorluq Nəsimi rayon məhkəməsini məlumatlandırıb ki, ərizəçinin iddiaları üzrə cinayət istintaqı hələ davam edir.
48. 07 iyun 2004-cü ildə, Nəsimi rayon məhkəməsi birinci iclasını keçirib və ərizəçinin və cavabdehlərin dəlillərini dinləyib. Ərizəçi zədəyə gətirib çıxaran hadisənin öz versiyasını bildirib və öz tələbini təkrarlayıb. Birinci cavabdeh, Daxili İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, ərizəçi istintaq orqanı tərəfindən hazırda araşdırılan cinayət şikayəti verib. O, daha sonra, iddia edib ki, 16 oktyabr 2003-cü il hadisələrində polis camaata qarşı qüvvədən istifadə etmək hüququna malik olub, ona görə ki, nümayiş qanunsuz olub və onun iştirakçıları ictimai iğtişaşa səbəb olub. Hər bir halda, o, bildirib ki, polis ərizəçiyə hər hansı zədələr yetirməyib və onun iddiaları əsassız olub. Maliyyə Nazirliyinin nümayəndəsi bildirib ki, o, birinci cavabdehin dəlilləri ilə razıdır.
49.18 iyun 2004-cü ildə, Nəsimi rayon məhkəməsi ərizəçinin xeyrinə ifadə verən üç şahidin şifahi ifadələrini dinləyib.
50. Cənab İ.Q. (yuxarıda 25-ci paraqrafda göstərilmiş ifadəsində ərizəçinin qeyd etdiyi şəxs) aşağıdakı kimi ifadə verib (protokol dindirilmə zamanı tərəflərin nümayəndələrinin verdiyi sualları əks etdirmir, lakin, bu suallara şahidlərin cavablarını göstərir):
«16 oktyabr 2003-cü ildə, mən, gözündən yaralanmış M.Muradovanı 259 saylı Aptekdə gördüm. Bu zaman, bəzi polislər aptekə daxil olmağa çalışıb və mən qapını açmağa çalışdıqda, onlar məni vurmaq istəyib. Mən M.Muradovanın kim tərəfdən vurulduğunu görmədim və bununla bağlı heç bir şey deyə bilmərəm.
(Ərizəçinin nümayəndəsinin suallarına cavablar:)
- Xeyr, mən iddiaçı M.Muradovanın polis tərəfindən vurulmasını görməmişəm.
- Bəli, M.Muradova yaralanıb, mən həmin gün təcili tibbi yardım çağırdım.
- Bəli, mən M.Muradovanı Azadlıq Meydanında gördükdə, onun gözü artıq çıxarılmışdır və onun üzü qan içində olub.
- Bəli, mən aptekin qapısını açdıqda, (onlar) məni vurmağa çalışıb, lakin, mən tez qapını örtməklə zərbədən yayındım.
(Cavabdehin nümayəndəsinin suallarına cavab:)
- Xeyr, mən iddiaçı M.Muradovanın polis tərəfindən vurulduğunu görməmişəm.»
51. Xanım A.A. aşağıdakı kimi ifadə verib:
«16 oktyabr 2003-cü ildə, günorta təxminən saat 2-də insanlar Azadlıq Meydanında yığışmağa çalışıblar. Bu zaman mən (Azadlıq Meydanında yerləşən) Hökumət Evinin yanında olmuşam və mən, hər hansı xəbərdarlınq olmadan, Azadlıq Meydanında yığışmış insanlara polis və xüsusi qüvvələr tərəfindən hücum olunduğunu və onların dəyənəklə döyüldüyünü gördüm. Mən həmin gün orada olmuşam və adını sonra öyrəndiyim iddiaçını (camaat) tərəfindən itələmə nəticəsində yerə yıxıldığını və qara geyimdə qoruyucu dəbilqələrlə başlarında və dəyənəklərlə əllərində olan polisləri görmüşəm. O (ərizəçi), bu polislərə tərəf əllərini uzadıb və qalxmağa kömək istəyib, lakin, polislərdən biri onu gözündən dəyənəklə güclü vurub. Polis onu yenidən vurmaq istədikdə, o, başını çəkməklə zərbədən yayınıb. Sonradan bəzi vətəndaşlar onu yaxınlıqdaki 259 saylı Aptekə aparıb. Aptekdə ona müəyyən təcili tibbi yardım göstərilib və bundan sonra, o, aptekdəki başqa zədələnmiş şəxslərlə birgə təcili tibbi yardım xidməti tərəfindən xəstəxanaya aparılıb.
(Ərizəçinin nümayəndəsinin suallarına cavablar:)
-Bəli, mən 16 oktyabr 2003-cü il tarixdə Azadlıq Meydanında yığışmış adamlar arasında olmuşam.
-Bəli, əvvəl tanımadığım M.Muradova həmin gün orada olub.
-Bəli, 16 oktyabr 2003-cü ildə mən gördüm ki, M.Muradova yerə düşüb və polislərdən biri onu əlindəki dəyənəklə vurub.
-Bəli, M.Muradovanın gözü polis əməkdaşının zərbəsi nəticəsində zədələnib.
-Bəli, ona yaxınlıqdaki «Yaşıl aptekdə» tibbi yardım göstərilib və sonradan, o, təcili tibbi yardım tərəfindən xəstəxanaya aparılıb.
(Cavabdehin nümayəndəsinin suallarına cavab:)
-Xeyr, mən M.Muradovanı vurmuş polisi tanıya bilmərəm.
-Bəli, mən (Q.Q.-ni) əvvəllər tanıyırdım, lakin, mən M.Muradovanı ilk dəfə (Azadlıq Meydanında) gördüm.»
52. Xanım Q.Q. aşağıdakı kimi ifadə verib:
«Mən iddiaçını əvvəllər tanımırdım. Mən 15 oktyabr 2003-cü ildə prezident seçkisi zamanı 246 saylı seçki məntəqəsində müşahidəçi olmuşam. 16 oktyabr 2003-cü ildə, günorta saat təxminən 2-3 radələrində, Azadlıq Meydanı yanında, mən M.Muradovanı yıxıldıqda və müəyyən maskalı dəyənəklərlə polisləri onu vurmamağa xahiş etdiyini, lakin, onlardan birinin M.Muradovanı dəyənəklə vurduğunu və, bunun nəticəsində, onun gözünün zədələndiyini gördüm. Mən «Yaşıl aptekdən» (ərizəçi üçün) dərman aldım.
(Ərizəçinin nümayəndəsinin suallarına cavablar:)
-Bəli, 16 oktyabr 2003-cü ildə, mən sonradan adını bildiyim M.Muradovanı Azadlıq Meydanında yerə düşdüqdə gördüm.
-Xeyr, mən əvvəllər M.Muradovanı tanımırdım.
-Bəli, bir nəfər kişi M.Muradovanı gətirdi, mən gördüm ki, onun gözündən qan gəlirdi.
(Cavabdehin nümayəndəsinin suallarına cavab:)
-Bəli, mənə deyilib ki, M.Muradova üçün zəruri dərmanlar yaxınlıqdakı «Yaşıl aptekdə» mövcud olub.»
53. Həmin gün, 18 iyun 2004-cü ildə, Nəsimi rayon məhkəməsi qətnaməsini qəbul edərək, ərizəçinin tələbini təmin etməmişdir. Tibbi qeydləri nəzərə alaraq, məhkəmə qeyd edib ki, ərizəçi gözündən zədələnib. Lakin, məhkəmə hesab edib ki, o, zədənin polis tərəfindən yetirilməsi barədə iddiasını əsaslandıra bilməyib. Xüsusən, məhkəmə şahid ifadəsini aşağıdakı kimi qiymətləndirib:
«Məhkəmə araşdırılması zamanı, şahid qismində məhkəmə tərəfindən dinlənilmiş xanım Q.Q. bildirib ki, M.Muradovanı əvvəllər tanımayıb. ... 16 oktyabr 2003-cü ildə, günorta saat təxminən 2-3 radələrində, o, görüb ki, M.Muradova yerə yıxılıb və əllərində dəyənəklər olan maskalı polislərdən onu vurmamağı xahiş edib. Lakin, polislərdən biri M.Muradovanı dəyənəklə vurub. Nəticədə, M.Muradova gözündən zədələnib. (Şahid) M.Muradova üçün müəyyən dərmanları «Yaşıl aptekdən» alıb.
Şahid, xanım A.A. oxşar izahat verib.
Şahid, cənab İ.Q. izahat verib ki, 16 oktyabr 2003-cü ildə, o, M.Muradovanı zədələnmiş gözlə 259 saylı Aptekdə görüb. ... O, ərizəçini kimin tərəfindən vurulduğunu görməyib.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər tərəf öz tələb və etirazının təsdiqi üçün etdiyi hər hansı iddiaları sübut etməlidir.
Məhkəmə araşdırılması zamanı, M.Muradova özünün məhkəmə tələbində etdiyi iddiaları sübut edə bilməyib.
Məhkəmə hesab edir ki, məhkəmə araşdırılması zamanı dinlənilmiş şahidlərin izahatları ərizəçinin tələbinin təmin olunması üçün əsas ola bilməz.
Yuxarıdakıları nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddia əsassız kimi rədd olunmalıdır.»
54. 17 sentyabr 2004-cü ildə, Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qətqaməsini qüvvədə saxlamaqla, hər hansı əlavə araşdırma aparmadan, qeyd edib ki, ərizəçi öz iddialarını sübut edə bilməyib.
55. 02 fevral 2005-ci ildə, Ali Məhkəmə aşağı məhkəmələrin qərarlarını qüvvədə saxlayıb.
II.MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
A. Gücdən istifadə
«Polis haqqında» 08 oktyabr 1999-cu il tarixli Qanun
56. İnter alia, qiyam və ya kütləvi iğtişaşlar baş verdikdə, polis əməkdaşı xüsusi vasitələri tətbiq edə bilər (26-cı maddənin II hissəsi). Dəyənəklər, əl-qolu bağlama vasitələri, gözyaşardıcı qazlar, rezin güllələr, suatan və sair vasitələr «xüsusi vasitələr» kimi müəyyən edilib. Fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tam zəruri hallarda tətbiqi yaranmış təhlükəyə mütənasib olmalıdır. Fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tam zəruri hallarda tətbiqi zamanı hər hansı şəxsin həyatdan məhrum edilməsi yaşamaq hüququnun pozulması kimi qiymətləndirilə bilməz (26-cı maddənin VI hissəsi). Polis əməkdaşı tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın tətbiq edildiyi hər bir halda müvafiq polis orqanında xidməti yoxlama aparılmalı və fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın qanunauyğunluğu barədə müvafiq rəy verilməlidir (26-cı maddənin VII hissəsi). Qüvvənin qanunsuz tətbiqinə yol verən polis əməkdaşı müvafiq qanunvericiliyə əsasən məsuliyyət daşıyır (26-cı maddənin IX hissəsi).
57. Polis əməkdaşı fiziki qüvvəni, xüsusi vasitələri və odlu silahı yalnız son zərurət və ya zəruri müdafiə vəziyyətində, bütün digər təsir imkanlarından istifadə lazımi nəticə verməkdikdə, hüquqpozmanın ağırlıq dərəcəsindən və ya onu törədənin şəxsiyyətindən asılı olaraq tətbiq etməlidir (27-ci maddənin I hissəsinin 1-ci bəndi). Fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın tətbiqi nəticəsində zərərçəkənlərə tibbi yardımın göstərilməsi təmin olunmalıdır (27-ci maddənin I hissəsinin 5-ci bəndi). Fiziki qüvvə, xüsusi vasitələr və odlu silah tətbiq etdiyi hallar barəsində polis əməkdaşı dərhal müvafiq polis orqanına yazılı məlumat verməlidir (27-ci maddənin I hissəsinin 7-ci bəndi). Müvafiq prokuror da 24 saat ərzində qüvvədən belə istifadə barədə məlumat almalıdır (27-ci maddənin I hissəsinin 8-ci bəndi).
«Daxili qoşunların statusu haqqında» 08 fevral 1994-cü il tarixli Qanun
58. Hərbi qulluqçular fiziki qüvvəni, xüsusi vasitələri, silahı və ya döyüş texnikasını tətbiq etmək niyyəti barəsində xəbərdarlıq etməli, bu zaman öz tələblərinin yerinə yetirilməsi üçün kifayət qədər vaxt verməlidirlər. Lakin, bu cür xəbərdarlığın yersiz və ya qeyri-mümkün olduğu halda yaxud da qüvvədən istifadədə ləngitməyin insan həyatına və ya başqa ciddi nəticələrə təhlükə yaratdıqda, istisnalar edilir. Hərbi qulluqçular bədən xəsarəti almış şəxslərə həkiməqədər yardım göstərilməsini təmin etməlidirlər və qüvvədən istifadə nəticəsində bütün yaralanma və ya ölüm halları barəsində müvafiq prokuroru məlumatlandırmalıdırlar. Hərbi qulluqçuların öz səlahiyyətini aşaraq qüvvədən istifadə etməsi müvafiq qanunvericiliyə əsasən məsuliyyətə səbəb olur (19-cu maddə).
59. Zərurət olduqda, kütləvi iğtişaş zamanı aşağıdakı xüsusi vasitələr istifadə oluna bilər: rezin dəyənəklər, gözyaşardıcı qaz, yayındırıcı təsir göstərən işıq-səs vasitələri, suvuranlar, zirehli maşınlar və xidməti itlər (21-ci maddə).
B. Cinayət prosesi
60. Cinayət Prosessual Məcəlləsinin («CPM») 39.1.1 və 41.1-ci maddələrinə əsasən cinayət hadisəsi olmadıqda, cinayət işi başlanılmamalıdır, başlanılmış cinayət işinə isə ibtidai araşdırmanın istənilən mərhələsində xitam verilməlidir.
61. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, «zərər çəkmiş şəxs» qismində tanınır (87.1-ci maddə). Cinayət işi başlanan anda şəxsi zərər çəkmiş şəxs qismində tanımağa əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal (təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə) qəbul olunur (87.4-cü maddə).
62. «Zərər çəkmiş şəxs» qismində tanınan şəxs, inter alia, aşağıdakı prosessual hüquqlara malikdir: cinayət işinə materiallar təqdim etmək; məhkəmə istintaqı başlananadək hər an onun xüsusi ittihamçı qismində tanınmasını tələb etmək; cinayət prosesini həyata keçirən orqanların hərəkətlərinə qarşı öz etirazını bildirmək; vəsatətlər vermək; işin materiallarındakı protokollar və sənədlərlə tanış olmaq; cinayət prosesini həyata keçirən orqanın prosessual qərarları (cinayət işinə xitam verilməsi barədə qərar daxil olmaqla) barədə məlumat almaq və onların surətlərini əldə etmək; prosessual hərəkətlər və ya qərarlardan şikayətlər vermək və s. (87.6-cı maddə). Bundan fərqli olaraq, şahid qismində işdə iştirak edən şəxs yalnız özünə aid protokol və sənədlərlə tanış olmaq hüququna malikdir (95.6.8-ci maddə).
63. Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları (CPM-də göstərilmiş işlərdə belə araşdırmalarda iştirak edən başqa şəxslər) tərəfindən şikayət verilə bilər. Təhqiqatçının və ya müstəntiqin hərəkətlərindən və ya qərarlarından şikayət ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, sonuncunun hərəkətlərindən və ya qərarlarından şikayət isə tabeçilik üzrə yuxarı prokurora verilə bilər (122.2.1 və 122.2.2-ci maddələr). CPM-in 449.3-cü maddəsində göstərilmiş (təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun) prosessual hərəkətləri və ya qərarları müəyyən növləri birbaşa məhkəmə nəzarətini keçirən məhkəməyə şikayət edilə bilər (122.2.3-cü maddə).
64. Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıakı şəxslər birbaşa məhkəmə nəzarətini keçirən məhkəməyə şikayət vermək hüququna malikdirlər: (1) təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi; (2) zərər çəkmiş şəxs və onun nümayəndəsi; (3) qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquqları pozulan digər şəxslər (449.2-ci maddə). Cinayət işinə xitam verilməsi barədə qərardan, inter alia, məhkəmə nəzarətini keçirən məhkəməyə şikayət verilə bilər (449.3.5-ci maddə).
65. CPM-in 264-272-ci maddələri ekspertizaların keçirilməsi qaydasını nəzərdə tutur. Xüsusən, 268.1.4-cü maddə nəzərdə tutur ki, cinayət törətməkdə şübhəli bilinən və ya təqsirləndirilən şəxs, inter alia, «alternativ ekspertizanı» aparmaq və belə ekspertizanın nəticələrinin cinayət işinə əlavə olunmasını tələb etmək hüququna malikdir.
C. Mülki proses
66. 2000-ci il tarixli Mülki Prosessual Məcəlləsinin («MPM») 77.1-ci maddəsinə əsasən, mülki iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
67. MPM-in 254.1.4-cü maddəsinə əsasən, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, hakim mülki icraatı dayandırmalıdır.
68. MPM-in 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.
III. MÜVAFİQ BEYNƏLXALQ HESABATLAR VƏ SƏNƏDLƏR
A. BMT tərəfindən qəbul olunmuş qüvvədən istifadə üzrə əsas prinsiplər
69. Hüquq-mühafizə orqanlarının əməkdaşları üçün davranış Kodeksindən (BMT-nin Baş Assambleyasının 17 noyabr 1979-cu il tarixli 34/169 saylı Qətnaməsi) müvafiq çıxarışlarda deyilir:
Maddə 3
«Hüquq-mühafizə orqanlarının əməkdaşları qüvvədən yalnız ciddi zərurət olduqda və öz vəzifələrinin həyata keçirilməsi üçün tələb olunan dərəcədə istifadə edə bilərlər.»
Maddə 5
«Hüquq-mühafizə orqanlarının heç bir işçisi işgəncənin və ya başqa qəddar, qeyri-insani yaxud da alçaldıcı rəftarın və ya cəzanın hər hansı hərəkətini yetirə, təhrik edə və ya buna dözə bilməz, nə də hüquq-mühafizə orqanının hər hansı işçisi rəhbərliyin əmrini və ya müharibə vəziyyətini yaxud da müharibə təhlükəsini, milli təhlükəsizliyə təhdidi, daxili siyasi qeyri-sabitliyi yaxud hər hansı başqa ictimai narahatlıq kimi müstəsna halları işgəncəyə və ya başqa qəddar, qeyri-insani yaxud da alçaldıcı rəftara və ya cəzaya haqq qazandıran səbəb kimi istinad edə bilməz.»
70. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qüvvədən və odlu silahdan istifadəyə dair Əsas Prinsiplərdən (Cinayət qarşısının alınması və cinayətkarlarla rəftar barədə 8-ci BMT Konqresi tərəfindən qəbul olunub, Qavana, Kuba, 27 avqust-07 sentyabr 1990-cı il) müvafiq çıxarışlarda deyilir:
«... 2. Hökumətlər və hüquq-mühafizə orqanları mümkün qədər geniş vasitələr təchizatını hazırlayır və ictimai qaydanı qoruyan vəzifəli şəxsləri qüvvəni və odlu silahı fərdi yanaşma əsasında tətbiqinə imkan verən müxtəlif silah və döyüş sursatlarla təmin edirlər. Bunların sırasına müvafiq vəziyyətlərdə öldürə və ya yaralaya bilən vasitələrin istifadə dairəsini daha da darlaşdırmaq məqsədilə tətbiq edilən ölümə gətirib çıxarmayan, lakin, neytralaşdıran silah növləri daxildir. Eyni məqsədlərlə, həmçinin, silahın hər hansı növünün istifadəsi zərurətini azaltmaq üçün ictimai qaydanın qorunması üzrə vəzifəli şəxsləri onların özlərinin müdafiəsi üçün sipərlər, dəbilqələr, zirehli nəqliyyat vasitələri kimi təchizatla təmin etmək imkanı olmalıdır.
3. Kənar şəxslərə zərərin vurulması təhlükəsini minimuma endirmək məqsədilə ölümə gətirib çıxarmayan, lakin, neytralaşdıran silah növlərinin hazırlanması və istifadəsi məsələsinə hərtərəfli baxılmalı və belə silahlardan istifadə ciddi nəzarətdə olmalıdır.
4.Hüquq-mühafizə orqanlarının əməkdaşları öz vəzifələrini həyata keçirərəkən, qüvvədən və ya odlu silahdan məcburi tətbiqindən əvvəl, mümkün qədər, qeyri-zorakı vasitələrdən istifadə edir. Onlar qüvvəni və odlu silahı yalnız o halda tətbiq edə bilər ki, başqa vasitələr səmərəsiz olsun və ya lazımi nəticəyə nail olmaq üçün hər hansı ümidi verməsin.
5. Qüvvənin və ya odlu silahın istifadəsinin qaçılmaz olduğu hər bir halda, hüquq-mühafizə orqanının əməkdaşı:
a) qüvvədən belə istifadədə dözümlüyü göstərir və hüquq pozuntusunun ciddiliyindən və nail edilməli olan qanuni xədəfdən irəli gələrək hərəkət edir;
b) zərərin və yaraların yetirilməsinin mümkünlüyünü minimuma endirir və insan həyatını qoruyur;
c) hər hansı yaralanmış və zərər çəkmiş şəxslərə ən qısa müddətdə tibbi və digər yardımın göstərilməsini təmin edir;
d) yaralanmış və ya zərər çəkmiş şəxsin qohumlarının və ya yaxın dostlarının mümkün qədər qısa müddətdə məlumatlandırılmasını təmin edir;
6. Hüquq-mühafizə orqanı əməkdaşı tərəfindən qüvvədən və ya odlu silahdan istifadə yaranlanmaya və ya ölümə gətirib çıxarsa, onlar 22-ci prinsipə müvafiq olaraq bu barədə rəhbərliyə dərhal məlumat verir.
7. Hökumətlər təmin edir ki, hüquq-mühafizə orqanın əməkdaşları qüvvədən və ya odlu silahdan özbaşına və ya pis niyyətli istifadə etdikdə, bu, onların qanunları ilə cinayət əməli kimi cəzalandırılsın.
8. Daxili siyasi qeyri-sabitlik və ya hər hansı başqa fövqəladə ictimai vəziyyət kimi müstəsna hallar bu Əsas prinsiplərdən istənilən kənara çıxmaya haqq qazandıra bilməz.
... 22. Hökumətlər və hüquq-mühafizə orqanları yuxarıda 6 və 11 (f) prinsiplərində göstərilmiş bütün hadisələrə aid raportların təqdim edilməsi və araşdırılmasının səmərəli qaydalarını müəyyən edir. Hazırkı prinsiplərə uyğun olaraq raportları təqdim olunmuş hadisələr üzrə Hökumətlər və hüquq-mühafizə orqanları araşdırmanın səmərəli prosesinin əlçatan olmağını və zəruri hallarda, müstəqil inzibati və ya cinayət təqibini keçirən orqanlar tərəfindən öz səlahiyyətlərini həyata keçirmək mövqeyində olduğunu təmin etməlidirlər. Ölüm və ciddi zədələnmə yaxud da başqa ağır nəticələr hallarında, inzibati və ya məhkəmə nəzarətinə cavabdeh olan səlahiyyətli orqanlarına təfsilatlı raport dərhal təqdim olunmalıdır.
23. Qüvvədən və odlu silahdan istifadəyə məruz qalmış şəxslər və ya onların nümayəndələri məhkəmə araşdırılması daxil olmaqla müstəqil prosesə müraciət etmək imkanına malik olmalıdırlar. Belə şəxslərin öldüyü halda, bu müddəa müvafiq olaraq onların ailə üzvlərinə tətbiq edilməlidir.
24. Hökumətlər və hüquq-mühafizə orqanları təmin etməlidirlər ki, rəhbər əməkdaşlar, tabeçelikdə olan əməkdaşlar tərəfindən qüvvədən və silahdan qanunsuz istifadəyə əl atılmasını və ya artıq atıldığını bildiyi və ya bilməli olduğu halda, və belə istifadənin qarşısını almaq, onu dəf etmək və ya bu barədə məruzə etmək üzrə səlahiyyətlərində olan bütün tədbirləri görmədikdə, məsuliyyətə cəlb edilsinlər.»
B. Beynəlxalq orqanlar və insan hüquqları QHT-lərinin hesabatları
71. Azərbaycanda demokratik təsisatların fəaliyyətinə dair Avropa Şurasına üzv Dövlətlər tərəfindən Öhdəliklərə riayət edilməsi üzrə Komitənin (Monitorinq Komitəsi) həm-məruzəçiləri cənab Qrossun və cənab Martines Kasanın Hesabatının müvafiq çıxarışlarında (12 yaenvar 2004-cü il, Doc. 10030) deyilir:
«D. Post-seçki hadisələri
34. Seçki günü günortasının erkən vaxtından təhlükəsizlik qüvvələri Musavatın qərargahının ətrafında geniş yerləşiblər. Axşam Musavat partiyasının tərəfdarları partiyanın ofisinin qarşısında toplaşıb və bu nümayiş, hakimiyyət orqanları tərəfindən icazəli olmasa belə, daha çox dinc kimi təsvir olunub. Seçki məntəqələrinin bağlanılmasından qısa vaxt sonra, Musavat tərəfdarları partiyanın liderinin qələbəsini elan ediblər. Müəyyən iğtişaş başlanıb və nümayiş polis tərəfindən güclü əzilib. Partiya rəsmilərini həbs etmək üçün partiyanın qərargahına daxil olmaq zərurətini iddia edərək, təhlükəsizlik qüvvələri etirazçılara qarşı qüvvədən istifadə etməyə başlayıb və zorakı döyüş başlamışdır.
35. Ertəsi gün
